Məhkəmə qərarları › İş №1(091)-82/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-82/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-82/2023 09.03.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1980-cı ildə Ağdaş şəhərində doğulmuş, evli, Azərbaycan Respulikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən, CM-in 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumilikdə təmiz çəkisi 2,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, həmin heroinin bir hissəsini, yəni 1,152 qramını xx.xx.2022-ci il tarixdə saat 14- 15 radələri arasında Ağdaş şəhəri, Y.Nəbiyev küçəsində 30 (otuz) manat müqabilində qanunsuz olaraq Şahid3 satmış, xx.xx.2022-ci il tarixdə saat 1620 radələrində Ağdaş RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Ağdaş rayonu, Sadavat kəndi ərazisində saxlanılaraq, rayon polis şöbəsinə gətirildikdən sonra həmin tarixdə saat 1717-dən 1734-dək üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,152 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, tədbirlərin davamı kimi xx.xx.2022-ci il tarixdə saat 1035 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Y.Nəbiyev küçəsində saxlanılaraq, rayon polis şöbəsinə gətirildikdən sonra həmin tarixdə saat 1124-dən 1131-dək üzərinə keçirilən şəxsi axtarış zamanı satış məqsədilə 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,648 qram narkotik vasitə olan heroin onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 1035 radələrində Ağdaş şəhəri Vaqif küçəsində yaşadığı evin qarşısında olarkən Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmiş, polis şöbəsinə gələndən sonra şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə növbətçi hissədə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu 1 ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin narkotik vasitə ona məxsus olmamış, həmin bükümü polis əməkdaşları onun cibinə qoymuşdur. Heç kəsə, həmçinin Elşən adlı şəxsə narkotik vasitə satmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Post Patrul Xidmətinin polis nəfəri işləyən Şahid2 ilə birlikdə saat 10 radələrində Ağdaş şəhəri Vaqif küçəsində olan Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Ağdaş Rayon Polis Şöbəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs da onlarla razılaşaraq birlikdə Ağdaş RPŞ-nə gəlmişlər. Ağdaş RPŞdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdfiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən çəkisi 1,91 qram olmaqla içərisində narkorik vasitə olan heroinə bənzər kütlənin olduğu bir ədəd sellofan büküm aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroinin özünə məxsus olmadığını və bilmədiyi polis əməkdaşının üzərinə qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymamış, sonuncuya qarşı heç bir zor tətbiq etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Ağdaş rayon X8 Patrul Xidmətinin polis nəfəri işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Sadavat kəndinə getmiş, orada bir şəxslə mübahisə etdiyinə görə polis əməkdaşları onu Ağdaş rayon Polis Şöbəsinə gətirərək onun qarşısına külli miqdarda narkotik vasitə qoyub əgər az miqdarda narkotik vasitəni Təqsirləndirilən şəxs almasını bildirməsə külli miqdarda narkotik vasitə ilə tutulacağını bildirmiş, ona görə də məcbur qalıb həmin narkotik vasitəni Nazirdən aldığını polis əməkdaşlarına bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 1620 radələrində Ağdaş rayon Sadavat kəndində yolun kənarı ilə gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vastə daşımasında şübhəli olduğuna görə Ağdaş RPŞ-nə dəvət etmiş, rayon PŞ-də şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı şalvarın sol yan cibindən çəkisi 1,4 qram olmaqla içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu bir ədəd şəffaf sellofan büküm aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Üzərindən aşkar olunan narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə təxminən saat 14-15 radələrində 30 (otuz) manat pul müqabilində Ağdaş şəhəri Maşad küçəsində yaşayan Ərəstunun oğlu Nazir adlı şəxsdən yaşadıqları evin qarşısındakı küçədə istifadə etmək üçün almışdır. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, polis əməkdaşları ona da Təqsirləndirilən şəxs narkotik vasitə almasını bildirməsini istəsələr də sonuncuların bu təklifi ilə razılaşmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/728 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “.Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 1,648 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/726 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “.Vət. Şahid3 üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm...” sözləri və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 1,152 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/891 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Şahid3 üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm...” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan heroin ilə üzərində “.Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1782 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən CM-in 127.1, 221.3, 228.4 və 234.1-ci maddələri ilə 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən, CMin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən törətdiyi cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən olunur. İş materiallarında olan şəxsi axtarış keçirilməsinə dair 16 sentyabr 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarı zamanı əynindəki idman şalvarının sol yan cibindən çəkisi 1,91 qram ola içərisində qəhvəyi rəngli toz və kristal halında maddəinin olduğu bir ədəd sellofan bükülü aşkar edilərək götürülmüşdür. İş materiallarında olan şəxsi axtarış keçirilməsinə dair 15 sentyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, Şahid3 şalvarının sol yan cibindən çəkisi 1,4 qram olan içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu bir ədəd sellofan bükülü aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Ağdaş şəhəri M.P.Vaqif küçəsi bina 1/25 nömrəli evdə yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2022-ci il tarixli PHŞ/6.22-2-2022- 781 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanda yaşayan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində “Heroin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 16 sentyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1110-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Ağdaş rayon Məhkəməsinin 18 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması və heç kəsə narkotik vasitə satmamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Şahid3 məhkəməyədək icraat zamanı ona heç bir təsir olmadan üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmiş, xx.xx.2022-ci il tarixdə videoçəkilişlə Təqsirləndirilən şəxsla arasında keçirilən üzləşdirmə zamanı da ona heç bir təsir olmadan israrla üzərindən aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Ona görə də məhkəmə tərkibi Şahid3 və Hakim Quliyevin məhkəmə araşdırması zamanı verdiyi ifadələrini onların Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün sonuncunun müdafiəsinə yönəlmiş ifadələr kimi qəbul edir. Narkotik vasitənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmasına münasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həmin istintaq hərəkəti icra olunan zaman ibtidai araşdırma orqanı tərəfindən qanun pozuntusuna yol verilməmiş, Təqsirləndirilən şəxs üzərinə məhkəmə qərarı əsasında müdafiə hüququ təmin edilməklə şəxsi axtarış aparılan zaman narkotik vasitə olan heroin aşkar edilmişdir ki, həmin heroin də məhkəmə kimyəvi ekspertizasının rəyi ilə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Şahid3 üzərindən aşkar edilmiş heroinlə eyniyyət təşkil etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin resdividir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutlduğu 16 sentyabr 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 174,06 AZN (yüz yetmiş dörd manat altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 16 sentyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 174,06 AZN (yüz yetmiş dörd manat altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Ağdaş rayon Polis Şöbəsində saxlanılan 1,598 qram narkotik vasitə olan heroin məhv edilsin, bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar