Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-71/2022 29.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X5 müdafiəçi: Yevlax şəhər Vəkil Bürosunun vəkili X2, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Ağdaş rayonu Qaradeyin kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ağdaş rayonu Qaradeyin kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01.09.2021-ci il tarixdə saat 23 radələrində təkbaşına spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə Ağdaş rayonu Qaradeyin kəndinində yerləşən evinə gedərkən kənd ərazisində yerləşən qəbiristanlığın yaxınlığında əmisi oğlu xx.xx.1988-ci il təvəllüdlü, Ağdaş rayonu Qaradeyin kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs ilə rastlaşmış, həmin vaxt əmisi oğlu Zərərçəkmiş şəxsla ilə əvvəllər aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisənin davamı olaraq mübahisə etmiş və mübahisə zamanı Zərərçəkmiş şəxs ona nalayiq söyüşlər söyərək onu əlində olan ağac parçası ilə vuraraq ona sol kürək nahiyəsinin qançırı kimi dərəcəsi təyin olunmayan xəsarət yetirmiş bundan sonra o, yaşadığı evə gedərək mətbəxdə istifadə olunan bıçağı götürüb ilkin mübahisə baş verən yerə geri dönərək qəsdən bıçaqla bir dəfə Zərərçəkmiş şəxs döş qəfəsin sol yarının plevra boşluğuna dəlib-keçən bir ədəd yaranın əmələ gəlməsinə səbəb olan ağırlıq dərəcəsinə görə yetirilərkən insan həyatı üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi oğlu olmaqla əvəllər aralarına heç bir düşmənçilik və ədavət olmamış, hadisədən təxminən bir həftə əvvəl Paşanın ona məxsus pay torpağını özbaşına əkdiyinə görə aralarında torpaqla bağlı mübahisə yaranmışdır. 01.09.2021-ci il tarixdə yaşadıqları kənddə bir qədər pivə içdikdən sonra kənd yolu ilə öz yaşadığı evə doğru gələrkən kəndin qəbirstanlıq yolunun yaxınlığından keçən körpüyə çatdıqda əmisi oğlu Paşa ilə yol ayırıcında rastlaşarkən ilkin olaraq Paşa əlində ağac parçası ona yaxınlaşaraq ünvanına nalayiq ifadələr işlətmiş, Paşaya nalayiq söyüşlər söyməsinə görə etirazını bildirmişdir. Lakin Paşa öz hərəkətlərini davam etdirərək ona qarşı nalayiq ifadələr işlətməkdə davam edərək onu vuraraq xəsarət yetirmiş, zərbənin təsirindən yerə yıxılmışdır. Özünə gəldikdən sonra yaşadığı evə gedərək evdən mətbəxdə istifadə olunan bıçağı götürdükdən sonra təkrar olaraq hadisə olan yerə gəlmiş və oraya çatdıqda Paşaya yaxınlaşaraq əlində olan bıçaqla bir dəfə Paşanın sol sinə nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Sonra hadisə yerindən uzaqlaşaraq bıçağı kənd ərazisindən keçən su kanalına tullamışdır. Zərərçəkmiş şəxslə barışmış, törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğlu olmaqla aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Hadisədən təxminən bir həftə əvvəl əmisi oğlu Samir ilə aralarında torpaqla bağlı mübahisələri yaranmış, belə ki, Samir onun əmisi Sabirə məxsus torpaq sahəsində arpa əkdiyini iddia etmişdir. 01 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində yaşadıqları kənddə yerləşən Şəhri adlı şəxsin işlətdiyi pivəxanada olarkən Samir ona yaxınlaşaraq nə səbəbdən özünə məxsus pay torpaqda əkin əkdiyini demiş, Samirə sonuncuya məxsus torpaq sahəsini zəbt etmədiyini demiş, lakin Samir ona təkidlə torpaq sahəsini zəbt edərək orada əkin əkdiyini bildirmişdir. Samirə bir daha sonuncuya məxsus torpaq sahəsinin sərhədlərini keçmədiyini dedikdən sonra Samirin yenə də təkid edərək onun torpaq sahəsini zəbt etdiyini bildirərək həmin yerdən uzaqlaşaraq çıxıb getmişdir. Samir həmin vaxt sərxoş olmuş, orada oturub pivə içən zaman Samirin təkrar olaraq onun ünvanına nalayiq söyüşlər söyərək gəldiyini eşitdikdən sonra oradan qalxaraq küçəyə çıxmışdır. Kəndin qəbirstanlıq yolunun yaxınlığından keçən körpüsünə çatdıqda Samirlə orada görüşmüş, əlində ağac parçası olmuşdur. Həmin vaxt mübahisə zamanı Samiri ağac parçası ilə bir-iki dəfə vurmuş, sonuncu zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra geri çevirilib öz yaşadığı evə doğru getmək istəyən zaman Samir evinə gedib qayıtdıqdan sonra əlində bıçaqla gələrək arxadan sol kürək nahiyəsindən onu vurmuşdur. Samir onu bıçaqla vurduqdan sonra həmin yerdən uzaqlaşaraq çıxıb getmiş, zərbənin təsirindən ondan qan axdığından özünü narahat hiss etmiş, həmin vaxt səsə qonşuluqda yaşayan Mahirin oğlu Ceyhun onu öz yaşadığı evə aparmışdır. Evə getdikdən sonra özünü çox pis hiss etdiyini evdən valideyinləri qonşuluqda yaşayan Namizəd adlı şəxsə onu xəstəxanaya aparmağı bildirmiş, Namizəd idarə etdiyi VAZ 2106 markalı avtomaşınla onu yeznəsi Ceyhunla birlikdə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Həmin vaxt əmisi oğlu Samir də onlara gəlmiş, onunla birlikdə xəstəxanaya getmişdir. Xəstəxanada ona tibbi yardım göstərildikdən sonra Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılmış, Mingəçevir şəhər xəstəxanasında 9 gün tam müalicə aldıqdan sonra evə buraxılmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 01.09.2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə yatarkən mobil telefonuna zəng gəlmiş və Paşa ilə Samirin mübahisə etdiklərini və həmin vaxt Samirin bıçaqla Paşanı vurub xəsarət yetirdiyini bildikdən sonra evdən çıxaraq Paşanın yaşadığı ünvana getmişdir. Oraya çatdıqda Paşanın xəsarəti aldığı üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada Paşanın vəziyyəti pis olduğuna görə sonuncunu Mingəçevir şəhər xəstəxanasına aparmışlar. Paşa ilə söhbət edən zaman sonuncu ona əmisi oğlu Samir ilə aralarında torpaqla bağlı mübahisələri olduğunu və həmin vaxt Samirin bıçaqla Paşanı vuraraq xəsarət yetirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01.09.2021-ci il tarixdə saat 23 radələrində Samirin Paşanı bıçaqla vurduğunu və sonuncunu xəstəxanaya apardıqlarını eşitdiyinə görə Ağdaş rayon Mərkəzi Xəstəxanasına getmiş, orada torpaq üstündə mübahisə zəminində Samirin əmisi oğlu Paşanı bıçaqla vurduğunu bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 oğlunun yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 01.09.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı evdən çıxaraq piyada kəndin qəbirstanlıq yolunun yaxınlığından keçən körpüyə tərəf gedən zaman səs-küy eşidib həmin səs küy olan tərəfə yaxınlaşdıqda qonşuluqda yaşayan Paşa və Samirin mübahisə etdiklərini və Paşanın yüksək səslə nalayiq söyüş söydüyünü eşitmiş, sonra oradan aralanıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 01.09.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı evdə olarkən bu zaman yaşadıqları kənddə yerləşən qəbirstanlıq yolu istiqamətində küçədə səs küy olduğunu eşidib çölə çıxdıqdan sonra küçə ilə gəldikdə qardaşı oğlu Paşanın oğlu Samiri vurub döyməsini görmüş, həmin vaxt hər ikisini sakitləşdirməyə çalışsa da Paşa həmin vaxt əlində olan ağac parçası ilə oğlu Samiri vurduğunu görmüşdür. Özü onkoloji xəstə olduğuna görə müdaxilə edə bilməmiş, bundan sonra oğlu Samir həmin yerdən uzaqlaşaraq yaşadığı evə geri dönmüşdür. Az sonra oğlu Samirin qardaşı oğlu Paşanı bıçaqla vuraraq xəsarət yetirdiyini bildikdən sonra qardaşı Farizə hadisə barədə məlumat vermişlər. Fariz gəldikdən sonra qardaşı oğlu Paşanı Ağdaş rayon Mərkəzi Xəstəxanasına, oradan isə Mingəçevir şəhər Xəstəxanasına aparmışlar. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 03.09.2021-ci il tarixli 564 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – döş qəfəsinin sol yarının plevara boşluğuna dəlib keçən yarası, kəsici-deşici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, yeitirilmə müddəti qərarda göstərilən 01.09.2021-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə xəsarət yetirilərkən həyat üçün təhlükəli olduğundan sağmalığa ağır zərər vurmaya aiddir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 04.09.2021-ci il tarixli 571 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarət- sol kürək nahiyəsinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddəti 01.09.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə- psixiаtrik ekspertizanın 21.10.2017-ci il tarixli 244 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsin alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 02 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0955-də şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş 04 sentyabr 2021-ci tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qaradeyin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Qaradeyin kəndində yaşamaqla himayəsində bir azyaşlı uşağı vardır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışması və sonuncunun ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı ağırlaşdıran halın olmadığını və CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulan yüngülləşdirən halın mövcud olduğunu nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 60-cı maddəsində nəzərdə tutulan müddəaların nəzərə alınmasını qanuni sayır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, 02 sentyabr 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət ona təyin edləcək cəzadan çıxarılaraq üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimlan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak, məhkəmə məsrəfləri, mülki iddia və maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 sentyabr 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 29 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs olunsun, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-71/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-71/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver