Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-73/2022 26.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5, müdafiəçi: Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Göyçay rayonu Qarayazı kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Göyçay rayonu, Qarayazı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin 33 (otuz üç) ədəd toxumlarını Göyçay rayonu Qarayazı kəndində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq torpaqda əkib, 33 ədəd şitillərdən ibarət külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 23 avqust 2021ci il tarixdə saat 18 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun yaşadığı evin həyatyanı sahəsinə baxış keçirilən zaman oradan həmin 100 sm-dən 300 sm-dək, ümumi təmiz çəkisi 77 kq 385 qram olan 33 ədəd əkilib becərilməsi qadağan olunmuş, əkib yetişdirərək kultivasiya etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmidir ki, təxminən 3 il əvvəl Rusiya Federasiyasının Samara şəhərində olarkən orada tanımadığı bir nəfər şəxsdən əldə etdiyi çətənə bitkisinin toxumlarını özü ilə gətirdikdən sonra 2021-ci ilin aprel ayında Qarayazı kəndində yaşadığı evin həyətyanı sahəsində yetişməsi üçün 33 ədəd həmin çətənə toxumlarını əkmişdir. Mütəmadi olaraq, çətənə toxumlarını əkdiyi yerə gedərək bitmiş çətənə kollarının diblərini boşaldaraq, eləcə də hər bir çətənə kolunu suvararaq qulluq etmişdir. 23 avqust 2021-ci il tarixdə saat 18 radələrində Qarayazı kəndində yaşadığı evdə olarkən polis əməkdaşları yaşadığı evə gələrək ona narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli olduğunu bildirmişlər. Şübhəli şəxs kimi tutulduqdan sonra dəvət edilmiş müdafiəçisinin, iki nəfər hal şahidinin və aqronomun iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı 33 ədəd çətənə bitkisi aşkar edilmişdir. Həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən torpaqdan kökləri ilə birlikdə çıxarılaraq 13 ədəd sintetik kisəyə qoyularaq qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon X1 Mübarizə Qrupunun əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Göyçay rayonu Qarayazı kənd sakimi Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında 23 avqust 2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Göyçay rayonu Qarayazı kəndində yaşadığı evin qarşısına gəlmiş, Təqsirləndirilən şəxs özlərini təqdim edib narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli olduğuna görə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs könüllü olaraq, razılaşmış, evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş iki nəfər hal şahidinin və mütəxəssis—aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirlən zamanı həyətyanı torpaq sahəsində 33 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək kolu kökündən çıxarılıb qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon X6 Təhlükəsizlik Bölməsinin rəisi işlyən Şahid2, hal şahidləri Şahid3 və X3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının 24 avqust 2021-ci il tarixli, 17/628 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir neçəsinin üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş...” sözləri yazılmış 13 ədəd sintetik kisənin içərisindəki ümumilikdə 33 ədəd, hündürlükləri 100 sm-dən 300 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 77 kq 385 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, həmin sintetik kisələrin birinin içərisindəki 01 ədəd sellofan torbada olan torpaq nümunəsindən əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar edildi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 01.12.2021-ci il tarixli, 1511 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materaiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 19.10.2021-ci il tarixli, 630 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş 23 avqust 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1800-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsinə dair 25 avqust 2021-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarında olan Göyçay rayon Mərkəzi Xəstəxanasından alınmış 17.09.2021-ci il tarixli, 4223 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 19.03.2021-ci il tarixdən “emosianal davamsız şəxsiyyət pozuntusu” diaqnozu ilə psixiatrik kabinetdə qeydiyyatdadır, narkoloji kabinetdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Qaraməryəm kənd İnzibati Ərazi Darəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Göyçay rayonu Qarayazı kəndində yaşamaqla himayəsində 06.11.2016-ci ildə anadan olmuş Məhəmmədəli Həsənov, 31.12.2019-cu ildə anadan olmuş Süleyman Həsənov və 10.06.2021-ci ildə anadan olmuş Hüseyn Həsənov adlı üç azyaşlı uşaqları vardır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinə əlavə edilmiş 23 avqust 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan və protokola əlavə foto-cədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 33 ədəd narkotik tərkibli çətənə(kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, “emosianal davamsız şəxsiyyət pozuntusu” diaqnozu ilə psixiatrik kabinetdə qeydiyyatda olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, 23 avqust 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı andan hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon Polis Şöbəsində saxlanılan 33 ədəd narkotik tərkibli çətənə bitkiləri və torpaq nümunələr məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 23 avqust 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 26 may 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Göyçay Rayon Polis Şöbəsində saxlanılan 33 ədəd narkotik tərkibli çətənə bitkiləri və torpaq nümunələr məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-73/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-73/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver