Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-59/2022 23.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X10, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, 22 fevral 1963-cü ildə Zaqatala rayonu Aşağı Çardaqlar kəndində doğulmuş, evli, Rusiya Federasiyasının vətəndaşı, işləməyən, orta təhsilli, Zaqatala rayonu, Aşağı Çardaxlar kəndində müvəqqəti qeydiyyatda olmaqla Zaqatala rayonu, Qazangül qəsəbəsində yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə 20 avqust 2021-ci il tarixdə Zaqatala rayonu, Danaçı kəndi ərazisində yerləşən meşəlik sahədə yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərini yığdıqdan sonra etibarnamə əsasında idarə etdiyi “VAZ 21074 minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub yaşadığı Zaqatala rayonu, Qazangül qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə daşıyaraq qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 2 kq 985 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana və 09 ədəd uzunluqları 83 sm-dən 173 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1 kq 280 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrini əldə etmiş və həmin avtomobilin yük yerində saxlamış, 21 avqust 2021-ci il tarixdə saat 11 radələrində Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala rayon məhkəməsinin 5(033)-58/2021 nömrəli 20 avqust 2021-ci il tarixli qərarı əsasında onun yaşadığı evə baxış keçirilərkən evin həyətində saxladığı “VAZ 21074 minik” markalı **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən külli miqdarda, yəni ümumi təmiz çəkisi 2 kq 985 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana və 09 ədəd uzunluqları 83 sm-dən 173 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1 kq 280 qram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 avqust 2021-ci il tarixdə saat 07 radələrində etibarnamə əsasında idarə etdiyi «Vaz- 21074» markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə balıq tutmaqdan qayıdarkən Danaçı kəndi ərazisində olan sahələrə gedərək çətənə bitkisinin budaqlarındakı yarpaqlarını yığıb ağ rəngli kisəyə doldurub avtomobilin yük yerinə qoymuş, 21 avqust 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı evin qarşısına bir neçə polis əməkdaşları gələrək ona narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün həyətyanı sahəsinə, evinə və digər yerlərə baxış keçiriləcəyini bildirmişlər. Baxış keçirilən zaman avtomobilin yük yerində olan çətənə bitkilərini təqdim etmiş, həmin çətənə bitkiləri və həmin bitkilərin budaqlarından qopardığı yarpaqlar ağ rəngli sintetik kisədə qablaşdırılaraq elektron tərəzi vasitəsi ilə çəkildikdən sonra götürülmüşdür. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, öz şəxsi istifadəsi üçün saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Balakən Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zaqatala rayonu, Qazangül qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evdə narkotik vasitə saxlaması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu 21.08.2021-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvanda saxlanılmış, Təqsirləndirilən şəxs narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün saxlanılması barədə məlumat verilərək məhkəmənin qərarı əsasında yaşayış evinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs yaşayış evinə baxış keçirilməsinə heç bir etiraz etməmiş, baxış keçirilən zaman evin həyətində olan VAZ 21074 minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən ağ rəngli kisənin üzərinə sərilmiş narkotik vasitə qurudulmammış marixuana və narkotik tərkibli çətənə bitkisinin hissələri aşkar edilmişdir. Bundan sonra narkotik vasitə qurudulmamış marixuana və çətənə bitkisinin hissələri ağ rəngli kisədə qablaşdırılaraq elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 4080 qram olması müəyyən edildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Balakən Rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ekspert qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ekspertiza zamanı bitki hissələrini əsas hissədən ayırdıqdan sonra tədqiqat aparılmış, narkotik vasitə hesab olunan hissələr ekspertlər tərəfindən bitki hissələrindən ayrılmışdır. Marixuana dedikdə kannabis bitkisinin yuxarı hissəsinin yarpaq və çiçəklərlə birlikdə müxtəlif dərəcədə xırdalanmış hissələri başa düşüldüyünə görə çətənə bitkisinin gövdə hissəsi də narkotik vasitə hesab olunmuşdur. Əsas narkotik aktivliyə malik psixoaktiv komponentlər bitkinin çiçəkləyən yuxarı hissəsində olsa da gövdə hissəsində də narkotik tərkibli psixoaktiv komponentlər olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 21.08.2021-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş CD-diskdən görünür ki, VAZ 21074 minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ağ rəngli 1 ədəd sintetik kisənin üzərinə sərilmiş narkotik vasitə qurudulmamış marixuana və narkotik tərkibli çətənə bitkisinin hissələri aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 21 avqust 2021-ci il tarixli 17/624 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs......avtomobilinin yük yerindən götürülmüş...” sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki 09 (doqquz) ədəd, uzunluqları 83 sm-dən 173 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi-1 kq 280 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Təmiz çəkisi-2 kiloqram 985 qram, nəm vəziyyətdə olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş əlavə məhkəmə-bioloji ekspertizasının 06 sentyabr 2021-ci il tarixli 17/651 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs......avtomobilinin yük yerindən götürülmüş...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki 09 (doqquz) ədəd çətənə bitkisinin hissələri ilə həmin sintetik kisənin içərisindəki qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 04 oktyabr 2021-ci il tarixli 1187 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Cəfərov X3 rayon Məhkəməsinin 24.08.2016-cı il tarixli hökmü ilə CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki Rayon Məhkəməsinin 26.04.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 7 ay 3 gün hissəsindən vaxtından əvvəl azad edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyindən onun əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Bələdiyyəsinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə X6 Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarına iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X14 Birliyi Zaqatala rayon Filialı tərəfindən verilmiş 07.02.2022-ci il tarixli 1 nömrəli arayışdan və hərbi biletin surətindən görünür ki, X6 Azərbaycanın ərazi bütövlüyü uğrunda Talış- Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Zaqatala rayon Polis Şöbəsindən daxil olmuş 16.03.2022-ci il tarixli 201-6526-1222 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası X1 Qanunun 20-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq Zaqatala rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs barəsində 10.08.2022-ci il tarixdə əməliyyat işi açılaraq icraata qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş 21 avqust 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1315-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Zaqatala rayon məhkəməsinin 23 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 21 avqust 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs onun avtomaşından aşkar olunmuş narkotik vasitələri satış məqsədi olmadan daşımasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə aşkar olunmuş narkotik vasitələrin miqdarı, onun barəsində olan əməliyyat-qeydiyyat işi, şahid ifadələri, onun narkomaniya xəstəliyindən əziyyət çəkməməsi və işdə olan digər sənədlər əsas verir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Zaqatala rayon Polis Şöbəsindən verilmiş sorğuya cavab olaraq göndərilmiş əməliyyat-qeydiyyat işinə məhkəmə tərkibi tərəfindən keçirilən baxış zamanı əməliyyat-qeydiyyat işində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması haqqında əməliyyat məlumatının olmasına dair qeydlərin olması müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, oğlu X8 azad olunması uğrunda 44 günlük Vətən müharibəsində iştirak edərək Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi faktiki həbsə alındığı 21 avqust 2021ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 70,52 (yetmiş manat əlli iki qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 21 avqust 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 70,52 (yetmiş manat əlli iki qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Zaqatala Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd sintetik kisədə qablaşdırılmış təmiz çəkisi 2 kq 984,90 qram olan narkotik vasitə qurudulmamış marixuana və 09 ədəd narkotik tərkibli çətənə bitkisinin hissələri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-59/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-59/2022
23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver