Məhkəmə qərarları › İş №1(091)-73/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-73/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-73/2023 23.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, X9 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Balakən rayonunun Gərəkli kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Balakən rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Balakən rayonunun Gərəkli kəndində pasport qeydiyyatında olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 237.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə və qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi üçün külli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o 2019-cu ilin avqust ayının sonlarında Balakən rayonunun Gərəkli kəndi ərazisindəki dağlıq sahədə aşkar etdiyi 01 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yığıb əldə edərək yaşadığı evə aparıb gizlətməklə, saxladığı istintaqa məlum olmayan sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin iyun ayının ortalarında yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində yerləşən istixanada qəsdən, qanunsuz olaraq, torpağa əkmiş, bitmiş istintaqa məlum olmayan sayda əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini alaq otlarından təmizləyib, suvarmaqla, həmçinin digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 2022-ci ilin sentyabr ayının sonlarında əkib-yetişdirərək kultivasiya etdiyi istintaqa məlum olmayan sayda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin üzərindən yararlı hissələrini yığıb qurutmaqla, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi üçün əldə etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 2 kiloqram 155,97 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın külli miqdar hesab edilən, yəni 2 kiloqram 155,0 qramını qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi üçün Balakən rayonunun Gərəkli kəndində yerləşən yaşadığı evin çardaq hissəsində gizlədərək saxlamış, həmin narkotik vasitə - qurudulmuş marixuananın şəxsi istehlak miqdarında olan, yəni təmiz çəkisi 0,97 qramını isə qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi üçün əynindəki boz rəngli gödəkçənin sağ yan cibində daşıyaraq üzərində saxlamışdır. 05 oktyabr 2022-ci ildə Balakən RPŞ-nın əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə, saat 07:40-dan 08:20-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi üçün əldə edib daşıyaraq üzərində saxladığı, şəxsi istehlak miqdarında, yəni təmiz çəkisi 0,97 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Həmin tədbirin davamı olaraq 05 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə öz razılığı və iştirakı ilə saat 08:45-dən 09:45dək olan müddət ərzində keçirilmiş baxış zamanı onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi üçün əldə edib saxladığı külli miqdarda, yəni təmiz çəkisi 2 kq 155,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana yaşadığı evin çardaq hissəsindən, eləcə də onun qəsdən qanunsuz olaraq əkib-yetişdirməklə kultivasiya etdiyi, xeyli miqdar hesab edilən, yəni 10 ədəd ümumi təmiz çəkisi 260,0 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayının ortalarında 30 ədəd narkotik tərkibli çətənə bitkisi əkmiş və onlardan 13 ədədi yetişmişdir. Həmin 13 ədəd narkotik tərkibli çətənə bitkisinin hissələrini yığaraq yandırmışdır. 10 ədəd narkotik tərkibli çətənə bitkisinin gövdəsi isə yerində olmuşdur. Həmin narkotik tərkibli çətənə bitkilərinin yararlı hissələrini yığıb, yaşadığı evin çardaq hissəsində qurutmuşdur. 05 oktyabr 2022-ci ildə hərəkətdə olduğu zaman Balakən RPŞnın əməkdaşları üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu polis şöbəsinə dəvət etmişlər. Üzərinə baxış keçirilən zaman şəxsi istifadəsi üçün üzərində olan narkotik vasitə aşkar olunmuşdur. Şəxsi axtarış zamanı yaşadığı evdə də narkotik vasitə olduğunu və həmin narkotik tərkibli çətənə bitkilərini təqdim edəcəyini polis əməkdaşlarına demişdir. Evdə axtarış keçirilən zaman narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, əvvələr CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Həyətyanı sahəsində 30 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumunu əkmişdir. Narkotik satmaq niyyəti olmamışdır, narkotik vasitə istifadəçisi olduğu üçün narkotik vasitəyə olan tələbatını ödəmək məqsədilə həmin bitkini əkmişdir. Törətdiyi əməldən peşmandır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs qismində ifadə verərəkən ona CM-in 237.1 və 234.1-1-ci maddələrilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək demişdir ki, halhazırda ailə üzvləri ilə birlikdə rayonun Gərəkli kəndində yaşayır. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsilə təqsirli bilinib 01 il 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 14 dekabr 2021-ci ildə isə cəzası başa çatmışdır. Əvvəllər heç bir psixi xəstəlik keçirməmişdir. Təxminən 2-3 ildir ki, narkotik vasitədən istifadə edir. Adətən narkotik vasitəni yaşadığı Gərəkli kəndi ərazisindəki dağlıq sahədə yabanı halda bitmiş bitkilərin üzərindən yığaraq əldə edib istifadə etmişdir. 2019-cu ilin avqust ayının sonlarında yaşadığı Gərəkli kəndinin dağlıq ərazisində olduğu zaman yabanı halda bitən 1 ədəd narkotik tərkibli çətənə bitkisinin və həmin bitkinin üzərində qurumuş vəziyyətdə toxumlarının olduğunu görmüşdür. Narkotik vasitə istifadə etdiyi üçün həmin toxumları yığıb əldə etmiş və daha sonra əkməyi planlaşdırmışdır. Bundan sonra isə bitkinin üzərindən toxumlarını yığmış və yaşadığı evə gətirib saxlamışdır. Lakin nə qədər toxum yığdığını bilməmiş, toxumları saymamışdır. 2020-ci ildə isə qanunsuz olaraq üzərində narkotik vasitə saxladığına görə tutulmuş və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Buna görə də unutduğundan həmin toxumlar elə yaşadığı evdə qalmışdır. 2022-ci ilin iyun ayının ortalarında yaşadığı evdə olduğu zaman həmin toxumları tapmış və həmin toxumları əkib özü üçün istifadə etmək məqsədilə narkotik vasitə əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə elə 2022-ci ilin iyun ayının ortalarında yaşadığı evin həyətyanı sahəsində özü tərəvəz məhsulları əkmək üçün düzəltdiyi istixanada öz şəxsi istifadəsi üçün həmin toxumları əkmiş və bir müddət sonra həmin toxumlardan 30 ədəd narkotik tərkibli çətənə bitkisi bitərək inkişaf etmişdir. Həmin bitkiləri alaq otlarından təmizləyib suvarmış, diblərini yumşaldıb qulluq edərək böyütmüş və 2022-ci ilin sentyabr ayının sonlarında yetişdirdiyi həmin 30 ədəd narkotik tərkibli çətənə bitkilərinin yararlı hissələrindən yığaraq yaşadığı evin çardaq hissəsində quruması üçün ağ kağızların üzərinə sərmişdir. Əkdiyi çətənə bitkilərinin hissələrinin çoxunu yandırmış, çətənə bitkisinin təxminən 5-10 ədəd hissələri isə yandırdığı yerdə qalmışdır. Qurutduğu həmin narkotik vasitədən bir çəkimlik götürüb hər gün üzərində istifadə etmək üçün saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 07 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı Gərəkli kəndi ərazisində olduğu zaman ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından seçdiyi vəkil X6 iştirakı ilə onu şübhəli şəxs kimi tutmuşlar. Sonra isə vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl ondan üzərində qanunsuz saxladığı nəinsə olub-olmaması, həmçinin üzərində olan əşyaları təqdim etməsi bildirilmişdir. Bu zaman o, üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki boz rəngli gödəkçənin sağ yan cibində saxladığı açıq vəziyyətdə olan narkotik vasitə - marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilən zaman başqa qanunsuz heç nə aşkar edilməmişdir. Təqdim etdiyi açıq vəziyyətdə olan narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş, çəkisi 1,03 qram təşkil etmişdir. Daha sonra həmin açıq vəziyyətdə olan narkotik vasitə marixuana 1 ədəd ağ rəngli kağız zərfə qoyulub möhürlənərək götürülmüşdür. Bundan sonra şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Şəxsi axtarış zamanı o, həmçinin yaşadığı evin çardaq hissəsində də narkotik vasitə - marixuana saxladığını və evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitilərini əkdiyi yeri və narkotik tərkibli çətənə bitkilərinin hissələrini təqdim edəcəyini polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis əməkdaşları onun yaşadığı evə və evin həyətyanı sahəsinə öz könüllü razılığı və iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı o, yaşadığı evin çardaq hissəsində ağ rəngli kağızların üzərinə sərdiyi narkotik vasitə marixuananı təqdim etmişdir. Həmin marixuana kütlələri 1 ədəd sintetik kisəyə qablaşdırılmış və ümumi çəkisi 2 kiloqram 185 qram təşkil etmişdir. Daha sonra o, yaşadığı evin həyətyanı sahəsindəki 30 ədəd narkotik tərkibli çətənə bitkilərini əkdiyi istixananı polis əməkdaşlarına göstərmiş və həmin istixananın yaxınlığında onun kökündən çıxararaq atdığı 10 ədəd narkotik tərkibli çətənə bitkilərinin hisələrini təqdim etmişdir. Həmin bitki hissələri 1 ədəd sintetik kisəyə qablaşdırılaraq götürülmüşdür. Yaşadığı evdən və evin həyətyanı sahəsindən digər qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Bundan sonra isə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Həmçinin, məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/773 nömrəli rəyi ilə tanış olan zaman ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 0,97 qram, yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 2 kiloqram 155 qram, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 10 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrinin təmiz çəkisi isə 260,0 qramdır. Əlavə olaraq göstərmişdir ki, 2022-ci ilin iyun ayının ortalarında yaşadığı evin həyətyanı sahəsində tərəvəz məhsulları əkmək üçün düzəltdiyi istixanada öz şəxsi istifadəsi üçün narkotik bitki toxumlarını əkmişdir. Bir müddət sonra isə həmin toxumlardan 30 ədəd narkotik tərkibli çətənə bitkisi bitərək inkişaf etmişdir. Onun həmin bitkiləri əkməyindən və ya həmin bitkiləri istixanada əkməsindən ailə üzvlərinin və ya başqa şəxslərin məlumatı olmamışdır. Çünki, həmin istixanaya sadəcə olaraq özü gedib gəlmiş və qulluq etmişdir. Ailə üzvlərinə də həmin istixanada tərəvəz şitilləri əkdiyini bildirmişdir. Həmçinin, əkib becərdiyi 30 ədəd narkotik tərkibli çətənə bitkilərinin yararlı hissələrindən yığaraq yaşadığı evin çardaq hissəsində quruması üçün ağ kağızların üzərinə sərdiyi və şəxsi istifadəsi üçün üzərində saxladığı narkotik vasitələrdən heç kimin xəbəri olmamışdır. Əkib-becərdiyi və 2019-cu ilin avqust ayının sonlarında yaşadığı Gərəkli kəndinin dağlıq ərazisində tapdığı narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə etdiyi yeri hazırda xatırlamır. Buna görə də həmin yeri göstərə bilmir. Həmçinin qeyd etmişdir ki, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Yaşadığı evin həyatyanı sahəsində əkdiyi narkotik tərkibli çətənə bitkilərindən əldə etdiyi narkotik vasitə qurudulmuş marixuanadan kiməsə satmamış və ya əvəzsiz olaraq pay verməmişdir. Ümumiyyətlə, onun narkotik tərkibli çətənə bitkilərini əkməsindən və həmin bitkilərdən narkotik vasitə əldə edərək saxlamasından heç kimin məlumatı olmamışdır. O, yaşadığı evin həyatyanı sahəsində əkdiyi 30 ədəd narkotik tərkibli çətənə bitkilərindən əldə etdiyi narkotik vasitə - qurudulmuş marixuananı çəkməmiş, həmin narkotik vasitənin çəkisi elə də çox olmamışdır. Çünki, o, ilk dəfədir ki, narkotik tərkibli bitki əkdiyi üçün həmin bitkilərdən əldə etdiyi narkotikin çəkisi də az olmuşdur. Həmin bitkilərin yararlı hissələri də az olmuşdur. Yəni, o, bitkilərə düzgün qulluq edərək daha çox narkotik vasitənin necə əldə edilməsini bilməmişdir. Buna görə də çoxlu sayda narkotik bitki əkmişdir ki, bir neçə il ərzində özü istifadə etmək üçün narkotik vasitə əldə etsin. Balakən RPŞ-da ona qarşı hər hansı bir psixi və ya fiziki təsir göstərilməmişdir. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 237.1 və 234.1-1-ci madələrində nəzərdə tutlan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlləri təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 05 oktyabr 2022-ci il tarixdə Şahid1 Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar olunduğu üçün polis şöbəsinə dəvət edildiyini, 30 ədəd narkotik tərkibli çətənə bitkilərini yaşadığı evin həyatyanı sahəsini əkdiyini etiraf etməsini bildirdi. Həmçinin, təqsirləndirilən şəxsin evdə də narkotik vasitə saxadığını, daha sonra aparılmış tədbirlər nəticəsində 2 kq 185 qram sərilmiş vəziyyətdə olan narkotik vasitə aşkar olunduğunu qeyd etmişdir. Şahid2 ona ünvanlanan suallara cavab olaraq, əməliyyat axtarış-tədbirini saat 07-08 radələrində keçirdiklərini, Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edərək müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirildiyini, təqsirləndirilən şəxsin heç bir müqavimət göstərmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar olunmuş narkotik tərkibli bitkiyə bənzər kütlə aşkar olunmuşdur. Aqrotexniki qull edildiyini, diblərinin becərildiyini və sulandığını qeyd etmişdir. Aqrotexkniki qulluq ilə bağlı rəy verdiyini bildirmişdir. Şahid3 ona ünvanlanan suallara cavab olaraq, baxış keçirilən zaman Təqsirləndirilən şəxs özünündə iştirak etdiyini, narkotik bitkiləri şəxsən əkdiyini demişdir. Qurudulmuş marixuanın evin çardaq hissəsində aşkar olunduğunu bildirmişdir. Əlavə olaraq aşkar olunan narkotik tərkibli bitkilərin tam qurumadığını, narkotik vasitələrin köklərini istixananın qarşı tərəfində aşkar olunduğunu, həmin bitkilərin köklərini Təqsirləndirilən şəxs könüllü olaraq göstərdiyini qeyd etmişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı isə bildirmişdir ki, rəsmi olaraq Kənd Təsərrfüfatı Nazirliyi yanında aqrar xidmətlər agentliyinin Balakən regional bitki mühafizəsi və fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin rəisi vəzifəsində çalışır. 05 oktyabr 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları onu polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsinə gələndən sonra polis əməkdaşları ona rayonun Gərəkli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkdiyini, buna görə də həmin əraziyə baxış keçirəcəklərini, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilib-edilmədiyi barədə rəy verməyini xahiş etmişlər. O da polis əməkdaşlarına razılıq vermişdir. Buna görə də təhqiqatçı, bir qrup polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün getmişlər. Həmin yerə çatdıqda polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs də baxış keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını bildirərək, baxış keçirilməsi üçün onları yaşadığı evin həyətyanı sahəsinə dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərməsi ilə yaşadığı evin çardaq hissəsinə baxış keçirilmişdir. Baxış zamanı evin çardaq hissəsində ağ kağızların üzərinə sərilmiş halda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Həmin bitki kütləsi bir ədəd sintetik kisədə qablaşdırılıb möhürləndikdən sonra götürülmüşdür. Baxış davam edərkən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində olan istixananı göstərib həmin istixanada əkmiş olduğu pomidor şitillərinin içərisində narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərmişdir. Eyni zamanda, həmin istixananın qarşısında narkotik vasitəni yığdıqdan sonra bitkilərin qalan hissələrini yandırdığı yeri göstərmişdir. Təqsirləndirilən şəxs göstərdiyi əraziyə baxış zamanı həmin yerdən 10 ədəd qurumuş halda narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki hissələri aşkar edilmişdir. Bundan sonra o, həmin bitkilərə baxaraq narkotik tərkibli çətənə bitkilərinə oxşadığını bildirmişdir. Aşkar edilmiş 10 ədəd narkotik tərkibli çətənə bitkilərinin hissələrinə oxşar bitki hissələri 1 ədəd sintetik kisədə qablaşdırılmışdır. Lakin baxış zamanı o, bitkilər torpaqda olmadığı üçün kənarda, yəni torpaqdan çıxarılmış vəziyyətdə olduğu üçün həmin bitkilərə aqrotexniki qaydada qulluq edilib-edilməməsi ilə bağlı rəy verə bilməmişdir. Lakin bir daha qeyd etmişdir ki, həmin bitkilərin narkotik tərkibli çətənə bitkilərinə oxşadığını bildirmiş və bu barədə rəy vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış davam etdirilən zaman digər qanunsuz saxlanılan başqa hər hansı əşya predmet aşkar edilməmişdir. Daha sonra isə baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından, digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 göstərmişdir ki, Balakən RPŞ-nın Qabaqçöl PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 05 oktyabr 2022-ci il tarixdə Balakən rayon Gərəkli kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Balakən RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən RPŞ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra müvafiq göstəriş əsasında həmin gün saat təxminən 07 radələrində Təqsirləndirilən şəxs yaşadığı Gərəkli kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş və barəsində tədbir görülməsi məqsədilə RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Hidayət Muradovun iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra fasizləsiz videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs də üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki boz rəngli gödəkcənin sağ yan cibində saxladığı açıq vəziyyətdə olan bitki kütləsini təqdim edərək həmin bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu və 2022-ci ilin iyun ayının ortalarında yaşadığı evin həyətyanı sahəsində əkmiş olduğu narkotik tərkibli çətənə bitkilərindən yığaraq əldə etdiyini və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 1,03 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 2022-ci ilin iyun ayının ortalarında yaşadığı evin həyətyanı sahəsində əkmiş olduğu 30 ədəd narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyini, həmin narkotik vasitənin qalan hissəsi yaşadığı evin çardaq hissəsində olduğunu, həmçinin əkmiş olduğu narkotik tərkibli çətənə bitkilərini yandırdığını lakin bir neçə hissəsinin isə yandırdığı yerdə qaldığını, həmin bitki hissələrini və narkotik vasitə qurudulmuş marixuananı təqdim edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib-becərməkdə şübhəli olması ilə bağlı yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün mütəxəssis aqronom Şahid3 polis şöbəsinə dəvət edilmiş və baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını və icazə verdiyini bildirməsi ilə bağlı ərizə də yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs bir daha 2022-ci ilin iyun ayının ortalarında yaşadığı evin həyətyanı sahəsində 30 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib becərdiyini və həmin narkotik vasitəni yaşadığı evin çardaq hissəsində saxladığını bəzən də həmin narkotikdən istifadə etmək üçün götürüb üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs göstərməsi ilə yaşadığı evin çardaq hissəsinə baxış keçirilmişdir. Baxış zamanı evin çardaq hissəsində ağ kağızların üzərinə sərilmiş halda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Həmin bitki kütləsi bir ədəd sintetik kisədə qablaşdırılmış, həmin sintetik kisə elektron tərəzidə çəkilmiş, çəkisi 2 kiloqram 185 qram olmuşdur. Sintetik kisənin üzəri DİN-nin 185 saylı arayışlar üçün möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Baxış davam edərkən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində olan istixananı göstərmiş, həmin istixanada əkmiş olduğu pomidor şitillərinin içərisində narkotik tərkibli bitkiləri əkdiyi yeri və həmin istixananın qarşısında narkotik vasitəni yığdıqdan sonra qalan hissələrini yandırdığı yeri göstərmişdir. Təqsirləndirilən şəxs göstərdiyi əraziyə baxış zamanı həmin yerdən 10 ədəd qurumuş halda narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki hissələri aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis aqranom həmin bitki hissələrinə baxaraq narkotik tərkibli çətənə bitkisinə oxşar bitki hissələri olduğunu bildirmişdir. Aşkar edilmiş10 ədəd narkotik tərkibli çətənə bitkilərinin hissələrinə oxşar bitki hissələri 1 ədəd sintetik kisədə qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış davam etdirilən zaman digər qanunsuz saxlanılan başqa hər hansı əşya predmet aşkar edilməmişdir. Daha sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Əlavə olaraq aşkar olunan narkotik tərkibli bitkilərin tam qurumadığını, narkotik vaxitəlrərin köklərini istixananın qarşı tərəfində aşkar olunduğunu, həmin bitkilərin köklərini Təqsirləndirilən şəxs könüllü olaraq göstərdiyini qeyd etmişdir. Cinayət işinin materiallarında olan məhkəmədə tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə X5 Regional Bölməsindən alınmış 05 oktyabr 2022-ci il tarixli 17/773 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata taqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda "Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bitki kütləsi..." sözləri yazılmış sintetik kisənin içərisindəki təmiz çəkisi 2 kiloqram 155,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." sözləri yazılmış zərfin içərisindəki təmiz çəkisi 0,97 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda "Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bitki kütləsi..." sözləri yazılmış sintetik kisənin içərisindəki qurudulmuş marixuana və tədqiqata təqdim olunmuş üzərində "Vət. X2 üzərindən aşkar edilmiş..." sözləri yazılmış zərfin içərisində olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda "Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş..." yazısı olan sintetik kisənin içərisindəki, ümumi təmiz çəkisi 260,0 qram olan 10 ədəd bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Qeyd: 1) Marixuananın təmiz çəkisi 2 kq 155 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq 2 kq 154,95 qr. 2) Marixuananın təmiz çəkisi 0,97 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq 0,92 qr. 3) Çətənə bitkisinin hissələrinin ümumi təmiz çəkisi 260,0 qr, tədqiqata sərf edildi 0,50 qr (hər bitkidən 0,05 qr.), qalıq 259,50 qr. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli 1691 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Balakən Rayon Mərkəzi X11 Şəxsi tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli PHŞ/27-22022-104 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs MRX-nın Poliklinika şöbəsində psixatriya kabinetlərində qeydiyyatda yoxdur. 12 iyun 2020-ci il tarixdən narkoloji kabinetdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tədəfindən verilmiş tələbnamədən və Balakən Rayon İcra və Probasiya Şöbəsinin 30 yanvar 2023-cü il tarixli 91/4 müəyyən olunur ki, təqsirləndirilən şəxs Qarayev X8 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(019)-39/2020 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət ənəlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş cəza müddəti 14 dekabr 2021-ci ildə başa çatmış və o, məhkum kimi şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 05 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 06 oktaybr 2022-ci il tarixli qərarından görünür ki, əvvəli 05 oktyabr 2022-ci il tarixdən hesablanmaqla təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs barədə dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Balakən RİH başçısının Gərəkli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Balakən rayonunun Gərəkli kəndində qeydiyyatda olmaqla, atası X3, qardaşı X10, qardaşı qızları X4 və X7 ilə həmin kənddə yaşayır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Ona görə də məhkəmə kollegiyası gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 237.1 və 234.1-1-ci maddələrilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsinə heç bir şübhə yoxdur. Göstərilənlərə və CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in 237.1 və 234.1-1-ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 237.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə kollegiyası cəza təyini məsələsinə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” adlı İİİ siyahısının 2-ci bəndinə əsasən, çətənə növlü bitkilərin 3-15 ədədi (6-30 hissəsi) xeyli miqdar, 16 ədədi (31 hissəsi) isə külli miqdar hesab olunur. Narkotik vasitələrə aid birinci siyahının 12-ci bəndinə əsasən isə beynəlxalq adı “marixuana (kannabis)” olan narkotik vasitənin (qurudulmuş halda) şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (mad. 1.0.7) verdiyi anlayışlar baxımından, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışlarına verdiyi izaha əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin toplanmasıdır (Qanunun 1.0.6-cı maddəsi). "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" 18 iyun 1999-cu il tarixli 686-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 7-ci bəndində isə göstərilir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Qeyd olunan maddi hüquq normalarının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Burada ədalətliliyin əsası kimi həqiqət obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. İşdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində yerləşən istixanada qəsdən, qanunsuz olaraq on ədəd (istintaq zamanı isə verdiyi ifadəsində otuz ədəd göstərmişdir) narkotik tərkibli çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, həmin bitkilərinin üzərindən yararlı hissələrini yığıb qurutmaqla, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi üçün əldə etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 2 kiloqram 155 qramını qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi üçün Balakən rayonunun Gərəkli kəndində yerləşən yaşadığı evin çardaq hissəsində gizlədərək saxlamış, həmin narkotik vasitə - qurudulmuş marixuananın şəxsi istehlak miqdarında olan, yəni təmiz çəkisi 0,97 qramını isə qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi üçün əynindəki boz rəngli gödəkçənin sağ yan cibində daşıyaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxsin bu hərəkətləri onu göstərir ki, Təqsirləndirilən şəxs ümumilikdə cəmiyyət üçün ciddi təhlükə yaradan narkotik vasitəni yetişdirən, külli miqdarda hazırlayan və istehlak edən bir şəxsdir. Məhz bu səbəbdən o, narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Onun bu vəziyyəti dövlətin narkomaniya qarşı mübarizə siyasəti ilə qətiyyən uzlaşmamaqla, onu tanıyan insanlar arasında narkotik vasitələrdən istifadənin təşviqinə yönəlmiş olur ki, bu da əhalinin sağlamlığının qorunması sahəsində dövlətin məqsədlərinə tamamilə ziddir. Həmçinin, o, Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət ənəlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 14 dekabr 2021-ci ildə cəzası başa çatmış və hazırda məhkumluğu olan şəxsdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həm CM-in 237.1, həm də 234.1-1-ci madəsilə təqsirləndirilir. Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekusorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma , yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlinin külli miqdarda törədilməsinə görə CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməyə görə isə CM-in 237.1ci maddəsinin sanksiyasında isə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bununla belə, Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsindən başlayaraq törətdiyi cinayəti etiraf edərək, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə kollegiyası CM-in 59.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin əməllərindən peşman olduğunu bildirməsi belə qənaətə gəlməyə əsas verir ki, o, törətdiyi cinayət əməllərinin mahiyyətini anlayaraq başa düşmüş, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk etmiş və əməllərinə tənqidi yanaşmışdır. Kriminal hesab olunan əmələ bu cür yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahürü kimi qəbul olunur ki, bu da onun cəmiyyət arasında hələ arzuedilməz şəxs kimi qəbul olunmadığını göstərir. İş üzrə CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinə CM-in ədalət prinsipi baxımından yanaşıb, onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, ona təqsirli bilindiyi 234.1-1-ci maddəsilə beş il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.1-ci maddəsilə bir il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası CM-in 41.2-ci maddəsinin tələbləri baxımından da gəldiyi bu qənaəti əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Ona görə də Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinə görə CM-in 234.1-1-ci maddəsinin sanksiyasına uyğun olaraq beş il müddətə azadlıqdan məhrum etmə, CM-in 237.1-ci maddəsilə bir il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cinayət işinin materiallarında olan narkoloji ekspertizanın rəyində əks olunanlar, yəni təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi əsas götürülərək Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durması nəzərə alınmalı, işi üzrə maddi sübut olub, Balakən RPŞ-da saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, yaşadığı evə və evin həyətyanı sahəsinə baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 0,92 qram və 1 ədəd sintetik qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 2 kq 154,95 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd sintetik kisədə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 259,50 qram olan 10 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri məhv edilməli, ekspertiza xərclərinə dair 05 oktyabr 2022-ci il tarixli 17/773 nömrəli bildirişə (i. v. 46) əsasən əlli bir manat altı qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 234.1-1-ci maddəsilə beş il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.1-ci maddəsi ilə bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunan cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 05 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və onun ərazi narkoloji kabinetində qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut olub Balakən RPŞ-da saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, yaşadığı evə və evin həyətyanı sahəsinə baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 0,92 qram və 1 ədəd sintetik qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 2 kq 154,95 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd sintetik kisədə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 259,50 qram olan 10 (on) ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri məhv edilsin. İş üzrə ekspertiza xərci - 51,06 (əlli bir manat sıfır altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar