Məhkəmə qərarları › İş №1(091)-8/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-8/2023

09.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-8/2023 09.01.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçu) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-ci ildə Qəbələ şəhərində doğulmuş, evli, Azərbaycan Respulikasının vətəndaşı, işləməyən, orta təhsilli, Qəbələ şəhəri, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 28, mənzil 6-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 1511,05 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə etdikdən sonra həmin narkotik vasitənin bir hissəsini bükümlərə ayıraraq üzərində, digər hissəsini isə idarə etdiyi “Tofaş Şahin” markalı, **-TC-*** qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayaraq Qəbələ şəhəri, H.Aslanov küçəsində yerləşən “Tural” marketin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdə saat 22:10-da yuxarıda qeyd edilən ünvanda idarə etdiyi “Tofaş Şahin” markalı, **-TC-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilib həmin avtomobillə birgə gətirildikdən sonra orada həmin gün saat 23:20-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçəsinin sağ yan iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 140 ədəd bükümdə ümumilikdə 46,05 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra 01 mart 2022-ci il tarixdə saat 00:10-da Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasının həyətində Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə idarə etdiyi “Tofaş Şahin” markalı, **-TC-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin yük yerindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı içərisində narkotik vasitə marixuananın hissəcikləri olan 01 ədəd çəhrayı rəngli torbadan 04 ədəd şəffaf sellofan bağlamada ayrılıqda çəkiləri 410 qram, 415 qram, 520 qram və 120 qram olmaqla ümumilikdə külli miqdarda - 1465 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə marixuananın hissəcikləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə saat 1830 radələrində xəstə olan anasına dərman almaq və bazarlıq etmək üçün 200 manat götürüb yaşadığı evdən çıxmış, ərzaq aldığı “Oba Marketdən” çıxarkən iki nəfər tanımadığı şəxs ona yaxınlaşaraq qolunu burub zor tətbiq etməklə “Toyota Camry” markalı avtomaşına otuzdurduqdan sonra ona Baş Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirərək onda narkotik vasitə olduğunu bildirmiş, həmin şəxslərə onda narkotik vasitə olmadığını bildirdikdən sonra onu döyməyə başlamışlar. Polis əməkdaşları onun İran İslam Respublikasının vətəndaşı ilə əlbir olduğunu bildirib yenə də onda narkotik vasitə olduğunu iddia etdikdən sonra avtomaşının yük yerində narkotik vasitə olduğunu etiraf etmiş, polislər onun üzərində olan pul qabı və açarları ilə birlikdə avtomaşının yük yerindəki dərman çantasının içərisində olan bir büküm narkotik vasitə olan marixuananı götürdükdən sonra həmin narkotik vasitənin az olduğunu, digər narkotik vasitənin harada olmasını soruşmağa başlamışlar. Polis əməkdaşlarına onda başqa narkotik vasitə olmadığını bildirdikdən sonra onun yaşadığı ünvanı soruşaraq həmin ünvana getmişlər. Yaşadığı ünvanda o, avtomaşında oturub gözləmiş, polis əməkdaşları evdə olan arvadı, anası və oğluna qraşı zor tətbiq edərək evində axtarış aparmışlar. Evində axtarış aparıb heç nə aşkar etmədikdən sonra arvadını da onunla birlikdə Qəbələ rayon Polis Şöbəsinə aparmış, orada yenə də ona qarşı zor tətbiq edərək onu döyməyə davam etmişlər. Onda narkotik vasitənin olmadığını bildirdikdən sonra arvadını da həmin işə qatacaqları ilə hədələdiklərinə görə məcbur qalıb hər şeyi üzərinə götürməyə razılaşmış, saat 06 radələrində Bakı şəhərindən gələn polis əməkdaşları özləri ilə bir kisə gətirib içərisindəki sellofan paketləri çıxarıb oradakı bükümləri saydıqdan sonra gətirdikləri tərəzidə çəkmişlər. Polislərdən arvadını buraxmalarını istəsə də polislər ona ancaq videoçəkilişdən sonra arvadını buraxacaqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşlarının təzyiqi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş zamanı polislərin gətirdikləri narkotik vasitəni satış məqsədilə saxladığını və özünə məxsus olduğunu bildirmişdir. Sonra onu Bakı şəhərinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmış, barəsində həbs qətimkan tədbiri seçilərkən polislər ona təzyiq etdiklərinə görə məhkəməyə ona edilən təzyiqlər barədə heç bir şey bildirməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında Qəbələ rayon sakini kimi tanıdığı Hüseyn adlı şəxsdən istifadə etmək üçün 800 manata 2 kiloqram narkotik vasitə marixuana alaraq ailə üzvlərinin narkotik vasitə istifadə etməsindən xəbərləri olmamaları üçün həmin narkotik vasitəni özünə məxsus “Tofaş Şahin” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamışdır. 28 fevral 2022-ci il tarixdə özünə məxsus “Tofaş Şahin” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qəbələ şəhəri Həzi Aslanov küçəsində yerləşən “Tural” marketin yaxınlığında dayandığı zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını, onun narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğuna görə birlikdə Qəbələ Rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Qəbələ rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzrəinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan iç cibində olan qara sellofan torbada saxladığı 140 ədəd bükümlərdə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Sorğu sual zamanı həmin marixuananı özü bir neçə ay qabaq Qəbələ rayonunda dağətəyi ərazidə əkdiyi marixuana bitkisindən yığdığını bildirsə də lakin əslində Hüseyn adlı şəxsdən almışdır. Daha sonra Qəbələ RPŞnin həyətində onun öz razılığı və iştirakı ilə ona məxsus “Tofaş Şahin” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilən zaman avtomobilin baqaj yerini açıb orada saxladığı sintetik torbada olan 4 ədəd marixuana bağlamalarını təqdim etmişdir. Həmçinin iki ədəd elektron tərəzi də aşkar olunduqdan sonra marixuana və tərəzilər qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Qəbələ rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında digər əməliyyat müvəkkili Şahid2la birlikdə saat 22 radələrində Təqsirləndirilən şəxs olması ehtimal olunan Qəbələ rayonu, H.Aslanov küçəsində yerləşən “Tural” marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib idarə etdiyi avtomobillə birlikdə Qəbələ Rayon Polis Şöbəsinə gətirmişlər. Qəbələ rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan gödəkçənin sağ yan iç cibindən 140 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik, çəkisi 87 qram olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra aşkar olunmuş həmin kütlə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni altı ay əvvəl dağətəyi ərazidə həm özü istifadə etmək, həm də bükümlərə ayıraraq bükümün birini 10 manatdan satmaq üçün əkdiyini, əvvəllər məhkum olunmadığını, həmçinin idarə etdiyi avtomobildə də narkotik vasitə olduğunu, həmin avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra Qəbələ Rayon Polis Şöbəsinin həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş” markalı **-TC-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük hissəsindən qırmızı rəngli torbanın içərisində çəkisi 1470 qram olan dörd ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və iki ədəd elektron tərəzini təqdim etmişdir. Sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sonra həmin dörd ədəd bükümdə olan kütlə və iki ədəd elektron tərəzi üzərilərində narkotik vasitə qalıqlarının olub-olmamasının müəyyən edilməsi üçün torbaya qoyularaq qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı ünvana getməmiş, sonuncuya qarşı zor tətbiq etməmişlər. Həmçinin Təqsirləndirilən şəxs arvadı Xəyalə Məmmədova da onlar tərəfindən Polis Şöbəsinə aparılmamış, sonuncuya qarşı heç bir qanunsuzluğa yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə əri Mahir qayınanasına dərman almaq üçün evdən çıxmış, sonuncu ilə əlaqə yaratmağa çalışsalar da zənglərinə cavab verməmişdir. Saat 20 radələrinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları evlərinə gələrək əri Mahiri tutduqlarını və evlərində axtarış aparacaqlarını bildirmişlər. Evə baxış keçirdikdən sonra onu da Qəbələ rayon Polis Şöbəsinə dəvət etmiş, polis şöbəsinə getmək istəməsə də polis əməkdaşları buna təkid edərək onu zorla Qəbələ rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində əvvəl əri ilə ayrı-ayrı otaqlarda olsalar da qısa bir müddətdən sonra əri ilə bir otaqda görüşdürdükdən sonra yenidən başqa otağa aparmışlar. Ərinin olduğu otaqdan çıxdıqdan sonra digər otaqdan ərinin səsini eşitmiş, buna dözməyərək qonşu otaqdan çıxıb ərinin olduğu otağa daxil olmuşdur. Həmin vaxt ərinin sifəti qan içərisində olduğunu görüb polis əməkdaşlarından ərini nə səbəbə döyməsini soruşmuş, polislər ona heç bir səbəb olmadan otaqdan çıxmasını bildirmişlər. Otaqdan çıxdıqdan sonra yenidən ərinin səsini eşidib səs gələn otağa getmək istəsə də polislər buna imkan verməmişlər. Səhər saatlarına kimi polis şöbəsindəki otaqda qaldıqdan sonra onu buraxaraq təxminən 10 dəqiqə sonra əri Mahirin də evdə olacağını bildirmişlər. Sonradan əri Mahiri Bakı şəhərinə Baş Narkotiklərlə Mübarizə İdarəsinə apardıqlarını və narkotik ittihamı ilə həbs olunduğunu bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə saat 20 radələrində qonşuları Xəyalə Rəfiyeva ona zəng edərək qayınanasının vəziyyətinin yaxşı olmadığını və sonuncuya kömək etmək etmək üçün oraya getməsini istəmiş, Xəyaləgilə gedərkən evdə polis əməkdaşlarını görmüş, polislər ona Xəyaləni də Polis Şöbəsinə ərinin yanına aparacaqlarını, Xəyalənin qayınanasının vəziyyəti pis olduğuna görə sonuncunun yanında qalmasını bildirmişlər. Xəyalə polislərlə getdikdən sonra səhər 04 radələrinə kimi polis şöbəsindən qayıdanadək orada olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə saat 19 radələrində tanışı Təqsirləndirilən şəxslə birlikdə Qəbələ şəhərində yerləşən “Oba Marketdə” olarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onları saxladıqdan sonra Təqsirləndirilən şəxs döyərək narkotik vasitənin harada olmasını soruşmuş, bundan sonra Təqsirləndirilən şəxs avtomaşının arxa yük yerində narkotik vasitə olduğunu bildirmişdir. Onu PPXB-nin xidməti avtomaşını ilə əvvəl Təqsirləndirilən şəxs yaşadığı ünvana, sonra isə Qəbələ rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində onu birinci mərtəbədə, Mahiri isə ikinci mərtəbədə saxlamış, səhər saat 07 radələrində Mahirin arvadı ilə birlikdə onu da buraxmışlar. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə yeznəsi Təqsirləndirilən şəxs anası xəstə olduğu üçün sonuncunun yaşadığı ünvana getmiş, bir müddət orada olduqdan sonra öz evinə qayıtmışdır. Gecə saat 01 radələrində bacısı Xəyalənin Vəfa adlı qonşusu ona zəng edərək Mahirin polis əməkdaşları tərəfindən saxlanıldığını, Xəyalənin də Polis Şöbəsinə aparıldığını dedikdən sonra Qəbələ rayon Polis Şöbəsinə getmiş, orada ona bacısının rayon Polis Şöbəsində olmadığını bildirmişlər. Sonradan saat 05 radələrinə onu bacısı ilə görüşdürmüş, saat 0430da Mahiri inzibati binanın həyətinə düşürüb videoçəkiliş vasitəsilə avtomaşına baxış keçirtdikdən sonra saat 0530 radələrində bacısını evlərinə aparmışdır. Sonradan yeznəsi Mahiri narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Bakı şəhərinə apardıqlarını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə saat 20 radələrində səs-küy eşidib yaşadığı mənzildən çölə çıxaraq binada mülki geyimdə olan şəxsləri görmüş, Mahirin anası ilə yaxın rəfiqə olduğuna görə sonuncunun səhhəti ilə maraqlanmaq üçün yaşadığı evə getmiş, qapını tanımadığı iki nəfər açaraq Mahirin anasının səhhətinin yaxşı olduğunu bildirməklə onu içəri keçməyə imkan verməmişlər. Sonradan Mahirin arvadı Xəyalənin polislərin avtomaşınına mindiyini görmüş, Mahirin özünün də polis əməkdaşları tərəfindən saxlanıldığını və Xəyaləni də buna görə Polis Şöbəsinə aparıldığını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə saat 19 radələrində atasının getdiyi marketdən geri qayıtmadığını görüb Whatsapp proqramı vasitəsilə əlaqə saxlamaq istəsə də sonuncu onun yazdığı mesajların heç birinə cavab verməmiş, bir müddət sonra üç-dörd nəfər şəxs yaşadıqları evə daxil olmuşdur. Həmin şəxslərdən özlərini təqdim etmələrini istəsə də ona yaşının az olmasına görə bu işlərə qarışmamasını bildirmişlər. Polis əməkdaşlarından biri onun çoxlu suallar verdiyini görüb kəmərindən tutub kənara itələyərək digər polis əməkdaşına onu da içəri atmalarını bildirmiş, evə baxış keçirtdikdən sonra anasını da polis şöbəsinə aparacaqlarını bildirmişlər. Anası onsuz heç bir yerə getməyəcəyini bildirdiyinə görə o da polislərlə gedəcəyini bildirərək polislərin xidməti avtomaşınına əyləşmək istəsə də onun rayon Polis Şöbəsinə getməsinə icazə verməyərək evdə qalmasını bildirmişlər. Evə gəldikdən sonra həmin vaxt onlara gəlmiş qonşuları Vəfanın mobil telefonu ilə dayısının arvadına zəng vurub baş verənlər barədə məlumat vermiş, dayısı gəldikdən sonra sonuncu ilə birlikdə Qəbələ rayon Polis Şöbəsinə getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 01 mart 2022-ci il tarixli, 7/196 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs avtomobilindən...” yazısı və imzalar olan çəhrayı rəngli sintetik bağlamadakı 04 (dörd) ədəd şəffaf sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 410 qram; 415 qram; 520 qram; 120 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki qara rəngli polietilen bağlamada sayı 140 (yüz qırx) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,15 qram - 0,32 qram, ümumi çəkisi - 46,05 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 1511,05 qramdır (1kq 511,05 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. İki ədəd elektron tərəzinin üzərində və bir ədəd çəhrayı rəngli polietilen bağlamanın içərisində cüzi miqdarda narkotik vasitə olan marixuananın hissəcikləri vardır. Həmin hissəciklər cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 04 iyun 2022-ci il tarixli, 2982 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 550 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol göz ətrafı nahiyyənin qançırı, hər iki yanaq nahiyyəsinin, sağ saidin içəri və bayır səthinin sıyrılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti tibb müəssisəsində müayinədən əvvəl olmaqla qərarda qeyd edilən xx.xx.2022 tarixə uyğundur, müxtəlif şəraitlərdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs məhkəmətibbi ekspertizası zamanı üst çənədə olan sol 2-ci kəsici və sağ 3-cü kəsici dişlərdə karies xəstəliyi, diş taclarının natamamlığı aşkar edilmişdir, bu dişlərdə olan zədələr barədə tibbi sənədlərdə qeydlər olmadığına görə, məhkəmə-tibbi qiymət vermək mümkün deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsi axtarış keçirilməsinə dair 28 fevral 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarı zamanı əynindəki gödəkçəsinin sağ yan iç cibindən 140 ədəd bükümdə ümumilikdə 46,05 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan “Tofaş Şahin” markalı, **-TC-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə dair 20 fevral 2012-ci il tarixli protokoldan və prtokola əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, baxış zamanı avtomobilin yük yerindən içərisində narkotik vasitə marixuananın hissəcikləri olan 01 ədəd çəhrayı rəngli torbadan 04 ədəd şəffaf sellofan bağlamada ayrılıqda çəkiləri 410 qram, 415 qram, 520 qram və 120 qram olmaqla ümumilikdə külli miqdarda - 1465 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə marixuananın hissəcikləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Mənzil İstismar və Kommunal Müəssisələr Kombinatı tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri İ.Qutqaşınlı küçəsi bina 28, mənzil 6-da yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş 28 fevral 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2250-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması, ona göstərilən təzyiq nəticəsində narkotik vasitənin ona özünə məxsus olmasını bildirməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə sərbəst şəkildə videoçəkilişlə verilən ifadə zamanı narkotik vasitənin özünə məxsus olmasını, həmçinin ona qarşı hansısa zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərə mümnasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, videoçəkilişlə aparılan şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzündə olan şişkinliklə əlaqədar sual verərkən sonuncu dişində olan ağrılar səbəbindən üzünün bir tərəfinin şişdiyini göstərmiş, məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 550 nömrəli rəyi ilə də onun üst çənədə olan sol 2-ci kəsici və sağ 3-cü kəsici dişlərdə karies xəstəliyi, diş taclarının natamamlığı aşkar edildiyi qeyd edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs səhər saatlarında videoçəkilişlə hər şeyi etiraf etdikdən sonra onun arvadını buraxdıqlarını bildirsə də iş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokolun 28 fevral 2022-ci il tarixdə saat 2250-də tərtib edildiyi, şəxsi axtarış və götürmənin saat 2320-2337 radələrində, avtomaşına baxış və götürmə aparılmasına dair protokolun isə 01 mart 2022-ci il tarixdə saat 0010-0026 radələrində tərtib edildiyi qeyd olunmuş, videoçəkiliş zamanı da həmin vaxtlar qeyd olunsa da müdafiə tərəfindən bu barədə hansısa qeyd verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası şahidlər Ülfət Bağırovun, Kənan Rəfiyevin, Xəyal Məmmədovun, Xədicə İbrahimovanın, Xəyalə Rəfiyevanın və Vəfa Eyvazovanın məhkəmə istintaqı zamanı verdikləri ifadələri Təqsirləndirilən şəxs məsuliyyətdən qurtarmaq üçün verilmiş müdafiə xarakterli ifadələr kimi qəbul edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Azərcell MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatlarda qeyd edilmiş şahid Xəyal Məmmədovun istifadəsində olan mobil telefonun gecə saatlarında müxtəlif şəxslərlə əlaqə saxlaması sonuncunun bacısı və Təqsirləndirilən şəxs arvadı X6 rayon Polis Şöbəsinə aparılması faktını təsdiq etməyə kifayət etmir. Belə ki, şəxsin yaxın qohumu olan bacısının ərinin tutulması haqqında məlumat aldıqdan sonra öz qohumları ilə səhərə qədər danışması normal bir hal olmaqla məhkəmənin iş üzrə başqa nəticəyə gəlməsinə kifayət etmir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 28 fevral 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 78 AZN (yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 28 fevral 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 78 AZN (yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar saxlanılan içərisində narkotik vasitə marixuananın hissəcikləri olan 01 ədəd çəhrayı rəngli torba, 1508,17 qram narkotik vasitə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi məhv edilsin, şəxsi axtarış və götürmə avtomobilə baxış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu iki ədəd “DVD” disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar