Məhkəmə qərarları › İş №1(091)-74/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-74/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-74/2024 23.01.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamını müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, xx.xx.2000-ci ildə Ucar rayonu Qaradağlı kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ucar rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təqsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 22 iyun 1981-ci il təvəllüdlü anası X2 onun mobil telefonuna səhvən intim məzmunlu mesaj göndərməsindən sonra anasının kənar şəxslə sevgi münasibətində olmasından şübhələnərək bu məsələni aydınlaşdırmaq və şübhələri öz təsdiqini tapdığı halda, Şəlalə Qurbanovanı yaşadığı evdən çıxarmaq məqsədilə 17 avqust 2023-cü il tarixdə Rusiya Federasiyası, Moskva şəhərindən Azərbaycan Respublikası, Bakı şəhərinə qayıtdıqdan sonra 18 avqust 2023-cü il tarixdə, saat 04 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gəlib istintaqla müəyyən edilməsi mümkün olmayan taksi ilə sonuncunun tək yaşadığı Ucar rayonu, Qaradağlı kəndində yerləşən evinə gələrək Şəlalə Qurbanovanın yatdığı otağa daxil olub həmin vaxt yuxudan oyanan anasından kiminlə sevgi münasibətində olduğunu soruşduqda, sonuncunun ona şəxsi həyatı ilə bağlı heç kimə hesab verməyəcəyini deyərək üzünə bir dəfə sillə ilə vurmasından əsəbiləşib şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qisas almaq niyyəti ilə Şəlalə Qurbanovanı öldürmək qərarına gələrək bu məqsədlə hərəkət etməklə hər iki əli ilə anasının boğaz nahiyəsindən yapışıb döşəmə üzərinə yıxaraq boğan zaman sonuncu ona müqavimət göstərməyə çalışdığından fiziki gücündən istifadə edərək, yəni Şəlalə Qurbanovanın qollarını dizinin altına salıb üzərinə çıxmaqla müqavimətini qıraraq həmin vaxt yaxınlıqda döşəmənin üzərində olan mobil telefona enerji yükləmək üçün istifadə olunan ağ rəngli naqili götürüb boğazına keçirərək sıxıb boğmaqla boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya nəticəsində ona boyunun orta 1/3-nin köndələn yerləşmiş, qapanan, iki qat, stranqulyasiya şırımı, burun belinin, sağ çənəaltı nahiyənin sıyrıqları, sol çiyin qurşağının, sağ bazunun yuxarı 1/3-nin yan arxa səthinin qançırları ilə müşayiət edilən xəsarətlər yetirib X3 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 120.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməklə məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadə verməkdən imtina etmiş, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində isə göstərmişdir ki, mərhum Şəlalə Qurbanova doğma anası olmaqla atası Kainat 2021-ci ildə evlərindən çıxıb gedərək Bakı şəhərində yaşamağa başlamış, ondan başqa iki bacıları isə ailə həyatı quraraq ayrı yaşamışlar. 2020-ci ilin iyulunda hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra Bakı şəhərinə gedib 2022-ci ilin yanvar ayına qədər müxtəlif restoranlarda ofisiantlıqla məşğul olmuş, həmin tarixdən isə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə əmisinin yanına gedərək sonuncunun yanında işləmişdir. Moskva şəhərində olduğu müddətdə yalnız bir dəfə sürücülük vəsiqəsi almaq məqsədilə 2023-cü ilin yanvar ayında Ucar rayonu Qarabörk kəndinə gəlmiş, həmin vaxt anasının başqa kənar şəxslərlə münasibətinin olmasından şübhələnib evin darvazasına və həyətinə müşahidə kamerası quraşdırmışdır. 10-15 gün qaldıqdan sonra yenidən Moskva şəhərinə qayıdaraq işlərinə davam etmiş, Moskvada olduğu müddətdə anası ilə hər gün əlaqə saxlamışdır. xx.xx.2023-cü il tarixdə “Whatsapp” mobil tətbiqi vasitəsilə anasından səhvən ona gələn səsli mesaja qulaq asdıqda anasının başqa kənar şəxslə intim münasibətinin olmasını başa düşərək dərhal sonuncuya zəng edərək bu səslərin nə olduğunu soruşmuş, anası ona səs atmağını inkar etməyə başlayaraq telefonu söndürmüşdür. Yenidən səsləri anasına göndərdikdən sonra yenidən sonuncuya zəng etmiş, anası 2 dəfə zəngə cavab verməsə də 3-cü dəfə zəngə cavab verdikdə telefonda anasına evdən çıxmasını, yox olmasını demişdir. Anası isə evdən çıxmayacağını, həmin səslərin özünə aid olmadığını deməyə davam etmişdir. Anasına səhəri gün, yəni avqustun 17-si Azərbaycana gələcəyini, gələnə kimi evdən çıxmasını deyərək telefonu söndürmüşdür. Həmin gün aviakassaya gedərək Bakı şəhərinə uçuş bileti almış, 17 avqust 2023-cü il tarixdə təyyarə ilə Bakı şəhərinə uçmuşdur. Həmin gün bibisi Şahid1 yaşadığı Bakı şəhəri, Sulutəpə qəsəbəsində yerləşən evinə getmiş, oradan anasına zəng edərək Bakıda olduğunu və bir daha evdən çıxmasını tələb etmişdir. Saat 18 radələrində bibisi oğlu Cəlilə zəng edərək Bakıya gəldiyini, sonuncu ilə görüşmək istədiyini bildirmiş, Cəlil isə Quba rayonundan Bakıya qayıtdığını, yolda olduğunu, Bakıya çatdıqdan sonra Sulutəpə qəsəbəsində görüşə biləcəklərini bildirmişdir. Saat 21 radələrində Sulutəpə qəsəbəsində “Dörd yol” deyilən ərazidə Cəlillə görüşərək söhbət etdikdən sonra Cəlil bibisi Aynurəyə zəng edərək sonuncuya onunla bir yerdə olduğunu və Ucar rayonuna getmək istədiyini demişdir. Bundan sonra Cəlil telefonu ona vermiş, bibisi ilə telefonda təxminən 2 dəqiqə danışmış, bibisi gecə olduğu üçün Ucar rayonuna getməməsini, səhər getməsini bildirmişdir. Bibisinin sözlərinə məhəl qoymayaraq Ucar rayonuna indi gedəcəyini demiş və telefonu Cəlilə vermişdir. Cəlil Ucara nə məqsədlə getməyini soruşduqda ona anası Şəlaləni görmək istədiyi üçün gedəcəyini demiş, bundan sonra Cəlilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gedəcəyini, oradan da taksi ilə Ucar rayonuna gedəcəyini bildirmişdir. Cəlillə sağollaşmış və avtobusla Bakı Beynəlxalq Avtovağzal Kompleksinə getmişdir. Saat 0120 radələrində Bakıdan nömrəsini xatırlamadığı “Mercedes” markalı taksi ilə yola çıxmış, saat 04 radələrində Ucar rayonuna çatmışdır. Ucar rayonu Qaradağlı kəndinin girişində taksidən düşərək piyada evə getmiş, darvazadan evin həyətinə baxdıqda həyətdə heç kəsin olmadığını görmüşdür. Darvaza bağlı olduğu üçün bitişik hasardan tullanaraq evin həyətinə keçmiş, qonaq otağında olan çarpayıdan səs gəldikdə anasının yuxudan ayıldığını hiss etmişdir. Ayaqqabısını soyunaraq qonaq otağına daxil olmuş, otağa girən kimi işığı yandırdıqda anasının çarpayıda oturmuş vəziyyətdə qorxaraq ona baxdığını görmüşdür. Anasından niyə evdən çıxmadığını, ona atdığı səslərin nə olduğunu soruşmuş və telefonunu götürmüşdür. Telefonu açıb zənglərə, mesajlara, şəkillərə baxmış, lakin telefonda kənar başqa bir şəxsə aid heç nə görməmişdir. Telefona baxdıqdan sonra anası ona səhv etdiyini, bir də olmayacağını demiş, həmin an başqası ilə münasibətinin olduğunu təsdiqləyərək ona şans verməyini istəmişdir. Anasından evdən çıxmağını tələb etmiş və qolundan tutaraq çarpayıdan qaldırmışdır. Anası bu zaman öz istədiyi kimi yaşayacağını, anasına heç kimin heç nə deyə bilməyəcəyini, heç kimə şəxsi həyatı ilə bağlı hesab verməyəcəyini və heç kimin anasını evdən çıxara bilmiyəcəyini dedikdən sonra qışqıraraq ona nalayiq ifadələr işlətməyə başlamış və üzünə sağ tərəfdən sillə vurmuşdur. Bu zaman anasının boğazına iki əli ilə yapışaraq boğmağa başlamış və dizlərini yerə qoymuşdur. Dizlərini yerə qoyduqdan sonra yenə də əlləri ilə anasını boğmağa davam etmiş, daha sonra isə anasını arxası üstə uzatmışdır. Arxası üstə uzatdıqdan sonra anasını yenə əlləri ilə boğmağa davam etmiş və bu zaman anası onun boğaz nahiyəsinə cırmaq atmışdır. Anası cırmaq atdıqdan sonra əllərini boğazından çəkmiş və anası xırıldamağa başlamışdır. Bundan sonra qonaq otağında yerdə olan elektrik ötürücüsünə taxılmış vəziyyətdə olan mobil telefona enerji ötürülməsi üçün nəzərdə tutulmuş naqili ötürücüdən dartıb çıxarıb anasını yenidən arxası üstə döşəmə üzərinə sərərək dizlərini müvafiq olaraq sağ və sol qolları üzərinə basaraq ona müqavimət göstərməsinin qarşısını almış və boğazına dolayaraq çarpaz istiqamətdə sıxıb anasını boğmağa davam etmişdir. Təxminən bir dəqiqə həmin vəziyyətdə anasını boğduqdan sonra sonuncunun öldüyünü anlayıb ayağa qalxmış, naqil anasının boğazında qalmışdır. Bundan sonra həmin otaqda qapıya nəzərən uzaq sağ küncə söykənilmiş vəziyyətdə olan iki ədəd palazdan birini götürüb anasının üzərinə sərmiş və sonuncunu palaza bükmüşdür. Palaza bükdükdən sonra qonaq otağında yerləşən servantdan mobil telefona enerji ötürülməsi üçün nəzərdə tutulmuş iki ədəd naqil götürərək palazı bağlamış və palazı dartaraq evin eyvanına qonaq otağı ilə yataq otağının arasına çıxarmışdır. Birinci fikri anasının meyitini eyvanda saxlamaq olmuş, lakin havanın işıqlandığını görmüş və eyvan küçə tərəfdən aydın göründüyünə görə meyiti palazla birlikdə hadisə baş verən otağın sağında yerləşən yataq otağına sürüyüb aparmışdır. Anasının meyitini yataq otağının sağ uzaq küncündə uzandırdıqdan sonra qonaq otağında olan digər palazı gətirib anasının meyitinin üzərinə ataraq otaqdan çıxmışdır. Otaqdan çıxdıqdan sonra otağın qapısına qıfıl keçirsə də açarla bağlamamışdır. Bundan sonra evdən çıxaraq kəndin giriş hissəsindən keçən Gürcüstan-Qazax-Bakı avtomagistral yolunun kənarında dayanaraq Bakı istiqamətində hərəkət edən “Opel” markalı avtomobilə minib Bakı şəhərinə getmişdir. Saat 09 radələrində Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında düşdükdən sonra avtobusla bibisi Aynurəgilə getmiş, bibisi ondan niyə evə gec gəlməsini, saatlarla harada olmasını, telefona niyə cavab vermədiyini soruşaraq ona hirsləndikdə ağlamağa başlamışdır. Mətbəxin pəncərəsi açıq olduğuna görə bibisinə evin arxasına keçməyini demiş, evin arxasına keçdikdən sonra ağlaya-ağlaya Aynurəyə bütün olanları danışmışdır. Öz telefonu ilə babası Mirsafaya zəng eləmiş, lakin babası ilə danışa bilmədiyinə görə telefonu bibisi Aynurəyə vermiş və sonuncu babasına bütün olanları danışmışdır. Daha sonra Moskvada yaşayan əmisi Rüzgar və digər bibisi Günelə zəng edərək anasını qətlə yetirdiyini demiş, əmisi telefonda ağlayaraq ona gedib təslim olmağını demişdir. Bundan sonra bibiləri Günel və Aynurə ilə birlikdə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə gedib orada polis əməkdaşlarına könüllü olaraq təslim olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 yaxın qohumu olan nəvəsi Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina etmiş, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, mərhum Şəlalə Qurbanova onun doğma qızı olmaqla Ucar rayonu Qarabörk kəndində yaşamış, sonuncu 1999-cu il tarixdə Ucar rayonu, Qaradağlı kənd sakini X11 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan Faiq, Sədaqət və Selcan adlı övladları dünyaya gəlmiş, Sədaqətlə Selcanın evli, Sədaqətın Bakıda, Selcanın isə Ucar şəhərində ailələri ilə birlikdə yaşadıqlarını bilmişdir. Son bir ildə Kainat qızı Şəlalədən ayrı yaşamış, həmin vaxtdan Şəlalə Ucar rayonu, Qaradağlı kəndində tək qalmışdır. Nəvəsi Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra bir müddət Bakı şəhərində ofisiantlıq eləmiş, daha sonra isə Rusiya Federasiyasının Moskva şəhərində yaşayan əmisi Rüzigarın yanına işləməyə getmişdir. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Faiqin bibisi Aynurə mobil telefonla ona zəng edərək Faiqin qızı Şəlaləni boğduğunu və dərhal gedib Şəlaləyə baxmasını demiş, həmin vaxt Ucar şəhərində yerləşən köhnə bazar ərazisində olduğuna görə dərhal özünə məxsus VAZ 2106 markalı avtomaşınla Ucar rayonu Qaradağlı kəndi istiqamətinə yollanmışdır. Yolda Faiq ona zəng edərək evə getməməsini, özü gəldikdən sonra birlikdə getməsini bildirsə də yoluna davam etmişdir. Evə çatıb qonaq otağına girdikdə yerdə yastıq olduğunu görmüş, daha sonra hamama daxil olduqda Şəlalənin orada olmadığını görmüşdür. Qızının özünü xilas edərək qaçdığını zənn edərək çölə çıxıb tövlə tərəfə getmiş, sonra evə gəlib yataq otağına yaxınlaşdıqda otağın qapısında qıfıl olduğunu görmüşdür. Qapıya yaxınlaşıb qıfılı tərpətdikdə açıq olduğunu görmüş və qapını itələyib içəriyə daxil olduqda divarın dibində bükülü vəziyyətdə xalça görmüşdür. Həmin vaxt xalçanı ayağı ilə yoxladıqda içində meyit olduğunu hiss etmiş və daha sonra bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı Kainatın oğlu olmaqla mərhum Şəlalə Qurbanova isə sonuncunun arvadı və birincinin anası olmuşdur. Qardaşı Kainat ilə Şəlalə təxminən bir il bundan əvvəl faktiki olaraq ayrılmış, birinci həmin ərəfələrdə digər bacısı Günelə və ona arvadı Şəlalədən nifrət etdiyini bildirərək sonuncu ilə yaşamaq istəmədiyini demişdir. Təxminən bir il əvvəl Ucar rayonu Qaradağlı kəndinə yasa gələndə kənd camaatının arasında Şəlalənin başqa kişi ilə münasibətinin olması barədə söz-söhbət yayılmış, Şəlalənin özü də ona adına yalandan başqa bir şəxslə münasibətinin olması haqqında kənddə şayiələr çıxardıqlarını demişdir. Son zamanlar Şəlalənin “Whatsapp” mobil tətbiqində daim onlayn olduğunu görmüş, niyə bu qədər onlayn olmağının səbəbini soruşduqda ona qızları ilə danışdığını demişdir. Bundan başqa 12 avqust 2023-cü il tarixdə Şəlalənin Bakıda yaşayan qızı Sədaqət qaynanası ilə birlikdə Ucar rayonuna yasa gəlmiş, sonuncu anası Şəlalədən ötrü darıxdığından 5-6 gün sonuncu ilə qalmaq istəsə də Şəlalə qızının qalmasına icazə verməyərək sonuncunu taksi ilə Bakıya yola salmışdır. Bundan başqa, 7 avqust 2023-cü il tarixində baldızı və eyni zamanda Şəlalənin qudası olan Səfayətin qızı Samirə ona “Whatsapp” mobil tətbiqində birincinin “Whatsapp” mobil tətbiqinə qoyduğu statusun ekran görüntüsünü alaraq ona göndərmiş, həmin ekran görüntüsünə baxanda Şəlalənin “Whatsapp”a “Tik-tok” sosial şəbəkəsindən qoyduğu video “M” baş hərfi və ürəklərdən ibarət olmuşdur. Oğlunun telefonunu işlətdiyi üçün Şəlalənin “Whatsapp”a qoyduğu statuslar onun “Whatsapp” tətbiqinə düşməmiş, həmin videoya görə bacısı Günel birinciyə zəng edərək videoda olan “M” hərfinin kim olduğunu soruşduqda Şəlalə həmin videonu “Whatsapp”a bilməyərəkdən qoyduğunu demişdir. Qardaşı oğlu Faiq isə Qaradağlı kəndində yaşayıb böyümüş, hərbi xidmətə gedib-gəldikdən sonra isə Bakı şəhərində bir müddət işlədikdən sonra Moskva şəhərinə qardaşı Rüzgarın yanına gedərək sonuncunun yanında meyvə-tərəvəz işi ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında qardaşı Rüzgar zəng edərək ona Faiqin sabah, yəni xx.xx.2023-cü il tarixdə Bakıya gələcəyini və Faiqin anası Şəlalə ilə nəsə bir işi olduğuna görə Ucara getmək istədiyini demişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Faiq Bakı şəhəri Sulutəpə qəsəbəsində yaşadığı evə gəlmiş, həyətdə oturub yemək yemişdir. Onlar biraz söhbət eləmiş, təxminən 1 saat qaldıqdan sonra özünə nömrə alacağını və dostu ilə görüşəcəyini deyərək evdən çıxmışdır. Saat 21 radələrində bacısı Günelin oğlu Cəlil ona zəng edərək Faiqin yanında olduğunu, biraz keçdikdən sonra isə zəng edərək Faiqin Ucar rayonuna getməkdə israr etdiyini demişdir. Özü Faiqlə telefonda danışaraq Ucar rayonuna getməməsini, evə qayıtmasını və sabah birlikdə Ucar rayonuna getmələrini təklif etmiş, Faiq isə sözünə məhəl qoymayaraq gedəcəyini bildirmişdir. 18 avqust 2023-cü il tarixdə saat 9 radələrində Faiq “Whatsapp”dan yazaraq onlara çatdığını və hamamı hazırlamasını demiş, saat 0930 radələrində Faiq onlara gələndə sonuncunun əllərinin əsdiyini və yaxşı vəziyyətdə olmadığını görmüşdür. Bunun səbəbini soruşduqda Faiq onunla birlikdə evin arxasına keçərək Şəlaləni pis vurduğunu və sonuncunun yox olduğunu demişdir. Bundan sonra ağlamağa başlamış, həmin vaxt Faiqin babası Mirsafaya zəng zəng edərək Faiqin Şəlaləni vurduğunu, yanına gedərək sonuncunu yoxlamasını demişdir. Daha sonra Faiq telefonu alaraq babası Mirsafaya oraya getməməsini, özünün qayıdacağını demiş və telefonu söndürmüşdür. Faiq telefonları və üzərində olan bütün sənədləri stolun üzərinə ataraq təslim olmağa gedəcəyini demiş, Faiqə tək heç bir yerə buraxmayacağını deyərək bacısı Günelə zəng edib bütün olanları sonuncuya demişdir. Bundan sonra Faiq və bacısı Günellə birlikdə Binəqədi rayon Polis İdarəsinin 40-cı bölməsinə getmiş və Faiq orada könüllü olaraq təslim olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində dayısı oğlu Faiq ona zəng edərək Bakıya gəldiyini və onunla görüşmək istədiyini demiş, Faiqə Quba rayonundan Bakı şəhərinə qayıtdığını, yolda olduğunu və Bakıya çatdıqdan sonra Sulutəpə qəsəbəsində görüşə biləcəyini demişdir. Saat 21 radələrində Sulutəpə qəsəbəsində “Dörd yol” deyilən ərazidə Faiqlə görüşərək söhbət etmiş, daha sonra xalası Aynurəyə zəng edərək Faiqlə bir yerdə olduğunu və sonuncunun Ucar rayonuna getmək istədiyini demişdir. Xalası Aynurə də Faiqlə danışaraq sonuncuya Ucar rayonuna getməməsini desə də, Faiq getməkdə israr etmişdir. Faiqə gecə olduğu üçün Ucar rayonuna getməməsini, sabah getməsini demiş, Faiq isə ona gecə gedəcəyini, sabah isə qayıdacağını demişdir. Faiqdən Ucar rayonuna nə məqsədlə getməsinin səbəbini soruşduqda sonuncu ona anası Şəlaləni görmək istədiyi üçün gedəcəyini demişdir. Faiq ona Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gedəcəyini, ordanda taksi ilə Ucar rayonuna gedəcəyini bildirdikdən sonra Faiqlə sağollaşmış və daha sonra Faiqi görməmişdir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində xalası Aynurə zəng edərək ona Faiqin anası Şəlaləni öldürdüyünü və Faiqin Binəqədi rayon Polis İdarəsinin 40-cı bölməsinə təslim olmağa gedəcəyini demişdir. Həmin zaman işdə olmuş, təxminən bir saat sonra işdən çıxaraq polis bölməsinə getmiş və Faiqin artıq könüllü olaraq təslim olduğunu görmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sinif yoldaşı olmaqla 17 avqust 2023-cü il tarixdə saat 17 radələrində “Whatsapp” mobil tətbiqindən ona mesaj yazaraq icarəyə maşın götürmək istədiyini bildirmiş, bundan sonra Faiqə zəng edərək Bakıda olub-olmadığını soruşmuşdur. Faiq ona Bakıda olduğunu, 2-3 günlük icarəyə maşın götürmək istədiyini və bunun üçün köməklik göstərməsini xahiş etmişdir. Faiqə özünə heç bir zaman icarəyə maşın götürmədiyini, lakin dostlarının icarəyə maşın götürdüyünü və bu barədə dostlarından maraqlanıb xəbər edəcəyini bildirmiş, Faiq isə maşının təcili lazım olduğunu, Bakıda gedəsi yeri olduğunu, daha sonra isə Ucar rayonuna gedəcəyini bildirmişdir. Faiqə 18 avqust 2023-cü il tarixdə beş günlük məzuniyyətə çıxacağını, həmin gün Ucar rayonuna ailəsinin yanına gedəcəyini və onu da özü ilə aparmasını bildirmiş, Faiq isə ona xəbər edəcəyini demişdir. Təxminən yarım saat sonra Faiqə zəng edərək 17 avqust 2023-cü il tarixdə icarəyə maşın götürə bilməyəcəyini, 18 avqust 2023-cü il tarixdə icarəyə maşın götürə biləcəyini demiş, Faiq isə Neftçilərdən nömrə almağa getdiyini, nömrə aldıqdan sonra isə ona dəqiq bir söz deyəcəyini bildirmişdir. Bundan sonra Faiq 18 avqust 2023-cü il tarixdə, səhər saat 05 radələrində “Whatsapp” mobil tətbiqindən səsli mesaj göndərərək ona hal-hazırda Göyçay şəhərində olduğunu, Bakıya qayıtdığını və maşın icarəyə götürərək onunla birlikdə Ucar rayonuna qayıtmaq istədiyini bildirmişdir. Buna görə də, Faiqə “Whatsapp” mobil tətbiqindən mesaj yazaraq 18 avqust 2023-cü il tarixdə, günorta saat 14 radələrində birlikdə Ucar rayonuna çıxmağını demiş, lakin Faiq ona bundan sonra heç bir cavab yazmamışdır. 18 avqust 2023-cü il tarixdə saat 13 radələrində Faiqin anası Şəlalə Qurbanovanı qətlə yetirməsini internetdə xəbərlərdən oxuyaraq öyrənmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, mərhum Şəlalə Qurbanova anası, Təqsirləndirilən şəxs isə qardaşı olmaqla təxminən bir il əvvəl atası Kainat onları tərk edərək evdən çıxıb getmiş, bundan sonra atasını birdə heç vaxt görməmişdir. Faiq Qaradağlı kəndində yaşayıb böyümüş, hərbi xidmətə gedib-gəldikdən sonra isə Bakı şəhərində bir müddət işlədikdən sonra Moskva şəhərinə əmisi Rüzgarın yanına gedərək sonuncunun yanında meyvə-tərəvəz işi ilə məşğul olmuşdur. 12 avqust 2023-cü il tarixdə qaynanası Səfayət ilə birlikdə Ucar rayonuna yasa gəlmiş, anasından ötrü darıxdığı üçün bir həftə anasının yanında Ucar rayonunda qalmaq istəmişdir. Anasının yanında cəmi 2 gün qalmış, sonra isə anası Bakıya çıxıb getməyini tələb edərək onu Bakıya yola salmışdır. Anasının evində qaldığı həmin iki gündə Ucar rayonu Qaradağlı kəndində olan Murad adlı qonşuları evlərinə gəlmiş, iki gün hər axşam saat 23 radələrində Murad onlara gələrək anası ilə birlikdə qonaq otağında spirtli içki qəbul edərək yemək yemişdir. Murad həmin gecələrdən birində onlarda qalmış, birində isə anası ilə yeyib-içdikdən sonra çıxıb getmişdir. Anası ona Muradla sevgili münasibətinin olduğunu və bundan yalnız bacısı Selcanın bildiyini demişdir. Qardaşı Faiqin xx.xx.2023-cü il tarixdə Azərbaycana gəlməyindən xəbərim olmamış, xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Əsgər ona Faiqin Azərbaycana gəldiyini, qardaşının Ucara gedərək anası Şəlaləni döydüyünü, anasının xəstəxanada olduğunu, Faiqin isə tutulduğunu demişdir. Buna görə də, həyat yoldaşı Əsgər və qaynanası Səfahətlə birlikdə anasının doğulduğu Ağdaş rayonu Tofiqli kəndinə getmiş, orada qardaşı Faiqin anası Şəlaləni qətlə yetirdiyini bilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid6 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 339 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs boyunun sağ və sol ön-yan səthinin aşağı 1/3-nin, sol körpücükaltı nahiyənin çoxsaylı sıyrıqları aşkar edilmişdir. Bu xəsarətlər məhdud təsir səthinə malik küt alət-alətlərin (əşyanın) və ya dırnağın təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlmiş, qeyd olunan xəsarət həm ümumilikdə, həm də ayrılıqda sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 16 saylı rəyindən görünür ki, X2 meyitinin bədəni üzərində boyunun orta 1/3-nin köndələn yerləşmiş, qapanan, iki qat, stranqulyasiya şırımı, burun belinin, sağ çənəaltı nahiyənin sıyrıqları, sol çiyin qurşağının, sağ bazunun yuxarı 1/3-nin yan arxa səthinin qançırları aşkar edilmişdir. Bu xəsarət yarımbərk materialdan hazırlanmış ilgəklə boyun üzvlərin sıxılması nəticəsində əmələ gəlmiş, həyati və ölümlə birbaşa səbəbli əlaqəli olmuşdur. Mərhumun ölümünə səbəb boyun üzvlərinin yarımbərk materialdan ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. Hər iki gözün ağlı qişasına, ağ ciyərlərin və ürəyin səthinə nöqtəvari qansızma, ürəkdə qanın duru vəziyyəti, daxili üzvlərin doluqanlılığı, həmçinin həyati stranqulyasiya şırımı bu növ ölümün təsdiqedici əlamətlərindən olmuşdur. Meyitdə aşkar edilmiş digər xəsarətlər – qançır və sıyrıqlar küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlmiş, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməmişdir. Ş.M.Qurbanovanın uşaqlıq və artımlarında onun hamilə olmasını təsdiq edən məhkəmə-tibbi əlamətləri, eləcə də meyitdən götürülmüş qanın kimyəvi tədqiqatı nəticəsində etil spirti, narkotik vasitələr və digər güclü təsir edici preparatlar aşkar edilməmişdir. Hadisə zamanı Ş.M.Qurbanova horizontal vəziyyətdə, sağ yanı üstə uzanmış vəziyyətdə olmuş, ölüm meyitin müayinəsindən 4-6 saat əvvəl baş vermiş, məhkəmə-bioloji şöbədə tərtib edilmiş 9/143 saylı aktla X2 uşaqlıq yolundan, ağız boşluğundan və düz bağırsaqdan götürülmüş tamponların tədqiqində sperma aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/1369 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş Ş.M.Qurbanovaya məxsus donun ön yaxalıq hissəsində 50 mm ölçüdə cırılmış vəziyyətdə zədə aşkar edilmişdir. Həmin zədə fiziki qüvvənin təsirindən yarana bilən cırılma zədəsidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4609 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və X4 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri və X4 məxsus olduğu qeyd edilən dırnaq kəsintilərinin üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş X4 məxsus olduğu qeyd edilən donun üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin üzərindən aşkar edilmiş qırmızı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X4 məxsus olduğu qeyd edilən donun tərkib liflərinə uyğun gəlmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 604 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmiş, həmin hadisəni törədərkən Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında, yəni anlaqlı olmuş, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilməmiş, öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, onun hərəkətləri CM-in 21-i maddəsinin təsiri altına düşməmiş və məcburi müalicəyə ehtiyacı olmamışdır. Həmçinin həmin rəylə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs səciyyələndirən əsas fərdi psixi xüsusiyyətlər – praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərini xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə çətin daxil olma olmuş, Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmamış, əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cinayət əməlini törədərkən özü hərəkətlərinin mahiyyətini dərk etmiş, öz hərəkətlərini idarə etmək qabiliyyətinə, emosional halından asılı olaraq xx.xx.2023-cü il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixiemosional halda olmuş, onun keçirdiyi emosional halın səbəbinin anası haqqında olan düşüncələri güman edilmiş və xx.xx.2023-cü il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Binəqədi RPİ-nin 40-cı PB-dən daxil olmuş, xx.xx.2023-cü il tarixli, 05/2-14682 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə Qurbanov X9 RPİ-nin 40-cı polis bölməsinə yaxınlaşaraq anası Şəlalə Qurbanovanı qətlə yetirməsini bildirmiş və könüllü təslim olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs “X1 Sistemi” proqramı vasitəsilə sərhədkeçmə məlumatları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərindən gələrək Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən Heydər Əliyev adına Beynəlxalq hava limanına enmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “SAMSUNG Galaxy A52” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəlalə Qurbanova xx.xx.2023-cü il tarixdə saat 1100 dəqiqədə Təqsirləndirilən şəxs 24 saniyəlik səs, həmçinin “TikTok” mobil tətbiqindən götürülmüş 02 ədəd video göndərmişdir. Həmin səsə qulaq asdıqda Şəlalə Qurbanovanın qeyri-etik ifadələr işlətdiyi, cinsi əlaqədən söhbət açdığı, hər hansısa bir şəxsi onunla cinsi əlaqəyə girməsinə dəvət etməsi müəyyən edilmişdir. Videolarda da eynilə cinsi əlaqə ilə bağlı sözlərdən bəhs edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2023-ci tarixdə saat 1830da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ucar rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 19 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş matreiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ucar rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayonu Qaradağlı kənində qeydiyyatda olmaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Ucar rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-77/2-1089/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixiatriya və narkoloji kabinetdə qeydiyyatda yoxdur. Məhkəmə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən ittiham olunduğu CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmənin belə qənaətə gəlməsinə onun özünün etirafedici ifadəsi, məhkəmə-tibb, məhkəmə trasoloji, məhkəmə bioloji, məhkəmə lifli materiallar ekspertizalarının rəyləri, şahid ifadələri və iş materiallarında olan digər sənədlər əsas verir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin könüllü gələrək təqsirini boynuna almasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, ilk dəfə cinayət törətməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59.1.10 və 59.1.12-ci maddələrində nəzərdə tutulan yüngülləşdirici halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 60.1-ci maddəsinin tətbiqini qanuni hesab edir. Həmin maddənin tələbinə görə CM-in 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 18 avqust 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 199 AZN (yüz doxsan doqquz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Ucar rayon prokurorluğunda saxlanılan mərhum X2 meyitinin aşkar olunduğu otaqda meyitin büküldüyü 1 ədəd xalça və “SAMSUNG Galaxy A10” markalı telefon zərərçəkmiş şəxsin hüquqi varisi Mirsafa Musayevə qaytarılmalı, həmin xalçanın bağlandığı 2 ədəd naqil, meyitə baxış zamanı X2 əynində olmuş 1 ədəd qara rəngli, üzərində “qızılgül” şəkli olan qısaqol don, 1 ədəd qara rəngli büstqalter, 1 ədəd tünd bənövşəyi rəngli tuman və meyitin boğaz nahiyəsinə sıxılıb düyünlənmiş 1 ədəd ağ rəngli naqil məhv edilməli, 1 ədəd ağ-qara rəngli qısaqol köynək, 1 ədəd ağ rəngli qısaqol mayka, 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd “SAMSUNG Galaxy A52” markalı mobil telefon Təqsirləndirilən şəxs təhvil verilməli, 2 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 18 avqust 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 199 AZN (yüz doxsan doqquz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Ucar Rayon Prokurorluğunda saxlanılan mərhum X2 meyitinin aşkar olunduğu otaqda meyitin büküldüyü 1 ədəd xalça və “SAMSUNG Galaxy A10” markalı telefon zərərçəkmiş şəxsin hüquqi varisi Mirsafa Musayevə qaytarılsın, həmin xalçanın bağlandığı 2 ədəd naqil, meyitə baxış zamanı X2 əynində olmuş 1 ədəd qara rəngli, üzərində “qızılgül” şəkli olan qısaqol don, 1 ədəd qara rəngli büstqalter, 1 ədəd tünd bənövşəyi rəngli tuman və meyitin boğaz nahiyəsinə sıxılıb düyünlənmiş 1 ədəd ağ rəngli naqil, 1 ədəd ağ-qara rəngli qısaqol köynək, 1 ədəd ağ rəngli qısaqol mayka, 1 ədəd qara rəngli idman şalvarı məhv edilsin, 1 ədəd “SAMSUNG Galaxy A52” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, 2 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar