Məhkəmə qərarları › İş №1(091)-68/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-68/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-68/2021 26.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, xx xxxxxx 1986-cı il tarixdə Balakən rayonunun Talalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonunun Talalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X2 Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayında Rusiya Federasiyasından gətirdiyi 20 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını Balakən rayonunun Talalar kəndində yerləşən yaşadığı evdə gizlətməklə saxlamış, əldə etdiyi həmin 20 ədəd toxumları 2020-ci ilin aprel ayında Balakən rayonunun Talalar kəndində yerləşən atasına məxsus olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qəsdən qanunsuz olaraq əkərək külli miqdarda - 20 (iyirmi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin 20 (iyirmi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və polis əməkdaşları tərəfindən kökündən çıxarılarkən həmin bitkilərin sınıb-qırılmış, hazırda 4 kiloqram 350 qram çəkidə olan 27 ədəd hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş və göstərmişdir ki, özü ilə Rusiya Federasiyasından gətirdiyi çətənə bitkilərinin toxumlarını atasına məxsus Balakən rayonunun Talalar kəndində yerləşən fərdi evin həyətyanı torpaq sahəsində əkmişdir. Həmin toxumları əkdikdən sonra onları suvarmış, diblərini alaq otlarından təmizləmiş və yaxşı inkişaf etmələri üçün gübrə kimi diblərinə mal peyini vermişdir. Etdiyi qulluq nəticəsində 20 ədəd narkotik tərkibli çətənə bitkisi cücərərək böyümüşdür. xx.xx.2020-ci il tarixdə axşam vaxtı Balakən rayonunun Talalar kəndindəki atası evində olduğu zaman polis əməkdaşları ora gələrək onu çağırmışlar. Yola çıxdığı zaman polis əməkdaşları ona evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirmişlər. Həyətində narkotik vasitə olan çətənə bitkilərini əkibəkmədiyini ondan soruşduqda polis əməkdaşlarına narkotik vasitə olan çətənə bitkilərini həyətində əkdiyini bildirmişdir. Polis əməkdaşları ondan yaşadığı həyətə baxış keçirmək üçün icazə istəmişlər. Onun razılığı və iştirakı ilə polis əməkdaşları yaşadığı atasına məxsus evin həyətyanı torpaq sahəsinə baxış keçirmişlər. Baxışda polis əməkdaşlarından başqa mütəxəssis kimi dəvət edilmiş aqronom da iştirak etmişdir. Polis əməkdaşlarına narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Mütəxəssis aqronom həmin bitkilərə baxaraq onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Çətənə bitkiləri kökündən çıxarılaraq polis əməkdaşları tərəfindən sintetik kisələrə doldurulub qablaşdırılaraq götürülmüşdür. Həmçinin həmin bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılan zaman bitkilərin üzərindən qırılıb tökülmüş budaqları da polis əməkdaşları tərəfindən ayrıca sintetik kisələrə doldurularaq götürülmüşdür. Hazırda əməlindən peşmandır, iki azyaşlı uşağının olması nəzərə alınmaqla barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə Balakən rayonunun Talalar kənd sakini Təqsirləndirilən şəxs Balakən rayonunun Talalar kəndində yerləşən evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə ona məlumat daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə axşam saat 20 radələrində Balakən rayonunun Talalar kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evinə və həyətyanı torpaq sahəsinə baxış keçirmək üçün polis əməkdaşları və mütəxəssis-aqronomla birlikdə onun yaşadığı ünvana getmişlər. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bidirmiş və bu barədə ərizə yazaraq təhqiqatçıya təqdim etmişdir. Baxış başlamazdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində hər hansı bir qanunsuz əşya və ya narkotik tərkibli bitkilərin olub-olmaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs həyətində narkotik-çətənə kollarını əkdiyini bildirərək həmin yeri göstərə biləcəyini demişdir. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilmiş və baxış zamanı həyətyanı sahənin dirrik hissəsində narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Narkotik tərkibli çətənə bitkilərinə oxşar həmin bitkilər payalardan ayrılaraq kökündən çıxarılaraq sayılmışdır. Cəmi 20 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olmuşdur. Narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər kökündən çıxarılan zaman həmin bitkilərin hissələri - budaqları qırılmışdır. Həmin bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılandan sonra kənara daşınmışdır. Kənara daşıdıqları zaman da qeyd edilən bitkilərin hissələri qırılıb tökülmüşdür. Aşkar olunmuş 20 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər də sintetik kisələrə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, Balakən rayonunun Talalar kəndində yerləşən Təqsirləndirilən şəxs evinə polis əməkdaşları ilə birlikdə keçirilmiş baxışda mütəxəssis-aqronom qismində iştirak etmiş, baxış zamanı həyətyanı sahənin dirrik hissəsində narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri 2020-ci ilin aprel ayının axırlarında özü istifadə etmək məqsədi ilə əkdiyini bildirmişdir. Bitkilərə baxış keçirdikdə onların diblərinin alaq otlarından təmizləndiyini, yumşaldıldığını, suvarıldığını, diblərinə payalar basdırılaraq bitkilərin həmin payalara iplə bağlandığını, bitkilərə aqrotexniki qulluq göstərildiyini müəyyən etmişdir. Bu barədə rəy yazaraq polis əməkdaşlarına təqdim etmişdir. Narkotik tərkibli çətənə bitkilərinə oxşar həmin bitkilər payalardan ayrılaraq kökündən çıxarılaraq sayılmışdır. Cəmi 20 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olmuşdur. Narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər kökündən çıxarılan zaman həmin bitkilərin ağırlığından hissələri - budaqları qırılmışdır. Həmin bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılandan sonra kənara daşınmışdır. Kənara daşınan zaman da qeyd edilən bitkilərin hissələri qırılıb tökülmüşdür. Həmin bitkilərin özləri və üzərindən qırılıb yerə tökülmüş hissələri sintetik kisələrə doldurularaq qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı Şahid6 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və Şahid6 Şahid2 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, Balakən Rayon Polis Şöbəsinə Balakən rayonunun Talalar kənd sakini Təqsirləndirilən şəxs Balakən rayonunun Talalar kəndində yerləşən evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərdiyi barədə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 03) Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı Balakən rayonunun Talalar kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (cild 01, iş vər. 8) Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, aqronomun və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə sonuncunun yaşadığı Balakən rayonunun Talalar kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilərkən külli miqdarda, cəmi 20 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin kolları, həmçinin polis əməkdaşları tərəfindən həmin bitkilər kökündən çıxarılarkən sınıb-qırılmış 4 kiloqram 350 qram çəkidə olan 27 ədəd hissələri aşkar edilərək götürülmüşdür. Baxışın keçirilməsini əks etdirən 04 ədəd CD disk protokola əlavə edilmişdir. (cild 01, iş vər. 9-16) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonunun Talalar kəndində yerləşən evinin həyətyanı sahəsindən aşkar edilmiş 20 ədəd yaşıl bitkilər ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli çətənə kollarıdır. (cild 01, iş vər. 12) Cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 17/533 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş hər birinin üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş...” sözləri yazılmış 06 (altı) sintetik kisələrin içərisindəki hündürlükləri 280 sm.-dən 363 sm.-dək, ümumi təmiz çəkiləri - 645 kiloqram 250 qram olan 20 (iyirmi) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş hər birinin üzərinə yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş... bitki hissələri” sözləri yazılmış 03 (üç) ədəd sintetik kisələrin içərisindəki ümumi təmiz çəkiləri - 14 kiloqram 150 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş 20 (iyirmi) ədəd çətənə bitkiləri və qurudulmamış marixuanalar tərkiblərinə görə eynidirlər. Aqronom mütəxəssis Şahid7 xx xxxxxxxx 2020-ci il tarixli rəyinə əsasən 20 (iyirmi) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. (cild 01, iş vər. 36-39) Cinayət işinin materiallarında olan əlavə məhkəmə bioloji ekspertizasının 09 oktyabr 2020-ci il tarixli 17/567 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş hər birinin üzərinə yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş ... bitki hissələri” sözləri yazılmış 03 (üç) ədəd sintetik kisələrin içərisindəki ümumi təmiz çəkiləri 4 kiloqram 350 qram olan 27 (iyirmi yeddi) ədəd bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələridir. Tədqiqata təqdim olunmuş 20 (iyirmi) tədəd çətənə bitkiləri və 27 (iyirmi yeddi) ədəd çətənə bitkisinin hissələri tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 131-134 Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 839 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 121) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış, doğum haqqında şəhadətnamələrin surətindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri (arvadı və xx.xx.2010-cu il və xx.xx.2014-cü il təvəllüdlü iki azyaşlı uşağı) ilə birlikdə Balakən rayonunun Talalar kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 87-89,153-154) Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 90) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, səmimi peşmançılığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən əməlin ictimai təhlükəliliyini, təyin olunacaq cəzanın onun ailəsinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “şübhəli şəxsi tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 25) Cinayət işinin materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 71-73) Məhkəmə kollegiyası qeyd edir ki, şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət Təqsirləndirilən şəxs cəzasına hesablanmalı, cəzanın başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 839 nömrəli rəyində göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş ümumi təmiz çəkisi 645 kiloqram 250 qram olan külli miqdarda - 20 (iyirmi) ədəd - narkotik tərkibli çətənə (kannabis) bitkiləri və polis əməkdaşları tərəfindən kökündən çıxarılarkən həmin bitkilərin sınıb-qırılmış, hazırda 4 kiloqram 350 qram çəkidə olan 27 ədəd hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 4 ədəd DVD diskin cinayət işinin materiallarında olması nəzərə alınmalıdır. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə barəsində narkomaniya xəstəliyindən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş ümumi təmiz çəkisi 645 kiloqram 250 qram olan külli miqdarda - 20 (iyirmi) ədəd - narkotik tərkibli çətənə (kannabis) bitkiləri və polis əməkdaşları tərəfindən kökündən çıxarılarkən həmin bitkilərin sınıb-qırılmış, hazırda 4 kiloqram 350 qram çəkidə olan 27 ədəd hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 4 ədəd DVD diskin cinayət işinin materiallarında olması nəzərə alınsın. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X2 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar