Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-52/2024 02.04.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının adını bilmədiyi vətəndaşının və qeyrilərinin satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə göndərdikləri qanunsuz olaraq külli miqdarda 5750 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 2435 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 3030 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 1010 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 4 qram olan 100 ədəd narkotik vasitə metadon həbini əldə edib üzərində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə saat 0010-da Yevlax rayonu, Quşçu kəndində Yevlax-Ağdaş avtomobil yolunun sağ tərəfində yerləşən giriş qapısının yanına “X10” Ziyarətgahı yazılmış qəbiristanlığının qarşısında olan yolun kənarında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 0140-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı bir ədəd göy rəngli üzərində fars əlifbasının hərfləri ilə yazılar olan polietilen kisənin içərisindən 05 ədəd sellofan bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1095 qr, 1085 qr, 1135 qr, 1155 qr və 1280 qr olmaqla ümumi təmiz çəkisi 5750 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1125 qr və 1310 qr olmaqla ümumi təmiz çəkisi 2435 qram olan narkotik vasitə heroin, 02 ədəd sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1545 qr və 1485 qr olmaqla ümumi təmiz çəkisi 3030 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd sellofan bağlamada külli miqdarda təmiz çəkisi 1010 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd kağız qutuda 10 ədəd üzərlərində “Methadone 40” yazısı olan blisterlərdə ümumilikdə 100 ədəd külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 4 qram olan narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023cü ilin fevral ayının ortalarında İnstagram sosial şəbəkəsində tanış olduğu və adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ona 2 qram narkotik vasitə heroin göndərəcəyini, daha sonra yolda olan zaman 20 qram narkotik vasitə heroin göndərdiyini bildirmiş, Yevlax rayonu, Quşçu kəndində Yevlax-Ağdaş avtomobil yolunun sağ tərəfində yerləşən 16 fevral 2023-cü il tarixdə axşam saatlarında iranlının ona dediyi X10 Ziyarətgahına daxil olmuşdur. Ziyarətgahın içərisinə 20 metr irəliləyib girdiyi zaman bir neçə nəfər mülki geyimli şəxslər qolundan tutaraq onu Yevlax rayon Polis Şöbəsinə aparmış, narkotik vasitəni götürməmişdən əvvəl saxlanılmışdır. Yevlax RPŞ-da polis əməkdaşları qarşısına bir ədəd kisə qoyaraq içərisində narkotik vasitə olduğunu və həmin narkotik vasitənin özünə məxsus olmasını deməsi üçün fiziki və psixi təsirlər edilmişdir. Eyni zamanda polis əməkdaşlarının təsiri ilə yanında Cavanşir adlı şəxsin olmasını bildirmiş, guya polis əməkdaşları gələn zaman Cavanşir adlı şəxsin qaçıb getdiyini bildirmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 2023-cü ilin fevral ayının ortalarında İnstagram sosial şəbəkəsində tanış olduğu və adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, əgər istəsə pul qazanması üçün ona da narkotik vasitə göndərə biləcəyini, narkotik vasitəni götürüb bir ünvandan başqa bir ünvana qoymağı müqabilində 2000 manat pul verəcəyini bildirmiş, pula ehtiyacı olduğu üçün sonuncu ilə razılaşmışdır. 16 fevral 2023-cü il tarixdə həmin İran İslam Respublikasının adını bilmədiyi vətəndaşı ona yazaraq Yevlax rayonuna narkotik vasitə qoydurduğunu, həmin narkotik vasitəni götürüb sonuncunun dediyi ünvana qoyması müqabilində 2000 manat pul verəcəyini bildirmişdir. Bu barədə Gəncə şəhəri Totanlı küçəsində yaşayan tanışı Cavanşirə bildirmiş, narkotik vasitəni götürəndən sonra Cavanşirə 1-2 qram psixotrop maddə metamfetamin verəcəyinə söz vermişdir. 16 fevral 2023-cü il tarixdə axşam saatlarında narkotik vasitənin olduğu Yevlax rayonu, Quşçu kəndində, Yevlax-Ağdaş avtomobil yolunun sağ tərəfində yerləşən giriş qapısının yanına “X10 Ziyarətgahı” yazılmış qəbiristanlığa getmiş, həmin yerdə olan bir ədəd kisədə narkotik vasitələri götürüb Cavanşirlə birlikdə yolun kənarına çıxmışdır. 17 fevral 2023-cü il tarixdə saat 0010-da Yevlax rayonu, Quşçu kəndində, Yevlax-Ağdaş avtomobil yolunun sağ tərəfində yerləşən giriş qapısının yanına X10 Ziyarətgahı yazılmış qəbiristanlığın qarşısında olan yolun kənarında tanışı Cavanşir adlı şəxs ilə birlikdə olduğu zaman bir neçə mülki geyimdə olan şəxs onlara tərəf yaxınlaşan zaman Cavanşir adlı şəxs yanından qaçaraq uzaqlaşmış, o isə əlində saxladığı bir ədəd kisədə olan narkotik vasitə və psixotrop maddələr ilə yerində dayanmışdır. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Yevlax Rayon Polis Şöbəsinə gətirmiş, Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlində saxladığı bir ədəd göy rəngli, üzərində fars əlifbasının hərfləri ilə yazılar olan ağzı iplə bağlanmış polietilen kisəni təqdim edərək kisənin içərisindəki kütlələrin narkotik vasitələr olduğunu bildirmişdir. Kisənin ağzı açılıb içərisində olan əşyalar otaqdakı stolun üzərinə tökülüb baxış keçirərkən içərisindən on ədəd bağlama və bir ədəd üzərində Methadone 40 yazısı olan kağız qutu aşkar olunmuşdur. Həmin kağız qutunun ağzı açılıb baxış keçirilərkən içərisində hər birində on ədəd olmaqla cəmi on ədəd konvalutda cəmi 100 ədəd narkotik vasitə metadon həbləri, beş ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana, digər iki ədəd sellofan bağlamada narkotik vasitə heroin, digər iki ədəd sellofan bağlamada narkotik vasitə tiryək, digər bir ədəd sellofan bağlamada psixotrop maddə metamfetamin aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Bölgəsi üzrə Regional Şöbəsinin baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 16 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Şöbənin əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə 17 fevral 2023-cü il tarixdə saat 0010-da Təqsirləndirilən şəxs olduğu Yevlax rayonu, Quşçu kəndində, Yevlax-Ağdaş avtomobil yolunun sağ tərəfində yerləşən giriş qapısının yanında “X10 Ziyarətgahı” yazılmış qəbirstanlığa getmiş, həmin vaxt qeyd edilən ünvanda iki nəfərin piyada hərəkət etdiyini görüb həmin şəxslərə yaxınlaşmışlar. Onları görən şəxslərdən biri qaçaraq uzaqlaşmış, lakin digər sonradan Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxs isə yerində dayanmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin və psoxotrop maddələrin qanunsuz dövriyəsində şübhəli olduğuna görə Yevlax Rayon Polis Şöbəsinə getmək lazım olduğunu bildirmiş, Təqsirləndirilən şəxs etiraz etmədən razılaşıb onlarla birlikdə şöbəyə gəlmişdir. Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd göy rəngli, üzərində fars əlifbasının hərfləri ilə yazılar olan ağzı iplə bağlanmış polietilen kisəni təqdim edərək kisənin içərisindəki kütlələrin narkotik vasitələr olduğunu bildirmişdir. Kisənin ağzı açıldıqda içərisindən on ədəd bağlama və bir ədəd üzərində Methadone 40 yazısı olan kağız qutu aşkar olunmuşdur. Həmin kağız qutunun ağzı açılıb baxış keçirilərkən içərisində hər birində on ədəd olmaqla cəmi on ədəd konvalutda cəmi 100 ədəd narkotik vasitə metadon həblərinə bənzər maddə, beş ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, digər iki ədəd sellofan bağlamada narkotik vasitə heroinə bənzər maddə, digər iki ədəd sellofan bağlamada narkotik vasitə tiryəkə bənzər maddə, digər bir ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrə bənzər maddələri təxminən iki-üç gün əvvəl sosial şəbəkələrdə tanış olduğu və əlaqə saxladığı adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının Yevlax rayonu Quşçu kəndi ərazisində, Yevlax-Ağdaş avtomobil yolunun sağ kənarında yerləşən qəbiristanlığa atdırdığı yerdən tapıb əldə etdiyini, həmin narkotik vasitələri və psixotrop maddəni aparıb Gəncə şəhərində həmin İran İslam Respublikasının vətəndaşının deyəcəyi ünvana qoyaraq buna görə 2000 manat pul alacağını, Ramil ilə birlikdə narkotik vasitələri götürməyə gəlmiş və saxlanılarkən həmin yerdən qaçan dostunun Gəncə şəhəri Totanlı küçəsində yaşayan Cavanşir adlı şəxs olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Bölgəsi üzrə Regional Şöbəsində polis nəfəri işləyən Şahid2 və dəftərxana müdiri işləyən Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvibioloji ekspertizasının 17 fevral 2023-cü il tarixli, 17/187 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd göy rəngli polietilen kisədə olan 5 (beş) ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya, 2 ədəd sellofan torbada narkotik vasitə heroinə, 2 ədəd bağlamada narkotik vasitə tiryəkə, 1 ədəd sellofan torbada psixotrop metamfetaminə bənzər kütlələr və bir ədəd kağız qutuda olan 10 ədəd konvalyutda 100 (yüz) ədəd Metadon 40 həblərinə bənzər kütlələr..” sözləri yazılmış sintetik kisənin içərisindəki; - 05(beş) ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri – 1095 qr, 1085 qr, 1135 qr, 1155 qr, 1280 qr, ümumi təmiz çəkisi – 5750 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. 02 (iki) ədəd sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri – 1125 qr, 1310 qr, ümumi təmiz çəkisi – 2435 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 (iki) ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri – 1545 qr, 1485 qr ümumi təmiz çəkisi – 3030 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəklərdir. 01 (bir) ədəd sellofan bağlamada, təmiz çəkisi 1010 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01(bir) ədəd kağız qutuda olan 10 (on) ədəd üzərilərində “Methadone 40” yazısı olan blisterlərdə, ümumilikdə 100 (yüz) ədəd həblər, metadon dərman miqdarı – 4,00 qram təşkil edir. Tədqiqata təqdim edilmiş, 05 (beş) ədəd sellofan bağlamalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd sellofan bağlamalarda olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd sellofan bağlamalarda olan tiryəklər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 100 ədəd metadon həbləri, qablaşdırma formalarına, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 mart 2023-cü il tarixli 1286 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsi axtarış keçirilməsinə dair 17 fevral 2023-cü il tarixli protokola və həmin protokola əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əlindəki göy rəngli üzərində fars əlifbasının hərfləri ilə yazılar yazılmış ağzı iplə bağlanmış polietilen kisənin içərisindən on ədəd bağlama və bir ədəd Methadone 40 yazısı olan kağız qutu, bağlamalardan beş ədəd sellofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, iki ədəd sellofan bağlamada narkotik vasitə olan heroinə bənzər, digər iki ədəd sellofan bağlamada narkotik vasitə olan tiryəkə bənzər, bir ədəd sellofan torbada psixotrop maddə olan metamfetaminə bənzər kütlə, kağız qutuda isə yüz ədəd üzərində Methadone 40 yazısı olan narkotik vasitə metadon M40 həblərinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində 2011-ci ildə doğulmuş Asiman Kərimov adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan AZ-İ № 462721 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Asiman Kərimovun anası X4 10 may 2011-ci il tarixdə ağciyər arteriyasının tromboemboliyasından ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3917 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd edilən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Respublika Narkoloji Mərkəzi” X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, xx/xx-3059 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 17 fevral 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0120-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Yevlax rayonuna ancaq 20 qram narkotik vasitə olan heroinin arxasınca getməsi, polis əməkdaşlarının təsir-təzyiqi nəticəsində aşkar olunan narkotik vasitə və psixotrop maddələri boynuna götürməsi, polis əməkdaşlarının özlərinin onu həmin yerə gəlməyə təhrik etməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs videoçəkilişlə müdafiəçisinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı İran İslam Respublikası vətəndaşının ona vəd etdiyi 2000 manat müqabilində aşkar olunan narkotik vasitə və psixotrop maddələri götürməyə getdiyini, həmin bağlamanı götürdükdən sonra polis əməkdaşları tərəfindən tutulduğunu bildirmiş, həmçinin barəsində həbs qətimkan tədbiri seçilən zaman da ona qarşı hansısa qanunsuzluq edilməsinə dair heç nə bildirməmişdir. Bundan başqa onun barəsində İstintaq Təcridxanasında tərtib edilmiş məhkumun tibbi kitabçasının surətindən də onun bədən səthi üzərində hər hansı bir xəsarətin olmadığı müəyyən edilmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini daha obyektiv və səmimi ifadələr kimi qəbul edir. Narkotik vasitə və psixotrop maddənin miqdarı, çeşidi, şəxsin maddi maraq qarşılığında həmin narkotik vasitə və psixotrop maddəni götürməyə gəlməsini bildirməsi və özünün də təsdiq etdiyi kimi İran İslam Respublikası vətəndaşının ona bildirdiyi yerə gedərək narkotik vasitəni götürmək istəməsi onun narkotik vasitəni qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə satış məqsədilə əldə etdiyini bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.1. və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 17 fevral 2023-cü il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93-1.1 ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CPM-in 160-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan uşağı – xx.xx.2011-ci il təvəllüdlü X3 nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Gəncə şəhər qəyyumluq və himayəçilik orqanına tapşırılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 107,91 AZN (yüz yeddi manat doxsan bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 17 fevral 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 107,91 AZN (yüz yeddi manat doxsan bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 5749,50 qram narkotik vasitə qurudulmuş marixuana, 2434,80 qram narkotik vasitə heroin, 3029,80 qram narkotik vasitə tiryək, 1009,90 qram psixotrop maddə metamfetamin və 90 ədəd narkotik vasitə metadon həbi məhv edilsin, bir ədəd CD-disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan uşağı – xx.xx.2011-ci il təvəllüdlü X3 nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Gəncə şəhər qəyyumluq və himayəçilik orqanına tapşırılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-52/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-52/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver