Məhkəmə qərarları › İş №1(091)-56/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-56/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-56/2025 09.01.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1986-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək ünvan 2aşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan bükümdə külli miqdarda çəkisi 3,174 qram narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 11 may 2024-cü il tarixdə saat 09:30 radələrində Yevlax şəhəri, Nəbati küçəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilib həmin tarixdə saat 10:10-dan 10:35-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Yevlax Rayon Polis Şöbəsində üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda 3,174 qram narkotik vasitə heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə heroindən istifadə etmiş, lakin 3 aydır narkomaniyadan müalicə olunmuşdur. 11 may 2024-cü il tarixdə saat 04 radələrində yaşadığı evdə olan zaman uşaqlıq vaxtlarından tanıdığı polis əməkdaşı Şahid1 bilmədiyi şəxsi axtarmasının, lakin həmin şəxsi tapmamasının şahidi olmuş və qeyd olunanlar arvadı tərəfindən mobil telefon vasitəsilə qeydə alınmışdır. Daha sonra polis əməkdaşı Şahid1 digər polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə daxil olmuş və onunla işinin olduğunu demişdir. Daha sonra isə polis əməkdaşı Şahid1 onun arvadını kənara itələyib şkafı açıb oraya narkotik vasitəni qoyaraq həmin narkotik vasitənin ona məxsus olması barədə ifadə verməsini, əks halda isə ailə üzvlərini də polis şöbəsinə aparacağını deyib onu hədələmişdir. Daha sonra isə onu polis şöbəsinə aparmış və onun 11 may 2024-cü il tarixdə saat 04 radələrində polis əməkdaşları tərəfindən aparılması ilə bağlı arvadı tərəfindən mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Oraya aparılan zaman onun üzərində narkotik vasitə olmamış, orada olan zaman polis əməkdaşı Şahid1 tanımadığı şəxsdən narkotik vasitə alması barədə ifadə verməsini ona təklif etmiş, o da razı olmadıqda Şahid1 ailə üzvlərini polis şöbəsinə gətirəcəyini dediyi və onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün narkotik vasitənin ona məxsus olması barədə ifadə vermək məcburiyyətində qalmışdır. Polis əməkdaşları onun ağız nahiyəsinə zərbə vurmuşlar və bu zaman dişi yerə düşmüşdür. Habelə polis əməkdaşları onun kürək nahiyəsinə və boyun nahiyəsinin arxa tərəfinə zərbələr vurmuşlar, lakin bu zaman hər hansı xəsarət yaranmamışdır. Polis əməkdaşı Şahid1 onu hədələdiyi üçün döyülməsi və hədələnməsi ilə bağlı müdafiəçiyə deməmiş, bununla bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etməmiş, lakin barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman narkotik vasitələrin ona məxsus olmaması barədə ifadə vermişdir. Gəncə Şəhər Mərkəzi Xəstəxanasında ondan qan analizi götürülmüş, lakin bədəninə baxış keçirilməmişdir və bu zaman o, onu müayinə edən həkimə dişinin vurulub qırılması barədə məlumat vermişdir. Narkotik vasitəni qol nahiyəsinə inyeksiya etmiş, lakin aşağı ətraflarında inyensiya izləri olmamışdır. Sonradan əməliyyat müvəkkili Şahid1 arvadını narahat etdiyi üçün onun polis əməkdaşları tərəfindən saxlanılması zamanı arvadı tərəfindən mobil telefon vasitəsilə aparılmış videoçəkiliş arvadı tərəfindən silinmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə heroindən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 10 gün əvvəl Bakı şəhərində olan zaman tanımadığı İran İslam Respublikasının vətəndaşından 250 manat pulun müqabilində 5 qram narkotik vasitə heroin almış, həmin narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlamış və Yevlax şəhərinə yaşadığı evə gətirərək az-az istifadə etməyə başlamışdır. 11 may 2024-cü il tarixdə Yevlax şəhəri, Nəbati küçəsində olan zaman Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşmışlar və üzərində narkotik vasitə olmasında şübhəli olduğunu bildirərək onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Yevlax Rayon Polis Şöbəsinə getmişdir. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan cins şalvarın sağ yan cibində olan siqaret qutusunun içərisindən narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan büküm, bir ədəd şpris və iki ədəd ampula aşkar olunmuşdur. Daha sonra həmin narkotik vasitə heroin elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 3,60 qram olması müəyyən olunmuş, bundan sonra isə qeyd olunan narkotik vasitə heroin, bir ədəd şpris və iki ədəd ampula müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması barədə 11 may 2024-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olmuş, məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə Yevlax şəhəri, Nəbati küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, hüquq və vəzifələri izah olunub müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibində olan siqaret qutusunun içərisindən narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd şəffaf sellofan büküm, bir ədəd şpris və iki ədəd ampula aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu, qeyd olunan narkotik vasitəni 10 gün əvvəl Bakı şəhərində tanımadığı İran İslam Respublikasının vətəndaşından 250 manat pulun müqabilində aldığını, özünün şəxsi istifadəsi üçün saxladığını və satış məqsədinin olmadığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 3,60 qram olması müəyyən olunmuş, bundan sonra isə qeyd olunan narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd şpris və iki ədəd ampula müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 may 2024-cü il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 11 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 may 2024-cü il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması şübhəsi ilə həmin tarixdə saat 09:30-da Yevlax şəhəri, Nəbati küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 11 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan cins şalvarın sağ yan cibində olan siqaret qutusunun içərisindən narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd şəffaf sellofan büküm, bir ədəd şpris və iki ədəd ampula aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış aparılmasının və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 11 may 2024-cü il tarixli 3-16-16-2-17/439 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofana bükülmüş kağız bükümdə təmiz çəkisi 3,174 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şpris və 2 ədəd ampul.” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd 1 ml-lik şprisdə və 02 (iki) ədəd baş hissəsi kəsilmiş ampulalarda cüzi miqdarda heroin hissəcikləri vardır. Heroin hissəcikləri cüzi miqdarda olduğundan (normal çəki təşkil etmədiyindən) təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlə müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 07 iyun 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olması, narkotik vasitə heroini özünün şəxsi istifadəsi üçün əldə edib üzərində saxlaması, hər hansı şəxsə narkotik vasitə satmaması, üzərindən aşkar edilmiş narkotik vasitə heroini satmaq məqsədinin olmaması, yaşadığı ünvanda və ya başqa yerdə qanunsuz olaraq narkotik vasitə saxlamaması müəyyən edilmiş, lakin onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini haradan və kimdən almasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 11 may 2024-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 11 may 2024-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək narkotik vasitə heroini qanunsuz əldə etdiyini və saxladığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində əvvəllər narkotik vasitə heroindən istifadə etdiyini, lakin 3 aydır narkomaniyadan müalicə olunduğunu, 11 may 2024-cü il tarixdə saat 04 radələrində yaşadığı evdə olan zaman uşaqlıq vaxtlarından tanıdığı polis əməkdaşı Şahid1 bilmədiyi şəxsi axtarmasının, lakin həmin şəxsi tapmamasının şahidi olduğunu, qeyd olunanların arvadı tərəfindən mobil telefon vasitəsilə qeydə alındığını, daha sonra polis əməkdaşı Şahid1 digər polis əməkdaşları ilə onun yaşadığı evə daxil olduğunu, onunla işinin olduğunu dediyini, daha sonra isə polis əməkdaşı Şahid1 onun arvadını kənara itələyib şkafı açıb oraya narkotik vasitəni qoyaraq həmin narkotik vasitənin ona məxsus olması barədə ifadə verməsini, əks halda isə ailə üzvlərini də polis şöbəsinə aparacağını deyib onu hədələdiyini, daha sonra isə onu polis şöbəsinə apardığını, onun 11 may 2024-cü il tarixdə saat 04 radələrində polis əməkdaşları tərəfindən aparılması ilə bağlı arvadı tərəfindən mobil telefon vasitəsilə videoçəkilişin aparıldığını, oraya aparılan zaman onun üzərində narkotik vasitənin olmadığını, orada olan zaman polis əməkdaşı Şahid1 tanımadığı şəxsdən narkotik vasitəni alması barədə ifadə verməsini ona təklif etdiyini, razı olmadıqda Şahid1 ailə üzvlərini polis şöbəsinə gətirəcəyini dediyi və onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün narkotik vasitənin ona məxsus olması barədə ifadə vermək məcburiyyətində qaldığını, polis əməkdaşlarının onun ağız nahiyəsinə zərbə vurduqlarını, bu zaman dişinin yerə düşdüyünü, habelə polis əməkdaşlarının onun kürək nahiyəsinə və boyun nahiyəsinin arxa tərəfinə zərbələr vurduqlarını, lakin hər hansı xəsarətin yaranmadığını, Şahid1 onu hədələdiyi üçün döyülməsi və hədələnməsi ilə bağlı müdafiəçiyə demədiyini, bununla bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etmədiyini, lakin barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman narkotik vasitənin ona məxsus olmaması barədə ifadə verdiyini, Gəncə Şəhər Mərkəzi Xəstəxanasında ondan qan analizinin götürüldüyünü, lakin bədəninə baxış keçirilmədiyini, bu zaman onu müayinə edən həkimə dişinin vurulub qırılması barədə məlumat verdiyini, narkotik vasitəni qol nahiyəsinə inyeksiya etdiyini, lakin aşağı ətraflarında inyensiya izlərinin olmadığını, sonradan əməliyyat müvəkkili Şahid1 arvadını narahat etdiyi üçün onun polis əməkdaşları tərəfindən saxlanılması zamanı arvadı tərəfindən mobil telefon vasitəsilə aparılmış videoçəkilişin arvadı tərəfindən silindiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış aparılan və maddi sübut götürülən zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Həmçinin ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Eləcə də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs qeyd etdiklərini təkzib etmişlər. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş “Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində həbs olunmamışdan əvvəl aldığı “hər iki yuxarı və aşağı ətraflarda inyeksiya sonrası trofiki yaralar” xəsarətləri aşkar edilmiş, lakin polis əməkdaşları tərəfindən döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs bədən səthində polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta uyğun və polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar olunmamış, müayinə olunan zaman bədən səthində aşkar olunmuş xəsarətlər isə tutulmamışdan əvvəl aldığı xəsarətlər olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “hər iki yuxarı və aşağı ətraflarda inyeksiya sonrası trofiki yaralar” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 12 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman sonuncu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ailə vəziyyətinin və himayəsində 8 (səkkiz) azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını xahiş etmişdir. Bunlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2024-cü il tarixli 1211 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə olunarkən həkimə 5 ildir narkotik vasitə heroini vena daxilinə yeritmə yolu ilə istifadə etdiyini və aşkar edilən narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxsdən aldığını etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman qeyd etdiklərinin, məhkəmə-narkoloji ekspertizasından keçən zaman bildirdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş və saxlamışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda, yəni 3,174 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitə heroinin aşkar olunması, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün narkotik vasitə heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyindən) əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 3,174 qram çəkidə narkotik vasitə heroin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamışdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2aşamışdır, 13 mart 2017-ci ildə doğulmuş Dəniz Nadirova, 10 may 2018-ci ildə doğulmuş Brilyant Nadirova, 15 iyul 2019-cu ildə doğulmuş İmarət Nadirova, 20 dekabr 2020-ci ildə doğulmuş Dilarə Nadirova və 20 dekabr 2020-ci ildə doğulmuş Gülarə Nadirova onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 11 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və azadlığının faktiki olaraq məhdudlaşdırıldığı qeyd olunan tarixdə saat 09:30-dan şübhəli şəxs qismində tutulmuş hesab olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 12 may 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 11 may 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 11 may 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2024-cü il tarixli 1211 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 01 iyul 2024-cü il tarixli PHŞ-3918/24 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixo-nevroloji kabinetində dispanser müşahidəsində yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, 3,124 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən 01 ədəd disk həmin tarixdə maddi sübut qismində tanınmışdır, 3,124 qram narkotik vasitə heroin saxlanılması üçün Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən 01 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid olan İ Siyahısının 49-cu bəndinə əsasən, heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan 3,124 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 11 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan 3,124 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar