Məhkəmə qərarları › İş №1(091)-58/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-58/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-58/2023 06.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx.xx.1996-cı ildə Füzuli rayonu Kərimbəyli kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Füzuli rayonu Kərimbəyli kəndində qeydiyyatda olmaqla Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Məcburi Köçkünlər şəhərciyi ev 15, mənzil 35-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə tanışı Şahid1 aldadıb guya Göyçay rayonunda yaşayan tanışının evinə qonaq gəlib ona veriləsi idman üçün məşq paltarları və bədən gücləndirici protein dərmanını aparmaq üçün gəldiyini demiş, tanışı Şahid1 sürücülük vəsiqəsi olduğundan xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-dən sonuncunun adına icarəyə götürdüyü “Hundai-Santafe” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən tanışı Şahid1 ilə 29 avqust 2022-ci il tarixdə gecə saat 01 radələrində Göyçay rayonuna gəlmiş, istintaqla dəqiq müəyyən edilməyən tarixdə və telefon vasitəsi ilə əvvəlcədən əlaqə saxladığı istintaqla dəqiq şəxsiyyəti müəyyən edilməyən şəxs tərəfindən Göyçay rayonu Bığır kəndi ərazisində, yol kənarındakı “Bərkdərə” adlanan açıq sahədə olan ağacın dibinə sonuncunun heç bir xəbəri olmadan qoyulmuş sellofan torbada külli miqdar hesab edilən çəkilərdə, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 470 qram kustar üsulla hazırlanmış külli miqdar narkotik vasitə heroini, 01 ədəd şəffaf sellofan bükümdə olan təmiz çəkisi 500 qram xaş-xaş bitkisindən kustar üsulla hazrılanmış külli miqdar narkotik vasitə tiryəki, 01 ədəd şəffaf sellofan bükümdə olan təmiz çəkisi 95 qram külli miqdarda psixotrop maddə olan metamfetamini və 02 ədəd şəffaf sellofan bükümlərdə ümumilikdə hər birində 10 ədəd olan 30 ədəd konvalyutda 300 ədəd olmaqla ümumi təmiz çəkisi 67,5 qram təşkil edən külli miqdarda tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatlarını axtarıb həmin yerdən taparaq satış məqsədilə qanunsuz olaraq əldə etdikdən sonra həmin sellofan torbanı əlində satış məqsədi ilə qanunsuz olaraq gəldikləri avtomobilə tərəf daşımış, 29 avqust 2022-ci il tarixdə saat 01 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin yerdə saxlanılıb rayon polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 0150-də Növbətçi Hissənin qarşısında videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilərkən əldə etdiyi həmin sellofan torbanın içərisində həmin 01 ədəd sellofan bükümdə təmiz çəkisi 470 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofan bükümdə olan təmiz çəkisi 500 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, 01 ədəd şəffaf sellofan bükümdə olan təmiz çəkisi 95 qram külli miqdarda psixotrop maddə olan metamfetamin və 02 ədəd şəffaf sellofan bükümlərdə ümumilikdə hər birində 10 ədəd olan 30 ədəd konvalyutda 300 ədəd olmaqla ümumi təmiz çəkisi 67,5 qram təşkil edən külli miqdarda tramadol hidroxlorid tərkibli güclü təsir edən dərman preparatları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, idmanın kikboks növü ilə məşğul olmaqla idmandan məşq yoldaşı kimi tanıdığı İran İslam Respublikası vətəndaşı olan Ramiz xx.xx.2022-ci il tarixdə ona zəng edərək Göyçaya gedə bilib-bilməyəcəyini soruşmuş, Ramizdən nəyə görə Göyçay rayonuna getməli olduğunu soruşduqda sonuncu, orada xalası oğlunun ona bağlama verəcəyini, həmin bağlamanı Bakı şəhərinə təhvil verəcəyini, buna görə ona 1000 manat pul verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Ramiz yenidən ona zəng etdikdə sonuncunun bu təklifi ilə razılaşmış, sürücülük vəsiqəsi olmadığına görə dostu Şahid1 80 manata rentacardan götürdüyü avtomaşınla Göyçay rayonuna getmişlər. Saat 16-17 radələrində yola çıxmış, saat 23 radələrində Göyçay rayonuna çatmışlar. Ramiz ona mobil telefon vasitəsilə konum atılacağını, qeyd edilən yerdə götürdüyü bağlamanı Bakı şəhərində ondan götürəcəklərini bildirmiş, konum atılan yerə gedib avtomaşından düşdükdən sonra polis əməkdaşları oraya gələrək onun ayağının altına silahla atəşlə açmışlar. Onu polis şöbəsinə apardıqdan sonra polislər sellofan paket gətirib həmin sellofan paketdə aşkar olunanları boyununa almasını, əks halda həmin sellofanı evlərinə qoyacaqlarını bildirmişlər. Ona görə də məcbur qalıb sellofan torbada aşkar olunan narkotik vasitələrin özünə məxsus olmasını bildirmişdir. Ramiz adlı şəxsin əməliyyat müvəkkili Şahid2la qohum olduğunu, ona görə də onu Göyçay rayonuna çağırtdırıb daha sonra polislərə məlumat verdiyini hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 27 08.2022-ci il tarixdə kikboks idman növü ilə məşğul olduğu üçün İran İslam Respublikasının Təbriz şəhərində tanış olduğu Ramiz adlı şəxslə mobil telefonun votsap proqramı vasitəsilə əlaqə saxlayaraq idman üçün məşq paltarları, bədən gücləndirici protein və öz istifadəsi üçün istədiyi 5-10 ədəd də metadon həblərini istəmiş, sonuncu qeyd edilənləri Göyçay rayonuna göndərə biləcəyini bildirmişdir. Göyçay rayonuna tək getməmək üçün İlkin adlı tanışı ilə əlaqə saxlayaraq Göyçay rayonunda yaşayan dostunun evinə gedib oradan məşq paltarları və bədən gücləndirici protein dərmanlarını götürüb 1-2 gün də orada qalıb dincələcəyini bildirmiş, xx.xx.2022-ci il tarixdə İlkinin yaşadığı evə gedərək sonuncunun sürücülük vəsiqəsi olduğunu bildiyi üçün Bakı şəhərində İlkinin tanışının işlədiyi Bürhan adlı “Rent a car”a gedib Hundai Santafe markalı **-VA-*** qeydiyyat nişanlı avtomaşını iki günlük icarəyə götürmüşdür. İlkin həmin avtomaşını idarə edərək Göyçay rayonuna gəlib “Göyçay Petrol”un qarşısında dayanmış, İlkinin eşitməməsi üçün avtomobildən düşüb iranlı tanışına zəng etmişdir. Həmin vaxt iranlı tanışı idman paltarlarını və metadon dərmanlarını sellofan torbaya qoydurub yol kənarına atdığını dedikdən sonra həmin yerin məkanını vatsapda ona atmışdır. İlkinə bu barədə heç bir söz demədən avtomaşına minib İlkinə guya evinə qonaq gəldiyi dostunun onu xeyli gözləyib artıq gec olduğundan başqa işi çıxıb getməsini, ancaq ona verəcəyi idman üçün məşq paltarlarını və idman üçün protein dərmanları bir qədər qarşıda Bakı şəhərinə qayıdacaqları yolun üzərində başqa adama verib getməsini demişdir. Bundan sonra İlkinə bildirmədən iranlının göndərdiyi məkana baxa-baxa Göyçay-Ağsu yolunun kənarına getmiş, məkanda qeyd olunan yerə yaxınlaşdıqda avtomaşını saxladıb oradan düşmüşdür. Avtomaşından düşdükdən sonra yenə də iranlıya zəng vurub torbanın harada olmasını soruşmuş, sonuncu torbanı yoldan təxminən 50-60 metr aralıda ağacın altında olduğunu bildirmişdir. Avtomaşından düşdükdən sonra İlkin də onunla birlikdə avtomaşından düşsə də sonuncuya avtomaşına geri qayıtmasını bildirərək işıq salmaq üçün İlkinin İphone markalı mobil telefonunu götürmüşdür. İranlının qeyd etdiyi kimi yol kənarından təxminən 50-60 metr aralıda yerləşən ağacın dibinə baxdıqda ağacın dibində sellofan torbanı tapıb götürmüş, İlkinin şübhələnməməsi üçün torbanı açıb baxmamışdır. Həmin vaxt ətrafdan bir neçə mülki geyimli şəxslərin onun üzərinə qaçmalarını görüb qorxaraq o da avtomobilə tərəf qaçmağa başlamış, bu zaman həmin şəxslər onun dayanmasını deyib bir dəfə havaya atəş açan zaman atəş səsini eşidib həyacanlanaraq ayağı nəyəsə ilişib yerə yıxılmışdır. Ancaq ayağa qalxıb yenidən qaçmaq istədikdə mülki geyimli şəxslər onu tutub saxlayaraq polis işçiləri olduqlarını ona demişlər. Həmin vaxt yol kənarında onu gözləyən İlkin atəş səsindən sonra avtomobili idarə edərək dayandığı istiqamətdə hərəkət edərək oradan uzaqlaşmış, bundan sonra polis əməkdaşları onu rayon Polis Şöbəsinə gətirmişlər. Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət elmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən 1 ədəd dəstəyi açılıb-qatlanan bıçaq, 1 ədəd “İphone 6” markalı mobil telefon, 1 “İpohe 11” markalı mobil telefon, eyni zamanda 1 ədəd sellofan paket aşkar edilmişdir. “İphone 6” markalı telefon və 1 ədəd bıçaq özünə məxsus olmuş, “İphone 11” markalı mobil telefon isə tanışı İlkinə məxsus olmuşdur. Aşkar edilmiş sellofan paket açıldıqda içərisindən bir-birinə bükülü 5 ədəd sellofan büküm aşkar edilmiş, 1-ci bükümün içərisində çəkisi 111,3 qram olan ağ rəngli maddə, 2-ci bükümün içərisində çəkisi 524,4 qram olan qara rəngli maddə, 3-cü bükümün içərisində çəkisi 492,4 qram olan qəhvəyi rəngli maddə aşkar edilmişdir. Eləcə də, 4-cü və 5-ci bükümlərdə uyğun olaraq 10 və 18 ədəd üzərinə “TYMAL x225, Tramadol” yazılmış həblər olmuşdur. Həmin günü polislər onu tutan zaman tanışı İlkin oradan getdiyi üçün İlkinin polislər tərəfindən bir daha tapıla bilməyəcəyini düşündüyünə görə həmin vaxt həmin narkotik vasitənin tanışı İlkinə məxsus olmasını və özünün bundan heç bir xəbəri olmadığını demişdir. İranlı tanışının sellofana nəyə görə o qədər narkotik vasitə qoymasını bilməmiş, həmçinin bütün bunlardan tanışı İlkinin məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında tanışı Çingizlə birlikdə Bakı şəhərində görüşüb kafedə çay içən vaxt Çingiz ona növbəti gün Göyçay rayonuna əvvəllər birlikdə məşq etdiyi tanışının evinə qonaq getməyi təklif edərək oradan idman paltarları və məşq üçün bədən gücləndirici protein dərmanlarını götürəcəyini bildirmiş, Çingizin təklifinə heç bir etiraz etməyərək xx.xx.2022-ci il tarixdə səhər saatlarında Çingiz onun yaşadığı Yasamal rayonundakı binanın yanına gəldikdən sonra onun sürücülük vəsiqəsi olduğu üçün Çingiz şəhərdə fəaliyyət göstərən avtomobil icarəyə verilən “Rentakar” ların birinə gedib avtomobil götürməyi ona təklif etmişdir. Çingizin təklifi ilə razılaşaraq hərəsi öz evlərinə getmiş, saat 17 radələrində Çingiz yaşadığı məhləyə gəldikdən sonra birlikdə Bakı şəhəri 7-ci Mikrorayonda yerləşən "xxxx" MMC adlı rentakardan gedib iki günlük Hundai-Santafe markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürdükdən sonra Göyçay rayonu istiqamətində yola çıxmışlar. Əvvəlcə yalnışlıqla Ağdaş rayonuna, oradan isə Göyçay rayonunda “Göyçay Petrol” adlı yanacaq doldurma məntəqəsinin qarşısına gəlib saxlamış, Çingiz avtomobildən düşüb telefonla tanışı ilə əlaqə saxladıqdan sonra ona qonaq gəldikləri tanışının xeyli gözləyib başqa işi çıxdığı üçün getdiyini, ancaq bir qədər qarşıya getdikdən sonra məşq paltarlarını Çingizə verəcəyini bildirmişdir. Həmin vaxt Çingiz mobil telefonuna baxaraq avtomobili irəliyə doğru sürməsini və tanışının yolu tanıtdığını demiş, Çingizin istəyi ilə avtomaşını qarşıya doğru hərəkət etdirməyə başlamış, bir qədər irəliyə getdikdən sonra Çingiz yol kənarında avtomobili saxlamasını ona dediyinə görə avtomobili yolun sağında saxlamışdır. Həmin yerdə yolun sağ tərəfinə doğru kənd yoluna oxşar yol olmuş, avtomobili saxladıqdan sonra tanışı Çingiz avtomobildən düşüb mobil telefonu ilə danışmağa başlamışdır. Həmin vaxt o da avtomobildən düşüb hava almaq istəsə də Çingiz onu avtomobildə oturub gözləməsini, məşq paltarlarını dərhal götürüb geri qayıdacağını bildirərək mobil telefonu ilə tanışı ilə danışdığı üçün onun mobil telefonunu alaraq işığından istifadə etmişdir. Təxminən 3-5 dəqiqə avtomobildə əyləşib Çingizin paltarları götürüb geri qayıtmasını gözləmiş, bir qədər sonra anidən silah səsi eşidib ətrafa boylanarkən bir neçə mülki geyimli şəxslərin ona tərəf qaçışmasını görmüşdür. Bu zaman qorxaraq avtomobili dayandığı istiqamətdə hərəkət etdirməyə başlamış, arxasınca 2 dəfə də silah səsi eşidib daha da qorxaraq avtomobili sürətlə hərəkət etdirmişdir. Bir qədər getdikdən sonra Ağsu rayonu ərazisində avtomobilin arxa təkərinin cırılmasını görüb avtomobili yol kənarında saxlamış, artıq avtomobili hərəkət etdirməyin mümkün olmadığını görüb avtomobildən düşərək bir qədər qarşı tərəfdəki yol kənarında meşəlik hissəyə daxil olmuşdur. Saat 10 radələrinədək meşəlik hissədə gizlənib yatmış, sonra isə yol keçən tanımadığı taksi ilə Bakı şəhərinə getmişdir. Ancaq telefonu tanışı Çingizdə qaldığı üçün heç kimlə əlaqə saxlaya bilməmişdir. Həmin vaxt silah səsləri eşitdiyi üçün artıq orada Çingizin başına iş gəldiyini fikirləşmiş, həddindən artıq qorxduğu üçün 2-3 gün şok vəziyyətində olmuşdur. xx.xx.2022-ci il tarixdə Göyçay rayon polis şöbəsinin işçiləri anasının mobil nömrəsinə zəng edərək baş vermiş hadisə ilə bağlı onu axtardıqlarını deyib yaşadığı ünvana gəlmişlər. Sonradan Çingizin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulduğunu bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə daşıması, saxlaması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və həmin narkotik vasitəni götürmək üçün Göyçay rayonu Bığır kəndi ərazisində yerləşən yol kənarında olan “Bərk-dərə” adlanan əraziyə gəlməsi barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan, CAB-ın əməliyyat müvəkkilləri Şahid3, Şahid6, Şahid4 və Şahid5lə birlikdə həmin yerə gedib qruplara bölünərək həmin şəxsin qeyd olunan ünvana gəlməsini gözləmiş, Şahid3 və Şahid6 yol kənarından aşağı səviyyədə yerləşən “Bərk-dərə” adlanan ərazidə ayrı-ayrı yerlərdə, Şahid4 və Şahid5 isə həmin əraziyə girişində ayrı-ayrı yerlərdə gizlənmişlər. xx.xx.2022-ci il tarixə keçən gecə saat 01 radələrində **-VA-*** dövlət qeydiyyat nişanlı ağ rəngli “Hundai Santafe” markalı avtomobilin həmin yerə giriş üçün nəzərdə tutulan yolun yaxınlığında dayanmasını və avtomobilin qabaq oturacağından bir nəfərin düşərək ətrafa boylana-boylana mobil telefonla danışmasını görmüş, həmin vaxt telefonla danışan həmin şəxs avtomobildə sükan arxasında əyləşən şəxsdən işıq verən nəsə alıb yol kənarında dayanan avtomobildən aralaşıb təxminən 50-60 metr dərəyə doğru hərəkət edərək həmin ərazidə olan ağacların dibini axtarmağa başlamışdır. Təqsirləndirilən şəxs orada olan ağaclardan birinin dibini axtardıqdan sonra sellofan torbanı əlinə götürüb yol kənarında gözləyən avtomobilə tərəf qaçmasını görüb gizləndikləri yerlərdən çıxaraq Çingizə tərəf qaçmışlar. Həmin vaxt Çingizin ayağı nəyəsə ilişib yerə yıxılıb yenidən ayağa qalxaraq avtomobilə tərəf qaçmağa başlamış, bu zaman Şahid3 qışqıraraq polis əməkdaşı olmalarını desə də Çingiz qaçmağa davam etdiyi üçün Şahid3 də xidməti silahı ilə bir dəfə havaya xəbərdarlıq atəşi açmışdır. Çingiz avtomobilə tərəf qaçmağa davam etməsinə baxmayaraq sonuncunu əlindəki narkotik vasitənin olduğu sellofan torba ilə birlikdə tutub saxlamış, digər polis əməkdaşları Şahid4 və Şahid5 avtomobildə olan şəxsin üzərinə getsələr də yol kənarında avtomobildə dayanan digər şəxs silah səsini eşidib avtomobili idarə edərək oradan uzaqlaşmağa başlamışdır. Həmin vaxt Şahid3 digər şəxsin oradan qaçmasının qarşısını almaq məqsədilə avtomobilin arxa təkərinə iki dəfə dalbadal atəş açmış, ancaq həmin şəxs yenə də dayanmadan yüksək sürətlə avtomobili idarə edərək Ağsu-Bakı yolu istiqamətində oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs Göyçay rayon Polis Şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əlində saxladığı “Bərk-dərə” adlanan ərazidən ağacın dibindən götürdüyü sellofan torbanın içərisindən bir-birinə bükülü və üzəri skoçlanmış 5 ədəd büküm, 1-cü bükümün içərisində çəkisi 111,3 qram olan psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli maddə, 2-ci bükümün içərəsində çəkisi 524,4 qram olan qara rəngli narkotik vasitə olan tiryəkə oxşar maddə, 3-cü bükümün içərisində çəkisi 492,4 qram olan narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə, 4-cü və 5-ci bükümlərdə uyğun olaraq 12 və 18 ədəd ümumilikdə 30 ədəd konvolyutun hər konvolyutda 10 ədəd olmaqla üzərinə “TYMAL x225, Tramadol” yazılmış ümumilikdə 300 ədəd həblər aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə, psixotrop madə və güclü təqsir edən maddələr qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələri İran vətəndaşından aldığını bildirmişdir. Şəxsi axtarış bitdikdən sonra Hyundai Santafe markalı **-VA-*** qeydiyyat nişanlı avtomobilin getdiyi istqamətdə hərəkət etmiş, Ağsu rayonu istiqamətinə çatan zaman həmin avtomobilin yol kənarında arxa sağ təkəri təmiz cırılmış vəziyyətdə aşkar etmişlər. Sonradan hadisə yerindən uzaqlaşan şəxsin Şahid1 olması müəyyən edilərək xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən gətirib Göyçay Rayon Polis Şöbəsinə təhvil vermişlər. Ramiz adlı şəxsi tanımamış, həmin şəxslə aralarında heç bir qohumluq əlaqələri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid4, Şahid6, Şahid5 və X1 baş əməliyyat müvəkkili Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə əlavə şahid qismində dindirilmiş kikboksinq üzrə Azərbaycan Respublikası milli komandasının məşqçisi işləyən X2 ifadəsində göstərmişdir ki, Ramizi kikboksla məşğul olan şəxs kimi tanımış, sonuncu yığmanın üzvü olmamışdır. Ramizin adını bilsə də sonuncunun ata adı və soyadı barədə dəqiq məlumatı olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 29 avqust 2022-ci il tarixli, 6/4611 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №92” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” yazısı və imzalar olan paketdəki, 01(bir) ədəd bükümdə, təmiz çəkisi 470 qram qəhvəyi rəngli toz şəkili maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01(bir) ədəd bükümdə, təmiz çəkisi 500 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə kütləsi xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir, 01(bir) ədəd bükümdə, təmiz çəkisi 95 qram ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Tamol (tramadol hydroxholide)” markalanma göstəricisi olan 30 konvalyutda, hər konvalyutda 10 ədəd, ümumilikdə 300 ədəd üzərlərində “225” yazısı həkk olunmuş ağ rəngli dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərman preoaratıdır və 300 ədəd həbdə tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 67,5 qram təşkil edir (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,225 qram tramadol hidroxlorid olmaqla). 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildilər. 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təstiq olunmuş siyahılara əsasən tramadol hidroxlorid “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixatrik ekspertizasının 21 noyabr 2022-ci il tarixli 710 №li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 noyabr 2022-ci il tarixli 1771 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 518 nömrəli rəyində göstərilmişdir ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ dirsək oynağı və sağ saidin yuxarı 1/3-nin arxa səthinin, sağ əlin İ-İV barmaq falanqaları və sol mil-bilək-sol saidin yuxarı 1/3-nin arxa səthlərində, hər iki diz və baldır nahiyələrinin ön hissələrində sıyrıqlar küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixində əmələ gəlməsi halı inkar edilmir, müxtəlif şəraitlərdə o cümlədən də öz boyu hündürlükdən bərk əşya (çınqıllı, daşlı) sahə üzərinə yıxılması nəticəsində də törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsi axtarış keçirilməsi haqqında haqqında 29 avqust 2022-ci il tarixli protokolundan və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisindən bir-birinə bükülü və üzəri skoçlanmış 5 ədəd büküm, 1cü bükümün içərisində çəkisi 111,3 qram olan psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli maddə, 2-ci bükümün içərəsində çəkisi 524,4 qram olan qara rəngli narkotik vasitə olan tiryəkə oxşar maddə, 3-cü bükümün içərisində çəkisi 492,4 qram olan narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə, 4-cü və 5-ci bükümlərdə uyğun olaraq 12 və 18 ədəd ümumilikdə 30 ədəd konvolyutun hər konvolyutda 10 ədəd olmaqla üzərinə “TYMAL x225, Tramadol” yazılmış ümumilikdə 300 ədəd həblər aşkar edilib götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus məxsus “İphone 6” markalı mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022ci il tarixli protokoldan görünür ki, qeyd olunan mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs məxsus məxsus “Vatsap” soisal şəbəkəsində narkotik vasitələri əldə etdiyi adı “Ramiz məşq” kimi qeyd olunan +98 914 821 4484 saylı mobil nömrənin sahibi İran vətəndaşı ilə xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində çoxlu sayda zəng əlaqələri olmuş, adı “Ramiz məşq” kimi qeyd olunan şəxslə hadisə baş verən günü kifayət qədər zəng əlaqələrinin olması aşkar edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi “İnstagram” sosial şəbəkəsinə məxsus hesabına baxış zamanı orada adını “Ramiz məşq” kimi qeyd olunan şəxslə aralarında görüntülü danışıqların və səs yazılarının olması aşkar edilmişdir. Eləcə də, Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsini narkotik vasitəni əldə etdiyi adı “Ramiz məşq” kimi qeyd olunan şəxsə mesaj formasına göndərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiqi edilmiş Respublika Psixiatriya Xəstəxanasından alınmış xx.xx.2022-ci il tarixli xx/xx-14439 nömrəli və xx.xx.2022-ci il tarixli 11516 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs – yüngül dərəcədə ifadə olunmuş nevrasteniya, özünü kəsmələrlə diaqnozu ilə disponserin gündüz stasionarı şöbəsində ambulator müayinədə olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Füzuli RMX-dan alınmış xx.xx.2022-ci il tarixli 29.11.672-22 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon Mərkəzi Xəstəxanasının ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon MKİSdən alınmış arayış və X9 alınmış xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Qaradağ rayonu Müşfiqabad qəsəbəsi məcburi köçkün şəhərciyində ev 15, mənzil 35-də qeydiyyatdadır. Təqsirləndirilən şəxs 2013-cü il tarixdə kinqboks üzrə dünya çempionatında 3-cü yer, 2015-ci il tarixdə avropa çempionu, 2016-cı il tarixdə isə avropa üzrə 2-ci yerə çıxmışdır, subaydır, barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Kikboksinq federasiyasından daxil olmuş 17 may 2023-cü il tarixli 479 nömrəli məktubdan görünür ki, İran İslam Respublikasının vətəndaşı olan Ramiz adlı şəxs kikboksinq üzrə Azərbaycan Çempionatında iştirak etməmiş, məqsədə müvafiq olmadığı üçün çempionatda iştirakına icazə verilməmişdir. İş materiallarına əlavə edilmiş 29 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0145-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Göyçay rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 29 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin ona məxsus olmamasına və aşkar olunanları satış məqsədi ilə daşımamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs ona qarşı qanunsuzluq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəməyə müraciət etməmiş, videoçəkilişlə və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin özünə məxsus olmasını bildirmişdir. İbtidai araşdırmanın gedişində yenə də sərbəst şəkildə ifadə verərək onunla birlikdə olmuş və həmin iş üzrə təqsirləndirilən Şahid1 həmin aşkar olunan narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrdən məlumatı olmadığını və iranlı Ramiz adlı şəxsdən psixotrop maddənin özünün istədiyini bildirməsi və həmin vaxt narkotik vasitə və psixotrop maddələri polis əməkdaşlarının təsiri və təzyiqi nəticəsində boynuna götürməsinə dair heç bir məlumat verməməsi onun məhkəmə istintaqı zamanı narkotik və psixotrop maddələrin ona məxsus olmamasına dair ifadəsini məhkəmə tərəfindən inandırıcı olmayan ifadə kimi qəbul etməyə əsas verir. Təqsirləndirilən şəxs Ramiz adlı İran İslam Respublikasının vətəndaşının təhriki ilə hazırki cinayət əməlini törətdiyini bildirsə də Ramiz adlı şəxsin Göyçay rayon Polis Şöbəsinin əməkdaşları ilə hər hansı bir əlaqəsi müəyyən edilməmiş, ümumiyyətlə Ramiz adlı şəxsin şəxsiyyətinin dəqiq müəyyən olunması üçün hansısa əsaslı dəlil təqdim edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsini göstərsə də məhkəmə-tibb ekspertizasının rəyi ilə onun bədən səthi üzərində aşkar edilmiş xəsarətləri öz boyu hündürlüyündə yıxılması nəticəsində ala bilməsi qeyd olunmuş, iş materiallarında olan sübutların qiymətlərindirilməsi haqqında 08 dekabr 2022ci il tarixli qərarda da həmin xüsusata qiymət verilərək həmin xəsarətləri sellofan torbanı götürüb avtomaşına tərəf qaçan zaman yıxılaraq aldığı qeyd edilmişdir. İbitidai araşdırma dövründə Təqsirləndirilən şəxs bədən səthi üzərində aşkar olunmuş xəsarətlərlə bağlı ümumiyyətlə şikayət etməmiş, bu barədə nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora nə də məhkəmə nəzarətini həyata keçirən məhkəməyə bu barədə şikayət verməmişdir. Eyni zamanda məhkəmə tərkibi aşkar olunan narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin çeşidini, miqdarını və iş materiallarında olan digər sənədlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə, psixotrop və güclü təsir edən maddələri satış məqsədi ilə saxlamışdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3 və 240.3.2-ci maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 29 avqust 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 322,60 AZN (üç yüz iyirmi iki manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 29 avqust 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 322,60 AZN (üç yüz iyirmi iki manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Göyçay rayon Polis Şöbəsində saxlanılan 469,8 qram narkotik vasitə heroin, 499,7 qram narkotik vasitə tiryək, 94,8 qram psixotrop maddə metamfetamin, 280 həb tramadol hidroxlorid həbləri, 03 ədəd boş gilizlər, 01 ədəd soyuq silah hesab edilməyən bıçaq, iki hissəyə ayrılmış təkərin cırılmış hissələri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar