Məhkəmə qərarları › İş №1(091)-70/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-70/2022

05.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-70/2022 05.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Ağdaş rayonu Qaroğlan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimakn tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 26.08.2021-ci il tarixdə saat 17:15 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi qardaşı Şahid1 məxsus VAZ 21074 markalı **-VS-*** dövlət nömrə nişanlı avtomobillə Ağdaş-Ləki yolunun 10-cu kilometrliyində üzü Ağdaş istiqamətində hərəkətdə olarkən maksimum icazə verilən hərəkət sürəti 60 km/saat olan yol şəraitində avtomobilini 70 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, əks istiqamətli nəqliyyat axınlarının 1.1 üfiqi nişanlanma xətti ilə ayrılmasını nəzərə almalı olduğu halda, avtomobili öz zolağı ilə hərəkət etməli olduğu halda 1.1 üfiqi nişanlanma xəttini kəsərək avtomobili qarşı hərəkət zolağına çıxarmaqla hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda bunları etməyərək yolun sağından soluna doğru keçməkdə olan yüngül dərəcədə sərxoş vəziyyətdə piyada ünvan 2 ünvanında yaşayan 08.11.1966-cı il təvəllüdlü X5 avtomobilin qabaq hissəsi ilə yolun solunda ehtiyatsızlıqdan vuraraq ona dalağın cırılması, daxili qan itirmə, sol bazu oynağının çıxığı, sol bazu oynağının iç səthinin qançırları, sol diz nahiyəsinin sıyrıqları ilə müşayət olunan sağlamlığa ağır xəsarətlər yetirmiş və həmin xəsarətlər ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək 26.08.2021-ci il tarixdə saat təxminən 16:30 radələrində azyaşlı övladının xəstələndiyini, övladını Ağdaş Rayon Mərkəzi Xəstəxanasına həkimə aparmaq qərarına gəldiyini, həmin vaxtı avtomobili olmadığından və ona avtomobil lazım olduğundan, ondan ayrı yaşayan qardaşı Kənanın yaşadığı evə gedib onun idarə etdiyi VAZ 2107 markalı **-VS-*** dövlət nömrə nişanlı avtomaşını onlardan götürmək və yaşadığı evə gəlməyi qərara aldığını, Kənangilə getdiyini, avtomobilin açarı üzərində olduğundan Kənanın avtomobilini götürüb yaşadığı evə gəldiyini, Kənanın avtomobilinin digər qardaşı Elgünün adına olduğu üçün Elgünə “səndə mənimlə get, YPX-nin əməkdaşları məni saxlayar, sürücülük vəsiqəm və etibarnaməm yoxdur, avtomobil sənin adınadır” dediyini, Elgünün də onunla razılaşdığını, bundan sonra avtomobili işə saldığını, daha sonra əmisi oğlu Ağammədə “övladım xəstələnibdir, onu xəstəxanaya aparıram səndə mənimlə get” dediyini, Ağammədin də ona “evdəyəm yola çıxıram məni də yoldan götür” dediyini, daha sonra qardaşı Elgün arvadı Nərmin və azyaşlı övladının avtomobildə arxada əyləşdiyini, özünün isə avtomobili işə salıb gedəndə öz kəndlərində yoldan əmisi oğlu Ağammədi də götürdüyünü, əvvəlcə Orta Ləki kəndində yolun kənarında yerləşən Orxan adlı şəxsin aptekinin qarşısında avtomobili saxladığını və aptekə düşdüyünü, aptekdə işləyən Bəkir adlı aptek işçisinə “uşağımın vəziyyəti pisdir, qızdırması var, buna nə edim ki, qızdırması düşsün” dediyini, həmin vaxt Bəkirin ona uşağı xəstəxanaya aparmağını dediyini, bundan sonra avtomobilə əyləşdiyini və getdiyini, yolda uşağın qızdırmasının çox olduğunu, xəstəxanaya çatdıra bilməyəcəyini fikirləşdiyini, belə olub Ləki qəsəbəsində yerləşən X14 işləyən Səfa adlı tibb bacısının yaşadığı evinə getdiyini, həmin zaman Səfanın evdə olduğunu gördüyünü və ona “uşağın qızdırması qalxıbdır” dediyini, Səfanın da uşağa baxdıqdan sonra ona “uşağın qızdırması var” dediyini, həmin zaman Səfaya “üç gün bundan qabaq uşağın qzıdırması var idi, mən uşağı Minayə adlı həkimə göstərmişəm, mənə həmin vaxt respet yazıbdır, lakin mənim həmin zaman imkanım olmadığı üçün həmin dərmanları ala bilmədim və uşağın müalicəsinə edə bilməmişəm” dediyini, həmin zaman Səfanın ondan həmin resepti istədiyini və baxdıqdan sonra ona “aptekdən sistem al gətir, müalicə edim” dediyini, bundan sonra Bəkir adlı aptek işçisinin yanına qayıtdığını və həmin resepti Bəkirə təqdim etdikdən sonra Bəkirin ona həmin sistemləri verdiyini, bundan sonra Səfa adlı tibb bacısıgilə getdiyini, Səfa adlı tibb bacısının uşağa sistem qoyduqdan sonra uşağın qızdırmasının aşağı düşdüyünü, bundan sonra evə gedəndə uşağın vəziyyətinin yenidən pisləşdiyini, dərhal Bəkir adlı aptek işsinin yanına gəldiyini və ona uşağın vəziyyətinin daha da pisləşdiyini dediyini, həmin vaxtı Bəkirin ona uşağı tez xəstəxanaya çatdırmağını dediyini, bundan sonra Ağdaş Ləki yolu ilə üzü Ağdaş şəhərinə xəstəxanaya gələn zaman Ağdaş Ləki yolunun 10-cu kilometrliyində yolun sağında yerləşən Halal marketə təxminən 50-60 metr qalmış onunla eyni istiqamətə qabaqda hərəkətdə olan nömrəsini bilmədiyi yük maşınını ötmək qərarına gəldiyini, ötmə işığından istifadə edib əks hərəkət yoluna çıxanda yolun sağında iki nəfər şəxs olduğunu gördüyünü, həmin şəxslərin birinin əlində iki ədəd ağ sellofan torbalar olduğunu, əsasən asfalt hissədə olan sonradan adını bildiyi Ramiz adlı şəxsin həmin şəxsdən sellofan torbanının birini alıb yenidən yolun soluna iti addımlarla keçən zaman avtomobili ilə onu vurmamaq üçün əyləcdən istifadə etdiyini, lakin sürətinin təxminən 70 km/saat olduğu üçün əyləcdən istifadə edib avtomobilini yolun üzü Ağdaş istiqamətinə gedəndə sol ehtiyat hissəsinə onu vurmamaq üçün çəkdiyini, lakin buna baxmayaraq avtomobilin qabaq hissəsi ilə ehtiyat hissə ilə asfalt hissənin birləşdiyi yerdə həmin Ramiz adlı şəxs vurduğunu, həmin zaman Ramizin yerə yıxıldığını, bundan sonra özü, qardaşı Elgün, əmisioğlu Ağammədin tez avtomobildən yerə düşdüklərini, Ramizi öz avtomobilinə arxaya əyləşdirdiyini, yoldaşı və azyaşlı uşağının qabaqda əyləşdiyini, qardaşı və özünün arxada Ramizin yanında əyləşdiklərini, həmin vaxt özünün pis olduğu üçün də əmisioğlu Ağammədin də avtomobili idarə etdiyini və Ağdaş Ağdaş Rayon X2 X15 gəldiklərini, həmin zaman Ramizdən ona nə olduğunu soruşduqlarını, Ramizin də “bilmirəm, deyəsən yolun kənarında lapetdən yıxılmışam” dediyini, bundan sonra həyat yoldaşı, övladı və qardaşını köhnə xəstəxanada saxladığını və onlara “uşağa tibbi yardım göstərsinlər, mən də Ağammədlə Ramizi rentgendən keçirib gəlirəm” dediyini, xəstəxanaya gedib, xəstəxananın qarşısında dayandığını, bundan sonra əmisi Nazim, qardaşı Kənan və xalası oğlu Zərdabinin həmin yerə gəldiklərini, özünün də onlara “siz Ramizi rentgendən keçirin mən uşağın yanına gedib qayıdıram” dediyini, onların da Ramizi rentgen keçirmək üçün rentgenə apardıqlarını, bundan sonra köhnə xəstəxanada olan zaman rentgen kağızı ilə birlikdə Ramizi köhnə xəstəxanaya gətirdiklərini, Ramizə ilk tibb yardım olunduqdan sonra Ramizi xalası oğlu Zərdabinin avtomobilində evlərinə aparası olduqlarını, həmin zaman Zərdabinin öz avtomobilini idarə etdiyini, Ramizin qabaqda əyləşdiyini, araxada əmisi Nazim, özü və qardaşı Kənanın əyləşdiyini, Ramizi evlərinə gətirən zaman yolda Ləki qəsəbəsində Ramizin qardaşını yolda gördüklərini və onu da avtomobilə əyləşdirdiklərini, bundan sonra Ramizin evinin qarşısında Zərdabi avtomobili saxladığını, Ramizi avtomobildən düşürmək istəyən zaman Ramizdə hərəkət olmadığını, nəfəs almadığını gördüklərini, birdən Ramizin öləcəyini fikirləşdiklərini, vurulan iynədən özünü itirdiyini və bu səbəblə də nəfəs gəlmədiyini fikirləşdiklərini və onu yenidən birlikdə xəstəxanaya gətirdiklərini, köhnə xəstəxanaya gəldiklərini və xəstəxanada onlara Ramizin nəbzinin vurmadığını, artıq öldüyünü dediklərini bildirmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, mərhum qardaşı X11 tüfeyli həyat tərzi sürmüş, uzun illər öncə ailəsi və uşaqlarından ayrılmış, onlarla həmin vaxtdan görüşməmişdir. Heç yerdə işləməmiş, gününü spirtli içki qəbul etməklə keçirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs onun doğma qardaşı olduğunu, qardaşı Pərvizlə eyni evdə yaşadıqlarını, lakin digər qardaşı Kənanın onlardan ayrı yaşadığını, qardaşı Kənanın VAZ 2107 markalı **-VS-*** dövlət nömrə nişanlı avtomobili olduğunu, lakin həmin avtomobilin onun adına olduğunu, qardaşı Kənanın avtomobili ilə harasa getsə özünün də onunla birlikdə getdiyini, qardaşı Pərvizin ailəli olduğunu və onun iki azyaşı övladı olduğunu, 26.08.2021-ci il tarixdə qardaşı Pərvizin ona “azyaşlı övladım xəstələnibdir, onu xəstəxanaya aparmaq lazımdır, lakin Kənanın işi var apara bilmir, avtomobili özüm gedib götürəcəm” dediyini, həmçinin Pərvizin onunla getməyini bildirdiyini və ona “avtomobil sənin adınadır, səndə mənimlə get, YPX-nin əməkdaşları məni saxlayar, sürücülük vəsiqəm və etibarnaməm yoxdur” dediyini, özünün də onunla razılaşdığını, daha sonra Pərvizlə Kənanın avtomobilini götürüb gəldikdən sonra Pərvizin arvadı Nərmini və onun azyaşlı övladını avtomobilə əyləşdirdiklərini, daha sonra əmisi oğlu Ağammədi də öz yaşadıqları kənddən yoldan götürdüklərini, əvvəlcə X20 kəndində yolun kənarında yerləşən Orxan adlı şəxsin aptekinin qarşısında avtomobili saxladığını və aptekə düşdüyünü, bir neçə dəqiqədən sonra Pərvizin aptekdən çıxıb avtomobilə əyləşdiyini və avtomobili işə salıb getdiklərini, Pərviz “uşağın qızdırması çoxdur, xəstəxanaya çatdıra bilmərəm” dediyini, belə olub Ləki qəsəbəsində yerləşən X14 işləyən Səfa adlı tibb bacısının yaşadığı evinə getdiklərini, həmin zaman Səfanın evdə olduğunu və Pərvizin ona uşağın qızdırmasının qalxdığını dediyini, Səfanın da uşağa baxdıqdan sonra Pərvizə uşağın qızdırması olduğunu dediyini, həmin zaman Pərvizin Səfaya “üç gün bundan qabaq uşağın qzıdırması var idi, mən uşağı Minayə adlı həkimə göstərmişəm, mənə həmin vaxt respet yazıbdır, lakin mənim həmin zaman imkanım olmadığı üçün həmin dərmanları ala bilmədim və uşağın müalicəsinə edə bilməmişəm” dediyini, həmin zaman Səfanın Pərvizdən həmin resepti istədiyini və baxdıqdan sonra ona “aptekdən sistem al gətir, müalicə edim” dediyini, bundan sonra Pərvizin Bəkir adlı aptek işçisinin yanına qayıtdığını və həmin resepti Bəkirə təqdim etdikdən sonra Bəkirin ona həmin sistemləri verdiyini, bundan sonra Səfa adlı tibb bacısıgilə getdiklərini, Səfa adlı tibb bacısının uşağa sistem qoyduqdan sonra uşağın qızdırmasının aşağı düşdüyünü, bundan sonra evə gedəndə yolda uşağın vəziyyəti yenidən pisləşdiyini gördüklərini, dərhal Bəkir adlı aptek işsinin yanına gəldiyini və ona uşağın vəziyyətinin daha da pisləşdiyini dediyini, həmin vaxtı Bəkirin uşağı tez xəstəxanaya çatdırmasını dediyini, bundan sonra Ağdaş Ləki yolu ilə üzü Ağdaş şəhərinə xəstəxanaya gələn zaman X18 yolunun 10-cu kilometrliyində yolun sağında yerləşən Halal marketə təxminən 50-60 metr qalmış onun idarə etdiyi avtomobillə eyni istiqamətə qabaqda hərəkətdə olan nömrəsini bilmədikləri yük maşınını ötmək qərarına gəldiyini, ötmə işığından istifadə edib əks hərəkət yoluna çıxanda yolun sağında iki nəfər şəxs olduğunu gördüklərini, həmin şəxslərin birinin əlində iki ədəd ağ sellofan torbalar olduğunu, əsasən asfalt hissədə olan sonradan adını bildikləri Ramiz adlı şəxsin həmin şəxsdən sellofan torbanının birini alıb yenidən yolun soluna iti addımlarla keçən zaman avtomobili ilə onu vurmaması üçün Pərvizin əyləcdən istifadə etdiyini, lakin Pərvizin sürətinin təxminən 70 km/saat olduğu üçün əyləcdən istifadə edib avtomobilini yolun üzü Ağdaş istiqamətinə gedəndə sol ehtiyat hissəsinə çəkdiyini, buna baxmayaraq avtomobilin qabaq hissəsi ilə ehtiyat hissə ilə asfalt hissənin birləşdiyi yerdə həmin Ramiz adlı şəxsi vurduğunu, həmin zaman Ramiz yerə yıxıldığını, bundan sonra özünün, Pərvizin, əmisioğlu Ağammədin tez avtomobildən yerə düşdüklərini, Ramizi öz avtomobillərinə arxaya əyləşdirdiklərini, Nərmin və azyaşlı uşağı avtomobildə qabaqda əyləşdiyini, qardaşı və özünün arxada Ramizin yanında əyləşdiklərini, həmin vaxt Pərviz özü pis olduğu üçün də əmisioğlu Ağammədin də avtomobili idarə etdiyini və Ağdaş RMX-na Təcili X15 gəldiklərini, həmin zaman Ramizdən həkimlərin “sənə nə olubdur” deyərək soruşduqlarını, Ramizin də onlara “bilmirəm, deyəsən yolun kənarında lapetdən yıxılmışam” dediyini, Ramizin belə dediyi üçün Pərvizin də avtomobillə Ramizi vurmağını onlara demədiyini, bundan sonra özü, gəlinbacısı Nərmin və azyaşlı övladı ilə köhnə xəstəxanada qaldıqlarını, Pərvizin də onlara “uşağa tibbi yardım göstərsinlər, mən də Ağammədlə Ramizi rentgendən keçirib gəlirəm” dediyini, daha sonra gəlinbacısı Nərminlə ikisinin Pərvizin azyaşlı övladını həkimlərə göstərdiklərini və orada ilk tibbi yardım göstərildikdən sonra kənar bir şəxsin avtomobili ilə yaşadıqları evə getdiklərini, həmin gün gecə saat təxminən 22:00 radələrində Ramizin aldığı xəsarətlərdən öldüyünü eşitdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində Təqsirləndirilən şəxs onun doğma qardaşı olduğunu, özünün VAZ 2107 markalı **-VS-*** dövlət nömrə nişanlı avtomobili olduğunu, lakin həmin avtomobili digər qardaşı Şahid1 adına olduğunu, həmçinin avtombil idarə etmək üçün sürücülük vəsiqəsinin də olduğunu, avtomobillə harasa getsə qardaşı Elgünün də onunla birlikdə getdiyini, 26.08.2021-ci il tarixdə təxminən 16:30 radələrində qardaşının ona zəng edərək “övladım xəstələnibdir məni gəl xəstəxanaya apar” dediyini, özünün də ona “avtomobil evdədir, mən də sahədə ot biçirəm gələ bilməyəcəm” dediyini, bundan sonra qardaşının özünün gedib avtomobilimi götürdüyünü və azyaşlı övladını xəstəxanaya aparanda Ağdaş Ləki yolu ilə üzü Ağdaş şəhərinə gələn zaman Ağdaş Ləki yolunun 10-cu kilometrliyində yolun sağında yerləşən Halal marketə təxminən 50-60 metr qalmış yol nəqliyyat hadisəsi törədib və Ramiz adlı şəxsi avtomobillə vurduğunu eşitdiyini, daha sonra əmisi Nazim, xalası oğlu Zərdabi ilə birlikdə Ağdaş şəhərində yerləşən təzə xəstəxanaya gəldiklərini, həmin zaman qardaşı Pərvizin əmisi oğlu Ağamməd ilə birlikdə Ramiz adlı şəxsi təzə xəstəxanaya rentgen etmək üçün gətirdiklərini, qardaşı Pərvizin onlara “Ramizi rentgendən keçirin mən uşağın yanına gedib qayıdıram” dediyini, Ramizi rentgen keçirmək üçün rentgenə apardıqlarını, sonra Ramizə ilk tibbi yardım olunduğunu, bundan sonra Ramizi xalasıoğlu Zərdabinin avtomobilində evlərinə aparası olduqlarını, həmin zaman Zərdabinin öz avtomobili idarə etdiyini, Ramiz qabaqda əyləşdiyini, araxada əmisi Nazimin, özü və qardaşı Pərvizin əyləşdiyini, Ramizi evlərinə gətirən zaman yolda Ləki qəsəbəsində Ramizin qardaşını yolda gördüklərini və onu da avtomobilə əyləşdirdiklərini, bundan sonra Ramizin evinin qarşısında Zərdabinin avtomobili saxladığını, Ramizi avtomobildən düşürmək istəyən zaman Ramizdə hərəkət olmadığını, nəfəs almadığını gördüklərini, dərhal qorxduqlarını, Ramizin öldüyünü fikirləşdiklərini, ola bilsin ki, vurulan iynədən özünü itirdiyini, ona görə nəfəs gəlmıdiyini fikirləşərək onu yenidən birlikdə xəstəxanaya gətirdiklərini, köhnə xəstəxanaya gəldiklərini orada Ramizin artıq öldüyünü dediklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində Təqsirləndirilən şəxs onun xalası oğlu olduğunu, 26.08.2021-ci il tarixdə təxminən 17-18 radələrində Pərvizin azyaşlı övladını xəstəxanaya aparanda Ağdaş Ləki yolu ilə üzü Ağdaş şəhərinə gələn zaman Ağdaş Ləki yolunun 10-cu kilometrliyində yolun sağında yerləşən Halal marketə təxminən 50-60 metr qalmış yol nəqliyyat hadisəsi törədib və Ramiz adlı şəxsi avtomobillə vurduğunu eşitdiyini, daha sonra özü, Pərvizin qardaşı Kənan, Pərvizin əmisi Nazim ilə birlikdə Ağdaş şəhərində yerləşən təzə xəstəxanaya gəldiklərini, həmin zaman Pərvizin qohumu Ağamməd ilə birlikdə Ramiz adlı şəxsi təzə xəstəxanaya rentgen etmək üçün gətirdiklərini, Pərvizin onlara “Ramizi rentgendən keçirin mən uşağın yanına gedib qayıdıram” dediyini, daha sonra isə rentgendə işləyən həmin şəxsin Ramizi rentgendən keçirdiyini, bundan sonra rentgen kağızı ilə birlikdə Ramizi köhnə xəstəxanaya gətirdiklərini, xəstəxanada Ramizə ilk tibbi yardım olunduğunu, bundan sonra Ramizi onun avtomobili ilə evlərinə aparası olduqlarını, həmin zaman avtomobilini özünün idarə etdiyini, Ramizin qabaqda əyləşdiyini, araxada Nazim, Kənan və Pərviz əyləşdiklərini, Ramizi evlərinə gətirən zaman yolda Ləki qəsəbəsində Ramizin qardaşını yolda gördüklərini və onu da avtomobilə əyləşdirdiklərini, bundan sonra Ramizin evinin qarşısında avtomobili saxladığını, Ramizi avtomobildən düşürmək istəyən zaman Ramizdə hərəkət olmadığını, nəfəs almadığını gördüklərini, qorxduqlarını, öldüyünü fikirləşdiklərini, onu yenidən birlikdə xəstəxanaya gətirdiklərini və ola bilsin ki, vurulan iynədən özünü itirdiyini, ona görə nəfəs gəlmədiyini fikirləşdiklərini, köhnə xəstəxanaya gəldiklərini və orada artıq Ramizin öldüyünü bildiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Cinayət işinin materiallarında olan “Raport”lardan görünür ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının 26.08.2021-ci tarixli məlumatında Ağdaş rayonu Ləki qəsəbəsinin sakini 1966-cı il təvvəllüdlü X4 həmin tarixdə saat 20:30 radələrində sol diz bud çanağının əziyi xəsarəti ilə xəstəxanaya daxil olması, daha sonra 21:30 radələrində isə aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi bildirilmişdir (cild 01, iş vər. 07). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 27.08.2021-ci il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Ağdaş-Ləki yolunun 10-cu kilometrliyində baş vermişdir. Protokola müvafiq olaraq hadisənin baş vermə sxemi və foto şəkillər əlavə olunmuşdur (cild 01, iş vər. 24-29). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizanın 06.08.2021-ci il tarixli 24 saylı rəyindən görünür ki, X4 meyitində aşkar olunan xəsarətlər - dalağın cırılması, daxili qanitirmə (2000 ml), sol bazu oynağının çıxığı, sol bazu oynağının iç səthinin qançırı, sol qiz nahiyəsinin sıyrıqları küt alət təsirindən törənmiş, törənmə müddətləri 26.08.2021-ci il tarixə uyundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından birlikdə sağlamlığa ağır zərər vuan xəsarətlərə aid olunurlar. X4 ölümünə səbəb dalağın cırılması nəticəsində törənən daxili qanitirmə olmuşdur. X4 ölümü meyitin müayinəsindən ən azı 1 saat əvvəl ən çoxu 3 saat əvvəl baş vermişdir. X4 meyitində aşkar olunan xəsarətlər hərəkətdə olan avtomobillə piyadanın toqquşması zamanı əmələ gələ bilərlər. X4 meyitindən götürülən qanda 0,6 promilli etil spirti aşkar olunmuşdur. Aşkar olunan bu miqdar etil spirti rəsmi cədvəl üzrə yüngül dərəcəli alkaqol sərxoşluğu vəziyyətinə uyğundur (cild 01, iş vər. 106-109). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 04.11.2021-ci il tarixli 8/2551 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-cü hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 01, iş vər. 118-121). Cinayət işinin materiallarında olan Ağdaş Rayon Polis Şöbəsi tərəfindən verilmiş 04.12.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olub-olmaması BDYP-nin X7 yoxlanılarkən müəyyən olunmuşdur ki, onun sürücülük vəsiqəsi yoxdur. Həmçinin Ağdaş-Ləki yolunun 10-cu kilometrliyində maksimum sürət həddi 60 km/saatdır (cild 01, iş vər. 123). Cinayət işinin materiallarında olan “Təqdim edilmiş diskə baxış keçirilərək götürülməsi haqqında” 27.08.2021-ci il tarixli protokoldan görünür ki, təqdim olunmuş diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Ağdaş-Ləki yolu ilə üzü Ağdaş istiqamətində hərəkətdə olan zaman eyni istiqamətdə olan iri qabaritli avtomaşını ötmək istəmiş və bu zaman piyada Ramiz Qurbanov yolun sağ hissəsindən qaçaraq sol hissəyə keçdiyi üçün Təqsirləndirilən şəxs avtomobilin qabaq hissəsi ilə piyada Ramiz Qurbanovu vurmuşdur (cild 01, iş vər.48-49). Cinayət işinin materiallarında olan Ağdaş Rayon Mərkəzi X9 şəxs tərəfindən verilmiş 11.12.2021-ci il tarixli 1814 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir (cild 01, iş vər. 128). Cinayət işinin materiallarında olan 12.12.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 185, 187.1 və 264-cü maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələrlə cinayət təqibi rədd edilmişdir (cild 01, iş vər. 155-165). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan özünə Şahid1 məxsus VAZ 21074 markalı **-VS-*** dövlət nömrə nişanlı avtomobili idarə etməklə ehtiyatsızlıqdan yuxarıda qeyd edilən cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəməavtotexniki ekspertizalarının rəyləri, o cümlədən digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir və ona görə də, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 263-1.3 maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə olunmuş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6 təqsirləndirilən şəxslə barışmışdır, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 01, iş vər. 129). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi (arvadı, 2017 və 2019-cu il təvəllüdlü iki azyaşlı uşağı) ilə birlikdə Ağdaş rayonu, Qaraoğlan kəndində qeydiyyatdadır və yaşayır. Yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 124-125). Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 93). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, səmimi peşmançılığını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin hadisənin baş vermə mexanizmini, yəni baş verən hadisənin təqsirləndirilən şəxsin öz uşağına X19 göstərilməsi üçün xəstəxanaya aparılması şəraitində baş verməsini, onun hadisəsindən sonrakı hərəkətlərini, yəni mərhum Ramiz Qurbanova tibbi yardım göstərilməsi üçün sonuncunun xəstəxanaya çatdırılmasını, habelə təqsirləndrilən şəxsin şəxsiyyətini, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona eyni zamanda nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Odur ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan 11.12.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həmin tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 139, 152). Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə və CMnin 56.1.2-ci maddəsinə istinadən qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi yaşadığı yer üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan VAZ 21074 markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid1 qaytarılması, 01 ədəd CD diskin isə cinayət işinin materialarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə 100 AZN (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan VAZ 21074 markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid1 qaytarılması, 01 ədəd CD diskin isə cinayət işinin materialarında saxlanılması nəzərə alınsın. İş üzrə 100 AZN (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar