Məhkəmə qərarları › İş №1(091)-53/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-53/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-53/2022 19.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, zərərçəkmiş şəxsin hüquqi varisi: X6, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, müdafiəçi: Zaqatala Rayon Vəkil Bürosunun vəkili X8, xx.xx.1973-cü ildə Zaqatala rayonunun Qandax kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Zaqatala rayonunun Qandax kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə saat 15 radələrində ayıq vəziyyətdə, sürücülük vəsiqəsi olmadan özünə məxsus idarə etdiyi İJ markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə Zaqatala rayonu, Qandax kəndində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə əsasən sürücü yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər iştirakçılara, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə əsasən nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı olmadan və həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda, həmin tələblərə əməl etməyərək eyni istiqamətdə arxadan gələrək ötmə əməliyyatını həyata keçirən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz 208D” markalı ** BK *** dövlət qeydiyyat nişanlı mikroavtobusun hərəkət zolağına çıxmaqla manevr edib toqquşaraq ehtiyatsızlıqdan mikroavtobusda olan sərnişinlər X2 döş qəfəsinin arxa hissəsində böyük ölçülü sıyrıqlı qançır, sağ bazusunda qançır, İİİ-İV-V-Vİ qabırğaların onurğaya birləşən hissəsindən qapalı yerdəyişən sınıqları, sol tərəfdən Vİİ-Vİİİ-İX-X-Xİ-Xİİ, sağ tərəfdən İİİ- İV-V-Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, diafraqmanın, sağ böyrəyin və dalağın əzilib-cırılması, döş və qarın boşluqlarına kəskin qanaxma kimi həyatla bir araya sığmayan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə dalağın və sol böyrəyin əzilibcırılması, daxilə qanitirmə, çoxlu qabırğaların sınığı nəticəsində ehtiyatsızlıqdan sonuncunun ölümünə, Zərərçəkmiş şəxs4 döş qəfəsinin sınığı, Vİ qabırğanın sınığı, travmatik hemopnevmotoraks, döş şöbəsinin qan damarlarının travması ilə nəticələnən, həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs7 saidin çoxsaylı açıq yaraları, qan damarlarının travması, körpücük sümüyünün sınığı, yuxarı ətraf qurşağı və bazunun çoxsaylı açıq yaraları ilə nəticələnən, həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs6 qapalı kəllə beyin travması, beyin silkələnməsi, sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs2 sol saidin əzilmiş-sıyrılmış-cırılmış yaraları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs3 sol qulaq və sol qaş nahiyəsinin əzilmiş-cırılmış yaraları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs9 bel nahiyəsinin yumşaq toxumasının əziyi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs5 döş qəfəsin və bazunun yumşaq tozumalarının əziyi ilə nəticələnən, ehtiyatsızlıqdan sonuncunun sağlamlığına zərər vurmağından dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsinə, mikroavtobusun sürücüsü Zərərçəkmiş şəxs1 sol dirsək nahiyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına yüngül zərər vurulmasına və Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz 208D” markalı ** BK *** dövlət qeydiyyat nişanlı mikroavtobusa 5834 (beş min səkkiz yüz otuz dörd) manat məbləğində maddi ziyan vurulmasına, motosikletdə olan sərnişin Zərərçəkmiş şəxs8 travmatik şokla müşayiət olunan ağır qapalı kəllə beyin travması, sol gicgah və sağ almacıq sümüklərinin sınığı, baş beynin alın payının əzilməsi, sağ bud sümüyünün posttravmatik çıxığı, sol bud sümüyünün yuxarı 1/3-nin yerdəyişən sınığı, sağ sirkə kisəsinin və hər iki topuğun yerdəyişməyən sınıqları, neyrogen mənşəli sidik saxlaya bilməyən sidik kisəsi, təpə nahiyəsində əzilmiş, sol bazusunda, sol saidində, sol dirsək oynağında və sağ baldırında sıyrılmış yaraları ilə nəticələnən, həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23.06.2021-ci il tarixdə saat 15 radələrində idarə etdiyi və oğlu Zərərçəkmiş şəxs8 arxada əyləşdiyi İJ markalı motosikletlə üzü Zaqatala rayonu, Qandax kəndi istiqamətində təxminən 30-40 km/saat sürətlə hərəkətdə olarkən güzgüdən baxanda onun arxa tərəfindən təxminən 20-30 metr aralıdan Mercedes markalı mikroavtobusun gəlməsini görmüş, həmin avtomobil yüksək sürətlə onun idarə etdiyi motosikletin arxa hissəsinə yaxınlaşmışdır. Həmin avtomobilin onu sol tərəfindən ötüb keçəcəyini zənn etsə də ancaq avtomobil gəldiyi sürətlə onun olduğu hərəkət zolağında idarə etdiyi motosikletin arxa hissəsindən onu vurmuşdur. Bu zaman motosikletin idarə etməsini itirərək yoldan kənara çıxmış, o, motosikletdən yıxılmaqla motosiklet yolun kənarında olan kolluq sahəyə çırpılmışdır. Oğlu Adəm də yolun kənarına yıxılmış, həmin andan sonra baş verənləri xatırlamamışdır. Xəstəxanada ayılandan sonra mikroavtobusda olan sərnişinlərdən birinin öldüyünü bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, mərhum X3 onun anası olmaqla 23.06.2021-ci il tarixdə səhər saatlarında anası Zöhrə Cəbiyeva kənd sakinləri ilə birlikdə Zərərçəkmiş şəxs1 idarə etdiyi Mercedes markalı avtomobil ilə Qax rayonuna işləməyə getmişdir. Həmin gün saat 15 radələrində kənd sakinləri onunla əlaqə saxlayaraq Rəvanın idarə etdiyi avtomobilin kəndlərində yaşayan Vasif adlı şəxsin idarə etdiyi motosikletlə toqquşaraq ağaca çırpılmasını, hadisə nəticəsində sərnişinlərin yaralanmasını, anası Zöhrə Cəbiyevanın isə ölməsini demişlər. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 23.06.2021-ci il tarixdə Qax rayonu ərazisində yerləşən əkin sahəsində işləri başa çatdıqdan sonra o, Muğanlı kəndindən və digər ətraf kəndlərdən olan sakinlərlə birlikdə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil ilə yaşadığı Zaqatala rayonuna qayıdarkən yorğun olduğu üçün yuxulamış, yatdığı zaman sərnişinlər səs-küy saldığı və avtomobil titrədiyi üçün qəflətən ayılmışdır. Ayılan zaman avtomobilin aşmasını görmüş, avtomobil aşdıqdan sonra sürüşərək ağaca çırpılmışdır. Yaralandığı üçün avtomobildən hərəkət edərək çölə çıxa bilməmiş, sürücü Rəvan avtomobildə olan xəsarət almamış sərnişinlərlə köməkləşərək onu avtomobilin içərisindən çıxarmışlar. Həmin vaxt avtomobilin motosikletlə toqquşması ona məlum olmuş, motosiklet yolun kənarında kolluğa çırpılmışdır. Bundan bir müddət sonra təcili tibbi yardım avtomobili gələrək onu və digər xəsarət almış şərnişinləri xəstəxanaya gətirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 23.06.2021-ci il tarixdə Qax rayonu ərazisində yerləşən əkin sahəsində işləri başa çatdıqdan sonra Muğanlı və digər ətraf kəndlərdən olan sakinlərlə birlikdə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə Zaqatala rayonuna qayıdarkən avtomobil üzü Qandax kəndi istiqamətində hərəkət etmiş, sərnişinlərdən biri ilə söhbət etdiyi üçün yola baxmamışdır. Rəvan avtomobili sol tərəfə sürərək biraz sürətini artırmış, Rəvanın bir neçə dəfə siqnal verməsini eşitmişdir. Yola baxan zaman Rəvanın yanından ötüb keçmək istədiyi motosikletin qəflətən sola tərəf hərəkət etməsini görmüş, motosiklet Rəvanın idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Rəvan tormoz versə də, avtomobil motosikletin arxa hissəsi ilə toqquşmuş, Rəvan nə qədər çalışsa da, avtomobilin hərəkətini nizamlaya bilməmişdir. Avtomobil aşaraq sürüşüb yolun kənarında olan ağaca çırpılmış, yaralandığı üçün avtomobildən hərəkət edərək çölə çıxa bilməmişdir. Sürücü Rəvan və sərnişin Vəli köməkləşərək onu avtomobilin içərisindən çıxarmışlar. Motosiklet yolun kənarında kolluğa çırpılmış, bundan bir müddət sonra təcili tibbi yardım avtomobili gələrək onu və digər xəsarət almış şərnişinləri xəstəxanaya gətirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, mikroavtobusla işdən qayıdan zaman motosikletin mikroavtobusun önünə çıxması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə zamanı başından zədə aldığı üçün hadisə barədə ətraflı danışa bilməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 23.06.2021-ci il tarixdə Qax rayonu ərazisində yerləşən əkin sahəsində işləri başa çatdıqdan sonra Zaqatala rayonu Muğanlı və digər ətraf kəndlərdən olan sakinlərlə birlikdə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə yaşadığı Zaqatala rayonuna qayıtmış, avtomobil üzü Qandax kəndi istiqamətində hərəkətdə olarkən yolun sol tərəfinə keçərək sürətini artırmağa başlamışdır. Rəvanın bir neçə dəfə siqnal verməsini eşitmiş, həmin vaxt qəflətən avtomobilin qabaq hissəsindən səs gələrək avtomobil titrəməyə başlamışdır. Avtomobil təkəri üzərinə qalxaraq yanı üstə aşmış, sonra sürüşərək ağaca çırpılmışdır. Yaralandığı üçün avtomobildən hərəkət edərək çölə çıxa bilməmiş, sürücü Rəvan avtomobildə olan xəsarət almamış sərnişinlərlə köməkləşərək onu avtomobilin içərisindən çıxarmışdır. Həmin vaxt avtomobilin motosikletlə toqquşması ona məlum olmuş, motosiklet yolun kənarında kolluğa çırpılmışdır. Bundan bir müddət sonra təcili tibbi yardım avtomobili gələrək onu və digər xəsarət almış şərnişinləri xəstəxanaya gətirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 23.06.2021-ci il tarixdə Qax rayonu ərazisində yerləşən əkin sahəsində işləri başa çatdıqdan sonra digər ətraf kəndlərdən olan sakinlərlə birlikdə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə Qandax kəndi istiqamətində hərəkətdə olarkən qabaqda motosiklet getməsini görmüş, Rəvan arxadan motosikletə yaxınlaşdıqdan sonra yolun sol tərəfinə keçərək sürətini artırmışdır. Rəvanın bir neçə dəfə siqnal verməsini eşitmiş, motosikletin yanına çatan zaman avtomobilin qabaq hissəsindən səs gəldiyini eşitmişdir. Rəvan avtomobili sola tərəf döndərmək istəsə də avtomobil təkəri üzərinə qalxmış və yanı üstə aşmışdır. Avtomobil aşdıqdan sonra sürüşərək ağaca çırpılmış, bundan sonra yaralandığı üçün avtomobildən hərəkət edərək çölə çıxa bilməmişdir. Sürücü Rəvan avtomobildə olan xəsarət almamış sərnişinlərlə köməkləşərək onu avtomobilin içərisindən çıxarmışlar. Həmin vaxt avtomobilin motosikletlə toqquşması ona məlum olmuşdur. Motosiklet yolun kənarında kolluğa çırpılmış, bundan bir müddət sonra təcili tibbi yardım avtomobili gələrək onu və digər xəsarət almış şərnişinləri xəstəxanaya gətirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xəsarət alması ilə əlaqədar hadisəni tam xatırlaya bilməmiş, hadisə anını görməmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 23.06.2021ci il tarixdə Qax rayonu ərazisində yerləşən əkin sahəsində işləri başa çatdıqdan sonra digər ətraf kəndlərdən olan sakinlərlə birlikdə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə yaşadığı Zaqatala rayonuna qayıdan zaman baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində başı zərbəyə məruz qaldığı üçün baş verənləri xatırlamamış, gözünü açan zaman xəstəxanada olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 23.06.2021-ci il tarixdə Qax rayonu ərazisində yerləşən əkin sahəsində işləri başa çatdıqdan sonra Zaqatala rayonu Muğanlı kəndindən və digər ətraf kəndlərdən olan sakinlərlə birlikdə Zərərçəkmiş şəxs1 idarə etdiyi mikroavtobusla yaşadığı Zaqatala rayonuna qayıdarkən üzü Qandax kəndi istiqamətində hərəkətdə olanda Rəvan yolun sol tərəfinə çıxaraq sürətini artırmağa başlamış, Rəvanın bir neçə dəfə siqnal verməsini eşitmişdir. Avtomobilin qabaq hissəsindən tappıltı səsi gəlmiş və Rəvanın idarə etdiyi avtomobil qəflətən əyləşdiyi tərəfə doğru aşmağa başlamışdır. Avtomobilin şüşələri qırılaraq onun üzərinə tökülmüş, həmin vaxt qorxudan huşunu itirmişdir. Bundan sonra baş verənləri xatırlamamış, gözünü açanda xəstəxanada olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 23.06.2021-ci il tarixdə Qax rayonu ərazisində yerləşən əkin sahəsində işləri başa çatdıqdan sonra Zaqatala rayonu Muğanlı kəndindən və digər ətraf kəndlərdən olan sakinlərlə birlikdə Zərərçəkmiş şəxs1 idarə etdiyi mikroavtobusla yaşadığı Zaqatala rayonuna qayıdarkən üzü Qandax kəndi istiqamətində hərəkətdə olanda qarşılarında təxminən 30 metrdən çox məsafə aralıda motosiklet hərəkət etmiş, motosiklet bir neçə dəfə öz yolundan çıxaraq digər yola keçib qayıtmışdır. Rəvana bir neçə dəfə avtomobili ehtiyatlı sürməsini demiş, Rəvan avtomobilin sürətini artıraraq motosikleti ötmək istəmişdir. Buna görə də avtomobili sol tərəfə sürərək digər yola çıxmış, həmin vaxt motosiklet yolun ortasına doğru yəni Rəvanın avtomobili idarə etdiyi tərəfə doğru yolun ortası ilə hərəkət etməyə davam etmişdir. Motosiklet gah Rəvanın avtomobili sürdüyü yola, gah digər yola tərəf gedib gəlmiş, təxminən 20-30 metr məsafədən Rəvan öz yoluna yəni, sağ tərəfə doğru getməsi üçün motosikletə siqnal verməyə başlamış, ancaq motosiklet öz yoluna qayıtmamış və bir neçə dəfə ilanvari hərəkət edərək manevr etmişdir. Rəvan bir neçə dəfə tormoz verərək sürətini yavaşlatsa da, motosiklet yolun ortası ilə hərəkət etməyə davam etmişdir. Rəvan motosikletin yanına çatanda təxminən 10 metr məsafədən bir neçə dəfə də siqnal vermişdir. Lakin motosiklet Rəvanın qarşısına doğru hərəkət etməyə başlamışdır. Rəvan avtomobilə tormoz verib sola tərəf getsə də avtomobilin qabaq sağ tərəfi motosikletin arxası ilə toqquşmuşdur. Həmin vaxt Rəvan nə qədər etsə də, avtomobili yola tərəf düzəldə bilməmiş və avtomobil təkəri üstə qalxıb sol tərəfi üstə aşmışdır. Avtomobil sürüşərək yolun kənarında ağaca çırpılmış, o, avtomobildən özü düşmüşdür. Rəvan və Vəli ilə birlikdə köməkləşərək sərnişinləri düşürmüş, motosiklet də yoldan çıxaraq kolluğa çırpılmaqla motosikletdə olan sürücü və sərnişin xəsarət almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 23 iyun 2021-ci il tarixdə saat 15 radələrində o, idarə etdiyi “Mercedes Benz 208D” markalı ** BK *** dövlət qeydiyyat nişanlı mikroavtobus ilə 10 nəfər sərnişinlə birlikdə Əliabad qəsəbəsindən gələrək üzü Qandax kəndi istiqamətində təxminən 60-70 km/saat sürətlə hərəkətdə olarkən ondan təxminən 30-40 metr aralıda iki nəfərin olduğu motosiklet hərəkət etmişdir. Əks istiqmətdən avtomobil gəlmədiyini görüb yavaş hərəkət edən motosikleti ötüb keçmək istəmiş, motosikletə 30 metr qalmış sola dönmə işığını yandıraraq yolun digər zolağına keçmişdir. Təxminən 20-30 metr məsafədən ötmək istəməsi barədə xəbərdar etmək məqsədilə motosikletə siqnal vermiş, motosikletin arxa təkərinə çatanda qəflətən motosikletin sürücüsü onun hərəkət etdiyi zolağa doğru hərəkət etmişdir. Toqquşmamaq üçün avtomobili biraz da sola çəkmiş, lakin onun idarə etdiyi avtomobilin qabaq sağ təkəri ilə motosiklet toqquşmuşdur. Sola çəkəcəyi halda yoldan çıxacağı üçün avtomobili sağ tərəfə doğru hərəkət etdirərək öz yoluna qayıtmaq istəmiş, ancaq avtomobil iki təkər üstünə qalxaraq aşdıqdan sonra sürüşərək yolun kənarında olan ağaca çırpılmışdır. Bundan sonra qabaq sərnişin qapısını açaraq düşmüş, motosikletdə olan sürücü və sərnişin xəsarət almışdır. Motosiklet yolun kənarında kolluğa çırpılmış, arxa qapını açaraq yaralanmayan iki nəfər kişi sərnişin ilə bir-bir sərnişinləri düşürmüşlər. 102 xidmətinə zəng edərək məlumat vermiş, hadisə yerinə tez bir zamanda təcili tibbi yardım avtomobilləri gələrək sərnişinləri xəstəxanaya aparmışdır. Sərnişinlərdən bir nəfər qadın ölmüş, sol qolu xəsarət aldığı üçün təcili tibbi yardım avtomobilinə minərək xəstəxanaya getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 23.06.2021-ci il tarixdə saat 15 radələrində atası Təqsirləndirilən şəxs özünə məxsus motosiklet ilə yaşadıqları Qandax kəndinə gedərkən atası motosikleti idarə etmiş, o isə arxa oturacaqda əyləşmişdir. Atası motosikleti yolun sağ tərəfi ilə öz hərəkət zolağında sürmüş, motosikletin güzgüsündən baxanda arxalarından Mercedes markalı marşrutun gəlməsi görünmüşdür. Atası motosikleti təxminən 30-40 km/saat sürətlə sürmüş, bundan sonra baş verənləri xatırlamamışdır. Bir neçə gün huşunu itirmiş, gözünü açanda isə xəstəxanada olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mikroavtobusla işdən qayıdan zaman yol-nəqliyyat hadisəsi baş vermiş, həmin vaxt yorğun olduğundan yuxlamışdır. Hadisə mikroavtobus yolun soluna çıxdıqdan sonra orada baş vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 23.06.2021-ci il tarixdə Qax rayonu ərazisində yerləşən əkin sahəsində işləri başa çatdıqdan sonra Zaqatala rayonu Muğanlı kəndindən və digər ətraf kəndlərdən olan sakinlərlə birlikdə Zərərçəkmiş şəxs1 idarə etdiyi mikroavtobusla yaşadığı Zaqatala rayonuna qayıdarkən qarşılarında təxminən 30 metrdən çox məsafə aralıda motosiklet hərəkət etdiyini görmqüş, Rəvan avtomobilin sürətini artıraraq motosikleti ötmək istəmişdir. Buna görə Rəvan avtomobili sol tərəfə sürərək digər yola çıxmış, həmin vaxt motosiklet yolun ortasına doğru yəni Rəvanın avtomobili idarə etdiyi tərəfə doğru hərəkət edərək yolun ortası ilə hərəkət etməyə davam etmişdir. Təxminən 20-30 metr məsafədən Rəvan motosikletə siqnal verməyə başlamış, ancaq motosiklet öz yoluna qayıtmamışdır. Rəvan bir neçə dəfə tormoz verərək sürətini yavaşlatsa da, motosiklet yolun ortası ilə hərəkət etməyə davam etmişdir. Rəvan motosikletin yanına çatanda təxminən 10 metr məsafədən bir neçə dəfə də siqnal vermiş, lakin motosiklet Rəvanın qarşısına doğru hərəkət etməyə başlamışdır. Rəvan avtomobilə tormoz verib sola tərəf getsə də avtomobilin qabaq sağ tərəfi motosikletin arxası ilə toqquşmuşdur. Həmin vaxt Rəvan nə qədər etsə də, avtomobili yola tərəf düzəldə bilməmiş və avtomobil təkəri üstə qalxıb sol tərəfi üstə aşmışdır. Avtomobil sürüşərək yolun kənarında ağaca çırpılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23.06.2021-ci il tarixdə saat 15 radələrində Rəvanın idarə etdiyi Mersedes markalı avtomobildə ən arxa oturacaqda əyləşərək yatmış, avtomobil aşan zaman ayılmışdır. Avtomobil sürüşərək ağaca çırpılıb dayanmış, yatdığı üçün avtomobil aşmazdan əvvəl nə baş verməsini xatırlamamışdır. Hadisə nəricəsində xəsarət almamış, Rəvanla köməkləşərək yaralananları çıxarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş yol patrul xidməti inspektoru işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 23.06.2021-ci il tarixdə saat 15 radələrində Zaqatala rayonu Əliabad-Qandax yolu istiqamətində yol patrul xidmət inspektoru Şahid4 ilə xidmətdə olan zaman operatordan Əliabad-Qandax yolunun Zaqatala rayonu, Qandax kəndi ərazisindən keçən hissəsində marşrutla motosikletin toqquşması barədə məlumat daxil olduqdan sonra hadisə yerinə gedən zaman Mercedes markalı mikroavtobusun aşaraq ağaca çırpılmasını, motosikletin isə yolun kənarında olan kolluğa çırpılmasını görmüşdür. Tərəflərindən hadisə yerinə müdaxilə olmaması üçüm hadisənin baş verdiyi yol bağlanmış, Mercedes markalı mikroavtobusun sürücüsü və həmin mikroavtobusda olan şərnişinlər yaralandıqları üçün təcili tibbi yardım avtomobili tərəfindən xəstəxanaya aparılmışdır. Motosiklet sürücüsü və motosikletdə olan sərnişin də yaralandığı üçün təcili tibbi yardım avtomobili tərəfindən xəstəxanaya aparılmışdır. Daha sonra müstəntiq tərəfindən hadisə yeri müayinə olunmuş, hadisə yerində hərəkət istiqamətinə uyğun olaraq əks istiqamət hərəkət zolağında Mercedes markalı mikroavtobusa aid tormoz izləri aşkar olunmuşdur. Həmçinin hadisə yerində motosikletə aid əks istiqamət hərəkət zolağından başlayaraq qövsvari formada uzanan tormoz izləri olmuşdur. Bundan başqa asfalt yol üzərində çat izləri müşahidə edilmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolu imzalarla təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş yol patrul xidməti inspektoru Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 23 iyun 2021-ci il tarixli 10 nömrəli rəyində göstərilmişdir ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: döş qəfəsinin arxa hissəsində böyük ölçülü sıyrıqlı qançır, sağ bazusunda qançır, İİİ-İV-V-Vİ qabırğaların onurğaya birləşən hissəsindən qapalı yerdəyişən sınıqları, sol tərəfdən Vİİ-Vİİİ-İX-X-Xİ-Xİİ, sağ tərəfdən İİİ-İV-V-Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, diafraqmanın, sağ böyrəyin və dalağın əzilib-cırılması, döş və qarın boşluqlarına kəskin qanaxma. Bu xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən yol-nəqliyat qəzası nəticəsində törənə bilərdilər, törənmə müddəti ölümün baş verdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 23.06.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə təyin edildiyi kimi ümumilikdə həyatla bir araya sığmayan sağlamlığa AĞİR zərər vurmaya aiddir, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. X1 ölümünə səbəb-dalağın və sol böyrəyin əzilib-cırılması, daxilə qanitirmə, çoxlu qabırğaların sınığı olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 2-4 saat əvvələ uyğun gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 12 iyul 2021-ci il tarixli 280 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol dirsək nahiyəsinin əzilmiş-cırılmış yarası bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 23.06.2021-ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 iyul 2021-ci il tarixli 304 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs5 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: döş qəfəsin və bazunun yumşaq tozumalarının əziyi bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 23.06.2021 -ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 iyul 2021-ci il tarixli 303 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: döş qəfəsinin sınığı, Vİ qabırğanın sınığı, travmatik hemopnevmotoraks, döş şöbəsinin qan damarlarının travması bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 23.06.2021 -ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 iyul 2021-ci il tarixli 302 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs6 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: qapalı kəllə beyin travması, beyin silkələnməsi, sol gicgah nahiyəsinin əzilmiş -cırılmış yarası, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 23.06.2021-ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 iyul 2021-ci il tarixli 301 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol saidin əzilmişsıyrılmış-cırılmış yaraları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 23.06.2021-ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 iyul 2021-ci il tarixli 299 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol qulaq və sol qaş nahiyəsinin əzilmiş-cırılmış yaraları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 23.06.2021 -ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 iyul 2021-ci il tarixli 298 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs7 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: saidin çoxsaylı açıq yaraları, qan damarlarının travması, körpücük sümüyünün sınığı, yuxarı ətraf qurşağı və bazunun çoxsaylı açıq yaraları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 23.06.2021 -ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmağa aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 iyul 2021-ci il tarixli 301 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs9 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: bel nahiyəsinin yumşaq toxumasının əziyi bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 23.06.2021-ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dacəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 07 avqust 2021-ci il tarixli 332 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs8 bədənində aşkar edilmiş xəsarətlər - travmatik şokla müşayiət olunan ağır qapalı kəllə beyin travması, sol gicgah və sağ almacıq sümüklərinin sınığı, baş beynin alın payının əzilməsi, sağ bud sümüyünün posttravmatik çıxığı, sol bud sümüyünün yuxarı 1/3-nin yerdəyişən sınığı, sağ sirkə kisəsinin və hər iki topuğun yerdəyişməyən sınıqları, neyrogen mənşəli sidik saxlaya bilməyən sidik kisəsi, təpə nahiyəsində əzilmiş, sol bazusunda, sol saidində, sol dirsək oynağında və sağ baldırında sıyrılmış yaralar- bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 23.06.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmağa aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 12.11.2021-ci il tarixli 8/2838 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən İJ markalı motosikletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs İJ markalı motosikleti dövlət qeydiyyat nişanı və sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29 və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Mercedes Benz D208 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı miktoavtobusun sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü İsmayılov avtomobili hərəkət sürəti 3.24 “maksimum sürətinin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, 70 km/saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətinin məhdudlaşdırılması”) yol nişanının tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerində yol maneəsiz düz profillidir, sürücülərin hərəkəti üçün maneəsizdir. Yolda eniş-yoxuş və maillilik yoxdur. Hadisə baş verən yerdə yolun asfalt örtüyünün eni 7 metrdir, yol iki istiqamətdə hərəkət üçün nəzərdə tutulmuş və hadisə baş verən zaman yol örtüyü quru vəziyyətdə olmuşdur. Yolun üzərində nişanlanma yoxdur. Hadisədən əvvəl Mercedes D208 markalı ** BK *** dövlət qeydiyyat nişanlı və İJ markalı motosiklet Qandax kəndi istiqamətində, yəni eyni istiqamətdə hərəkət etmişdir. Nəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə nəzərən əks istiqamət hərəkət zolağında Mercedes markalı avtomobilə aid 4.30 metr tormoz izi vardır. Toqquşma tormoz izinin sonunda yolun asfalt hissəsində, yolun çiynindən 2.10 metr məsafədə baş vermişdir. Tormoz izləri bitdikdən sonra yolun asfalt hissəsinin kənarından başlayaraq yolun digər tərəfinin çiyin hissəsinə kimi Motosikletə aid qövsvari formada sağ zolağının uzunluğu 31.70 metr, sol zolağının uzunluğu 27.50 metr uzunluğunda tormoz izləri vardır. Tormoz izlərindən 2,85 metr arxada asfalt üzərində 2,72 metr uzunluğunda çat izləri vardır. Həmin tormoz izləri bitdikdən sonra motosiklet 6.10 metr məsafə aralıda kolluğa çırpılmışdır. Hadisə yerində motosiklet və Mercedes markalı avtomobil arasında 6.80 metr məsafə vardır. Mercedes markalı avtomobil ağaca çırpılmış və aşmış vəziyyətdədir. Mercedes markalı avtomobil toqquşma yerindən 40,50 metr məsafə aralıda ağaca çırpılmış, motosiklet toqquşma yerindən 34,63 metr məsafədə kolluğa çırpılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23.06.2021-ci il tarixli 180 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında göstərilmişdir ki, müayinə olunan Təqsirləndirilən şəxs ayıqdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11.08.2021-ci il tarixli Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki RQİ və TBŞ-dən daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş zərər aktından görünür ki, Mercedes Benz 208D markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə 5834 manat ziyan dəymişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Zaqatala rayon İHB-nın Qandax kəndi üzrə ərazi nümayəndəsinin təqdim etdiyi arayışdan görünür ki, Əskərov X4 rayonu Qandax kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yerindən müsbət səciyyələndirilir. Qətimkan tədbirinin seçilməsinə dair 12 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon Məkəməsinin 18.02.2022-ci il tarixli 1(033)-13/2022 nömrəli hökmündən görünür ki, Zərərçəkmiş şəxs1 CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi hallar məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında tam təkzib olunur. Belə ki, o, öz müdafiəsi üçün hadisənin o öz yolunda hərəkətdə olan zaman mikroavtobusun arxadan onun idarə etdiyi motosikleti vurması nəticəsində baş verməsini göstərmişdir. Lakin tədqiq olunmuş sübutlardan, o cümlədən mikroavtobusda olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrindən, həmçinin hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və sxemdən və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ötmə əməliyyatını həyata keçirib yolun sol tərəfinə çıxdıqdan sonra Təqsirləndirilən şəxs qəfildən onun yoluna çıxıb toqquşduqdan sonra yol-nəqliyyat hadisəsi baş verişdir. Eyni zamanda məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda həmin maddənin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəzalar təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışaraq sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, özünün də hadisə nəticəsində dərəcəsi təyin olunmayan bədən xəsarəti almasını cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Qeyd olunan cəzanı yüngülləşdirən halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmənin başlanğıcı həbs olunduğu andan hesablanmalıdır. Əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə edərək məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 400 AZN (dörd yüz manat) ekspertiza xərcinin Zaqatala Rayon Məhkəməsinin 18.02.2022-ci il tarixli hökmü ilə Zərərçəkmiş şəxs1 tutulması nəzərə alınmalıdır. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir, mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 19 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 04 (dörd) il müddətə şamil edilsin. İş üzrə məhkəmə məsrəfi olan 400 AZN (dörd yüz manat) ekspertiza xərcinin Zaqatala Rayon Məhkəməsinin 18.02.2022-ci il tarixli hökmü ilə Zərərçəkmiş şəxs1 tutulması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar