Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-72/2022 31.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X7, Müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxx 1965-ci il tarixdə Qəbələ rayonunun Tüntül kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Qəbələ rayonunun Tüntül kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02.07.2021-ci il tarixdə saat 20 radələrində orta dərəcə alkoqol sərxoşluğu vəziyyətində Qəbələ rayon Tüntül kəndində yerləşən evinin həyətyanı sahəsinin qarşısındakı yolda qonşusu Zərərçəkmiş şəxs ilə borc münasibətləri zəminində, yəni sonuncunun ondan evini təmir etməsinin müqabilində verməli olduğu 70 manat pulu istədiyi üçün mübahisə edərək bir-birinin yaxasından tutub dartışdıqdan sonra ayrılıb evə getmiş, təxminən 15-20 dəqiqə sonra həmin yerə geri qayıdaraq sözü gedən mübahisəni davam etdirib yerdən əlinə götürdüyü daşla yolun kənarındakı taxta oturacaqda oturmuş Zərərçəkmiş şəxs baş nahiyyəsindən qəsdən bir dəfə daşı atmaqla vuraraq, ona açıq kəllə beyin travması, baş beyin toxumasının əzilməsi və sıxılması, solda alın-təpə sümüklərinin kəllə əsasına basılmış qəlpəli sınığı, sol alın-təpə nahiyyəsində epidural hematoma, başın sol alın-təpə nahiyyəsində əzilmiş-cırılmış yarası kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqının ilkin dövründə Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş, lakin məhkəmə istintaqının sonrakı dövründə göstərmişdir ki, zərərçəkmiş şəxslə 35 illik qonşudurlar, adi bir mübahisə nəticəsində istənməyən hadisə baş vermişdir, hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxs ondan şikayətçi deyildir, zərərçəkmiş şəxsə xəstəxana məsrəfləri üçün 800 manat pul vermişdir. Məhkəmədən bu halların, həmçinin 57 yaşının olmasını nəzərə alınmasını və barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 02.07.2021-ci il tarixdə saat təxminən 19-20 radələrində Tüntül kəndində yerləşən bağ sahəsində arvadı Şahid3 ilə birlikdə işlədikdən sonra həmin kənddə yerləşən həyətyanı sahəyə doğru piyada şəkildə hərəkət etməyə başlamışlar. Evlərinin qarşısına çatan zaman qapının önündə yerləşən oturacağın üzərində qonşusu Şahid4 və Təqsirləndirilən şəxs oturaraq siqaret çəkdiyini görmüş, arvadı Gülarə qapının qarşısında dayanmadan həyətə daxil olmuş, o isə qonşusu Ağanın və Məlikin yanına yaxınlaşmışdır. Ağa ondan mütəmadi olaraq siqaret istəyib aldığı üçün bu dəfə də, o, Ağadan siqaret istəmiş, lakin, Ağa ona siqaret verməyəcəyini bildirmişdir. O da Ağaya “sən də oldun Məlikin tayı” ifadəsini işlətmiş, həmin vaxt digər qonşusu Təqsirləndirilən şəxs ondan nə üçün bu cür ifadə işlətdiyini soruşmuş, o isə Məlikə “mənə borcun var, əgər mənim borcumu versən, mən də özümə siqaret alaram və sizdən siqaret istəmərəm” sözünü demişdir. Məlik ondan nə qədər borclu olduğunu soruşmuş, o isə Təqsirləndirilən şəxs 75 manat borcu olduğunu demişdir. Belə ki, o, ev təmir etməklə məşğul olurmuş, təxminən 2020-ci ilin sentyabr ayında o, Təqsirləndirilən şəxs evini 250 manat müqabilində təmir etmiş, lakin, Təqsirləndirilən şəxs ona həmin 250 manatdan 120 manatını nəğd şəkildə vermiş, yerdə qalan 130 manatdan isə 45-50 manatını əvvəldən Məlikə borcu olduğuna görə 45-50 manatını bu formada 130 manatdan silmiş, yerdə qalan 75 manat pulu isə bu günə qədər Məlik ona geri qaytarmamışdır. Həmçinin o qonşusu Şahid4 də evini 2021-ci ilin mart-aprel aylarında təmir etdiyinə baxmayaraq, onunla qiymət danışmamış, Ağaya “nə verərsən-verərsən” demişdir. Məlik isə bütün bunlara baxmayaraq borcunun olmadığını bildirmiş və onun üzərinə gəlmiş, o da oturduğu oturacaqdan ayağa qalxmışdır. Bu zaman Məliklə bir-birinin yaxasından tutub dartışmışlar. Ağa isə dərhal onları ayırmış, Ağa Məlikə “borcun var, ver” demişdir. Məlik həmin vaxt içkili olmuş, özünü idarə edə bilmirmiş və ondan spirt qoxusu gəlirmiş. Daha sonra Ağa ilə Məliki öz evlərinə yola salmış, yəni Ağa ilə Məlikin qolundan tutaraq onu evləri istiqamətində təxminən 5 metr məsafədə aparmış, o isə evə gedib evdən siqaretini götürüb təkrar qapının qarşısına çıxmışdır. Ağa hələ də orada oturmuşdur. O da Ağanın yanına gedib oturacaqda əyləşmiş və birlikdə siqaret çəkə-çəkə söhbət etməyə başlamışlar. Bu zaman Məlikin arvadı Sənayə və oğlu Nicat öz evlərindən çıxaraq kəndin yol hissəsi ilə gedən zaman Nicat onların yanına gəlmiş, Nicat onlardan nə üçün mübahisə etdiklərini soruşmuş, yanında oturan Şahid4 isə Nicata “borcunuz var. borcunuzu verin” demişdir. Nicat da gedib evdən pul götürüb geri gələrək onun cibinə pul qoymuş və anası Sənayə ilə birlikdə çıxıb getmişdir. Təxminən 10 dəqiqə sonra Ağa ona demiş ki, Məlik yenə gəlir. O da oturacaqda Ağa tərəfə çəkilmiş ki, Məlik də gəlib oturacaqda otursun. Onun arxa nahiyyəsi Məlik tərəfə imiş. Məlik arxadan gəlib “mənim sənə borcum yoxdur” sözünü deyən zaman o, üzünü Məlik tərəfə çevirərkən Məlik sağ əli ilə tutduğu təxmini ölçüsü 10 santimetrin 10 santimetrə olan yumru bir daşı başının üst sol tərəfinə vurmuş, həmin daşı Məlik onun başına vuran zaman daş əlində deyilmiş, belə ki, daşı onun başından təxminən 1 metr məsafədən atmışdır. Xatırladığı qədər Məlikin onun başına vurduğu daş başına dəydikdən sonra onun sağ tərəfində oturan Ağanın başına dəymişdir. Məlik onu daşla vuran kimi onun başından qan axmağa başlamış, o, dərhal əli ilə başını tutmuş, Məlik isə orada dayanmayaraq çıxıb evlərinə getmişdir. Ağa isə sürünərək “kəlləm, kəlləm” sözünü deyərək yolun digər tərəfinə keçmiş, lakin, o, Ağanın hara getdiyini bilməmişdir. O da ayağa duraraq əlini başından tutub Məlikgilə getmiş, onun həyətinə daxil olmuş, Məlik həmin vaxt həyətyanı sahədə yerləşən evin padval hissəsində oturmuşdur. Evin padval hissəsinə girmədən Məlikdən onu nə üçün vurduğunu soruşmuş, təkrar olaraq Məlikə borcunun olduğunu demiş, Məlik isə ona borcunun olmadığını bildirmiş və “mən səni vurmalıyam, sən məni yox” sözünü Məlikə demişdir. O, Məlikgilə gedən zaman onların evinin padval hissəsinin dağınıq vəziyyətdə olduğunu görmüş, belə qənaətə gəlmiş ki, Məlik evdə ailə üzvləri ilə münaqişə edib əsəbləşdikdən sonra gəlib onu vurmuşdur. Məlik bu zaman əlinə butulka sınığı alıb onun üstünə gəlmək istədikdə o, dərhal evin setka qapısını çırparaq evin padval hissəsini tərk etmiş və qapını çırpan zaman Məlikin əlindəki butulka da əlindən yerə düşmüşdür. Daha sonra o, Məlikin həyətyanı sahəsini də tərk etmişdir. O, baş nahiyyəsindən qan axa-axa əvvəlcə oturduqları oturacağın yanına gəlmiş, evə tərəf getmək istəmişdir. Lakin artıq taqətinin qalmadığı və ağrıdığı üçün evə gedə bilməmişdir. Bu vaxt arvadı Şahid3 həyətdən yola çıxmış, qolundan tutub öz həyətlərinə, quraqlığın altına aparmışdır. Xəstəxanada olan zaman təqsirləndirilən şəxs ona qismən maddi yardım etmişdir. Hazırda yenə əməliyyata getməlidir və bunun üçün ona pul lazımdır. Ona görə də, hazırda təqsirləndirilən şəxslə barışaraq ona qarşı şikayəti olmasa da, ondan pul tələbi vardır. Belə ki, əməliyyat xərci üçün ona pul verilməsini xahiş edir. Məhkəmədən bu halın nəzərə alınmasını və 35 illik qonşu olmaları nəzərə alınmaqla təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, 02.07.2021-ci il tarixdə saat təxminən 20 radələrində Tüntül kəndində yerləşən həyətyanı sahəsindən qapının qarşısına çıxaraq qapının qarşısındakı yolda yerləşən oturacaqda oturub istirahət edirmiş, bu zaman qonşusu Təqsirləndirilən şəxs da onun yanına yol tərəfdən gəlmiş, Məliklə birlikdə oturacaqda oturub söhbət etmişlər, təxminən 10 dəqiqə söhbət etdikdən sonra kəndin digər yol hissəsindən qonşusu Tahir arvadı Gülarə ilə bağ sahələrindən gəlmişlər. Gülarə öz həyətlərinə getmiş, Tahir isə onların yanına gələrək oturacaqda oturmuşdur. Üçü birlikdə söhbət edən zaman Tahir ondan siqaret istəmiş, Tahirə “siqaret alın cibinizə qoyun” sözlərini demiş, Tahir isə Məlikə “borcumu ver” sözünü demiş, Məlik isə Tahirə borclu olmadığını bildirdikdə onların arasında sözlü mübahisə yaranmağa başlamışdır. Belə ki, hər ikisi ayağa qalxaraq birbirilərini itələməyə başalamışlar. Ayağa qalxaraq onları sakitləşdirmiş, yəni Tahirin qolundan tutmuşdur. Təkrar Tahir onun yanında, yəni oturacaqda oturmuşdur. Məlik isə onların yanından çıxıb evinə getmişdir. O isə Tahirlə təkrar oturacaqda oturub söhbət etmişdir. Təxminən 5 dəqiqə sonra Məlikin oğlu Nicat onların yanına evlərindən gəlmiş, Nicata Tahirin borcunu verməsini təklif etmiş, Nicat evlərinə getmiş və təxminən 10 dəqiqə sonra anası Sənayə ilə onların yanına gəlmişdir. Nicat onların yanına yaxınlaşaraq Tahirə xatırladığı qədəri ilə 20 manat pul vermişdir. Tahir isə pulu Nicatdan alaraq cibinə qoymuşdur. Daha sonra Nicat və Sənayə Nicatın babasının evinə tərəf getmişlər. Tahirlə hələ də həmin yerdə oturmuş, hava artıq qaranlıq imiş. Təxminən 10 dəqiqə sonra isə Məlikin səsi gəlmişdir. Təqsirləndirilən şəxs onların yanına yaxınlaşmış, “Tahir, Tahir” deyə səslənmiş, Tahirə “mən sənə harda pul borcluyam” deyə sual vermiş və ani bir vaxtda onlara tərəf bir dəfə daş atmışdır. Məlikin atdığı daş onun da başına dəymişdir. Başını əli ilə tutaraq qabağa tərəf əyilmiş, buna görə də Məlikin atdığı daşın Tahirə hansı formada dəydiyini görə bilməmiş, çünkü həmin vaxt özü də ağrıyırmış, dərhal ayağa durub qaçaraq Məlikin oğlu Nicatı və arvadı Sənayəni çağırmışdır. Onlar da Məlikin onu və Tahiri vurduğu yerə gəlmişlər. Həmin yerdə artıq nə Tahir, nə də Məlik yox imiş. Onlar öz evlərinə getmişlər, buna görə də o da öz evinə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, 02.07.2021-ci il tarixdə saat təxminən 20 radələrində Tüntül kəndində yerləşən bağ sahəsindən əri Tahirlə birlikdə öz həyətyanı sahəsinə gəlirmişlər. Həyətyanı sahəsinin qapısının qarşısındakı yola çatan zaman yolda yerləşən oturacağın üzərində Məlik və Ağa adlı qonşularının oturub söhbət etdiklərini görmüşdür. Bu zaman öz həyətinə getmiş, lakin əri Tahir həyətə girməmiş, Məlik və Ağanın yanına getmişdir. Həyətə daxil olduqdan sonra təsərrüfat işləri ilə məşğul olarkən yoldan səslərin gəldiyini eşitmiş və dərhal yola çıxmışdır. Yola çıxan zaman Tahir və Məlikin bir-biri ilə sözlü mübahisə etdiklərinin şahidi olmuşdur. Həmin vaxt Tahir Məlikdən borcunu istəyirmiş, Məlik isə Tahirə borclu olmadığını bildirərək “vermirəm” sözünü deyirmiş. Həmin vaxt onların yanında olan digər qonşusu Şahid4 isə onları sakitləşdirirmiş. Daha sonra Məlik öz evlərinə getmişdir. Ağa və Tahir isə yolda qeyd etdiyi oturacağın üstündə oturub söhbət etməyə başlamışlar. Tahir ona evə getməsini bildirmiş, o da ara sakitləşdiyini nəzərə alaraq evə getmişdir. Evə getdikdən təxminən 10 dəqiqə sonra hər hansı bir hadisənin baş verib vermədiyini öyrənmək üçün, eləcə də Məlik və Tahirin təkrar mübahisə etmədiklərini müəyyən etməkdən ötrü qapısının qarşısındakı yola çıxmış, yola çıxan zaman isə Tahirin əli ilə başından tutaraq həyətə tərəf qaça-qaça gəldiyini, həmin vaxt isə Tahirin baş nahiyyəsindən qan axdığını görmüşdür. O, qonşusu Məliklə əri Tahirin arasında olan ilk münaqişəni görsə də, ikinci dəfə, yəni Məlikin daşla Tahiri və Ağanı vurduğunu görməmiş, ona Tahir və Ağa Məlikin onların hər ikisini daşla vurduğunu demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 02.07.2021-ci il tarixdə saat təxminən 20 radələrində işdən evə gələn zaman qapılarının yaxınlığında qonşuları Ağa və Tahir adlı şəxslərin söhbət etdiklərini görmüş, onların yanından keçən zaman Ağa və Tahir onu yanlarına çağırmış və bildirmişlər ki, atası Məlikin Tahirə 70 manat borcu vardır, buna görə aralarında mübahisə baş vermişdir. Daha sonra evə getmiş, 02.07.2021-ci il tarixdə saat təxminən 20 radələrində anası Şahid2 ilə birlikdə Tüntül kəndində yerləşən həyətyanı sahəsindən çıxaraq həmin kənddə yaşayan dayısı İslam Nuruyevgilə qonaq gedən zaman qapılarının qarşısında qonşuları Tahir və Ağanın oturacaqda oturub söhbət etdiklərini görərək onlara yaxınlaşmış və 70 manat pulu Tahirə vermişdir. Onların yanından keçərək dayısı İslamın evinə gedən zaman İslamın evinə çatmasına təxminən 200-300 metr məsafə qalmış arxadan qonşusu Ağanın onları çağırdığını eşitmiş, Ağa onların yanına gəlmiş və atası Məlikin onu və qonşusu Tahiri vurduğunu bildirmişdir. Dərhal geriyə qayıtmış, Ağa da onlarla birlikdə geri qayıtmış, geri qayıdan zaman anası Sənayə, eləcə də özü Ağa adlı qonşusundan hadisənin necə baş verdiyini soruşmuş, Ağa isə atası Məliklə qonşusu Tahirin dava-dalaş etdiklərini, onları ayıran zaman isə Məlikin Tahir və onun başını daşla vurub yardığını bildirmişdir. Ağa öz evlərinə getmiş, anası Sənayə ilə birlikdə isə öz evlərinə getmədən qonşusu Tahirin həyətinə girmişlər. Həyətə daxil olarkən Zərərçəkmiş şəxs quraqlığın altındakı oturacaqda uzandığını, yanında isə arvadı Gülarə və oğlu Cəlalın dayandığını görmüşdür. Tahirin yanına yaxınlaşmış, onun baş nahiyyəsinin qanaxmasının qarşısını almaq üçün müəyyən köməkliklər etmiş, lakin Zərərçəkmiş şəxs vəziyyəti yaxşı olmadığı üçün 02.07.2021-ci il tarixdə axşam saatlarında onu Qəbələ rayon Diaqnostika mərkəzinə aparmışlar. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 02.07.2021-ci il tarixdə saat təxminən 21 radələrində Tüntül kəndində yerləşən həyətyanı sahəsində olan zaman qardaşı Ceyhun ona zəng edərək atası Tahirin başından qonşusu Məlikin daşla vurduğunu bildirmişdir. X11 rayonunda hərbi hissədə işləyir, ona zəng edən zaman da o, Qəbələ rayonunda olmamışdır. Özü də atası Tahirlə birlikdə yaşamır, onun Tüntül kəndinin digər bir hissəsində evi vardır. Qardaşı Ceyhun ona zəng etdikdən sonra arvadı Şahid6 ilə birlikdə atası Tahirin evinə getmişlər. Həyətə daxil olduqda həyətdə yerləşən quraqlığın altındakı stolda atası Tahirin huşunu itirmiş vəziyyətdə olduğunu görmüşdür. Həyətə gedən zaman orada Məlikin oğlu Nicat və Məlikin arvadı Sənayə də orada imiş. Həmçinin digər qardaşları Cəlal və Rufan da orada imiş. Ora çatan kimi taksi çağıraraq atası Tahiri Qəbələ rayon Diaqnostika mərkəzinə aparmışlar, Diaqnostikada onlara atası Tahiri Mingəçevir rayonunda yerləşən xəstəxanaya aparmalı olduqlarını bildirmişlər. Lakin, həmin gün TTY avtomobili olmadığı üçün 03.07.2021-ci il tarixdə atası Tahiri TTY avtomobili ilə Mingəçevir rayon xəstəxanasına aparmışlar. Qardaşı Rufan, eləcə də Məlikin oğlu Nicat və Məlikin kürəkəni adını xatırlamadığı şəxslə birlikdə Mingəçevir rayon xəstəxanasına getmişlər. Həmin xəstəxanada isə atası Tahiri qəbul etməmişlər və bildirmişlər ki, atası Tahirin vəziyyəti ağırdır, buna görə də Bakı şəhərində yerləşən Neyrocərrahiyə xəstəxanasına aparmalıdırlar. Elə həmin gün atası Tahiri TTY avtomobili ilə Bakı şəhərinə Neyrocərrahiyyə xəstəxanasına aparmışlar. Atası Tahir onunla ilk dəfə Bakı şəhərində yerləşən Neyrocərrahiyə xəstəxanasında əməliyatdan sonra danışmış, həmin vaxt isə atası ona Məlikin onu qəflətən daşla vurduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid5 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da şahid X8 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan 03.07.2021-ci il tarixli “Raport”dan görünür ki, 03.07.2021-ci il tarixdə saat 16:27-də Daxili İşlər nazirliyinin 102 Xidmətinə Qəbələ rayon Tüntül kənd sakini Şahid3h qızı 050 864-22-94 nömrəsindən zəng edərək əri Zərərçəkmiş şəxs qonşusu Təqsirləndirilən şəxs tərəfindən başına daşla xəsarət yetirməsi və ərinin vəziyyətinin ağır olması barədə məlumat vermişdir (cild 01, iş vər. 5). Cinayət işinin materiallarında olan 03.07.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Qəbələ rayon Tüntül kəndi ərazisində, kənd daxili yolda Zərərçəkmiş şəxs yaşadığı həyətyanı sahənin giriş qapısının qarşısında yerləşir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs kənd daxili yolda yerləşən oturacağı göstərdikdə məlum olmuşdur ki, həmin oturacağın üzərində qanabəznər ləkələr vardır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs daşla baş nahiyyəsinə vurduğu yeri göstərmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəlcə yola çıxan zaman oturacaqda sadəcə digər qonşusu Şahid4 olmuş, daha sonra onların yanına Zərərçəkmiş şəxs gəlmiş, Tahir ondan borcunu istəmiş, belə olub aralarında sözlü mübahisə yaranmış, Tahirlə bir-birilərini itələmişlər, Tahir onun sol əlini tutub sıxmış, mübahisə dayandıqdan sonra evə sarı getmiş, 5 dəqiqə sonra yenidən həmin yerə qayıdaraq Tahirlə sözlü mübahisə etmiş, Tahir onu söydüyü üçün əlinə yerdən daş götürüb Tahirin başına atmışdır. Bundan başqa baxış zamanı başqa əhəmiyyət kəsb edəcək hal aşkar edilməmişdir. Baxış keçirilərkən foto şəkillər çəkilmiş, videogörüntü qeydə alınmış və protokola əlavə edilmişdir (cild 01, iş vər. 15-18). Cinayət işinin materiallarında olan 122 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı orta dərəcəli sərxoş olmuşdur (cild 01, iş vər. 21). Cinayət işinin materiallarında olan 04.10.2021-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, sözügedən tarixdə Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Həmin istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs özünə məxsus həyətyanı sahənin giriş qapısının qarşısındakı oturacağı göstərib bildirmiş ki, 02.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs daşla onun baş nahiyyəsinə vurduğu yerdir. Bundan sonra Zərərçəkmiş şəxs 02.07.2021-ci il tarixdə qonşuları Təqsirləndirilən şəxsla Şahid4 oturduğu oturacağı, həmin vaxt arvadı Gülarə ilə birlikdə bağ sahələrindən gəldiyi yeri, Məlik və Şahid4 yanında oturduğu yeri, Təqsirləndirilən şəxsla ilkin olaraq borc məsələsi üstündə münaqişə etdikləri yeri, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə gedən yolu və ilkin münaqişədən sonra Təqsirləndirilən şəxs evinə gedib təxminən 15-20 dəqəqiə sonra geri qayıdaraq əlinə yerdən aldığı daşla onun baş nahiyəsinə ataraq vurduğu yerləri ardıcıl olaraq ifadəsinə uyğun göstərmişdir. Müvafiq foto şəkillər çəkilməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 141-157). Cinayət işinin materiallarında olan 09.10.2021-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, sözügedən tarixdə Şahid4 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Həmin istintaq hərəkəti keçirilərkən Şahid4 Zərərçəkmiş şəxs həyətyanı sahəsinin giriş qapısının qarşısındakı oturacağı göstərib bildirmiş ki, 02.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs daşla qonşusu Zərərçəkmiş şəxs baş nahiyyəsinə vurduğu yerdir. Bundan sonra Şahid4 02.07.2021-ci il tarixdə qonşusu Təqsirləndirilən şəxsla oturduğu oturacağı, həmin vaxt digər qonşusu Zərərçəkmiş şəxs bağ sahələrindən gəldiyi yeri, Tahirin də onların yanında oturduğu yeri, Tahirlə Təqsirləndirilən şəxs ilkin olaraq münaqişə etdikləri yeri, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə gedən yolu və ilkin münaqişədən sonra Təqsirləndirilən şəxs evinə gedib təxminən 15-20 dəqiqə sonra geri qayıdaraq əlinə yerdən aldığı daşla Zərərçəkmiş şəxs baş nahiyəsinə ataraq vurduğu yerləri ardıcıl olaraq ifadəsinə uyğun göstərmişdir. Müvafiq foto şəkillər çəkilməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 158-168). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 05.07.2021-ci il tarixli 280 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol əlin üst səthinin qançırı və döş qəfəsinin sol ön nahiyyəsinin sıyrığı kimi xəsarətlər vardır, həmin xəsarətlər küt alətin(əşyaların) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 02 iyul 2021-ci ildə törənə bilər, qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir (cild 01, iş vər. 77-78). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 09.07.2021-ci il tarixli 293 saylı rəyindən görünür ki, Şahid4 bədəni üzərində başın sol təpə-gicgah nahiyyəsinin əzilmiş-cırılmış yarası kimi xəsarətlər vardır, həmin xəsarətlər küt alətin(əşyaların) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 02 iyul 2021-ci ildə törənə bilər, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətinə aiddir (cild 01, iş vər. 75-76). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 17.08.2021-ci il tarixli 349 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində açıq kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi və sıxılması, solda alın-təpə sümüklərinin kəllə əsasına basılmış qəlpəli sınığı, sol alın-təpə nahiyyəsində epidural hematoma, başın sol alın-təpə nahiyyəsində əzilmiş-cırılmış yarası kimi xəsarət vardır. Həmin xəsarətlər sərt küt alətin(əşyaların-daşın) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 02 iyul 2021-ci ildə törənməsinə xarakterikdir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətinə aiddir (cild 01, iş vər. 72- 74). Cinayət işinin materiallarında olan 23.09.2021-ci tarixli 464 nömrəli əlavə məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində açıq kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi və sıxılması, solda alın-təpə sümüklərinin kəllə əsasına basılmış qəlpəli sınığı, sol alın-təpə nahiyyəsində epidural hematoma, başın sol alın-təpə nahiyyəsində əzilmiş-cırılmış yarası kimi xəsarət vardır. Həmin xəsarətlər sərt küt alətin(əşyaların-daşın) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 02 iyul 2021-ci ildə törənməsinə xarakterikdir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətinə aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunan xəsarətlər açıq kəllə-beyin travması, başın sol alın-təpə nahiyyəsində əzilmiş-cırılmış yarası, solda alın-təpə sümüklərinin kəllə əsasına basılmış qəlpəli sınığı, sol alın-təpə nahiyyəsində epidural hematoması, baş beyin toxumasının əzilməsi və sıxılması kimi xəsarətləri bir zərbənin təsirindən sərt küt alətin (əşyalarındaşın) təsirindən əlavə məhkəmə tibbi ekspertiza haqqında təqdim edilən qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 02 iyul 2021-ci ildə kənardan güclü təkanla və yaxud əlin ovuc hissəsində tutulmuş daşla güclü zərbə ilə vurulan zaman törənə bilər (cild 01, iş vər. 182-185). Cinayət işinin materiallarında olan 23.09.2021-ci tarixli 465 nömrəli əlavə məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol əlin üst səthinin qançırı və döş qəfəsinin sol ön nahiyyəsinin sıyrığı kimi xəsarətləri olmuşdur. Qeyd olunan xəsarətlər küt alətin(əşyaların) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni 02 iyul 2021-ci ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Təqsirləndirilən şəxs bədəni üzərində sol əlin üst səthinin qançırı və döş qəfəsinin sol ön nahiyyəsinin sıyrığından başqa, o cümlədən boyun nahiyyəsində hər hansı bir xəsarət və boğulmaya dair əlamət(lər) aşkar edilməmişdir (cild 01, iş vər. 186-188). Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 620 nömrəli rəyindən görünürki, Təqsirləndirilən şəxs oğlu hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki pxisi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs oğlu hazırki cinayət əməlini törədərkən öz əməlinin fakitiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqli olmuşdur. Onun əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. O, hal-hazırda da, öz əməlinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır (cild 01, iş vər. 174-175). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 20 noyabr 2021-ci il tarixli 1408 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 181). Cinayət işinin materiallarında olan 13.12.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 221, 29,120, 126.2.1, 126.2.4, 128, 134-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 230-245) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə ilə bağlı əlinə aldığı daşla Zərərçəkmiş şəxs Ağakişi oğluna bir dəfə vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid (işdə olan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən) olan bədən xəsarəti yetirmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri, ekspertiza rəyi və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə (arvadı, 1993-cü il təvəllüdlü oğlu ilə) Qəbələ rayon Tüntül kəndində yaşayır. Onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. (cild 01, iş vər. 67-68) Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 66). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini və onun həm cinayət törətməzdən əvvəlki, həm də cinayət əməlini törətdikdən sonrakı hərəkətklərini, yəni məhkəmə istintaqı zamanı 35 illik qonşu olduqlarını bildirsə də, faktiki olaraq heç də uzunmüddətli adət və ənənə tarixi olan qonşuluq münasibətlərinə uyğun hərəkət etmədiyini, belə ki, zərərçəkmiş şəxs onunla barışsa da, sonuncuya kifayət qədər diqqət və qayğı, o cümlədən maddi yardım göstərməməsi səbəbindən zərərçəkmiş şəxsin ondan tələbinin olmasını bildirməsini nəzərə alaraq, həmçinin CM-in 60-cı maddəsinin tələblərini əsas götürərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını və həmin cəzanın real olaraq çəkilməli olmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. Cinayət işinin materiallarında olan qərardan görünür ki, 26.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 209-210). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalı, cəzaçəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni 31.03.2022-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut, məhkəmə məsrəfinin, mülki iddianın olmaması nəzərə alınmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 yerləşdirilməsi üçün X3 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-72/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-72/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver