Məhkəmə qərarları › İş №1(091)-68/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-68/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-68/2025 24.07.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Yevlax Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 07 avqust 1993-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Yevlax rayonunun Nərimanabad kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının psixotrop maddələrə aid olan İİ Siyahısının 118-ci bəndinə əsasən, külli miqdarda, yəni dörd ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,761 qram, 0,706 qram, 0,679 və 0,516 qram olmaqla, ümumi təmiz çəkisi 2,662 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, daşıyaraq üzərində saxlamış, 21 may 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin tarixdə Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Heydər Əliyev adına istirahət parkının yaxınlığında saxlanılaraq Şəki şəhəri, X8 prospekti, 471 ünvanında yerləşən Şəki Şəhər- Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 23:10 dəqiqədən başlayaraq üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol arxa cibindən qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan əldə edib daşıyaraq üzərində saxladığı külli miqdarda, yəni dörd ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,761 qram, 0,706 qram, 0,679 və 0,516 qram olmaqla, ümumi təmiz çəkisi 2,662 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Vətən müharibəsində iştirak etmiş və Ağdam rayonunun azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Vətən müharibəsində baş nahiyəsindən travma almış, bədənində, baldır nahiyəsində və əlində qəlpə yaraları olmuşdur. Travma ilə bağlı sakitləşdirici qismində narkotik vasitə marixuanadan istifadə etmiş, lakin psixotrop maddələrdən istifadə etməmişdir. Narkotik vasitə və psixotrop maddələrlə bağlı hər hansı şəxslə yazışmamış, mobil telefonunda “Cavid 1” kimi qeydə aldığı +98-***-***-**-** mobil telefon nömrəsi İran İslam Respublikasının vətəndaşına məxsus olmuş, həmin şəxs onun mobil telefon nömrəsini internet şəbəkəsi vasitəsilə əldə edib ona zəng etmiş, qeyd olunan şəxslə əvvəllər danışsa da uzun müddətdir əlaqə saxlamamış və göstərilən şəxsdən narkotik vasitə və ya psixotrop maddə almamışdır. Feruz adlı şəxs onun həmkəndlisi olmuş, sonuncu ilə “WhatsApp” tətbiqi vasitəsilə yazışmış, lakin aralarında narkotik vasitə və ya psixotrop maddə ilə bağlı yazışma olmamışdır. Feruz adlı şəxsin ondan narkotik vasitə və ya psixotrop maddə istəməsi ilə bağlı yazdığı mesajları xatırlamır, həmin mesajların yazıla biləcəyini güman edir, lakin o, qeyd olunan şəxsə onda narkotik vasitənin və ya psixotrop maddənin olmadığını və narkotik vasitəni və ya psixotrop maddəni tapa bilməyəcəyini demiş, sonuncuya narkotik vasitə və ya psixotrop maddə verməmiş və narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni və ya psixotrop maddəni tapacağına dair mesajı belə məqsədi olmadan yazmış, bununla bağlı hər hansı şəxslə danışmağı planlaşdırmamış və təsir-təzyiqə məruz qaldığı üçün ifadəsinə oxumadan imza etmişdir. Feruz adlı şəxsə 10 manat dəyərində olan narkotik vasitəni pay verməsi səs yazısında olmamış və müstəntiq həmin hissəni özündən uydurub yazmışdır. Gəzmək məqsədilə Şəki şəhərinin ərazisinə getmiş və həmin vaxt üzərində psixotrop maddə metamfetamin olmamışdır. Orada olarkən saat 16:00-17:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış və orada olarkən iki gün müddətində polis əməkdaşları Şahid3, Şahid1, Şahid4 və digər polis əməkdaşları tərəfindən baş və ayaq nahiyələrinə zərbələr vurularaq ona qarşı zor tətbiq olunduğu, rezin dəyənəklə döyüldüyü və əynində olan paltarlar çıxarılaraq ona qarşı əxlaqsız hərəkətlər edildiyi üçün polis əməkdaşları tərəfindən ona təqdim olunmuş psixotrop maddə metamfetaminin ona məxsus olması və həmin psixotrop maddəni İran İslam Respublikasının vətəndaşından alması barədə ifadə vermək məcburiyyətində qalmış, lakin ona qarşı edilmiş qanunsuz hərəkətlərlə bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etməmişdir. Habelə X3 qəbul olunan zaman müayinə olunmuş, bu zaman bədəni üzərində xəsarətlər aşkar olunmuş və o, həmin xəsarətlərin polis şöbəsində döyülməsi nəticəsində yarandığını qeyd etmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, təxminən bir ilə yaxındır psixotrop maddə metamfetamindən istifadə edir. Təxminən 3-4 ay əvvəl “İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin və psixotrop maddələrin fotoşəkilləri olan səhifəni görüb həmin səhifəyə daxil olmuş, qeyd olunan İran İslam Respublikasına aid olan mobil telefon nömrəsini götürmüş və “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxlamağa başlamışdır. Həmin şəxs ona adının Cavid olduğunu demiş, bu səbəbdən də o, qeyd olunan şəxsin nömrəsini “Cavid 1” kimi qeydiyyata almışdır. O, Cavid adlı şəxslə əlaqə saxlayan zaman metamfetamini hansı qiymətə satdığını soruşmuş, sonuncu isə bir qram metamfetamini 50 manat pulun müqabilində satdığını bildirmişdir. O, tutulmamışdan təxminən 3-4 gün əvvəl Cavid adlı şəxslə danışıb təxminən 2-3 qram metamfetamin almaq istədiyini bildirmiş, sonuncu isə bunun müqabilində ondan 150 manat pul istəmişdir. Daha sonra həmin şəxs onun istifadəsində olan mobil telefona plastik bank kartının nömrəsi göndərmiş, pulu həmin plastik bank kartının hesabına köçürməsini və matetamfetamini Bakı şəhərindən götürə biləcəyini demişdir. O, həmin tarixdə Bakı şəhərinə getmiş və orada olarkən küçədə qoyulmuş “eManat” ödəniş terminalı vasitəsilə Cavid adlı şəxsin ona göndərdiyi plastik bank kartının hesabına 150 manat pul köçürmüş, bundan sonra isə Cavid adlı şəxs onun istifadəsində olan mobil telefona koordinatları göndərmişdir. O, həmin koordinat vasitəsilə Bakı şəhərindən bir qədər kənarda kənd ərazisinə bənzəyən yerə gedib evlərin arasında qoyulmuş mişar daşının alt hissəsindən 04 ədəd selofan bükülülərdə olan metamfetamini götürmüş və Yevlax rayonuna qayıtmışdır. O, həmin metamfetaminin üstündən bir qədər götürüb özü istifadə etmiş, qalan metamfetamini isə əynində olan şalvarın arxa cibində saxlamışdır. 21 may 2024-cü il tarixdə əmisi Şahid5 və sonuncunun oğlu Murad Quluzadə ilə birlikdə əmisinin idarə etdiyi “VAZ 2104” markalı avtomobillə gəzmək üçün Şəki şəhərinə getmişlər və şəhərə daxil olub bir qədər hərəkət etdikdən yolun kənarında yerləşən parkın yaxınlığına çatıb avtomobili saxlamışlar. Daha sonra avtomobildən düşmüşlər, təxminən 5-10 dəqiqə dayandıqdan sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək ona narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirmişlər və onu Şəki Şəhər-Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə getmişdir. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli şalvarın arxa sol cibindən Bakı şəhərində aldığı bir ədəd şəffaf rəngli bükülünün içərisində olan 04 ədəd xırda bükülülərdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. O, həmin sellofan bükülülərin içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddə metamfetamini özü istifadə etmək üçün İran İslam Respublikasının vətəndaşından alaraq üzərində saxladığını bildirmişdir. Heç vaxt heç kəsə narkotik vasitə və ya psixotrop maddə satmamış, pay verməmiş, lakin bir dəfə Yevlax rayonunun Nemətabad kəndində yaşayan Feruz adlı şəxsə istifadə etmək üçün narkotik vasitə marixuananı pay vermişdir. “İnstagram” sosial şəbəkəsi vasitəsilə həmin şəxslə əlaqə saxlamış, lakin mobil telefonunda tez-tez yenilənmə getdiyinə görə həmin “İnstagram” səhifəsi silinmişdir. O, psixotrop maddəni götürdükdən sonra həmin koordinat “WhatsApp” tətbiqindən Cavid adlı şəxs tərəfindən, habelə kənar şəxslərin görməməsi üçün Cavid adlı şəxslə onun arasında olan yazışma isə “WhatsApp” tətbiqindən onun özü tərəfindən silinmişdir. O, Cavid adlı şəxsə göndərdiyi 150 manat məbləğində pulun qəbzini tullamış, həmin pulu göndərdiyi plastik bank kartının nömrəsi isə xatirində qalmamışdır. Daha sonra psixotrop maddələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs Şəki şəhərinin ərazisində narkotik vasitələri və psixotrop maddələri qəbul etməsi, saxlaması və satması barədə 21 may 2024-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30 radələrində Şəki şəhəri, Salman Mumtaz küçəsində yerləşən Heydər Əliyev adına istirahət parkında saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli şalvarın arxa sol cibindən Bakı şəhərində aldığı bir ədəd şəffaf rəngli bükülünün içərisində olan 04 ədəd xırda bükülülərdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin sellofan bükülülərin içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddə metamfetamini özü istifadə etmək üçün İran İslam Respublikasının vətəndaşından alaraq üzərində saxladığını bildirmişdir. Daha sonra psixotrop maddələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1la eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşının oğludur. 21 may 2024-cü il tarixdə oğlu Murad Quluzadə və qardaşının oğlu Təqsirləndirilən şəxslə birlikdə onun idarə etdiyi “VAZ 2104” markalı avtomobillə gəzmək üçün Şəki şəhərinə getmişlər və şəhərə daxil olub bir qədər hərəkət etdikdən yolun kənarında yerləşən parkın yaxınlığına çatıb avtomobili saxlamışlar. Daha sonra avtomobildən düşmüşlər, təxminən 5-10 dəqiqə dayandıqdan sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirmişlər və onu Şəki Şəhər-Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Şəki Şəhər- Rayon Polis Şöbəsinə getmişdir. Həmin vaxt onun oğlu Murad Quluzadə və Təqsirləndirilən şəxs də Polis Şöbəsinə aparmışlar. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, lakin üzərinən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində psixotrop maddənin aşkar olunması səbəbindən sonuncunun tutulması ona məlum olmuş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni haradan və kimdən əldə etməsi və vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olub-olmaması barədə onun hər hansı məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 may 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs Şəki şəhərinin ərazisində narkotik vasitələri və psixotrop maddələri qəbul etməsi, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 21 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 may 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 21 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli şalvarın arxa sol cibindən bir ədəd şəffaf rəngli bükülünün içərisində olan 04 ədəd xırda bükülülərdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Şəxsi axtarış aparılmasının və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 22 may 2024-cü il tarixli 3-16-16-2-17/467 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut...” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 04 (ədəd) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,761 qram, 0,706 qram, 0,679 qram və 0,516 qram olmaqla, ümumi təmiz çəkisi 2,662 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qeyd olunan maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 05 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi “Honor” markalı mobil telefonda 050 ***-**-** və 070 ***-**-** mobil telefon nömrələri olmuşdur. 051 ***-**-** mobil telefon nömrəsinin sahibi Feruz adlı şəxsi işlədiyi müddətdə tanımışdır, “Cavid 1” adı ilə qeyd olunmuş +98-***-***- **-** mobil telefon nömrəsinin sahibi Cavid isə İran İslam Respublikasının vətəndaşıdır və üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini həmin Cavid adlı şəxsdən almışdır. Mobil telefonun “WhatsApp” tətbiqndə “Feruz Sim” adı ilə qeyd olunmuş 051 ***- **-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə “bir baş şey tapmaq olar, kimdən tapmaq olar, qonağım var” məzmunda səsli mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsindən həmin şəxsin istifadəsində olan mobil telefon nömrəsinə “birmirəm axı, mən danışdığım adamda bir dənə olmur” məzmunlu mesaj göndərilmişdir. Daha sonra Feruz adlı şəxsin istifadəsində olan mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə “bir dənə lazımdır, pul yoxdur, uşaqlara dedim, dedilər bir dənəsini götürüb çəkək, hardadı pul, onca manat pul var” məzmunlu mesaj göndərilmiş, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsindən həmin şəxsin istifadəsində olan mobil telefon nömrəsinə “yox qaqa, qoy görüb danışım, dəqiq söhbət deyil” məzmunlu mesaj göndərilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin danışıq zamanı Feruz adlı şəxsin ondan bir dəfə istifadə etmək üçün 10 manat dəyərində narkotik vasitə marixuana istədiyini, özünün Feruz adlı şəxsə danışdığı adamda bir dənə narkotik vasitə marixuananın olmadığını dediyini, daha sonra Feruz adlı şəxsin ona 10 manat pulu olduğunu və pula uyğun narkotik vasitə marixuana istədiyini bildirdiyini və bir dəfə Feruz adlı şəxsə bir büküm narkotik vasitə marixuananı pay kimi verdiyini qeyd etmişdir. Lakin müvafiq səsli mesajlar diskə köçürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 19 iyul 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs nə vaxtdan narkotik vasitə və psixotrop maddə qəbul etməsini, qəbul etdiyi narkotik vasitə və psixotrop maddəni haradan və kimdən əldə etməsini, narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmasını, Cavid adlı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 228.4 və 234.4.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının psixotrop maddələrə aid olan İİ Siyahısının 118-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 400 qramdan az çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 21 may 2024-cü il tarixdə Şəki Şəhər-Rayon Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs Şəki şəhərinin ərazisində narkotik vasitələri və psixotrop maddələri qəbul etməsi, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 21 may 2024-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb psixotrop maddələrin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək psixotrop maddə metamfetamini qanunsuz əldə etdiyini, saxladığını və daşıdığını, lakin satmaq məqsədinin olmadığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Vətən müharibəsində iştirak etdiyini, Ağdam rayonunun azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyini, Vətən müharibəsində baş nahiyəsindən travma aldığını, bədənində, baldır nahiyəsində və əlində qəlpə yaralarının olduğunu, travma ilə bağlı sakitləşdirici qismində narkotik vasitə marixuanadan istifadə etdiyini, lakin psixotrop maddələrdən istifadə etmədiyini, narkotik vasitə və psixotrop maddələrlə bağlı hər hansı şəxslə yazışmadığını, mobil telefonunda “Cavid 1” kimi qeydə aldığı +98-***-***-**-** mobil telefon nömrəsinin İran İslam Respublikasının vətəndaşına məxsus olduğunu, həmin şəxsin onun mobil telefon nömrəsini internet şəbəkəsi vasitəsilə əldə edib ona zəng etdiyini, qeyd olunan şəxslə əvvəllər danışsa da uzun müddətdir əlaqə saxlamadığını, göstərilən şəxsdən narkotik vasitə və ya psixotrop maddə almadığını, Feruz adlı şəxsin onun həmkəndlisi olduğunu, sonuncu ilə “WhatsApp” tətbiqi vasitəsilə yazışdığını, lakin aralarında narkotik vasitə və ya psixotrop maddə ilə bağlı yazışmanın olmadığını, Feruz adlı şəxsin ondan narkotik vasitə və ya psixotrop maddə istəməsi ilə bağlı yazdığı mesajları xatırlamadığını, həmin mesajların yazıla biləcəyini güman etdiyini, lakin qeyd olunan şəxsə onda narkotik vasitənin və ya psixotrop maddənin olmadığını və narkotik vasitəni və ya psixotrop maddəni tapa bilməyəcəyini dediyini, sonuncuya narkotik vasitə və ya psixotrop maddə vermədiyini, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitəni və ya psixotrop maddəni tapacağına dair mesajı belə məqsədi olmadan yazdığını, bununla bağlı hər hansı şəxslə danışmağı planlaşdırmadığını, təsir-təzyiqə məruz qaldığı üçün ifadəsinə oxumadan imza etdiyini, Feruz adlı şəxsə 10 manat dəyərində olan narkotik vasitəni pay verməsinin səs yazısında olmadığını, müstəntiqin həmin hissəni özündən uydurub yazdığını, gəzmək məqsədilə Şəki şəhərinin ərazisinə getdiyini, həmin vaxt üzərində psixotrop maddə metamfetaminin olmadığını, orada olarkən saat 16:00-17:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldığını, orada olarkən iki gün müddətində polis əməkdaşları Şahid3, Şahid1, Şahid4 və digər polis əməkdaşları tərəfindən baş və ayaq nahiyələrinə zərbələr vurularaq ona qarşı zor tətbiq olunduğu, rezin dəyənəklə döyüldüyü və əynində olan paltarlar çıxarılaraq ona qarşı əxlaqsız hərəkətlər edildiyi üçün polis əməkdaşları tərəfindən ona təqdim olunmuş psixotrop maddə metamfetaminin ona məxsus olması və həmin psixotrop maddəni İran İslam Respublikasının vətəndaşından alması barədə ifadə vermək məcburiyyətində qaldığını, ona qarşı edilmiş qanunsuz hərəkətlərlə bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etmədiyini, X3 qəbul olunan zaman müayinə olunduğunu, bu zaman bədəni üzərində xəsarətlərin aşkar olunduğunu və həmin xəsarətlərin polis şöbəsində döyülməsi nəticəsində yarandığını dediyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və psixotrop maddələrin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Həmçinin ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Şəhər-Rayon Polis Şöbəsinə 21 may 2024-cü il tarixdə saat 21:15-də gətirilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Şəhər-Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarəti aşkar edilmişdir. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X3 qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində “sağ əlin üst nahiyəsində, sol baldırın ön səthində 01 ədəd qəlpə yaralanması, köhnə çapıq toxuma” xəsarətləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində qeyd olunan xəsarətlərin Vətən müharibəsində iştirak edən zaman qəlpələrin dəyməsi nəticəsində yarandığını qeyd etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs bədəni üzərində polis əməkdaşları tərəfindən yetirilməyə xarakterik və polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta uyğun hər hansı xəsarət aşkar olunmamış, X3 qəbul olunan zaman onun bədən səthində aşkar olunmuş “sağ əlin üst nahiyəsində, sol baldırın ön səthində 01 ədəd qəlpə yaralanması, köhnə çapıq toxuma” xəsarətləri isə tutulmamışdan əvvəl Vətən müharibəsində iştirak edən zaman qəlpələrin dəyməsi nəticəsində aldığı xəsarətlər olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “sağ əlin üst nahiyəsində, sol baldırın ön səthində 01 ədəd qəlpə yaralanması, köhnə çapıq toxuma” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Bundan savayı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman o, üzərindən aşkar olunmuş 03 qram psixotrop maddəni bir neçə gün əvvəl Bakı şəhərində tanış olduğu şəxslə mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlayıb ödəniş terminalından 150 manat pulu hesabına köçürüb internet şəbəkəsi vasitəsilə göndərdiyi yerdən götürməklə əldə etdiyini, üzərindən təxminən 2 dəfə götürüb istifadə etdiyini, qalan hissəsini isə özü istifadə etmək məqsədilə üzərində saxladığını və satmaq niyyətinin olmadığını bildirmişdir. Bunlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12 iyul 2024-cü il tarixli 1196 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə olunarkən həkimə 3-4 dəfə psixotrop maddə metamfetamindən istifadə etdiyini, narkotik vasitədən istifadə etdiyini və aşkar edilən psixotrop maddələri tapdığını etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddələri əldə edərkən, daşıyarkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı, yəni Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddələri məhz satış məqsədi ilə əldə etməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə yanlış olmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən 04 ədəd sellofan bükümdə külli miqdarda, yəni 2,662 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sözügedən psixotrop maddələrin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, həmin psixotrop maddələrin bir neçə bükümdə olmasına baxmayaraq, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün psixotrop maddə metamfetamindən istifadə etməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 2,662 qram çəkidə psixotrop maddə metamfetamin satış məqsədi olmadan əldə olunaraq saxlanılmışdır. Habelə məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamış, onların bu xüsusatla bağlı verdiyi ifadələr ehtimallara əsaslanmışdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş polis əməkdaşı Şahid1 tərəfindən tərtib olunmuş 21 may 2024-cü il tarixli raportda əməliyyat məlumatının Təqsirləndirilən şəxs Şəki şəhərinin ərazisində narkotik vasitələri və psixotrop maddələri qəbul etməsi, saxlaması və satması ilə bağlı olduğu qeyd olunmuşdur. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş polis əməkdaşı Şahid4 tərəfindən tərtib olunmuş əməliyyat tapşırığına dair 19 iyul 2024-cü il tarixli raportda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmasını müəyyən etməyin mümkün olmaması qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, polis əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini satış məqsədi ilə üzərində saxlamasının müəyyən olunmasına dair qeyd etdikləri ehtimallara əsaslanmışdır. Belə ki, həmin xüsusatla bağlı Şahid1 məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddələrin çəkisinin çox olmasına görə şəxsin psixotrop maddələri satmaq məqsədinin olmasına dair qənaətə gəldiyini qeyd etmişdir. Qeyd olunan xüsusatla bağlı Şahid3 məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddələrin çəkisinin çox olmasına görə şəxsin həmin psixotrop maddəni satmaq niyyətinin olduğunu ehtimal etdiyini qeyd etmişdir. Habelə qeyd olunmalıdır ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş 17 iyul 2025-ci il tarixli 3-13-109/2-16141/2025 nömrəli məktubda da Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işinin başlanmadığı göstərilmişdir. Həmçinin şəxsə məxsus mobil telefon nömrəsinə daxil olan və həmin mobil telefon nömrəsindən çıxan zənglərə və SMS mətnlərinə dair məlumatlar götürülmüş, lakin iş üçün hər hansı əhəmiyyətli hal müəyyən olunmamışdır. Eləcə də şəxsə məxsus mobil telefonda quraşdırılmış “WhatsApp” tətbiqi vasitəsilə əldə edilmiş məlumatlara baxış keçirilən zaman müəyyən hallar aşkar olunmuşdur. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 05 iyul 2024-cü il tarixli protokoldan görünür ki, mobil telefonun “WhatsApp” tətbiqində “Feruz Sim” adı ilə qeyd olunmuş 051 ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə “bir baş şey tapmaq olar, kimdən tapmaq olar, qonağım var” məzmunda səsli mesajın göndərilməsi, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsindən həmin şəxsin istifadəsində olan mobil telefon nömrəsinə “birmirəm axı, mən danışdığım adamda bir dənə olmur” məzmunlu səsli mesajın göndərilməsi, daha sonra Feruz adlı şəxsin istifadəsində olan mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə “bir dənə lazımdır, pul yoxdur, uşaqlara dedim, dedilər bir dənəsini götürüb çəkək, hardadı pul, onca manat pul var” məzmunlu səsli mesajın göndərilməsi, cavab olaraq Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsindən həmin şəxsin istifadəsində olan mobil telefon nömrəsinə “yox qaqa, qoy görüb danışım, dəqiq söhbət deyil” məzmunlu səsli mesajın göndərilməsi müəyyən edilmişdir. Mobil telefona baxış keçirilən zaman müvafiq səs yazılarına da baxış keçirilsə də həmin səs yazıları protokola əlavə olunmamış, habelə qeyd olunan mobil telefon məhkəmə istintaqı zamanı tədqiq olunan zaman da göstərilən səs yazıları aşkar olunmamışdır. İbtidai istintaq zamanı Feruz adlı şəxs ümumiyyətlə dindirilməmiş və cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək hallar araşdırılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin “WhatsApp” tətbiqi vasitəsilə aparılmış mesaj mətnlərinə əsasən və qeyd olunan psixotrop maddələrin bir neçə bükümdə olmasına baxmayaraq, Təqsirləndirilən şəxs məhz hər hansı şəxsə psixotrop maddə satmasını və göstərilən psixotrop maddələri satış məqsədi ilə əldə etməsini hazırkı anda heç nə ilə sübut etmək mümkün olmadığından sonuncunun üzərindən aşkar olunmuş psixotrop maddələri məhz satış məqsədi ilə əldə etməsi qənaətinə gəlinməsi də yolverilməzdir. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddə metamfetamini əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Qeyd olunmalıdır ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə etməsi şahidlərin ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməl CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonunun Nərimanabad kəndində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İ- 1726 nömrəli “Ağdamın azad olunmasına görə” medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2371 nömrəli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İ- 61732 nömrəli “Vətən müharibəsi iştirakçısı” medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Vətən müharibəsində iştirak edərək dövlət təltifləri olan “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və Vətən müharibəsində iştirak edərək dövlət təltifləri olan “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 21 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 21 may 2024cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 21 may 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12 iyul 2024-cü il tarixli 1196 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən istifadə etmə halları olub, lakin hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müaliyəcəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 29 may 2024-cü il tarixli 1419 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalı, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 iyul 2024-cü il tarixli 462 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda hər hansı xroniki psixi xəstəlik keçirmir. O, cinayət törədən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və ya həmin əməli idarə etmək imkanında olmuşdur, yəni anlaqlı olmuşdur. O, hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və ya həmin əməli idarə etmək imkanındadır. Onun əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 30 may 2024-cü il tarixli PHŞ-3513/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixo-nevroloji kabinetində dispanser müşahidəsində yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, 2,582 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Honor” markalı mobil telefon həmin tarixdə maddi sübut qismində tanınmış və saxlanılması üçün Şəki Şəhər-Rayon Polis Şöbəsinə təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrə aid olan İ Siyahısının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə aid olan İİ hissəsinin 27-ci bəndinə əsasən, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 2,582 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Honor” markalı mobil telefon isə sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 102,54 (yüz iki manat əlli dörd qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 102,54 (yüz iki manat əlli dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 2,582 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Honor” markalı mobil telefon isə sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 102,54 (yüz iki manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar