Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-73/2024 19.02.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1983-cü ildə Ucar şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – 8,072 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən “Abidə” parkının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 iyul 2023-cü il tarixdə saat 14:49-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Ucar RPŞ-yə gətirilmiş və orada həmin tarixdə saat 16:20-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli şortunun sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda 8,072 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla əvvəl qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 iyul 2023-cü il tarixdə Ucar şəhərində yerləşən H.Əliyev adına parkdan yaşadığı evə qayıdarkən yolun kənarındakı işıq dirəyinin altında içərisində narkotik vasitə heroinin olduğu balaca bir büküm görüb götürmüş, səhəri gün, yəni 27 iyul 2023-cü il tarixdə Ucar rayon Polis Şöbəsi istiqamətində gedərkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitədən istifadə edib etmədiyini soruşduqda sonunculara narkotik vasitə istifadəçisi olmadığını bildirmiş, polislər isə ona üzərində büküm olduğunu demişlər. Polis əməkdaşlarına həmin tapdığı bükümü polis şöbəsinə gətirdiyini bildirmiş, polis şöbəsində üzərinə keçirilən şəxsi axtarış zamanı içərisində narkotik vasitə olan bükülü aşkar olunaraq götürülmüşdür. Daha sonra məhkəmə istintaqında verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasında olmaqla 20 iyul 2023-cü il tarixdə yaşadığı Ucar şəhərinə gəlmiş, Ucar rayonu dördyol istiqamətində kafe işlətmək üçün yer götürmüşdür. Həmin kafe üçün alınan tikinti materiallarına görə Emin adlı şəxslə arasında söz-söhbət yaranmış, sonuncu əslən Ucar rayonundan olan və Bakı şəhərində daxili işlər orqanlarında işləyən Sübhan adlı şəxsə bu barədə xəbər edəcəyini bildirmişdir. 27 iyul 2023-cü il tarixdə Emin ona zəng edərək çölə çıxmasını və aralarında olan məsələni yoluna qoymağı bildirmiş, buna görə ev paltarında Ucar şəhərindəki Aygün şadlıq sarayının yanına gəlmişdir. Orada Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ona yaxınlaşaraq Ucar rayon Polis Şöbəsinə aparmışlar. Orada onu döydükdən sonra siqaret kağızına qoyulan narkotik vasitəni boynuna almasını bildirmişlər. Ona olunan təsir təzyiqə görə əynindəki şortikin cibində olan nakotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Onun üzərində narkotik vasitə olmamış, ümumiyyətlə narkotik vasitədən istifadə etməmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadasində Təqsirləndirilən şəxs göstərmişdir ki, 27 iyul 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı Ucar şəhəri, Azərbaycan küçəsi, “Abidə” adlı parkın yaxınlığında olduğu zaman Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib Ucar rayon Polis Şöbəsinə dəvət etmişlər. Ucar rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şortun sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd sellofan bükülünü çıxarıb təqdim etmişdir. Sorğu zamanı üstündən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan narkotik maddələri tutulmamışdan təxminən bir gün əvvəl Ucar şəhərində yerləşən parkın yaxınlığında gəzişərkən yerdən tapdığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik maddə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xüsusilə mühüm işlər baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 27 iyul 2023-cü il tarixdə Ucar şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə Ucar şəhərinə gedərək həmin gün saat 15 radələrində Ucar şəhəri Azərbaycan küçəsində yerləşən “Abidə” parkının yaxınlığında olan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Ucar RPŞ-in inzibati binasına dəvət etmişlər. Ucar rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şortunun sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu bir ədəd sellofan bükülünü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələri təxminən bir gün əvvəl Ucar şəhərində yerləşən parkın yaxınlığında gəzişərkən yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3 və ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 iyul 2023-cü il tarixli 3-16-16/2-6/4065 nömrəli rəyindən görünür ki, Tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs aşkar ...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 8,072 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 avqust 2023-cü il tarixli, 2762/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan metamfetamin və amfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 12 avqust 2023-cü il tarixli 303/MEŞ nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 27 iyul 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şortun sağ yan cibindən içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu bir ədəd sellofan büküm aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə cəzası 01 il 06 aya endirilmiş, xx.xx.2006-cı ildə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə 08 ay 02 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, Ucar rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2009-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarına əsasən cəzadan azad edilmiş, Ucar rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəriməni tam ödədiyi üçün qeydiyyatdan çıxarılıb, Ucar rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzadan 05 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuş, Ucar rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzadan 03 02 gün vaxtından əvvəl şərti azad edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ucar rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tırıfindən verilmiş xx.xx.2023-cü il tarixli 1321/2 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayış yerindən müsbət səciyyələndirilmiş, himayəsində 2010-cu ildə doğulmuş Fatimə Süleymanlı, 2012-ci ildə doğulmuş Leyla Süleymanlı və 2017-ci ildə doğulmuş Fərman Süleymanlı adlı üç azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 alınmış xx.xx.2023-cü il tarixli, 11090 nömrəli məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarına əlavə edilmiş 27 iyul 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1548-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında 28 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini inandırıcı olmayan, özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, təqsirləndirilən şəxs ona qarşı qanunsuzluq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, videoçəkilişlə və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Bundan başqa ilkin məhkəmə baxışı zamanı da Azər Süleymanon üzərindən aşkar olunmuş narkotik vasitəni yerdən tapdığını bildirmiş, sonradan ifadəsini dəyişərək polis əməkşdaşlarının onu döyməsinə görə təsir və təzyiq nəticəsində narkotik vasitənin özünə məxsus olmadığını bildirsə də iş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi və istintaq təcridxanasına daxil olan zaman tibbi müayinənin əks olunduğu kitabçanın surətində onun bədən səthində döyülməsini təsdiq edən hansısa xəsarətlərin olması müəyyən edilməmişdir. Məhkəmə müdafiə tərəfinin şəxsi axtarışa dair video çəkilişin əməliyyat müvəkkili Şahid1 tərəfindən aparılmasının prosessual pozuntu olması və buna görə həmin protokolun etibarsız hesab edilməsinə dair dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cinayət prosessual qanunvericiliyində şəxsi axtarış aparılarkən videoçəkilişin aparılması nəzərdə tutulsa da həmin çəkilişin konkret olaraq kim tərəfindən aparılması göstərilməmiş, ona görə də qeyd edilən istintaq hərəkətini aparan şəxsin göstərişi ilə videoçəkilişin iştirakçılardan birinin, konkret olaraq bəhs olunan cinayət işində isə əməliyyat müvəkkili tərəfindən aparılması qanun pozuntusu hesab edilməməklə həmin istintaq hərəkətini şübhə altına ala bilməz. Bundan başqa müdafiə tərəfinin şəxsin şübhəli şəxs qismində tutulduqdan sonra dindirilməməsinə və bununla da onun hüquqlarının pozulmasına münasibətdə isə məhkəmə tərkibi qeyd edir ki, iş materiallarından görünür ki, Azər Süieymanov xx.xx.2023cü il tarixdə saat 1548-da şübhəli şəxs qismində tutulmuş, müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış aparıldıqdan sonra dərhal izahatı alınmışdır. Burada da məhkəmə tərkibi qeyd edir ki, şəxsin hüquqlarının pozulmamış və Təqsirləndirilən şəxs izahatında videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman bildirdiyi xüsusatları bir daha qeyd etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və himayəsində üç azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 27 iyul 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 27 iyul 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerində saxlanılan 8,022 qram heroin məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-73/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-73/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver