Məhkəmə qərarları › İş №1(091)-52/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-52/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-52/2023 02.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində üç azyaşlı uşağı olan, Göyçay rayonunun Kürdəmiş kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə olan heroini və qurudulmuş marixuananı əldə edib, daşıyaraq saxlamışdır. Belə ki, о, istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq külli miqdar hesab edilən, yəni ümumilikdə təmiz çəkiləri 2,659 qram narkotik vasitə heroini və təmiz çəkisi 0,94 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib ayrı-ayrı bükümlərdə qablaşdırmaqla yaşadığı Göyçay rayonunun Kürdəmiş kəndində yerləşən evinin həyətində olan hamamın tavan hissəsində saxlamış, 22 avqust 2022-ci il tarixdə, saat 18 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsilə baxış keçirilərkən həyətdə yerləşən hamamın giriş otağının tavan hissəsində olan lanbirinin üzərindəki siqaret qutusunun içərisində ayrıayrılıqda 7 ədəd sellofan bükümlərdə qablaşdırılmış təmiz çəkiləri 0,382 qr, 0,386 qr, 0,395 qr, 0,346 qr, 0,384 qr, 0, 379 qr və 0,387 qram olmaqla, ümumilikdə 2,659 qram təşkil edən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin və həmin siqaret qutusunun içərisində açıq vəziyyətdə olan təmiz çəkisi 0,94 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitəni bükülü halda olmaqla, öz istifadəsi üçün əldə etdiyini, əlində bir qədər pulunun olduğunu və həmin pulla bir müddət istifadə etmək üçün narkotik vasitə aldığını, bir neçə gün sonra isə polis əməkdaşlarının onu tutduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq narkotik vasitəni Sumqayıt şəhərindən bükümdə aldığını və toz şəklində iyləyərək qəbul etmişdir. Onun narkotik vasitəni satmaq niyyəti olmamışdır. Özünü CM-in 234.1-1-ci maddəsilə təqsirli bilir. Himayəsində üç azyaşlı uşağı var, törətdiyi əməldən peşmandır. Ona görə də ona daha yüngül cəza verilməsini xahiş edir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs son dəfə göstərmişdir ki, ona 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir və həmin maddədə nəzərdə tutulmuş məsuliyyəti başa düşür. İttihamın mahiyyəti və mənası ona aydındır. Əməlindən peşmandır. Təxminən 2 ildir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 18 radələrində polis əməkdaşları yaşadığı ünvana gəlmiş və narkotik vasitələrin qanunsuz saxlanılmasında və qanunsuz dövriyəsində şübhəli olduğunu bildirərək yaşadığı evə, onun həyatyanı sahəsinə və üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. O da buna etiraz etməmiş, daha sonra isə yaşadığı evə və onun həyatyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra ona hüquq və vəzifələri barədə bildiriş və tutulması barədə qərarın surəti təqdim olunmuşdur. Daha sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə və onun həyətyanı sahəsinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı həyətdə yerləşən hamanım giriş otağındakı tavanın lanbirininin üst tərəfində bir ədəd ağız hissəsi cırılmış siqaret qutusu aşkar edilmişdir. Həmin siqaret qutusunun içərisindən 7 ədəd içərisində qəhvəyi rəngli maddələr olan büküm və yaşıla bənzər rəngli kütlə aşkarlanmışdır. Həmin 7 ədəd qəhvəyi rəngli bükümlərin hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və hər birinin çəkisi ayrı-ayrılıqda 0,4 qram olmuşdur. Daha sonra isə həmin 7 ədəd büküm bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənmiş və möhürlənmişdir. Bundan sonra siqaret qutusu içərisindəki yaşıla oxşar rəngli kütlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 6,7 qram olmuşdur. Daha sonra isə həmin yaşıla bənzər rəngli kütlə siqaret qutusu ilə birlikdə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənmiş və möhürlənmişdir. Bundan sonra onun üzərinə vəkilin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya, predmet və s. aşkar olunmamışdır. Yaşadığı evin həyətindəki hamamdan aşkar edilmiş həmin siqaret qutusunun içərisindəki 7 ədəd sellofon bükümlərdəki qəhvəyi rəngli maddə narkotik vasitə olan heroin, siqaret qutusundakı yaşımtıl rəngli kütlə isə narkotik vasitə olan marixuana olmuşdur. O, həmin narkotik maddəni özü istifadə etmək məqsədilə yaşadığı evin hamamında saxlamışdır. Aşkar edilmiş narkotik vasitələrin bir hissəsini özü istifadə etmişdir. Belə ki, yaşadığı evin həyətindəki hamamdan aşkar edilmiş həmin narkotik maddəni təxminən 1 həftə bundan əvvəl Sumqayıt şəhərində adını bilmədiyi şəxsdən 300 manata almışdır. 300 manat pulu həmin şəxsin ona dediyi kart hesabına Sumqayıt şəhərindəki “milliön” ödəmə terminalı vasitəsilə göndərmiş, pulu göndərdikdən sonra qəbzi cırıb atmış, bundan sonra narkotik maddəni isə Sumqayıt şəhərindəki “13-cü dalan” adlanan yerdəki yaşayış binalarının yanındakı zibil qutusunun altından götürmüşdür. Həmin şəxsi əvvəllər və hazırda tanımamış, həmin şəxsin adını və ünvanını bilməmiş, ancaq telefon nömrəsini “İnstagram sosial şəbəkəsindən götürmüşdür. Həmin narkotik vasitədən heç kimə verməmiş, satmamış və öz istifadəsi üçün qablaşdırıb saxlamışdır. Yaşadığı evdə o, həyat yoldaşı Zinyət Qasımova və 2014, 2017 və 2018-ci il təvəllüdlü üç azyaşlı uşaqları ilə birlikdə yaşamış, azyaşlı uşaqları ümumiyyətlə narkotik vasitənin nə olduğunu bilməmiş, həyat yoldaşı Zinyət Qasımova isə onun narkotik vasitə istifadəçisi olduğunu bilsə də, ancaq hər zaman sonuncudan gizlin narkotik istifadə etmişdir. Yaşadığı evdə də narkotik vasitə saxlamasından həyat yoldaşı Zinyətin heç bir xəbəri olmamışdır. O narkotik vasitə istifadəçisi olduğu üçün həyat yoldaşı Zinyət ondan küsüb öz atası evinə getmiş, həyat yoldaşı Zinyət və azyaşlı uşaqları o tutulan zaman atası evində olmuşlar. Yaşadığı evə baxış keçirilən zaman aşkar edilmiş 07 ədəd sellofan bükümlər adi elektron tərəzidə aşkar olunmuş bükümlərlə birlikdə, eləcə də yaşımtıl rəngli kütə siqaret qutusu ilə birlikdə çəkilmişdir. Ancaq ekspertizanın tərəzisi daha dəqiq olmaqla, aşkar edilmiş maddələr bükümsüz çəkilmiş və məhkəmə-kimyəvi və məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/678 nömrəli rəyində göstərilən çəkilər düzgün olmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nın KTQ-nun baş inspektor kriminalisti vəzifəsidə işləyir. Göyçay rayonunun Kürdəmiş kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə rayon polis şöbəsinin digər əməkdaşları ilə birlikdə yaşadığı ünvana baxış keçirilən zaman tanımışdır. Onunla hər hansı düşmənçilik və ya ədavəti olmamışdır. Həmin tarixdə, saat 18 radələrində rayon polis şöbəsində olan zaman narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid3 və PPXB-nin komandiri Şahid1lə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Belə ki, əməliyyat aparatına daxil olmuş məlumat əsasında həmin şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, yaşadığı evdə və üzərində narkotik vasitə daşımasında şübhəli olduğu üçün evinə baxış keçirmək üçün getmişlər. Həmin baxış videoçəkiliş vasitəsilə keçirilmiş və videoçəkilişi o apatrmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən çağırıb sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evində narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də yaşadığı evə baxış keçirilməli olduğu bildirilmişdir. Vəkil Mətanət Həsənova ona müdafiəçi kimi təqdim edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi ilə bağlı hər hansı bir etirazının olmamadığını bildirərək, bu barədə rayon polis şöbəsinin rəhbərliyinin adına ərizə ilə müraciət etmişdir. Ona hüquq və vəzifələri izah olunaq şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkiliş vasitəsilə sonuncunun yaşadığı evə baxış keçirilməyə başlanmışdır. Baxış keçirilərkən sonuncuya məxsus həyətdə yerləşən hamamın giriş otağındakı lanbirin materialından ibarət tavanın üst tərəfində bir ədəd ağız hissəsi cırılmış siqaret qutusu aşkar edilmişdir. Həmin siqaret qutusunun içərisindən 7 ədəd içərisində qəhvəyi rəngli maddələr olan büküm və yaşılımtıl rəngli kütlə aşkarlanmışdır. Həmin bükümlərin hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və hər birinin çəkisi ayrıayrılıqda 0,4 qram olmuşdur. Daha sonra isə həmin bükümlər bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənmiş və möhürlənmişdir. Bundan sonra siqaret qutusu içərisindəki yaşımtıl rəngli kütlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0,7 qram olmuşdur. Daha sonra isə həmin yaşımtıl rəngli kütlə siqaret qutusu ilə birlikdə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənmiş və möhürlənmişdir. Bundan sonra onun üzərinə vəkilin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya, predmet və s. aşkarlanmamışdır. Baxış zamanı təhqiqatçı tərəfindən sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri haradan əldə etməsi soruşulduqda, o, aşkar edilmiş narkotik vasitəni Sumqayıt şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşmə aparılması məqsədilə videoçəkilişi dayandırmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aşkar edilmiş maddələr adi elektron tərəzidə, aşkar olunmuş bükümlərlə birlikdə çəkilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onda hər hansı məlumat olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Quliyev X4 Sərxan Soltan oğlu eyni məzmunlu ifadə vermişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı bildirmişdir ki, Göyçay RPŞ-nın NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanıdır. Göyçay rayonunun Kürdəmiş kəndində yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi əvvəllər də tanımışdır. Belə ki, Cavad bundan əvvəl rayon ərazisində üzərində güllə gəzdirməsinə görə, CM-in 228.1-ci maddəsi ilə başlanılmış cinayət işi məhkəməyə göndərilmişdir. O, Təqsirləndirilən şəxs tanısa da, sonuncu ilə aralarında heç bir münasibəti, ədavəti və ya düşmənçilyi olmamışdır. Təqsirləndirilən şəxs son zamanlar narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, yaşadığı evdə və üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də 22 avqust 2022-ci il tarixdə tərəfindən şöbə rəhbərliyinə raportla müraciət edildikdən sonra sonuncunun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Belə ki, həmin əməliyyat axtarış tədbirlərinin keçirilməsində ondan başqa RPŞ-nın PPXB-nin komandiri, polis mayoru Şahid1 da iştirak etmişdir. Həmin gün saat 18 radələrində Göyçay rayonunun Kürdəmiş kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün gedilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən çağırıb sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evində və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də yaşadığı evə və üzərinə baxış keçirilməli olduğu bildirilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi ilə bağlı hər hansı bir etirazının olmadığını bildirərək, bu barədə rayon polis şöbəsinin rəhbərliyinin adına ərizə ilə müraciət etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi X7 təqdim edilmiş, ona hüquq və vəzifələri izah olunaq şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkiliş vasitəsilə sonuncunun yaşadığı evin həyətinə baxış keçirilməyə başlanmışdır. Həmin vaxt videoçəkilişi RPŞ-nın KTQ-nın baş inspektor kriminalisti Şahid2 həyata keçirmişdir. Baxış zamanı həyətdə yerləşən hamamın giriş otağındakı lanbirin materialından ibarət tavanın üst tərəfində bir ədəd ağız hissəsi cırılmış siqaret qutusu aşkar edilmiş, həmin siqaret qutusunun içərisindən 7 ədəd içərisində qəhvəyi rəngli maddələr olan büküm və yaşımtıl rəngli kütlə aşkarlanmışdır. Həmin 7 ədəd qəhvəyi rəngli bükümlərin hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və hər birinin çəkisi ayrıayrılıqda 0,4 qram olmuşdur. Daha sonra isə həmin 7 ədəd büküm bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənmiş və möhürlənmişdir. Bundan sonra siqaret qutusu içərisindəki yaşımtıl rəngli kütlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 6,7 qram olmuşdur. Daha sonra isə həmin yaşımtıl rəngli kütlə siqaret qutusu ilə birlikdə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənmiş və möhürlənmişdir. Bundan sonra sonuncunun üzərinə vəkilin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, ancaq Cavd Qasımovun üzərindən qanunla gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya, predmet və s. aşkarlanmamışdır. Baxış zamanı təhqiqatçı tərəfindən sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri haradan əldə etməsi soruşulmuş, bu zaman da sonuncu aşkar edilmiş narkotik vasitəni Sumqayıt şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşmə aparılması məqsədilə videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aşkar edilmiş maddələr adi elektron tərəzidə, aşkar olunmuş bükümlərlə birlikdə çəkilmişdir. Ekspertizanın tərəzisi daha dəqiq olmaqla, eyni zamanda aşkar edilmiş maddələr bükümsüz çəkilmişlər. Ona görə də məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/678 nömrəli rəyində göstərilən çəkilər düzgün olmasını bildirmişdir. Eləcə də, o sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına əməliyyat məlumatları daxil olmasına baxmayaraq, konkret onun kimlərə narkotik vasitə satması barədə hələlik hər hansı bir məlumat əldə edilməmişdir. Qeyd olunan sübutlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Göyçay RPŞ-nın 23 avqust 2022-ci il tarixli cinayət işinin başlaması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barədə CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Göyçay RPŞ-nın NMQnın 22 avqust 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin alüdəçisi olmaqla yanaşı, mütəmadi olaraq üzərində və yaşadığı evdə narkotik vasitələr saxlamaqla, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqdan şübhəli bilinərək cinayət başında ifşa olunmasını təmin etmək məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilərək, evinə və həyətyanı sahəsinə daxil olmaqla baxış həyata keçirilsin. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 22 avqust 2022-cil tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdə, saat 18:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərarından görünür ki, əvvəli 22 avqust 2022-ci ildən hesablanmaqla, Təqsirləndirilən şəxs barədə dörd ay müddətə həbs qətimkan tədbiri seçilib. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə X5 Regional Bölməsindən alınmış 23 avqust 2022-ci il tarixli 17/678 nömrəli rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş yaşımtıl kütlə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki bir ədəd üzərində “Prima” yazısı olan siqaret qutusunda, təmiz çəkisi 0,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş içərisində 7 ədəd...” sözləri və imzalar yazılmış zərfin içərisindəki yeddi ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,382 qr; 0,386 qr; 0,395 qr; 0,346 qr; 0,384 qr; 0, 379 qr və 0,387 qram olmaqla, ümumi çəkiləri 2,659 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş yeddi ədəd sellofan bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Göyçay RMX” publik hüquqi şəxsdən alınmış 03 oktyabr 2022-ci il tarixli 3468 nömrəli məktubda göstərilmişdir ki, Göyçay rayonunun Kürdəmiş kəndində yaşayan Təqsirləndirilən şəxs Göyçay RMX-da psixatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 19 noyabr 2022-ci il tarixli 1773 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 1(046)-51/2021 nömrəli hökmünün surətindən və Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə qeyd olunan hökmlə CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Göyçay Rayon İcra və Probasiya Şöbəsindən daxil olan 02 fevral 2023-cü il tarixli 161-1(046)-51/21 nömrəli məktubdan görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-cil tarixli hökmü ilə bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs amnistiya aktının tətbiq olunması ilə bağlı Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(046)-37/2021 nömrəli qərarı ilə cəzadan azad olunmuş, məhkumluğu ödənilmiş və Göyçay Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Göyçay RİH başçısının Kürdəmiş kənd inzibati ərazi darəsi üzrə nümayəndəliyindən alınmış xasiyyatnamədə və arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda Göyçay rayonunun Kürdəmiş kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, evlidir, himayəsində üç azyaşlı uşağı var, barəsində Göyçay şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Həmçinin, məhkəmə kollegiyasına təqdim olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin, doğum və ölüm haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildə doğulmuş X8, xx.xx.2017-ci ildə doğulmuş Qasımlı Azad cavad oğlu və xx.xx.2018-ci ildə doğulmuş X11 adlı azyaşlı uşaqları vardır. X1 24 noyabr 2016-cı, atası X9 isə 15 mart 2020-ci ildə vəfat etmişlər. Beləliklə, CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, digər sübutların olmadığı halda narkotik vasitənin yalnız çəkisinin çəkisinin külli miqdar təşkil etməsinə görə təqsirkar şəxsə CM-in 234.4.3-cü maddəsi ilə itiham verilməsi CPM-in və CM-in vəzifə və ümumi prinsplərinə uyğun gəlmir. Belə ki, CPM-in 8-ci maddəsinə əsasən, şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək və hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlər tətbiq etmək cinayət mühakimə icraatının vəzifələrini təşkil edir. CM-in 2-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır (CMin 3-cü maddəsi). Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəldən ondan aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Eyni zamanda, Göyçay RPŞ-nın NMQ-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsinə dair 22 avqust 2022-ci il tarixli raport və əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair eyni tarixli qərardan (i. v. 03-04), Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılması barədə raportdan (i. v. 09), polis əməkdaşları olan iş üzrə şahidlərin ifadələrindən, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması və məsələlərlə bağlı verilmiş əməliyyat tapşırığı (i. v. 98) və ona verilən cavabdan Təqsirləndirilən şəxs narkotik vasitələrinin satışı ilə məşğul olmasına dair hər hansı sübutun olması müəyyən edilməmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə ayrı-ayrı bükümlərdə olsa da, həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitəni satışa hazırlamaq üçün ayrıayrı hissələrə bölünməsi, avadanlığın olması, narkotik vasitənin çəkisini müəyyən etmək üçün elektron tərəzi, habelə SMS və digər məlumatlar, hətta onun əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hər hansı bir məlumat belə mövcud deyil. Bütün bunlar məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittiham ehtimal və fərziyyələrə əsaslanır. İstintaq orqanının özü başqa bir sübutu əldə edə bilməyəcəyinə əmin olaraq Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə irəli sürdüyü ittihamı sırf narkotik maddənin külli miqdarda olması ilə əsaslandırmışdır. Halbuki, cinayət və cinayət prosessual qanunvericiliyin vəzifələri belə yanaşmanı yolverilməz hesab edir. Ona görə də məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi cinayət işi üzrə dindirilən şahidlərin ifadələri, o cümlədən ekspert rəyləri və biri digərini tamamlayan başqa dəlillər vasitəsi ilə tam sübuta yetirilmişdir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı da Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsilə təqsirləndirilməsinin tərəfdarı kimi çıxış etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli CMin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilib, ona qanunla müəyyən edilmiş qaydada qanuni və ədalətli cəza təyin edilməlidir. Göstərilənlərə və CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddəsinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası məsələyə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan maddi hüquq normalarının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri təhdidə çevrilərək fiziki mənada ayrı-ayrı şəxslərin, ümumilikdə isə cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbə vurur. Məhz buna görə də X2 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası da qeyd olunan konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Ona görə də narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı ciddi mübarizə aparıldığı bir dövrdə cəmiyyət üçün bəlaya çevrilmiş bu kimi cinayət törətmiş təqsirləndirilən şəxs barədə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini kifayət qədər əsaslı və ədalətli hesab etmək olar. CM-in 234.1-1-ci maddəsində bu əməlin törədilməsinə görə, üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsi və himayəsində üç azyaşlı uşağının olmasını, eləcə də tutduğu əməli etiraf edib, peşman olduğunu bildirməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edən və iş üzrə cəzanı ağırlaşdıran halların olmasını müəyyən etməyən, habelə ondan 2,659 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 0,94 qram çətənə (kannabis) bitkisinin aşkar edilməsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi CM-in ədalət və humanizm prinsplərinə uyğundur. Məhkəmə kollegiyası bu cəzanın təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 234.1-1-ci maddəsinin sanksiyasına uyğun olaraq üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Ona görə də təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 346-cı maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə maddi sübut olub Göyçay RPŞ-da saxlanılan tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 2,309 qram narkotik vasitə olan heroin və təmiz çəkisi 0,92 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 103 manat 65 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 22 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Göyçay RPŞ-da saxlanılan tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 2,309 qram narkotik vasitə olan heroin və təmiz çəkisi 0,92 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 103 manat 65 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar