Məhkəmə qərarları › İş №1(091)-81/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-81/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-81/2022 17.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5 müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X2, zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, xx xxxxxxxx 1989-cu ildə Zaqatala rayonu Aşağı Tala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zaqatala Rayon Məhkəməsinin 06.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması və 01 il 05 ay 24 gün nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 oktyabr 2021-ci il tarixdə, saat 19 radələrində Zaqatala rayonu, Aşağı Tala kəndinin mərkəzi hissəsində həmkəndliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onu sərxoş vəziyyətdə birlikdə döymələri və ünvanına nalayiq ifadələr işlətmələri ilə bağlı aralarında yaranmış mübahisə zəminində həmin gün saat 20 radələrində qeyd olunan kənddə yerləşən 1 nömrəli orta məktəbin arxasındakı küçədə qisas almaq niyyəti ilə üzərində gəzdirdiyi bıçaqla həmin şəxslərə zərbələr endirərək Zərərçəkmiş şəxs1 sol sağrının aşağı bayır kvadraturunda 01 ədəd və sol budun yuxarı üçdə birində 01 ədəd deşilmiş-kəsilmiş yaralar xarakterli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, habelə qarnın ön səthinin sol yarısında olmaqla qarın boşluğuna keçən, 01 ədəd deşilmiş-kəsilmiş yara xarakterli, qalça bağırsağın zədələnməsi ilə müşayiət edilmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs2 isə döş qəfəsinin sol yan arxa divarından daxilə nüfuz edib pnevmotoraksla müşayiət edilən, 01 ədəd deşilmişkəsilmiş yara xarakterli, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə iki nəfər şəxsə qarşı insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlıqlarına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmkəndli kimi tanımış, sonuncularla əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. 01 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində dostu Xətaini axtarmaq məqsədilə yaşadığı kəndə «İdarənin yanı» deyilən yerdə yerləşən çayxanaya gedərək Xətainin orada olub-olmamasına baxıb küçəyə çıxdıqda Səfər və Elçinin çayxanaya tərəf gəlməsini görmüş, yaxınlaşdıqda hər ikisinə salam vermiş, həmin vaxt Səfər ona nalayiq söyüşlə cavab qaytarmış, sonra isə əli ilə boğazından tutub sıxmışdır. Həmin vaxt Elçin də onlara yaxınlaşaraq heç bir söz demədən yumruqla sifətinə bir zərbə vurmuş, Elçinin zərbəsindən sonra yerə yıxılmışdır. Səfər və Elçin yerdə onu təpiklə vurmağa başlamış, həmin vaxt həmkəndlilərindən tanımadığı şəxslər onlara yaxınlaşaraq aralaşdırmışlar. Bundan sonra o, yaxınlıqdakı Aşağı Tala kənd 1 nömrəli orta məktəbin yaxınlığında yaşayan dostu Şahid4 Sultan oğlunun evinə getmiş, Elçin və Səfər isə çayxanaya tərəf getmişlər. Ramingilin evlərində çay içmiş, sonra Ramin istifadə etdiyi mobil telefonu ilə Elçinə zəng vuraraq nəyə görə onu döymələrini soruşmuşdur. Həmin vaxt Elçin onun harada olduğunu soruşmuş, Elçinə Ramingildə olduğunu demişdir. Saat 20 radələrində Ramin onu evlərinə yola salmaq üçün çıxmış, Ramingilin həyətlərindən çıxıb Aşağı Tala kənd 1 nömrəli orta məktəbin arxa küçəsi ilə bir qədər hərəkət etdikdən sonra uzaqdan Elçin və Səfərin nalayiq söyüş söyərək gəldiklərini görmüşlər. Elçin və Səfər onun ünvanına nalayiq söyüşlər söymüş və onu yenə də onun üstünə gələrək onu vurmağa davam etmişlər. Elçin və Səfəri qorxutmaq üçün bıçağı çıxartmış, hər ikisi onu vurmağa davam etdiklərinə görə əlində olan bıçaqla Elçinin ayaq nahiyyəsinə bir zərbə vurmuşdur. Elçin ondan əl çəksə də Səfər onun üzərinə gələrək yumruqla ona tərəf zərbə atmış, əlində olan bıçağı hərləyərək Səfərə tərəf bir zərbə atmışdır. Onun atdığı zərbə Səfərin sol tərəf qoltuq altına dəymiş, zərbədən sonra Səfər yerə yıxılmışdır. Bu zaman Elçin onun üzərinə gələrək yumruqla sifətinə və bədəninə zərbələr endirmiş, bundan sonra o uzaqlaşmaq üçün təxminən 10 metr getdikdən sonra Elçinin yenə uca səslə onun ünvanına nalayiq söyüşlər söyərək üstünə gəlmiş, yenidən bıçaqla Elçinin qarın nahiyyəsinə də bir zərbə vurduqdan sonra Elçin yerə yıxılmışdır. Elçin yerə yıxıldıqdan sonra o aralaşıb getmiş, küçə ilə getdikdən sonra qabaqda olan çayın üstündən keçən vaxt əlində olan bıçağı çaya atmışdır. Zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman içkili vəziyyətdə olduğuna görə hadisə barəsində heç nə xatırlamamış, təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış, sonuncu ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 01 oktyabr 2021-ci il tarixdə, saat 20 radələrində sinif yoldaşı Zərərçəkmiş şəxs1 ilə Zaqatala rayonu, Aşağı Tala kəndi 1 nömrəli orta məktəbin arxa küçəsi ilə evlərinə tərəf gedərkən küçədə İslam və Ramin ilə qarşılaşmış, İslam salam verdikdən sonra ünvanlarına nalayiq söyüşlər söymüşdür. Bundan sonra aralarında mübahisə yaranmış və həmin vaxt İslam bıçaqla əvvəlcə Elçini, daha sonra isə ona bıçaqla bir zərbə vurduqdan sonra qaçıb getmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindidrilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt içkili vəziyyətdə olduğuna görə heç nə xatırlamamış, Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla sonuncu ilə arasında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 01 oktyabr 2021-ci il tarixdə gün ərzində spirtli içki qəbul etmiş, 01 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı Zaqatala rayonu Aşağı Tala kəndində «İdarənin qabağı» deyilən yerdə yerləşən çayxanaya gedərkən küçədə sinif yoldaşı Zərərçəkmiş şəxs2 ilə rastlaşaraq sonuncu ilə bir yerdə çayxanaya getmişlər. Həmin vaxt çayxananın qabağında İslamla rastlaşmış, İslamla aralarında mübahisə olmuşdur. Sərxoş olduğu üçün mübahisənin konkret olaraq nə üstündə baş verməsini xatırlamamış, bundan sonra Səfərlə çayxanaya getmişdir. Bir qədər sonra İslam ona zəng vuraraq dostu Ramingilin evi olan küçəyə çağırmış, Səfərlə birlikdə İslamla görüşmək üçün həmin küçəyə getmişdir. Küçədə İslamla görüşmüş, həmin vaxt İslamın yanında heç kim olmamış, İslam onlarla görüşən kimi heç bir söz demədən əlində olan bıçaqla onu vurmuş, bundan sonra o və Səfər mərkəzi küçəyə çıxıb xatırlamadığı avtomaşınla xəstəxanaya getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 01 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində dostu Təqsirləndirilən şəxs onlara gəlmiş, bir qədər oturduqdan sonra çıxıb getmişdir. Hadisə barədə sonradan məlumatı olmuş, hadisəni görməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 01 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə olan vaxt tanışı Təqsirləndirilən şəxs ona zəng vuraraq onlara gəlmək istədiyini demiş, o da İslama evdə olduğunu deyərək gəlməsini bildirdikdən təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmişdir. Həyət darvazasının yanında İslamla görüşdükdə sonuncunun sifəti və burnunun qanlı olduğunu görmüş, İslam evin həyətində üzünün və burnunun qanını yuduqdan sonra evə keçmişlər. Evdə olarkən İslamdan nə baş verməsini soruşduqda İslam ona Elçin və Səfərin «İdarənin qabağı» deyilən yerdə Eminin işlətdiyi çayxananın qabağında küçədə salam verdikdən sonra heç bir səbəb olmadan vurmalarını bildirmişdir. Bundan sonra Elçinlə mobil telefonla danışaraq İslamı nəyə görə vurmalarını soruşmuş, Elçin də ona İslamın onların ünvanına nalayiq söyüşlər söydüyünü bildirmişdir. Elçinə İslamın deməsinə görə Elçinin nalayiq söyüşlər söyməsini demiş, sonra Elçin ona İslamın harada olduğunu, görüşmək istədiyini demişdir. Elçinə İslamın burnundan qan gəldiyini, onların evində olduğunu bildirərək telefon danışığını yekunlaşdırmışdır. İslam bir qədər də evdə oturduqdan sonra saat 20 radələrində evlərinə getmək istədiyini bildirərək bir yerdə evdən çıxmış, təxminən 200 metr getdikdən sonra qabaqdan Elçin və Səfərin İslamın ünvanına nalayiq söyüşlər söyərək gəlmələrini görmüşlər. Qabağa gedərək Elçini sakitləşdirmək istəmiş, Elçinin yanına çatdıqda İslam onun arxasından çıxıb Elçinə zərbələr vurmuşdur. İslam Elçini vuran kimi Səfər İslamın üstünə gəlib yumruqla vurmuş, Səfər İslamı vurduqdan sonra İslam da əlində olan bıçaqla Səfəri vurmuşdur. Səfər İslamın zərbəsindən sonra yerə yıxılmış, o, Səfərə kömək üçün yaxınlaşdıqda Elçin yenə İslamın ünvanına nalayiq söyüşlər söymüş və İslam da yenidən gəlib bıçaqla Elçini vurmuşdur. İslam Elçini bıçaqla vurduqdan sonra ona Elçini və Səfəri xəstəxanaya aparmağı bildirərək özü isə oradan çıxıb getmişdir. Bundan sonra Səfər və X8 kənd 1 saylı orta məktəbin qarşısına gətirərək küçədən keçən taksi ilə xəstəxanaya göndərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində həmkəndlisi İslam onun işlətdiyi çayxanaya gəlmiş, həmin vaxt sonuncunun sərxoş vəziyyətdə olduğunu hiss etmişdir. İslam çayxanaya girib stolda oturanlara baxıb çayxanadan çıxmış, İslam çayxanadan çıxdıqdan təxminən 2-3 dəqiqə sonra küçədə səs-küy səsi eşitmişdir. Həmin vaxt o, həmkəndliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 İslamla mübahisə etmələrini və Səfərin İslama nalayiq ifadə işlətməsini eşitmişdir. Bundan sonra Elçin və Səfər çayxanaya daxil olub onun yanına gələrək odun sobasının yanında oturmaq istəmələrini deyərək oturmağa razılıq verməsini xahiş etmişlər. Həmin vaxt Elçin və Səfərin sərxoş olduqlarını hiss edib icazə vermiş, Elçin və Səfər onun sobanın yanında oturub çay içmişlər. Təxminən 40-45 dəqiqə çayxanada oturduqdan sonra Elçinin mobil telefonuna zəng gəlmiş və Elçin mobil telefonla nalayiq ifadələr işlədərək danışmağa başlamışdır. Həmin vaxt Elçin danışdığı adama «gözlə gəlirik» deyərək ayağa durmuş, sonra Səfərdə ayağa duraraq hər ikisi bir yerdə çayxanadan çıxmışlar. Elçin və Səfər çayxanadan çıxan vaxt digər stolda oturmuş həmkəndliləri Pənah, Rəcəb və onlarla bir yerdə oturmuş iki nəfər adlarını bilmədiyi, lakin üzdən tanıdığı oğlanlarda durub çayxanadan çıxaraq Səfər və Elçinin arxası ilə getmişlər, Elçin və Səfər çayxandan çıxıb getdikdən təxminən 15-20 dəqiqə sonra qənd almaq üçün marketə gedən vaxt küçədə heç kim olmamış, həmin gün saat 23 radələrində Elçin və Səfərin bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşmələrini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 01 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində idarə etdiyi «Mitsubishi L200» markalı, **-SY- *** dövlət nömrə nişanlı avtomobillə yaşadığı Zaqatala rayonu Aşağı Tala kəndindən Zaqatala şəhərinə gəlmək üçün «Tala» çayının üzərində olan körpünü keçdikdən təxminən 100-150 metr qabaqda həmkəndliləri Elçini yerdə oturmuş, Səfərin isə əlini Elçinin çiyinində dayanmış vəziyyətdə görüb idarə etdiyi avtomobili sonuncuların yanlarında saxlamışdır. Elçinin və Səfərin yanında avtomobili saxladıqdan sonra Səfər ona xəstəxanaya aparmağı demiş, Səfər qabaqda, Elçin isə arxa oturacaqda oturduqdan sonra hər ikisini xəstəxanaya aparmışdır. Səfər və Elçinin bıçaqlandığını bilsə də kim tərəfindən bıçaqlandığını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 01 oktyabr 2021-ci il tarixdə, saat təxminən 19 radələrində idarə etdiyi Pikap tipli avtomobil ilə qonşusu Turalın evinə su gətirmiş, suyu balaca motorla çənə vurduqları üçün vaxt gedəcəyini düşünərək çayçıya gedib çay içmək qərarına gəlmişdir. Turalın həyətindən çıxıb yaxınlıqda «İdarənin qabağı» deyilən yerdə yerləşən çayxanaya girdikdə qapıdan sağ tərəfdə yerləşən odun sobasının yanında iki nəfər adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oturmuş, həmin vaxt Elçin əl uzadaraq onunla əllə görüşmüş, o da Elçinə əl uzadıb salam vermişdir. Elçin onun əlini buraxmayaraq «sən məni tanımadınmı, gəlib mənim həyətimdə mənə yalvarırdın» deyə bildirmiş, o da Elçinə «sən kimsənki mən sənə yalvarım» deyərək cavab vermişdir. Həmin vaxt Elçin ona «sənin maşınının nömrəsi itəndə atam nömrəni tapmışdı, sən məndən atamın nömrəsini alıb danışdın, sonra heç mənə gəlib sağ ol demədin» deyə bildirmişdir. Elçinə atası ilə danışdığını bildirmiş, sonra Elçin ona nalayiq söyüşlər etmiş, həmin vaxt o da Elçinə nalayiq söyüşlərlə cavab vermişdir. Bundan sonra Elçin və yanında oturan Səfər ayağa durub onun üzərinə gəlib ona tərəf yumruq zərbələri atmış, lakin həmin vaxt çayxanada xatırlamadığı şəxslər onu aralaşdırıb çayxanadan küçəyə çıxartmışlar. Çayxanadan küçəyə çıxdıqdan sonra Elçin yenə onun yanına gəlib ünvanına nalayiq söyüşlər işlətmiş, Elçinə nalayiq söyüşlə cavab verdikdən sonra dayanıb söhbət etməyə başlamışlar. Həmin vaxt Səfər qəflətən yan tərəfdən yumruqla onun sifətinə bir zərbə vurmuş, sonra isə Elçin də onun bədəninə və sifətinə zərbələr vurmağa başlamışdır. Həmin vaxt çayxanada olan onlarla bir yerdə küçəyə çıxmış həmkəndliləri onları aralaşdırmış, o da bundan sonra evlərinə getmişdir. Evdə olan vaxt qonşu İsrayılın oğlu Şahin ona zəng vuraraq Elçin və Səfərin bıçaqla vurulduğunu və xəstəxanaya yerləşdirildiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 01 oktyabr 2021-ci il tarixdə saat 1930 radələrində Şahid1 işlətdiyi, yaşadığı kənddə «İdarənin yanı» deyilən yerdə yerləşən çayxanaya gəldikdə Elçinin çayxanada odun sobasının yanında tək oturmasını görmüş, Elçinin yanına yaxınlaşdıqda sərxoş vəziyyətdə olduğunu görmüşdür. Buna görə Elçinə yaxınlaşıb evlərinə aparmaq istəmiş, sonuncuya yaxınlaşdıqda Elçinin sərxoş vəziyyətdə mobil telefonla sms yazdığını görmüşdür. Elçinə yaxınlaşaraq sərxoş olduğunu deyib evlərinə getməsini bildirmiş, lakin Elçin getməyəcəyini demişdır. Bundan sonra o Elçinə yenidən sərxoş olduğunu, sobanın da yandığını, istinin pis təsir edəcəyini bildirmiş, lakin Elçin ona qəti şəkildə getməyəcəyini bildirdikdən sonra çayxanadan çıxıb öz işlərinin arxası ilə getmişdir. Saat 21 radələrində xatırlamadığı tanışlarından kimsə ona zəng vuraraq Elçinin bıçaqlandığını və xəstəxanaya yerləşdirildiyini bildirmiş, sonradan Elçin və X9 1 nömrəli orta məktəbinin yanında ara küçədə İslam adlı həmkəndlisi tərəfindən bıçaqla vurulmasını bilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 03 oktyabr 2021-ci il tarixli 438 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – qarın ön divarının sol yarısında olan, qarın boşluğuna keçən, qalça bağırsağın zədələnməsi ilə müşaiyət olunan bir ədəd deşilmiş-kəsilmiş yara, sol sağrının aşağı bayır kvadraturunda 1 (bir) ədəd və sol budun yuxarı 1/3-də 1(bir) ədəd deşilmiş-kəsilmiş yaralar- deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə törənə bilərdilər, törənmə müddəti xəstəxanaya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla qərarda qeyd olunan 01.10.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə qarnın ön səthinin sol yarısında olan, qarın boşluğuna keçən, qalça bağırsağın zədələnməsi ilə müşayiət olunan deşilmişkəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir, sol sağrının aşağı bayır kvadraturunda və sol budun yuxarı 1/3-də olan deşilmiş-kəsilmiş yaralar isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 03 oktyabr 2021-ci il tarixli 439 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sol yan arxa divarının daxilə nüfuz edən pnevmotoraksla müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarasıdeşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti xəstəxanaya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla qərarda qeyd olunan 01.10.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 06 oktyabr 2021-ci il tarixli 447 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – burun beli üzərində sıyrıq izi-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni 01.10.2021-ci il tarixdə insan bədəninin hissələrinin (əl və s.) təsirindən əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə psixatrik-psixoloji ekspertizasının 12 noyabr 2021-ci il tarixli 681/225 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən, hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin muvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin muvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psiopatik cizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək, törətdiyi əməlin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkərlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs göstərilən cinayət hadisəsini törədərkən əsəbi psixiemosional halda olmuşdur. O, cinayət hadisəsi törədərkən güclü ruhi həyacan vəziyyətində (affekt) olmamışdır (keçirməmişdir). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsin alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Fizuli-Qubadlı Hərbi Məhkəməsinin 11.06.2008-ci il tarixli hökmü ilə CM-in 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 25.12.2009-cu il tarixli 662 saylı əfv fərmanına əsasən qalan cəzadan azad edilmişdir. Zaqatala rayon Məhkəməsinin 29.02.2012-ci il tarixli hökmü ilə CM-in 185.1, 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə və 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, 29.08.2017-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Zaqatala rayon Məhkəməsinin 06.03.2019-cu il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması və 01 il 05 ay 24 gün nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon İcra və Probasiya şöbəsindən alınmış 13 dekabr 2021-ci il tarixli 1019 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 29.09.2021-ci il tarixdə azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmışdır. CM-in 18.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 06 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1445-də şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Məhkəməsinin 08 oktyabr 2021-ci tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayonu Aşağı Tala kəndində yaşayır. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.1-ci maddəsində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri özünü müdafiə edərkən sonunculara xəsarət yetirməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, məhkəmə araşdırması zamanı da müəyyən olundu ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onları bıçaqla vurmamışdan qabaq dərəcəsi təyin edilməyən burun beli üzərində sıyrıq xəsarətini yetirmiş, sonradan onlar arasında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin hər ikisinə bıçaqla sağlamlığa ağır zərər vuran xəsarət yetirərmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirsə də sonuncular da heç bir kəsici və deşici alət olmamış, həmçinin ona qarşı heç bir küt alətdən istifadə etməmişlər. Bu səbəbdən də Təqsirləndirilən şəxs hərəkətləri zəruri müdafiə həddində və ya zəruri müdafiə həddini aşma kimi törədilmiş əməl kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq sonuncuların ondan şikayət və tələbinin olmamasını, cinayəti zərərçəkmiş şəxslərin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslərlə barışmasını və cinayətin zərərçəkmiş şəxslərin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini nəzərə alaraq CM-in 60-cı maddəsinin tətbiqini qanuni hesab edir. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində həbsə alındığı 06 oktyabr 2021-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasınə məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar