Məhkəmə qərarları › İş №1(091)-70/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-70/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-70/2025 05.02.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Astara rayonu, Sərək kəndində qeydiyyatda olmaqla Astara rayonu Şağuləzüzə kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təqsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4-1-ci maddələrində maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 2290,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda, yəni təmiz çəkisi 2075,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə etməklə narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd qara rəngli sellofan torbada və narkotik vasitə heroini 01 ədəd qara rəngli sellofan torbada olmaqla üzərində gəzdirməklə saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəki rayonu, Küdürlü kəndinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib 09 iyun 2024-cü il tarixdə, saat 02:26 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əlindəki qara rəngli sellofan torbanın içərisində olmaqla külli miqdarda, yəni təmiz çəkisi 2290,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və xüsusilə külli miqdarda, yəni təmiz çəkisi 2075,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən bilərək ifadəsində göstərdi ki, o, işləmək məqsədilə evindən çıxıb Lənkəran şəhərinə gəlmişdir. Bundan sonra Bakı şəhərinə Mərdəkan qəsəbəsinə getmişdir. Ancaq onu işə götürmədikləri üçün şəhərə qayıtmışdır. Daha sonra rayona getmək istəmiş, lakin pulu olmamışdır. Kafenin yanında oturduğu vaxt bir nəfər oğlan yaxınlaşmış və onunla söhbət etməyə başlamışdır. Həmin oğlana pulunun olmadığını və rayona getmək istədiyini bildirmişdir. Həmin şəxs onu Şəki şəhərinə aparacağını, Şəki şəhərində çanta olduğunu, çantanın içində narkotik vasitə olduğunu, həmin narkotiki satacaqlarını və pul əldə edəcəklərini bildirmişdir. O da gülmüş və həmin şəxsə inanmamışdır. Sonra həmin şəxslə spirtli içki (pivə) içmişlər. Bundan sonra həmin şəxslə birlikdə Şəki şəhərinə gəlmişlər. Maşından düşmüşlər və hərəkət etməyə başlamışlar. Qarşıda biri böyük, biri balaca olmaqla iki daş olmuşdur. Daşın ortasında isə qara rəngli sellofan torba olmuşdur. Sellofan torbaya yaxınlaşan vaxt polis əməkdaşları onu arxadan tutub yerə yıxmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, o, sellofan torbanın içində narkotik vasitə olduğunu bilmirmiş. Sonradan ona demişlər ki, torbanın içində narkotik vasitə olmuşdur. Həmin şəxs narkotik vasitə olan torbanı birinə verib qarşılığında pul alacağını ona demişdir. O, həmin adamı tanımırmış. Nə də ki, narkotiki kimə verəcəyini bilmirmiş. Həmin şəxsi həyatında ilk dəfədir görürmüş. Həmin adamla birlikdə Şəki şəhərinə gəlmişdir. Həmin şəxslə torbanı götürəcəyi yerə qədər birlikdə gəlmişdir. Sellofan torba olan ərazinin qarşısı buğdalıq sahə olmuşdur. Onu ora həmin şəxs gətirmişdir. Həmin şəxs Şəki şəhərində narkotik vasitə olduğunu dedikdə, onun zarafat etdiyini düşünmüşdür. Həmin şəxs narkotiki satıb ona kuryer kimi hörmət edəcəyini demişdir. Həmin şəxs ona nə qədər pul verəcəyini deməmişdir. Ancaq narkotiki 1500 manata satacağını qeyd etmişdir. Bakı şəhərinə iş tapmağa getmişdir. Həmin adamla da təsadüfən tanış olmuşdur. Onu Şəki şəhərinə gətirən şəxsi saxlanıldıqdan sonra görməmişdir. Həmin şəxsin avtomobilinin markasını və nömrəsini bilmir. Həmin şəxsin məqsədi onu həbs etdirmək olmuşdur. Həmin şəxs Şəki şəhərində narkotik vasitə olduğunu və onu 1500 manata satacağını bildirmişdir. Onun Şəki şəhərinə gəlməkdə məqsədi iş tapmaq olmuşdur. Həmin şəxslə birinci söhbəti narkotik vasitə ilə bağlı olmuşdur. Bakı şəhərində iş tapmadığı üçün vəziyyəti yaxşı olmamışdır. Ona görə də, həmin şəxslə razılaşmış və Şəki şəhərinə gəlmişdir. Şəki şəhərinə gələn vaxt hər ikisi eyni vaxtda maşından düşmüşdür. Sonra həmin şəxs bir daş tapmışdır. Daşın yanında narkotik vasitə olmuşdur. O da həmin narkotik vasitəni götürüb getmişdir. Elə bu vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ancaq maraqlısı budur ki, polis əməkdaşları həmin şəxsi saxlamamışlar. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4-1-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllidə özünü qismən təqsirli bilməsini, Şəki şəhərinə gəlməkdə onun məqsədinin iş tapmaq olmasını, onunla birlikdə gələn şəxsin narkotiki satdıqdan sonra ona nə qədər hörmət edəcəyini bildirməməsini, ancaq narkotiki 1500 manata satacağını qeyd etməsini, onunla birlikdə gələn şəxsin məqsədinin onu həbs etdirmək olduğunu bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında bu qəbildən ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 08 iyun 2024-cü il tarixdə xidmətdə olan zaman həmin tarixdə «İlyas» adlı şəxsin Şəki rayon ərazisində narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, «İlyas» adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirləri keçirilmişdir Həmin tarixdə «İlyas» adlı şəxsin, xx.xx.1975-ci il təvəllüdlü Astara rayonu Sərək kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədilə Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Şəki rayonu Küdürlü kəndinin yaxınlığında olması müəyyən edildiyindən həmin əraziyə gedib saat 00:10 radələrində ona yaxınlaşıb xidməti vəsiqələri göstərib polis əməkdaşı olduqlarını bildirmiş və ona narkotik vasitə əldə etməkdə məlumat əldə olunduğu üçün polis şöbəsinə gəlməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs razılaşdığı üçün onu polis şöbəsinə gətirmişlər Bir qədər sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündəki əşyaları könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əlindəki içərisində 02 ədəd qara rəngli bağlama olan qara rəngli torbanı, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd 20 qəpik, 4 ədəd 10 qəpik, 1 ədəd 5 qəpik pulları, əynindəki şalvarın sol yan cibindən içərisində 16 ədəd siqaret olan Vest markalı siqaret qutusunu masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində başqa hər hansı əşyanın olub-olmadığı soruşulduqda o, başqa heç nə olmadığını bildirmişdir. Onun üzərində şəxsi axtarış aparılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əşyaları təqdim etmək təklif olunduqda o, həmin əşyaların ona məxsus olduğunu deyib əşyaları təqdim etmişdir. Əşyaları təqdim edən zaman o, 01 ədəd qara rəngli sellofan torbanın içərisində olan 02 ədəd qara rəngli bağlamanı göstərərək, onun içərisində narkorik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər kütlələri haradan əldə etdiyini soruşduqda isə o, 08 iyun 2024cü il tarixdə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu ərazisində tanış olduğu adını bilmədiyi şəxslə danışdığını, həmin şəxsin ona onunla birlikdə Şəki rayonuna gəlib burada olan narkotik vasitəni götürməsini təklif etdiyini, həmin bağlamanı götürərək adını bilmədiyi ləzgi millətinə məxsus olan bir nəfər şəxsə çatdırmasını, bunun əvəzində isə ona 1500 manat pul veriləcəyini dediyini bildirmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində olarkən həmin şəxslə razılığa gəldiklərini, narkotik vasitəni götürmək üçün Şəki rayonuna gəldiklərini, gecə saatlarında Şəki rayonu ərazisindən tanımadığı yerdən narkotik vasitəni götürən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra həmin içərisində narkotik vasitəyə bənzər yaşıl kütlə olan bağlamalar ekspertiza tədqiqatına göndərilməsi məqsədilə müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Bundan sonra isə videoçəkiliş nümayiş olunması məqsədilə dayandırılmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, həmin şəxslərlə heç bir münasibətinin, o cümlədən heç bir ədavəti və düşmənçiliyinin, həmçinin heç bir qohumluq əlaqəsinin olmadığını, Təqsirləndirilən şəxs saxlanlarkən yanında hər hansı şəxsi görmədiyini, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirələndən sonra üstünə şəxsi axtarış keçirilən zaman orada iştirak etdiyini, Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə yol verilmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyun 2024-ci il tarixli raportdan görünür ki, alınmış əməliyyat məlumatına əsasən Şəki şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olan “İlyas” adlı şəxs Astara rayonu, Sərək kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur (cild 01, iş vər. 06). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyun 2024-cü il tarixli “təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması ilə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 07). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyun 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:18-də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 23-24). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyun 2024-cü il “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan və ona əlavə edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı ondan 03 ədəd 20 qəpik, 04 ədəd 10 qəpik, 01 ədəd 5 qəpik pulu, içərisində 16 ədəd siqaret olan West markalı siqaret qutusu və masanın üzərinə qoyduğu 01 ədəd qara rəngli sellofan torbanın içərisində olan 02 ədəd qara rəngli bağlama 2290,0 qram çəkidə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 2075,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilmişdir (cild 01, iş vər. 42-48). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şəki regional bölməsinin 3-16-16-2-17/527 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut” sözləri, imzalar və adlar yazılmış 01(bir) ədəd qara rəngli sellofan bağlamanın içərisindəki, təmiz çəkisi – 2290,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut” sözləri, imzalar və adlar yazılmış 01(bir) ədəd qara rəngli sellofan bağlamanın içərisindəki, təmiz çəkisi – 2075,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (cild 01, iş vər. 53-57). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2024-cü il tarixli Şəki Rayon Məhkəməsi 4(075)-49/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 09 iyun 2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər. 111-117). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Astara Rayon İcra Hakimiyyəti Başçısının Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonunun Sərək kəndində qeydiyyatdadır, Şağuləzüzə kəndində yaşayır, arvadı və oğlu onun ailə üzvləridir tərkibini təşkil edir, nümayəndəlik onun barəsində barəsində məlumat olmadığına görə onu ətraflı xarakterizə edə bilməmişlər və qonşuları ilə problem yaşamamışdır (cild 01, iş vər.122-123). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır (cild 01, iş vər. 140). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyun 2024-cü il tarixli Şəki Rayon Məhkəməsinin 5(075)-91/2024 nömrəli qərardan görünür ki, Şəki ŞRPŞ-nin Cab-nin axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 əməliyyat tədbirinin həyata keçirilməsi barədə 08 iyun 2024-cü il tarixli qərarının məhkəmə nəzarəti qaydasında yoxlanılması olmaması nəzərə alınmışdır (cild 01, iş vər.150-152). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Astara Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 18-1-26/3-1668/2020 nömrəli məktubundan görünür ki, Astara rayonu Sərək kənd sakini, 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Astara Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin ruhiəsəb və narkoloji kabinetində dispanser qeydiyyatda durmur (cild 01, iş vər. 157-158). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Gəncə Şəhəri Narkoloji Dispanserindən daxil olmuş 1148 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild iş vər.173). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş məhkəmə-psixiatrik ekspertizanın nəticəsinə əsasən, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. O, hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 174-176). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 sentyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin şəxsiyyətinin müəyyən edilərək əməlinə hüquqi qiymət verilməsindən ötrü ********* saylı cinayət işinə əlavə edilməsi nəzərə alınması qərara alınmışdır (cild 01, iş vər. 187-198). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, eləcə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbayca Respublikasının Qanunun Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 83-cü bəndinə əsasən təmiz halda 800 (səkkiz yüz) qramdan artıq çəkidə narkotik vasitə olan heroin-xüsusilə külli miqdar və həmin siyahının 109-cu bəndinə əsasən – təmiz halda 500 (beş yüz) qramdan 50000 (əlli min) qramadək çəkidə narkotik vasitə qurudulmuş marixuana - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkarlanmış külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, eləcə də xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əvəzli və ya əvəzsiz qaydada əldə edilməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, yəni Təqsirləndirilən şəxs kimdən, haradan, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və xüsusilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Bunun əksinə olaraq ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi mənbəni, yəni Bakı şəhərində olarkən ona tanımadığı bir şəxsin yaxınlaşdığını, həmin şəxs ona Şəki rayonunda narkotik olduğunu, həmin narkotiki oradan götürüb bir nəfər “ləzgi” millətindən olan şəxsə verməklə pul qazanacağını əsas götürərək və qeyd edilən xüsusatla bağlı heç bir səmərəli araşdırma aparmadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs məhz şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq narkotik vasitələr əldə etmişdir. Başqa sözlə, ibtidai istintaq orqanının gəldiyi nəticə ancaq təqsirləndirilən şəxsin verdiyi məlumata əsaslanmışdır. Halbuki qeyd edilən məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaq orqanının üzərinə qoyulmuş əsas vəzifələrdən birini təşkil edir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Ən vacib məsələ isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham, həmçinin onun satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və xüsusilə külli miqdarda narkotik vasitə heroini əldə etməsini də ehtiva edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı, həmçinin cinayət hadisəsinin baş vermə vaxtının müəyyən edilməsi ən vacib vəzifələrdən biri kimi təsbit edilmişdir. Bu isə o deməkdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və satış məqsədi ilə xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməsi ilə bağlı ittiham irəli sürdüyü halda, mütləq qaydada onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi vaxtını mötəbər sübutlarla müəyyən etməli idi. Lakin məhkəməyə aydın olmayan səbəblərdən ibtidai istintaq orqanı üzərinə düşən vəzifəni icra etməyə cəhd belə etməmiş və nəticədə Təqsirləndirilən şəxs barəsində səthi araşdırma aparmışdır. Məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və bu səbəbdən də aparılmış ibtidai istintaqı natamam və qüsurlu ilkin araşdırma kimi qəbul edir. Buna baxmayaraq, məhkəmə istintaqında 08 iyun 2024-cü il tarixdə əməliyyat orqanına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlayaraq daşıması və həmin vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması, həmin gün onun barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi, 09 iyun 2024-cü il tarixdə saat 01:18 radələrində onun şübhəli şəxs qismində tutulması, tutulduqdan sonra üzərinə şəxsi axtarışın keçirilməsi, həmin vaxt əlindəki 01 ədəd qara rəngli sellofan torbanın içərisində olan 02 ədəd qara rəngli bağlama 2290,0 qram çəkidə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 2075,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və xüsusilə külli miqdarda narkotik vasitə heroini qanunsuz şəkildə əldə edərkən, əldə etdiyi narkotik vasitələri saxlayaraq daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, onun barəsində polis əməkdaşlarına daxil olmuş əməliyyat məlumatının mahiyyətini, onun tutulma şəraitini, tutulması üçün səbəbləri, eləcə də bununla bağlı cinayət işinin materiallarında olan sübutların ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı belə nəticəyə gəlir ki, onun barəsində əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatı kifayət qədər ciddi əhəmiyyətə malik olan sübutdur. Belə ki, həmin əməliyyat məlumatında onun Şəki şəhər ərazisində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması öz əksini tapmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər (polis əməkdaşları) öz ifadələrində göstərmişlər ki, onlara daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması, gəzdirməsi və Şəki şəhər ərazisində satışı ilə məşğul olması barədə olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs 09 iyun 2024-cü il tarixdə tutulmamışdan əvvəl əməliyyat orqanında onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edib üzərində saxlaması, gəzdirməsi və Şəki şəhər ərazisində həmin vasitələrin satışı ilə məşğul olması barədə dəqiq məlumat olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bir nəfər oğlanın yaxınlaşdığını və onunla söhbət etməyə başladığını, həmin şəxs onu Şəki şəhərinə aparacağını, Şəki şəhərində çanta olduğunu, çantanın içində narkotik vasitə olduğunu, həmin narkotiki satacaqlarını və pul əldə edəcəklərini, həmin şəxs ona narkotiki vasitəni 1500 manata satacağını, bundan sonra həmin şəxslə birlikdə Şəki şəhərinə gəldiklərini, maşından düşdüklərini, hərəkət etməyə başladıqlarını, qarşıda biri böyük, biri balaca olmaqla iki daşın olmasını, daşın ortasında isə qara rəngli sellofan torba olduğunu, daşın yanında narkotik vasitənin olduğunu, o da həmin narkotik vasitəni götürüb getdiyini, elə bu vaxt polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əlindəki qara rəngli sellofan torbanın içərisində olmaqla külli miqdarda, yəni təmiz çəkisi 2290,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və xüsusilə külli miqdarda, yəni təmiz çəkisi 2075,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanmasını, o cümlədən aşkarlanmış narkotik vasitələrin çəkisini həm ayrı-ayrılıqda, həm də məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və xüsusilə külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı çıxış edərək Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayəti təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə əməl CM-nin 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin Məcəllənin 17.4-cü maddəsində göstərilmişdir ki, CM-nin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətin məcmuyunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda 2290 qram qurudulmuş marixuana və qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə xüsusilə külli miqdarda 2075 qram heroin əldə etmə, saxlama və daşıma cinayət əməlini törətdiyindən onun əməli CMnin 234.4-1-ci maddəsinə tövsif edilməli və CM-nin 234.4.1-ci maddəsinin rəqəm ifadələri Təqsirləndirilən şəxs elan olunan ittihamdan xaric edilməsini xahiş etmişdir. Məcəllənin 314.1-ci maddəsinə əsasən dövlət ittihamçısı ictimai və ya ictimaixüsusi ittiham üzrə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edərək məhkəmədə irəli sürülmüş ittihamı müdafiə etmək üçün bu Məcəllənin 84.6 və 84.7-ci maddələri ilə nəzərdə tutulmuş hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Həmin məcəllənin 84.6.9-1-ci maddəsinə əsasən dövlət ittihamçısının şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüququ vardır. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, ittiham irəli sürülərkən ibtidai istintaq orqanı tərəfindən yanlışlığa yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə həmin əməlləri törətmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Qanunun özündən də görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi Cinayət Məcəlləsini 234.4-1-ci maddəsi ilə əhatə olunmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinin sonuncu abzasında göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əlavə olaraq CM-in 234.4.1-cı maddəsi ilə ittiham irəli sürülməsi yanlış olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan CM-in 234.4.1-cı maddəsindən ibarət rəqəm ifadəsi xaric edilməlidir. Həmin məcəllənin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə istintaqında tam şəkildə tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması, daşıması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən etməmişdir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4- 1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1ci maddəsində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 09 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 03 iyul 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri 1148 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Şəki ŞRPŞ-ın saxlanc otağında saxlanılan və 01(bir) ədəd qara rəngli sellofan bağlamanın içərisindəki ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2289,9 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2074,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 107 (bir yüz yeddi) manat 91 (doxsan bir) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 107 (bir yüz yeddi) manat 91 (doxsan bir) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddə üzrə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 09 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Şəki ŞRPŞ-nin saxlanc otağında saxlanılan və 01 (bir) ədəd qara rəngli sellofan bağlamanın içərisindəki ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2289,9 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2074,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 107 (bir yüz yeddi) manat 91 (doxsan bir) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Rafail Əliyev Hakimlər Tural Əfəndizadə Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar