Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-82/2022 06.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Qəbələ rayonunun Mıxlıqovaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Qəbələ rayonunun Mıxlıqovaq kəndində qeydiyyatda olan və faktiki olaraq Qəbələ şəhəri, M.P.Vaqif küçəsində nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyətin emosional davamsız pozuntusu, impulsiv tip kimi anlaqlılığı istisna etməyən psixi pozuntunun təsiri altında olmaqla 04.08.2020-ci il tarixdə saat 10 radələrində birlikdə yaşadıqları Qəbələ şəhəri M.P.Vaqif küçəsində yerləşən evdə qardaşı Zərərçəkmiş şəxs ilə ailə - məişət münasibətləri zəminində, yəni sonuncudan həmin evdən anası Şahid1 ilə birlikdə çıxmalı və ya tezliklə evi satıb onun payına düşən müəyyən məbləğdə pul verməli olduqları tələbi ilə mübahisə edib, əvvəlcə yumruq və təpiklə qardaşı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vurmuş, daha sonra evin ümumi zalında, stolun üzərindən götürdüyü mətbəxt bıçağının tiyəsi ilə Zərərçəkmiş şəxs kürək nahiyyəsindən qəsdən üç dəfə vuraraq, ona onurğa sütunu üzərində 5-ci döş fəqərəsi səviyyəsində boşluğa nüfuz etməyən, döş fəqərəsinin arxa sol hissəsində kürək xətti üzrə 7-8-ci qabırğa arası sahədə və sağ kürək xətt üzrə 5-6-cı qabırğa arası sahədə döş boşluğuna nüfuz edən və pnevmahemotoraksla müşayət olunan deşilmiş-kəsilmiş yaraları kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, uzun illərdir ki, psixi xəstəlikdən əziyyət çəkir, 2-ci qrup əlildir və buna görə pensiya alır, şəxsiyyət pozuntusu kimi xəstəxanada qeydiyyatdadır. Qəbələ şəhərində anası Fəlakət və qardaşı Zərərçəkmiş şəxsla birlikdə yaşayır. Əvvəllər evdə tək və sərbəst yaşamaq istəyirmiş, buna görə də anasından və Toğruldan tələb edirmiş ki, onlar ya Qəbələ şəhərindəki evlərindən çıxıb Soltan Nuxa kəndində yerləşən evlərində yaşasınlar, o isə Qəbələ şəhərindəki evdə tək yaşasın, ya da Soltan Nuxa kəndindəki evi ona versinlər. Gah da deyirmiş ki, Qəbələ şəhərindəki evini satıb ona on min manat civarında pul versinlər, özünə torpaq alıb ev tiksin. Anası və qardaşı ona deyirmişlər ki, evə hələ müştəri tapa bilmirlər, gələcəkdə satıb ona pul verəcəklər. O isə başa düşürmüş ki, onlar yalan danışaraq onu yola verirlər. Belə olub ev məsələsinə görə anası və qardaşı ilə arasında son zamanlar mübahisələr yaranırmış. Bunları görən anası ona deyirmiş ki, onu xəstəliyi ilə əlaqədar olaraq ruhi dispanserdə yatdıracaqlar. O da ruhi dispanserdə yatmaq istəmədiyi üçün bununla razılaşmırmış və buna görə də anası ilə mübahisələri olurmuş. Sonuncu dəfə isə 2020-ci ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə səhər saat 10 radələrində yaşadığı evdə anası ilə yenə ev məsələsinə görə və onu ruhi xəstəxanaya göndərmək istədikləri üçün mübahisə etməyə başlamışdır. Həmin vaxt qardaşı da evdə imiş. Mübahisə zamanı əsəbləşərək özündən çıxmış, anasını, qardaşını söymüşdür. Hətta anasını itələmişdir. Anası onun əsəbləşdiyini görüb evdən çıxıb harasa getmiş, lakin qardaşı Toğrul evdə qalmışdır. Toğrul ondan sakitləşməsini və söyüş söyməməsini tələb edirmiş, həm də anasını söyüb itələdiyi üçün ona acıqlanmışdır. Anası getdikdən sonra mübahisəni qardaşı ilə davam etdirmiş və ondan tələb etmiş ki, evdən çıxıb getsin. Əsəbləşib Tamerlanın televizora baxdığı otaqda olan televizor pultunu sındırmış, əlinə mətbəx əşyalarının içərisindən götürdüyü qaşıq və ya çəngəllə vurub evin pəncərəsinin şüşəsini sındırmışdır. Həmin vaxt Toğrul evdən çölə çıxmış və bir neçə saniyədən sonra evə qayıtmışdır. Əsəbləşdiyi üçün evdə stolun üzərində olan qara rəngli mətbəx bıçağını əlinə götürüb onu qorxutmaq üçün üstünə getmişdir. Toğrul əlində bıçağı görüb qaçanda arxadan zalın qapısının qarşısında ona çatıb iki-üç dəfə belindən vurmuşdur. Hazırda qardaşı olan zərərçəkmişlə barışmışdır, zərərçəkmişin ondan heç bir şikayəti və tələbi yoxdur, ikinci qrup əlil olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır, atası Yavər 2011-ci ildə xəstəlikdən vəfat etmişdir. Hazırda anası Şahid1 və qardaşı Tamerlanla birlikdə Qəbələ şəhəri M.P.Vaqif küçəsində yerləşən evlərində birlikdə yaşayırlar. Qardaşı Tamerlan anadan gəlmə psixi xəstəlikdən əzab çəkir və xəstəxanada şizofreniya diaqnozi ilə qeydiyyatdadır, hətta Bakı şəhərində yerləşən 1 saylı psxiatrik xəstəxanada yataraq müalicə almışdır. Tamerlan psixi xəstəliyi ilə əlaqədar tez-tez aqressiv olur və evlərində səbəbsiz yerə münaqişələr yaradırmış, həmin vaxt evin əşyalarını sındırır, dağıdır, onu və anasını bir neçə dəfə əvvəllər döymüşdür. Son vaxtlar Tamerlan anasına və ona deyirmiş ki, Qəbələ şəhərindəki evlərini satıb ona pul verək, çıxıb getsin, ya da həmin evdən çıxaq, o tək yaşasın. Bir neçə dəfə anası və özü Tamerlan sakitləşsin deyə Qəbələ şəhərindəki evlərindən çıxıb Soltan Nuxa kəndində yerləşən evlərinə getsələr də, onların ardı ilə o da həmin evlərinə gəlmişdir. 04 avqust 2020-ci il tarixdə səhər saat 10 radələrində yuxudan yenicə qalxmış ki, səhər yeməyi vaxtı yenə də Tamerlan aqressivləşmiş və evin satılması tələbi ilə anası Fəlakətlə mübahisə etməyə başlamışdır. O, anasının ünvanına nalayiq söyüşlər söyərək dərhal evi satıb ona pul verməyi tələb edirmiş. Həmin vaxt Tamerlanla birgə yatdığı otaqda televizora baxırmış. Tamerlan anası ilə mübahisə etdiyi üçün ona öz iradlarını bildirmiş, tələb edirmiş ki, sakitləşsin. Lakin, o getdikcə daha da aqressivləşmiş və anasının sifətinə şillə vurmuşdur. Tamerlan psixi xəstə olduğuna görə ona yaxınlaşmağa çəkinirmiş. O, anasını şillə ilə vurduqdan sonra anası Tamerlandan şikayət etmək üçün Qəbələ rayon polis şöbəsinə getmişdir. Bundan sonra Tamerlan onunla mübahisə etməyə başlamış, hətta televizorun pultunu əlinə götürüb sındırmış, qaşıqla vurub və qapını çırparaq pəncərənin və qapının şüşəsini sındırmışdır. Onu sakitləşdirmək istəyəndə əvvəlcə arxa tərəfinə təpiyi ilə bir dəfə, sonra yumruğu ilə başına və bədəninə bir neçə dəfə zərbə vurmuşdur. Lakin o, Tamerlanı vurmamışdır. Onun daha da əsəbləşdiyini və aqressivləşdiyini görüb evdən çıxmaq istəyəndə stolun üzərindən götürdüyü qara rəngli mətbəxt bıçağı ilə arxadan ona yaxınlaşıb kəsici-deşici hissəsi ilə 3 dəfə kürək nahiyyəsinin aşağı hissəsindən evin giriş-çıxış qapısının qarşısında vurmuşdur. Hazırda qardaşı olan təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən bu halın nəzərə alınmasını və təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hər ikisi onun doğma uşaqlarıdır. Oğlu Tamerlan anadan gəlmə psixi xəstəlikdən əzab çəkir və xəstəxanada şizofreniya diaqnozu ilə qeydiyyatdadır, hətta Bakı şəhərində yerləşən 1 saylı psxiatrik xəstəxanada yataraq müalicə almışdır. Tamerlanın psixi xəstəliyi ilə əlaqədar tez-tez aqressiv olurmuş və evlərində səbəbsiz yerə münaqişələr yaradırmış, evin əşyalarını sındırırmış, dağıdırmış. Son vaxtlar Tamerlan ondan tələb edirmiş ki, Qəbələ şəhərindəki evini satıb ona 10000 (on min) manat pul versin, çıxıb getsin, ya da həmin evdən onlar çıxsın və o tək yaşasın. Bir neçə dəfə digər oğlu Toğrul və özü Qəbələ şəhərindəki evlərindən çıxıb Soltan Nuxa kəndində yerləşən evlərinə getsələr də Tamerlan onların ardınca həmin evlərinə gəlmişdir. 04 avqust 2020-ci il tarixdə səhər saat 10 radələrində evdə çay süzərkən yenə də Tamerlan aqressivləşmiş və evin satılması tələbi ilə onunla mübahisə etməyə başlamışdır. Tamerlan onun ünvanına nalayiq söyüşlər söyərək dərhal evi satıb ona pul verməyi tələb edirmiş. Onu sakitləşdirmək üçün başa salmaq istəyirmiş ki, evin satılması ilə bağlı maklerə məlumat vermiş, bu yaxınlarda evə müştəri tapıb satacaq. Lakin, Tamerlan sakitləşmirmiş, daha da aqressivləşirmiş. Həmin vaxt digər oğlu Toğrul isə evdə digər otaqda televizora baxırmış. O Tamerlandan xahiş edirmiş ki, onun ünvanına söyüş söyməsin və sakitləşsin. Lakin, o getdikcə daha da aqressivləşmiş və onun sifətinə şillə, belinə təpik vurmuşdur. Tamerlanın daha da aqressivləşdiyini görüb evdən çıxaraq Qəbələ rayon polis şöbəsinə gəlmiş ki, köməklik edilməsini xahiş etsin, Tamerlanı Şəki şəhərinə psixi xəstəxanaya göndərsin. Bundan 2-3 gün əvvəl də polisə müraciət edib bildirmiş ki, Tamerlan son günlər aqressivləşib xəstəliyi kəskinləşir və evdə səbəbsiz münaqişələr yaradır, gələcəkdə xoşagəlməz hadisə olmasın deyə xahiş etmiş ki, Tamerlanı xəstəxanaya göndərməyə köməklik etsinlər. Həmin gün İlqar adlı polis serjantı onlara gəlib Tamerlanla profilaktiki söhbətlər aparmış. Həmin ərəfələr qurban bayramı günlərinə düşdüyü üçün təşkilatların çoxusu işləmirmiş və buna görə Tamerlanın xəstəxanaya göndərilməsi ilə bağlı polis şöbəsində sənəd hazırlaya bilməmişlər. Ona bildirmişlər ki, növbəti 1-ci iş günü sənədlər hazır olacaq. Elə hadisə də 1-ci günü baş vermişdir. Polis şöbəsindən ona bildirmişlər ki, xəstəxanadan polis şöbəsinə məktub verməlidirlər ki, Tamerlanı psixiatrik xəstəxanaya aparılmasına köməklik edilməsinə polis əməkdaşı ayrılsın. O da xəstəxanada poliklinikanın müdiri Səbuhi müəllimin yanında olmuş, o bildirmiş ki, qanunlar dəyişib məktubu polis şöbəsi verməlidir ki, Tamerlan hansısa hüquqpozma törədib, təhlükə yaradır, bundan sonra onlar Tamerlan barəsində xəstəxanaya göndəriş verə bilərlər. Bu barədə polis şöbəsinə məlumat verməyə gələndə görmüş ki, İlqar adlı və digər 2 nəfər polis oğlu Zərərçəkmiş şəxs polis şöbəsinə gətiriblər və Toğrulun kürək nahiyyəsindən qan axır. Polis əməkdaşları və Toğrul özü bildirmiş ki, o, evdən çıxıb polis şöbəsinə gələndən sonra Tamerlan onunla mübahisə edərək arxa tərəfdən ona evdən götürdüyü mətbəx bıçağı ilə vurub xəsarət yetirib, özü də evdən qaçıb. Belə olub, dərhal polis əməkdaşları ilə birlikdə Toğrulu Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Hazırda hər iki oğlu ilə birlikdə yaşayır, onlar barışmışdır, məhkəmədən bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hər ikisi xalası qızı Şahid1 Bahdur qızının övladlarıdır və Qəbələ şəhərində birlikdə yaşayırlar. Onların yaşadığı Soltan Nuxa kəndində də evləri var, hərdən yay aylarında orada da qalırlar. Aralarında olan qohumluq münasibətinə görə tez-tez Fəlakətgilə gedib onlara baş çəkirmiş. Ona məlumdur ki, Fəlakətin oğlu Tamerlan uzun illərdir psixi xəstəlikdən əziyyət çəkir və mütəmadi olaraq bu xəstəliyinə görə müalicə alır, hətta bir neçə dəfə Bakı şəhərində və Şəki şəhərində yerləşən ruhi əsəb dispanserlərində yataraq müalicə almışdır. 05 avqust 2020-ci il tarixdə saat 9 və ya 10 radələrində Fəlakət ona zəng vurub bildirmiş ki, bir gün əvvəl yaşadıqları evdə Tamerlan qardaşı Toğrulla mübahisə edib onu bıçaqla vuraraq xəsarət yetirmişdir və Toğrulu aldığı xəsarətlərlə əlaqədar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişlər. Bu xəbəri eşidən kimi dərhal Qəbələ rayon mərkəzi xəstəxanasına gəlmiş və həqiqətən görmüş ki, Fəlakət oradadır və ona bildirmiş ki, Tamerlan Toğrulu bel nahiyyəsindən bıçaqlayıb və o, bir gün əvvəldən palataya yerləşdirilib, vəziyyəti normaldır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 04 avqust 2020-ci il tarixdə İctimai Təhlükəsizlik bölməsinin sabiq rəisi Nicat Hümbətalıyev ona zəng edərək Qəbələ şəhər, M.F.Axundov küçəsində, Fəlakət adlı qadının ailəsində münaqişə olduğunu bildirmiş və onu həmin ünvana getməsini tələb etmişdir. Tək şəkildə Fəlakət adlı şəxsin yaşadığı ünvana, yəni Qəbələ şəhər, M.F.Axundov küçəsinə getmiş, qapını açmış, evə daxil olan zaman görmüş ki, Toğrul adlı şəxs evdə stolda oturmuşdur, Toğruldan nə baş verdiyini soruşmuş, Toğrul isə ona qardaşı Tamerlan ilə dava etdiyini bildirmiş, bu zaman evin zalının pol hissəsində qan olduğunu görərək Toğruldan qanın kimə məxsus olduğunu soruşmuş, Toğrul isə qardaşı Tamerlanın onu bıçaqla kürək nahiyyəsindən vurduğunu bildirmişdir. Dərhal Toğrulun kürək nahiyyəsinə baxdıqda Toğrulun kürək nahiyyəsində 3-4 yerdən bıçaq deşiklərinin olduğunu görmüşdür. Dərhal aidiyyəti üzrə rəhbərliyə zəng edib bu barədə məlumat vermiş, daha sonra isə Toğrulu özü ilə birlikdə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparmış, daha sonra polis şöbəsinə gəlmiş, sonra isə iş yoldaşı Azərlə birlikdə Azərə məxsus VAZ2107 markalı avtomobil ilə Tamerlan və Toğrulun yaşadığı Qəbələ rayon Soltannuxa kəndinə gedərək Tamerlanı həmin evdə aşkar etmişlər. Tamerlan onların gəldiyini görüb evdən çıxıb qaçmış, lakin Azərlə birlikdə onu tutub saxlamış və polis şöbəsinə gətirib istintaq bölməsinə təhvil vermişlər. Yolda gələn zaman Tamerlan ona qardaşı Toğrul ilə dava-dalaş etdiyini, eləcə də qardaşı Toğrulu bıçaqladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04.08.2020-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Qəbələ RMX-dan həkim E.Haqverdiyeva məlumat verərək Qəbələ şəhər sakini 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin arxa nahiyyəsinin deşilmişkəsilmiş yarası xəsarəti ilə xəstəxanaya müraciət etdiyini bildirmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan 05.08.2020-ci il tarixli “Baxış keçirilmə və götürülmə haqqında protokol”dan görünür ki, hadisə yeri Qəbələ şəhəri, M.P.Vaqif küçəsində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yaşadığı ev olmuşdur. Baxışda iştirak edən Şahid1 yaşadığı Qəbələ şəhəri, M.P.Vaqif küçəsindəki evi göstərdikdə məlum olmuşdur ki, həmin ev 2 sot torpağın içərisində yerləşməklə yol tərəfdən həyətin kənarı daşla, yan qonşularla şiferlə hasara alınmışdır. Həyətin giriş qapısı yaşıl rəngli dəmir materialındandır. Giriş qapısından daxil olduqda üzbəüz birmərtəbəli ev yerləşir. Evin betondan hazırlanma pilləkəni var. Ön tərəfdən pilləkəndən qalxdıqda ortada giriş-çıxış qapısının sağ və sol tərəfində isə pəncərələr var. Pilləkənin üstündə talvar tipli örtücü yerləşir. Evin giriş qapısı ümumilikdə taxta materialındandır, aşağı hissəsi bütövlükdə taxta, ortadan yuxarı hissəsi isə çərçivələr arası şüşədən ibarətdir. Qapının sol aşağı gözündəki şüşə sınıb tökülmüşdür. Şahid1 bildirmiş ki, həmin şüşəni hadisə vaxtı oğlu Təqsirləndirilən şəxs sındırmış, Tamerlan Toğrulu bıçaqlayıb evdən çıxarkən qapını bərk çırpdığından şüşəsi sınıb tökülmüş, daha sonra o, özü evə gəldikdə, şüşə qırıqlarını süpürüb evin içərisinə küncə yığmışdır. Evə daxil olub həmin şüşə qırıntılarını göstərmiş və məlum olmuş ki, sınmış şüşə parçaları evə daxil olduqda qapıdan sağ tərəfdə divarın yanına topa şəkildə yığılmışdır. Giriş qapısından içəriyə daxil olduqda məlum olmuş ki, ev bir zaldan, iki otaqdan ibarətdir. Şahid1 zaldan sol tərəfdəki otaqda övladları Tamerlan və Toğrulun yatdığını, sağ tərəfdəki otaqda isə özünün yatdığını bildirərək qeyd etmişdir ki, 04.08.2020-ci il tarixdə psixi xəstə olan oğlu Tamerlan səhər saatlarında onunla və digər oğlu Toğrulla zalda münaqişə etməyə başlamış və toğrulu da həmin zalda bıçaqla vuraraq xəsarət yetirmişdir. Baxış zamanı aydın şəkildə görünür ki, zal və sol tərəfdə yerləşən yataq otağı dağınıq vəziyyətdədir. Zalın giriş qapısının şüşəsi ilə yanaşı sol baş tərəfdə yerləşən pəncərəsinin sol aşağı gözünün şüşəsi sınaraq parçaları həyətə tökülmüşdür. Bundan başqa sol tərəfdə televizor olan yataq otağına daxil olduqda qapıdan sol tərəfdə yerləşən və televizorla üzbəüz olan stolun üzərində sınaraq bir neçə yerə bölünmüş televizor pultu, yıxılı vəziyyətdə tomat bankası var. Şahid1 bildirmiş ki, həmin pultu hadisə günü psixi xəstə olan oğlu Tamerlan münaqişənin gedişində sındırmışdır. Bundan sonra zalın sağ tərəfində pəncərənin qarşısında döşəmə üzərində topa şəkildə üst-üstə yığılmış üzərlərində qırmızı rəngli qana bənzər ləkələr olan 5 ədəd paltar vardır ki, həmin paltarlardan biri papaqlı uzunqollu və yun parçadan olan idman gödəkcəsi, 4-ü isə qısaqol yay köynəkləridir. Şahid1 həmin paltarları təqdim edərək bildirmiş ki, oğlu Toğrul digər oğlu Tamerlan tərəfindən bıçaqlanarkən həmin paltarlardan ikisi onun əynində olmuş, digər ikisi isə sonradan kənardan götürüb xəsarət aldığı yerdən axan qanı silmək üçün istifadə edib. Şahid1 qeyd etmiş ki, onun bildiyinə görə hadisə zamanı Toğrulun əynində ağ rəngli, qısaqol köynək, üstdən isə papaqlı idman gödəkcəsi olmuşdur. Paltarlara baxış keçirilərkən müəyyən oldunmuş ki, boz rəngli yun parçadan, uzunqol papaqlı, ön tərəfdə hər iki yerdə cibləri olan, parçalanmış yarısı olmayan idman gödəkcəsinin arxa aşağı, arxa orta, arxa aşağı sağ tərəfində qırmızı rəngli paltara hopmuş qana bənzər ləkələr, həmin hissələrdə bir-birinə yaxın yerləşən kəsici-deşici alətlə yetirilməsi ehtimal edilən zədələr aydın şəkildə müşahidə olunur. Bundan başqa ağ rəngli qısaqol yay mövsümü üçün nəzərdə tutulmuş, boyun hissəsi dairəvi, ön tərəfində adam şəkli olan, həmin şəklin üzərində “91 LETS DO THİS BOABD LİFE” yazıları həkk olunmuş köynəyin arxa orta hissəsində və kənarlara yayılmış qırmızı rəngli qanabənzər ləkələr, arxa orta, orta sağ, orta yuxarı sağ tərəfində ümumilikdə isə 3 yerdə kəsici-deşici alətlə yetirilməsi ehtimal olunan zədə izləri vardır. Şahid1 qeyd etmiş ki, həmin zədə izləri Tamerlan Toğrula bıçaqla xəsarət yetirərkən yaranıb. Digər paltarlarda, yəni açıq mavi rəngli qısaqol, boyun hissəsi dairəvi, ön tərəfinə “ADİDAS” markalanma yazısı həkk olunmuş köynəkdə və göy rəngli qısaqol, boyun hissəsi dairəvi, boyun hissəsinin içəri arxa tərəfinə qara rəngli emblemdə “Wolee” markalanma yazısı həkk olunmuş, köynəkdə qırmızı rəngli qanabənzər ləkələr, o cümlədən köhnəlmə və uzun müddətli istifadə ilə əlaqədar cırılmış və sökülmüş yerlər olsa da, arxa tərəfində, eləcə də digər hissələrində kəsici-deşici alətlə, həmçinin bıçaqla yetirilməsi ehtimal olunan zədə izləri yoxdur. Maddi sübut əhəmiyyəti kəsb etdiyindən üzərində qanabəznər ləkələrlə yanaşı kəsici-deşici xarakterə malik alətlə, həmçinin bıçaqla yetirilməsi ehtimal olunan zədələr aşkar edilmiş 1 ədəd papaqlı idman gödəkcəsi və ağ rəngli qısaqol köynək götürülərək kağız zərfə qoyulmaqla qablaşdırılmış və qablaşdımanın üzəri “103” nömrəli möhürlənmişdir. Evə baxış keçirilən zaman digər yerlərdən qanabənzər ləkələr aşkar edilməmişdir. Bundan sonra Şahid1 evdən çölə çıxdıqda həyətdə evin pilləkəninin sol tərəfində, yerdə otluğun içərisində olan bıçağı göstərərək bildirmiş ki, 04.08.2020-ci il tarixdə psixi xəstə olan oğlu Tamerlan digər oğlu Toğrulu həmin bıçaqla vuraraq xəsarət yetirmişdir. Bıçağa baxış keçirilərkən müəyyən oldundu ki, mətbəx bıçağı olması etimal olunan dəstək və tiyə hissədən ibarətdir. Əldə tutduqda tiyəsinin yan tərəfinə dəstəyə yaxın hissədə dairə içərisində 3 ədəd “6” rəqəmi, ondan aşağıda isə “SANLİU” sözləri həkk olunmuş, dəstəyi qara rəngli olub, plastik materialından, tiyəsi isə şəffaf rəngli materialdandır. Dəstək əvvəl uc yerdən ağ rəngli metalla dəstəyin metaldan olan hissəsinə pərçinlənmiş, sonradan dəstəyin plastik hissəsi tiyəyə yaxın hissədə hansısa səbəbdən sınmış, buna görə də tiyəyə yaxın hissədə pərçin yeri də yoxdur. Bıçağın ümumi uzunluğu 24 sm, tiyənin uzunluğu isə 13 sm, tiyənin dəstəyə yaxın hissədə eni 2.2 sm, orta hissədə 1.8 sm, orta hissədə tiyənin qalınlığı 2 mm, tiyənin bir tərəfi küt, digər tərəfi iti kəsici xarakterə malikdir, tiyənin küt tərəfi ilə iti tərəfi uc hissəyə yaxınlaşaraq kəsici tərəf küt hissəyə doğru qövsvari forma alaraq tiyənin ucluğunu, yəni deşici-kəsici hissəsini təşkil edir. Bıçaq üzərində qanabənzər ləkələr müşahidə olunmuşdur. Baxışda iştirak edən inspektor kriminalist bıçağa baxış keçirərək bildirmiş ki, bıçaq otluqun içərisində şehli havada qaldığı üçün üzərində əl-barmaq izi aşkar edilmir. Qeyd olunan bıçaq maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülüb kağız zərfdə qablaşdırılmış və üzəri 103 n-li möhürlə möhürlənmişdir. Baxış zamanı başqa əhəmiyyətli hal aşkar edilməmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 16-38). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 16.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ şəhər, M.P.Vaqif küçəsindəki evi göstərib bildirmişdir ki, hadisə baş verən tarixdə, yəni 04 avqust 2020-ci il tarixdə qardaşı Toğrulu həmin evdə bıçaqlamışdır. Daha sonra qardaşı Toğrul ilə münaqişə etdiyi evin giriş qapısını, sındırdığı televizorun pultunu, sındırdığı evin pəncərəsini və qardaşı Toğrulu bıçaqladığı yeri ardıcıl olaraq ifadəsinə uyğun göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar ifadəsini yerində yoxlayarkən göstərdiyi xüsusatlarla tam uyğun gəlmişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 02, iş vər. 40-46) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 12.11.2020-ci il tarixli 20/558R saylı məhkəmə genetik ekspertizasının rəyindən görünür ki; tədqiqata təqdim edilmiş 01(bir) ədəd boz rəngli kopişonlu idman gödəkcəsi və 01(bir) ədəd qısaqol köynək üzərində olan qanabənzər ləkələr insan qanıdır və X2 məxsusdur (cild 01, iş vər. 211-215). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 oktyabr 2020-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə iş üzrə 05.08.2021-ci il tarixdə hadisə yerinə baxış keçirilən zaman götürülmüş bir ədəd ümumi uzunluğu 24 sm, dəstəyi qara rəngli plastik materialından olan və dəstəyinin plastik hissəsi tiyəyə yaxın hissədə qopmuş, əldə tutulan vəziyyətdə tiyəsinin sol tərəfində dəstəyə yaxın tərəfdə dairə içərisində üç ədəd “6” rəqəmi və “SANLİU” sözləri həkk olunmuş bıçaqı digər üç ədəd mətbəx bıçağı arasında 2 rəqəmi ilə nömrələnib iş üzrə Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs ona təqdim edilən bıçaqları nəzərdən keçirib 2 rəqəmi ilə nömrələnmiş ümumi uzunluğu 24 sm, dəstəyi qara rəngli plastik materialından olan və dəstəyinin plastik hissəsi tiyəyə yaxın hissədə qopmuş, əldə tutulan vəziyyətdə tiyəsinin sol tərəfində dəstəyə yaxın tərəfdə dairə içərisində üç ədəd “6” rəqəmi və “SANLİU” sözləri həkk olunmuş bıçağı göstərərək, 04.08.2021-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs yaşadıqları evdə onun bel nahiyyəsinə qəsdən vuraraq xəsarət yetirdiyi bıçağın həmin bıçaq olduğunu qeyd etmiş və həmin bıçağı dəstəyinin qara rəngindən və dəstəyinin qopmuş hissəsindən tanıdığını bildirmişdir. Tanınma aparılan zaman foto şəkillər çəkilmiş və protokola əlavə edilmişdir (cild 01, iş vər. 81-84). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 fevral 2021-ci il tarixli 3/292/, 3/293 nömrəli məhkəmə balistik və trasoloji ekspertizalarının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş geyim əşyalarının üzərində rəyin təsviri hissəsində qeyd edilən zədələrin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağı tiyəsi də aiddir (cild 01, iş vər. 216-219). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 28.08.2020-ci il tarixli 413 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində onurğa sütunu üzərində V döş fəqərəsi səviyyəsində boşluğa nüfuz etməyən, döş qəfəsinin arxa sol hissəsində kürək xətti üzrə Vİİ-Vİİİ qabırğa arası sahədə və sağ kürək xətt üzrə V-Vİ qabırğa arası sahədə döş boşluğuna nüfuz edən pnevmahemotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yaraları və döş qəfəsinin sağ və sol qoltuqaltı xətt üzrə V-Vİ qabırğalar arası sahədə cərrahi yolla drenaj qoyulması üçün kəsilmiş yaraları kimi xəsarət vardır. Zərərçəkmiş şəxs bədəni üzərində onurğa sütunu üzərində V döş fəqərəsi səviyyəsində boşluğa nüfuz etməyən, döş qəfəsinin arxa sol hissəsində kürək xətti üzrə Vİİ-Vİİİ qabırğa arası sahədə və sağ kürək xətt üzrə V-Vİ qabırğa arası sahədə döş boşluğuna nüfuz edən pnevmahemotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yaraları iti, deşici-kəsici xarakterə malik olan alətin(əşyanın-bıçağın) təsirindən, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 04 avqust 2020-ci ildə törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunan xəsarətlər müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 04 avqust 2020-ci ildə arxadan kənar şəxs tərəfindən yetirilməsinə uyğun gəlir. Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthindəki xəsarətlər ekspertizaya təqdim olunan və yuxarıda forması təsvir edilən bıçağın təsirindən törənə bilər (cild 01, iş vər. 42-45). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22.12.2020-ci tarixli T351/2020 nömrəli komissiyon məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs tibbi sənədlərinə əsasən onun almış olduğu xəsarətlər- döş qəfəsinin arxa səthinin onurğa sütunu üzərində V döş fəqərəsi səviyyəsində boşluğa nüfuz etməyən və ikitərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin arxa sol hissəsində kürək xətti üzrə Vİİ-Vİİİ qabırğalararası sahədə və sağ kürək xətt üzrə V-Vİ qabırğalar arası sahədə döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici xarakterli alətin, o cümlədən də bıçağın təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni 04.08.2020-ci ildə törənə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmağa aiddir. Vətəndaş Zərərçəkmiş şəxs səhhətində baş vermiş ağırlaşma həkim səhlənkarlığı ilə deyil, onun almış olduğu xəsarətin fəsadı nəticəsində baş vermişdir. Qeyd edilən ağırlaşmanın xəsarətin sağlamlığa zərər vurma dərəcəsinə təsiri yoxdur (cild 01, iş vər. 204-208). Cinayət işinin materiallarında olan Qəbələ rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş 08.10.2020-ci il tarixli 3/737 saylı məktubdan görünür ki, Qəbələ rayonu, Mıxlıqovaq kənd sakini 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Qəbələ rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin psixiatrik kabinetində 202-ci il tarixdən “orta dərəcəli əqli gerilik davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır (cild 01, iş vər. 80). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş stasionar məhkəmə psixiatrik ekspertizasının 03.05.2021-ci tarixli 55 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Şəxsiyyətin emosional davamsız pozuntusu, impulsiv tip” kimi psixi pozuntu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən və ona istinad edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs düçar olduğu impulsiv tipli emosional davamsız şəxsiyyət pozuntusu onu cinayət hadisəsini törətdiyi dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və tam idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırki müayinə zamanı Təqsirləndirilən şəxs aşkarlanan impulsiv tipli emosional davamsız şəxsiyyət pozuntusu onu öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Buna görə də onun barəsində tibbi xarakterli hər hansı növ məcburi tədbirin tətbiq edilməsinə zərurət yoxdur (cild 02, iş vər. 11-15). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının 16.12.2021-ci tarixli 164 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “ Şəxsiyyətin emosional davamsız pozuntusu, impulsiv tip” kimi psixi pozuntunun əlamətləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqlı hesab olunmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs düçar olduğu emosional davamsız şəxsiyyət pozuntusundan əziyyət çəkməsi onun öz hərəkətləri üçün məsuliyyət daşımasına mane olmur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqlı hesab olunmalıdır. Lakin, əziyyət çəkdiyi psixi pozuntu onu, cinayət hadisəsini törətdiyi dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və tam idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs ətrafdakılar üçün təhlükəli deyil. Hal-hazırki psixi vəziyyətinə görə Rəcəbli Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər. 89-95). Cinayət işinin materiallarında olan 22.12.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 126.2.4, 221, 29,120 və 228-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 109-125) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs ilə ailə - məişət münasibətləri zəminində mübahisə edib, əvvəlcə yumruq və təpiklə qardaşı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vurmuş, daha sonra evin ümumi zalında, stolun üzərindən götürdüyü mətbəxt bıçağının tiyəsi ilə Zərərçəkmiş şəxs kürək nahiyyəsindən qəsdən üç dəfə vuraraq, ona onurğa sütunu üzərində 5-ci döş fəqərəsi səviyyəsində boşluğa nüfuz etməyən, döş fəqərəsinin arxa sol hissəsində kürək xətti üzrə 7-8-ci qabırğa arası sahədə və sağ kürək xətt üzrə 5-6-cı qabırğa arası sahədə döş boşluğuna nüfuz edən və pnevmahemotoraksla müşayət olunan deşilmiş-kəsilmiş yaraları kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər mötəbər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qardaşı və anası ilə birlikdə Qəbələ rayon Mıxlıqovaq kəndində qeydiyyatda olmaqla Qəbələ şəhəri, M.P.Vaqif küçəsində yaşayır və yaşadığı müddətdə onun haqqında heç bir yazılı və şifahi şikayət daxil olmamışdır (cild 01, iş vər. 97-98). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 93). Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamaqla onunla barışmasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin 2-ci qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini, etdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd edilən halları, həmçinin cinayət qanunvericiliyinin normalarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CMnin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin doğma qardaş olmaqla eyni evdə yaşamalarını, əvvəllər aralarında xırda mübahisələr olsa da, hər hansı ədavətin və düşmənçiliyin olmamasını, hazırda barışmalarını, təqsirləndirilən şəxsin ikinci qrup əlil olmasını əsas götürərək, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18.11.2020-ci il tarixli və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 18.11.2020-ci il tarixli qərarlardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 116-117, 130-131). Cinayət işinin materiallarında olan 01.01.2021-ci il tarixli “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması, barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyinə görə və barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan olunmuşdur (cild 01, iş vər. 200-201). Cinayət işinin materiallarında olan 15.03.2021-ci il tarixli “Axtarışda olan şəxsin özünü könüllü təqdim etməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq İstintaq Bölməsinə təhvil verilmişdir (cild 01, iş vər. 221). Cinayət işinin materiallarında olan 15.03.2021-ci il tarixli “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müdafiəçinin də iştirakı ilə tutulmuşdur (cild 01, iş vər. 224). Cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxsin X5 azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 17.03.2021-ci il tarixli qərarlardan görünür ki, həmin tarixdə Rəcəbli X1 Saxlama Yerindən azad edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır (cild 01, iş vər. 232-233). Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi ziyanın, mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Qəbələ Rayon PŞ-də saxlanılan bir ədəd mətbəx bıçağı, bir ədəd qısaqol köynək və bir ədəd idman gödəkcəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 170 AZN (bir yüz yetmiş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Qəbələ RPŞ-də saxlanılan bir ədəd mətbəx bıçağı, bir ədəd qısaqol köynək və bir ədəd idman gödəkcəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 170 AZN (bir yüz yetmiş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-82/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-82/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver