Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-79/2022 05.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X10, müdafiəçi: Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, 24 avqust 1948-ci ildə Yevlax rayonu Havarlı kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 oktyabr 2018-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisinin toxumlarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlayaraq 2021-ci il mart ayının axırlarında istintaqla müəyyən edilməyən gündə və saatda yaşadığı Yevlax rayonu, Havarlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində 183 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını qəsdən qanunsuz olaraq əkib külli miqdarda 183 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 20 iyun 2021-ci il tarixdə saat 1030 radələrində Yevlax RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu, Havarlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə videoçəkilişlə keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs kultivasiya etdiyi 183 ədəd olmaqla, ümumilikdə hündürlükləri 30 sm-dən 210 sm-dək, ümumi təmiz çəkiləri 155 kq, 650,00 qram olan külli miqdarda 183 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona məxsus həyətyanı sahədə aşkar olunan narkotik tərkibli çətənə bitkisi 2015-ci ildən həmin sahədə qalmış, sahəni suvaran zaman su həmin narkotik kolları əkilən yerə qədər getmişdir. Ancaq 12 ədəd kola qulluq etmiş, qalan bitkilər yabanı halda bitmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 2021-ci ilin mart ayının sonlarında Yevlax rayonu Havarlı kəndində yaşadığı evdə narkotik tərkibli çətənə bitkisinin toxumlarını əkmiş, evinin həyətində narkotik tərkibli çətənə kollarını əkib-becərərək həmin bitkilərə aqrotexniki qaydada qulluq etmişdir. 20 iyun 2021-ci il tarixdə saat təxminən 1020 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları gələrək evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmiş, polis əməkdaşlarına etiraz etməyərək dəvət edilmiş aqronom-mütəxəssisin iştirakı ilə evin həyətyanı sahəsinə baxış keçirilən zaman evinin həyətində 183 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş çətənə kollarından 171 ədədi 2015-ci ildə polislər onu tutan zaman evindən aşkar edilmiş çətənə kollarını sürüyüb apararkən həmin kolların toxumları yerə səpələndiyinə görə orada yabanı halda əmələ gəlmişdir. Həmin çətənə kollarının yabanı halda bitdiyini bilmiş, ancaq həmin kollara qulluq etməmişdir. Qalan 12 ədəd çətənə kolunu isə təxminən 2021-ci ilin mart ayının axırlarına yaxın yaşadığı kənddə yolda gedərkən tapmış, onları evə aparıb həyətdə əkərək aqrotexniki qaydada qulluq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 20 iyun 2021-ci il tarixdə Yevlax rayonu, Havarlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkməsi, yetişdirməsi, kultivasiya etməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat-axtarış qrupu və dəvət edilmiş aqronom-mütəxəssisin iştirakı ilə saat 1030 radələrində Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu, Havarlı kəndində yerləşən evinə baxış keçirilən zamanı həyətyanı sahədən 183 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2, Yevlax rayon X13 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid3 və mütəxəssis aqronom Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının 20 iyun 2021-ci il tarixli 17/449 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş ümumi təmiz çəkisi 155 kq, 650,00 qram olan 183 ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom-mütəxəssis Şahid4 20 iyun 2021-ci il tarixli rəyinə əsasən 183 (bir yüz səksən üç) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 07 dekabr 2021-ci il tarixli 1466 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 20 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1455-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 20 iyun 2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 aprel 2017-ci il tarixli hökmü ilə 03 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 oktyabr 2018ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. CM-in 18.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən onun əməlində cinayətin təhlükəli residivi müəyyən edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Yevlax Rayon İcra Hakimiyyəti Başçısının Havarlı kənd kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Yevlax rayonu Havarlı kəndində yaşamaqla himayəsində 18.12.2011-ci ildə anadan olmuş Nərgiz Cəfərova adlı bir azyaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinə əlavə edilmiş 20 iyun 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 183 ədəd narkotik tərkibli çətənə(kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X7 Tibbi-sanitar hissəsindən daxil olmuş tibbi arayışdan görünür ki, Şəfizadə X2 Xidmətin Müalicə Müəssisəsində “Dissirkulyator ensefalopatiya. Serebral ateroskleroz. ÜİX. Aterosklerotik kardioskleroz” diaqnozları ilə stasionar müalicədə olmuşdur. 17.09.2021-ci il tarixdə yeni tip koronavirus COVİD-19 infeksiyasına görə götürülmüş yaxma müayinəsinin nəticəsi pozitiv olduğu üçüçn 18.09.2021-ci il tarixdə İMM-nə göndərilmişdir. 18.09.2021-ci il tarixdən 20.09.2021-ci il tarixli yaxma müayinəsinin nəticəsi neqativ olduğu üçün 06.11.2021-ci il tarixdə 2 saylı İT-nə göndərilmişdir. X3 saxlanıldığı müddət ərzində “ÜİX. Aterosklerotik kardioskleroz. Beyin qan dövranının pozğunluğu” diaqnozu ilə ambulator müalicəyə cəlb edilmişdir. 22.01.2022-ci il tarixdən 04.02.2022-ci il tarixinə kimi Müalicə Müəssisəsində “Dissirkulyator ensefalopatiya. Serebral ateroskleroz, yüngül koqnitiv dəyişikliklər” diaqnozları ilə stasionar müalicədə olmuş, 12.02.2022-ci il tarixində ambulator təyinat verilərək X1ytarılmışdır. 13.02.2022-ci il tarixində ambulator müalicə kursunun icrasına başlanılmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X5 rayon Narkoloji Kabinetinin 01.10.2021-ci il tarixli 1812 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə “Profilaktika (çətənə) diaqnozu ilə qeydiyyatda durur. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Məhkəmə Təqsirləndirilən şəxs 12 ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq etdiyini və qalan 171 ədəd çətənə bitkisinin isə yabanı halda bitməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının rəyi, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş CDdisk və işdə olan digər sənədlər əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, “Dissirkulyator ensefalopatiya. Serebral ateroskleroz, yüngül koqnitiv dəyişikliklər” xəstəliyindən əziyyət çəkməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin təhlükəli residividir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində həbsə alındığı 20 iyun 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut olan Yevlax rayon Polis Şöbəsində saxlanılan 183 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilməli, 2 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 20 iyun 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax Rayon Polis Şöbəsində saxlanılan 183 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilsin, 2 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-79/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-79/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver