Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-80/2025 15.07.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1974-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 2 (iki) ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 975 qram və 760 qram olmaqla ümumi təmiz çəkisi 1735 qram xüsusilə külli miqdarda eyni tərkibli narkotik vasitə olan heroini və 6 (altı) ədəd qara rəngli sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 2055,0 qram, 1675,0 qram, 3645,0 qram, 1605,0 qram, 2165,0 qram, 2975,0 qram olmaqla ümumi təmiz çəkisi 14 kq 120,0 qram olan külli miqdarda eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib kisənin içərisində saxlamış, 23 iyun 2024-cü il tarixdə saat 08:30-da Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhəri Nizami prospektində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon Polis Şöbəsinə gətirilərək həmin gün saat 09:20-dən 10:15-dək olan müddət ərzində Yevlax rayon Polis Şöbəsində müdafiəçinin iştirakı ilə və video çəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış nəticəsində onun əlində olan kisənin içərisindən qəsdən satış məqsədilə əldə edib saxladığı 2 (iki) ədəd sellofan bağlamalarda, ayrıayrılıqda təmiz çəkiləri 975 qram və 760 qram olmaqla ümumi təmiz çəkisi 1735 qram olan xüsusilə külli miqdarda eyni tərkibli narkotik vasitə olan heroini və 6 (altı) ədəd qara rəngli sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 2055,0 qram, 1675,0 qram, 3645,0 qram, 1605,0 qram, 2165,0 qram, 2975,0 qram olmaqla ümumi təmiz çəkisi 14 kq 120,0 qram olan külli miqdarda eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, narkotik istifadəçisi olmuş və buna görə əvvəllər dəfələrlə məhkum olunmuşdur. Hadisə günü onun mobil telefonuna zəng gəlmiş və zəng edən şəxs onu Yevlax rayonuna marixuana götürməyə dəvət etmişdir. Bu məqsədlə o, Mingəçevir şəhərinə getmək üçün Bakı şəhərindən çıxmış və gecə təxminən saat 04:00 radələrində Yevlax rayonuna gəlmişdir. Yevlax rayonunda polis əməkdaşları onları tutaraq döymüş və onun qarşısına bir kisə marixuana qoyaraq boynuna almasını tələb etmişlər. Əvvəllər məhkumluğu olduğu üçün kimisə özünə “calaq” etməyin yaxşı bir şey olmadığını bilmişdir. Polis əməkdaşları onu döyərək həmin narkotik vasitənin ona məxsus olmasını boynuna almasını, əks təqdirdə onu götürməyə gələn sürücü Xalidi də bu işə ortaq edəcəklərini bildirmişlər. O da məcburiyyət qarşısında qalaraq yalandan Bakıdan Yevlaxa 5 kiloqram narkotik vasitə götürməyə gəldiyini demişdir ki, Xalidi buraxsınlar. Milad adlı İran vətəndaşı ona narkotik vasitə təklif edən şəxsdir. Həmin şəxslə narkotik vasitəni haradan götürəcəyi haqqında danışmışdır. Onun götürməli olduğu narkotik vasitə 50 qram olmalı idi. Narkotik vasitəni almaq üçün Milad adlı şəxsə pul göndərməmişdir, narkotik vasitənin pulunu bir həftə ərzində verməli olmuşdur. Əvvəllər Milad adlı şəxsdən narkotik vasitə aldığına görə onu tanımışdır. Həmin şəxs polisin adamıdır. Milad adlı şəxs narkotik vasitəni qoyduğu yerin konumunu və şəkilini mesaj vasitəsi ilə ona göndərmişdir. Məkan Yevlax şəhərində onun tanımadığı yerdə olmuşdur. O, Mingəçevir şəhər sakini olsa da, narkotik vasitəni götürmək üçün Yevlax rayonuna Bakı şəhərindən gəlmişdir. Milad adlı şəxsin göndərdiyi məkana çatmış, amma narkotik vasitəni tapa bilməmişdir. Buna görə yenidən Milada zəng edərək narkotik vasitəni tapa bilmədiyini demiş, Milad da narkotik vasitənin orada olan yarımtikilinin qarşısındakı hasarın dibində olduğunu bildirmişdir. O, sürücüyə bir nəfərlə görüşəcəyini deyərək onu gözləməsini tapşırmış və narkotik vasitəni götürməyə getmişdir. O, hasarın dibindəki kisəni görüb təəcüblənmişdir. Belə ki, şəkildə ona göndərilən narkotik vasitə başqa kisə olmuşdur. Həmin vaxt polis əməkdaşları yarım tikilinin içərisindən çıxmışlar və odlu tabel silahından istifadə etməklə ona dayanmasını deyərək yerə yıxmışlar. Bundan sonra polis əməkdaşları onu sürüyüb avtomobilin yanına gətirmişlər. Həmin vaxt o, polis əməkdaşlarının sürücü Xalidi də yerə uzatdıqlarını görmüşdür. Polis əməkdaşlarından biri “kisəni gətirin” demiş və bundan sonra onları polis şöbəsinə aparmışlar. O, əvvəllər narkotik vasitə olan heroindən istifadə etmişdir. Kisədən marixuana və heroin aşkar olunmuşdur. Milad adlı şəxslə mütəmadi danışmamış, ümumilikdə iki-üç dəfə danışıqları olmuşdur. Milad adlı şəxslə tanışlığı belə yaranmışdır ki, Mingəçevir şəhər sakini olan bir nəfər şəxsin mobil telefonunda enerji qurtardığı üçün onun mobil telefonu ilə Milad adlı şəxslə əlaqə saxlamış, bundan iki-üç gün sonra Milad adlı şəxs ona zəng edərək həmin Mingəçevir şəhər sakininə zəng çatmadığını deyərək onun barəsində soruşmuş, eyni zamanda əgər narkotik vasitəyə ehtiyacı olarsa onunla əlaqə saxlamasını demişdir. O, Milad adlı şəxsdən bir neçə dəfə narkotik vasitə alıb istifadə etmişdir. Belə ki, Milad adlı şəxs narkotik vasitəni hansısa bir yerə qoymuş, daha sonra ona konum göndərmiş, o da gedib narkotik vasitəni götürmüşdür. Əvvəllər Milad adlı şəxsin Bakı şəhərində qoyduğu yerlərdən iki dəfə narkotik vasitə götürmüşdür. İlk öncə Milad adlı şəxs ona zəng edərək əgər lazım olarsa narkotik vasitə təşkil edə biləcəyini demiş, o isə pulunun olmadığını, amma narkotik vasitəyə ehtiyacının olduğunu demişdir. Bundan sonra Milad adlı şəxs ona 20 qram narkotik vasitəni Lerik rayonuna göndərə biləcəyini bildirmişdir. O isə Milad adlı şəxsə Mingəçevirə şəhərinə gedəcəyini, sonra yenidən Bakı şəhərinə qayıdacağını deyərək həmin vaxt narkotik vasitəni ondan götürəcəyini bildirmişdir. Daha sonra isə Milad adlı şəxs narkotik vasitəni Yevlax rayonuna göndərə biləcəyini demişdir. Bakı şəhərində avtovağzalda birbaşa Mingəçevir şəhərinə gedən taksi olmadığı üçün məcbur Yevlax rayonuna gedən taksi ilə Yevlax rayonuna yola düşmüş və Xalidə zəng edərək onu Yevlaxdan götürüb Mingəçevirə aparmasına xahiş etmişdir. Oğlunun hərbi xidməti ilə bağlı hərbi komissarlıqdan ona zəng olunaraq sabah hərbi komissarlıqda olması bildirildiyi üçün gecə yola çıxmışdır. Polis əməkdaşları tərəfindən ona fiziki təzyiq və təsir olunması ilə bağlı Baş Prokurorluğa və Ombudsmana şikayət etmişdir. Qeyd olunan narkotik vasitələr ona məxsus deyil, onun həmin kisəyə ümumiyyətlə əli belə dəyməmişdir. Kisəni götürməyə macal tapmadan polislər onu tutmuşlar. Onun fikrincə həmin kisəni ora Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları qoymuş və öz adamları olan Milad adlı şəxsin vasitəsilə onu həmin yerə yönləndirərək tutmuşlar. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir və əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Mingəçevir şəhər məhkəməsinin 04 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 7 noyabr 2019-cu il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl cəzadan azad olunmuşdur. Təxminən bir ay əvvəl İran nömrəsi ilə bir nəfər şəxs onunla “WhatsApp” vasitəsi ilə əlaqə saxlayaraq özünü İran vətəndaşı kimi təqdim etmiş və adının Milad olduğunu bildirmişdir. Həmin vaxtdan Milad adlı şəxslə “WhatsApp” vasitəsi ilə danışmağa başlamışdır. 2024-cü il iyunun 22-dən 23-nə keçən gecə Milad adlı şəxslə danışan zaman Milad ona Yevlax şəhərindən bir kisə gülü, yəni qurudulmuş marixuananı götürüb Bakı şəhərində deyilən yerə çatdıracağı tədqirdə ona 2000 manat pul verəcəyini bildirmiş, o, da maddi cəhətdən çətinlik çəkdiyi üçün Milad adlı şəxslə razılaşmış və həmin gecə taksi ilə Yevlax rayonuna yola düşmüşdür. O, Bakı şəhərindən çıxan zaman bacanağı Şahid1 zəng edərək Bakı şəhərindən yol maşını ilə Yevlax şəhərinə yola düşdüyünü və ona özünə məxsus avtomobillə Yevlax şəhərinə gələrək onu Mingəçevir şəhərinə evə aparmasını bildirmişdir. Həmin gecə səhərə yaxın Yevlax şəhərinin girişində gəldiyi taksidən düşmüş və bacanağı Xalidin özünə məxsus avtomobillə həmin yerdə onu gözlədiyini görmüş və Xalidin avtomobilinə əyləşmişdir. O, Xalidə Yevlax şəhərində bir nəfər şəxslə görüşəcəyini, daha sonra Mingəçevir şəhərinə gedəcəyini bildirmişdir. Bundan sonra o, Xalidə avtomobili Yevlax şəhərində Miladın ona konum atdığı yerin yaxınlığına sürdürmüş, Xalidə orada gözləməsini və özünün isə bir nəfər şəxslə görüşüb qaydacağını bildirərək avtomobildən düşüb Milad adlı şəxsin konum atdığı yerə getmiş, həmin yerə qoyulmuş kisəni axtarmış və həmin kisəni taparaq əl atıb götürən zaman polis əməkdaşları ora gələrək onu tutaraq bacanağı Xalidlə birlikdə Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Miladın ona konum atdığı yerdən götürüb aparmaq istədiyi kisənin içərisindən 6 ədəd qara rəngli və 2 ədəd şəffaf sellofanlara bükülmüş bağlamalar aşkar edilmişdir. 6 ədəd bağlamalarda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr, 2 ədəd bağlamalarda isə narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar edilmişdir. Təhqiqatçı həmin sellofan bağlamalarda olan qurudulmuş marixuananı və heroini sellofan bükülü ilə birlikdə elektron tərəzidə çəkmişdir. Daha sonra həmin narkotik vasitələr sellofan bağlamalarla birlikdə qablaşdırıb möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. O, narkotik vasitəni Bakı şəhərinə aparıb ona deyiləcək yerə qoymaq üçün gəlib götürmüş, buna görə hələ heç bir pul almamışdır. Götürdüyü kisəni Bakı şəhərinə ona deyilən yerə çatdıqdıqdan sonra ona 2000 manat pul veriləcəkdi. O, narkotik vasitələrin satışı ilə məşğul olmur, maddi cəhətdən çətinliyi olduğu üçün həmin narkotiki aparıb deyilən yerə çatdırmaq istəmişdir ki, 2000 manat pul alsın. Həmin kisə Yevlax Rayon Polis Şöbəsinin özünün qoyduğu kisədir, onu ora Milad adlı şəxsin əli ilə yönəltmişlər. Ona “WhatsApp” vasitəsi ilə zəng edən şəxin İran vətəndaşı olmasına inanmır, həmin şəxs polisin öz adamıdır (cild, iş vərəqə 165-169). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 23 iyun 2024-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda ondan başqa Yevlax Rayon Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid6, Şahid4 və Şahid5 olmuşdur. Əməliyyat qrupunun rəhbəri isə Nicat Rəhimov olmuşdur. Əməliyyat məlumatında qeyd olunan ünvana çatdıqda Təqsirləndirilən şəxs əlindəki torbanı sürüyə-sürüyə gələn zaman tərəflərindən saxlanılmış və Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən mobil telefon, ona məxsus kisənin içərisindən isə təxminən 8-9 ədəd bükümdə qurudulmuş marixunaya və heroinə bənzər maddələr aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş maddələr tərəzidə çəkildikdə ümumi çəkisi təxminən 14-15 kq olmuşdur. Şifahi sorğu zamanı Ruslan Məməmədov narkotik vasitəni götürməsi ilə bağlı İranlı bir şəxsin onu çağırdığını, həmin yerə konum vasitəsilə gəldiyini, narkotik vasitələri həmin şəxsin təklifi ilə 2000 manata Bakı şəhərinə çatdırmaq üçün götürdüyünü bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yalnız İran vətəndaşının onu aldatmasına görə narazılıq etmiş, başqa heç bir etirazı olmamışdır. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün Təqsirləndirilən şəxs saxladıqları dəqiq saatı xatırlamır, amma sonuncunu səhər saatlarında Yevlax şəhəri, Nizami prospektində yerləşən köhnə tikilinin yanında saxlamışlar, həmin zaman hava işıqlı olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs qohumu da yaxınlıqda avtomobildə olmuş, həmin şəxs də tərəflərindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Polis əməkdaşları tərəfindən nə Təqsirləndirilən şəxs, nə də onun qohumuna qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və Şahid5, eləcə də ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq təqdqiq olunmuş Şahid6 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 233- 236). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, hadisə günü gecə saatlarında bacanağı Təqsirləndirilən şəxs ona zəng edərək onu Yevlax rayonundan götürüb Mingəçevir şəhərinə aparmasını xahiş etmişdir. O, Ruslana yolun uzaq olduğunu demiş, Ruslan isə orada başqa avtomobil tapacağı təqdirdə onu çağırmayacağını bildirmişdir. Daha sonra gecə saat 02:00 radələrində Ruslan ona zəng edərək Bakıdan gəldiyi avtomobilin başqa istiqamətdə getdiyini bildirmiş və onu Yevlax rayonundan götürməsini xahiş etmişdir. O, razılaşaraq Qəbələ şəhərindən Yevlax rayonuna getmişdir ki, Ruslanı götürüb Mingəçevir şəhərinə aparsın. Belə ki, gecə saatlarında Yevlaxda taksi olmadığı üçün Ruslan onu Mingeçevirə aparmasını xahiş etmişdir. Yevlax rayonunda Ruslanı götürdükdən sonra sonuncunun dediyi istiqamət üzrə gedərək tanımadığı bir yerə çatmışlar. Həmin yerdə olan ara küçədə Ruslan ona kiminləsə görüşməli olduğunu deyərək avtomobili saxlamasını istəmişdir. O, Ruslanın gecə vaxtı kiminlə görüşəcəyini bilməmiş, bu barədə ondan heç nə soruşmamışdır. Birinci dəfə avtomobildən düşəndən sonra Ruslanın hasarın kənarında nəsə axtardığını görmüşdür. O, Ruslandan nə axtardığını soruşduqda sonuncu işinin olduğunu bildirmişdir. Daha sonra Ruslan yenidən gəlib avtomobilə əyləşmiş və avtomobili bir az irəliyə sürməsini istəmişdir. İrəlidə yarımtikilinin yanında Ruslan avtomobili saxlatdıraraq düşmüş və ona avtomobili geri döndərməsini bildirmişdir. Yol dar olduğundan o, avtomobili döndərmək üçün təxminən 40- 50 metr irəli getmişdir. Avtomobili döndərən zaman avtomobilin mühərriki sönmüş, bir neçə dəfə cəhd etdikdən sonra isə avtomobil işə düşmüşdür. Elə bu zaman silah səsi gəlmiş və səs-küy düşmüşdür. Həmin vaxt iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq avtomobildən düşməsini tələb etmişlər. O, avtomobildən düşən kimi onu üzü üstə yerə uzadıb əlini qandallamışlar. O, nə məsələ olduğunu soruşduqda, həmin şəxslər polis əməkdaşları olduqlarını və əməliyyat tədbiri keçirdiklərini bildirmişlər. Polis əməkdaşları onu yerə yıxdıqdan təxminən 5-10 dəqiqə sonra Ruslanı onun yanına gətirmişlər. Həmin vaxt Ruslanın əlində heç nə olmamışdır. Polis əməkdaşlarından biri “gətirin avtomobillərin yanına tullayın” demişdir. O, həmin zaman polis əməkdaşlarından birinin böyük bir kisəni gətirib avtomobillərin yanına qoyduğunu, daha sonra isə Təqsirləndirilən şəxs gətirdiklərini görmüşdür. Polis əməkdaşları Ruslanı avtomobilin yanına gətirən zaman Ruslan “məni bu qədər narkotiklə yükləməyin” demişdir. Daha sonra onu və Ruslanı Yevlax Rayon Polis Şöbəsinə apararaq ayrı-ayrı otaqlara salmışlar. Polis şöbəsində ona müdafiəçi ayrılmış və müdafiəçinin iştirakı ilə onun üzərinə və avtomobilinə baxış keçirilmişdir. O, polis şöbəsində heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs döyməmişlər. Şahid1 oğlunun məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 22 iyun 2024cü il tarixdə saat 23 radələrində Mingəçevir şəhərində yaşayan bacanağı Ruslan ona zəng edərək “23 iyun 2024-cü il tarixdə gecə saatlarında Yevlax şəhərinə gələcəm, sən də Yevlax şəhərinə gəl məni oradan götürüb Mingəçevir şəhərinə yaşadığım evə apar” demişdir. O da Ruslan onun bacanağı olduğu üçün razılaşmış və gəlib onu götürəcəyinə söz vermişdir. Həmin gecə, yəni 2024-cü il iyunun 22-dən 23-nə keçən gecə Ruslan ona zəng edərək Bakı şəhərindən çıxdığını və onun da Yevlax şəhərinə gəlməsini bildirmişdir. Bundan sonra o, gecə saatlarında idarə etdiyi “VAZ-2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonuna yola düşmüş, səhər saatlarında Yevlax şəhərinin girişinə çatmış və dəmir yolunun yanında Ruslanın gəlməsini gözləmişdir. Bir qədər sonra Ruslan gələrək onun avtomobilinə əyləşmiş və ona Yevlax şəhərində bir nəfər şəxslə görüşməli olduğunu deyərək avtomobili Yevlax şəhərinə sürməsini bildirmişdir. Ruslan Yevlax şəhərində tanımadığı bir yerdə ona avtomobili saxlamağı bildirmişdir. Ruslan avtomobildən düşüb təxminən 20-30 metr kənara gedərək həmin ərazidə gəzişmiş və nəsə axtarmışdır. Həmin vaxt o, avtomobildən düşmüş və Ruslana görüşməli olduğu şəxs kimdirsə zəng edib dəqiq yerini öyrənməsini demişdir. Ruslan da həmin vaxt telefonla danışmış, daha sonra gəlib onun avtomobilinə əyləşərək qabağa sürməsini bildirmişdir. O, avtomobili bir qədər qabağa sürəndən sonra Ruslan avtomobili saxlamağı bildirmiş və avtomobildən düşərək yaxınlıqdakı yaşayış olmayan bir binaya tərəf getmişdir. Bir qədər sonra Ruslanın bir ədəd ağ rəngli kisəni sürüyərək avtomobilə tərəf gəldiyini görmüşdür. Həmin vaxt polis əməkdaşları Ruslana yaxınlaşaraq onu əlindəki kisə ilə birlikdə onun yanına gətirmişlər və onları Yevlax Rayon Polis Şöbəsinə aparmışlar. Daha sonra polis şöbəsində onun hüquqlarının müdafiəsi üçün ona təqdim olunmuş vəkillərdən seçdiyi Sevda xanımın və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd istifadə etdiyi “Redmi” markalı mobil telefon aşkar edilmiş, üzərindən başqa heç bir əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Bundan sonra idarə etdiyi avtomobilə də baxış keçirilmiş, avtomobildən də cinayət xarakterli heç bir əşya aşkar edilməmişdir (cild 1, iş vərəqə 95-97). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 23 iyun 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, həmin tarixdə saat 09:20-dən saat 10:15-dək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, 1 ədəd “Leobank”a aid bank kartını və 1 ədəd ağ rəngli kisəni təqdim etmişdir. Həmin ağ rəngli kisəyə baxış keçirildikdə kisənin içərisində 6 ədəd qara rəngli sellofana bükülmüş bükülülərdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr, 2 ədəd sellofana bükülmüş bükülülərdə isə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin heroin və qurudulmuş marixuana olduğunu, 22 iyun 2024-cü il tarixdə saat 23 radələrində “WhatsApp” vasitəsi ilə Milad adlı İran vətəndaşı ilə əlaqə saxladığını, həmin şəxsin ona Yevlax şəhərinə 1 ədəd kisə qoyulacağını, həmin kisəni oradan götürüb Bakı şəhərinə aparacağı təqdirdə ona 2000 manat pul verəcəyini dediyini, o da Yevlax şəhərinə gəlib həmin kisəni götürən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 28-37, 184). Məhkəmə-bioloji ekspertizasının 23 iyun 2024-cü il tarixli 3-16-16-2-17/555 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində yapışdırılmış vərəqdə “Şübhəli şəxs Təqsirləndirilən şəxs əlində gəzdirdiyi kisənin içərisindən aşkar edilmiş narkotik vasitə” sözləri, adlar və imzalar yazılmış sintetik kisənin içərisindəki 06 (altı) ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkisi - 2055,0 qram, 1675,0 qram, 3645,0 qram, 2165,0 qram, 2975,0 qram, ümumi təmiz çəkisi - 14 kq 120,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş 06 altı ədəd qara rəngli sellofan bağlamalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspert tədqiqatından sonra marixuanaların qalıq çəkisi 14 kq, 119,7 qram təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 35 manat 97 qəpik müəyyən edilmişdir (cild 1, iş vərəqə 82-86). Materialların məhkəmə ekspertizasının 27 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3384 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs oğ...” sözləri yazılmış kağız paketdəki ayrı-ayrılıqda təmiz çəkiləri 975 qram, 760 qram, ümumi təmiz çəkisi 1735 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 1734,9 qram təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 81 manat müəyyən edilmişdir (cild 1, iş vərəqə 137-141). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 sentyabr 2024-cü il 1521 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana və heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 237). Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, mobil telefondakı “WhatsApp” proqramında Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə “Milad” adı ilə qeydə alınmış +98 936-351-4981 saylı mobil nömrə arasında səs yazıları vardır. Həmin səs yazılarına baxış keçirilən zaman müəyyən edilmişdir ki, ilkin olaraq “Milad” adlı şəxs “ə sür get ora ey sür get ora Ruslan get ora get götür, canım cəhənnəm nağayrım, mən zamin ollam sənə burda, elə bil başımı zamin qoyuram sənin o sözünə görə”, “sən o balanın canı, sən o nəvənin canı, sən o kişiliyin məni xarab eləmə hamının yanında” məzmunlu səsli mesaj göndərmiş, Təqsirləndirilən şəxs isə cavabında “maşında məndən başqa iki nəfər var, ürəkli danışamıram, bacanaq məni gözlüyür Yevlaxda, 10 dəqiqəyə zada onun yanında olacam, onun maşınına düşüm oturum yığacam, görüntülü danışarıq, o birisinə de ki, yüz faiz hazır olsun” məzmunlu səsli mesaj göndərmişdir. Bundan sonra Milad adlı şəxs “oldu neylək deyərəm hazırlı olsun”, “gör nəğədər yolun var ora orda göstərir”, “ay qadanı alım neylədin”, “neylədin ay qadan alım mənə xəbər ver”, “Abi mənə xəbər ver qadan alım, mən burda stresdəyəm”, “qadanı alım onu oxu mənə də xəbər ver, burda stresdəyəm, on illiyim düşdü dala”, “ə Ruslan niyə cavab vermirsən”, “ə qardaş Ruslan telfona niyə cavab vermirsən, özün də girirsən səstərə zada qulaq asırsan telfona cavab vermirsən”, “ə bə Ruslan sən niyə o işi görürsən telefona cavab vermirsən qardaş, biz burda stresdən öllük, sən orda telefona cavab vermirsən, ə telefona cavab ver, olmasa arayış olacaq ha bax sənə deyirəm”, “ay Ruslan niyə cavab vermirsən” məzmunlu səsli mesajlar göndərmişdir. Eyni zamanda “Milad” adı ilə qeydə alınmış mobil nömrədən Təqsirləndirilən şəxs mobil nömrəsinə ağ rəngli kisənin qoyulduğu yerin fotoşəkili göndərilmişdir (cild 1, iş vərəqə 88- 89). İş üzrə əməliyyat tapşırığına verilmiş 29 avqust 2024-cü il tarixli cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar qismən düzgündür. Onun üzərindən aşkar edilərək götürülmüş xüsusilə külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda qurudulmuş marixuananı haradan və kimdən almasını müəyyən etmək mümkün olmamışdır. O, qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmuşdur. O, üzərindən aşkar olunmuş xüsusilə külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda qurudulmuş marixuananı özünün şəxsi istifadəsi üçün və satmaq üçün əldə edib üzərində saxlamışdır. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə təhlükəsizlik kamerası olmamışdır. Təqsirləndirilən şəxs xüsusilə külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda qurudulmuş marixuananı aldığı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri tək əldə etmiş, həmin narkotik vasitələri əldə etməkdə hər hansı bir şəxslə əlbir olmamışdır (cild 1, iş vərəqə 226). Mingəçevir şəhəri 5 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Məmmədov X4 şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 78, mənzil 22 ünvanda yaşadığı müddət ərzində rəsmi olaraq onun haqqında qonşulardan heç vaxt şikayət daxil olmamışdır (cild 1, iş vərəqə 242). Mingəçevir şəhər Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş 19 sentyabr 2024cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir (cild 1, iş vərəqə 238). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon və həmin mobil telefona baxış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1734,9 qram təşkil edən heroin və qalıq çəkisi 14 kq 119,7 qram təşkil edən qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqə 37, 89, 195- 196, 252-263). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs: - Mingəçevir Şəhər Məhkəməsinin 14 noyabr 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin 17 mart 2009-cu il tarixli amnistiya qərarına əsasən 03 aprel 2009-cu il tarixdə cəzadan olunmuş; - Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin 14 iyun 2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən cəzadan 3 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuş; - Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən cəzadan 4 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş; - Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsiri bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü və 67.1-ci maddələrinə əsasən 3 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 7 noyabr 2019-cu il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuş, 14 sentyabr 2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə 185-186). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş xüsusilə külli miqdarda - 1735 qram çəkidə heroinin və külli miqdarda - 14 kq 120 qram qurudulmuş marixuananın mənbəyinin və Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi İran vətəndaşı olan “Milad” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 264-266). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 800 qramdan artıq çəkidə narkotik vasitə heroin xüsusilə külli miqdar, təmiz halda 500 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmamasına, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının həmin kisəni ora qoyaraq öz adamları olan Milad adlı şəxsin vasitəsilə onu həmin yerə yönləndirib tutmalarına, onun ümumiyyətlə içərisində narkotik vasitə olan kisəyə əlinin dəyməməsinə, polis şöbəsində ona qarşı edilən fiziki və psixi təzyiq altında həmin narkotik vasitələrin özünə məxsus olmasını boynuna almasına, Yevlax rayonuna cəmi 50 qram narkotik vasitə götürməyə getməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi xüsusilə ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun qanunsuz olaraq satış məqsədilə xüsusilə külli miqdarda heroin və külli miqdarda qurudulmuş marixuana əldə etməsini və saxlamasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla mötəbərliyi şübhə altına alına bilməyən videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti, mobil telefonda olan səsli mesajlar, ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə ifadəsi yalnız özünün bildirdiklərindən ibarət olmaqla hər hansı dəlillə təsdiqini tapmır. Şəxsi axtarış keçirilməsi prosesini əks etdirən, müdafiəçisinin də bilavasitə iştirak etdiyi videoçəkilişdən də aşkar görünür ki, Təqsirləndirilən şəxs Milad adlı İran vətəndaşı içərisində narkotik vasitə olan kisəni Bakı şəhərinə aparacağı təqdirdə ona 2000 manat pul verəcəyini dediyi üçün həmin kisəni götürməyə gəldiyini, həmin kisəni götürən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirir və kifayət qədər sərbəst olmaqla suallara rahat şəkildə cavab verir. Təqsirləndirilən şəxs xarici görünüşündə, sərbəst hərəkətlərində ona qarşı hər hansı fiziki güc tətbiq olunmasını ehtimal etməyə əsas verə biləcək əlamətlər müşahidə olunmur. Həm də Təqsirləndirilən şəxs oğıu bilavasitə videoçəkilişin gedişində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zorakılıq edilib-edilməməsi ilə bağlı sualı cavablandıraraq belə halın baş vermədiyini bildirir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən döymə, işgəncə və fiziki zorakılığa məruz qalması, eləcə də üzərinə narkotik vasitə qoyularaq törətmədiyi cinayət əməlini etiraf etməyə məcbur edilməsi barədə qardaşı X5 müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində müvafiq araşdırılma aparılmışdır. Aparılmış araşdırma nəticəsində ibtidai istintaq orqanının 07 avqust 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması bəraətverici əsaslarla rədd edilmişdir (cild 1, iş vərəqə 224-225). Məhkəmə araşdırması zamanı da Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zorakılıq göstərilməsi, döyülməsi və sair xüsusatlarla bağlı heç bir dəlil müəyyən edilmədi. Məhkəmənin sorğusu əsasında alınmış “Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində “hər iki qolda, ayaqda, sağ sarğı nahiyəsində, hər iki qasıq nahiyəsində trofiki yaralar” aşkar olunmuş, döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Yevlax şəhərinə cəmi 50 qram narkotik vasitə götürməyə gəlməsinə dair ifadəsi də iş üzrə mövcud sübutlarla təsdiq olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs məxsus olmaqla maddi sübut kimi tanınmış “Samsung” markalı mobil telefon məhkəmə iclasında tədqiq olunmuş və mobil telefondakı fotoşəkildən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs şəkili göndərilən kisə kifayət böyükdür və üzərinə daş qoyulmaqla hasarın yanında gizlədilmiş vəziyətdədir. Bütün qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların hər hansı şəkildə təsdiqini tapmadığı, həmin iddiaların əsassız olmaqla özünümüdafiə mövqeyi ilə bağlı olduğu qənaətinə gəlir. Eyni zamanda məhkəmə Şahid1 Təqsirləndirilən şəxs əlində heç nə olmamasına, polis əməkdaşlarından birinin böyük bir kisəni gətirib avtomobillərin yanına qoymasına dair məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və onun həmin ifadəsinin bacanağı Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qəbul edir. Şahid1 Ruslanın bir ədəd ağ rəngli kisəni sürüyərək avtomobilə tərəf gəldiyini görməsinə, həmin vaxt polis əməkdaşlarının Ruslana yaxınlaşaraq onu əlindəki kisə ilə birlikdə onun yanına gətirmələrinə dair ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yevlax Rayon Məhkəməsinin 24 iyun 2024-cü tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 23 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəq 22-23, 126-128). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 iyun 2024cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Yevlax Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 1734,9 qram təşkil edən heroin və qalıq çəkisi 14 kq 119,7 qram təşkil edən qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin, mobil telefona baxış keçirilməsinin, həmçinin Şahid1 üzərinə şəxsi axtarış keçirilməsinin və avtomobilə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən dörd ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 116 manat 97 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 23 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Yevlax Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 1734,9 qram təşkil edən heroin və qalıq çəkisi 14 kq 119,7 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın; - Təqsirləndirilən şəxs və Şahid1 üzərinə şəxsi axtarış keçirilməsinin, mobil telefona və avtomobilə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən dörd ədəd disk cinayət işinin materiallarında saxlanılsın; Təqsirləndirilən şəxs 116 (yüz on altı) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-80/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-80/2025
15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver