Məhkəmə qərarları › İş №1(091)-7/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-7/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-7/2023 29.08.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı Şəhəri 9 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Ucar rayonu Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Ucar rayonu Qazyan kəndində qeytdiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı CM) 308.1 və 311.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 idarəsinin 7 saylı RQİ və TBŞ-nin dövlət əmək müfəttişi vəzifəsində işləyərkən şöbənin vəzifə təlimatına əsasən dövlət avtomobil müfəttişi kimi nəqliyyat vasitələrinə illik texniki baxış keçirmək, nəqliyyat vasitələrinin nömrəli aqreqatlarının qeydiyyat şəhadətnaməsi ilə uyğun gəlməsinə nəzarət etmək, nəqliyyat vasitələrinin axtarışda olub-olmamasını yoxlamaq, nəqliyyat vasitələrinin texniki vəziyyətini müəyyənləşdirmək və digər vəzifə və səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar Ağdaş rayonu, Yenikənd kənd sakini Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı, **- BS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin texniki baxışdan keçirilməsi üçün zəruri olan sənədlərin düzəldilməsi müqabilində sonuncudan 2021-ci ilin iyul ayının istintaqa məlum olmayan günündə və saatında Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən Baş X10 idarəsinin 7 saylı RQİ və TBŞ-də xidməti iş otağında 150 manat məbləğində pulunu qəsdən rüşvət qismində tələb edib almışdır. Eyni zamanda, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(091)- 7/2023 nömrəli qərarı ilə dövlət ittihamçısının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 32.4, 312.2-ci maddələri ilə irəli sürülən ittihamdan imtinası qəbul edilmiş və ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 32.4, 312.2-ci maddələri ilə başlanılmış cinayət təqibinə xitam verilməklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 309.1 və 32.4, 312.2-ci maddələri ilə cinayət məsuliyyətindən azad olunmuş, həmçinin Təqsirləndirilən şəxs barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə başlanılmış cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilmiş və o, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2012-ci ildən 2021-ci ilin iyul ayına kimi Yevlax rayonu RQİ və TBŞ-də dövlət avtomobil müfəttişi vəzifəsində işləmişdir. 2021-ci ilin iyul ayında səhəti ilə əlaqədar olaraq xidmətdən xaric olunmuşdur. Zərərçəkmiş şəxs1 onun əvvəldən tanıdığı şəxs olmuşdur. Zərərçəkmiş şəxs1 2021-ci ilin iyul ayının xatırlamadığı günündə onun yanına gələrək 2007-ci il tarixdə X4 aldığı VAZ 2107 markalı **-BS-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə müddətinin başa çatdığını və avtomobil mülkiyyətçisinin etibarnamə vermədiyini, həmin avtomobili öz adına rəsmiləşdirmək istədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs1 avtomobilin rəsmiləşdirilməsi üçün 600 manat xərci olduğunu, bunun üçün 450 manat notariusa verəcəyini 150 manat isə avtomobilin adına sənədləşməsi ilə bağlı lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 razılaşaraq ona 600 manat pul verən zaman o, Zərərçəkmiş şəxs1 1 həftə sonra sənədlərin hazır olacağını bildirmişdir. Daha sonra səhətində yaranmış problemlə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. Zərərçəkmiş şəxs1 etibarnamə, şəxsiyyət vəsiqəsi və qeydiyyat şəhadətnaməsini götürmüşdür. 2021-ci ilin iyul ayının son günlərində səhətində yaranmış problemlə əlaqədar olaraq işdən xaric olunmuşdur. İşlədiyi zaman və işdən xaric olunduqdan sonra avtomobili Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirməmişdir. 600 manat pul isə onda qalmışdır. Zərərçəkmiş şəxs1 aldığı pulları səhhətində yaranmış problemlə əlaqədar olaraq və maddi imkanı olmadığından, qaytara bilməmişdir. Hazırda isə zərərçəkmiş şəxsə dəymiş ziyan onun tərəfindən ödənilmişdir. Həmin şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X6 məxsus “VAZ 2107” markalı **-BS-*** dövlət nömrə nişanlı avtomobili 2007-ci ilin xatırlamadığı tarixində Sumqayıt şəhərində 38 illik ümumi sərəncam vermə haqqında etibarnamə əsasında təxminən 8000 ABŞ dollarına qardaşı Şahid1 etibar edilməklə almışdır. 2020-ci ilin xatırlamadığı tarixində həmin avtomobili o öz adına rəsmiləşdirmək və texniki baxışdan keçirmək istəyərkən etibarnamə verilməsi haqqında qanunvericilikdə dəyişikliklər olduğunu öyrənmişdir. Qardaşı Şahid1 sürücülük vəsiqəsi olmadığından, avtomobili onun adına rəsmiləşdirilməsi qərarına gəlmişlər. Bundan sonra 2020-ci ilin xatırlamadığı tarixində Arif Səlimovun yanına, yəni Bərdə rayonuna gedərək 1 illik sərəncam vermə haqqında etibarnamə almışlar. Qardaşı Şahid1 səhətində yaranmış problemlə əlaqədar olaraq həmin avtomobili adına rəsmiləşdirə bilməmişdir. Təxminən 1 il sonra avtomobili adına rəsmiləşdirilməsi üçün 2021-ci ilin iyul ayının xatırlamadığı günündə Yevlax RQİ və TBŞ-yə gəlmişdir. Orada texniki baxışa Təqsirləndirilən şəxs nəzərət edirmiş. Təqsirləndirilən şəxs onların etibarnamələrinə baxaraq etibarnamənin müddətindən 15 gün keçdiyini bildirmişdir. Onlar isə etibarnamənin müddətinin keçməsini bilməmişlər. O, yenidən etibarnamə müddətinin uzadılması üçün xahiş etmək məqsədi ilə Arif Səlimovla danışmış, X9 etibarnamə müddətini uzatmayacağını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs bunun 600 manat xərci olduğunu, adını bilmədiyi notariat kontorunun səlahiyyətli vəzifəli şəxsləri ilə münasibətindən istifadə edərək müddəti bitmiş etibarnaməni mülkiyyət sahibi olmadan yeniləmək üçün 450 manat pulu notatiat kontoruna verəcəyini, 150 manat pulun isə avtomobili onun adına rəsmiləşdirilməsi və texniki baxışdan keçirilməsi üçün lazım olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxsla razılaşmış və bir neçə saat sonra 600 manat pul düzəldib xidməti otağında ona vermişdir. Təqsirləndirilən şəxs xidməti otağında 600 manat pulu verən zaman qardaşı Şahid1 və qardaşının oğlu Şahid2 da otaqda olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs xidməti otaqda tək olmuşdur. Bundan sonra avtomobilin adına rəsmiləşdirilməsi üçün notariusa getməmişdir. Təqsirləndirilən şəxs bütün prosesləri özü həyata keçirəcəyini deyərək bir həftə sonra gəlib sənədlərini götürə biləcəyini bildirmişdir. Təxminən bir həftə sonra özünə məxsus 051 859 97 59 nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 349 98 44 nömrəsi ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs ona səhəri gün Xaldan qəsəbəsinə gəlib sənədlərini götürməyini bildirmişdir. O da səhəri gün Təqsirləndirilən şəxs dediyi yerə getmişdir. Bir neçə saat gözlədikdən sonra Təqsirləndirilən şəxs zəng etdikdə, Vüqar telefona cavab verməmişdir. Səhəri gün yenidən Təqsirləndirilən şəxs zəng etdikdə sonuncu sənədlərin hələ hazır olmadığını bildirmişdir. Sonrakı günlərdə yenə də, Təqsirləndirilən şəxsla danışmış, lakin Təqsirləndirilən şəxs səhhətində problemlər olduğunu və işə çıxmadığını bilbildirmişdir. Səhəri gün Təqsirləndirilən şəxs qızının nömrəsinə zəng etmişdir. Telefona cavab verən şəxs Təqsirləndirilən şəxs qızı olmasını bildirib atasının vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxsla danışmış, Təqsirləndirilən şəxs səhhətində problemlər olduğundan sənədləri bir neçə günə göndərəcəyini deyərək, yenidən onu aldatmağa davam etmişdir. 2022-ci ilin avqust ayının son günlərində o qardaşı Şahid1la birlikdə Yevlax RQİ və TBŞ-yə getmişlər. Orda olan zaman onlara bildirmişlər ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının son günlərində işdən xaric edilmişdir. Təqsirləndirilən şəxsla tez-tez telefon əlaqəsi saxlamağına baxmarayaq sonuncu ona işdən xaric olunmağı barədə heç bir məlumat verməmişdir. O, Təqsirləndirilən şəxs 600 manat pulu sonuncunun işlədiyi Yevlax RQİ və TBŞ-də xidməti otağında qardaşı Şahid1 və qardaşı oğlu Şahid2 yanında vermişdir. Hazırda isə ona dəyən ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X6 məxsus “VAZ 2107” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili 2007-ci ildə 38 illik ümumi etibarnamə əsasında almışdır. Etibarnamə verilməsi haqqında qanunvericilikdə dəyişikliklər olduğundan, Arif Səlimov 2020-ci ilin xatırlamadığı tarixində qardaşı Zərərçəkmiş şəxs1 1 illik müddətə sərəncam vermə haqqında etibarnamə vermişdir. 2021-ci ilin iyul ayında həmin avtomobili texniki baxışdan keçirmək məqsədi ilə Yevlax RQİ və TBŞ-yə gətirmişlər. Orada texniki baxışa Təqsirləndirilən şəxs adlı polis əməkdaşı nəzarət edirmiş. Təqsirləndirilən şəxs onların etibarnamələrinə baxaraq etibarnamənin müddətinin 15 gün keçdiyini bildirmişdir. Onlar etibarnamənin müddətinin keçməsini bilmirmişlər. Qardaşı Zərərçəkmiş şəxs1 yenidən etibarnamə müddətinin uzadılması üçün Arif Səlimovla danışmışdır. X9 etibarnamə müddətini uzatmayacağını bildirmişdir. Bundan sonra onlar bu barədə polis əməkdaşı Təqsirləndirilən şəxs məlumat vermişlər. Təqsirləndirilən şəxs bunun 600 manat xərci olduğunu, 450 manat notariusa verəcəyini, 150 manat isə avtomobilin onun adına sənədləşməsi ilə bağlı lazım olduğunu bildirmişdir. Onun üzərində həmin vaxt 300 manat pul var imiş. O, 300 manatı təklif etsə də, Təqsirləndirilən şəxs düzəlməyəcəyini bildirmişdir. Qardaşı Zərərçəkmiş şəxs1 və oğlu Şahid2la birlikdə yaşadıqları kəndə gedib evdən 300 manat da pul götürüb yenidən Yevlax şəhərinə qayıtmışlar. Qardaşı Zərərçəkmiş şəxs1 və oğlu Şahid2la birlikdə 600 manat pul düzəldib Təqsirləndirilən şəxs xidməti otağında vermişlər. Həmin vaxt Təqsirləndirilən şəxs xidməti otaqda tək olmuşdur. Pulu verdikdən sonra Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsi, Arif Səlimov tərəfindən verilmiş etibarnamə və avtomobilə dair qeydiyyat şəhadətnaməsi Təqsirləndirilən şəxs qalmışdır. Təqsirləndirilən şəxs bütün prosesləri özü həyata keçirəcəyini deyərək bir həftə sonra gəlib sənədləri götürə biləcəklərini bildirmişdir. Lakin qardaşı Zərərçəkmiş şəxs1 bundan sonra dəfələrlə Təqsirləndirilən şəxsla telefon vasitəsilə danışaraq sənədləri barədə maraqlansa da, Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onu aldadaraq yubadıb sənədləri qaytarmaqdan yayınmış və qardaşı Zərərçəkmiş şəxs1 600 manat pulunu ələ keçirmişdir. O, 600 manat pulu Təqsirləndirilən şəxs xidməti iş otağında verən zaman qardaşı Zərərçəkmiş şəxs1 və oğlu Şahid2 onun yanında olmuşlar. Hazırda isə onlara dəyən ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs ilk vaxtlar onlardan aldığı pulu ödəməsə də, sonradan onlara dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 Pöhrüz oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyımış, onunla hər hansı qohumluq əlaqəsi, ədavəti və ya düşmənçiliyi olmamışdır. Atası Şahid1 2007-ci ilin xatırlamadığı tarixində X6 məxsus “VAZ 2107” markalı **-BS-*** dövlət nömrə nişanlı avtomobili 38 illik ümumi etibarnamə əsasında almışdır. Sonradan etibarnamə verilməsi haqqında qanunvericilikdə dəyişikliklər olduğundan Arif Səlimov 2020-ci ilin xatırlamadığı tarixində əmisi Zərərçəkmiş şəxs1 1 illik müddətə sərəncam vermə haqqında etibarnamə vermişdir. 2021-ci ilin iyul ayında o, atası Şahid1 və əmisi Zərərçəkmiş şəxs1la birlikdə həmin avtomobili texniki baxışdan keçirtmək məqsədilə Yevlax RQİ və TBŞ-yə aparmışlar. Orada texniki baxışa Təqsirləndirilən şəxs adlı polis əməkdaşı nəzarət edirmiş. Təqsirləndirilən şəxs etibarnaməyə baxaraq etibarnamənin müddətinin 15 gün keçdiyini bildirmişdir. Onlar etibarnamənin müddətinin keçməsini bilməmişlər. Əmisi Zərərçəkmiş şəxs1 yenidən etibarnamə müddətinin uzadılması üçün Arif Səlimovla danışmışdır. X9 etibarnamə müddətini uzatmayacağını bildirmişdir. Onlar barədə polis əməkdaşı Təqsirləndirilən şəxs məlumat vermişlər. Təqsirləndirilən şəxs bunun 600 manat xərci olduğunu, 450 manat notariusa verəcəyini, 150 manat isə avtomobilin əmisi Zərərçəkmiş şəxs1 adına sənədləşməsi ilə bağlı lazım olduğunu bildirmişdir. Atası Şahid1 üzərində həmin vaxt 300 manat pul olmuşdur. Atası Şahid1 300 manat pulu təklif etsə də Təqsirləndirilən şəxs bununla düzəlməyəcəyini bildirmişdir. O, atası Şahid1 və əmisi Zərərçəkmiş şəxs1 birlikdə yaşadıqları kəndə gedib evdən 300 manat pul götürüb yenidən Yevlax şəhərinə qayıtmışlar. Atası Şahid1 və əmisi Zərərçəkmiş şəxs1 600 manat pulu Təqsirləndirilən şəxs xidməti otağında vermişlər. Həmin vaxt Təqsirləndirilən şəxs xidməti otaqda tək olmuşdur. Pulu verdikdən sonra əmisi Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsi, Arif Səlimov tərəfindən verilmiş etibarnamə və avtomobilə dair qeydiyyat şəhadətnaməsi Təqsirləndirilən şəxs qalmış, lakin notariusa getməmişlər. Təqsirləndirilən şəxs bütün prosesləri özü həyata keçirəcəyini deyərək bir həftə sonra gəlib sənədlərini götürə biləcəklərini bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 08:25-də AR DİN-in “102” xidmətindən məlumat verilərək, Ağdaş rayonu Yenikənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 ***-***-**-** saylı mobil nömrədən zəng edərək, iki ay əvvəl DİN BDYPİ Yevlax rayonu üzrə texniki baxış, imtahan-qeydiyyat şöbəsinə etibarnamənin müddətinin yenilənməsi məqsədilə yaxınlaşması, orada xidmət aparan polis əməkdaşı (əməkdaş artıq yaşı ilə təqaüddədir) Vüqar (***-***-**-**) sonuncunun qızı (***-***-**-**) şəxsin probleminin həlli üçün ondan 600 manat pul alması, lakin sonuncunun vədinə əməl etməməsi barədə məlumat vermişdir (cild 01, iş vər. 53). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs1 ərizə ilə Yevlax rayon Polis Şöbəsinə müraciət edərək, 2 ay əvvəl DİN BDYPİ-nin əməkdaşı Vüqar adlı şəxs maşını adına sənədləşdirəcəyi və etibarnamə alacağı adı ilə ondan 600 manat pul almış, lakin verdiyi vədə əməl etməmişdir. Odur ki, ona köməklik edilməsini xahiş etmişdir (cild 01 iş vər. 55). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli DİN-in BDYPİ-dən daxil olmuş məktubdan və ona əlavə olunan vəzifə təlimatından görünür ki, Təqsirləndirilən şəxs Yevlax RQİ və TBŞ-də texniki baxış bölməsində dövlət avtomobil müfəttişi vəzifəsində çalışmışdır. Onun vəzifəslərinə aiddir: nəqliyyat vasitələrinə illik texniki baxışı keçirilmək, nəqliyyat vasitələrinin nömrəli aqreqatlarının qeydiyyat şəhadətnaməsi ilə uyğun gəlməsinə nəzarət etmək, nəqliyyat vasitələrinin axtarışda olub-olmamasını yoxlamaq, nəqliyyat vasitələrinin texniki vəziyyətini müəyyənləşdirmək və s. Funksional vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs Əbdürrəhman oğlunun sürücülük vəsiqəsi vermək, yazılmış cərimələri silmək, qeydiyyat şəhadətnaməsi vermək onun səlahiyyətləri daxilində deyildir (cild 01 iş vər. 207). Cinayət işinin materiallarında olan “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən alınmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ucar PHŞ-nin poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyada yoxdur (cild 01 iş vər. 285) Cinayət işinin materiallarında olan “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən alınmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ucar PHŞ-nin poliklinika şöbəsinin ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyada yoxdur (cild 01 iş vər. 287). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, hazırkı cinayət işinin materiallarını araşdırıb, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı yalnız CM-in 311.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla razılaşır və həmin ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, CM-in 311.1-ci maddəsinə əsasən vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi ilə bağlı edilən hərəkətlər rüşvət alma (passiv rüşvətxorluq) cinayət əməlinin tərkibini yaradır. Yuxarıda sadalanan cinayət qanunvericiliyinin normasını hazırki iş üzrə tətbiq etməklə təhlil edən məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, bu qəbildən olan cinayət işləri üzrə hər hansı şəxsin təqsirli hesab edilməsi və Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə cinayət məsuliyətinə cəlb edilməsi üçün ilk növbədə müvafiq cinayətin törədilməsində təqsirləndirilən şəxsin vəzifəli şəxs olub-olmaması faktı müəyyən edilməlidir. Çünki qeyd edilən cinayətlərin subyekti yalnız vəzifəli şəxs ola bilər. Vəzifəli şəxsin anlayışı isə CM-in 308-ci maddəsinin Qeyd hissəsində verilmiş və həmin qeyddə göstərilmişdir ki, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər fəslində “vəzifəli şəxs” dedikdə hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri və beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar başa düşülür: Cinayət işinin materiallarına nəzər yetirdikdə müəyyən olunur ki, istinad edilən cinayət əməli 2021-ci ilin iyul ayında törədilmişdir və həmin tarixdə Təqsirləndirilən şəxs məhz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin 7 saylı RQİ və TBŞnin dövlət əmək müfəttişi vəzifəsində çalışmaqla vəzifəli şəxs olmuşdur. Təqsirləndirilən şəxs qarşı CM-in 311.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə səbəb olan konkret hallara gəldikdə isə iş materialları ilə (özünün qismən etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və s.) müəyyən olunmuşdur ki, 2021-ci ilin iyul ayının istintaqa məlum olmayan günündə və saatında Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən Baş X10 idarəsinin 7 saylı RQİ və TBŞ-də xidməti iş otağında Təqsirləndirilən şəxs xidməti vəzifəsinin icrası ilə əlaqədar Ağdaş rayonu, Yenikənd kənd sakini Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı, **-BS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin texniki baxışdan keçirilməsi üçün zəruri olan sənədlərin düzəldilməsi müqabilində sonuncudan 150 manat məbləğində pulu qəsdən rüşvət qismində tələb edib almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların hər birinə ayrı-ayrılıqda və məcmu halında obyektiv qiymət verərək, habelə hər bir sübutu mümkünlüyü, mötəbərliyi, mənsubiyyəti üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək belə qənaətə gəlir edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri, özünün verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, o cümlədən biri digərinə uyğun gələn digər mötəbər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl məhz CM-in 311.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən CM-in 308.1-ci maddəsi ilə (vəzifə səlahiyyətlərindən sui-istifadə ilə) də ittiham irəli sürülmüşdür ki, məhkəmə kollegiyasının qənaətincə ibtidai istintaq orqanı tərəfindən bu hissədə yanlışlığa yol verilmiş, Təqsirləndirilən şəxs tərəfindən bir hərəkətlə törədilən və məhkəmə istintaqı ilə sübuta yetirilən rüşvət almadan ibarət olan hüquqazidd əməl CM-in 311.1-ci maddəsi ilə tam əhatə olunduğu halda, ona əlavə olaraq CM-in 308.1-ci maddəsi ilə ittihamın irəli sürülməsi düzgün olmamışdır. Belə ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittiham ondan ibarət olmuşdur ki, o, Azərbaycan Respublikası DİN-in Baş X10 idarəsinin 7 saylı RQİ və TBŞ-nin dövlət əmək müfəttişi vəzifəsində işləyərkən şöbənin vəzifə təlimatına əsasən dövlət avtomobil müfəttişi kimi nəqliyyat vasitələrinə illik texniki baxış keçirmək, nəqliyyat vasitələrinin nömrəli aqreqatlarının qeydiyyat şəhadətnaməsi ilə uyğun gəlməsinə nəzarət etmək, nəqliyyat vasitələrinin axtarışda olub-olmamasını yoxlamaq, nəqliyyat vasitələrinin texniki vəziyyətini müəyyənləşdirmək və digər vəzifə və səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, yəni tamah niyyəti ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə xidməti vəzifəsinin icrası ilə əlaqədar Ağdaş rayonu, Yenikənd kənd sakini Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı, **-BS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin texniki baxışdan keçirilməsi üçün zəruri olan sənədlərin düzəldilməsi müqabilində sonuncudan 2021-ci ilin iyul ayının istintaqa məlum olmayan günündə və saatında Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən Baş X10 idarəsinin 7 saylı RQİ və TBŞ-də xidməti iş otağında 150 manat məbləğində pulunu qəsdən rüşvət qismində tələb edib almaqla fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. CM-in 308.1-ci maddəsinə əsasən vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – bu əməl vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin tərkibini yaradır və sözügedən əməldə təqsirli bilinən şəxs iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs tərəfindən rüşvət alma ilə yanaşı vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin törədilməsi ilə bağlı nəticəyə gəlsə də, konkret olaraq Təqsirləndirilən şəxs tərəfindən törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin nədən ibarət olması, həmin şəxs tərəfindən özü və ya üçüncü şəxslər üçün hansı qanunsuz üstünlük əldə etmək məqsədinin olması, sözügedən əməl nəticəsində kimin (hansı fiziki və ya hüquqi şəxsin) hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və ya dövlətin qanunla qorunan hansı mənafelərinə mühüm zərərin yetirilməsi müəyyən olunmamış, heç bir fiziki və ya hüquqi şəxs, o cümlədən dövlət qurumu zərərçəkmiş şəxs qismində tanınmamışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı irəli sürdüyü ittihamda faktiki olaraq Təqsirləndirilən şəxs rüşvət almadan ibarət hüquqazidd əməlini sadalamış, sonuncu tərəfindən həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin törədilməsi ilə bağlı nəticəyə gəlmişdir. Halbuki, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti maddi tərkibli cinayətlərə aiddir və bu qəbildən olan cinayətlərin araşdırılması zamanı hüquqazidd əməlin törədilməsi ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olmasının müəyyən olunması, həmçinin həmin cinayət əməli nəticəsində zərər çəkmiş şəxsin müəyyən olunması zəruridir. İş materiallarından isə görünür ki, ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınan Zərərçəkmiş şəxs1 məhz Təqsirləndirilən şəxs CM-in 178-ci maddəsi ilə irəli sürülən ittiham üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə olumuşdur ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əlavə olaraq CM-in 308.1-ci maddəsi ilə ittihamın irəli sürülməsi yanlış olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan CM-in 308.1-ci maddəsindən ibarət rəqəm ifadəsi xaric edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsi barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, qeyd edilənlər məsuliyyətdən yayınmaq üçün seçilmiş müdafiə taktikasıdır. Belə ki, Təqsirləndirilən şəxs qeyd etdikləri iş materialları ilə tam təkzib olunur. Əksinə onun qeyd edilən cinayət əməllərini törətməsi yuxarıda da göstərildiyi kimi biri-digərini tamalayan və üst-üstə düşən sübutlar vasitəsi ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Cinayət işinin materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi ilə bağlı sənədin surətindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs birinci dərəcəli əlildir (cild 01 iş vər. 319). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixdə “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubdan görünür ki, Ucar rayonu, Qazyan kənd sakini, xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 03 dekabr 2021 və 15 mart 2022-ci il tarixlərində Ucar RMX PHŞ-in poliklinika şöbəsində urololi müayinədə olmşudur. Xəstə dializ xəstəsi kimi qeydiyyata götürülmüşdür. Diaqnoz: Xroniki böyrək çatmamazlığı V mərhələ və proqramlı hemodializ (cild 01 iş vər. 286). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 xx.xx.2023-cü il tarixli 88/KEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdən görünür kimi, onun “Digər xroniki tubulointerstisial nefritlər. Xroniki böyrək xəstəliyi, mərhələ 5” xəstəliyindən əziyyət çəkdiyi müəyyən edildi. Qeyd edilən xəstəlik xroniki gedişlidir. Təqsirləndirilən şəxs düçar olduğu xəstəliklə əlaqədar ona proqramlı hemodializ müalicəsi aparılmaqla cəzaçəkmə müəsisəsində saxlanılması mümkündür. Təqsirləndirilən şəxs düçar olduğu xəstəliyin proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün deyil. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 03, iş vər. 203). Məhkəmə Təqsirləndirilən şəxs birinci dərəcəli əlil olmasını və "Xroniki böyrək çatmamazlığı V mərhələ və proqramlı hemodializ” xəstəsi olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilən halları, həmçinin cinayət qanunvericiliyinin normalarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CMin 311.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə müəyyən vəzifə tutma və ya müəyyən faəliyətlə məşğul olma hüququndan məhrum edilməkdən ibarət olan əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə əsas cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə əsas cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Xroniki böyrək çatmamazlığı - V mərhələ xəstəliyindən əziyyət çəkməsini, proqramlı hemodializ xəstəsi olmaqla həftənin üç günü dializ aparatına qoşulmasını əsas götürərək, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 213- 215, 225-227). Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Həmçinin, iş üzrə maddi sübutun və məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı və əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev (məruzəçi) Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar