Məhkəmə qərarları › İş №1(091)-62/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-62/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-62/2023 30.03.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 5-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 7,861 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan əldə edib üzərində və “Lada Granta” markalı, **-ML-*** dövlət nömrə nişanlı avtomobildə saxlayaraq daşımış, 02 sentyabr 2022-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Şəki şəhəri, M.Rəsulov küçəsində saxlanılaraq Şəki şəhəri, X7 prospekti 1 saylı ünvanda yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq onun idarə etdiyi «Lada Granta» markalı, **-ML-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı avtomobilin saxlanc yerindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi həmin 1 ədəd şəffaf sellofan bükümdə, külli miqdarda təmiz çəkisi 7,861 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, idarə etdiyi Lada Granta markalı, **-ML-*** dövlət nömrə nişanlı avtomobil anası X3 mülkiyyətində olsa da əvvəllər mərhum qardaşı X2 istifadəsində olmuş, Ruslan Quliyev 2020-ci ilin dekabr ayında vəfat etdikdən sonra avtomobil bir müddət istifadə edilməsə də, 2022-ci ilin may ayından etibarən həmin avtomobili istifadə etməyə başlamışdır. 2022-ci ilin avqust ayının sonlarında əmisi oğlu Əli və dostu Rüfət ilə Sumqayıt şəhərində söhbət edən zaman xx.xx.2022-ci il tarixdə Qəbələ-Oğuz-Şəki rayonlarına gedib bir neçə gün gəzib istirahət etməyə razılaşdıqdan sonra qeyd edilən tarixdə səhər saatlarında idarə etdiyi Lada Granta markalı, **-ML-*** dövlət nömrə nişanlı avtomobili ilə Əli və Rüfəti də görüşmüş, Əli avtomaşını idarə etməklə saat 7-8 radələrində yola düşmüşlər. Qəbələ rayonu ərazisində yolun kənarındakı kafelərdən birində hər üçü yemək yedikdən sonra avtomobilə əyləşib Şəki rayonu istiqamətində hərəkət edərkən yolda musiqi dinləmək üçün bardaçok deyilən saxlanc yerində disk axtaran zaman bardaçokda bir ədəd kağız bükümdə qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə heroin və bir ədəd sellofan bükümdə tiryək olduğunu görmüş və mərhum qardaşı Ruslanın əvvəllər narkotik vasitə istifadəçisi olduğundan sonuncunun həmin narkotik vasitələri orada gizlətdiyini başa düşmüşdür. Özü istifadə etmək məqsədi ilə həmin narkotik vasitələrdən bir ədəd kağız bükümdə olan qurudulmuş marixuananı və bir ədəd sellofan bükümdə tiryəki götürüb cibinə qoymuş, bir ədəd sellofan bükümdə heroini isə bardaçokda saxlamışdır. Həmin vaxt Əli avtomobili idarə etdiyindən, Rüfət isə arxa sərnişin oturacağında yatdığından onun bardaçokda aşkar etdiyi narkotik vasitələri görməmiş, özü də bu haqda sonunculara bildirməmişdir. Əvvəlki ifadəsini verən zaman həyəcanlı olduğuna görə fikrini doğru ifadə edə bilmədiyindən üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitələri Sumqayıt şəhərində yaşadığı ünvanda aşkar etdiyini və xx.xx.2022-ci il tarixdə Şəki şəhərinə gələn zaman istifadə etmək məqsədi ilə özü ilə götürdüyünü bildirmişdir. Həqiqətdə isə o, həmin narkotik vasitələri Şəki şəhərinə gələn zaman yolda avtomobilin bardaçok deyilən saxlanc yerindən aşkar etmişdir. O, hadisə zamanı üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitələri aşkar etdikdən bir qədər sonra Şəki şəhərinə çatmış, daha sonra isə avtomobil xarab olduğundan o, bu haqda polisə məlumat verə bilməmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Əli və Rüfətlə görüşmək üçün evdən çıxmazdan əvvəl özü istifadə etmək məqsədi ilə evlərinin zirzəmisində gizlədib saxladığı bir büküm qurudulmuş marixuananı, bir büküm heroini və bir büküm tiryəki həmin yerdən götürdükdən sonra “Lada Granta” markalı, **-ML-*** dövlət nömrə nişanlı avtomobildə marixuana az olduğundan siqaret kağızına doldurmuş və bir büküm tiryəklə birlikdə siqaret qutusuna qoyub cibinə qoymuş, bir büküm heroini isə avtomobilin “bardaçok” deyilən saxlanc yerinə qoymuşdur. Sumqayıt şəhər bazarının yaxınlığında Əli və Rüfətlə görüşüb sonuncuları da götürüb saat 7-8 radələrində Əlinin idarə etdiyi ona məxsus olan Lada Granta markalı avtomobillə Qəbələ rayonu istiqamətinə yola düşüb rayon ərazisində olan yolun kənarındakı kafelərdən birində hər üçü yemək yedikdən sonra oradan çıxıb Şəki rayonuna getmişlər. Şəki rayonu ərazisində avtomobil ilə hərəkətdə olan zaman cibindəki siqaret qutusunda saxladığı içərisində qurudulmuş marixuana olan siqaret dənəsini çıxarıb çəkməyə başlamış, həmin vaxt Əli və Rüfət çəkdiyi siqaretdən siqaret iyi gəlməməsinin səbəbini soruşduqda çəkdiyinin siqaret kağızına doldurulmuş qurudulmuş marixuana olduğunu deyərək bir az çəkdikdən sonra söndürüb, yerdə qalanını da daha sonra çəkmək üçün yenidən siqaret qutusuna qoymuşdur. Şəki şəhərində adını bilmədiyi küçədə avtomobillə hərəkətdə olan zaman avtomobil öz-özünə söndüyünə görə Əli avtomobili yolun kənarında saxlamış, hər üçü avtomobildən düşərək Əli kapotu açıb mühərrik hissəsindəki detalları yoxlamağa başlamışdır. Təxminən 15-20 dəqiqə sonra polis avtomobili gəlib yanlarında dayandıqdan sonra avtomobildən düşən polis geyimində olan bir neçə şəxs ondan avtomobilə nə olduğunu soruşmuş və o da avtomobilin xarab olduğunu demişdir. Sonra polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə polis şöbəsinə getməli olduqlarını bildirib onları gəldikləri avtomobillə birlikdə polis şöbəsinə aparmışlar. Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd Vinçester markalı siqaret qutusunun içərisindəki sellofan bükümdə olan tiryəki və siqaretə doldurulmuş marixuananı təqdim etmişdir. Həmin vaxt ondan başqa yerdə narkotik vasitə saxlayıb-saxlamamağı soruşulduqda, avtomobilində də narkotik vasitə saxladığını bildirdiyinə görə Lada Granta markalı, **-ML-*** dövlət nömrə nişanlı avtomobilə keçirilən baxış zamanı bardaçok deyilən saxlanc yerində olan həmin bir ədəd sellofan bükümdə olan heroini təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəki Rayon-Şəhər Polis Şöbəsinin Post Patrul Xidmət Bölüyünün manqa komandiri işləyən Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə PPXB-nin polis nəfərləri Şahid4, Mehman Rəsulov və Elvin Məmmədovla birlikdə Şəki şəhəri ərazisində avtopatrulla xidmətdə olduğu zaman Şəki şəhəri, Məcid Rəsulov küçəsi ilə hərəkət edərkən yolun kənarında mühərrik örtüyü açıq vəziyyətdə dayanmış **-ML-*** dövlət nömrə nişanlı, Lada Granta markalı avtomobil diqqətlərini cəlb etdiyindən nə baş verdiyini öyrənmək üçün həmin avtomobilin yanında dayanıb orada olan 3 nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra nə baş verməsi, hansı səbəbdən avtomobili yolun kənarında saxlayıb mühərrik örtüyünü açmaları ilə bağlı maraqlanan zaman həmin şəxslər onlara avtomobilin xarab olması səbəbindən mühərrikxanadakı detalları yoxladıqlarını bildirmiş, həmin şəxslərin həyəcanlı və təşvişlə danışmalarından, gözlərinin qızarmasından narkotik vasitə qəbul etmələri, üzərlərində və ya avtomobildə də narkotik vasitə ola biləcəyindən şübhələnərək polis şöbəsinə getməli olduqlarını bildirmişlər. Həmin şəxslərlə birlikdə polis şöbəsinə gəlib bu barədə raportla müraciət etdikdən sonra şəxsiyyətlərini müyyən etdikləri Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, dəvət edilmiş müdafiəçinin iştirakları ilə üzərlərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd Vinçester markalı siqaret qutusu, qutunun içərisində isə bir ədəd bükülüdə narkotik vasitə tiryəkə bənzər kütlə və bir ədəd siqaretə bükülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə, Lada Granta markalı, **-ML-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı isə avtomobilin bardaçok deyilən saxlanc yerindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Digər şəxslərin üzərinə keçirilən şəxsi axtarış zamanı qanunla qadağan edilmiş hansısa əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəki Rayon-Şəhər Polis Şöbəsinin Post Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid4 eyni məzmunlu ifadə verərək X4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayının sonlarında əmisi oğlu İntiqam və dostu Rüfət ilə Sumqayıt şəhərində söhbət edən Qəbələ-Oğuz-Şəki rayonlarına gedib bir neçə gün gəzib istirahət etmək barədə razılığa gəldikdən sonra 02 sentyabr 2022-ci il tarixdə saat 7-8 radələrində hər üçü onun idarə etdiyi, İntiqama məxsus olan Lada markalı, **-ML-*** dövlət qeydiyyat nişalı avtomobillə Sumqayıt şəhərindən çıxıb əvvəl Qəbələ rayonu ərazisində yolun kənarındakı kafelərdən birində hər üçü yemək yemiş, sonra oradan çıxıb Şəki rayonuna gəlmişlər. Şəki şəhərində adını bilmədiyi küçədə avtomobillə hərəkətdə olan zaman avtomobil öz-özünə söndüyünə görə avtomobili yolun kənarında saxlamış, hər üçü avtomobildən düşdükdən sonra mühərrikin sönməsinin səbəbini bilmək üçün kapotu açıb mühərrikə baxmışdır. Təxminən 15-20 dəqiqə sonra bir polis avtomobili gəlib yanlarında dayanaraq avtomaşından düşən polis geyimində olan bir neçə şəxs İntiqamdan avtomobilə nə olduğunu soruşduqdan sonra onların narkotik vasitə təsirində olduqlarından şübhəli olduqlarında görə polis şöbəsinə getməli olduqlarını bildirmişlər. Polis əməkdaşları onu, Rüfət və İntiqamı gəldikləri avtomobillə birlikdə polis şöbəsinə gətirmiş, polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üstündən qanunla qadağan edilmiş heç bir əşya, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Sonradan İntiqamın üzərindən və avtomaşından narkotik vasitə aşkar edildiyini öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 Zəkəriyyə oğlunun yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının kimyəvi və bioloji ekspertizanın 03 sentyabr 2022-ci il tarixli, 17/701 №-li rəyində göstərilmişdir ki, təqdiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 7,861 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 0,359 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Təqdiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd siqaret formasında bükülmüş kağız bükümün içərisində, təmiz çəkisi – 0,08 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təmiz çəkisi – 0,21 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş heroin, tiryək və marixuana ayrı-ayrı növ narkotik vasitələr olduğundan ekspert qarşısında qoyulmuş “b) Təqsirləndirilən şəxs üstündən və idarə etdiyi nəqliyyat vasitəsindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələrin tərkibcə eynilik təşkil edibetməməsi müəyyən edilsin.” sualı cavablandırılmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 07 dekabr 2022-ci il tarixli, 1851 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizanın 25 noyabr 2022-ci il tarixli, 719 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni, anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda da öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan şəxsi axtarış və götürmə keçirilməsinə dair 02 sentyabrn 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən çıxardığı “Winchester” markalı siqaret qutusunun içərisindən içərisindən narkotik vasitə olan marixuanaya bənzər kütlənin olduğu siqaret formasında bükülü, içərisində narkotik vasitə olan tiryəkə bənzər kütlənin olduğu şəffaf rəngli sellofan bükülü və “Lada Qranata” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq oturacağındakı bardaçokdan içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu bükülü aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Corat qəsəbəsi 187 nömrəli evdə yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Sumqayıt Tibbi Mərkəzi” X6 alınmış 13 dekabr 2022-ci il tarixli 2000 saylı məktubda göstərilmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məcburi xarakterli müalicəyə cəlb olunması ilə əlaqədar Narkoloji Dispanserə və ərazi poliklinikasının psixiatrik kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. İş materillarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli tibbi müayinənin nəticələrinə dair sənəddən görünür ki, Təqsirləndirilən şəxs ekspress metod ilə müayinəsi zamanı onda “Marixuana” qəbulu faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 02 sentyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1541-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Şəki rayon Məhkəməsinin 04 sentyar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması istisna edilmişdir. Məhkəmə bu qərara gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər-hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Faktiki təqsirləndirilən şəxsə məxsus olan avtomaşından olunmuş narkotik vasitə bir bükümdə olmaqla sonuncu ilkin ifadəsində də bunu şəxsi istehlakı üçün saxladığını izah etmiş, onun heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi, əvəllər narkotik vasitənin satışına görə məhkum olunmaması, narkotik vasitələrin satışını təsdiq edəcək hər hansı mobil telefon danışığının və SMS yazışmalarının aşkar olunmaması kimi hallar aşkar olunmuş narkotik vasitəni şəxsi istehlak məqsədi ilə saxlaması qənaətinə gəlməyə əsas verir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunmuş 0,08 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın və 0,359 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün şəxsi istehlak miqdarından aşağı olması (tiryək üçün 0,5 qram, qurudulmuş marixuana üçün 5 qram), qurudulmuş marixuananın şəxsi istehlak üçün kağıza bükülməsi və bir hissəsinin artıq istehlak edilməsi, Təqsirləndirilən şəxs qanından tibbi müayinə zamanı marixuana qəbulu faktının aşkar olunması həmin narkotik vasitələri şəxsi istehlak üçün saxlamısını bir daha təsdiq edir. Yuxarlda bəhs olunan Qərarın 14-cü bəndinin 4-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunmuş 0,08 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın və 0,359 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün şəxsi istehlak miqdarından aşağı olduğuna görə həmin hissə də ona verilən ittihamdan xaric edilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxsin CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq onun əməli CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin həmin maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutlduğu 02 sentyabr 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 103,65 AZN (yüz üç manat altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 02 sentyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 103,65 AZN (yüz üç manat altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 7,811 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, çəkisi 0,259 qram olan narkotik vasitə tiryək və çəkisi 0,06 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar