Məhkəmə qərarları › İş №1(091)-75/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-75/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-75/2023 09.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, Hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, Məhkəmə iclasının katibi: X12, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X15, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisi: X3 iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Yevlax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.2, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus Yevlax şəhəri, Ə.Cavad küçəsi ev 5-də yerləşən yaşayış evinin arxasında yerləşən qamışlıq olan sahədən evin həyətinə qanunsuz daxil olaraq evin həyətində quraşdırılmış 01 ədəd 50 manat dəyərində olan hidroforu, 01 ədəd 120 manat dəyərində olan su mühərrikini, bir ədədinin qiyməti 20 manat olan cəmi 40 manat dəyərində 02 ədəd ev quşu olan qazları və daha sonra mənzilin mətbəxinin pəncərəsinin üzərinə bərkidilmiş kapron toru cırıb oradan qanunsuz olaraq mətbəxə daxil olaraq mənzilin daxilində olan 01 ədəd təxminən 100 metr uzunluğunda 80 manat dəyərində olan elektrik naqillərini, 01 ədəd 100 manat dəyərində olan 8 litrlik elektrik samovarını, 01 ədəd 20 manat dəyərində olan alüminium ləyəni və 01 ədəd 20 manat dəyərində olan aliminium qazanı və evin yataq otağından 03 ədəd olmaqla cəmi 50 manat dəyərində yataq dəstini gizli yolla talamaqla Zərərçəkmiş şəxs cəmi 480 (dörd yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs məxsus Yevlax şəhəri Ə.Cavad küçəsi ev 5-də yerləşən yaşayış evinin arxasında yerləşən qamışlıq olan yerdən evin həyətinə qanunsuz daxil olub oradan da mənzilin mətbəxinin pəncərəsindən mətbəxə daxil olaraq mətbəxdən bir ədədinin qiyməti 40 manat olan cəmi 80 manat dəyərində 02 ədəd şüşə qrafin dəstini, 01 ədəd 50 manat dəyərində olan çay dəstini, 01 ədəd 50 manat dəyərində olan “Bogema” qab dəstini, bir ədədinin qiyməti 10 manat olan cəmi 30 manat dəyərindən 03 ədəd şüşə bakal dəstini, 01 ədəd 20 manat dəyərində olan su qızdırıcısını, 01 ədəd 50 manat dəyərində olan açar dəstini və 01 ədəd 30 manat dəyərində olan elektrik naqili uzadıcısını gizli yolla talamaqla Zərərçəkmiş şəxs cəmi 310 (üç yüz on) manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin eyvanında qardaşı X10 ilə yemək yeyib spirtli içki qəbul edən zaman sonuncunun ünvansız nalayiq ifadələr deməsinin ona qarşı yönəlməsi kimi zənn edib Vüqar Əsədova iradını bildirdikdə sonuncunun ona “sən kim, mən kim, beş gün ömrüm var, bu evin ağası mənəm” deyib qardaşı kimi onu saymadığını bildirdikdən sonra o, Vüqar Əsədova onu vurub öldürəcəyini deyərək hədələməsinə Vuqar Əsədovun cavab olaraq “mən səni tanımıram” deməsini özünə qarşı təhqir hesab edib bunu bəhanə etmə cüzi səbəbindən, əslində isə heç bir əsaslı səbəb olmadan yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, yəni öz şəxsiyyətini Vüqar Əsədovun şəxsiyyətinin fövqündə qoymaqla, ümumi birgəyaşayış qaydalarına zidd olaraq xuliqanlıq niyyətilə stolun üzərində olan tiyəsinin uzunluğu 112 mm olan zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən deşicikəsici xassəyə malik olan mətbəx bıçağını əli ilə götürüb qəflətən Vüqar Əsədovun üzərinə gedərək sonuncuya qəsdən 1 dəfə həmin bıçaqla zərbə endirib Vüqar Əsədovun hadisə yerində ölümünə səbəb olan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid edilən sol ağciyərin aşağı payının, ürəyin sol mədəcik divarının zədələnməsi, daxili və xarici qanaxma ilə ağırlaşan döş qəfəsinin sol aşağı hissəsinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara xəsarətini yetirməklə X6 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni onu qəsdən xuliqanlıq niyyəti ilə həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 120.2.2, 177.2.2 və 178.2.3-cü maddələri ilə elan edilmiş itthamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında anası onu yuxudan oyadaraq sahə müvəkkilinin onu çağırdığını bildirmiş, sahə müvəkkili ona bir neçə sənədlərə imza atmalı olduğunu bildirmişdir. Polis şöbəsinə çatdıqdan sonra orada ona oğurluq hadisəsinin baş verdiyini bildirmiş, hadisə baş verən gün oğurluq olan yerdən keçdiyinə görə polis əməkdaşları oğurluğun onun tərəfindən törədilməsini bildirmişlər. Həqiqətən oğurluq törətdiyini polis əməkdaşlarına etiraf etmişdir. Qardaşını öldürdüyü gün sonuncu içkili vəziyyətdə əvvəlcə anası ilə, sonra isə onunla mübahisə etmiş, mübahisə zamanı onun üstünə gələrkən stolun stündə olan mətbəx bıçağı ilə qardaşının ürək nahiyəsindən bir dəfə bıçaqla vurmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, qardaşı X10 və anası Şahid1 ilə birlikdə yaşamışdır. 12 oktyabr 2022-ci il tarixdə qardaşı Vüqar Əsədov ilə birlikdə yaşadığı evdə yemək yeyən zaman sonuncu ilə arasında mübahisə yaranmış və onlar bir-birilərini nalayiq sözlərlə təhqir etmişlər. Mübahisədən sonra qardaşı Vüqar evdən getmiş, o da Vüqardan sonra evdən çıxıb getmişdir. Saat 16-17 radələrində evə qayıtdıqdan sonra qardaşı Vüqarla birlikdə süfrəyə əyləşib anasının bişirdiyi yeməyi yeyib spirtli içki qəbul etmiş, saat 20 radələrində qardaşı süfrədə ona söyüşlər söyməyə başlayaraq onu təhqir etmişdir. Mübahisə zamanı qardaşı ona heç kim olduğunu, evin yiyəsi olduğunu demiş, həmin vaxt stolun üstündə olan bıçağı götürüb qardaşına ondan əl çəkməsini demiş, bıçaqla qardaşını vura biləcəyini demişdir. Qardaşı Vüqara sonuncunu tanımadığını bildirdikdən sonra qardaşı da cavabında onu tanımadığını dedikdən sonra sağ əlinə götürdüyü bıçaqla qardaşı Vüqarın ürək nahiyəsinə bir dəfə zərbə endirmişdir. Zərbədən sonra Vüqar stulun üzərində oturmuş, Vüqari tərpədərkən qardaşının ürəyindən qan axdığını görmüşdür. Xatırlamadığı köynəyi və ya əskini götürüb qardaşının sinəsindən qan axan yerə tutaraq yardım göstərmişdir. Hadisə vaxtı anası Həqiqət evin mətbəx otağında olmaqla baş verənləri sonradan görmüşdür. Anası gəldikdən sonra təcili tibbi yardım stansiyasına zəng etmiş, hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları qardaşı Vüqarın artıq öldüyünü bildirmişlər. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra sonunculara baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan başqa maddi vəziyyəti çətin olduğundan özünə narkotik əldə etməyə pul vəsaiti tapmaq üçün oğurluq etmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə gündüz saatlarında Yevlax şəhəri Ə.Cavad küçəsi ilə gedərkən bir evin qapısında qıfıl olduğunu və orada heç kim yaşamadığını görüb gecə radələrində gəlib oradan oğurluq etməyə qərar vermişdir. Həmin gün saat 22 radələrində həmin evin arxasında olan qamışlıq sahədən həyətə daxil olub həyətdə olan su mühərriki və hidroforu, evin elektrik naqillərini kəsib oğurlamış, səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə su mühərrikini və hidroforu avtovağzal istiqamətinə gedərkən tanımadığı bir kişiyə 10 manata satmış, naqilləri isə öz həyətində yandırıb içərisindəki mis və aluminumu avtovağzalda metal qəbulu məntəqəsinə 8 manat satmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yenə həmin həyətə qeyd etdiyi yerdən daxil olmuş və evin mətbəxinin göy rəngli setka ilə örtülmüş taxta pəncərənin setkasını cıraraq pəncərədən evə daxil olmaqla mətbəxdə olan su qızdırıcını götürmüş və yenə naqilləri kəsib getmişdir. Su qızdırıcını işlədə bilmədiyi üçün dəmir yolunun kənarında bir yerə tullamış, naqilləri isə yenə yandırıb içərisindəki əlvan metalları satmışdır. xx.xx.2022-ci il tarixdə isə polis əməkdaşları yaşadığı evə gəlib oğurluqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əri Samir qardaşı Ruzi ilə birlikdə X14 tikintisində işlədiklərinə görə gecələr tək qalmaması üçün axşam olanda qonşuluqda yaşayan qardaşı Ruzinin yaşadığı ata evində qalmış, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evə baş çəkməyə gedəndə həyətdəki 3 ədəd qazdan 2 ədədinin olmadığını, mətbəxin pəncərəsi açıq olduğunu, həşəratlara görə pəncərə vurduğu setkanın isə cırılmış vəziyətdə olduğunu görmüşdür. Evə daxil olduqda evin elektrik naqilləri kəsilib oğurlanmış, evin əşyaları isə dağılmış vəziyyətdə olmuşdur. Evdəki əşyaları yoxlayarkən 01 ədəd elektrik samovarın, yataq dəstlərinin, həyətdə olan 01 ədəd su mühərrikinin və 01 ədəd hidroforun, həmçinin qazlara yemək və su verdiyi alüminium ləyən və qazanın oğurlandığını gördükdən sonra bu barədə zəng edib qardaşı Ruziyə və əri Samirə xəbər vermiş, qardaşı Ruzi də 102 xidmətinə zəng edib məlumat vermişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yenə yaşadığı evə baş çəkməyə gedən zaman mətbəxin pəncərəsi yenə də açıq vəziyyətdə olmaqla servantdakı 01 ədəd bagema qab dəstininin yenə oğurlandığını görmüş, bu dəfə özü 102 xidmətinə zəng edib məlumat vermişdir. Bir müddət evdə olduqdan sonra uşaqlara paltar götürüb yenə qardaşının yaşadığı ünvana getmiş, təxminən 1 saat sonra yenə öz yaşadığı evə baş çəkməyə gedəndə yenə evinə oğrular girdiyini və bu dəfə servantda olan 02 ədəd qrafin dəstinin, bir ədəd çay dəstinin, üç ədəd şüşə bakal dəstinin, mətbəxdəki su qızdırıcının, həyat yoldaşına məxsus usta alətləri dəstinin, elektrik uzadıcısının oğurlandığını görmüşdür. Təkrarən DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermiş, evindən 70 manat dəyərində iki ədəd ev quşu qaz, 150 manat dəyərində bir ədəd su mühərriki və bir ədəd hidrofor, 250 manat dəyərində bir ədəd elektrik samovar, 178 manat dəyərində iki ədəd şüşə qrafin dəsti, 150 manat dəyərində bir ədəd çay dəsti, 150 manat dəyərində bir ədəd bagema qab dəsti, 150 manat dəyərində üç ədəd şüşə bakal dəsti, 112 manat dəyərində üç ədəd yataq dəsti, 48 manat dəyərində bir ədəd su qızdırıcı, 150 manat dəyərində bir ədəd usta alətləri dəsti, 40 manat dəyərində bir ədəd elektrik uzadıcısı, 30 manat dəyərində evin elektrik naqilləri və 20 manat dəyərində işlənmiş alüminium ləyən və qazan oğurlanmışdır. Sonradan oğurluğun qonşuluqda yaşayan Elşad adlı şəxs tərəfindən törədildiyini bilmişdir. Təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, X10 və Təqsirləndirilən şəxs onun qardaşları olmaqla hər ikisi ilə normal münasibətləri olmuşdur. 12 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində işdən çıxıb çay içmək məqsədi ilə Yevlax bazarının yanında yerləşən kafeyə getmiş, saat 20 radələrində həmin kafedən çıxıb anası Həqiqətin yaşadığı evə gəldikdə Yevlax şəhər mərkəzi xəstəxanasının təcili tibbi yardım stansiyasının həkimlərinin və küçədə yaşayan qonşuların evin həyətində dayandıqlarını görmüşdür. Həmin vaxt anası Həqiqət qışqıraraq ağlamış və ona Elşadın Vüqarı qətlə yetirdiyini demişdir. Evin eyvanına yaxınlaşan zaman qardaşı Vüqar Əsədovun evin eyvanının üzərində uzanıqlı vəziyyətdə olduğunu və ürək nahiyəsindən xəsarət aldığını, habelə Vüqarın ürək nahiyəsində çoxlu qan axdığını və yerdə qan izlərinin olduğunu görmüşdür. Həmin vaxt digər qardaşı Təqsirləndirilən şəxs evin həyətində gəzmiş, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəldikdən sonra qardaşı Elşad polis əməkdaşlarına Vüqar ilə yeyib-içdikdən sonra aralarında yaranmış mübahisəyə görə mətbəx bıçağı ilə Vüqarın ürək nahiyəsinə zərbə endirib Vüqarı qətlə yetirdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X10 və Təqsirləndirilən şəxs onu doğma oğulları olmaqla onunla birlikdə ünvan 2 ünvanında yaşamışlar. 12 oktyabr 2022-ci il tarixdə günorta radələrində oğlu Vüqar balıq və araq alıb evə gəlmiş, bir müddət sonra Elşad da evə gələrək qardaşı Vüqar ilə birlikdə yaşadıqları evin eyvanında əyləşib yeyib-içməyə başlamışlar. Saat 20 radələrində evin mətbəxində qabları yuduqdan sonra mətbəxdən çıxarkən Elşadın Vüqarı yerə uzadıb uzunə su vurduğunu görmüş, Elşaddan nə baş verdiyini soruşduqda sonuncu ona Vüqarın yeyib-içdikdən sonra nalayiq söyüş söydüyünə görə dözməyib Vüqarı mətbəx bıçağı ilə vurduğunu ona bildirmişdir. Həmin vaxt Vüqarın əyləşdiyi yer və eyvanın üzəri qan olmaqla ürək nahiyəsindən qan axmış, onun səs-küyünə qonşular gəldikdən sonra kimsə təcili tibbi yardım stansiyasına zəng etmişdir. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım stansiyasının həkimləri gəlib Vüqara baxış keçirtmiş və polis şöbəsinə məlumat vermişlər. Polis əməkdaşları onun yaşadığı ünvana gəlib Elşadı sorğu-sual etməyə başlamışlar. Elşad da qardaşı Vüqarı mətbəx bıçağı ilə qətlə yetirdiyi polis əməkdaşlarına etiraf etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, X10 və Təqsirləndirilən şəxs onun qardaşları olmaqla 12 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində öz yaşadığı evə daxil olduqdan təxminən 2-3 dəqiqə sonra arvadı X4 ona zəng edib anası Həqiqətin evinə gəlməyini bildirmiş, dərhal anası Həqiqətin yaşadığı evə gedərkən qardaşı Vüqarın evin eyvanında uzanıqlı vəziyyətdə olduğunu və ürək nahiyəsində xəsarət olmaqla çoxlu qan axdığını və yerdə qan izlərinin olduğunu görmüşdür. Həmin vaxt Elşad stolun yanında dayanıb ağlayan Elşaddan nə baş verdiyini soruşduqda sonuncu ona heç nə bildirmədən evin həyətinə düşüb gəzməyə başlamışdır. Sonra təcili tibbi yardım stansiyasının əməkdaşları hadisə yerinə gəlib Vüqarın meyitinə baxdıqdan sonra Yevlax rayon polis şöbəsinə zəng edib hadisə ilə bağlı məlumat vermişlər. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib Elşadı sorğu-sual etmiş, Elşad da polis əməkdaşlarına Vüqarla yeyibiçdikdən sonra aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə Vüqarı qətlə yetirdiyini etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X10 və Təqsirləndirilən şəxs onun bacısı Şahid1 oğulları olmaqla 12 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində bacısı Həqiqət ona zəng edərək oğlu Elşadın digər oğlu Vüqarı bıçaqla vuraraq qətlə yetirdiyini bildirmiş, bunu eşitdikdən sonra dərhal Həqiqətin yaşadığı ünvana getmişdir. Oraya çatdıqda evdə polis və təcili tibbi yardım stansiyasının əməkdaşlarının orada olduğunu görmüş, evin eyvanına qalxarkən Vüqarın evin eyvanının üzərində uzanıqlı vəziyyətdə olduğunu və urək nahiyəsindən xəsarət almaqla çoxlu qan axdığını və yerdə qan izlərinin olduğunu görmüşdür. Orada olan polis əməkdaşları Elşadı sorğu-sual edərkən sonuncu polis əməkdaşlarına Vüqarla yeyib-içdikdən sonra aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə Vüqarın ürək nahiyəsinə bıçaqla vuraraq qətlə yetirdiyini etiraf etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayının əvvəllərində işlədiyi metal qəbulu sexində olarkən həmin vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşaraq metal təhvil vermək istədiyini bildirmiş, Elşadı tanıdığı üçün bir ədəd torbada olan yanmış vəziyyətdə elektrik naqillərindən ibarət yanmış elektrik naqillərinin metallarını tərəzidə çəkərək təxminən 2-3 kq yanmış naqilləri təxminən 8 manat pul qarşılığında Elşaddan qəbul etmişdir. Elşad sonradan da onun işlədiyi metal qəbulu sexinə metal gətirib versə də konkret olaraq nə qədər metal gətirdiyini xatırlamamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 29 nömrəli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, X5 meyitində aşkar edilmiş xəsarət-sol ağciyərin aşağı payının, ürəyin sol mədəcik divarının zədələnməsi, daxili və xarici qanaxma ilə ağırlaşan döş qəfəsinin sol aşağı hissəsinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəslmiş yarası küpü və kəsər kənarı olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdir, ölüm baş verməmişdən saniyələrlə ölçülən az əvvəl əmələ gəlmişdir. Hadisə vaxtı mərhumun əynində olmuş köynəkdə aşkar edilən zədə ilə meyitdə aşkar edilmiş xəsarətin yerləşdiyi nahiyə cüzi fərqlə üst-üstə düşür. Yara kanalının istiqaməti öndən-araxaya, sağdan-sola, nisbətən aşağıdan-yuxarıdır. Xəsarətin xarakteri, yerləşdiyi nahiyə, həyati vacib üzvün (ürəyin sol mədəciyinin zədələnməsi) həmin xəsarəti aldıqdan sonra mərhumun hər hansı iradi hərəkət etməsini az inandırıcı edir. X5 meyitindən götürülmüş duru qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində 3%o qatılığında etil spirti aşkar edilmişdir ki, bu göstəricidə mövcud cədvələ görə ağır dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. X1 ölümünə səbəb daxili üzvlərin zədələnməsi, daxili və xarici qanitirmə ilə ağırlaşan döş qəfəsinin daxilə nüfuz edən çoxsaylı deşilmiş-kəsilmiş yarası olmuşdur. Erkən meyit əlamətləri onu göstərir ki,ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 661/233 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psikopatik cizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, hal-hazırda da öz hərəkətlərinin mənası dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə ballistik-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/516; 3/1529; 13/1530 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində əlavə və dəyişiklik edilməmişdir, təyinatı dəyişdirilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1868 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə lifli materialların kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6220 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və X8 məxsus olduğu qeyd edilən geyim əşyaları səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli matira olunmuş kimyəvi lifləri rənginə və təbiətinə görə X8 məxsus olduğu qeyd edilən 01 ədəd idman şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X8 məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs, oğluna məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 679/2022-MTBŞ nömrəli rəyindən görünür ki, X5 ABO sistemi üzrə qrup göstəricisi: Abeta(İİ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: Balfa(İİİ) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən\. Ekspertizaya təqdim edilmiş üç ədəd xalça(palaz), bir ədəd alt şalvarı, beş ədəd gigiyenik pambıq tampona hopdurulmuş nümunə, V.Şahid2 məxsus bir ədəd idman şalvarı, tuman və bir cüt corab, Təqsirləndirilən şəxs məxsus bir ədəd uzunqol idman gödəkçəsi və şalvar və hadisə yerindən götürülmüş bir ədəd bıçağın tiyəsi üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” antigeni alındı. Bu qan ləkələri Abeta(İİ) qruplu şəxsə, o cümlədən X8 məxsus ola bilər. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ƏQ-232/2022 nömrəli mütəxəssis rəyindən görünür ki, 2 ədəd ev quşu olan qazın, 01 ədəd su mühərrikinin, 01 ədəd hidroforun, 01 ədəd elektrik samovarının, 02 ədəd şüşə qrafin dəstinin, 01 ədəd çay dəstinin, 01 ədəd ‘"Bogema" qab dəstinin, 03 ədəd şüşə bakal dəstinin, 03 ədəd yataq dəstinin, 01 ədəd su qızdıncısının, 01 ədəd usta aləti sayılan “Açar’’ dəstinin, 01 ədəd elektrik naqili uzadıcısının, 02 ədəd işlənmiş alüminium ləyənin və qazanın və 100 metr uzunluğunda qoşa xəttli elektrik naqilinin müqayisə yanaşması ilə xx.xx.2022-ci il tarixə real bazar dəyəri 790 (yeddi yüz doxsan) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsindən daxil olmuş xx.xx.2022ci il tarixli 385 nömrəli arayışdan görünür ki, Əsədov X9 şəhəri S.Ruhulla küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşamış, yaşadığı yer üzrə qismən müsbət səciyyələndirilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən CM-in 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 62.1-ci maddəsi tətbiq edilməklə 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə çəkilməmiş cəzanın qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2011-ci il tarixdə isə Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmışdır. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2022-ci tarixdə saat 2050-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci tarixdə saat 1950-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 14 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 120.2.2, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsifi ilə razılaşır. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qardaşı Vüqar Əsədovu sonuncunun analarını vurmasına görə öldürdüyünü göstərsə də həmin halı təsdiq edən hansısa dəlil məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu hissədə olan ifadəsini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, şahid qismində dindirilmiş Şahid1 hadisə baş verən vaxt mətbəxdə olduğunu və səsə otağa gəldikdə oğlu Vüqarın artıq yerdə uznıqlı vəziyyətdə gördüyünü, Elşadın Vüqarı necə vurmasını görmədiyini bildirmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs qardaşı Vüqar Əsədovu öldürməsi üçün hər hansı əsaslı səbəb olmadığına görə onun sonuncunu xuliqanlıq niyyətilə öldürməsnə dair istintaq orqanının gəldiyi nəticə il razılaşaraq onun əməlnin düzgün tövsif olunması qənaətinə gəlir. CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi və sonuncuların ondan heç bir şikayət və tələblərinin olmaması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 120.2.2, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-in 60.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri cəza təyin edərkən nəzərə alır ki, ona təyin olunan cəzanın müddəti həmin maddələrin sanksiyasında nəzərdə tutulan daha ciddi cəzanın dörddə üçündən artıq ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 12 oktyabr 2022-ci il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən 15 avqust 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə müddətindən çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 354 AZN (üç yüz əlli dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan və Yevlax Rayon Prokurorluğunda saxlanılan 01 ədəd mətbəx bıçağı, mərhum Vüqar Əsədovun hadisə vaxtı üzərində olmuş 01 ədəd qara rəngli, kənarlarında göy zolağı olan idman şalvarı, 01 ədəd qara rəngli alt paltarı, 01 cüt boz rəngli corab, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olmuş 01 ədəd qara-boz rəngli, önü zəncirbəndlə bağlanan uzunqol idman köynək, 01 ədəd tünd göy rəngli qısaqol kişi polo köynək, 01 ədəd tünd boz rəngli cins şalvar, 01 cüt parça materialdan olan mokasin tipli ayaqqabı, hadisə yerindən götürülmüş 01, 02, 03, 04, 05, 06 nömrələrlə işarələnmiş qanabənzər ləkə nümunələri, 01 ədəd tünd boz rəngli sol ayaq hissədən cırılmış olan pijama dəyəri olmadığına görə məhv edilməli, 01 ədəd göy və xaki rəngli zolaqları olan xalça, 01 ədəd çəhrayi, açıq yaşıl, açıq narıncı və açıq sarı rəngli zolaqları olan xalça, 01 ədəd qara, sarı və açıq narıncı rəngli zolaqları olan xalça sahibi Şahid1 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən toplanılaraq ona qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 15 avqust 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 16 (on altı) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 12 oktyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 354 AZN (üç yüz əlli dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Yevlax Rayon Prokurorluğunda saxlanılan 01 ədəd mətbəx bıçağı, mərhum Vüqar Əsədovun hadisə vaxtı üzərində olmuş 01 ədəd qara rəngli, kənarlarında göy zolağı olan idman şalvarı, 01 ədəd qara rəngli alt paltarı, 01 cüt boz rəngli corab, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olmuş 01 ədəd qara-boz rəngli, önü zəncirbəndlə bağlanan uzunqol idman köynəyi, 01 ədəd tünd göy rəngli qısaqol kişi polo köynək, 01 ədəd tünd boz rəngli cins şalvar, 01 cüt parça materialdan olan mokasin tipli ayaqqabı, hadisə yerindən götürülmüş 01, 02, 03, 04, 05, 06 nömrələrlə işarələnmiş qanabənzər ləkə nümunələri, 01 ədəd tünd boz rəngli sol ayaq hissədən cırılmış olan pijama məhv edilsin, 01 ədəd göy və xaki rəngli zolaqları olan xalça, 01 ədəd çəhrayi, açıq yaşıl, açıq narıncı və açıq sarı rəngli zolaqları olan xalça, 01 ədəd qara, sarı və açıq narıncı rəngli zolaqları olan xalça Şahid1 qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar