Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-76/2023 16.03.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, xx xxxx 1993-cü ildə Göyçay şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olmuş, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs ilə mobil telefonda söhbət edərkən pul borcu ilə əlaqədar sonuncunun onunla kobud danışmasına aydınlıq gətirmək məqsədi ilə 21 may 2022-ci il tarixdə yaşadığı Göyçay şəhərindən Zərərçəkmiş şəxs işlədiyi, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən «qarajlıq» adlanan ərazidə yerləşən avtomobil təmiri sexinə gedib həmin gün saat 1230 radələrində onunla görüşərək borcunun bir hissəsini ödəyə biləcəyini dedikdən sonra Zərərçəkmiş şəxs onun barəsində nalayiq ifadələr işlətməsindən əsəbiləşib bu bəhanə ilə, əslində isə özünü ətrafdakıların fövqündə qoyub birgəyaşayış qaydalarına zidd olaraq əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi, istintaqa məlum olmayan kəsici-deşici alətlə Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən bir dəfə vuraraq ona qarının sol ön divarının boşluğa keçən, nazik bağırsaq və böyük piyliyin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə nəticələnən, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 6,453 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 iyun 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 2110-da Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən «Təzə Bazar»ın qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Göyçay Rayon Polis Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 6,453 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda 3,848 qram və 2,605 qram olmaqla əynindəki qara rəngli şalvarın sağ yan cibindən iki ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 may 2022-ci il tarixdə bacısı oğlunun ad günü olduğuna görə yeznəsi Zərərçəkmiş şəxsgildə olmuş, orada sonuncudan dostunun avtomaşınını təmir etməsini xahiş etmişdir. Fərid avtomaşını düzəltdikdən sonra dostunun Fəridə 250 manat borcu yaranmış, həmin pulun 100 manatını verməklə 150 manatı qalmışdır. Fəridə dostunun həmin pulu qaytaracağını dedikdən sonra Göyçay rayonuna qayıtmış, 20 may 2022-ci il tarixdə Fərid ona zəng vuraraq pulunu istəmişdir. Fəridə dostu ilə danışdığını, sonuncudan pulu alıb verəcəyini bildirmiş, Fərid yenə də israr edərək pula ehtiyacı olduğunu demişdir. Fəridə səhəri gün saat 11 radələrində gəlib pulu verəcəyini bildirmiş, sonuncu onunla razılaşsa da bir müddət sonra saat 24 radələrində təkrar ona zəng vuraraq pulu göndərməsini tələb etmiş, yenə də Fəridə gec olduğunu və yağış yağdığını dedikdən sonra, avtomaşının sahibi ilə yenidən danışmışdır. Həmin şəxs 90 manat pulu onun kartına atacağını, pulun qalanını isə səhəri gün Bakı şəhərindən götürməsini bildirdikdən sonra yenidən Fəridə zəng vurub bu barədə bildirmiş, bu zaman Fərid onun ünvanına nalayiq söyüşlər işlətmişdir. Fəridə nalayiq söyüşlər işlətməsinin yaraşmadığını bildirdikdə Fərid ona zamin durduğunu, özü avtomaşının sahibi ilə danışacağı təqdirdə həmin pulu alacağını demiş, Fəridə bir daha həmin şəxsə zəng vurmamasını, arada onun olduğunu, səhər pulunu verəcəyini bildirmişdir. Sərəhi gün 90 manat pulu götürüb Bakı şəhərinə getmiş, oradan Fəridin işlədiyi H.Z.Tağıyev qəsəbəsindəki Qarajlar deyilən yerə getmişdir. Fərid orada olmamış, Fəridin iş yoldaşı Anarla söhbət etmişlər. Bir müddət sonra Fərid oraya gəldikdə kənara çəkilib söbət etməyə başlamış, Fəridə 90 manat pulu verib qalan 60 manat pulu da təxminən bir saata dostunun göndərəcəyini bildirmişdir. Bu zaman Fərid yenə öz etirazını bildirmiş və aralarında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı Fərid onu yumruqla vurduqdan sonra gedib avtomaşından götürdüyü bıçaqla Fəridin qarnından bir dəfə vurmuşdur. Narkotik vasitə epizodu ilə əlaqədar məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək tapdığı heroini üzərində saxladığını və yarım saat sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində bacısının əri Zərərçəkmiş şəxs dostunun avtomobilini nisyə təmir etmiş və o da təmir haqqı olan 150 manat pulun dostu tərəfindən ödənilməsinə zamin durmuşdur. Bir müddət keçdikdən sonra Fərid ondan pulunu tələb etdiyinə görə o da dostundan həmin pulu tələb etmiş, lakin dostu pulu vermədiyindən Fəridin 150 manat pulunu verə bilməyərək Fəridə həmin pulu özünün verəcəyini bildirmişdir. Bu zaman Fərid ona başqasının əvəzinə pul ödəməsinə, onu avam yerə qoyulmasına görə narazıçılıq etmiş, sonuncu dəfə 20 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib pulunu verilməsini tələb edəndə dostunun hələki pulu gətirib çatdırmadığını bildirdikdə Fərid pulu dərhal ona çatdırmalı olduğunu bildirib telefonda onun və uşaqlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Telefonda bir qədər Fəridlə mübahisə edəndən sonra ertəsi gün Bakıya gələndə sonuncunun pulunu verəcəyini bildirmişdir. 21 may 2022-ci il tarixdə taksilik fəaliyyəti ilə məşğul olduğundan Göyçay şəhərindən Bakı şəhərinə müştəri gətirib düşürdükdən sonra Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində Zərərçəkmiş şəxs işlədiyi qaraja getmiş, saat 12 radələrində qaraja çatdıqda həmin vaxt Fərid orada olmamışdır. Anar adlı usta ilə söhbət edərək Fəridin gəlməsini gözləmiş, bir müddətdən sonra Fərid qaraja gəldikdə sonuncuya 150 manat puldan 90 manatını düzəltdiyini bildirmişdir. Bu zaman Fərid yenə onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, həmin vaxt Fəriddən onu söyməməsini tələb etsə də sonuncu buna baxmayaraq onun var-yoxuna söyməyə davam edib onun peysər olduğunu, verdiyi sözü tutmadığını bildirmişdir. Fəridin bu cür hərəkətləri onu özündən çıxartdığına görə bundan əsəbiləşərək cibində olan balaca cib bıçağını çıxarıb bir dəfə Fəridin qarnından vurmuşdur. Həmin vaxt digər qarajın yanında olan Anar usta və tanımadığı şəxslər onlara yaxınlaşıb aralamış və həmin şəxslərdən biri onun əlindən bıçağı alıb qarajların arxa hissəsinə atmışdır. Bundan sonra tanımadığı şəxslər Fəridi avtomobilə əyləşdirib xəstəxanaya aparmış, Bakı şəhərinə qayıdıb onu gözləyən müştərini götürdükdən sonra Göyçay şəhərinə qayıtmışdır. Yolda olarkən baş vermiş hadisə barədə atası zəng edib xəbər vermiş, bundan sonra o, Fəridin xəstəxanaya yerləşdirildiyini və orada əməliyyat edildiyini öyrənmışdir. Bundan başqa 28 iyun 2022-ci il tarixdə saat 2130 radələrində Göyçay rayonundakı «Mayqırağı» adlanan ərazidə olarkən yerdən siqaret qutusunun içərisindən iki ədəd bükümdə narkotik vasitə olan heroin taparaq narkotik vasitə istifadəçisi olduğuna görə tapdığı iki bükümdəki heroini üzərində saxlamışdır. 29 iyun 2022-ci il tarixdə saat 21 radələrində Göyçay şəhərindəki «Təzə Bazar»ın yaxınlığında olan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin mülki geyimli əməkdaşları yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Göyçay Rayon Polis Şöbəsinə getməsini təklif etmiş, o da buna etiraz etməyib Göyçay Rayon Polis Şöbəsinə getmişdir. Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindəki, içərisində heroin olan iki ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Aşkar olunmuş iki bükümdəki heroin qablaşdırılıb götürülmüş, narkotik vasitələri satmaq məqsədi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində qaynı Təqsirləndirilən şəxs ona zəng edib yanına dostunun gələcəyini bildirib həmin şəxsin avtomobilini təmir etməsini xahiş etdiyinə görə buna etiraz etməyərək həmin şəxsin «Honda» markalı avtomobilini təmir etdikdən sonra sonuncunun ona 200 manatdan çox borcu yaranmışdır. Həmin şəxs əvvəlcədən təxminən 100 manat pul ödədiyindən təmirdən sonra 150 manat borc qalmışdır. İşini qurtarandan sonra avtomobil sahibi avtomobili götürsə də qalan pulu sonradan verəcəyini bildirmiş, bu barədə Kərimlə əlaqə saxlayanda sonuncunun 150 manata özünün zamin durduğunu və həmin pulun verilməsini təmin etməsini bildirmişdir. Lakin üzərindən on gündən artıq müddət keçməsinə baxmayaraq pul ödənilmədiyinə görə bir neçə dəfə Kərimlə əlaqə saxlayıb pulun verilməsini tələb etmişdir. 20 may 2022-ci il tarixdə Kərimə «Whatsapp»la yazıb pulunu istəyərək pulu səhərə çatdırmasını tələb etmiş, bir müddət sonra Kərim ona zəng etmiş və telefonda sözləri düz gəlmədiyi üçün biribirilərini nalayiq sözlərlə təhqir etmişlər. 21 may 2022-ci il tarixdə saat 12 radələrində Kərim işlədiyi qaraja gəlmiş, həmin vaxt o, qarajda olmadığından Kərim onunla əlaqə saxlayıb qarajda olduğunu və gəlməsini istəmişdir. Qaraja qayıdanda Kərimin qarajda usta işləyən Anarla söhbət etdiyini görmüş, Kərimlə görüşəndən sonra Anar ayrılıb kənardakı başqa bir nəfərlə söhbət etməyə başlamışdır. Kərimlə işlədiyi qarajının yanına gedib söhbət edən zaman sonuncu 90 manat pul ona verib qalan pulu bir saatdan sonra gətirib verəcəyini bildirmiş, pulu götürüb cibinə qoyduqdan sonra pulun hamısını vermədiyi üçün Kərimə narazıçılığını bildirib pulun hamısını verməsini tələb etmişdir. Kərim də bir saata çatdıracağını bildirəndə əsəbləşib Kərimi nalayiq sözlə təhqir etmiş və sonuncuya sözünə düz adam olmadığını bildirmişdir. Kərim də bundan əsəbləşərək gözləmədiyi halda bıçaqla bir dəfə onun sol qarın nahiyəsindən vuraraq kənara çəkilmiş, həmin an Kərimin onu bıçaqla vurduğunu başa düşməmişdir. Həmin vaxt digər qarajın yanında olan Anar usta və tanımadığı başqa şəxslər Kərimin onu bıçaqla vurduğunu bildirib onlara tərəf gəlmiş, üzərinə baxanda əynindəki paltarın qana bulaşdığını görmüşdür. Həmin vaxt orada olan müştəri onu öz avtomobilinə qoyub xəstəxanaya aparmış, Kərimi yumruqla vurmasını xatırlamamışdır. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç hir şikayət və tələbi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 may 2022-ci il tarixdə saat 12 radələrində qarajda olarkən Kərim tək qaraja gəlmiş, həmin vaxt Fərid başqa bir işlə bağlı qarajda olmamışdır. Kərim onunla söhbət edən zaman aralarında olan borc məsələsindən xəbəri olduğuna görə Kərimə aralarında olan mübahisənin münaqişəyə çevrilməməsini, qohum kimi aralarında olan narazılığı sülhlə qurtarmasını məsləhət görmüşdür. Kərim gələndən təxminən bir saat sonra Fərid qaraja qayıtmış, Fəridlə Kərim görüşüb onun qarajından iki qaraj məsafədə aralanıb söhbət etməyə başlamışlar. Bir neçə dəqiqədən sonra mübahisə səsinə qarajdan çölə çıxıb baxanda Fəridin ilk olaraq Kərimə yumruq atdığını, bundan sonra Kərimin əlindəki bıçaqla Fəridin qarnın sol yan tərəfindən bir dəfə vurduğunu görmüşdür. Kərim Fəridi bir dəfə vurandan sonra kənara çəkilmiş, bunu görən kimi dərhal yaxınlaşıb Kərimi tutub aralayıb Fəriddən kənarlaşdırmışdır. Həmin vaxt orada olan müştərilərdən biri Fəridi öz avtomobilinə qoyub dərhal onu xəstəxanaya aparmış, Kərim də öz avtomobilinə əyləşib çıxıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili işləyən Şahid2 Bəhman oğlu ifadəsində göstərmişdir ki, 29 iyun 2022-ci il tarixdə Göyçay şəhər sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan əməliyyat müvəkkilləri Şahid3 və Şahid4la birlikdə saat 2110-da Təqsirləndirilən şəxs Göyçay şəhərindəkli bazarın qarşısında tərəflərindən saxlanılaraq sonuncuya qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindiyi üçün Göyçay Rayon Polis Şöbəsinə getməsini təklif etmişlər. Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən iki ədəd ayrı-ayrı sellofan bükümləri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd büküm təhqiqatçı tərəfindən açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Bundan sonra iki ədəd büküm təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin heroini tapdığını şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 Bəhman oğlunun yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 21 iyun 2022-ci il tarixli 894 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarnın sol ön-yan divarının boşluğa keçən bir ədəd kəsilmiş-deşilmiş yarası, nazik bağırsaq və böyük piyliyin kəsilmiş-deşilmiş yaraları vardır. Qeyd olunun xəsarətlər deşici-kəsici əşyanın (alətin) təsirindən yaranmışdırlar, tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 21 may 2022-ci il tarixdə bıçaqla yetirilən bir zərbənin təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Xəsarətin xarakterinə və lokalizasiyasma əsasən xəsarətin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi inandırıcı deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhəkəmə tibbi-bioloji ekspertizasının 19 iyul 2022-ci il tarixli 397\MTBŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş qolsuz maykası və sviteri üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda antigen qismində yalnız «A» antigeni, aqqlyutinin qismində isə «beta» aqqlyutinini alındı. «A» antigeni əsas antigen kimi və «beta» aqqlyutinini hər biri tək halda yalnız A(ll) qrupunu formalaşdırıb xarakterizə etdiklərindən göstərilən qan ləkələrinin birmənalı olaraq ABO sistemi üzrə həmin qruplu şəxsin qanı hesabına yaranmasını söyləmək olar. Yuxarıda göstərilən qan ləkələri ABO sistemi üzrə A(ll) qan qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbikriminalistik tədqiqatlara dair ekspertizasının 26 iyul 2022-ci il tarixli 320\MTKŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın hər birinin ön səthinin sol yarısında bir ədəd dəlib-keçən zədə var. Bu zədə deşilmiş-kəsilmiş zədədir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən törənmişdir. Qeyd edilən konstruksiyalı bıçaqlar da deşici-kəsici alətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhəkəmə psixtarik ekspertizasının 23 iyun 2022-ci il tarixli 1658 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamış, onda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamış, hər hansı psixi (ruhi) xəstəlik aşkar edilməmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilmiş, qeyd edilən cinayət hadisəsini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, törətdiyi əməl üzrə anlaqlı hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 30 iyun 2022-ci il tarixli 6/3618 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş» və sözlər, soyadlar və imzalar iki ədəd bükümdə ayrıayrılıqda çəkiləri 3,848 və 2,605 qram, ümumi təmiz çəkisi 6,453 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonrakı heroinin qalıq çəkisi 6,353 qram təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 30 iyun 2022-ci il tarixli 3568 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opoidlərin qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, narkomaniyadan məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhəkəmətibbi/kimyəvi ekspertizasının 08 iyul 2022-ci il tarixli 2355/K nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibinə tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 29 iyun 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş bir ədəd DVD-R diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən ayrı-ayrı iki ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti Göyçay Mənzil İstismar Sahəsi tərəfindən alınmış xx.xx.2022-ci il tarixli 300 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri İ.Göyçaylı küçəsi dalan 2 ev 2-də yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2017-ci ildə doğulmuş Məryəm Həsənova və xx.xx.2019-cu ildə doğulmuş Fatimə Həsənova adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Göyçay rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsinin Konsultativ Poliklinikası tərəfindən verilmiş Ambulator kitabçadan görünür ki, Təqsirləndirilən şəxs “Açıq mədəciklər arası çəpərin defekti və Ağ ciyər arteriyasının stenozu” xəstəlikləri diaqnozu ilə müalicədə olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Rsepublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs barədə nazirliyin elektron informasiya bazasında məlumat aşkarlanmamışdır. İş materiallarına əlavə edilmiş 22 may 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1200-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 29 iyun 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2145-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında 01 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun ittiham olunduğu CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi sübuta yetirilsə də məhkəmə onun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsifi ilə razılaşa bilmir. Belə ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər-hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş iki bükümdə olan narkotik vasitə heroini təqsirləndirilən şəxsi istehlakı üçün saxladığını izah etmiş, onun Opoidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi, qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroinin aşkar edilməsi, əvvəllər narkotik vasitənin satışına görə məhkum olunmaması, narkotik vasitənin satışını təsdiq edəcək hər hansı mobil telefon danışığının və SMS yazışmalarının aşkar olunmaması kimi hallar onun üzərindən aşkar olunmuş psixotrop maddəni şəxsi istehlak məqsədi ilə saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxsin CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq onun əməli CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin həmin maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin yeznəsi Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə bıçaqla vuraraq sonuncuya qəsdən ağır dərəcəli bədən xəsarəti yetirməsini nəzərdə tutan CM-in 126.2.4-cü maddəsi ilə tövsifi razılaşaraq istintaq orqanının həmin hissədə düzgün nəticəyə gəldiyini hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs yeznəsi Zərərçəkmiş şəxs sonuncunun borcunu istəməsinə görə aralarında yaranmış mübahisə zamanı bıçaqla vurmuşdur. Göründüyü kimi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı yönəlmiş tələbi qanuni olmaqla, sonuncunun Zərərçəkmiş şəxs bıçaqla vurması üçün heç bir əsaslı səbəbi olmamışdır. O cümlədən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlətməsi də əsaslı səbəb kimi qəbul oluna bilməz və bu hissədə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan bıçaqla vuraraq xəsarət yetirmişdir. Şahid1 və təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yumruqla vurduqdan sonra sonuncunun bıçaqla zərərçəkmişə xəsarət yetirməsinə gəldikdə isə məhkəmə tərkibi qeyd edir ki, şahid və təqsirləndirilən şəxs bu barədə göstərsələr də Təqsirləndirilən şəxs xəsarət almasını təsdiq edən məhkəmə-tibb ekspertizası rəyinin olmaması, Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs vurmasını bildirməməsi, məhkəmə istintaqı zamanı isə həmin halı xatırlamamasını bildirməsi kimi ziddiyyətli ifadələr verməsi məhkəmənin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurmasına şübhə ilə yanaşmağa əsas verir. Hətta belə bir hal mövcud olsa belə Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olmaması həmin zərbənin ciddi zərər yetirən zərbə olmadığı halda Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin hərəkətlərinə qarşı qeyri-adekvat olan bıçaq zərbəsi yetirilməsi üçün əsaslı səbəb ola bilməz. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 126.2.4 və 234.1-1-ci maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışmaqla sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını bildirməsi, “Açıq mədəciklər arası çəpərin defekti və Ağ ciyər arteriyasının stenozu” xəstəliklərindən əziyyət çəkməsi və yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Ona görə də məhkəmə tərkibi hesab edir ki, zərərçəkmiş şəxslə barışdığına və cəzanı ağırlaşdıran hallar olmadığına görə Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsinə münasibətdə cəza təyin edərkən yuxarıda qeyd edilən hallar nəzərə alınmalıdır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.2.4 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 29 iyun 2022-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 may 2022-ci il tarixdən 24 may 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəzası saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəllədinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 may 2022-ci il tarixdən 24 may 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 29 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin Maddi sübutların saxlanma yerində saxlanılan 6,353 qram narkotik vasitə heroin, bir ədəd köynək və bir ədəd mayka məhv edilsin, 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs opoidlərin qəbul edilməsi nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-76/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-76/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver