Məhkəmə qərarları › İş №1(091)-70/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-70/2021

08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-70/2021 08.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi – sədlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrdə Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx xxxx 1985-ci il tarixdə Balakən rayonunun Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli və himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, Balakən rayonunun Gərəkli kəndində qeydiyyatda olmaqla Balakən rayonunun Poştbinə kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayında istintaqla müəyyən edilməyən mənbədən qəsdən satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda 1186,093 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananın 1086,093 qramını əldə etdiyi vaxtdan 2019-cu ilin noyabr ayının əvvəlinədək olan müddət ərzində vahid niyyətlə daşıyaraq istintaqa məlum olmayan məbləğdə pul müqabilində, vaxtda və məkanda tanışı Şahid1 satmış, həmin əldə edib saxladığı külli miqdarda narkotik vasitədən qalan 100 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı isə sonuncu dəfə 07 noyabr 2019-cu il tarixdə saat 16 radələrindən saat 19 radələrinə qədər olan müddət ərzində Balakən rayonundan Yevlax rayonunun Xaldan kəndinə daşıyaraq həmin kəndin ərazisində 800 manat pulun müqabilində Şahid1 qəsdən satmış, 12 noyabr 2019-cu il tarixdə saat 18 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid1 idarə etdiyi “VAZ-21703” markalı **-UN-*** nömrə nişanlı avtomobillə Gəncə şəhəri Nizami Gəncəvi prospektində saxlanılmış, saat 19:35 radələrində həmin avtomobilə keçirilmiş baxış zamanı onun Təqsirləndirilən şəxs aldığı cəmi 1186,093 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananın 184,751 qramı avtomobilin salonunda qabaq sağ oturacağın ayaqaltı hissəsindən bir ədəd göy rəngli polietilen torbada 33 ədəd kibrit qutularında 5,104 qram, 5,067 qram, 5,202 qram, 5,755 qram, 5,679 qram, 5,715 qram, 5,157 qram, 4,915 qram, 5,280 qram, 5,366 qram, 5,874 qram, 5,849 qram, 5,537 qram, 5,198 qram, 5,965 qram, 6,728 qram, 6,710 qram, 5,998 qram, 5,769 qram, 5,875 qram, 5,789 qram, 5,599 qram, 5,789 qram, 6,004 qram, 5,162 qram, 5,503 qram, 5,384 qram, 5,161 qram, 5,147 qram, 6,005 qram, 5,466 qram, 5,225 qram və 5,774 qram miqdarında olmaqla, həmin tarixdə saat 20:45 radələrində Şahid1 yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış zamanı onun Təqsirləndirilən şəxs aldığı cəmi 1186,093 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananın 17,121 qramı evin qonaq otağındakı televizorun arxa tərəfindən bir ədəd şəffaf polietilen torbadan, 984,221 qramı isə evin yataq otağındakı paltar dolabının içərisində səkkiz ədəd paketlərdən 240 qram, 230 qram, 145 qram, 120 qram, 117 qram, 65 qram, 50 qram, 17,221 qram miqdarında olmaqla, ümumilikdə 1186,093 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ona qarşı irəli sürülmüş ittihamda onun Şahid1 narkotik maddə satdığı yazılmışdır. Ancaq belə bir şey baş verməmişdir. O, Sənanı yalnız bir dəfə Bakı şəhərindən gələndə görmüşdür. Həmin vaxtdan sonra o, Sənanı heç vaxt görməmişdir. Polis əməkdaşları may-iyun aylarında narkotik tərkibli bitkiləri əkibbecərmə hallarını aşkar etmək üçün həyətləri gəzən zaman onun həyətindən qanunsuz heç nə aşkar edilməmişdir. Balaca həyəti var, orada heç nə əkməmişdir. O, heç vaxt Sənana narkotik maddə satmamışdır. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs Rusiya Federasiyasından 2018-ci ildə gəldiyini, ondan sonra heyvan alıb saxladığını, 2019-cu ildə Balakən rayonunda olduğunu, axtarışda olmadığını, 2019-cu ilin iyun ayında avtomobilini satıb heyvan aldığını, iyun ayından əvvəl də rayonda olduğunu və avtomobilini idarə etdiyini, özünün Balakəndə olduğunu, qonaq kimi qohumlarının yanına Zaqatalaya, Mingəçevirə və Gəncəyə gedib-gəldiyini, Bakı şəhərindən qayıdarkən Sənanı gördüyünü, Bakı şəhərindən qayıdarkən yolda avtomobil satıldığı elanı gördüyünü və həmin avtomobilə yaxınlaşanda sahibinin Sənan adlı şəxs olduğunu bildiyini, həmin vaxt Sənanın telefon nömrəsinə zəng edəndə Sənanın ona yaxınlaşdığını, Sənanın satdığı avtomobilin qara rəngli “Priora” markalı avtomobil olduğunu, onun da həmin avtomobillərdən xoşunun gəldiyini, öz avtomobilini satıb həmin avtomobili alıb sürmək istədiyini, belə olub bir dəfə Sənanla bu barədə telefonla danışdığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadələrində Təqsirləndirilən şəxs göstərnişdir ki, o, 2016-cı ilin dekabr ayının sonlarında idarə etdiyi “VAZ 21010” markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən gəlib Balakən rayonuna gedərkən Yevlax rayonu “Xaldan dairəsi” adlanan ərazidə avtomobilini dayanmışdır. Həmin vaxt o, Şahid1 məxsus “Priora” markalı qara rəngli avtomobili görmüşdür. O, avtomobili bəyəndiyi üçün Sənana “xeyirli olsun” demişdir. Sənan avtomobili 13000 manata satmaq istədiyini demiş, bundan sonra onlar avtomobil barədə söhbət etmişlər. O, Sənana Balakən rayonundan olduğunu, Sənan isə Şəmkir rayonundan olduğunu demişdir. Söhbət əsnasında Sənan ona “sizdə yaxşı narkotik, mal olur” demişdir. O, Sənana həqiqətən də narkotik vasitə olduğunu demişdir. O, Sənana narkotik vasitə satacağını demiş və Sənana məxsus mobil telefon nömrəsini özündə qeyd etmişdir. O, Sənanla “WhatsApp” sosial şəbəkəsi vasitəsilə dəfələrlə danışmışdır. Həmin vaxt Sənan ona narkotik vasitə istifadə etdiyini, bəzi vaxt isə satdığını demişdir. O, narkotik vasitə olan marixuananın üç ədəd toxumunu əldə etmişdir. 2019-cu ilin mart ayında o, həmin toxumları yaşadığı evin həyətinə əkmiş, bitmiş iki ədəd bitkilərə qulluq etmişdir. 2019-cu ilin noyabr ayında o, həmin bitkilərin yarpaqlarını yığıb evin həyətində qurutmuşdur. O, 100 qram miqdarında marixuana hazırlamışdır. O, 2019-cu ilin noyabr ayının əvvəlində Sənana zəng edərək 100 qram miqdarında qurudulmuş marixuananın olduğunu, həmin marixuananı 800 manata satmaq istədiyini demişdir. Sənan onunla razılaşmışdır. Bir neçə gün sonra Sənanla əvvəlcədən razılaşdığı kimi o, Yevlax rayonu Xaldan kəndində sonuncu ilə görüşmüş, 100 qram miqdarında qurudulmuş marixuananı 800 manata Sənana satmışdır. Bundan sonra o, Balakən rayonuna qayıtmışdır. Təqsirləndirilən şəxs həmçinin, ifadəsində 2019-cu ilin noyabr ayında Yevlax rayonu Xaldan kəndində 100 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı 800 manat pulun müqabilində Şahid1 satdığını, ***-***-**-** nömrəli mobil telefon istifadə etdiyini, Şahid1lə həmin nömrə ilə əlaqə saxladığını bildirmişdir. İfadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs Sənanın nə üçün onun adını çəkdiyini bilmədiyini, Sənanı satılan avtomobilin yanında bir dəfə gördüyünü, bundan sonra bir dəfə də onun Sənana zəng etdiyini, yaşadığı evin həyətində gicitkən kolu belə bitmədiyini, özünün heç vaxt narkotik tərkibli bitkilər əkmədiyini bildirdi. Gəncə şəhərində polis şöbəsində olarkən polis əməkdaşlarının fiziki və psixi təsiri nəticəsində məcbur qalıb etmədiyi cinayət əməlini qəbul etmək məcburiyyətində qalmış və ona təqdim olunan protokolları imzalamışdır. Hazırda həmin ifadələri qəbul etmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək əlavə olaraq ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır. Onlar Şahid1lə bağlı keçirilmiş tədbirdə iştirak etmişdir. Həmin vaxt onlar Sənanın avtomobilinə və üzərinə baxış keçirib narkotik maddələr aşkar etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 da Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatı təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Şahid1lə Gəncə şəhərində bir yerdə yaşamışdır. Belə ki, o, Şahid1lə qeyri-rəsmi şəkildə münasibətdə olmuşdur. Sənanın evində narkotik maddə olmuş və buna görə də, Sənan tutulmuşdur. Təqsirləndirilən şəxs isə tanımamışdır. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid2 Sənana Şəmkir rayonunda “Samka” deyildiyini, Sənanın telefonla kiminlə danışdığını, həmçinin Təqsirləndirilən şəxsla telefonla danışıb-danışmadığını bilmədiyini, Sənanın evində narkotik maddə olduğunu, Sənanın narkotik maddələri haradan aldığını bilmədiyini, Təqsirləndirilən şəxs heç vaxt görmədiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs ilə avtomobil alğı-satqısı ilə bağlı danışığı olmuşdur. O, özü barədə aparılan cinayət işi üzrə məhkəmə istintaqı zamanı da narkotik maddəni başqa şəxsdən aldığını demişdir. Təqsirləndirilən şəxs bir dəfə görmüşdür. Onlar bir dəfə də telefonla danışmışlar. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid1 əvvəllər Rusiya Federasiyasında işlədiyini, daha sonra 2019-cu ilin əvvəli Şəmkir rayonuna qayıtdığını, bundan sonra Gəncə şəhərinə köçdüyünü, 2019-cu ilin sonlarında isə həbs olunduğunu, Rəşadı Rusiya Federasiyasında olan zaman tanımadığını, Şəki şəhərinə gedən zaman avtomobilinə satılması ilə bağlı elan qoyduğunu, Rəşadı həmin vaxt avtomobillə maraqlananda tanıdığını, özünün Yevlax rayonunda çox olmadığını, Rəşadla telefonda avtomobil ilə bağlı söhbət etdiyini, müstəntiqə Rəşadın adını demədiyini, müstəntiqin onun telefonuna baxdığını və Rəşadın adını yazdığını, Rəşadın tanınmaya təqdim olunmadığını, ifadəsində narkotik maddənin çəkisinə baxdığını, digər yazılanlara isə fikir vermədiyini və oxumadığını, Xaldanda Rəşadla rastlaşan zaman onların arasında narkotik maddə ilə bağlı hər hansı söhbət olmadığını, Rəşadın ona avtomobillə bağlı zəng etdiyini, ancaq qiymətdə razılaşa bilmədiklərini, polis əməkdaşları onu tutanda Rəşadın adını vermədiyini bildirdi. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid1 göstərmişdir ki, Şəmkir rayonu Dəllər qəsəbəsində qeydiyyatda olmuş və 2019-cu ilin may ayından ünvan 3 ünvanında kirayə yaşamışdır. “VAZ-21703” minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuşdur. O, təxminən iki ildir narkotik vasitə olan marixuana istifadə etmişdir. Təxminən bir il əvvəl ailəsində olmuş maddi problemlərlə bağlı o, narkotik vasitə satmaq qərarına gəlmişdir. O, tanıdığı Rəşad adlı şəxsdən mütəmadi olaraq qurudulmuş marixuana almışdır. O, Rəşaddan narkotik vasitə alıb yaşadığı ünvan 3 ünvanında kibrit qutularında qablaşdırmışdır. Sonuncu dəfə o, 07 noyabr 2019-cu il tarixdə narkotik vasitə almaq barədə Rəşadla danışmış, Rəşad onu Yevlax rayonu Xaldan qəsəbəsinə çağırmışdır. O, idarə etdiyi avtomobillə həmin qəsəbəyə getmişdir. O, 1500 manat pulun müqabilində 150 qram miqdarında marixuana almışdır. 12 noyabr 2019-cu il tarixdə o, kirayədə yaşadığı evdə 33 ədəd kibrit qutusuna qurudulmuş marixuana yığmışdır. O, həmin narkotik vasitəni Şəmkir rayonuna aparmaq üçün evdən çıxmış, qalan narkotik vasitə isə evində qalmışdır. O, idarə etdiyi avtomobillə Gəncə şəhəri N.Gəncəvi küçəsi ilə hərəkət etmiş, keçmiş Şəmkir avtovağzalının yaxınlığında avtomobilini dayandırmışdır. Həmin vaxt polis əməkdaşları onu idarə etdiyi “VAZ-21703” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Gəncə şəhər BPİ-nin inzibati binasının həyətində ona məxsus avtomobilə müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı onun avtomobilinin qabaq sağ oturacağının ayaqaltı hissəsindən göy rəngli sellofan torbanın içərisində 33 ədəd kibrit qutularında marixuana aşkar edilmişdir. Baxış zamanı aşkar edilmiş 33 ədəd kibrit qutusundakı marixuana aşkar olunduğu göy sellofanla birlikdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onun yaşadığı ünvan 3 ünvanına baxış keçirilmişdir. Baxış zamanı o, evin yataq otağındakı şkafın içərisində göy rəngli sellofan torbada səkkiz ədəd sellofan paketlərdə qablaşdırılmış marixuananın yerini göstərmişdir. Həmin paketlərə baxış keçirilmiş, baxış zamanı o, həmin paketlərdəki marixuananın ona məxsus olduğunu və yaşadığı evdə saxladığını bildirmişdir. Evin qonaq otağına baxış keçirilərkən televizorun arxa tərəfindən ağ rəngli paketə bükülmüş qurudulmuş marixuana aşkar edilmiş, o, marixuananın ona məxsus olduğunu bildirmişdir. Aşkar edilmiş marixuana qablaşdırılaraq götürülmüşdür. Şahid1 həmçinin ifadəsində narkotik vasitəni 2019-cu ilin müəyyən vaxtlarında Yevlax rayonunda Təqsirləndirilən şəxs aldığını, sonuncu dəfə 2019-cu ilin noyabr ayının 7-də Yevlax rayonu Xaldan kəndində Rəşaddan 1500 manat pulun müqabilində 150 qram miqdarında marixuana aldığını, Rəşadla “WhatsApp” vasitəsilə əlaqə saxlayaraq narkotik vasitənin qiyməti və miqdarı barədə razılaşdığını, Rəşadla istifadəsində olmuş ***-***-**-**, ***-***-**- ** və ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 13 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli üzrə də müvafiq istintaq hərəkətləri keçirilməsi zərurəti yarandığından və X10 istintaqdan yayındığı üçün ayrıca cinayət işi ayrılmışdır. (cild 01, iş vər. 01-03) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 noyabr 2019-cu il tarixli “Raport”dan görünür ki, ünvan 1-da kirayə yaşayan Şəmkir rayonu Dəllər qəsəbəsinin sakini, “Lada- Priora” markalı AZ **-UN-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Sənan adlı şəxsin külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə əməliyyat məlumatları daxil olmuşdur. (cild 01, iş vər. 09) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 noyabr 2019-cu il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı Şahid1 cibindən 11 ədəd 100-lük manat, 21 ədəd 50-lik manat, 1 ədəd 10-luq manat, 9 ədəd 1-lik manat, 5 ədəd 100 ABŞ dolları və 4 ədəd 1000-lik rus rublu, 3 ədəd 50000-lik rus rublu aşkar edilmişdir. Baxış zamanı Şahid1 üzərindən narkotik vasitə aşkar edilməmişdir. Şahid1 aşkar edilmiş pullar isə iş üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq götürülmüşdür. (cild 01, iş vər. 29-34) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 noyabr 2019-cu il tarixli “Avtomobilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 məxsus “VAZ-21703” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin qabaq sağ oturacağının ayaqaltı hissəsindən göy rəngli sellofan torbanın içərisində 33 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunduğu göy rəngli sellofanla birlikdə qablaşdırılaraq götürülmüşdür. (cild 01, iş vər. 35-42) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 noyabr 2019-cu il tarixli “Yaşayış evinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı Şahid1 yaşadığı ünvan 1 ünvanında evin yataq otağındakı paltar dolabının içərisində səkkiz ədəd paketlərdən, evin qonaq otağındakı televizorun arxa tərəfində bir ədəd şəffaf polietilen torbadan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. (cild 01, iş vər. 43-59) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 13 noyabr 2019-cu il tarixli 625 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Şahid1 kirayə yaşadığı ünvan 3-da qonaq otağında divara bərkidilmiş televizorun arxasından aşkar edilmiş...” sözləri yazılmış şəffaf polietilen torbada iki ədəd ağ, bir ədəd “gümüşü” rəngli boş kağızlar və təmiz çəkisi 17,121 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs: Şahid1 kirayə yaşadığı ünvan 3-dan yataq otağında yerləşən şkafın içərisindən aşkar edilmiş içərisində ayrıayrılıqda 8 (səkkiz) ədəd sellofan paketlərdə qablaşdırılmış...” sözləri yazılmış göy rəngli polietilen torbadakı 8 (səkkiz) ədəd müxtəlif rəngli polietilen torbalarda içərisi boş şəffaf polietilen torbalar, ağ rəngli kağızlar və ayrı-ayrılıqda təmiz çəkiləri 240 qram, 230 qram, 145 qram, 120 qram, 117 qram, 65 qram, 50 qram, 17,221 qram ümumi təmiz çəkisi 984,221 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs: Şahid1 məxsus “Lada Priora” markalı **-UN-*** d.q.n nişanlı avtomobildən aşkar edilmiş içərisində 33 (otuz üç) ədəd kibrit qutularında qablaşdırılmış...” sözləri yazılmış göy rəngli polietilen torbadakı, 33 (otuz üç) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,104 qram, 5,067 qram, 5,202 qram, 5,755 qram, 5,679 qram, 5,715 qram, 5,157 qram, 4,915 qram, 5,280 qram, 5,366 qram, 5,874 qram, 5,849 qram, 5,537 qram, 5,198 qram, 5,965 qram, 6,728 qram, 6,710 qram, 5,998 qram, 5,769 qram, 5,875 qram, 5,789 qram, 5,599 qram, 5,789 qram, 6,004 qram, 5,162 qram, 5,503 qram, 5,384 qram, 5,161 qram, 5,147 qram, 6,005, 5,466 qram, 5,225 qram, 5,774 qram, ümumilikdə təmiz çəkisi 184,751 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (cild 01, iş vər. 74-75) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli 5(043)-98/2019 nömrəli qərarından görünür ki, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 12 noyabr 2019-cu il tarixli qərarının Şahid1 müvəqqəti yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilməsinə dair hissəsi qanuni hesab edilmişdir. (cild 01, iş vər. 140-142) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin 28 dekabr 2019-cu il tarixli 120-28539-1219 nömrəli məktubundan görünür ki, Şahid1 ifadəsində göstərdiyi narkotik vasitə aldığı “Rəşad” adlı şəxsin Balakən rayon sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, lakin hal-hazıradək Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək mümkün olmamışdır. (cild 01, iş vər. 147) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Fotoşəkillərin tanınma üçün təqdim edilməsi haqqında” 07.02.2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 4 ədəd fotoşəkli nəzərdən keçirdi və əlini 3-cü şəkilin üzərinə qoydu və 2019-cu ilin noyabr ayının əvvəlində narkotik vasitə olan qurudulmuş marixuananı həmin şəxsdən aldığını, həmin 3cü şəkildəki şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirdi. (cild 01, iş vər. 165-168) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" Telekom MMC-nin 04 sentyabr 2020-ci il tarixli 13732 nömrəli məktubu ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** nömrəli mobil telefonla mövcud olan zənglər və SMS-lər siyahısına, SMS mətnlərinə əhatə dairəsinə və abunəçilərə dair məlumatlar bir ədəd diskdə təqdim edilmişdir. Həmin bir ədəd disk cinayət işinə əlavə edilmişdir. Azercell Telekom MMC-də “WhatsApp” vasitəsilə göndərilən səsli və yazılı mesajların qeydiyyatı aparılmır. Həmin diskə tərəfimdən baxış keçirilmiş və müəyyən edilmişdir ki, 22 sentyabr 2019-cu il tarixdə saat 19:05-də Şahid1 istifadə etdiyi ***-***-**-** nömrəli telefonla Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəli telefona zəng edərək 168 saniyə müddətində danışıq aparmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonun 09 yanvar 2019-cu il tarixdə saat 16:40 dəqiqədə əhatə dairəsi Yevlax rayonu Havarlı kəndində olmuşdur. ***-***-**-** nömrəli mobil telefonun 13 yanvar 2019-cu il tarixdə saat 17:23 dəqiqədə əhatə dairəsi Yevlax rayonu Xanabad kəndində olmuşdur. ***-***-**-** nömrəli mobil telefonun 13 yanvar 2019-cu il tarixdə saat 17:27 və saat 17:28 dəqiqələrdə əhatə dairəsi Yevlax rayonu Xaldan kəndində olmuşdur. ***-***-**-** nömrəli mobil telefonun 13 yanvar 2019-cu il tarixdə saat 17:31 dəqiqədə əhatə dairəsi Yevlax rayonu Gülövşə kəndində olmuşdur. ***-***-**-** nömrəli mobil telefonun 15 yanvar 2019-cu il tarixdə saat 19:57 dəqiqədə əhatə dairəsi Yevlax rayonu Xaldan kəndində olmuşdur. ***- ***-**-** nömrəli mobil telefonun 17 yanvar 2019-cu il tarixdə saat 20:07 və saat 20:08 dəqiqələrdə əhatə dairəsi Yevlax rayonu Aran qəsəbəsində olmuşdur. ***-***-**-** nömrəli mobil telefonun 22 yanvar 2019-cu il tarixdə saat 16:10 dəqiqədə əhatə dairəsi Yevlax rayonu Aran RS-də, saat 16:10 dəqiqədə əhatə dairəsi Yevlax rayonu Gülövşə kəndində olmuşdur. ***-***-**-** nömrəli mobil telefonun 25 yanvar 2019-cu il tarixdə saat 13:49 dəqiqədə əhatə dairəsi Yevlax rayonu Aran qəsəbəsində, saat 18:46 əhatə dairəsi Yevlax rayonu Ərəş kəndində və saat 19:13 dəqiqələrdə əhatə dairəsi Yevlax rayonu Xanabad kəndində olmuşdur. ***-***-**-** nömrəli mobil telefonun 03 fevral 2019-cu il tarixdə saat 19:19 dəqiqədə əhatə dairəsi Yevlax rayonu Xaldan kəndində olmuşdur. ***-***-**-** nömrəli mobil telefonun 19 fevral 2019-cu il tarixdə saat 19:07 dəqiqədə əhatə dairəsi Yevlax rayonu Xaldan kəndində olmuşdur. ***-***-**-** nömrəli mobil telefonun 12 aprel 2019-cu il tarixdə saat 21:43, saat 21:44 dəqiqələrdə əhatə dairəsi Yevlax rayonu Xaldan kəndində, saat 21:46 dəqiqədə əhatə dairəsi Yevlax rayonu Gülövşə kəndində olmuşdur. ***-***-**-** nömrəli mobil telefonun 30 iyul 2019-cu il tarixdə saat 21:01 dəqiqədə əhatə dairəsi Yevlax rayonu Xanabad kəndində olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 11 may 2020-ci il tarixli 16/319 nömrəli rəyindən görünür ki, “Şübhəli şəxs Şahid1 kirayə yaşadığı ünvan 3-dan qonaq otağında divara bərkidilmiş, televizorun arxasından aşkar edilmiş ...” sözləri yazılmış şəffaf rəngli polietilen torbadakı marixuana ilə, üzərində “Şübhəli şəxs: Şahid1 kirayə yaşadığı, ünvan 3-dan yataq otağında yerləşən şkafın içərisindən aşkar edilmiş içərisində ayrı-ayrılıqda 8 (səkkiz) ədəd sellofan paketlərdə qablaşdırılmış ...” sözləri yazılmış göy rəngli polietilen torbadakı marixuanalar ilə, üzərində Şübhəli şəxs: Şahid1 məxsus “Lada Priora” markalı **-UN-*** d.q.n nişanlı avtomobildən aşkar edilmiş içərisində 33 (otuz üç) ədəd kibrit qutularında qablaşdırılmış ...” sözləri yazılmış göy rəngli polietilen torbadakı marixuanalar tərkiblərinə görə eynidirlər. (cild 02, iş vər. 04-07) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən rayon X5 Hüquqi Şəxsin 01.09.2020-ci il tarixli 79 nömrəli məktubundan görünür ki, Balakən rayonunun Gərəkli kənd sakini 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs MRX-nin poliklinika şöbəsində narkoloji və psixiatriya kabinetlərində qeydiyyatda yoxdur. (cild 02, iş vər. 189) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Diskə baxış keçirilməsi haqqında” 08 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, "xxxx" Telekom MMC-nin 30 dekabr 2019-cu il tarixli 36167 nömrəli məktubu ilə Şahid1 istifadə etdiyi nömrələrlə mövcud olan zənglər və SMS-lər siyahısına, SMS mətnlərinə əhatə dairəsinə və abunəçilərə dair məlumatlar bir ədəd diskdə təqdim edilmişdir. Həmin bir ədəd disk cinayət işinə əlavə edilmişdir. Həmin diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonun 26 oktyabr 2019-cu il tarixdə saat 22:42 dəqiqədə, 27 oktyabr 2019-cu il tarixdə saat 22:24 dəqiqədə, saat 22:30 dəqiqədə, saat 22:31 dəqiqədə, saat 22:33 dəqiqədə əhatə dairəsi Yevlax rayonu Aran qəsəbəsində olmuşdur. Şahid1 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonun 03 iyul 2019-cu il tarixdə saat 23:41 dəqiqədə əhatə dairəsi Yevlax rayonu Nemətabad kəndində olmuşdur. ***-***-**-** nömrəli mobil telefonun 03 iyul 2019-cu il tarixdə saat 23:43 dəqiqədə, saat 23:50 dəqiqədə və saat 23:55 dəqiqədə əhatə dairəsi Yevlax şəhərində olmuşdur. ***-***- **-** nömrəli mobil telefonun 04 iyul 2019-cu il tarixdə saat 18:29 dəqiqədə əhatə dairəsi Yevlax rayonu Aran qəsəbəsində olmuşdur. ***-***-**-** nömrəli mobil telefonun 13 avqust 2019-cu il tarixdə saat 18:09 dəqiqədə əhatə dairəsi Yevlax rayonu Aran qəsəbəsində olmuşdur. (cild 02, iş vər. 225-275) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına verilmiş Yevlax rayon polis şöbəsinin 10 sentyabr 2020-ci il tarixli ********* saylı cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Şahid1 ifadəsində göstərdiyi avtomobilindən və yaşadığı evdən aşkar edilərək götürülmüş 1186,093 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs alması barədə xüsusatlar düzgündür. Eləcə də, Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə olan qurudulmuş marixuana satması barədə ifadəsində göstərdiyi xüsusatlar düzgündür. Şahid1 Təqsirləndirilən şəxsla 2018-ci il tarixdə tanış olmuş, onların arasında qanunsuz olaraq narkotik vasitələrin alqı-satqısı barədə münasibətlər olmuşdur. Şahid1 avtomobilindən və yaşadığı evdən aşkar edilmiş 1186,093 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananın hamısını müxtəlif vaxtlarda, pul müqabilində Təqsirləndirilən şəxs almışdır. Təqsirləndirilən şəxs 2019-cu ilin birinci rübündə Balakən rayonu Poştbinə kəndində yaşadığı evin həyətində iki ədəd narkotik tərkibli çətənə bitkisi əkib-becərmiş, bir neçə ay sonra həmin bitkilərdən 1186,093 qram miqdarında qurudulmuş marixuana əldə etmiş və həmin marixuananı müxtəlif vaxtlarda, müxtəlif məkanlarda, eləcə də Yevlax rayonu Xaldan kəndində Şahid1 satmışdır. (cild 03, iş vər. 10) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına verilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 15 sentyabr 2020-ci il tarixli 120-28126-1220 saylı cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid1 külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin, idarə etdiyi **-UN-*** dövlət qeydiyyat nişanlı “VAZ-21703 Lada-Priora” markalı avtomobildə və kirayə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə külli miqdarda narkotik vasitələr saxlaması barədə Gəncə şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsinə daxil olmuş əməliyyat məlumatları əsasında 12 noyabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Şahid1 idarə etdiyi abvtomobilə və kirayə yaşadığı mənzilə baxış keçirilərkən külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Həmçinin, davamlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin narkotik vasitələri Şahid1 satmış Təqsirləndirilən şəxs müəyyən edilərək tutulub istintaqa təqdim olunmuşdur. Şahid1 ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, onun özünün və əlaqələrinin istifadə etdikləri mobil telefon nömrələri ilə aparılmış telefon danışıqlarına dair əldə olunmuş məlumatlar istintaq hərəkətləri zamanı istifadə olunması zamanı bir ədəd diskdə göndərilmişdir. Həmin bir ədəd disk cinayət işinə əlavə edilmişdir. Həmin diskə tərəfimdən baxış keçirilmiş və müəyyən edilmişdir ki, 22 sentyabr 2019-cu il tarixdə saat 19:05-də Şahid1 istifadə etdiyi ***-***-**-** nömrəli telefonla Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəli telefona zəng edərək 02 dəqiqə 48 saniyə müddətində danışıq aparmışdır. Gəncə şəhər Baş Polis İdarəsində Şahid1 ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, onun özünün və əlaqələrinin istifadə etdikləri mobil telefon nömrələri ilə aparılmış telefon danışıqlarına dair əldə olunmuş məlumatları özündə əks etdirən bir ədəd disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən tərəfimdən qəbul edilmiş 10 noyabr 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 03, iş vər. 13-19) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" Telekom MMC-nin 09 sentyabr 2020-ci il tarixli 14167 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına ***-***- **-** nömrə qeydiyyatda olmuşdur. (cild 03, iş vər. 26) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 19 oktyabr 2020-ci il tarixli 900 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 03, iş vər. 98) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 05 noyabr 2020ci il tarixli 609 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət hadisəsi törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (cild 03, iş vər. 113-115) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 1(100)-166/2020 saylı hökmündən görünür ki, Şahid1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə təqsirləndirilən şəxs Şahid1 məhkəmə istintaqında vermiş olduğu ifadədə qeyd olunan külli miqdar narkotik vasitəni satış məqsədi ilə əldə etməməsinə, sözügedən narkotik vasitələri Təqsirləndirilən şəxs adlı şəxsdən almamasına dair xüsusatlara tənqidi yanaşılmış və həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Məhkəmə sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etməmişdir Məhkəmə həmçinin həmin hökmlə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə, Şahid1 narkotik vasitə satmamasına, Sənandan aşkar olunmuş narkotik vasitələrdən məlumatsız olmasına dair xüsusatlara tənqidi yanaşmış və həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. (cild 03, iş vər. 30-46) Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Müdafiə tərəfin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası onlara tənqidi yanaşaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Əvvəla təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən müəyyən təsirlərə məruz qalması nəticəsində etirafedici ifadə vermək məcburiyyətində qaldığını bildirsə də, bu xüsusatlar Gəncə şəhər prokurorluğunda araşdırılmış və söylənilənlər öz təsdiqini tapmadığından, nəticədə 09 aprel 2021-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Həmin qərar müdafiə tərəfinə təqdim olunmuş, sözügedən qərar təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Digər tərəfdən Təqsirləndirilən şəxs və hazırkı iş üzrə Şahid1 məhkəmə istintaqı zamanı bir-birinin əleyhinə ifadə verməyərək narkotik vasitənin alğı-satqısı ilə məşğul olmadıqlarını bildirsələr də, Şahid1 ibtidai istintaq zamanı foto şəkil əsasında tanınmaya təqdim etmə istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs fotosunu göstərərək narkotik vasitəni məhz ondan aldığını etiraf etmişdir. Eyni zamanda, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə satmadığını bildirsə də, ibtidai istintaq zamanı Şahid1 100 qram narkotik vasitə marixuana satdığını etiraf etmiş və müvafiq ekspert rəyi ilə həmin narkotik vasitə ilə Şahid1 evində və avtomobilində aşkar olunan narkotik vasitə marixuanaların eyni tərkibli olması müəyyən edilmişdir. Bundan başqa Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 1(100)-166/2020 saylı preyudisial əhəmiyyətli hökmü mövcuddur ki, həmin hökmlə sözügedən narkotik vasitənin Şahid1 məhz Təqsirləndirilən şəxs tərəfindən satıldığı müəyyən olunmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 1(100)-166/2020 saylı hökmündən məhkum Şahid1 apellyasiya şikayəti vermiş və həmin hökm Gəncə Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə dəyişdirilmədən saxlanılmışdır, yəni hökm qanuni qüvvəsini almışdır. Beləliklə, qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərini müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, onun məhkəmə istintaq zamanı göstərdikləri işin faktiki halları ilə, o cümlədən mövcud sübutlarla üst-üstə düşmür. Ona görə də məhkəmə həmin ifadəni qəbul etmir. Əksinə Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu etirafedici ifadəsi əsaslı, işin faktiki hallarına və həqiqətə uyğun olduğundan, məhz həmin ifadəni ittihamın əsasına qoyur. Eyni zamanda, məhkəmə iş üzrə Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun hazırki ifadəsi təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına hesablanmış ifadələrdir. Odur ki, məhkəmə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı, işin faktiki hallarına uyğun hesab edir və ona görə də Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsasına həmin ifadəni qoyur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonunun Gərəkli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Himayəsində 30.03.2014-cü il təvəllüdlü X4 və 27.07.2015-ci il təvəllüdlü X3 adlı iki azyaşlı övladı vardır. Onun haqqında İcra nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. (cild 02, iş vər. 190- 196) Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vər. 106-107) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutula azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət işinin materiallarında olan “Şəxsin şübhəli şəxs qismində tanınması, barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında” 11 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmış, olduğu yer müəyyən olunmadığından barəsində axtarış elan edilmişdir. (cild 01, iş vər. 176-177) Cinayət işinin materiallarında olan Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin 07.05.2020-ci il tarixli 121-9469-1220 nömrəli məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06.05.2020-ci il tarixdə saxlanılaraq 07.05.2020-ci il tarixdə Nizami RPİ-nə gətirilmiş və həmin tarixdə Gəncə Şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. (cild 01, iş vər. 228) Cinayət işinin materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 07.05.2020-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 06.05.2020-ci il tarixdə saat 17:00 radələrində Balakən rayonunun Poştbinə kəndində tutularaq Gəncə şəhər Nizami RPİ-nə gətirilmiş və 07.05.2020-ci il tarixdə saat 11:00 radələrində Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. (cild 01, iş vər. 229) Cinayət işinin materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli qərarı 4(044)-39/2020 nömrəli qərarından görünür ki, 08 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu gündən, yəni 06.05.2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 265-266) Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs barəsində 11 fevral 2020ci il tarixdə axtarış elan edilmiş, o, 06.05.2020-ci il tarixdə saxlanılaraq 07.05.2020-ci il tarixdə Nizami RPİ-nə gətirilmiş və həmin tarixdə Gəncə Şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” protokol 07.05.2020-ci il tarixdə tərtib edilsə də, Təqsirləndirilən şəxs hüquqları faktiki olaraq 06.05.2020-ci il tarixdən məhdudlaşdırılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalı və cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 06 may 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid edildiyindən CM-nin 56.1.2-cü maddəsinə əsasən o, təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut olmaqla Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan MEM-ə məxsus üç ədəd kağız paketdə qablaşdırılmış 4,22 qramı ekspertiza tədqiqatına sərf edilmiş 1186,093 qramdan qalmış 1181,873 qram (17,051 qram, 983,371 qram və 181,451 qram olmaqla) miqdarında narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, altı ədəd diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 64,80 (altmış dörd manat, səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutumuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu, həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 06 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla olmaqla Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ümumi qalıq çəkisi 1181,873 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, altı ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 64,80 (altmış dörd manat, səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar