Məhkəmə qərarları › İş №1(091)-67/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-67/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-67/2023 20.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən: Məmmədov Bilal Mahir oğlu hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihaminin müdafiəsi idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkilləri X8 və X5 iştirakları ilə, xx.xx.1990-cı ildə Ağdaş rayonu Aşağı Ləki kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ağdaş rayonu Aşağı Ləki kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs2 xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Ağdaş rayonu Aşağı Ləki kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və mənbədən narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə edərək, 2022-ci ilin aprel-may aylarında Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisindən keçən şirə yerləşən su kanalının yaxınlığındakı torpaq sahədə xeyli miqdarda, yəni 14 ədəd çətənə bitkisini qanunsuz olaraq əkib onlara aqrotexniki qaydada qulluq edərək yetişdirməklə kultivasiya etmiş, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisindən keçən şirə su kanalının yaxınlığındakı torpaq sahədən ümumilikdə 14 ədəd olan, ümumi çəkiləri 6 kq 210 qram narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 237.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə dördyolda “Pavilyon” deyilən yerdə Bakı şəhərinə mal göndərən zaman polis əməkdaşları onu saxlayaraq atasının telefonuna zəng gəldiyini, həmin nömrəni yoxlayacaqlarını bildirdikdən sonra onu Polis Şöbəsinə aparmış, orada onu Bəhruzun əleyhinə ifadə verməyə məcbur etmişlər. Bəhruza da təsir edərək onun əleyhinə ifadə verib onunla birlikdə narkotik vasitə əkməsini deməsini məcbur etmişlər. Bəhruzun narkotik tərkibli çətənə bitkisi əkməsindən məlumatı olmamış, sonuncu ilə birlikdə narkotik vasitənin əkilməsində iştirak etməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının sonları may ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ilə birlikdə Ağdaş rayonu Aşağı Ləki kəndində su kanalının yaxınlığında yerdən tapdıqları bir ədəd qurudulmuş marixuana bükümünün içərisindən aşkar etdikləri 14 ədəd toxumu 2022-ci ilin aprel ayının sonları may ayının əvvəllərində Aşağı Ləki kəndinin ərazisindən keçən Şirə kanalının yaxınlığında qamışlıq ərazidə əkərək müxtəlif vaxtlarda həmin toxumlara qulluq etmiş, ətraflarını təmizləmiş, həmçinin vaxtlı-vaxtında əkdikləri toxumları sulayaraq nəzarət etmişlər. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə Ağdaş rayonu Aşağı Ləki kəndində narkotik tərkibli çətənə bitkilərini əkdikləri yerin yaxınlığında piyada gəzən zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onların narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olduqlarını və həmin əraziyə baxış keçirəcəklərini bildirmişlər. Onlar baxış keçirilməsinə etiraz etmədikdən sonra dəvət edilmiş aqronommütəxəssisin iştirakı ilə çətənə bitkiləri əkdikləri yerə baxış keçirilən zaman 14 ədəd çətənə kolları aşkar edilərək torpaqdan çıxarıldıqdan sonra qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona CM-in 237.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik tərkibli çətənə bitkisini Göyçay rayonuna gedərkən tapdığı toxumlardan tək əkmiş, Mərahimin həmin işlə heç bir əlaqəsi olmamışdır. xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Ağzıbir kəndi yaxınlığında saxlanılaraq narkotik tərkibli bitkiləri əkdiyi yerə gətirilmiş, polis əməkdaşlarının təzyiqi ilə həmin narkotik tərkibli çətənə bitkisini həmkəndlisi Mərahim ilə birlikdə əkdiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının sonları may ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ilə birlikdə Ağdaş rayonu Aşağı Ləki kəndində su kanalının yaxınlığında yerdən tapdıqları qurudulmuş marixuana bükümünün içərisindən aşkar etdikləri 14 ədəd toxumu 2022-ci ilin aprel ayının sonları, may ayının əvvəllərində Ağdaş rayonu Aşağı Ləki kəndinin ərazisindən keçən Şirə kanalının yaxınlığında qamışlıq ərazidə əkərək müxtəlif vaxtlarda həmin toxumlara qulluq etmiş, ətraflarını təmizləmiş, həmçinin vaxtlı-vaxtında əkdikləri toxumları sulayaraq nəzarət etmişlər. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Ağdaş rayonu Aşağı Ləki kəndində narkotik tərkibli çətənə bitkilərini əkdikləri yerin yaxınlığında piyada gəzən zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək onların narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olduqlarını bildirərək həmin əraziyə baxış keçirəcəklərini bildirmişlər. Onlar polis əməkdaşlarına baxış keçirilməsinə etiraz etmədiklərini bildirdikdən sonra dəvət edilmiş aqronom-mütəxəssisin iştirakı ilə həmin əraziyə keçirilən baxış zamanı əkdikləri 14 ədəd çətənə kolları torpaqdan çıxarıldıqdan sonra qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Aşağı Ləki kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları kəndin ərazisində şirə kanalının yaxınlığında çöllük sahədə qanunsuz olaraq narkotik vasitələri əkib becərməsi barədə daxil olmuş məlumat əsasında saat 17 radələrində RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə Bəhruz və Mərahimin narkotik vasitələri əkib-becərməkdə şübhəli olduqları yerin yaxınlığına getmiş, həmin vaxt orada olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaxınlaşaraq narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə şübhəli olduqlarını və həmin əraziyə baxış keçirəcəklərini bildirmişlər. Mərahim və Bəhruz buna heç bir etirazlarının olmadığını bildirdikdən sonra dəvət edilmiş aqronom-mütəxəssis Arif Səmədovun iştirakı ilə torpaq sahəsinə keçirilən baxış zamanı 14 ədəd çətənə kolu aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Aqronom-mütəxəssis Arif Səmədov həmin kollara baxaraq aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, Mərahim və Ruslan da həmin çətənə kollarını şəxsi istifadələri üçün əkdiklərini qeyd etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14-15 radələrində “Pavilyon” adlanan yerdən Bakı şəhərinə yük vuran zaman polis əməkdaşları oraya gələrək həmin vaxt onunla birlikdə yük vuran Təqsirləndirilən şəxs2 Polis Şöbəsinə aparmış, gəlməmişdən qabaq Mərahimə zəng edərək harada olmasını soruşmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş X6 eyni məzmunlu ifadə verərək X3 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş rayon X12-Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/705 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 02(iki) ədəd sintetik kisənin içərisindəki, uzunluqları 80 sm-dən 200 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri – 6 kiloqram 210 qram olan 14 (on dörd) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Arif Səmədovun xx.xx.2022-ci il tarixli rəyinə əsasən çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1695 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1696 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 05 sentyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş videogörüntünün olduğu CDdiskdən görünür ki, Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisindən keçən “Şirə” su kanalının yaxınlığındakı torpaq sahəsində hündürlükləri 80 sm-dən 200 sm-ə qədər olan 14 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Cinayət işinə əlavə edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli məktublardan görünür ki, Ağdaş rayonu Aşağı Ləki kəndində yaşayan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X13n poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyillər. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Aşağı Ləki kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş rayonu Aşağı Ləki kəndində yaşamaqla himayəsində xx.xx.2013-cü ildə doğulmuş Ahu Nəbiyeva, xx.xx.2015-ci ildə doğulmuş Həmidə Nəbiyeva və xx.xx.2020-ci ildə doğulmuş Uveyis Nəbizadə adlı üç azyaşlı uşaqları vardır və yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Aşağı Ləki kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş rayonu Aşağı Ləki kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 1800-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 1815-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 237.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə tənqidi yanaşaraq onların Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkisini əkilməsində iştirak etməməsinə dair ifadələrini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, təqsirləndirilən şəxslər onlara qarşı qanunsuzluq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, videoçəkilişlə keçirilən baxış və müdafiəçilərinin iştirakı ilə aparılmış dindirmə zamanı narkotik tərkibli çətənə bitkisini birlikdə əkmələrini bildirmişlər. Həmçinin məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 hadisə yerində deyil, “Pavilyon” adlanan yerdə polis əməkdaşları tərəfindən saxlanmasını bildirsə də həmin hal narkotik tərkibli çətənə bitkisinin onun tərəfindən qanunsuz kultivasiya edilməsinə və onun məsuliyyətinə heç bir təsir göstərmir. Qeyd edilən cinayət əməlinin xüsusiyyəti şəxsin üzərindən hansısa narkotik vasitənin aşkar olunması ilə deyil, narkotik tərkibli çətənə bitkilərini əkdiyi və həmin bitkiyə yetişməsi üçün qulluq göstərdiyi andan bitmiş hesab edilir. Bundan başqa iş materiallarından görünür ki, şübhəli şəxs qismində tutularkən hər iki şəxsə eyni müdafiəçi verilsə də, məhkəmə tərkibi bu hissədə də təqsirləndirilən şəxslərin hüquqlarının pozulmaması qənaətinə gəlir. Belə ki, CPM-in 92.10.3-cü maddəsinə əsasən müdafiəçiyə təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduqda onlardan ikisini və daha çoxunu müdafiə etmək qadağandır. Lakin iş materiallarından görünür ki, şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 mənafeləri arasında ziddiyyət olmamış, sonradan təqsirləndirilən şəxs kimi cəlb olunmamışdan qabaq isə Təqsirləndirilən şəxs1 başqa müdafiəçi ilə təmin olunaraq onun müdafiə hüququ təmin edilmişdir. Təqsirləndirilən şəxs qismində digər müdafiəçinin iştirakı ilə ifadə verərkən də Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkisini Təqsirləndirilən şəxs2lə birlikdə əkdiyini bildirmişdir. Ona görə də məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə birlikdə narkotik tərkibli çətənə bitkisini əkməsi qənaətinə gələrək həmin maddə ilə məsuliyyət daşımalı olduğunu hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinin CM-in 237.2.1-ci maddəsinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və himayəsində üç azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in 237.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdırlar. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətlərinin başlanğıcı şübhəli şəxs kimi tutulduqları 05 sentyabr 2022-ci il tarixdən hesablanmalı, CM-in 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 51,06 AZN (əlli bir manat altı qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 25,53 AZN (iyirmi beş manat əlli üç qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 14 (on dörd) ədəd çətənə (kannabis) bitkiləri və baxış zamanı götürülmüş 01 ədəd bel, 01 ədəd vedrə və 01 ədəd plastmas su qabı məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 05 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 05 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 51,06 AZN (əlli bir manat altı qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 25,53 AZN (iyirmi beş manat əlli üç qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 14 (on dörd) ədəd çətənə (kannabis) bitkiləri və baxış zamanı götürülmüş 01 ədəd bel, 01 ədəd vedrə və 01 ədəd plastmas su qabı məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar