Məhkəmə qərarları › İş №1(091)-54/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-54/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-54/2025 23.04.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci ildə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdə Zaqatala rayonu Kəpənəkçi kəndindəki meşəlik ərazisində yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarını kolları ilə birlikdə yığmaqla satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 5670,0 qram olan narkotik vasitə - qurudulmamış marixuananı əldə edərək üzərində saxlamış, eyni tarixdə, saat 16:00 radələrində həmin narkotik vasitəni satış məqsədi olmadan Zaqatala rayonu Kəpənəkçi kəndində qanunsuz daşıyarkən Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və üzərində həmin gün saat 17:00-dan 18:11-dək olan müddət ərzində şəxsi axtarış aparılarkən üzərində daşıdığı ağ rəngli sintetik kisədə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, iyun ayının 30-u saat iki və ya üçə işləmiş radələrdə evdə olan zaman qapı döyülmüş və qapını açanda mülki geyimdə 2 nəfər polis əməkdaşının gəldiyini görmüşdür. Həmin şəxslər onun Nüsrət olub-olmadığını soruşmuşlar, o da Nüsrət olduğunu bildirmişdir. Onlar ona narkotik vasitə istifadə etdiyini və satdığını bildirmişlər. O, narkotik vasitə istifadə etməyini etiraf etmiş, lakin onun satışı ilə heç vaxt məşğul olmadığını bildirmişdir. Onlar onun evini axtarmış, daha sonra ona demişlər ki, Bakıdan onun polis şöbəsinə aparılmağı ilə bağlı sifariş verilmişdir. O da onlara etiraz etməmiş və onlarla polis şöbəsinə getmişdir. Polis şöbəsində rəisin müavini ondan bir şəxs haqqında soruşmuş, o, həmin şəxslə çörək yediyini, onun spirtli içkilərdən çox istifadə edən biri olduğunu, lakin narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Bundan sonra onu digər otağa aparıb narkotik vasitəni kimdən əldə etdiyini soruşmuşlar. O, lazım olanda kimdənsə tapıb aldığını bildirmişdir. Ona onlarla başqa bir yerə getməyi təklif olunmuşdur. Onu 4-5 nəfər polis əməkdaşı “Range Rover” markalı maşınla Kəpənəkçi kəndinə aparmışlar. Polislər 2 ədəd qayçı götürmüşdür. Qayçılardan biri sarı, digəri isə göy rəngdə olmuşdur. Kəpənəkçi kəndində leytenant rütbəli polis əməkdaşı qayçı ilə narkotik tərkibli çətənə bitkisindən 1 ədəd kəsmiş, daha sonra qayçını ona vermiş və demişdir ki, 1-2 ədəd də o kəssin. Polislər yolda Muğanlı kəndindən kisə almışdır. O, 2 ədəd narkotik tərkibli bitki kəsəndən sonra polislər onu çağırmış və kəsdiklərini kifayət etdiyini bildirmişlər. O, onların yanına gəlmiş, kəsdiyi bitkiləri kisəyə qoymuş, bundan sonra geri qayıtmağı tələb olunmuş və geri qayıdan zaman polislər arxadan onun şəkilini çəkmişdirlər. Daha sonra, onu polis şöbəsinə gətirmişlər və polis şöbəsində kisənin içərisində olan narkotik tərkibli bitkilərin kisənin yarısına qədər dolu olduğunu görmüşdür. O, etiraz etmiş və demişdir ki, nə üçün kisəyə həddən artıq narkotik tərkibli bitki qoyulmuşlar. Bu vaxt əməliyyatçı sinəsinə yumruqla zərbə endirmiş və ona “götür meşoxu” demişdir. O da onlarla razılaşmış və kisəni götürmüşdür. O, bundan başqa onlara ifadə verməmişdir. Latın qrafikalı əlifbanı oxuya bilməmiş və eynəyi olmadığı üçün yazını görə də bilməmişdir. O, sadəcə polislər deyən sənədlərə imza çəkmişdir. O, polis şöbəsindən çıxanda şok vəziyyətində olmuşdur. Bütün şəhər əhalisi onu tanıyır. O, yas mərasimlərində çayçı kimi işləmişdir. O, narkotik vasitə istifadə etdiyini etiraf etmiş, lakin polislərin ona etdiyi düzgün olan hal olmamışdır. O, hadisədən 10 gün keçdikdən sonra DİN “102” Xidmətinə də zəng vurub başına gələnlər barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, tutulana qədər 2-3 ay olarmış ki, narkotik vasitələrdən istifadə etməyi tərgitmişdir. O, 30-40 il müddətdə narkotik vasitə istifadə etmişdir. Narkotik vasitə istifadə etdiyi vaxtlarda polislərlə hər hansı problemi olmamışdır. Polislər ona narkotik tərkibli bitkini kəsməyi təklif edəndə o həm qorxduğu üçün, həm də ona bunun yabanı olduğunu və buna görə qorxmamağı bildirdikləri üçün onlarla razılaşmışdır. Polislər 2 günə azad olunacağını bildirmişdirlər. Onun böyük qızı da həmin vaxtlar əməliyyat olunmuşdur. Qızlarının bu məsələləri bilib qorxmamasını istəyirmiş və polislərdən qızlarına məlumat verilməməsini xahiş etmişdir. Onlar da demişlər ki, narahat olma, qızların bilməyəcəkdir. Polislər 2 günə azad olacağını bildirdikləri və qorxduğu üçün onlarla razılaşmışdır. O, DİN-in “102” xidmətinə ona olunan qanunsuzluqlarla bağlı məlumat vermiş və prokurorluğa da şikayət etmişdir. Polislərlə ədavəti olmamışdır. Polislər onu tanımışdır. O, hətta prokurorun atasının yas mərasimində də çayçı kimi iştirak etmişdir. O, heç vaxt narkotik vasitə satmamışdır. İbtidai istintaq zamanı ifadəsini oxuya bilməmişdir. Çünki latın qrafikalı əlifbanı oxuya bilmir və o, eynəksiz görə də bilmir. O, demişdir ki, ona eynək versinlər, o da nə yazıldığını oxusun. Onu 2 nəfər polis əməkdaşı günorta ikiyə qalmış və ya üçə işləmiş radələrdə evinə gəlib tutmuşdur. Evinə gələn polislər evinə girən zaman heç bir sənəd təqdim etməmişlər. Polislər evində soyuducuya və başqa bir-iki yerə baxmışlar. Polislər onu evindən polis şöbəsinə aparmışlar. Polis şöbəsinə getdikdən sonra polis şöbəsində 20-30 dəqiqə qalmışdır. Həmin vaxtı orada vəkil olmamışdır. Onu Kəpənəkçi kəndinə aparmışlar. Onu hara aparmaqları barədə polislərdən heç nə soruşmamışdır. Kəpənəkçi kəndinə gedən zaman polislərdən biri maşını idarə edirmiş, qabaq oturacaqda bir nəfər, digər iki nəfər isə arxa oturacaqda sağında və solunda əyləşmişdir. Polislər kisəni Kəpənəkçi kəndinə gedən zaman almışdır. Kəpənəkçi kəndində olanda 01 ədəd narkotik tərkibli bitkini polis əməkdaşı kəsmiş, o isə 02 ədəd narkotik tərkibli bitkini kəsmişdir. Kəpənəkçi kəndi ilə onun yaşadığı yer arasında 30-35 km məsafə olmuş və maşınla həmin yerə 30 dəqiqəyə getmək olarmış. Əvvəllər Kəpənəkçi kəndinə getməmişdir. İş materallarında olan onun hadisə yerində olduğu ilə bağlı foto şəkillər, əli ilə hadisə yerini göstərdiyi foto şəkillər müstəntiqlə hadisə yerinə getdiyi zaman çəkilmişdir. Əməliyyatçı onu polis şöbəsində vurmuşdur. O, qorxurmuş və buna görə onlara etiraz edə bilməmişdir. Əməliyyatçı sinəsinə vuraraq kisəni götürməyi ondan tələb etmişdir. O, kisəni götürmüşdür. O, saxlanılanda telefonu evində stolun üstündə olmuşdur. Həmin telefonu polis nəfəri götürmüşdür. ***-***-**-** onun mobil nömrəsidir. Onun evi ilə polis şöbəsinin arasında məsafə təxminən 2-2,5 km olmuşdur. Kəpənəkçi kəndindən polis şöbəsinə qayıtdıqdan sonra vəkil kisə artıq otaqda olandan sonra gəlmişdir. Vəkil çox yaşlı adam olmuş və müdafiə üçün aktiv hərəkətlər etməmişdir. O, hadisədən 1 həftə və ya 10 gün sonra DİN-in “102” xidmətinə zəng etmiş və məhkəmədə ifadəsində bildirdikləri barədə məlumat vermişdir. DİN-in “102” Xidmətinə zəng edib şikayət etdikdən sonra ona heç bir zəng gəlməmiş və heç bir orqana dəvət olunmamışdır. Qulağının birinin eşitmə qabiliyyəti çox zəifdir və buna görə hərbi xidmətə yararsız hesab edilmişdir. Astadan danışılan zaman eşitmir və sol qulağı demək olar ki, eşitmir. Onu Kəpənəkçi kəndinə evinə gələn 2 nəfər əməliyyatçı və digər 2 nəfər polis əməkdaşı aparmışdır. Onu hadisə yerinə aparan zaman narkotik tərkibli bitkini kəsdirmişlər, kisəyə yığdırmışlar, daha sonra polis şöbəsinə qaytarılmışdır. Marketdən boş kisəni polislər almışdır. Kisəyə narkotik tərkibli bitkiləri ona yığdırmışlar. Narkotik tərkibli bitkinin birini leytenant rütbəli polis əməkdaşı, ikisini də o, kəsmişdir. Bundan sonra polis şöbəsinə gətirilmiş və polis şöbəsində kisədə narkotik tərkibli bitkinin çox olmasını görmüşdür. O, kəsən narkotik tərkibli bitkini neynədiklərini bilməmişdir. Onu niyə Kəpənçi kəndinə apardıqlarını, sonra geri qaytardıqlarını və polis şöbəsində içərisində daha çox narkotik tərkibli bitkinin onun olmasını demələrini bilmir. Hesab edir ki, bu ona qarşı oynanılmış oyundur. Hesab edir ki, polislər 5-10 nəfər adamı narkotiklə bağlı tutmuş və pullarını alaraq azad etmişdir. O isə kasıb adamdır və 1 nəfəri də narkotiklə tutmaq lazım olmuşdur. Oyun budur. O, narkotik vasitələri satan şəxslərdən alırmış. Onun sonuncu dəfə narkotik vasitə aldığı şəxs yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Polis şöbəsində əməliyyatçı sinəsinə yumruq zərbəsi endirmişdir. O da bundan sonra daha çox qorxmuşdur. İbtidai istintaq zamanı müdafiəçisinə heç nə bildirməmişdir. O, prokurorluğa şikayət gedən zaman ona gecikdiyini və vaxtında gəlmədiyini bildirmişlər. O, prokurorluqda Rasim müəllimin qəbulunda olmuş, o isə ona gecikdiyini bildirmişdir. O, şok vəziyyətində olduğu üçün gec şikayət etmişdir. O, prokurorluqda başına gələnləri danışmışdır. Latın qrafikalı Əlifba ilə yazmağı bacarmır, lakin oxumağı bir az öyrənmişdir. İbtidai istintaq zamanı latın qrafikalı əlifba ilə oxuya bilməmiş, həmçinin oxumaq üçün eynəyi də olmamışdır. İbtidai istintaq zamanı ifadəsinə oxumadan imza çəkmişdir. İbtidai istintaq zamanı verdiyi ifadədə olan imza ona məxsusdur. İfadəsində göstərilən parkda olmağı və orada söhbət eşitməyi kimi sözləri deməmişdir. O, ümumiyyətlə son vaxtlar parka getmirmiş. Əvvəllər isə parka gedib damino oynayarmış. O, yanında olan şəxsi güclə eşidir, qıraqda olanı isə eşidə bilmir. Qulağı zəif eşitdiyi üçün kənarda narkotiklə bağlı danışıqları eşidə bilməzmiş. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün o və polis baş leytenantı Şahid1 tərəfindən 30 iyun 2024-cü il tarixdə saat 16:00 radələrində olduğu Zaqatala rayonu Kəpənəkçi kəndində saxlanılaraq Zaqatala RPŞ-yə gətirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində daşıması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, bundan sonra Zaqatala rayon polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona üzərində qanunsuz saxladığı narkotik vasitə və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif olunmuş, Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sintetik kisəni təqdim edərək həmin sintetik kisənin içərisində yaş vəziyyətdə çətənə bitkisi olduğunu bildirmiş, həmin sintetik kisə açıldıqda içərisində narkotik vasitə yaş vəziyyətdə olan, yaşıl rəngli, spesisfik qoxulu çətənə bitkisinə bənzər bitki kütləsi olduğu müşahidə edilmiş, həmin kütlə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 5810 qram təşkil etmiş, sintetik kisədə narkotik vasitə yaş vəziyyətdə olan, yaşıl rəngli, spesisfik qoxulu çətənə bitkisinə bənzər bitki kütləsi 1 ədəd ağ rəngli sintetik kisədə qablaşdırılaraq götürülmüş, eyni zamanda sintetik kisənin içərisindəki bir ədəd tutacağı sarı rəngdə olan bitki budamaq üçün istifadə olunan qayçı təhqiqatçı tərəfindən bir ədəd ağ zərfdə qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və digər qanunsuz maddə və ya əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamnaı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 şahid Əhməd Mahmudov ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: 30 iyun 2024-cü il tarixli “raport”-dan görünür ki, Zaqatala rayon sakini Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin istifadəsində və üzərində daşımasında şübhəli olduğu üçün həmin tarixdə saat 16:00 radələrində polis əməkdaşları tərəfindən Zaqatala rayonu Kəpənəkçi kəndində saxlanılaraq Zaqatala rayon Polis şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 03). 30 iyun 2024-cü il tarixli “şübhəli şəxsin tutması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:45-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər.17). 30 iyun 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan, ona əlavə edilmiş foto cədvəl və videogörüntünü əks etdirmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona üzərində qanunsuz saxladığı narkotik vasitə və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sintetik kisəni təqdim edərək həmin sintetik kisənin içərisində yaş vəziyyətdə çətənə bitkisi olduğunu bildirmişdir. Həmin sintetik kisə açıldıqda içərisində narkotik vasitə yaş vəziyyətdə olan, yaşıl rəngli, spesisfik qoxulu çətənə bitkisinə bənzər bitki kütləsi olduğu müşahidə edilmiş və həmin kütlə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 5810 qram təşkil etmişdir. Sintetik kisədə narkotik vasitə yaş vəziyyətdə olan, yaşıl rəngli, spesisfik qoxulu çətənə bitkisinə bənzər bitki kütləsi 1 ədəd ağ rəngli sintetik kisədə qablaşdırılaraq götürülmüşdür. Eyni zamanda sintetik kisənin içərisindəki bir ədəd tutacağı sarı rəngdə olan bitki budamaq üçün istifadə olunan qayçı bir ədəd ağ zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və digər qanunsuz maddə və ya əşya aşkar edilməmişdir (cild 01, iş vər. 18-24). 01 iyul 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsinin 3-16-16-2-17/581 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində“Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sintetik kisəinin içərisində yaş halda olan...” sözləri, adları və imzalar yazılmış 01(bir) ədəd sintetik kisənin içərisindəki, yaş vəziyyətdə təmiz çəkisi 5670,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustrar üsulla hazırlanmış narkotik vasitə qururdulmamış marixuanadır (cild 01, iş vər.30-33). 02 iyul 2024-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 62-63). 03 iyul 2024-cü il tarixli “ifadəsinin yerində yoxlanılması haqqında “ protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, aparılmış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha yerində göstərmişdir (cild 01, iş vər. 76-79). 05 iyul 2024-cü il tarixli Zaqatala rayon İcra Hakimiyyəti Zaqatala rayon Mənzil İstismar idarəsinin arayış və xasiyyətnamələrindən görünür ki, Məmmədov X4 şəhəri Sülh küçəsi ev 9 mənzil 15-də yaşamaqla özü, yoldaşı və iki qızı onun ailə üzvlərini təşkil edir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vər. 81-82). 05 iyul 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 1160 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər.89). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məkumluğu olmamışdır (cild 01, iş vər. 91). 06 iyul 2024-cü il tarixdə cinayət işi üzrə alınmış əməliyyat tapşırığına cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni sonuncu tərəfindən haradan əldə etməsini, başqa yerlərdə narkotik vasitələri saxlayıbsaxlamaması əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Habelə Təqsirləndirilən şəxs digər törədilmiş cinayətlərdə iştirakının olub-olmaması əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır (cild 01, iş vər. 93). 06 iyul 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.2 və 237.1-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddələr ilə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır (cild 01, iş vər. 94-102). 24 sentyabr 2024-cü il tarixli, 20367 nömrəli məktubundan görünür ki, ********* mobil telefon nömrəsində xx.xx.2024-cü il tarixində zəng və SMS qeydə alınmamışdır. 29 noyabr 2024-cü il tarixli, 3/2-28498/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son üç ay ərzində “102” Xidmətinə müraciəti daxil olmamışdır. Arxiv bazasında baş vermiş avtomatlaşdırılmış texniki yenilənmə səbəbindən cari ilin yanvaravqust ayları ərzində qeydə alınmış müraciətlərin təqdim edilməsi mümükün deyildir. 09 yanvar 2025-ci il tarixli, 217 nömrəli məktubundan görünür ki, ********* mobil telefon nömrəsinin xx.xx.2024-cü il tarixlidə Azercell şəbəkəsində istifadəsi qeydə alınmadığından əhatə dairəsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahılarının 1-ci Siyahısının 109.2-ci bəndinə əsasən - təmiz halda 2500 (iki min beş yüz) qramdan 250000 (iki yüz əlli min) qramadək çəkidə olan narkotik vasitə qurudulmayan marixuana külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmayan marixuananı əldə edib üzərində saxlamış və daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmayan marixuananı əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdə Zaqatala rayonu Kəpənəkçi kəndindəki meşəlik ərazisində yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarını kolları ilə birlikdə yığmaqla qanunsuz olaraq külli miqdarda 5670,0 qram olan narkotik vasitə olan qurudulmayan marixuananı əldə edərək üzərində saxlamış, eyni tarixdə, saat 16:00 radələrində həmin narkotik vasitəni Zaqatala rayonu Kəpənəkçi kəndində qanunsuz daşıyarkən Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Orada onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərində daşıdığı 1 (bir) ədəd ağ rəngli sintetik kisədə təmiz çəkisi 5670,0 qram təşkil edən, yəni külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi narkotik vasitə-qurudulmayan marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmadığını, polis əməkdaşları onun evinə gələrək onu polis şöbəsinə gətirdiklərini, bundan sonra polis əməkdaşlarının onu Kəpənəkçi kəndinə aparmalarını, polislərin kisəni Kəpənəkçi kəndinə gedən zaman aldığını, Kəpənəkçi kəndində olanda 01 ədəd narkotik tərkibli bitkini polis əməkdaşlarının kəsməsini, onun isə 02 ədəd narkotik tərkibli bitkini kəsməsini, kisəyə narkotik tərkibli bitkiləri ona yığdırdıqlarını, bundan sonra polis şöbəsinə gətirildiyini, polis şöbəsində kisədə narkotik tərkibli bitkinin çox olmasını gördüyünü, həmin hadisədən 1 həftə və ya 10 gün sonra DİN-in “102” xidmətinə zəng etdiyini, məhkəmədə ifadəsində bildirdikləri barədə məlumat verdiyini, polis əməkdaşlarının onların dediyi kimi ifadə verməklərini bildirməsini, əgər onlar dediyi kimi ifadə versə onu buraxacaqlarını və onun polis əməkdaşlarına inanaraq onların dediyi ilə razılaşdığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu hissədə verdiyi ifadəsi ilə razılaşmayaraq, belə hesab edir ki, o, belə məzmunda ifadə verməklə həqiqəti gizlətmiş, bununla da cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonraki dövrdə tutularkən üzərində narkotik vasitənin olmadığını mübahisələndirməmiş, habelə polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi barədə heç bir dövlət orqanına və ya tibb müəssisəsinə müraciət etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdə tutulduğu gündən məhkəmədə ifadə verənədək ifadəsində göstərdiyi dəlillərlə bağlı heç bir dövlət orqanına müraciət etməmiş, irəli sürülmüş ittihamı bu və ya digər hissədə mübahisələndirməmiş, əksinə ibtidai araşdırma zamanı dəfələrlə etirafedici ifadə verərək satış məqsədi olmadan 5670,0 qram çəkidə narkotik vasitə qurudulmayan marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığını bildirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadədən fərqli məzmunda ifadə verməklə məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün başqa hal/hallar müəyyən edilməmişdir. 29 noyabr 2024-cü il tarixli, 3/2-28498/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son üç ay ərzində “102” Xidmətinə müraciəti daxil olmamışdır. Arxiv bazasında baş vermiş avtomatlaşdırılmış texniki yenilənmə səbəbindən cari ilin yanvaravqust ayları ərzində qeydə alınmış müraciətlərin təqdim edilməsi mümükün deyildir. 24 sentyabr 2024-cü il tarixli, 20367 nömrəli məktubdan görünür ki, ********* mobil telefon nömrəsində xx.xx.2024-cü il tarixində zəng və SMS qeydə alınmamışdır. 09 yanvar 2025-ci il tarixli, 217 nömrəli məktubdan görünür ki, ********* mobil telefon nömrəsinin xx.xx.2024-cü il tarixlidə Azercell şəbəkəsində istifadəsi qeydə alınmadığından əhatə dairəsini müəyyən etmək mümkün olmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və qadağan edilmiş sair vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək sübutlar əldə edilib cinayət işinə əlavə edilməmişdir. Əksinə əməliyyat tapşırığı ilə bağlı 06 iyul 2024-cü il tarixli raportdan görünür ki, onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi olmadan külli miqdarda narkotik vasitə qurudulmayan marixuananı qanunsuz şəkildə 30 iyun 2024-cü il tarixdə Zaqatala rayonu Kəpənəkçi kəndindəki meşəlik ərazisində yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarını kolları ilə birlikdə yığmaqla əldə edib üzərində saxlamaqla daşımış və üzərində şəxsi axtarış keçirilərkən üzərində daşıdığı ağ rəngli sintetik kisədə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi, təmiz çəkisi 5670,0 qram narkotik vasitə - qurudulmayan marixuana aşkar edilmişdir. Bundan başqa, o, uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən məhkəmə hesab edir ki, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə qurudulmayan marixuana məhz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Sözügedən Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə təqsirləndirilən şəxsin 02 gün müddətinə tutulduğu vaxt cəzasına hesablanmaqla çıxılmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmənin başlanğıcı həbsə alındığı tarixdən, yəni 23 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Zaqatala rayon Polis şöbəsinin saxlanc yerində 01 ədəd sintetik kisədə saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5669,9 qram narkotik vasitə qurudulmamış marixuana və bir ədəd tutacağı sarı rəngdə olan bitki budamaq üçün istifadə olunan qayçı məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Repsublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 23 aprel 2025-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs saxlanması üçün Azərbycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd sintetik kisədə qalıq qalmış 5669,9 qram narkotik vasitə qurudulmamış marixuana və bir ədəd tutacağı sarı rəngdə olan bitki budamaq üçün istifadə olunan qayçı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Əfəndizadə Hakimlər Günay Aşurova Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar