Məhkəmə qərarları › İş №1(091)-72/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-72/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-72/2023 07.03.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1992-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq bir bükümdə külli miqdarda – 2,671 qram psixotrop maddə olan metamfetamini əldə edib qanunsuz olaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 1810-də Təqsirləndirilən şəxs psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Füzuli küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 1915-dən 1935-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda 2,671 qram psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində nisyə satdığı mobil telefonun pulunu almaq üçün Yevlax şəhəri R.İbrahimov küçəsində yaşayan Nicat adlı tanışının evinə getmiş, evin həyətində Nicat və oraya Nicatdan döyüşkən xoruz almaq üçün gəlmiş sonuncunun dayısı oğlu Eminlə birlikdə söhbət edən zaman küçə qapısı döyüldükdən sonra Nofəl adlı polis əməkdaşı hasardan həyətə düşərək darvazanı açmışdır. Digər polis əməkdaşları Teymur, Rəşad və PPXB-nün komandiri olan Zaur həyətə daxil olarkən Nicat oradan qaçaraq qonşu həyətə keçmiş, Teymur adlı polis əməkdaşı onu və Emini özünə məxsus Opel markalı avtomaşınla Yevlax rayon Polis Şöbəsinə aparmışdır. Orada Teymur onu öz otağında döyərək onun Tural adlı polis əməkdaşının istədiyi Könül adlı qızla danışdığına görə çoxdan onu axtardığını bildirmiş, iki büküm narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin çıxardaraq həmin narkotik vasitə və psixotrop maddəni boynuna almasını bildirmişdir. Teymura iki uşağının olduğunu və həmin uşaqlara ondan başqa baxan olmadığını bildirdikdən sonra Teymur ona bir ədəd bükümü boynuna almasını bildirmişdir. Teymur ona təzyiq etdiyinə görə sonuncunun təklifi ilə razılaşmış, sonra təhqiqatçının otağına gedərək dəvət edilmiş müdafiəçinin iştirakı ilə Teymurun ona verdiyi bir büküm psixotrop maddə olan metamfetaminin özünə məxsus olmasını videoçəkiliş zamanı boynuna almışdır. Polis şöbəsində üzərindən aşkar edilmiş metamfetamin ona məxsus olmamış, həmin metamfetamini polis əməkdaşları onun üzərinə qoymuşlar. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində verdiyi ifadasində Təqsirləndirilən şəxs göstərmişdir ki, 22 avqust 2022-ci il tarixdə saat 15 radələrində Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində gəzişərkən yerdən bir ədəd sellofan torbaya bükülmüş bükülü görüb götürmüş, torbanı açıb içərisinə baxarkən içərisində şüşə - patı adlanan metamfetamin olduğunu görüb gələcəkdə istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Yevlax şəhəri Füzuli küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmiş, polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol cibindən içərisində psixotrop maddə olan metamfetamin olduğu bir ədəd bükülünü çıxarıb təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 23 avqust 2022-ci il tarixdə saat 18 radələrində ünvan 2 saylı evdə yaşayan Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olması barədə daxil olmuş məlumat əsasında PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri Füzuli küçəsinə gedərək sonuncuya yaxınlaşıb özlərini təqdim etdikdın sonra psixotrop maddələrin qanunsuz daşınmasında və saxlanılmasında şübhəli apardığına görə polis şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən içərisində psixotrop maddə ola metamfetaminə bənzər kütlənin olduğu bir ədəd sellofan büküm aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı zor tətbiq edilməmiş, sonuncu üzərindən çıxan psixotrop maddəni bir gün əvvəl Kür çayının kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş X2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 23 avqust 2022-ci il tarixdə saat 1740-da Yevlax şəhəri Fizuli küçəsi ilə R.İbrahimov küçəsinin kəsişməsində yerləşən bibisi oğlu Nicatgilin evlərindən özünə məxsus dörd ədəd döyüşkən xoruzları götürməyə getmiş, xoruzlardan iki ədədinin ayağını bağlayıb küçəyə qoyduqdan sonra digər iki ədəd xoruzun arxası ilə getmək istəyərkən həmin vaxt bibisi oğlugilə gəlmiş Elvin adlı şəxsin polis əməkdaşları tərəfindən saxlanılaraq aprıldığını görmüşdür. Xoruzlarını götürdükdən sonra yaşadığı evə getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 avqust 2022-ci il tarixli 17/683 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 1 ədəd şəffaf sellofan bükümdə olan ümumi çəkisi 2,671 qram maddə küstar üsulla hazırlanmış pisxotrop maddə olan metamfetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 09 dekabr 2022-ci il tarixli 1883 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış norkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23 avqust 2022-ci il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki açıq-göy rəngli cins şalvarının sol yan cibindən çəkisi 2,79 qram olmaqla içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olduğu bir ədəd sellofan bükülü aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşamaqla yaşayış yerindən müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2014-cü ildə doğulmuş Uğur Baxşalıyev və xx.xx.2018-ci ildə doğulmuş Elvina Baxşalızadə adlı iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş 23 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1905-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax Rayon Prokurorluğunun 03 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Polis Şöbəsində zorakılığa məruz qalmasını bildirməsi faktına görə aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması və psixotrop maddənin özünə məxsus olmamasına dair ifadəsini inandırıcı olmayan, özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman sərbəst şəkildə aşkar olunmuş psixotrop maddənin özünə məxsus olduğunu bildirmiş, sonradan təqsirləndirilən şəxs qismində dindirilərkən polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını bildirsə də həmin fakt üzrə Yevlax rayon Prokurorluğu tərəfindən araşdırma aparılaraq preyudisial əhəmiyyət daşıyan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 07 mart 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsində saxlanılan 2,621 qram miqdarında psixotrop maddə - metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas iclasında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar