Məhkəmə qərarları › İş №1(091)-75/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-75/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-75/2022 26.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində iki azyaşlı uşağı olan, işsiz, Zaqatala rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq 17 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştillərini əldə edib 2021-ci ilin may ayında həmin ştillərdən 2 ədədini yaşadığı Zaqatala rayonu, Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətində, 15 ədədini isə həmin evin bağında qanunsuz olaraq əkmiş və həmin ştillərdən əmələ gəlmiş külli miqdarda, yəni ümumilikdə 17 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə qanunsuz olaraq kultivasiya etmiş, qanunsuz olaraq kultivasiya etdiyi 5 ədəd hündürlükləri 50 sm-dən 70 sm-dək olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini 14 iyun 2021-ci il tarixdə kökündən çıxararaq yerə sərmiş, 17 iyun 2021-ci il tarixdə saat 18 radələrində Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, yaşadığı evin qarşısında saxlanılaraq yaşadığı evin həyətinə baxış keçirilərkən qanunsuz olaraq kultivasiya etdiyi 2 ədəd hündürlükləri 35 smdən 145 sm-dək olan torpağa əkilmiş halda, yəni köküstə narkotik tərkibli çətənə (kannabis) bitkiləri, daha sonra həmin evin bağına baxış keçirilərkən qanunsuz olaraq kultivasiya etdiyi 10 ədəd hündürlükləri 35 sm-dən 145 sm-dək olan, köküstə narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 5 ədəd hündürlükləri 50 sm-dən 70 sm-dək kökündən çıxarılmış narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid4 əvvəllər polis əməkdaşı işləmiş və onunla eyni kənddə yaşamışdır. Onun İlhamla normal münasibəti olmuş və İlhamın onun narkotik vasitə istifadə etməsindən məlumatı olmuşdur. İlham ona bir neçə dəfə öz hərəkətlərindən yayınmağı və bir gün tutulacağını demişdir. İlham onun narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün 2021-ci ilin may ayında yaşadığı küçədə 18 ədəd çətənə bitkisinin şitillərini gətirərək ondan həmin şitilləri əkməsini istəmişdir. O, nə məqsədlə İlhamdan şitilləri əkməsini istəməsi barədə soruşduqda ona həmin şitillər böyüdükdən sonra əldə edəcəkləri məhsuldan ona istifadə etmək üçün pay verəcəyini, geri qalanının isə özünə çatacağını demişdir. İlham onun arxasında olduğunu və bununla bağlı heç kimin ona problem yaratmayacağını demişdir. O, 2 ədəd şitili yaşadığı evin həyətyanı sahəsində və 16 ədəd şitili yaşadığı evin baxçasında əkmişdir. İlham aradabir kənddə qarşılaşan zaman ondan şitillərin hansı vəziyyətdə olması barədə maraqlanmışdır. Həmin şitillərdən bir ədədi bitmədiyi üçün çıxarıb atmış və ümumilikdə 17 ədəd çətənə bitkisi yetişdirmişdir. 17.06.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman ümumilikdə 17 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. O, bir gün saxlanıldıqdan sonra barəsində qətimkan tədbiri seçilərək azadlığa buraxılmışdır. O, İlhamdan işin gələcəyinin necə olacağını soruşan zaman ona müvəqqəti buraxıldığını və gələcəkdə tutulacağını demişdir. Ona İlhamın qəsdən onu çətənə şitilləri əkməyə təhrik edərək tutdurması məlum olmuşdur. O da CM-in 237.1-ci maddəsi ilə cəlb edilərək Zaqatala Rayon Məhkəməsinə işinin gedəcəyini fikirləşdiyi üçün bu xüsusatları ifadəsində göstərməmişdir. CM-in 234.1, 237.2.3-cü maddələri ilə yenidən ittiham elan edildikdən sonra ona işinin Şəki Ağır Cinayətlər Məhkəməsinə getməsi və 3 ildən 8 ilə kimi azadlıqan məhrum edilə biləcəyi məlum olmuşdur. Buna görə də yenidən ifadə verərək həqiqəti danışmaq qərarına gəlmişdir. Hazırda əməlindən peşman olmasını və himayəsində azyaşlı uşaqların olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi ilə ibtidai istintaqın sonrakı mərhələsində, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığından, sonuncunun həmin ifadəsi elan olunaraq tədqiq olunmuş və Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olmuşdur. 2020-ci ildə Zaqatala rayon Muğanlı kəndinin çöl sahəsində bitən yabanı çətənə kollarından toxumlar yığıb qurutmuşdur. Təxminən 2021-ci ilin may ayında həmin toxumların 2 ədədini yaşadığı evin həyətindəki torpaq sahəsində və 15 ədədini həyətyanı sahədə kartof əkdiyi baxçada öz istifadəsi üçün əkmişdir. Həmin toxumları əkəndən sonra suvararaq, alaqdan təmizləyərək qulluq göstərmiş, iki ədəd yaşadığı evin həyətyanı sahəsində və 15 ədəd baxçada çətənə bitkisinin kolu bitmişdir. İki ədəd həyətyanı sahədə əkdiyi çətənə bitkisinin kolları görünməsin deyə üzərini şifer ilə örtmüş, həmin çətənə bitkiləri yetişəndə 14.06.2021-ci il tarixdə baxçada bitən 15 ədəd çətənə kolunun 5 ədədini kökündən çıxararaq quruması üçün baxçada torpağın üzərinə sərmişdir. Məqsədi qurudulmuş marixuana hazırlayıb istifadə etmək olmuşdur. 17.06.2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları evinə gəlib onu çölə çağırmışlar və evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarını əkdiyi barədə məlumatları olduğunu bildirərək ondan həyətyanı sahədə baxış keçirilməsinə icazə istəmişlər. O, polis əməkdaşlarına həyətyanı sahəmdə çətənə kollarını əkdiyini bildirərək baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Polis əməkdaşları tərəfindən həyətinə baxış keçirilmiş, evinin yanında bitən iki ədəd və baxçada bitən 10 ədəd kök üstə çətənə kolları, eyni zamanda 14.06.2021-ci il tarixdə kökündən çıxarıb baxçada saxladığı 5 ədəd çətənə kolları aşkar edilmişdir. Ümumilikdə 12 ədəd çətənə bitkisi kökündən çıxarılaraq ağ rəngli kisədə qablaşdırılmışdır. Qablaşdırmaların üzəri möhürlənmişdir. Kökündən çıxarıb baxçada saxladığım 5 ədəd çətənə kolları polis əməkdaşları tərəfindən götürülərək digər ağ rəngli kisədə qablaşdırılmışdır. Baxış zamanı iştirak edən aqranom köküstə olan bitkilərə qulluq göstərildiyini və suvarılmasını bildirmişdir. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. O, əlavə olaraq ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətyanı sahəsində və baxçasında narkotik tərkibli çətənə bitkisinin kollarını qanunsuz olaraq əkib becərməklə qanunsuz kultivasiya etməsindən heç kimin xəbəri olmamışdır. O, evinin yanında bitən 2 ədəd çətənə bitkisini dam örtüyü olan şiferlə görünməməsi üçün əhatə etmiş, baxçada isə ondan başqa heç kim işləməmişdir. O, başqa heç yerdə narkotik tərkibli bitkilər əkməmiş və narkotik vaistə saxlamamışdır. O, marixuana istifadəçisi olduğu üçün özü istifadə etmək üçün əkmiş və 5 ədəd kolu qurudaraq istifadə etmək istəmişdir. O, ancaq özü narkotik vasitədən istifadə etmiş və heç kimə verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zaqatala rayonu, Muğanlı kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi əkib-becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17.06.2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib becərməsi ilə əlaqədar şübhələr olduğu üçün yaşadığı evə baxış keçirilmək istənilməsi barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra videoçəkilişlə və aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsində şiferin altına gizlədilmiş 2 ədəd köküstə narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Təqsirləndirilən şəxs heç kimin görməməsi üçün narkotik tərkibli bitkiləri şiferin altına gizlətməsini demiş və həmin bitkiləri özünün əkərək qulluq edib yetişdirməsini bildirmişdir. Həmin narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin baxçasında da narkotik tərkibli çətənə bitkiləri əkməsini dediyi üçün yaşadığı evin baxçasına baxış keçirilən zaman baxçadan 10 ədəd köküstə və 5 ədəd kökündən çıxarılaraq torpağa qoyulmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə bitkilərini özünün əkərək yetişdirməsini bildirmişdir. 10 ədəd köküstə olan narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılmış və ümumilikdə 12 ədəd köküstə olan narkotik tərkibli çətənə bitkiləri qablaşdırılmaqla götürülmüşdür. Daha sonra 5 ədəd kökündən çıxarılaraq torpağın üzərinə qoyulmuş narkotik tərkibli çətənə bitkiləri də qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini öz istifadəsi üçün əkib-becərməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 və Şahid3 ayrıayrılıqda Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 1994-cü ildən 2020-ci ilə kimi polis əməkdaşı işləmiş, Təqsirləndirilən şəxs ilə eyni kənddə yaşamış, onun əvvəllər də İbrahimlə yaxşı münasibəti olmamışdır. O, polis əməkdaşı işlədiyi vaxtlardan İbrahimin tüfeyli həyat tərzi sürməsini bilmiş, həmçinin kənd camaatı arasında İbrahimin narkotik vasitə istidafə etməsi barədə danışmışlar. O da bir neçə dəfə İbrahimə xəbərdarlıq edərək kənd camaatına pis nümunə olmasını və öz hərəkətlərindən yayınmasını tapşırmışdır. 2021-ci ilin iyun ayında İbrahim polis əməkdaşları tərəfindən narkotik tərkibli bitkilər əkib-becərdiyi üçün saxlanılmış və bir gün sonra buraxılmışdır. Həmin vaxtdan sonra kənd camaatı arasında gəzən söhbətlərdən ona İbrahimin polis əməkdaşlarına narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə onun məlumat verməsini ayrı-ayrı şəxslərin yanında deməsi məlum olmuşdur. İbrahim əgər yenidən tutulacağı halda polis əməkdaşlarına həmin narkotik tərkibli bitkiləri əkibbecərmək üçün onun verməsi barədə ifadə verərək onu şərləyəcəyini bildirmişdir. Bundan sonra o, İbrahimlə görüşərək söz-söhbətlərə aydınlıq gətirmək istəmişdir. Həqiqətən də ona gəzən söz-söhbətlərin doğru olması məlum olmuşdur. İbrahim guya onun narkotik tərkibli bitkiləri əkməyə təhrik etməsini deyərək məsuliyyətdən yaxa qurtarmaq istəmişdir. Lakin onun Təqsirləndirilən şəxsla heç bir qeyri-qanuni əlaqəsi olmamış, ona çətənə bitkiləri əkməsi üçün şərait yaratmamışdır. Təqsirləndirilən şəxs heç bir əsas olmadan ona qarşı şər-böhtan atmışdır. Bu məsələ araşdırılmış, lakin özü təsdiqini tapmamışdır. Odur ki, bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, 2021-ci ilin fevral-yanvar ayında özünə məxsus torpaq sahəsində işləyən zaman yanacaq qurtardığı və ona avtomobilə görə avadanlıq lazım olduğu üçün İbrahimə zəng edərək gətirməsini istəmişdir. 31.03.2021-ci il tarixdə isə dostu Şahid5 gətirməsi üçün zəng etmiş, həmin gün Telman və bir neçə tanışı ilə birlikdə yeyib-içmişdir. İbrahimdə həmin məclisdə iştirak etmiş, o, İbrahimə gördüyü işdən əl çəkməsini, bir gün tutulacağını demişdir. Bundan sonra İbrahim onun arxasınca kənddə danışmağa başlamışdır. O da buna görə 2021-ci ilin aprel ayında zəng edərək İbrahimə onun barəsində kənddə danışmamasını tapşırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, fərdi əmək kimi mal-qara təsərrüfatı ilə məşğul olmuş, Təqsirləndirilən şəxs və Şahid4 ilə eyni kənddə yaşamışdır. Onların hər ikisi ilə münasibəti yaxşı olmuşdur. İlham əvvəllər polis əməkdaşı olmuş və hal-hazırda öz təsərrüfatı ilə məşğul olmuşdur. İbrahimin isə kənddə ərzaq mağazası olmuş, həmçinin mağazanın yanında kafe açmışdır. Təxminən 6 ay əvvəl İlham ona zəng edərək ona məxsus inəklərin baxçasına girməsini demişdir. O da İlhamın baxçasına getmiş və həqiqətən inəklərinin baxçasına girməsini görmüşdür. İlham ona əgər birdə inəkləri baxçasına girərsə, polisə şikayət edəcəyini bildirmişdir. Bundan başqa onun İlham ilə heç bir mübahisəsi olmamışdır. O, əlavə olaraq ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs özünə məxsus bağ sahəsində narkotik tərkibli çətənə bitkiləri əkməsindən məlumatı olmamışdır. O, təxminən 2-3 il əvvəl Rafiq adlı şəxslə birlikdə Şahid4 torpaq sahəsində əkdiyi çətənə bitkilərini məhv etməmiş və ümumiyyətlə elə bir hadisə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, fərdi əmək kimi qoyunçuluq təsərrüfatı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs və Şahid4 ilə eyni kənddə yaşamışdır. Onların hər ikisi ilə münasibəti normal olmuşdur. Təqsirləndirilən şəxs onun atasının əmisi oğlu olmuşdur. İlham əvvəllər polis əməkdaşı olmuşdur. O, təsərrüfatı ilə bağlı mütəmadi olaraq sahələrdə olduğu üçün İbrahim və İlham ilə son zamanlar görüşməmiş, onların hər ikisi ilə heç bir əlaqəsi olmamışdır. O, əlavə olaraq ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs özünə məxsus bağ sahəsində narkotik tərkibli çətənə bitkiləri əkməsindən məlumatı olmamışdır. O, təxminən 2-3 il əvvəl Eldəniz adlı şəxslə birlikdə Şahid4 torpaq sahəsində əkdiyi çətənə bitkilərini məhv etməmiş və ümumiyyətlə elə bir hadisə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, fərdi əmək kimi mal-qara təsərrüfatı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs və Şahid4 ilə eyni kənddə yaşamışdır. O, kənd camaatı arasında gəzən söz-söhbətlərdən Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etməsini bilmiş, ancaq Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə verməsi və satması barədə məlumatı olmamışdır. 31.03.2021-ci il tarixdə o, yaşadığı evə gedən zaman Şahid4 ilə qarşılaşmış, İlham ona yeyib-içmək təklif etmişdir. O, İlhama evə girib-çıxacağını demiş, bir müddət keçmiş İlham ona zəng edərək nə vaxt evdən çıxacağını soruşmuşdur. O, yağış yağdığı üçün İlhama çıxmaq istəmədiyini demiş, İlham qapıya taksi göndərəcəyini bildirmişdir. Biraz keçmiş İbrahim idarə etdiyi VAZ 2106 markalı avtomobil ilə gəlmiş, İbrahim İlhamın göndərməsini demişdir. O, İbrahimin idarə etdiyi avtomobil ilə İlhamın bağına getmiş, İlhamın yanında iki nəfər qonağı olmuşdur. Onlar birlikdə oturub yeyib içməyə başlamışlar, İlham İbrahimi də məcbur etdiyi üçün əyləşmişdir. Onlar yeyib içdikdən sonra İlham barmağını İbrahimə yelləyərək “İbiş sən o zibil işlərindən əl çək, səni bir gün tutacaqlar” demiş, İbrahim də İlhamın dediyi sözə başını yelləyərək gülmüşdür. Məclis qurtardıqdan sonra o, İbrahimlə yaşadığı evə qayıtmış, yolda İbrahimdən İlhamın nə demək istəməsini soruşduqda İbrahim ona “boş ver” dediyi üçün o da artıq suallar verməmişdir. Bundan sonra onun İbrahimlə heç bir əlaqəsi olmamışdır. Bir müddət sonra İbrahimin yaşadığı evdə narkotik bitkisi əkdiyi üçün tutulmasını bilmişdir. Cinayət işinin materiallarında olan 17.06.2021-ci il tarixli “Raport”dan görünür ki, Zaqatala Rayon Polis Şöbəsinə Zaqatala rayonu Muğanlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkib becərilməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 17.06.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Zaqatala rayonu Muğanlı kəndində yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Rasulov X2 rayonu Muğanlı kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 01, iş vər. 16). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış və götürmə aparılması haqqında” 17.06.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, aqranomun və Təqsirləndirilən şəxs iştirakı ilə video çəkilişlə sonuncunun Zaqatala rayonu Muğanlı kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədən 12 ədədi kök üstə, 5 ədədi isə kökündən çıxarılmış vəziyyətdə, ümumilikdə 17 ədəd olmaqla narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Müvafiq video görüntülər CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 17-25). Cinayət işinin materiallarında olan 17.06.2021-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, 17.06.2021-ci il tarixdə Zaqatala rayon polis şöbəsinin əməkdaşlarının iştrakı ilə rayonun Muğanlı kəndində Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəsində baxış keçirilərkən iki ədəd boyu 35-130 sm hündürlükdə narkotik tərkibli bitki olan çətənə kolu aşkar edildi. Bitkiyə arqotexniki qulluq edilib. Daha sonra həyətyanı sahədə yerləşən kartof əkin yerində 10 ədəd boyu 35-145 sm hündürlükdə aqrotexniki qulluq edilmiş narkotik tərkibli çətənə kolu aşkar edildi. Bundan əlavə olaraq həmin sahənin kənarında kökündə çıxarılıb atılmış 5 ədəd 50-70 sm hündürlükdə narkotik tərkibli çətənə kolu aşkar edildi. Lakin çıxarılıb atılmış 5 ədəd narkotik tərkibli çətənə kollarının aqrotexniki qaydada qulluq göstərilib-göstərilməməsini müəyyən etmək mümkün olmamışdır. (cild 01, iş vər. 26). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 18.06.2021-ci il tarixli, 17/441 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində aşkar olunaraq götürülmüş 12 (on iki) ədəd narkotik tərkibli çətənə koluna oxşar bitkilər." sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki hündürlükləri 35 sm-dən 145 sm-dək, ümumi təmiz çəkiləri- 910,00 qram olan 12 (on iki) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Şahid İsayevin 17 iyun 2021-ci il tarixli rəyinə əsasən 12 (on iki) ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində aşkar olunaraq götürülmüş 5 ədəd kökündən çıxarılmış narkotik tərkibli çətənə koluna oxşar bitkilər." sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki hündürlükləri 50 sm-dən 70 smdək, ümumi təmiz çəkiləri- 265,00 qram olan 05 (beş) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. (cild 01, iş vər. 53-54). Cinayət işinin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 5(033)-41/2021 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 17.06.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 01, iş vər. 87). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 10 avqust 2021-ci il tarixli 941 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannobionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür (cild 01, iş vər. 105). Cinayət işinin materiallarında olan “Azərfon MMC-dən daxil olmuş çıxarışların qeydə alındığı 1 ədəd diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, 14.01.2021-ci il tarixdə saat 17:47 radələrində birinci dəfə Təqsirləndirilən şəxs istifadəsində olan 070 *** ** ** mobil nömrəsi ilə Şahid4 istifadəsində olan 070 735 05 00 mobil nömrəsinə zəng edərək danışmışdır. Həmin zəng Zaqatala rayonu, Muğanlı kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra 15.01.2021-ci il tarixdə saat 14:50 radələrində Təqsirləndirilən şəxs həmin mobil nömrəsinə Şahid4 eyni mobil nömrədən zəng edərək danışmışdır və həmin zəng də Zaqatala rayonu, Muğanlı kəndi anten dairəsində qeydə alınmışdır. 05.02.2021-ci il tarixdə saat 09:24 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan 070 *** ** ** mobil nömrəsi ilə Şahid4 istifadəsində olan 070 735 05 00 mobil nömrəsinə zəng edərək danışmışdır. Həmin zəng Zaqatala rayonu, Yuxarı Tala kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra 31.03.2021-ci il tarixdə saat 17:51 radələrində Təqsirləndirilən şəxs həmin mobil nömrəsinə Şahid4 eyni mobil nömrədən zəng edərək danışmışdır və həmin zəng də Zaqatala rayonu, Muğanlı kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra 31.03.2021-ci il tarixdə saat 17:54 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan 070 *** ** ** mobil nömrəsi ilə Şahid4 istifadəsində olan 070 735 05 00 mobil nömrəsinə zəng edərək danışmışdır. Həmin zəng Zaqatala rayonu, Muğanlı kəndi anten dairəsində qyedə alınmışdır. Bundan sonra 31.03.2021-ci il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan 070 *** ** ** mobil nömrəsi ilə Şahid4 istifadəsində olan 070 735 05 00 mobil nömrəsinə zəng edərək danışmışdır. Həmin zəng Zaqatala rayonu, Muğanlı kəndi anten dairəsində qyedə alınmışdır. Bundan sonra 13.04.2021-ci il tarixdə saat 10:31 radələrində Təqsirləndirilən şəxs həmin mobil nömrəsinə Şahid4 eyni mobil nömrədən zəng edərək danışmışdır və həmin zəng də Zaqatala rayonu, Muğanlı kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra 13.04.2021-ci il tarixdə saat 11:07 radələrində Təqsirləndirilən şəxs həmin mobil nömrəsinə Şahid4 eyni mobil nömrədən zəng edərək danışmışdır və həmin zəng də Zaqatala rayonu, Muğanlı kəndi anten dairəsində qeydə alınmışdır. Bundan sonra 13.04.2021-ci il tarixdə saat 13:32 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan 070 *** ** ** mobil nömrəsi ilə Şahid4 istifadəsində olan 070 735 05 00 mobil nömrəsinə zəng edərək danışmışdır. Həmin zəng Zaqatala rayonu, Muğanlı kəndi anten dairəsində qyedə alınmışdır. Bundan sonra 21.04.2021-ci il tarixdə saat 18:32 radələrində Təqsirləndirilən şəxs həmin mobil nömrəsinə Şahid4 eyni mobil nömrədən zəng edərək danışmışdır və həmin zəng də Zaqatala rayonu, Aşağı Tala kəndi anten dairəsində qeydə alınmışdır (cild 01, iş vər. 185-186). Şəki Ağır Cinayətlər Məhkəməsinin 25.04.2021-ci il tarixli qərarından görünür ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.2.3-cü maddələri ilə elan olunan ümumi ittihamdan CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtinası qəbul edilmiş və Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının şəxsin əməlinin CM-in 237.2.3-cü maddəsi ilə tövsifinə dair gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı həmin maddə ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biridigərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, sonuncu bu formada ifadə verməklə məsuliyyyətdən yaxa qurtarmağa çalışmışdır. Belə ki, təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə video çəkilişlə baxış keçirilərkən heç bir təsir altında qalmadan özü sərbəst şəkildə çətənə bitkilərini əkdiyi yeri göstərmiş, bu zaman, həmçinin daha sonra ibtidai istintaqın ilkin mərhələsində heç bir təsir və ya təzyiq altında qalmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində də sözügedən çətənə bitkilərini Şahid4 göstərişi ilə əkməsi barədə hər hansı bir söz deməmiş, habelə Şahid4 barəsində ibtidai istintaq orqanı tərəfindən aparılan araşdırma heç bir nəticə verməmiş, təqsirləndirilən şəxs tərəfindən qeyd edilən xüsusatlar öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı veridiyi ifadəsini müdafiə xarakterli ifadə kimi qəbul edir və ona tənqidi yanaşır. Qeyd edilənlərə əsasən ona qarşı irəli sürülən ittihamın əsasına məhz digər sübutlarla üst-üstə düşən və işin obyektiv hallarına uyğun gələn sonuncunun ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsini qoyur. Məhkəmə istintaqı zamanı müdafiəçi Təqsirləndirilən şəxs həyətyanı sahəsindən kökündən çıxarılmış vəziyyətdə aşkar olunan 5 ədəd çətənə bitkisinin yabanı halda bitən bitki olmasını, onların təqsirləndirilən şəxs tərəfindən əkilmədiyi və onlara aqrotexniki qaydada qulluq olunmadığı, həmin bitkilərin yabanı halda bitdiyi, hətta aronommütəxəssisin də onlara münasibətdə rəy vermədiyini göstərərək həmin bitkilərə dair ittihamda əks olunanların Təqsirləndirilən şəxs qarşı irəli sürülən ümumi ittihamın həcmindən xaric edilməsini, Təqsirləndirilən şəxs barəsində CM-in 237.1-ci maddəsi ilə ittiham hökmünün çıxarılmasını və sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir ki, qeyd olunanlara münasibətdə məhkəmə kollegiyası bildirir ki, cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, həmin bitkilər çətənə (kannabis) bitkiləridir. Həmçinin həyətyanı sahəyə baxış keçirilərkən Təqsirləndirilən şəxs özü həmin bitkilər yararsız olduğu üçün onları kökündən çıxarıb kənara qoyduğunu qeyd etmiş, şübhəli şəxs qismində saxlanılarkən verdiyi izahatında isə sözügedən bitkiləri əkdiyini, lakin onlar böyüyəndə 5 ədədinin yararsız olduğunu gördüyü üçün onları kökündən çıxarıb kənara qoyduğunu bildirmişdir ki, bununla da həmin bitkiləri özü əkdiyini etiraf etmiş, habelə ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsində həmin bitkiləri əkibyetişdirdiyini və onlara qulluq etdiyini göstərmişdir. CM-in 237-ci maddəsində göstərilmişdir ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarında 3-cü siyahıda olan qanunsuz kultivasiya edilən, tərkibində narktik maddələr olan bitkilərin cədvəlindən görünür ki, 16 ədəd çətənə bitkisinin kultivasiyası külli miqdarda əkilməni ehtiva edir. Göründüyü kimi, kultivasiya həmçinin əkməni də ehdiva etdiyindən və toxumun torpağa səpilməsi, o cümlədən ona su verilməsi ilə artıq cinayət bitmiş hesab olunduğundan, bu halda şəxsin qeyd edilən cinayət əməlini törətməsi təsdiq olunur. Evin həyətində və həyətyanı sahədə ümumilikdə 17 ədəd çətənə bitkisinin aşkar olunması isə artıq külli miqdarda çətənə bitkisinin əkildiyini göstərir. Odur ki, məhkəmə qeyd edilənləri əsas götürərək müdafiə tərəfin tələbini əsaslı saymır və təqsirləndirilən şəxsin əməlinin CM-in 237.2.3-cü maddəsindən həmin Məcəllənin 237.1-ci maddəsinə tövsif olunmasını qeyri-mümkün hesab edir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan, doğum haqqında şəhadətnamənin surətindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Zaqatala rayonu Muğanlı kəndində yaşayır, himayəsində 2011 və 2021-ci il təvəllüdlü iki azyaşlı uşağı olmaqla ümumilikdə dörd yetkinlik yaşına çatmayan uşağı vardır, barəsində heç bir şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 99-100, 181). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Tərtər Hərbi Məhkəməsinin 15.05.2003-cü tarixli hökmünə əsasən CM-in 332.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin 06.05.2021-ci il tarixli Amnistiya qərarının 3.2-ci maddəsinə əsasən təyin olunmuş cəzadan azad olunmuşdur. Məhkumluğu ödənilmişdir (cild 01, iş vər. 90-91). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halın olmasını, habelə cəzasını ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin şəxsin şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 17.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 35). Cinayət işinin materiallarında olan 18.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə saat 14:20-də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və sərbəst buraxılmışdır (cild 01, iş vər. 76-77). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun 17.06.2021-ci il tarixdən 18.06.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət onun cəzasına hesablanmaqla çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalında həbsə alınmalı, cəzasının başlanğıcı isə hökmün çıxarıldığı vaxtdan, yəni 26.04.2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın rəyində göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Zaqatala Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 17 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.06.2021-ci il tarixdən 18.06.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət onun cəzasına hesablanmaqla çıxılsın və üzərində 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 26.04.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Zaqatala Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 17 ədəd narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar