Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-82/2024 03.06.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1974-cü ildə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 2680 qram olan narkotik vasitə-qurudulmamış marixuana əldə edərək üzərində saxlamış, 26 sentyabr 2023-cü il tarixdə, saat 17:05 radələrində həmin narkotik vasitəni satış məqsədi olmadan Zaqatala rayonunun Kəpənəkçi kəndində qanunsuz daşıyarkən Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis şöbəsinə gətirilmiş və üzərində həmin gün saat 17:44-dən 18:55-dək olan müddət ərzində şəxsi axtarış aparılarkən, əlində tutduğu göy rəngli sintetik kisədə 2680 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, getmədiyi üçün atasının qəbrinin yerini bilməmişdir, ona görə də uzun illər görmədiyi dayısı oğlu Rövşən Məmmədov ona qəbirin olduğu yeri tanıdığını bildirmiş və birlikdə atasının qəbirini ziyarət etməyə getmişlər. Zaqatala rayonunun Kəpənəkçi kəndinin ərazisindən keçərkən Rövşən Məmmədov ona “burada işim var, gözlə gəlirəm” demiş, oradan yığdığı qurudulmamış marixuana olan sellofan torbanı ona vermiş və sonra demişdir ki, maşın tapıb gəlirəm. Həmin vaxt polislər gəlmişlər. Hadisə belə olmuşdur. Təqsirləndirilən şəxs daha sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rövşən Məmmədov sellofan torbanı mağazadan almışdır, lakin qurudulmamış marixuananı fındıq bağının ərazisindən yığmışdir. Rövşənin orada nə etdiyini görmüşdür, onun özü də narkotik vasitə istifadəçisidir. Polis əməkdaşları gələndə torba onda olmuşdur. Rövşən Məmmədov yola çıxdığı üçün torbanı ona vermişdir ki, kimsə görməsin. O, narkotik vasitə istifadəçisi deyil. Əvvəllər narkotikə görə məhkumluğu olmuşdur. Rövşən Məmmədov Bakıya gəlmiş və onunla rayona qayıtmışlar. Orada olanda atasının qəbirini ziyarət etməyə getmişlər. Zaqatala rayonuna tez-tez getmir. Atası təxminən 9-10 ildir ki, ölmüşdür. Polis əməkdaşları onu saxlayan zaman hava işıqlı olmuşdur. Polis şöbəsində olanda vəkili olmuşdur. Ancaq vəkilə buradakı kimi deməmişdir. Polis şöbəsində təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində isə CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, bir neçə ildir narkotik vasitə istifadəçisidir və bu günə kimi narkotik vasitədən fasilələrlə istifadə edir. Hazırda Bakı şəhəri, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 63, mənzil 3-də qeydiyyatda olmaqla yaşayır. xx.xx.2023-cü il tarixdə doğulduğu Zaqatala rayonu, Muğanlı kəndində mərhum atası Qurban Məmmədovun qəbrini ziyarət etməyə gəlmişdir. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində atasının qəbrini ziyarət etmək üçün Muğanlı kəndində yerləşən qəbirstanlığa getmiş və atasının qəbrini ziyarət etdikdən sonra yaxınlıqda olan çöl sahəsinə gedərək, oradan yabanı halda bitmiş narkotik tərkibli marixuana bitkisini cibində olan sellofan torbaya yığmışdır. Daha sonra o, yığdığı qurudulmamış marixuana olan sellofan torbanı götürərək, yaşadığı Bakı şəhərinə qayıtmaq istəmişdir. O, həmin sellofan torba ilə Zaqatala rayonu, Kəpənəkçi kənd ərazisindən keçərkən “üçyol” deyilən ərazidə bir neçə nəfər mülki geyimdə olan şəxs Zaqatala RPŞ-nın əməkdaşları kimi özlərini təqdim etdikdən sonra narkotik vastələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona təqdim edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilərək üzərində şəxsi axtarış aparılmış, qeyd olunan tarixdə polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılan zaman əlində gəzdirdiyi bir ədəd sellofan torbada narkotik maddə aşkar edilərək götürülmüşdür. Həmin vaxt üzərində aşkar olunan narkotik tərkibli maddə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. RPŞ-da üzərində şəxsi axtarış aparılan zaman aşkar edilən bir ədəd sellofan torbada olan narkotik maddə ona məxsusdur. O, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Muğanlı kəndi ərazisində yerləşən qəbirstanlığın yaxınlığında olan çöl sahəsindən yığmışdır. O, həmin narkotik vasitəni toplayan zaman yanında heç kəs olmamış, narkotik vasitəni şəxsi istifadəsi üçün toplamış, hazırda onun yaşadığı evdə və yaxud başqa yerdə heç bir narkotik tərkibli maddələr yoxdur. Onun narkotik vasitə əldə edib saxlamağından heç kimin məlumatı olmamışdır. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, bununla əlaqədar hər hansı bir vəsatəti və şikayəti yoxdur. Rayon prokurorluğunda olarkən bildirdiyi Rövşən adlı şəxs həqiqətdə yoxdur. Bu barədə prokurorluqda şifahi formada bildirdikləri həqiqəti əks etdirmir, qeyd olunan narkotik vasitəni Zaqatala rayonunun Muğanlı kəndi ərazisində, atasının qəbri üstünə gedən zaman həmin ərazidən toplamışdır (İ cild, i/v 62-64). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadə düz yazılmamışdır. O, elə ifadə verməmişdir. Əvvəllər ayrılıqda 09 il 09 ay və 06 il 06 ay olmaqla iki dəfə məhkumluğu olmuşdur. Narkoloji ekspertiza keçirilmişdir. Ekspertiza zamanı həkimlər ondan nəsə soruşmamışlar. Orada 3 həkim və özü olmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci madəsində nəzərdə tutlan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək demişdir ki, Zaqatala Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün polis baş leytenantı Şahid1 və polis kiçik leytenant Şahid3 tərəfindən 26 sentyabr 2023-cü il tarixdə, saat 17:05-də Zaqatala rayonunun Kəpənəkçi kəndində saxlanılaraq, Zaqatala RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində daşıması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi X4 təqdim edilmişdir. Zaqatala RPŞ-nın inzibati binasında müdafiəçinin iştirakı ilə təhqiqatçı, polis mayoru Şahlar Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl təhqiqatçı Şahlar Məmmədov ona üzərində qanunsuz saxladığı narkotik vasitə və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əlində olan göy rəngli sintetik kisəni təqdim etmiş, həmin sintetik kisə açıldıqda içərisində narkotik vasitə - yaş vəziyyətdə olan yaşıl rəngli, spesisfik qoxulu çətənə bitkisinə bənzər bitki kütləsi olmuşdur. Həmin kütlə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 2710 qram təşkil etmişdir. Sintetik kisədə aşkarlanmış narkotik vasitə 1 ədəd ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, heç bir qanunsuz maddə və ya əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman müqavimət göstərməmiş və ona qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək demişdir ki, keçən ilin sentyabr ayında ona məlumat daxil olmuşdur ki, Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində tanımadıqları şəxs kolluq ərazidə yabanı halda bitmiş narkotik tərkibli marixuana bitkisi yığır. Polis əməkdaşları ilə birlikdə oraya getmiş və həmin şəxs, Təqsirləndirilən şəxs saxlayaraq, polis şöbəsinə dəvət etmişlər. O da polis şöbəsinə gəlmişdir. Polis şöbəsində narkotik tərkibli marixuana bitkisini nə üçün yığıdığını soruşanda, o, atasının qəbirini ziyarət etmək üçün gəldiyini bildirmiş və siqaret almağa imkanı olmadığı üçün narkotik tərkibli marixuana bitkisindən istifadə etmək üçün yığdığını bildirmişdir. Həmçinin, ondan tək olub-olmadığını soruşanda, demişdir ki, təkəm. Daha sonra şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılan zaman Təqsirləndirilən şəxs orada tək olmuş və narkotik tərkibli marixuana bitkisini də özünün istifadəsi üçün tək yığdığını bildirmişdir. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat məlumatından dərhal sonra tədbir keçirilmiş və Təqsirləndirilən şəxs həmin ərazidə saxlanılaraq polis şöbəsinə dəvət edilmişdir. O, polis şöbəsində aşkar olunan narkotik tərkibli bitkinin özünə məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı ərazi kolluq, meşəlik yer olmuşdur. Ətrafda heç kim olmamışdır. Başqa şəxsin olub-olmadığını soruşduqda, o, başqa heç kimin olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 bildirmişdir ki, Zaqatala RPŞ-nın CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün o, polis kapitanı Şahid2 və polis kiçik leytenantı Şahid3 tərəfindən 26 sentyabr 2023-cü il tarixdə, saat 17:05 radələrində Zaqatala rayonunun Kəpənəkçi kəndində saxlanılaraq Zaqatala RPŞ-ya gətirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində daşıması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi X4 təqdim edilmiş, Zaqatala RPŞ-nın inzibati binasında müdafiəçinin iştirakı ilə təhqiqatçı, polis mayoru Şahlar Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl təhqiqatçı Şahlar Məmmədov ona üzərində qanunsuz saxladığı narkotik vasitə və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əlində olan göy rəngli sintetik kisəni təqdim etmiş, həmin sintetik kisə açıldıqda içərisində narkotik vasitə - yaş vəziyyətdə olan, yaşıl rəngli, spesifik qoxulu çətənə bitkisinə bənzər bitki kütləsi olduğu müşahidə edilmiş, həmin kütlə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 2710 qram təşkil etmiş, sintetik kisədə aşkarlanmış narkotik vasitə 1 ədəd ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da digər qanunsuz maddə və ya əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmış, zərfə qoyularaq qablaşdırılmış və zərfin ağızı möhürlənmişdir. Şahid ifadələrini dinləyib tədqiq edən məhkəmə kollegiyası şahidlər Şahid2, Şahid1 və Şahid3 ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, bir-birilə uzlaşır, hadisənin baş vermə mexanizmi və gedişatı təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı göstərdiyi hallarla üst-üstə düşür. Bu dəlillər hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur, şahidlər tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, şahid ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Zaqatala RPŞ-nın NMQ-nin əməliyyat müvəkkili Şahid3 26 sentyabr 2023-cü il tarixli raportları ilə. Həmin raportlardan görünür ki, Şahid3 Zaqatala RPŞ-nın rəisinə müraciət edərək Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin istifadəsində və daşınmasında şübhəli olduğunu bildirərək, Təqsirləndirilən şəxs barəsində tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmiş, bundan sonra Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin istifadəsində və daşınmasında şübhəli olduğu üçün 26 sentyabr 2023-cü il tarixdə, saat 17:05-də Zaqatala rayonunun Kəpənəkçi kəndində saxlanılaraq Zaqatala RPŞ-ya gətirilmiş və onun barəsində tədbir görülməsi xahiş edilmişdir (İ cild, i/v 02-03). Şübhəli şəxsin tutulması haqqında 2 sentyabr 2023-cü il tarixli qərar və protokolla. Həmin qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən xx.xx.2023cü il tarixdə, saat 17:34-də şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i/v 4, 17). Şəxsi axtarış və götürmə haqqında 26 sentyabr 2023-cü il tarixli protokol və bu barədə SD diskdə olan videogörüntü ilə. Həmin videogörüntü və protokoldan müəyyən olunur ki, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı narkotik maddə, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əlində olan göy rəngli sintetik kisəni təqdim edərək, həmin sintetik kisənin içərisində yaş vəziyyətdə çətənə bitkisi olduğunu bildirmişdir. Həmin sintetik kisə açılıb içərisinə baxış keçirilərkən içərisində yaş vəziyyətdə olan, yaşıl rəngli, spesifik qoxulu çətənə bitkisinə bənzər bitki kütləsinin olduğu müşahidə edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdə sintetik kisə ilə birlikdə ümumi çəkisinin 2710 qram olması müəyyən edilmişdir. Elektron tərəzidə çəkildikdən sonra həmin kütlə ağ rəngli sintetik kisədə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan çətənə bitkisinə bənzər bitki kütləsini xx.xx.2023-cü il tarixdə Zaqatala rayonunun Muğanlı kəndi ərazisində yabanı halda bitmiş çətənə kollarından şəxsi istifadəsi üçün yığdığını bildirmişdir. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmış, iştirak edən şəxslər tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir (İ cild, i/v 18-22). Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 29 sentyabr 2023-cü il tarixli protokol və həmin istintaq hərəkətinin gedişatını özündə əks etdirən videogörüntü ilə. Bu istintaq hərəkətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə yerində ondan aşkar olunmuş narkotik vasitə - qurudulmamış marixuananı topladığı yeri göstərib, onu yığmaqda məqsədinin bədən ağrılarını kəsmək üçün istifadə etmək niyyətinin olduğunu bildir. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/713 nömrəli rəyilə. Həmin rəylə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş - üzərinə yapışdırılmış vərəqədə ...“Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək bir ədəd sellefon torbada və götürülmüş çəkisi 2,710 kq narkotik vasitə..” sözləri, adlar və imzalar yazılmış sintetik kisənin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi - 2680,0 qram olan yaş vəziyyətdə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuanadır. Marixuana 28 iyun 2005-ci tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Məhkəmə narkoloji ekspertizanın 29 sentyabr 2023-cü il tarixli 1632 nömrəli rəyi ilə. Bu rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (İ cild, i/v 116). Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 2680 qram olan narkotik vasitə-qurudulmamış marixuananı əldə edərək üzərində saxlaması və 26 sentyabr 2023-cü il tarixdə, saat 17:05-də həmin narkotik vasitəni satış məqsədi olmadan Zaqatala rayonunun Kəpənəkçi kəndində qanunsuz daşıyarkən Zaqatala RPŞ-nın əməkdaşları tərəfindən saxlanılaraq həmin polis şöbəsinə gətirilməsi və üzərində həmin gün saat 17:44-dən 18:55-dək olan müddət ərzində şəxsi axtarış aparılarkən, göy rəngli sintetik kisədə 2680 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuananın aşkar olunaraq götürülməsində təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 234.1-1-ci maddəsilə tövsif edilməsinə imkan verir. Təqsirləndirilən şəxs dinləyən məhkəmə kollegiyası onun qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 2680 qram narkotik vasitə-qurudulmamış marixuananın ona məxsus olmasını əsaslı hesab edir. Çünki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi işdə olan digər sübutlar, ekspertiza rəyləri, şəxsi axtarış keçirilməsi və götürmə haqqında videogörüntü və protokollar, maddi sübutlar və digər istintaq sənədləri ilə təsdiq olunur. İşdən görünür ki, Təqsirləndirilən şəxs tutularkən polis əməkdaşları tərəfindən təhqir edilmədiyini, döyülmədiyini və ona qarşı qeyri-insani hərəkətlərə yol verilmədiyini bildirsə də, lakin özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş və qeyd etmişdir ki, ondan aşkar edilmiş marixuana ona yox, dayısı oğlu Rövşən Məmmədova məxsus olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs nə 26 sentyabr 2023-cü il tarixdə, saat 17:34-də şübhəli şəxs qismində saxlanılıb müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişlə axtarış aparılarkən, nə ondan sonra izahat, nə də 28 sentyabr 2023cü ildə təqsirləndirilən şəxs qismində dindirilərkən hər hansı bir şəxsin adını çəkməmişdir. 28 sentyabr 2023-cü ildə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən dindirilərkən onun üzərindən aşkar edilmiş narkotik vasitənin qohumu Rövşən adlı şəxs tərəfindən ona verildiyini desə də, elə həmin gün əlavə dindirilərkən müstəntiqin ona “Siz Zaqatala Rayon Prokurorluğunda barənizdə həbs qətimkan tədbiri seçilməsi üçün təqdim olunan vəsatətlə tanış olan zaman rayon prokurorunun qəbulunda olduqda üzərinizdə aşkar olunmuş sellofan torbadakı narkotik vasitə-qurudulmamış marixuananın qohumunuz Rövşən adlı şəxs tərəfindən Sizə verildiyini bildirdiniz, əgər həqiqəti əks etdirirsə, bu barədə nə deyə bilərsiz” sualına cavab olaraq bildirmişdir ki, “Elə adam yoxdur, tutulmaqdan qorxdum, iki övladım var, prokurora bu barədə dedim ki, yəqin məni buraxar, prokurorluqda şifahi formada verdiyim ifadə həqiqəti əks etdirmir.” Digər tərəfdən, 24 noyabr 2023-cü il tarixli raportdan da görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs Rövşən adlı qohumunun olub-olmamasının əməliyyat yolu ilə müəyyən edilməsi barədə əməliyyat tapşırığı verilmiş, lakin əməliyyat yolu ilə belə bir şəxsin olması müəyyən olunmamışdır (İ cild, i/v 115). Bundan əlavə, 29 sentyabr 2023-cü ildə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti aparılarkən də Təqsirləndirilən şəxs Zaqatala rayonunun Muğanlı kəndində qurudulmamış marixuana topladığı yeri göstərib, üzərindən aşkar olunmuş qurudulmamış marixuananı yığmaqda məqsədinin bədəni ağrıdığı üçün istifadə etmək istədiyini, həmin narkotik vasitəni tək topladığını, toplayan zaman heş kəsin görmədiyini, topladıqdan sonra bu barədə heç kəsə məlumat vermədiyini bildirmişdir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmamış marixuananı Rövşən adlı şəxs tərəfindən ona verilməsi barədə dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, müdafiə tərəfi cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsə aid imzaların Təqsirləndirilən şəxs tərəfindən icra edilmədiyini bildirərək, müvafiq ekspertiza keçirilməsini xahiş etmiş və məhkəmənin 18 mart 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilərək məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və 16 aprel 2024-cü il tarixli 4/472 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki:
1. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 4-cü vərəqəsindəki 26 sentyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərarda “Şübhəli şəxs” qrafasındakı imza; 5-ci vərəqəsindəki 26 sentyabr 2023-cü il tarixli vəkillərin siyahısının şübhəli şəxsə təqdim edilməsi barədə protokolda “Şübhəli şəxs” qrafasındakı imza; 6-cı vərəqəsindəki 26 sentyabr 2023-cü il tarixli ərizədə “İmza:” qrafasındakı imza; 12-ci vərəqəsindəki 26 sentyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokolda “Şübhəli şəxs” qrafasındakı imza; 13-14-cü vərəqəsindəki 26 sentyabr 2023-cü il tarixli bildirişin 1-ci vərəqəsində sağdan 2-ci imza, 2-ci vərəqəsində “Şübhəli şəxs” qrafasındakı imza; 15-ci vərəqəsindəki 26 sentyabr 2023-cü il tarixli şübhəli şəxsə tutma qərarının surətinin, hüquq və vəzifələrinin izah edilməsinə dair bildirişin verilməsi haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza; 16-cı vərəqəsindəki 26 sentyabr 2023-cü il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu şəxslər barədə digər məlumatların cinayət əməlini törətməkdə şübhəli şəxsə bildirməsi barədə protokolda “Şübhəli şəxs” qrafasındakı imza; 17-ci vərəqəsindəki 26 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokolda “Şübhəli şəxs” qrafasındakı imza; 18-19-cü vərəqəsindəki 26 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokolun 1-ci vərəqəsində “İmza:” qrafasındakı imza və “5” rəqəminin qarşısındakı imzalar, 2-ci vərəqəsində “5” rəqəminin qarşısındakı imza; 24-25-ci vərəqəsindəki 26 sentyabr 2023-cü il tarixli izahatın 1-ci vərəqəsində “İmza” qrafasındakı imza və sağdan 1-ci imza, 2-ci vərəqəsində “İmza” qrafasındakı imza, 29-cu vərəqəsindəki 27 sentyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokolda “İmza:" qrafasındakı imza; 33-cü vərəqəsindəki 27 sentyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi ekspertiza rəyi ilə tanış edilməsi haqqında protokolda “İmza:” qrafasındakı imza; 55-56-cı vərəqəsindəki 28 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 58-59-cu vərəqəsində olan təqsirləndirilən şəxsin hüquq və vəzifələrinə dair bildirişin 1-ci vərəqəsində sağdan 1-ci imza, 2-ci vərəqəsində “Təqsirləndirilən şəxs,” qrafasındakı imza; 60-61-ci vərəqələrindəki 28 sentyabr 2023-cü il tarixli protokollarda “Təqsirləndirilən şəxs” qrafasındakı imzalar; 62-64-cü vərəqələrindəki 28 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda təqsirləndirilən şəxsin adından olan imzalar; 71-ci vərəqəsindəki 28 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün prokurorluğa təqdim edilən vəsatət, vəsatətə əlavə edilmiş sənədlər və vəsatətin rədd edilməsi haqqında qərarla tanış etmək haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 72-73-cü vərəqələrindəki 28 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında protokolda təqsirləndirilən şəxsin adından olan imzalar; 75-76-cı vərəqəsindəki 28 sentyabr 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərarda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 77-ci vərəqələrindəki 28 sentyabr 2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 80-81-ci vərəqəsindəki 28 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi qərarda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 84-86-cı vərəqələrindəki 29 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokolda təqsirləndirilən şəxsin adından olan imzalar; 90-cı vərəqələrindəki 29 sentyabr 2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 111-ci vərəqəsindəki 22 noyabr 2023-cü il tarixli axtarışda olan şəxsin könüllü gəlməsi barədə protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 115-ci vərəqəsindəki 22 noyabr 2023-cü il tarixli ərizədə “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 131-ci vərəqəsindəki 28 noyabr 2023-cü il tarixli ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza” 132-ci vərəqəsindəki 29 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsi və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur.
2. Tədqiqi hissənin 2-ci bəndində göstərilən çatışmazlıqları aradan qaldırmaq üçün aşağıdakı profilaktik tövsiyələri veririk: - sənədlərdə imzaların sadələşdirilmiş formada icra olunmasına yol verməmək, - imza qrafalarında imza edən şəxsin öz xətti ilə ad-soyadını icra etməsini təmin etmək bu qrafik materialın artmasına gətirib çıxarar və sənədlərdə imzaların saxtalaşdırılmasına çətinlik törədər) (İ cild, i/v 43-46). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. “Məhkəmə hökmü haqqında” qərarının 33-cü bəndində isə qeyd olunmuşdur ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokol və digər sübutlarla təsdiqini tapmışdır. Ona görə də məhkəmə kollegiyası ittiham tərəfinin sübutlarını mötəbər hesab edərək onlarla razılaşmaya bilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Fətullayev Azərbaycana qarşı iş üzrə 07 aprel 2022-ci il tarixli qərarının 83-cü bəndində qeyd olunmuşdur ki, məhkəmə həmçinin xatırladır ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsilə bağlı prinspi əks etdirən oturuşmuş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir. Məhkəmələr irəli sürülən hər bir arqumentə müfəssəl cavab vermək məcburiyyətində olmasa da, qərardan aydın olmalıdır ki, işin əsas məsələlərinə baxılıb və işin nəticəsi üçün həlledici olan arqumentlərə spesifik və açıq cavab verilib (Kərimov və digərləri Azərbaycana qarşı, № 24219/16). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq məhkəmə qərarlarının əsaslandırılmaması ilə bağlı məsələ adətən yerli məhkəmələr ərizəçinin qaldırdığı spesifik, müvafiq və vacib məqama məhəl qoymadıqda meydana çıxır (Neçiporuk və Yonkalo Ukraynaya qarşı № 42310/04, § 280, 21 aprel 2011-ci il). Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə, habelə həmin sübutların mötəbərliyini və ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in 234.1-1-ci maddəsilə ittiham verilmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 38-ci bəndində isə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2014-cü il tarixli 1(101)-157/2014 nömrəli hökmünün surətindən və DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 sentyabr 2023-ci il tarixli tələbnaməsindən və müəyyən olunur ki, X3 CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 22 fevral 2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir (İ cild, i/v 40-41, 44-54). CM-in 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi vardır. Eyni zamanda, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Zaqatala RİH başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Məmmədov X2 rayonunun Muğanlı kəndində anadan olmuş, bir müddət kənddə yaşamış, sonra Bakı şəhərinə yaşamağa getmişdir. Hal-hazırda Bakı şəhərində yaşayır (İ cild, i/v 129). Həmin nümayəndəlik tərəfindən təqsirləndirilən şəxs barədə verilmiş xasiyyətnamədə isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Zaqatala rayonunun Muğanlı kəndində yaşadığı dövrdə ictimaiyyət arasında özünü yaxşı aparmış, ictimai işlərdə, kənddə təşkil edilmiş müxtəlif tədbirlərdə fəal iştirak etmiş və onun barəsində nümayəndəliyə heç bir ərizə, şikayət daxil olmamışdır (İ cild, i/v 107). Eyni zamanda, cinayət işinin materiallarında olan 22 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşından boşanmışdır. Onun himayəsində halhazırda azyaşlı uşaq yoxdur (İ cild, i/v 115). Məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Onun əməlində cinayətin təhlükəli residivinin olması CM-in 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran haldır. İşdən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşıma) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri təhdidə çevrilərək fiziki mənada ayrı-ayrı şəxslərin, ümumilikdə isə cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbə vurur. Təqsirləndirilən şəxsin əməli fərd olaraq narkotik vasitədən istifadə etməklə öz tələbatının ödənilməsinə yönəlsə də, bu cinayət əməli bütövlükdə cəmiyyətə və bəşəriyyətə qarşı ciddi təhlükə yaradır. Cinsindən asılı olmayaraq insanları birinci növbədə ailəsi, sonra isə cəmiyyət üçün lazımsız varlığa çevirir. Məhz buna görə də Birləşmiş Millətlər Təşkilatının 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri bilinmişdir. Azərbaycan Respublikası da qeyd olunan konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Ona görə də narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı ciddi mübarizə aparıldığı bir dövrdə cəmiyyət üçün bəlaya çevrilmiş bu kimi cinayət törətmiş təqsirləndirilən şəxs barədə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi kifayət qədər əsaslı və ədalətlidir. CM-in 234.1-1-ci maddəsində bu əməlin törədilməsinə görə, üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini və əməlindən peşman olduğunu bildirməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edən və iş üzrə cinayətin təhlükəli residivini (onun bundan əvvəl CM-in 234.4.3-cü maddəsilə təqsirli bilinib 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və 22 fevral 2020-ci ildə cəzasının sonu ilə azad olunmasını) cəzanı ağırlaşdıran hal kimi qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, ədalət və humanizm prinsiplərinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası bu cəzanın təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi - onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 234.1-1-ci maddəsinin sanksiyasına uyğun olaraq beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:34-də şübhəli şəxs qismində tutulmuş, 28 sentyabr 2023-cü il tarixdə, saat 19:20-də barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, həbsdən azad edilmişdir. Lakin məhkəmənin çağırışına üzrsüz səbəbdən gəlmədiyinə görə Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək, haqqında axtarış elan olunmuş və Təqsirləndirilən şəxs 28 fevral 2024-cü ildə tutulmuş və həmin vaxtdan etibarən həbsdədir. CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. O da qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalı, Zaqatala RPŞ-da saxlanılan və tədqiqatdan sonra qalıq qalmış 2679,9 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana məhv edilməlidir. Cinayət işinin materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərə əsasən iş üzrə ümumilikdə bir yüz qırx beş manat doxsan yeddi qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir (İ cild, i/v 32, İİ cild, i/v 42). İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ:
Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi xx.xx.2023cü il tarixdən 28 sentyabr 2023-cü il tarixdək həbsdə saxlanıldığı üç gün ona təyin edilən beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq beş il beş ay iyirmi yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 28 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Zaqatala RPŞ-da saxlanılan tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 2679,9 qram çəkidə narkotik vasitə - qurudulmamış marixuana məhv edilsin. İş üzrə bir yüz qırx beş manat doxsan yeddi qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rafail Əliyev
Hakimlər: Bilal Məmmədov
Xaliq Məmmədov