Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-81/2025 04.02.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əliyev Rafail Əyyub oğlunun sədrliyi ilə, hakimlər Aşurova Günay Raqif qızı (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1999-cu il tarixdə Zərdab rayonu, Şahhüseynli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Şahhüseynli kəndində qeydiyyatda olmaqla həmin üvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilinməyən vaxtda və mənbədən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən külli miqdar hesab olunan təmiz çəkisi 12,672 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 aprel 2024-cü il tarixdə, saat 12:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayonu, Şahhüseynli kəndində yerləşən uşaq bağçasının yanında saxlanılaraq Zərdab rayon Polis Şöbəsinə gətirilməklə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən sellofan bükümdə 12,672 qram çəkidə həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, tutulana qədər anası Şahid4 ilə birlikdə Zərdab rayonu, Şahhüseynli kəndində yaşamışdır. Zərdab rayon Polis Şöbəsində şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş heroin ona məxsus deyil. Belə ki, 25 aprel 2024-cü il tarixdə günorta radələrində yaşadığı Zərdab rayonu, Şahhüseynli kəndində market tərəfdən evə qayıdarkən polis əməkdaşları uşaq bağçasının yanında onu tutaraq Zərdab rayon Polis Şöbəsinə gətirmişlər. Tutularkən onun cibində narkotik vasitə olmamış, həmin narkotik vasitəni polis şöbəsində olarkən onun üzərinə qoymuşlar. Həmin narkotik vasitənin ona heç bir aidiyyəti yoxdur, o, heç vaxt narkotik vasitə istifadə etməmişdir. Polis şöbəsində ona qarşı fiziki təzyiqlər və təhqirlər olunmuşdur. Həmin polis əməkdaşları onun anasını və bütün ölkə vətəndaşlarını söymüşlər. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, onu saxlayan polis əməkdaşlarını tanımışdır. Çünki həmin polis əməkdaşları onu əvvəllər də bir neçə dəfə saxlamışlar. Onun polis əməkdaşları ilə heç bir düşmənçiliyi olmamış, amma o, daxili işlər nazirini tənqid etdiyinə görə polis əməkdaşlarının onunla düşmənçiliyi olmuşdur. Daxili işlər nazirini sosial şəbəkədə tənqid etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni fiziki təzyiq və təsir altında vermişdir. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə narkotik vasitə istifadəçisi olmadığını, döyüldüyünü bildirmişdir. Tutulduğu gün marketin yanına anasının pulunu almaq və çeki Əlizadə adlı vətəndaşa vermək üçün getmişdir. Anası poçtda işləyir. Çeki verib geri qayıdarkən 4-5 nəfər polis əməkdaşı uşaq bağçasının qarşısında onu tutmuşlar. Onu tutmağa 20 nəfərdən çox polis əməkdaşı gəlmişdir. Onu tutan polis əməkdaşları özlərini təqdim etməmişlər, tutan kimi onu avtomobilə mindirib döymüşlər. Polis Şöbəsində ona narkotik vasitəni cibinə qoymasını və video çəkiliş zamanı boynuna almasını bildirmişlər, o da məcburiyyət qarşısında onların dedikləri kimi etmişdir. Daxili işlər nazirini tənqid etdiyinə görə əvvəllər də bir neçə dəfə polis şöbəsinə aparılmışdır. Naziri polis əməkdaşlarının insanlarla davranışına görə sosial şəbəkədə tənqid etmişdir. Sosial şəbəkədə nə yazdığını xatırlamır. Həmin tənqidi yazını yazandan təxminən 15-20 gün sonra saxlanılmışdır. Onu prokurorluğa izahat və ifadə vermək üçün çağırmışlar, prokurorluqda verdiyi izahatında da narkotik vasitələrin istifadəçisi və satıcısı olmadığını bildirmişdir. Lakin verdiyi izahatı ilə bağlı heç bir tədbir görülməmişdir. Müvəqqəti saxlanma yerində onu müayinə etmək üçün gələn həkim sadəcə təzyiqini ölçüb getmiş, bədənində olan xəsarətlərə baxmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə şübhəli şəxs qismində vermiş olduğu izahat, eyni zamanda 26 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadə arasında kəskin ziddiyyət olduğundan həmin ifadələr elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadələrində göstərmişdir ki, 25 aprel 2024-cü il tarixdə, saat 12:45 dəqiqədə Zərdab rayonu, Şahhüseynli kəndində yerləşən “Şahhüseynli” uşaq bağçasının yaxınlığında piyada hərəkət edən zaman üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və xidməti vəsiqələrini göstərərək barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Zərdab rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmiş, onun özü, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 43-44, 53-54). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 24 aprel 2024-cü il tarixdə Zərdab rayonu, Şahhüseynli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Zərdab rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumat və tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Təqsirləndirilən şəxs yeri müəyyən edilərək 25 aprel 2024-cü il tarixdə saat 12:45 radələrində Zərdab rayonu, Şahhüseynli kəndində yerləşən “Şahhüseynli” kənd uşaq bağçasının yaxınlığında piyada hərəkət edən zaman saxlanılıb Zərdab rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Zərdab Rayon Polis Şöbəsinin inzibati binasının otaqlarının birində videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddəni masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüş, onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılarkən və polis şöbəsində təqsirləndirilən şəxsə qarşı hər hansı bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə onun idarə etdiyi avtomobillə aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs sosial şəbəkələrdə kimlərisə təhqir etməsi barədə onların hər hansı məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, poçtda işləyir. Bir vətəndaş kommunal borclarını ödəmiş, amma çeki qalmışdır. O, işdən çıxan zaman həmin vətəndaşa zəng edərək “orta nöqtədə görüşək çeki sənə verim” deyə bildirmişdir. Elə olmuşdur ki, yolu uzaq olduğu üçün ev tərəfə gəlmişdir. Bu zaman oğlu Asif həyətdə iş görmüşdür. O, Asifdən vətəndaşın çekini aparıb verməsini xahiş etmişdir. Asif çeki aparandan sonra onların kəndinin icra nümayəndəsi ona zəng edərək Asifin harada olduğunu soruşmuşdur. İcra nümayəndəsinin bu zəngi onda şübhə doğurmuş və o, Asifə zəng edərək telefonda danışa-danışa onun olduğu istiqamətə getmişdir. Asifin olduğu yerə çatanda 5-6 avtomobilin dayandığını və polis əməkdaşlarının Asifi zorla avtomobilə mindirdiklərini görmüşdür. O, polis şöbəsinə getmiş, amma onu içəri buraxmamışlar. Çöldə Asifi saxlayan polis əməkdaşlarından oğlunu nə üçün saxladıqlarını soruşmuşdur. Həmin vaxt polis əməkdaşlarından biri ona 100 manat pul vermiş, lakin o, həmin pulu qəbul etməmişdir. Polis əməkdaşı ona “oğlun bir gün sonra sərbəst buraxılacaq, həmin pulla oğlun gələnə qədər ehtiyacın olanı al” deyə bildirmişdir. Polis əməkdaşı şöbəyə daxil olmuş, o da onun arxasınca gedərək “bəs məni oğlumla görüşdürəcəkdin?” demişdir. Bu zaman polis əməkdaşı onu içəri buraxdırmış və o, oğlu ilə görüşmüşdür. Polis şöbəsində Asifin nə üçün tutulduğunu ona deməmişlər. O, televiziya vasitəsilə bilmişdir ki, oğlunun üzərindən narkotik vasitə aşkarlanmışdır. Şahid4 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, oğlu Asifin polis əməkdaşları ilə heç bir ədavəti olmamış, sadəcə sosial şəbəkədə polislər haqqında yazılar yazmışdır. Onun polislər haqqında nə yazdığını xatırlamır, daxili işlər naziri haqqında yazdığını bilir. İcra nümayəndəsi ona zəng edərkən Asifin harda olduğunu soruşmuş, amma Asifi nə üçün axtardığını deməmişdir. O, şübhələndiyi üçün icra nümayəndəsi ilə danışa-danışa Asif olan istiqamətə getmişdir. Şübhələnməyinin səbəbi oğlunun sosial şəbəkədə yazdığı yazılara görə əvvəllər də iki-üç dəfə polis əməkdaşları tərəfindən saxlanılması idi. Əvvəllər Asifi polis şöbəsinə aparanda ona sosial şəbəkələrdə yazılar yazmamasını deyərək buraxmışlar. Asifin konkret olaraq sosial şəbəkədə nə yazdığını bilmir. O, Daxili İşlər Nazirliyinə oğlunun etdiyi səhvə görə üzrxahlıq məzmunlu ərizə yazmışdır. Həmin gün 15-20 nəfər polis əməkdaşı gəlmişdir, onlar mülki geyimdə olmuşlar. Avtomobillərin polis yoxsa şəxsi avtomobil olduğunu xatırlamır. Asif tutulub polis şöbəsinə aparılandan dərhal sonra o da polis şöbəsinə getmişdir. Polis şöbəsində onu Asiflə iki-üç saat sonra görüşdürmüşlər. Polis şöbəsində Asiflə görüşən zaman onun üzərində hər hansı bir xəsarət olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1, Şahid2 və Şahid3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmadığını, saxlanılarkən polis əməkdaşları tərəfindən döyüldüyünü şahidlərin üzünə qarşı deyərək təsdiq etmiş, şahidlər isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmasını, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində onu heç kimin döymədiyini, ona qarşı heç bir fiziki və ya psixi təzyiqə yol verilmədiyini təqsirləndirilən şəxsin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 2, iş vərəqə 38-43). Şəxsi axtarış və götürmə aparılması haqqında 25 aprel 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə olunmaqla məhkəmə iclasında tədqiq olunmuş diskdəki videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü həmin gün tapdığını, narkotik vasitədən istifadə etmədiyini və satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm bir ədəd kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənib götürülmüş, həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 30-32). Məhkəmə-kimyəvi ekspertizasının 26 aprel 2024-cü il tarixli, 3-16-16-2-17/394 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazısı, adlar və imzalar yazılmış bir ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 12.672 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 12,572 qram təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 69 manat 10 qəpik müəyyən edilmişdir (cild 1, iş vərəqə 38-40). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 avqust 2024-cü il tarixli, 1355 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 182). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 25 may 2024-cü il tarixli, 357 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusu, qıcolma sindromu ilə xbt 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyi aşkar olunur. Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusu, qıcolma sindromu ilə xbt 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq onda müşahidə edilən xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, ona şamil edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai-təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur (cild 1, iş vərəq 180-181). Məhkəmə-tibbi ekspertizasının 30 aprel 2024-cü il tarixli, 63 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəq 82-83). “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X5 24 may 2024-cü il tarixli, 18-1-79/2- 304/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2002-ci ildən “Ensefolapatiya nəticəsi psixi-fiziki inkişafdan geri tez-tez təkrarlanan qıcolma” diaqnozu ilə poliklinika şöbəsində qeydiyyatdadır (cild 1, iş vərəq 109). Zərdab Rayon Mərkəzi Xəstəxanasının 24 may 2024-cü il tarixli 08 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2002-ci il tarixdən “(toksik-hipoksik) ensefolapatiya nəticəsi psixi-fiziki inkişafdan geri tez-tez təkrarlanan qıcolma (ayda 8-10 dəfə) diaqnozu ilə poliklinika şöbəsində qeydiyyatdadır. Xəstə daim psixotrop və qıcolma əleyhinə dərmanlar qəbul edir. Xəstə bu illər ərzində Zərdab MRX-da, UNX-da, RKX-da və 1 saylı psixiatriya xəstəxanalarında ambulator və stasionar müalicə almışdır. Xəstə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi 1 saylı psixiatriya xəstəxanasında “Epilepsiya nəticəsində şəxsiyyət və davranış pozğunluğu” diaqnozu ilə stasionar müalicə almışdır. Xəstə 2022-ci ildə Salyan Rayon Psixiatriya Xəstəxanasında F07.07 Ensefolapatiya qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) və kəskin ifadəli asteno nevrotik hal diaqnozu ilə ambulator müayinə olunmuşdur (cild 1, iş vərəq 110). Zərdab rayon İcra Hakimiyyəti Başçısının Şahhüseynli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs öz həmyaşıdları və kənd əhalisi ilə münasibətdə qeyri-etik hərəkətləri olmamış, onunla bağlı Şahhüseynli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyə yazılı və şifahi qaydada heç bir şikayət daxil olmamışdır (cild 2, iş vərəqə 68). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 107-108). Zərdab rayon Polis Şöbəsinin 08 sentyabr 2024-cü il tarixli əməliyyat tapşırığına verilmiş 16 sentyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini kimdən və haradan əldə etməsi, nə məqsədlə üzərində saxlaması, onun narkotik vasitələrin alqı-satqısı ilə məşğul olubolmaması barədə məlumatların əməliyyat yolu ilə müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 2, iş vərəqə 6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, tədiqata sərf olunduqdan sonra qalıq qalan 12,572 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanması üçün Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəq 62-64; cild 2, iş vərəq 80-91). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmamasına, polis şöbəsində ona qarşı edilən fiziki təzyiq altında həmin narkotik vasitənin özünə məxsus olmasını boynuna almasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroin əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - mötəbərliyi şübhə altına alına bilməyən videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətləri, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, ekspert rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaqın ilkin mərhələsində verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə əlaqədar ifadəsi yalnız özünün bildirdiklərindən ibarət olmaqla hər hansı dəlillə təsdiqini tapmır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə anası Şahid4 müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində müvafiq araşdırılma aparılmışdır. Aparılmış araşdırma nəticəsində ibtidai istintaq orqanının 26 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması bəraətverici əsaslarla rədd edilmişdir (cild 1, iş vərəqə 151-154). İbtidai istintaq orqanının həmin qərarından məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 30 aprel 2024-cü il tarixli, 63 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdə, yəni tutulduqdan iki gün sonra məhkəmə-tibbi müayinədən keçirilmiş, müayinə zamanı onun bədən səthi üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 82-83). Eminov X4 Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə döyüldüyü barədə məlumat verdiyini bildirsə də, Zərdab Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, təqsirləndirilən şəxs məhkəmə iclasında qeyd edilən cinayəti törətməməsini bildirmiş, amma fiziki təzyiqə məruz qalması ilə bağlı heç nə deməmişdir (cild 1, iş vərəqə 60-61). Təqsirləndirilən şəxsə qarşı qanunazidd davranış göstərilməsi, ona fiziki təzyiq edilməsi barədə məhkəmə araşdırması zamanı da hər hansı mötəbər dəlil əldə olunmamışdır. Şəxsi axtarış keçirilməsi prosesini əks etdirən, müdafiəçisinin də bilavasitə iştirak etdiyi videoçəkilişdən də aşkar görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq narkotik vasitə olan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim edir, bükümü həmin gün tapdığını bildirir və kifayət qədər sərbəst olmaqla suallara rahat şəkildə cavab verir. Təqsirləndirilən şəxs xarici görünüşündə, sərbəst hərəkətlərində ona qarşı hər hansı fiziki güc tətbiq olunmasını ehtimal etməyə əsas verə biləcək əlamətlər müşahidə olunmur. Həm də Təqsirləndirilən şəxs bilavasitə videoçəkilişin gedişində polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zorakılıq edilib-edilməməsi ilə bağlı sualı cavablandıraraq belə halın baş vermədiyini bildirir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 da ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs tutulandan dərhal sonra Polis Şöbəsinə getmiş, təxminən iki-üç saat sonra onu oğlu ilə görüşdürmüşlər, həmin vaxt onun üzərində hər hansı xəsarət olmamışdır. Məhkəmə araşdırması zamanı da Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zorakılıq göstərilməsi, döyülməsi, hədələnməsi və sair xüsusatlarla bağlı heç bir dəlil müəyyən edilmədi. Bütün qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı qanunazidd davranış göstərilməsi, döyülməsi və sair xüsusatlarla bağlı bildirdiklərinin hər hansı şəkildə təsdiqini tapmadığı, həmin iddiaların əsassız olmaqla özünümüdafiə mövqeyi ilə bağlı olduğu qənaətinə gəlir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, ensefolapatiya nəticəsi psixi-fiziki inkişafdan geri tez-tez təkrarlanan qıcolma və epilepsiya xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Zərdab Rayon Məhkəməsinin 26 aprel 2024-cü tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 25 aprel 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəq 23, 60-61). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Zərdab rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 12,572 qram təşkil edən heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 69 manat 10 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 25 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Zərdab rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 12,572 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Rafail Əliyev Hakimlər: Günay Aşurova (məruzəçi) Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-81/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-81/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver