Məhkəmə qərarları › İş №1(091)-67/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-67/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-67/2024 25.01.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Ağsu rayonunun Kəndoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağsu Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ağsu rayonunun Kəndoba kəndində qeydiyyatda olmaqla həbs olunanadək ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə saat 21 radələrində Ağsu şəhəri, H.Aslanov küçəsində, tanışı Zərərçəkmiş şəxs ondan borcunu geri tələb etməsi səbəbindən aralarında borc münasibətləri zəminində yaranmış mübahisənin gedişində yumruqları ilə, eləcə də daşla qəsdən Zərərçəkmiş şəxs baş və sol baldır nahiyələrinə zərbələr vuraraq sonuncuya sol baldırın incik sümüyünün az yerdəyişmiş sınığı, sağ üz sinirinin travmatik nevropatiyası və sağ təbil pərdəsinin posttravmatik cırılması ilə müşayiət olunan sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər, eləcə də müştərək açıq kəllə beyin travması, baş beynin əzilməsi, pnevmosefaliya, sağ gicgah sümüyünün pullu hissəsinin kəllə əsasına keçən almacıq qövsünün az yerdəyişmiş sınıqları ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək və məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Ağsu şəhər sakini kimi tanımış, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 1-2 ay əvvəl Zərərçəkmiş şəxs həyətində istifadə etmək üçün nərdivan almış, lakin həmin vaxtlarda sonuncu Bakı şəhərində olduğundan və qeyd olunan vaxtdan bəri Zərərçəkmiş şəxsla rastlaşmadığından nərdivanı sonuncuya geri qaytara bilməmişdir. 23 iyun 2023-cü il tarixdə saat təxminən 21 radələrində yaşadığı Ağsu şəhəri, H.Aslanov küçəsində piyada hərəkətdə olan zaman Zərərçəkmiş şəxsla rastlaşmış və bu zaman sonuncunun sərxoş olmasını hiss etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun qarşısını kəsib onun tərəfindən aldadıldığını deyərək hər hansı səbəb olmadan onunla mübahisə etməyə başlamış, lakin sonuncu sərxoş olduğundan o, qeyd olunanlara məhəl qoymamağa və öz yoluna davam etməyə çalışmışdır. Buna baxmayaraq, Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətdiyi üçün o, yaxınlıqda olan Şahid2 səslənərək yaxınlaşmasını və Zərərçəkmiş şəxs oradan kənarlaşdırmasını xahiş etmiş, sonuncu isə onun xahişi ilə yaxınlaşaraq Zərərçəkmiş şəxs kənarlaşdırıb evlərinə aparmağa çalışmışdır. Zərərçəkmiş şəxs sərxoş olduğundan Şahid2 əhəmiyyət verməmiş və onunla mübahisəni davam etdirmişdir. Həmin vaxt aralarında olan mübahisə zamanı o, Şahid2 Zərərçəkmiş şəxs tutmasını görüb oradan uzaqlaşmaq istəyərkən qəflətən Zərərçəkmiş şəxs Şahid2 əlindən çıxdığını və ona tərəf qaçaraq gəldiyini görmüşdür. Həmin vaxt o, Zərərçəkmiş şəxs ondan əl çəkməsi üçün yerdən daş götürərək sonuncuya tərəf atmış, lakin hava qaranlıq olduğundan daşın Zərərçəkmiş şəxs dəyib-dəyməməsini görə bilməmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq zərbələri, habelə ayaq nahiyəsinə daşla zərbə vurmamış və sonuncunun ayağında olan xəsarət yerə yıxılması nəticəsində yaranmışdır. Bundan sonra Zərərçəkmiş şəxs artıq dayandığını və ona tərəf gəlmədiyini müəyyən etmiş, ardınca isə evinə tərəf getmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Ağsu şəhər sakini kimi tanımış, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 6-7 ay əvvəl Təqsirləndirilən şəxs ondan borc qismində, sonradan qaytarmaq şərtilə 50 manat məbləğində pul istəmiş, o, həmin məbləğdə pulu sonuncuya vermiş, lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs ona olan borcu qaytarmamış və qeyd olunan vaxtdan etibarən sonuncunu görməmişdir. 23 iyun 2023-cü il tarixdə saat 20 radələrində bibisinin oğlu Şahid4la Ağsu şəhərində yerləşən kafedə spirtli içki qəbul etmişlər və bundan sonra isə həmin yeri tərk edərək yaşadığı evləri istiqamətində piyada hərəkət etməyə başlamışlar. Birlikdə bir müddət hərəkət etdikdən sonra yaşayış yerləri fərqli olduğu üçün o, Şahid4 aralaşmış və yaşadığı ev istiqamətində hərəkət etməyə davam etmişdir. Həmin tarixdə saat 21 radələrində yaşadığı Ağsu şəhəri, H.Aslanov küçəsində piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxsla rastlaşmış və borc qismində verdiyi 50 manat məbləğində pulu almaq məqsədi ilə sonuncunu səsləmişdir. Təqsirləndirilən şəxs isə ona nalayiq ifadə ilə cavab verib çıxıb getməsini bildirmiş və bundan sonra o, sonuncuya tərəf getməyə başlamışdır. Təqsirləndirilən şəxs yaxınlaşdıqda sonuncu qəflətən əlləri ilə onun boğaz nahiyəsindən tutaraq ağız nahiyəsinə yumruq zərbəsi vurmuş, daha sonra o da əlləri ilə Təqsirləndirilən şəxs yaxasından yapışmış və borc qismində verdiyi pulu qaytarmasını tələb etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs evə gedib pulu gətirəcəyini bildirmiş, o da sonuncuya inanmış və yaxasını buraxmışdır. Bu zaman Təqsirləndirilən şəxs yerdən daş götürərək qəflətən onun sağ sifət nahiyəsinə vurmuş, zərbənin təsirindən qulağından və burnundan qan axmağa başlamış və huşunu itirib yerə yıxılmışdır. Bundan sonra orada olan Şahid2 ona yaxınlaşmış və səkidə əyləşməsinə köməklik göstərmişdir. Bu zaman Təqsirləndirilən şəxs yenidən ona tərəf gələrək əlindəki daşla onun sol baldır nahiyəsinə zərbə vurmuş, zərbənin təsirindən o, tamamilə huşunu itirmiş, gözlərini açdıqda isə yaşadığı evdə olması ona məlum olmuşdur. Daha sonra anası təcili tibbi yardım xidmətinə zəng etmiş və bir müddət sonra təcili tibbi yardım avtomobili gələrək onu xəstəxanaya aparmışdır. Hazırda Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Ağsu şəhər sakinləri kimi tanımışdır. 23 iyun 2023-cü il tarixdə saat 21 radələrində Ağsu şəhəri, H.Aslanov küçəsində piyada hərəkətdə olan zaman orada olan elektrik transformatorunun qarşısında iki nəfər şəxsin sözlə mübahisə etdiklərini görmüş və həmin şəxslərə yaxınlaşdıqda mübahisə edən şəxslərin Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəlcə sözlə mübahisə etsələr də sonradan mübahisə əlbəyaxa davaya çevrilmişdir. O, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs bir-birindən kənarlaşdırmağa çalışmış, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə vurmuş, lakin həmin vaxt arxası Təqsirləndirilən şəxs tərəf olduğundan sonuncunun Zərərçəkmiş şəxs nə ilə vurmasını görməmişdir. Zərbənin təsirindən Zərərçəkmiş şəxs huşsuz vəziyyətdə yerə yıxılmış və sifətindən və baş nahiyəsindən qan axmağa başlamışdır. O, Zərərçəkmiş şəxs kömək etməsini Təqsirləndirilən şəxs xahiş etsə də sonuncu həmin yerdən qaçıb uzaqlaşmışdır. Daha sonra yaxınlıqda bərbər işləyən Şahid3 yanına getmiş və oradan su götürüb sonuncu ilə birlikdə Zərərçəkmiş şəxs yanına qayıtmışdır. Daha sonra o, tanımadığı taksi fəaliyyəti ilə məşğul olan şəxsin avtomobili ilə Zərərçəkmiş şəxs yaşadığı evə aparmış və bundan sonra yaşadığı evə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Ağsu şəhər sakinləri kimi tanımışdır. 23 iyun 2023-cü il tarixdə saat 21 radələrində Ağsu şəhəri, H.Aslanov küçəsində yerləşən bərbərxanada olan zaman Şahid2 oraya gələrək Zərərçəkmiş şəxs səhhətinin yaxşı olmadığını, Təqsirləndirilən şəxsla dalaşdığını bildirmiş və ondan su istəmişdir. Daha sonra o, su götürmüş və Şahid2la birlikdə Zərərçəkmiş şəxs yanına getmişdir. Oraya çatdıqda Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə olduğunu və alın nahiyəsindən qan axdığını görmüşdür. Bundan sonra Şahid2 taksi çağırmaq üçün oradan uzaqlaşmış, o isə həmin yerdə qalmışdır. Daha sonra o, Zərərçəkmiş şəxs nə baş verdiyini soruşmuş, bu söhbətdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zərbə vurması ona məlum olmuşdur. Bir müddət sonra isə Şahid2 taksi fəaliyyəti ilə məşğul olan şəxsin avtomobili ilə oraya gəlmiş və Zərərçəkmiş şəxs həmin avtomobilə əyləşdirərək aparmışdır. Məhkəmə istintaqı zamanı ifadələri elan olunaraq tədqiq edilmiş Şahid1 və Şahid4 məhkəməyədək icraat zamanı verdikləri ifadələrində Şahid3 ifadəsinə uyğun ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağsu Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 23 iyun 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 21:33-də Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş Şahid1 tərəfindən Ağsu Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 23 iyun 2023-cü il tarixli ərizədən görünür ki, o, oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsi və oğlunun xəsarət alması barədə məlumat verərək sonuncunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağsu Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 23 iyun 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 23:40-da “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən Ağsu RPŞ-yə Zərərçəkmiş şəxs “başın təpə, gicgah nahiyələrinin əzilmiş, qulaq qanaxması, sol incik sümüyünün yuxarı 1/3-nin qapalı sınığı” xəsarətlərini alması ilə bağlı məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağsu Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 24 iyun 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 22:20-də “1 nömrəli Şəhər Poliklinikasından Ağsu RPŞ-yə Zərərçəkmiş şəxs “qapalı kəllə-beyin travması, baldır sümüyünün yerdəyişmiş sınığı” xəsarətlərini alması ilə bağlı məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 29 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Ağsu şəhəri, H.Aslanov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişdiyi yerdir. Baxış keçirilən zaman iş üçün əhəmiyyətli hər hansı hal aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 01 iyul 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə vaxtı Zərərçəkmiş şəxs döyməsi, həmin vaxt orada Şahid2 olması və kənar şəxslərin olmaması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 07 iyul 2023-cü il tarixli 116 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı onda “müştərək açıq kəllə beyin travması, baş beynin əzilməsi, pnevmosefaliya, sağ gicgah sümüyünün pullu hissəsinin kəllə əsasına keçən almacıq qövsünün az yerdəyişmiş sınıqları” diaqnozu ilə, 23 iyun 2023-cü il tarixdə küt-bərk əşyanın (əşyaların) təsirindən törənmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, habelə “sol baldırın incik sümüyünün az yerdəyişmiş sınığı, sağ üz sinirinin travmatik nevropatiyası və sağ təbil pərdəsinin posttravmatik cırılması” diaqnozu ilə, 23 iyun 2023-cü il tarixdə küt-bərk əşyanın (əşyaların) təsirindən törənmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 29 iyul 2023-cü il tarixli 2087 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar, hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, o, əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. O, qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir, onda hal-hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. O, törətmiş olduğu əməli düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 04 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 126.2.4 və 221-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 22 iyul 2023-cü il tarixli PHŞ-6-25/2-538/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında yoxdur, lakin narkomaniya xəstəliyinə görə Narkoloji kabinetdə qeydiyyatdadır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirib CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində mübahisə vaxtı Zərərçəkmiş şəxs Şahid2 əlindən çıxdığını və ona tərəf qaçaraq gəldiyini gördüyünü, Zərərçəkmiş şəxs ondan əl çəkməsi üçün yerdən daş götürərək sonuncuya tərəf atdığını, hava qaranlıq olduğundan daşın Zərərçəkmiş şəxs dəyib-dəyməməsini görə bilmədiyini, mübahisə vaxtı Zərərçəkmiş şəxs yumruq zərbələri, habelə ayaq nahiyəsinə daşla zərbə vurmadığını və sonuncunun ayağında olan xəsarətin yerə yıxılması nəticəsində yarandığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, Zərərçəkmiş şəxs ifadəsi ilə də Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi həmin xüsusatlar təkzib olunmuşdur. Həmçinin ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla aralarında üzləşdirmə aparılan zaman ifadəsində qeyd etdiyi xüsusatları sonuncunun üzünə demişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs mübahisə vaxtı Zərərçəkmiş şəxs yumruq zərbələri, habelə ayaq nahiyəsinə daşla zərbə vurmaması və sonuncunun ayağında aşkar olunmuş xəsarətin yaranma səbəbi ilə bağlı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünümüdafiə xarakterli ifadə hesab edir. Əksinə zərərçəkmiş şəxsin ifadəsinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb birinin digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadəni və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadənin və digər sübutların təşkil etdiyini qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsifi düzgün hesab edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, ittiham aktında Təqsirləndirilən şəxs yenidən cinayət törətməsinin cinayətin resdivi hesab olunması və CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal olması qeyd edilmişdir. Halbuki CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, cinayət işinin materiallarında olan tələbnamədən və Ağsu Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Ağsu Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli hökmünə əsasən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək o, cəzasını çəkib qurtarmasa da azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edildiyindən və onun sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmadığından göstərilən hal CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamışdır, yaşayış yeri üzrə mənfi səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Ağsu Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli hökmünün surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağsu Rayon İcra və Probasiya Şöbəsinin 24 yanvar 2024-cü il tarixli 031/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Ağsu Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli hökmünə əsasən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm və hökmün icrası barədə göstəriş Ağsu Rayon İcra və Probasiya Şöbəsinə 31 avqust 2023-cü il tarixdə daxil olmuş, Təqsirləndirilən şəxs artıq başqa cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu və Ağsu Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçildiyi üçün Təqsirləndirilən şəxs məhkum olunduğu azadlığın məhdudlaşdırılması cəzanı çəkməmişdir və onun cəzasının çəkilməmiş hissəsi 01 il 11 ay 26 gün təşkil edir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək o, cəzasını çəkib qurtarmasa da azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edildiyindən onun sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal, CM-in 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 126.1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 15 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağsu Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 15 iyul 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 15 iyul 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Həmçinin CM-in 66.5-ci maddəsinə əsasən Ağsu Rayon Məhkəməsinin 27 iyul 2023cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası CM-in 68-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən olunaraq hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməlidir . Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına zərurət yoxdur. Həmçinin məhkəmə cinayət işinin materialarında olan “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə mülki iddia verilməmişdir. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağsu Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən olunaraq hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 15 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar