Məhkəmə qərarları › İş №1(091)-63/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-63/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-63/2022 24.02.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X8, xx xxxx 1981-ci ildə Göyçay rayonu Ləkçıplaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Göyçay rayonu, Ləkçıplaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin 17 ədəd toxumlarını Göyçay rayonu Ləkçıplaq kəndində yaşadığı evin həyətyanı sahəsində yerləşən pomidor istixanasında qanunsuz olaraq torpaqda əkib, 17 ədəd şitillərdən ibarət külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 11 avqust 2021-ci il tarixdə saat 12 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun yaşadığı evin həyatyanı sahəsinə baxış keçirilən zaman oradakı istixanada olan pomidor şitillərinin arsındakı həmin 17 ədəd əkilib becərilməsi qadağan olunmuş əkib yetişdirərək kultivasiya etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmidir ki, 11 avqust 2021-ci il tarixdə saat 12 radələrində Ləkçıplaq kəndində yaşadığı evdə olarkən polis əməkdaşları yaşadığı evə gələrək ona narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli olduğunu bildirmişlər. Şübhəli şəxs kimi tutulduqdan sonra dəvət edilmiş müdafiəçisinin, iki nəfər hal şahidinin və aqronomun iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı 17 ədəd çətənə bitkisi aşkar edilmişdir. Həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən torpaqdan kökləri ilə birlikdə çıxarılaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Göyçay rayonu Ləkçıplaq kənd sakimi Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında 11 avqust 2021-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Göyçay rayonu Ləkçıplaq kəndində yaşadığı evin qarşısına getmiş, Təqsirləndirilən şəxs özlərini təqdim edib narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli olduğuna görə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs könüllü olaraq, razılaşmış, evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş iki nəfər hal şahidinin və mütəxəssis-aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirlən zamanı həyətdəki istixanada pomidor şitillərinin arasında 17 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək kolu kökündən çıxarılıb qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2, Şahid3, hal şahidləri Şahid4 və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının 11 avqust 2021-ci il tarixli, 17/600 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, hər birinin üzərinə yapışdırılmış vərəqədə “...Təqsirləndirilən şəxs məxsus həyətyanı torpaq sahəsindən aşkar edilmiş...” sözləri yazılmış 03(üç) ədəd sintetik kisənin içərisindəki, hündürlükləri 70 sm-dən 270 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi - 13 kq 765 qram olan 17(on yeddi) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01(bir) ədəd yarpaqsız bitki hissəsi isə əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəsidir. X2 tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, 01(bir) ədəd sellofan torbada olan torpaq nümunəsindən əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar edildi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 06.11.2021-ci il tarixli, 1458 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 11 avqust 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1155-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsinə dair 13 avqust 2021-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarında olan Göyçay rayon Mərkəzi Xəstəxanasından alınmış 17.09.2021-ci il tarixli, 4219 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Ləkçıplaq kənd İnzibati Ərazi Darəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Göyçay rayonu Ləkçıplaq kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinə əlavə edilmiş 11 avqust 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan və protokola əlavə olunmuş foto-cədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 17 ədəd narkotik tərkibli çətənə(kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və törətdiyi əməldən peşman olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, 11 avqust 2021-ci il tarixdən 13 avqust 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı andan hesablanmalı və CM-nin 56.1.2ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan Göyçay rayon Polis Şöbəsində saxlanılan 17 ədəd narkotik tərkibli çətənə bitkiləri, 01 ədəd çətənə bitkisinin hissəsi və torpaq nümunələr məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 11 avqust 2021-ci il tarixdən 13 avqust 2021-ci il tarixə kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 24 fevral 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Göyçay rayon Polis Şöbəsində saxlanılan 17 ədəd narkotik tərkibli çətənə bitkiləri, 01 ədəd çətənə bitkisinin hissəsi və torpaq nümunələr məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar