Məhkəmə qərarları › İş №1(091)-81/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-81/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-81/2024 13.02.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Göyçay rayonunda doğulmuş, evli Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Göyçay rayonu Qarayazı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş külli miqdarda, yəni 16 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay rayonu Qarayazı kəndində yaşadığı evin həyətyanı sahəsində fərdi yaşayış evinin arxa tərəfində istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq külli miqdarda torpağa əkib yetişdirərək kultivasiya etmiş, 12 avqust 2023-cü il tarixdə saat 1550-də Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin həyətə videoçəkiliş vasitəsilə baxış keçirilərkən sonuncuya məxsus həyətdə yerləşən fərdi yaşayış evinin arxa tərəfindən ümumilikdə 16(on altı) ədəd hündürlükləri 130 sm-dən 250 sm-dək, ümumi təmiz çəkisi 27 kilogram 895 qram, külli miqdar hesab edilən narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xırda buynuzlu heyvanları otaran zaman tapdığı narkotik vasitənin toxumlarını öz istifadəsi üçün həyətində əkmiş, həyətində 16 ədəd yox, 15 ədəd çətənə kolu olmuşdur. Polis əməkdaşlarına da həyətində 15 ədəd çətənə kolu olduğunu bildirsə də bu hissə videoçəkilişə düşməmişdir. Ona görə də özünü CM-in 237.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, narkotik vasitə olan marixunadan istifadə etdiyinə görə 2023-cü ilin may ayında yaşadığı Qarayazı kəndində yerləşən evinin hissəsində pomidor şitillərinin arasına 16 ədəd çətənə bitkisi əkərək həmin çətənə bitkilərinə mütəmədi olaraq qulluq göstərmiş, bitkilərin diblərini alaqdan təmizləyərək bitkilərin əkildiyi yerin torpağını yumşaldıb həmin bitkilərə su və peyin şirəsi vermişdir. xx.xx.2023-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları onun yaşadığı evin qarşısına gəlib onu yaşadığı evdən çağıraraq özlərini təqdim edib narkotik vasitə istifadə etməkdə və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkilib-becərilməsində şübhəli olduğu üçüm saxlanıldığını və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt o, şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman evinin arxa hissəsində yerləşən sahədə, pomidor şitillərinin içərisində əkdiyi 16 (on altı) ədəd narkotik tərkibli çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişdir. Hündürlükləri 130 sm-dan 250 sm-ə qədər olan həmin 16 ədəd mətənə bitkiləri kökündən çıxarılaraq qablaşdırıldıqdan sonra götürülmüş, həmin bitki kollarından təxminən 3 metr aralıda, yerdə gələcəkdə özü istifadə etməyi məqsədilə bitki kollarının yarpaqlarından qoparıb quruması üçün alüminum qabın içərisinə açıq vəziyyətdə qoyduğu yaşımtıl rəngli kütlə də polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 16(on altı) ədəd yaşıl rəngli bitkinin narkotik xassəli çətənə bitkisi olduğunu, həmin bitkilərin toxumunu 2023-cü ilin aprel ayında heyvanlarını otarmaq məqsədi ilə dağa gedərkən orada tapdığı kibrit qutusunun içərisindən əldə etdiyini və onları evinin həyətyanı sahəsinə əkdiyini və şəxsi istifadəsi üçün xüsusi qulluq göstərdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Göyçay rayon Qarayazı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, saxlaması və həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi ilə bağlı daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan CAB-nin əməliyyat müvəkkili Şahid4, polis nəfərləri Şahid2 və Şahid3, dəvət edilmiş aqronom mütəxəssis Şaiq İsmayılov və müdafiəçi Rasim Vəliyev ilə birlikdə Göyçay rayon Qarayazı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün getmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən çağırıb sonuncuya həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə və narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçisinin iştirakı ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman evin arxa hissəsində hündürlükləri 130 sm-dən 250 sm-dək olan 16 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar kollar aşkar olunaraq kökündən çıxarılaraq qablaşdırılmaqla götürülmüşdür. Aqronom-mütəxəssis tərəfindən həmin bitkilərə baxış keçirilərək narkotik tərkibli çətənə bitkiləri olduğunu, diblərinə peyin, şirə verilməklə xüsusi qulluq olunaraq diblərinin alaq otlarından təmizlənib aqrotexniki qaydada qulluq edilərək əkilib-becərildiyi bildirilmiş, eləcə də, həmin bitki kollarından 3 metr aralıda, yerdə olan alüminium qabda açıq vəziyyətdə yaşılımtıl rəngdə olan narkotik tərkibli marixuanaya oxşar kütlə aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, 2023-cü ilin may ayının axırlarında gələcəkdə özü istifadə etmək məqsədilə həmin bitkiləri özünün əkib becərdiyini, toxumlarını isə 2023cü ilin aprel ayında heyvanlarını otarmaq məqsədi ilə dağa gedərkən, dağda tapdığı kibrit qutusunun içərisindən əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2, İctimai-təhlükəsizlik Bölməsinin polis nəfəri işləyən Şahid3 və ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 13 avqust 2023-cü il tarixli, 17/607 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 08(səkkiz) ədəd sintetik kisələrin içərisindəki, ümumilikdə 16 (on altı) ədəd uzunluqları 130sm-dən 250sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri - 27 kq 895,0qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən götürülmüş qurudulmuş bitki kütləsi...” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sellofan torbanın içərisindəki, təmiz çəkisi – 2,26qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Aqronom mütəxəssis Şaiq İsmayılovun 12 avqust 2023-cü il tarixli rəyinə əsasən 16(on altı) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən götürülmüş torpaq nümunələri...” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sellofan torbanın içərisindəki torpaq nümunəsində cüzi miqdarda əkilib-becərilməsi qadağan olunmuç narkotik təbiətli çətənə(kannabis) bitkisinin hissəcikləridir Tədqiqata təqdim olunmuş torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 21 noyabr 2023-cü il tarixli 1919 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya Xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsinə dair 12 avqust 2023-cü il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonu Qarayazı kəndində yerləşən fərdi yaşayış evinin arxa tərəfində hündürlükləri 130 sm-dən 250 sm-dək olan 16 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qarayazı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayonu Qarayazı kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2017-ci ildə doğulmuş Atikə Məmmədova, xx.xx.2020-ci ildə doğulmuş İzzət Məmmədov, xx.xx.2018-ci ildə doğulmuş Şəbnəm Məmmədova və Məmməd Məmmədov adlı dörd azyaşlı uşaqları vardır. İş materiallatrında olan və məhkəmə iclasında tədqiq edilmiş “Göyçay rayon Mərkəzi Xəstəxanası“ X5 tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli 18-1-40/2- 1182/2023 nömrəli məktubdan görünür ki, Göyçay rayonu Qarayazı kənd sakini, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloq və psixiatr həkimdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 12 avqust 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs saat 1535-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxsin 15 ədəd çətənə kolunu əkməsi və polis əməkdaşlarının kollardan birinin iki yerə ayıraraq sayı artıq göstərməsinə dair dəlillərini təqsirlənidirilən şəxsin vəziyyətini yüngülləşdirməyə yönəlimiş özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, müdafiə tərəfi 13 və 14-cü kolların ayrı nömrələrdə qeyd edilməsinə baxmayaraq ikisi bir vəziyyətdə torpaqdan çıxarılmasını qeyd etsə də məhkəmə iclasında hadisə yerinə baxış keçirilməsinə dair video-görüntü tədqiq olunarkən belə bir hal müəyyən edilməmiş, həmçinin istər aqronom-mütəxəssis Şaiq İsmayılov tərəfindən verilmiş mütəxəssis rəyində, istərsə də məhkəmə bioloji ekspertizasının rəyində bu barədə verilməmişdir. Müdafiə tərəfi aqronom mütəxəssisin kollar artıq qablaşdırıldıqdan sonra hadisə yerinə gəldiyini və hadisə yerinə baxış protokolunun rayon Polis Şöbəsində tərtib olunduğunu bildirsə də video-çəkilişdə bu hal müəyyən edilməmiş, protokolun hadisə yerində deyil, hadisə yerinə baxışdan bilavasitə sonra Polis Şöbəsində tərtib edilməsi isə qanun pozuntusu olmamaqla yanaşı baxış iştirakçıları tərəfindən bu barədə heç bir qeyd verilməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində dörd azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixə kimi şübhəli şəxs qismində həbsdə olduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixə kimi şübhəli şəxs qismində həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2024-cü ildən tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Göyçay rayon Polis Şöbəsində saxlanılan 16 ədəd çətənə bitkiləri, və bir ədəd sellofan torbada qablaşdırılmış torpaq nümunəsi məhv edilsin, 2,21 qram narkotik vasitə qurudulmuş marixuananın isə Təqsirləndirilən şəxs barəsində ayrılmış inzibati material üzrə maddi sübut olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar