Məhkəmə qərarları › İş №1(091)-70/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-70/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-70/2023 28.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X9, xx.xx.1981-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2205,0 qram narkotik vasitə olan qurudulmamış marixuananı istintaqla müəyyən olunmayan vaxtda və mənbədən əldə edib əlində olan qara rəngli sellofan torbada saxlamış, xx.xx.2022-ci il tarixdə saat 14:45-də Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri Kür küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 15:50-dən 16:15-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əlində olan 1 (bir) ədəd qara rəngli sellofan torbada satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 2205,0 qram narkotik vasitə olan qurudulmamış marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3170,0 qram narkotik vasitə olan qurudulmamış marixuananı istintaqla müəyyən olunmayan vaxtda və mənbədən əldə edib yaşadığı ünvan 3 ünvanında yerləşən evinin yataq otağındakı çarpayının altından saxlamış, xx.xx.2022-ci il tarixdə saat 17:18-dən 17:30-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə ünvan 3 ünvanında yerləşən evinə keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı çarpayının altında olan 1 (bir) ədəd sintetik kisənin içərisində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 3170,0 qram narkotik vasitə olan qurudulmamış marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə qonşusu Elnur adlı şəxslə evlərinin yaxınlığındakı mağazaya gedərkən iki nəfər polis əməkdaşları onun yanında saxlayaraq onunla salamlaşdıqdan sonra ona avtomaşına oturmağı təklif etmiş, avtomaşında ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının onu axtardıqlarını, buna görə ona yaxşılıq edib CM-in 234.1-ci maddəsi ilə onu sənədləşdirəcəklərini bildirdikdən sonra sonuncularla razılaşmış, Video çəkilişlə aparılan şəxsi axtarış zamanı polis əməkdaşlarının ona verdikləri torbadakı narkotik vasitə olan marixuananın özünə məxsus olduğunu bildirmişdir. Daha sonra narkotik vasitədən istifadə etdiyinə görə atası onun barəsində rayon Polis Şöbəsinə müraciət etmiş, orada atasına ərizə yazdırdıqdan sonra evlərinin yanındakı məktəbin həyətində onu saxladıqdan sonra polis şöbəsinə aparmış, orada polis əməkdaşları ona təzyiq və təsir göstərdikdən sonra evdə yaşadığı otaqda aşkar olunan torbadakı narkotik vasitənin də özünə məxsus olduğunu bildirmişdir. Həmin torba da ona məxsus olmamış, polis əməkdaşları tərəfindən həmin yerə qoyulmuşdur. Polis əməkdaşlarının onu döyməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxan məhkəməyə bildirməmiş, istintaq təcridxanasına daxil olan zaman bədən səthində hansısa xəsarətin olması barədə məlumat verməmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə göbələk yığmaq üçün Kür çayının sahilində olarkən tapdığı yığılmış vəziyyətdə olan narkotik vasitəmarixuananı sonradan gəlib götürmək məqsədilə kolluğun dibində gizlətmiş, xx.xx.2022-ci il tarixdə yaşadığı evdən bir ədəd qara rəngli sellofan torba götürərək yenidən həmin əraziyə gəlib yaş vəziyyətdə olan həmin marixuananı torbaya yığaraq oradan uzaqlaşmışdır. Saat 1445 radələrində Yevlax şəhəri Kür küçəsində əlində həmin torba ilə hərəkətdə olarkən Yevlax rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitələri saxlamaqda şübhəli olduğuna görə onu polis şöbəsinə dəvət etmiş, Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan qara rəngli sellofan torbanın içərisində olan narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. 21 okyabr 2022-ci il tarixdə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Atası Şahid5lə bir evdə yaşamaqla sonuncu ilə aralarında mübahisələri olmuş, xx.xx.2022-ci il tarixdə atası Yevlax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı yataq otağında narkotik vasitə olan marixuana saxladığını bildirmişdir. Həmin narkotik vasitəni 30 oktyabr 2022-ci il tarixdə Kür çayının sahilindən yabanı halda bitən çətənə kollarından yığaraq yaşadığı evə gətirib çarpayının altında saxlamış, atasının ərizəsindən sonra polis əməkdaşlarına bu barədə etiraf etmişdir. Polis əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə yaşadığı ünvan 4 ünvanında evə baxış keçirilən zaman yataq otağında çarpayının altında saxladığı bir ədəd sintetik kisədə olan qurudulmamış marixuananı polis əməkdaşalrına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 19 oktyabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna daxil olan PPXB-nin polis nəfəri Şahid4 ilə birlikdə saat 1445 radələrində Təqsirləndirilən şəxs olduğu Yevlax şəhər Kür küçəsinə gedib sonuncuya özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli olduğuna görə onlarla birlikdə rayon Polis Şöbəsinə getməsini bildirmişlər. Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkisi 2340 qram olmaqla içərisində narkotik vasitə olan qurudulmamış marixuana olan qara rəngli sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 18 oktyabr 2022-ci il tarixdə Kür çayı sahilindən yığılmış vəziyyətdə tapdığını, narkotik vasitə istifadəçisi olduğundan kolluq ərazidə gizlətdiyini, 19 oktyabr 2022-ci il tarixdə gizlətdiyi yerdən götürərək torbanın içərisinə yığdıqdan sonra oradan uzaqlaşıb Yevlax şəhəri Kür küçəsi ilə piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Narkotik vasitəyə bənzər kütlə təhqiqatçı tərəfindən qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri işləyən Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Yevlax rayon X3 Mübarizə Qrupunun əməliyyat müvvəkili işləyən Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 03 noyabr 2022-ci il tarixdə şöbə rəhbərliyinin göstərişinə əsasən Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Elçin Qəhrəmənov və X1 baş inspektoru işləyən Sirac Fərəcovla birlikdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə keçirilən baxışda iştirak etmiş, baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında yerləşən çarpayının döşəyini və döşəyin altındakı taxtanı qaldıraraq oradan bir ədəd sintetik kisə çıxardaraq həmin kisənin içərisində narkotik vasitə-marixuana olduğunu bildirmişdir. Kisənin içərisinə baxıldıqda narkotik vasitə qurudulmamış marixuanaya bənzər kütlə olduğu aşkar olunmuş, həmin kütlə elektron tərəzidə çəkilərkən çəkisinin 3510 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 30 oktyabr 2022-ci il tarixdə Kür çayı sahilindən yabanı halda bitən çətənə kollarından yığaraq bir ədəd sintetik kisənin içərisinə qoyub özü istifadə etmək üçün yaşadığı evə gətirərək çarpayının altında gizlətdiyini bildirmişdir. Narkotik vasitəyə bənzər kütlə müstəntiq tərəfindən qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsnin əməliyyat müvəkkili işləyən X5 və X1 baş inspektoru işləyən X8 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyinə və artıq evdə olan əşyaları satdığına görə Yevlax rayon Polis Şöbəsinə müraciət etmiş, lakin oğlunun otağında narkotik vasitə görməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etməklə təsadüfən xx.xx.2022-ci il tarixdə saat 13 radələrində oğlu Təqsirləndirilən şəxs yataq otağının qapısı açıq olan zaman yataq otağında olan iki nəfərlik çarpayının üst hissəsini qaldıraraq çarpayının altına əşya yığmaq üçün istifadə edilən hissədən narkotik vasitə olan marixuanaya bənzər kütlə götürdüyünü görmüş, Təqsirləndirilən şəxs əlində marixuanaya bənzər kütlə olan zaman onu görmüş və dərhal əlini belinin arxasında gizlədərək ondan nə istədiyini soruşmuşdur. Özünü onun yataq otağının qapısının qarşısına yeni gəlmiş kimi göstərərək Təqsirləndirilən şəxs ac olubolmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs isə ona yemək yeməyəcəyini deyərək qapını örtmüş, həmin gün polis şöbəsinə gəlib məlumat verəcəyi təqdirdə Təqsirləndirilən şəxs ondan şübhələnəcəyini fikirləşdiyindən xx.xx.2022-ci il tarixdə Yevlax RPŞ-nə gələrək bu barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 19 oktyabr 2022-ci il tarixli 17/794 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əlində olan qara rəngli bir ədət torbanın daxilində” sözləri və imzalar yazılmış qara rəngli sellofan torbanın içərisində təmiz çəkisi-2205,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə bioloji ekspertizasının 04 noyabr 2022-ci il tarixli 17/822 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş” sözləri və imzalar yazılmış sintetik kisənin içərisində təmiz çəkisi-3170,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş 01(bir) ədəd sintetik kisədə olan qurudulmamış marixuana ilə 01 (bir) ədəd kağız torbada olan qurudulmamış marixuana tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 noyabr 2022-ci il tarixli 1792 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 19 oktyabr 2022-ci il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əlindəki qara rəngli sellofan torbanın içərisindən torba ilə birlikdə çəkisi 2340 qram olmaqla içərisində narkotik vasitə olan qurudulmamış marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 03 noyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evindəki yataq otağındakı çarpayının altında əşya yığmaq üçün nəzərdə tutulan yerdən çəkisi 3510 qram olan içərisində narkotik vasitə olan marixuananın olduğu sellofan torba aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Əliyev X6 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 152/6 nömrəli məktubdan görünür ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasını çəkməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayışdan görünür ki, Əliyev X6 şəhəri B.İmnaov küçəsi 99 ünvanında yaşamaqla himayəsində xx.xx.2013-cü ildə doğulmuş Fatimə Əliyeva adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X4 rayon Narkoloji Kabineti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1869 nömrəli arayışdan görünür ki, Əliyev X6 rayon narkoloji kabinetində qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Yevlax rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 7897/22 nömrəli arayışdan görünür ki, Əliyev X6 rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarına əlavə edilmiş 19 oktyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1445-də şübhəli şəxs qismində tutulmuşdur. İş matreiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ittiham elan olunmalı şəxsin tutulması haqqında 03 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1718-də tutulmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında 05 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə gəldikdə isə dövlət ittihamçısı vəsatət verərək CM-in 234.1-ci madəsində nəzərdə tutulan əməlin CM-in 234.1-1-ci maddəsi ilə əhatə olunduğundan həmin maddə ilə olan rəqəm ifadələri ona verilən ittihamdan çıxarılmasını xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısının vəsatəti ilə razılaşaraq hesab edir ki, CM-in 234.1-1-ci maddəsi ilə əhatə olunduğuna görə Təqsirləndirilən şəxs irəli sürülmüş CM-in 234.1-ci maddəsi ilə olan rəqəm ifadəsi ona verilən ittihamdan xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşlarının təzyiq və təsiri nəticəsində aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmasını etiraf etməsinə dair ifadəsini inandırıcı olmayan, özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəsinin iştirakı keçirilən hər iki istintaq hərəkətində aşkar olunan narkotik vasitələrin özünə məxsus olmasını, müdafiəçinin suallarına cavab olaraq isə ona qarşı heç bir təzyiq və təsir olmadığını bildirmiş, daha sonra bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və barəsində qətimkan tədbiri seçilməsi məsələsinə baxan məhkəməyə bildirməmişdir. Eyni zamanda istintaq təcridxanasına daxil olan zaman bədən səthində hansısa xəsarətlərin olması haqqında məlumat verməmiş və bunu etməməsinə dair əsaslı izah verə bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində qeyd etdiklərini təsdiq edən və məhkəmə tərəfindən yoxlanılması mümkün olan əsaslı dəlillər də gətirə bilməmişdir. Bütün bunlar məhkəmə kollegiyası tərəfindən onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsinin daha obyektiv və işin hallarına uyğun gələn ifadələr kimi qəbul etməsinə əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində bir az yaşlı uşağının olmasıdır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin təkrar törədilməsidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 03 noyabr 2022ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Yevlax rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək qəti cəza təyin edilməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Yevlax rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək hazırki hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzsına qismən birləşdirilsin və üzərində qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) müddət ona təyin edilmiş azadlıqan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 03 noyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsində saxlanılan 1184,95 qram və 3169,95 qram miqdarında narkotik vasitə olan qurudulmamış marixuana məhv edilsin, 02 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar