Məhkəmə qərarları › İş №1(091)-56/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-56/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-56/2021 26.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxx 1979-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 23 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı CM) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X3 Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən 16 saylı tam orta məktəbin qarşısında Zərərçəkmiş şəxs ilə təsadüfən qarşılaşarkən Zərərçəkmiş şəxs borclu olduğu 100 manat məbləğində pulu qaytarmasını tələb etmiş, Zərərçəkmiş şəxs isə borc olaraq aldığı pulu qaytarmaması ilə bağlı aralarında yaranmış sözlü mübahisə qarşılıqlı dava-dalaşla nəticələnmiş, bu zaman Zərərçəkmiş şəxs onu yumruq zərbəsi ilə vurmasından əsəbiləşərək qisas almaq məqsədi ilə üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən təsərrüfat məişət təyinatlı turist bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsindən zərbə vuraraq ona ağciyərin zədələnməsilə döş qəfəsinin sağ yarısının döş boşluğuna dəlib keçən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirdikdən sonra Zərərçəkmiş şəxs yarada qalan bıçağı çıxardaraq həmin bıçaqla onun bel nahiyəsindən bir zərbə vurub xəsarət yetirdikdən sonra Zərərçəkmiş şəxs əlindən yerə düşmüş həmin bıçağı götürüb təkrarən sonuncunun sağ bud nahiyəsindən bir zərbə də vurub Zərərçəkmiş şəxs sağ budun kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 126.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən (CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilib) təqsirli bilib məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Onun əvvəllər İsmətlə heç bir mübahisəsi olmayıb. Hadisədən təxminən 2-3 gün əvvəl İsmət ondan 100 manat pul almış və bir gün sonra pulu qaytaracağını demişdir. Lakin İsmət sözünə əməl etməmiş və ondan aldığı pulu geri qaytarmamışdır. O, İsmətdən bir neçə dəfə pulunu qaytarmasını istəmişdir. Lakin İsmət müxtəlif bəhanələr gətirirərək ona pulu qaytarmamışdır. xx.xx.2020-ci il tarixdə saat 23 radələrində o, İsmətlə Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən 16 saylı tam orta məktəbin qarşısında rastlaşmışdır. Həmin vaxt İsmətin yanında əvvəldən tanıdığı Samir adlı şəxs də olmuşdur. O, İsmətdən ondan aldığı 100 manat pulu qaytarmasını istəmişdir. Həmin vaxt Samir ondan aralaşıb yolun digər tərəfinə keçmişdir. O, İsmətdən ona olan borcunu qaytarmasını istəmişdir. Lakin İsmət ondan aldığı pulu qaytarmayacağını demiş və onunla mübahisə etməyə başlamışdır. O, İsmətdən təkidlə pulu qaytarmasını istədikdə isə İsmət ona bir neçə yumruq zərbəsi vurmuş və ona pulu qaytarmayacağını demişdir. O, bundan sonra əsəbiləşərək qisas almaq məqsədi ilə İsməti bıçaqla vurmaq qərarına gəlmiş və həmin vaxt üzərində olan bıçağı çıxarıb İsmətin qarın nahiyəsindən bıçaqla vurmuşdur. O, İsmətin qarın nahiyəsindən vuranda bıçağı yaradan çıxartmamışdır. Bundan sonra İsmət bıçağı yaradan çıxardaraq onun bel nahiyəsindən bıçaqla vurmuşdur. Bıçaq bundan sonra yerə düşmüşdür. O, daha sonra həmin bıçağı yerdən götürüb yenidən İsmətin bud nahiyəsindən bıçaqla vurmuşdur. Bu vaxt Samir onların yanlarına gəlmiş və onun sol göz nahiyəsindən yumruqla vurmuş və ona xəsarət yetirmişdir. O, bundan sonra oradan qaçaraq uzaqlaşmışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 13 radələrində o, tanışı Samirlə Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən əşya bazarının yaxınlığında görüşmüşdür. Onlar əvvəlcə Samirin yaşadığı mənzilə gedərək orada yemək yemiş və içki içmişlər. Daha sonra onlar mənzildən çıxıb şəhərdə gəzməyə başlamışlar. O, dəqiq saatı bilməsə də, evdən çıxarkən artıq hava qaralmışdır. Onlar Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən 16 saylı tam orta məktəb tərəfə getməyə başlamışlar. Onlar 16 saylı məktəbin qarşısında əvvəldən tanıdığı Təqsirləndirilən şəxslə rastlaşmışlar. Onun Xəqaniyə 100 manat borcu olmuşdur. Xəqani ondan borcunu qaytarmasını istəmişdir. O, Xəqaniyə pulu qaytaracağını desə də, Xəqani ona qarşı nalayiq söyüşlər söyərək borcunu qaytarmasını demişdir. Bundan sonra onların arasında mübahisə yaranmışdır. O, bundan sonra Xəqanini döyməyə başlamışdır. Mübahisə zamanı Xəqani cibində olan bıçağı çıxarıb onun sağ tərəfindən bıçaqla vurmuşdur. Bıçaq yaranın üzərində qalmışdır. O, Xəqaninin onu bıçaqla vurduğunu bilib yaradan bıçağı çıxartmış və həmin bıçaqla Xəqaninin bel nahiyəsindən zərbə vurmuşdur. Lakin halsızlaşdığı üçün bıçaq əlindən düşmüşdür. Bundan sonra Xəqani yerdən bıçağı götürərək onun sağ budundan bıçaqla vurmuşdur. Bundan sonra Samir Xəqanini aralaşdırmışdır. Xəqani bundan sonra oradan uzaqlaşıb qaçmışdır. Daha sonra Samir, İntiqam və tanımadığı bir nəfər şəxs onu həmin vaxt yolun kənarında dayanmış ağ rəngli “VAZ 2106” markalı avtomobilə mindirmiş və onu xəstəxanaya aparmışlar. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçi deyildir, ona qarşı heç bir tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 23 radələrində yaşadığı binanın arxa tərəfində dayanıb siqaret çəkmişdir. Həmin vaxt A.Məmmədov küçəsində yerləşən 16 saylı tam orta məktəbin qarşısında səs-küy olduğunu, kiminsə mübahisə etdiyini görmüşdür. Həmin şəxslər mübahisə edə-edə A.Məmmədov küçəsi 3 saylı binanın arxa tərəfinə keçmişlər. O, aralaşdırmaq məqsədilə həmin şəxslərə yaxınlaşmışdır. O, orada bir nəfər tanımadığı şəxsin qolundan tutaraq həmin şəxsi oradan uzaqlaşdırmağa başlamışdır. Lakin həmin şəxsin kiminlə mübahisə etdiyini bilməmişdir. O, həmin şəxsi kənara çəkəndə onun halının pisləşdiyini, yaralı olduğunu görmüşdür. Həmin şəxs ona bıçaqla xəsarət yetirildiyini, kömək etməsini demişdir. O, bundan sonra tanımadığı bir nəfər şəxslə yaralı olan şəxsi həmin vaxt yolun kənarında dayanmış ağ rəngli “VAZ 2106” markalı avtomobilə mindirərək xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxslə Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən əşya bazarının yaxınlığında görüşmüşdür. Onlar əvvəlcə yaşadığı mənzilə gedərək orada yemək yemiş və içki içmişlər. Daha sonra onlar mənzildən çıxıb şəhərdə gəzməyə başlamışlar. Onlar Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən 16 saylı tam orta məktəb tərəfə getməyə başlamışlar. Onlar 16 saylı məktəbin qarşısında əvvəldən tanıdığı Xəqani adlı şəxslə rastlaşmışlar. İsmətin Xəqaniyə 100 manat borcu olmuşdur. Xəqani İsmətdən borcunu qaytarmasını istəmişdir. Onlar söhbət edərkən o, yolun digər tərəfinə keçərək orada tanıdığı, lakin adlarını bilmədiyi şəxslərlə söhbət etməyə başlamışdır. Bir neçə dəqiqə sonra o, İsmətin Xəqani ilə əlbəyaxa dalaşdığını, İsmətin Xəqanini yumruqla vurduğunu görmüşdür. O, bundan sonra yolun digər tərəfinə keçmişdir. O, İsmətlə Xəqaniyə yaxınlaşanda Xəqaninin cibindən bıçaq çıxardaraq həmin bıçaqla İsməti iki dəfə vurduğunu görmüşdür. O, dərhal Xəqanini aralaşdırmış və Xəqaniyə bir neçə yumruq zərbəsi vurmuşdur. Xəqani bundan sonra oradan uzaqlaşıb qaçmışdır. O, daha sonra İsmətin yaralı olduğunu və İsmətdən qan axdığını görmüşdür. Bundan sonra tanımadığı bir nəfər şəxslə İsməti həmin vaxt yolun kənarında dayanmış ağ rəngli “VAZ 2106” markalı avtomobilə mindirərək xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid3 göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3 saylı binanın arxa tərəfində yerləşən “İdeal” mağazasının qarşısında olarkən binanın digər tərəfində səs-küy olduğunu və xeyli sayda insanlar toplaşdığını görmüşdür. O, oraya yaxınlaşanda əvvəldən tanıdığı İsmətin ortada gəzişdiyini görmüşdür. O, İsmətə yaxınlaşıb nə baş verdiyini soruşduqda İsmət ona bıçaqla vurulduğunu demişdir. O, orada olan şəxslərə İsməti xəstəxanaya aparmalarını, İsmətə təcili yardım göstərilməli olduğunu demişdir. Bundan sonra orada olan Samir və Elşən İsməti həmin vaxt yolun kənarında dayanmış ağ rəngli “VAZ 2106” markalı avtomobilə mindirmişlər. Onlar yola düşəndə o da yaxınlaşaraq avtomobilə əyləşmişdir. Onlar İsməti xəstəxanaya aparmışlar. Yolda o, İsmətin budundan və qarın boşluğundan xəsarət aldığını görmüşdür. Lakin İsmətdən kimin onu bıçaqla vurduğunu soruşmamışdır. Cinayət işinin materiallarında olan “Raport”dan görünür ki, Mingəçevir Şəhər Polis Şöbəsinə xx.xx.2020-ci il tarixdə saat 23:45-də Mingəçevir Şəhər Xəstəxanasından məlumat daxil olmuşdur ki, həmin tarixdə xəstəxanaya sağ döş qəfəsinin və sağ budun kəsilmiş yarası xəsarətləri ilə xx.xx.1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs daxil olmuşdur. (cild 01, iş vər. 03) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən 16 saylı tam orta məktəbin qarşısında baş vermişdir. Hadisə yerinə aid müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 09-14) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qısaqol köynək və bir ədəd şalvar iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq protokol tərtib olunmaqla götürülmüşdür. Müvafiq fotoşəkillər çəkilməklə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 5-7) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 131-134) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd tiyə hissəsinin uzunluğu 8 sm, dəstək hissəsinin uzunluğu isə 9 sm olan açılıb-bağlanan ümumi uzunluğu 17 sm olan bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq protokol tərtib olunmaqla götürülmüşdür. Müvafiq fotoşəkillər çəkilməklə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 46-47) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan bir ədəd qısaqol köynək və bir ədəd şalvar iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq protokol tərtib olunmaqla götürülmüşdür. Müvafiq fotoşəkillər çəkilməklə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 49-51) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 487 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş xəsarətlər: ağciyərin zədələnməsilə döş qəfəsinin sağ yarısının döş boşluğuna dəlib keçən yarası və sağ budun kəsilmiş deşilmiş yarası deşici-kəsici alətin təsirindən əmələ gəlmişlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə döş boşluğuna dəlib keçən yara xəsarət yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərərvurmaya aiddir. Sağ budun kəsilmiş-deşilmiş yarası sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərərvurmaya aiddir. (cild 01 iş vər. 66) Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 518 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. (cild 01, iş vər. 135-136) Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 17/545 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçaqlarına uyğun gəlir, soyuq silah hesab edilmir. (cild 01, iş vər. 137-139) Cinayət işinin materiallarında olan məhkəmə trasoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 3/1328 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bağlamasının üzərində “...Zərərçəkmiş şəxs məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş “a” zədəsi vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin hansı bıçaq tiyəsinin təsiri nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş bağlamasının üzərində “...Təqsirləndirilən şəxs məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş “b”, “c”, “ç” zədələri vardır. Həmin zədələrdən “ç” zədəsi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin hansı bıçaq tiyəsinin təsiri nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Köynəyin səthində olan “b”, “c” zədələri fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. Həmin bağlamada təqdim edilmiş bir ədəd şalvarın səthində zədə yoxdur. (cild 01, iş vər. 155-158) Cinayət işinin materiallarında olan materialların məhəkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli 6/2242 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçağın üzərində aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə təqdim edilmiş paltarlardan Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan köynəyin tərkib liflərinə uyğun gəlir. (cild 01, iş vər. 150-154) Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşmır və Təqsirləndirilən şəxs qarşı CM-nin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olmadığı nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı iş üzrə ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-nin 126.2.4-cü madəsi ilə ittiham irəli sürərkən belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən 16 saylı tam orta məktəbin qarşısında Zərərçəkmiş şəxs ilə təsadüfən qarşılaşdığı zaman sonuncu ilə aralarında hər hansı bir düşmənçilik və ədavət olmadığı halda yalnız Zərərçəkmiş şəxs ondan bir neçə gün əvvəl borc olaraq aldığı 100 manat məbləğdə pulu qaytarmadığını bəhanə gətirərək Zərərçəkmiş şəxs təcili olaraq ona olan borcunu qaytarmasını tələb etmiş, Zərərçəkmiş şəxs borcu qaytaracağını deməsinə baxmayaraq, əsaslı səbəb olmadan sonuncunun ünvanına uca səslə nalayiq ifadələr işlədərək özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib Zərərçəkmiş şəxs qarşılıqlı dalaşmaya təhrik etmiş və bu zaman Zərərçəkmiş şəxs yumruq zərbəsinə məruz qaldıqdan sonra üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən xuliqanlıq niyyəti ilə vuraraq Zərərçəkmiş şəxs sağlamlığına ağır dərəcəli zərərvurmaya aid xəsarət yetirmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə hərəkət edərək özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib zərərçəkmiş şəxsə ağır dərəcəli bədən xəsarəti yetirməsi qənaətinə gəlsə də, qeyd olunanların özünü nədə biruzə verdiyini, hansı hərəkətlərin cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər olduğunu, hansı hərəkətlərin cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq olduğunu konkretləşdirərək ittiham aktında əks etdirməmiş, yəni gəldiyi nəticəni əsaslandırmamışdır. Halbuki xuliqanlıq niyyəti insan ləyaqətinə hörmətsizliklə, ictimai maraqlara, davranış qaydalarına və qanunlara qarşı laqeydliklə bağlı olan eqoizmdən əmələ gəlir. Xuliqanlıq motivi həm də özünü onda göstərir ki, bu zaman subyektə cinayətkar əməlin özü zövq verir və o, bu əməli törətməklə özünü göstərmək istəyir. Xuliqanlıq motivi ilə törədilən cinayətlərdə bəzən qisasın elementinə də rast gəlinir. Lakin burda qisas hər şeyi həll edən motiv kimi deyil, məhz ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq şəkildə etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla ən xırda bir məsələni şişirdərək xüsusilə ağır formada qisas almaqla xuliqanlıq niyyətinin yaranmasına səbəb olan bəhanə kimi çıxış edir. Yəni bu zaman şəxs qisas motivindən məhz bəhanə kimi istifadə etmiş olur. Hazırkı cinayət işi üzrə keçirilmiş məhkəmə istintaqının yekununda mövcud sübutlara məcmu halında obyektiv şəkildə qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə deyil, məhz aralarında yaranmış qarşılıqlı mübahisə nəticəsində döyüldüyü üçün qisas almaq məqsədi ilə zərərçəkmiş şəxsə ağır bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onu döyməsindən bəhanə kimi istifadə etməmiş, əskinə yaranmış situasiyada başqa çıxış yolu tapmayaraq, haqlı olduğu halda (yəni borc verdiyi pulu geri istədiyi üçün) haqsız duruma düşdüyündən (zərərçəkmiş şəxs tərəfindən döyüldüyündən) onda qeyd edilən cinayəti törətmək üçün motiv formalaşmış və nəticədə qisas almaq üçün üzərində olan bıçaqla vuraraq Zərərçəkmiş şəxs sağlamlığına ağır dərəcəli xəsarət yetirmişdir. Beləliklə, qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilir və ona görə də, onun əməli CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə ədalətli cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin təqsirli bilindiyi müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Hacıyev X1 şəhəri Ş.İ.Xətai küçəsi ev 16 mənzil 23 ünvanında yaşayır. Onun barəsində yaşadığı yer üzrə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 88-89) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, əməliyyatstatistik kartotekada Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. (cild 01, iş vər. 92) Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən isə əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 35, 86-87) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəzaçəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsinin saxlancına təhvil verilmiş bir ədəd köynək və bir ədəd şalvar tələb edilmədiyindən, bir ədəd bıçağın isə qiyməti müəyyən olunmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 224,06 AZN (iki yüz iyirmi dörd manat, altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsinin saxlancına təhvil verilmiş bir ədəd köynək və bir ədəd şalvar tələb edilmədiyindən, bir ədəd bıçağın isə qiyməti müəyyən olunmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 224,06 AZN (iki yüz iyirmi dörd manat, altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X3 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar