Məhkəmə qərarları › İş №1(091)-83/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-83/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-83/2021 09.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X11, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslərin hüquqi varisləri - X6, X7, X3, Zərərçəkmiş şəxslərin hüquqi varislərinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər Vəkil Bürosunun vəkili Nümayəndə xx xxx 1987-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdaş rayonunun Kotanarx kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 02:35 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitinə uyğun sürətlə idarə etməli və avtomobilin idarəolunmaz vəziyyətə düşməsinə, yoldan çıxaraq ağaca dəyməsinə səbəb olan təhlükəsizliyi təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda bunları etməmiş, maksimum icazə verilən hərəkət sürəti 50 km/saat olan yol şəraitində avtomobilini 100 km/saat sürətlə idarə edərək diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmış, idarə etdiyi avtomobilin hərəkət hissəsində təhlükəsiz hərəkətini təmin etməmiş və hərəkət hissəsindən çıxmasına səbəb olan hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verərək alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə etibarnamə əsasında idarə etdiyi VAZ-2106 markalı **-BG-*** qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri H.Əliyev prospektində Samsung elektronik avadanlıqları satışı mağazasının qarşısında idarəçiliyi itirməsi nəticəsində avtomobili ehtiyatsızlıqdan qarşıda yolun sağında ehtiyat hissədə olan ağaca dəymiş, nəticədə avtomobildə olan Ağdaş rayonunun Kotanarx kəndində yaşayan sərnişinlərdən xx.xx.1984-cü il təvəllüdlü X4 ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızma, başın yumşaq qatının iş səthinə sol təpə nahiyəsinə qansızma, sol təpə nahiyəsinin yarası, sol budun aşağı 1/3-nün açıq sınığı, sağ İİİ-İV-V qabırğaların yerdəyişməyən sınığı, sol təpə nahiyəsinin, sol qaş nahiyəsinin, çənəaltı nahiyənin yaraları, burun yəhərinin, döş qəfəsinin ön sağ nahiyəsinin, sağ qabırğa altı nahiyənin, sağ bazunun aşağı 1/3-nün bayır səthinin, sol bazu və said nahiyəsinin, sol diz oynağının bayır səthinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa ağır zərər vuran xəsarətlər almasına və həmin xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə, xx.xx.1994-cü il təvəllüdlü X5 qapalı kəllə beyin travması, baş beynin sağ alın-ənsə yarımkürəsinin əzilməsi, baş beynin mədəciklərinə və beyin yarımkürəsinə qansızmasına, başın alın nahiyəsində orta xətt boyu və sağ alın-təpə, alt çənə nahiyə və döş qəfəsinin sağ yuxarı-aşağı tış hissələrində dərialtı qansızmalar, boynun sağ yan aşağı hissəsində, hər iki dirsək oynağı nahiyələrində, sağ diz oynağının bayır, sol baldırın orta-aşağı 1/3-nün ön və sağ topuq oynağının bayır hissələrində sıyrıqlar ilə müşayiət edilən sağlamlığa ağır zərər vuran xəsarətlər almasına və həmin xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə, xx.xx.1998-ci il təvəllüdlü X1 qapalı kəllə beyin travması, baş beynin sağ alın yarımkürəsinin əzilməsi, baş beynin mədəciklərinə və beyin yarımkürəsinə, sağ gözün yuxarı qapaq nahiyəsində hematoma, sağ qaşın tış nahiyəsində və çənəaltı dərinin epidermis qatının əzilmiş və sıyrılmış yarası, hər iki baldırın yuxarı-ortaaşağı 1/3-nün ön hissələrində sıyrıqlarla müşayiət olunan sağlamlığa ağır xəsarətlər yetirilməsinə və həmin xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 263-1.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020ci il tarixdə yaşadığı kənddə yerləşən Babək adlı şəxsin kafesində olmuş, orada olan zaman həmkəndlisi Nəsib ona zəng edərək birlikdə yemək yeməyi təklif etmişdir. Əvvəlcə razılaşmasa da, daha sonra Nəsibin əmisi oğlu Nəsir də ona zəng edərək təkidlə onu çağırdığından onların yanına getmişdir. Orada yemək yeyib araq içmiş, sərxoş olmuş, Nəsir onun avtomobili ilə Xalidi evə aparıb yenidən onların yanına qayıtmışdır. Daha sonra həmin şəxslər şəhərə getməyi təklif etmiş, əvvəl razılaşmasa da onların çox təkid etməsinə görə könülsüz olaraq onlarla getmək qərarına gəlmişdir. Bundan sonra onlarla birgə idarə etdiyi VAZ-2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhərinə gəlmiş, “XAN” çay evində oturmuşlar. Orada pivə içdikdən sonra geri qayıtmışlar. Avtomobili özü idarə etmiş, qabaqda Nəsir, arxada sol tərəfdə Səlim, ortada Şəmistan, sağ tərəfdə isə Nəsib əyləşmiş, Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən 5 saylı məktəbin qarşısında yerləşən işıqforun qırmızı işığından keçdiyi üçün onu dövlət yol patrul xidmətinin əməkdaşları saxlamış, Elnur adlı polis əməkdaşı ondan içkili olub-olmadığını soruşduqda içkili olmadığını bildirmiş, sonra isə Elnur ondan sənədlərini təqdim etməyi xahiş etmişdir. Bundan sonra sənədləri gətirmək üçün avtomobilə yaxınlaşmış, bu zaman avtomobilə əyləşib sürüb getmiş, sənədləri Elnura verməmişdir. Bələdiyyənin çayçısına çatan zaman qarşısına VAZ-2107 markalı avtomobil çıxmış, həmin avtomobili ötüb keçmək istəyərkən avtomobil ona yol vermədiyi üçün onu ötməyə çalışmışdır. Həmin vaxt avtomobilini təxminən 90-100 km sürətlə idarə etmiş, M.İsayev məktəbinin qarşısında olan işıqforun qırmızı işığını surətlə keçmiş, bazarın qarşısına çatan zaman VAZ-2107 markalı avtomobilin sürücüsünün onu sağa doğru sıxdığından, avtomobilin idarəçiliyini itirmiş, sağa tərəf sıxılan zaman onun avtomobili kövər daşlarına dəyib kənara çıxaraq piyada yolu ilə avtomobilin yolunun arasında olan ağaca dəymiş, sonra fırlanıb digər ağaca dəymiş və qarşı hərəkət yoluna çıxaraq orada dayanmışdır. Sonradan orada olan şəxslərin yardımı ilə xəstəxanaya çatdırılmışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə edə bilməmişdir, məhkəmədən himayəsində iki azyaşlı uşağının olmasını nəzərə almağı xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verdi və əlavə olaraq bildirdi ki, hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X7 da məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verdi və əlavə olaraq bildirdi ki, hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X3 da məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verdi və əlavə olaraq bildirdi ki, hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 23:30 radələrində yaşadığı kənddə yerləşən çayxanada olduğunu, həmin vaxt həmkəndliləri Lulu ləqəbli Nəsir, Şəmistan, Nəsib və Səxavətin kafenin arxasında olan çardağın altında oturub yeyib-içdiklərini, Səxavətin onu görən kimi çağırdığını və onlarla bir yerdə oturmağı təklif etdiyini, Şəmistanın isə qəlyan çəkməyə getmələrini dediyini, bundan sonra Nəsib və Nəsirin kənara çəkildiklərini, Səxavətin isə içkili olduğunu, heç yerə getmək istəmədiyini dediyini, daha sonra Nəsirin Səxavətə getmələrini dediyini, bundan sonra Səxavətin qarşısında olan sonuncu bir rumka arağı içib çıxdığını, daha sonra özünün də çölə çıxdığını, geri qayıdanda Səxavətin idarə etdiyi VAZ 2106 markalı ağ rəngli **-BG-*** qeydiyyat nişanlı avtomobildə sükan arxasında oturduğunu, Nəsirin qabaqda sürücünün yanında oturduğunu, Şəmistanın arxada ortada, Nəsibin isə arxada sağda oturduğunu gördüyünü, Şəmistanın ona da qəlyan çəkməyə getmələri üçün dirəndiyini, arxada solda oturduğunu və kənddən çıxdıqlarını və Ağdaş şəhəri SU-18 qəsəbəsinin yanında olan qəbristanlıqla üzbəüz olan “Xan” çay evinə getdiklərini, Səxavətin avtomobilində arxa oturacaq olmadığını, birbaşa dəmirin üzərində oturduqlarını, “Xan” çay evində oturduqlarını, Nəsir və özü orada “Yaguar” adlı spirtli içki qəbul etdiklərini, Səxavət, Nəsir və Nəsibin isə qəlyan çəkdiklərini, orada bir qədər oturduqdan sonra çıxdıqlarını, həmin vaxt saat təxminən 02:20 radələri olduğunu, Səxavətin avtomobilinə eyni qaydada oturduqlarını, Səxavətin sükan arxasında, Nəsirin qabaqda, özünün arxada solda, Şəmistanın ortada, Nəsibin isə arxada sağda olduğunu, Səxavətin xəstəxananın yanında olan dairəni döndüyünü, şəhər istiqamətinə yönəldiyini, yolda qəzaya düşdüklərini bildirmişdir. İfadəsinin davamında ona ünvanlanan suala cavab olaraq Şahid7 Təqsirləndirilən şəxs yolda ötmə əməliyyatını həyata keçirmək istəməsini görmədiyini bildirmişdir. Şahid7 məhkəmə iclası zamanı göstərdiyi həmin xüsusat üzrə onun ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi həmin hissədə elan olunmaqla tədqiq olunmuş və ifadəsi elan olunduqdan sonra ona ünvanlanan suala cavab olaraq ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs VAZ 2107 markalı avtomobillə ötüşdüyünü demədiyini, hadisə günü baş verənləri dumanlı olaraq xatırladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Patrul Bölməsinin Yol Patrul Xidməti inspektoru vəzifəsində işlədiyini, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə xidmətdə olduğunu, həmin vaxt yanında sahə rəisi Sirac Kərimovun da olduğunu, gecə saat 02-30 radələrində H.Əliyev prospekti ilə üzü şəhər istiqamətinə gəldiyini, qarşısında isə ağ rəngli VAZ 2106 markalı ** BG *** qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğunu, 5 saylı məktəbin yanına çatanda həmin VAZ 2106 markalı avtomobilin işıqforun qırmızı işığında keçdiyini, dərhal avtomobili saxladığını, həmin vaxt avtomobilin sükanından sürücü əvvəlcədən tanıdığı Səxavət adlı şəxsin aşağı düşdüyünü və onlara doğru gəldiyini, Səxavətin əvvəlcə onlara DYP avtomobilinin sağ tərəfindən yaxınlaşdığını, daha sonra onu öz tərəfinə çağırdığını və ondan sənədlərini tələb etdiyini, Səxavətin isə sənədlərini gətirəcəyini bildirib avtomobilə tərəf getdiyini və avtomobilə çatan kimi sükana oturub yüksək sürətlə sürüb çıxıb getdiyini, DYP avtomobilinin kamerası açıq olduğundan və Səxavətin hərəkətləri kameraya düşdüyündən onu qovmadığını və arxası ilə getmədiyini, kamera görüntüləri ilə onu məsuliyyətə onsuz da cəlb edə biləcəyini fikirləşdiyini, Səxavət gedəndən təxminən 15-20 saniyə sonra avtomobili ilə getdiyi istiqamətə doğru, yəni şəhər istiqamətinə doğru 30-40 km sürətlə getməyə başladığını, təxminən 300 metr getdikdən sonra S.Vurğun məktəbinin qarşısına çatanda polis serjantı Şahid3 efirə çıxdığını və Növbətçi Hissəyə bazarın qarşısında yol nəqliyyat hadisəsi olduğunu bildirdiyini eşitdiyini, dərhal avtomobili bazarın qarşısına sürdüyünü və Səxavətin idarə etdiyi avtomobilin sağda olan ağaca dəydiyini, avtomobildən bir nəfərin də yerə asfaltın üzərinə düşdüyünü və həmin şəxsin xırıldadığını gördüyünü, hadisə yerində həmin vaxt Şahid3, polisə ictimai dəstəkdən bir nəfər və tanımadığı adamların olduğunu, həmin vaxt Səxavətin hələ sükan arxasında olduğunu, qabaqda oturan bir nəfər “Lulu” ləqəbi ilə tanıdığı sonradan əsl adını bildiyi Nəsir adlı şəxsin isə öldüyünü, tez həmin şəxslərin hamısının avtomobildən düşməsinə kömək etdiklərini, hadisə yerinə düşən kimi təcili yardıma zəng etdiyini, yaralıları düşürənə qədər hadisə yerinə təcili yardımın da gəldiyini, yaralıları təcili yardım avtomobilinə qoyduqlarını, vəziyyətləri ağır olduğu üçün onları Göyçay xəstəxanasına apardıqlarını, bir nəfər qabaq sağda oturan Nəsir adlı şəxsi isə Ağdaş xəstəxanasının morquna apardıqlarını bildirmişdir. İfadəsinin davamında VAZ 2106 markalı avtomobili saxladan zaman sürücü Təqsirləndirilən şəxs sərxoşluq hiss etmədiyini, həmin vaxt Səxavətlə bir anlıq əlaqədə olduqlarını, ondan sənədlərini gətirməsini tələb etdiyini, həmin vaxt Səxavətin ondan aralı durduğu üçün onda sərxoşluq hiss etmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X8 şahid X9 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Ağdaş Rayon Polis Şöbəsində post patrul xidmətində polis nəfəri vəzifəsində işlədiyini, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə xidmətdə olduğunu, həmin vaxt yanında ictimai dəstəkdən Sahil Nərimanlının olduğunu, gecə saat 02:30 radələrində bazarın qarşısında xidmət apardığını, həmin vaxt Ağdaş şəhəri H.Əliyev prospekti ilə Mədəniyyət evi tərəfindən üzü bazar istiqamətinə yolun sağ hərəkət hissəsi ilə VAZ 2107 markalı qeydiyyat nömrəsi yadında qalmayan qara-göy rəngli və VAZ 2106 markalı həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sürətlə gəldiyini, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxada, VAZ 2107 markalı avtomobilin isə qarşıda olduğunu, VAZ 2106 markalı avtomobilin VAZ 2107 markalı avtomobili ötmə əməliyyatı aparmaq istədiyini başa düşdüyünü, lakin ötmə əməliyyatını sağdan etmək istədiyini, həmin avtomobillərin gəlib Samsung mağazasının yanından keçərkən orada yolun sola doğru bir az əyildiyini, həmin əyriyə çatanda VAZ 2106 markalı avtomobilin sağdan VAZ 2107 markalı avtomobili keçmək istədiyini, lakin VAZ 2106 markalı avtomobilin bardyorun üzərindən sağa piyada yolu ilə yolun hərəkət hissəsi arasında olan sahəyə çıxdığını, qarşı hissəsi ilə yolun sağında olan ağaca dəydiyini, daha sonra yolda bir dəfə dönərək sağ orta tərəfi ilə qarşıda olan digər ağaca dəydiyini və bir dəfə fırlanaraq yolun əks hərəkət istiqamətinə doğru dayandığını, VAZ 2106 markalı avtomobil ağaca dəyib fırlanan kimi avtomobilin arxa hissəsindən bir nəfərin yolun ortasına düşdüyünü, tez ora yaxınlaşdığını və dərhal efirə çıxıb növbətçi hissəyə bazarın qarşısında hadisə olduğunu bildirdiyini, bundan təxminən yarım dəqiqə sonra oraya DYP avtomobilinin gəldiyini, daha sonra polislər və orada olan vətəndaşların yığıldıqlarını, həmçinin təcili yardıma da zəng etdiyini, hadisənin ondan təxminən 30 metr aralıda baş verdiyini, dərhal hadisə yerinə yaxınlaşdığını və avtomobildə olan 5 nəfər şəxsin hamısının onun həmkəndliləri olduğunu gördüyünü, onlardan Şəmistan adlı həmkəndlisinin yolun ortasında olduğunu, digər həmkəndlilərindən “Lulu” ləqəbli Nəsirin avtomobildə qabaqda oturduğunu, Səlim və Nəsibin arxada olduqlarını, Təqsirləndirilən şəxs isə sükan arxasında olduğunu, əvvəlcə avtomobildə olan 4 nəfərin və yerdə asfalt üzərində uzanmış bir nəfərin öldüyünü bildiyini, lakin 1-2 dəqiqə sonra avtomobildə olan Səlimin, sükan arxasında olan Səxavətin ayıldığını, avtomobildə arxada olan Nəsibin xırıldadığını, həmçinin yerdə uzanmış vəziyyətdə olan Şəmistanın da xırıldadığını, orada olan şəxslərin köməyi ilə avtomobildə olan şəxslərin düşməsinə kömək etdiklərini, lakin həmin vaxt artıq Nəsirin öldüyünü, bundan sonra oraya gələn təcili yardım avtomobili ilə dörd nəfər yaralını xəstəxanaya, bir nəfər vəfat etmiş Nəsiri isə xəstəxananın morquna apardıqlarını, daha sonra hadisə yerində müayinə aparıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində xx.xx.2020-ci il tarixdə bazarın qarşısında dayandığını, saat təxminən 02:30 radələrində Mədəniyyət evi istiqamətindən üzü bazara doğru H.Əliyev prospekti ilə VAZ 2106 markalı avtomobil gəldiyini gördüyünü, həmin avtomobilin Samsung elektronik mallar mağazasının yanına çatdıqda yol sola doğru meylləndiyindən VAZ 2106 markalı avtomobilin dönə bilmədiyini, həmin avtomobilin sürəti yüksək olduğundan sola dönməni edə bilmədiyini, avtomobilin sol tərəfinin sanki yuxarı qalxdığını, lakin avtomobilin yolu kəsə bilmədiyini və sağ tərəfdən beton köbənin üzərindən yolun ehtiyat hissəsi ilə hərəkət hissəsi arasında olan torpaq hissəyə çıxdığını və qabaqda olan ağaca dəyib fırlanıb digər ağaca dəydiyini və üzü gəldiyi istiqamətə dayandığını, VAZ 2106 markalı avtomobilin ağaca dəyib fırlanan kimi avtomobilin arxa hissəsindən bir nəfərin yolun ortasına düşdüyünü, dərhal hadisə yerinə qaçdıqlarını və qabaqda oturan şəxsin öldüyünü, yerdə uzanan şəxsin isə can verdiyini, arxada oturan şəxslərin isə özlərindən getdiklərini gördüklərini, daha sonra orada olan polis Səbuhinin Təcili yardım çağırdığını və polisə zəng etdiyini, təcili yardım avtomobilinin gəlib yaralıları və vəfat etmiş şəxsləri apardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində xx.xx.2020-ci il tarixdə gecə radələrində Ağdaş şəhərində olarkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə keçdiyini gördüyünü, həmin vaxt DYP əməkdaşının Təqsirləndirilən şəxs saxladığını, onun DYP əməkdaşları ilə nə isə danışdığını, daha sonra isə avtomobilini sürüb oradan uzaqlaşdığını, baş vermiş qəzanı sonradan polis şöbəsinə dəvət olunanda bildiyini göstərmişdir. Ona ünvanlanan suala cavab olaraq Şahid6 həmin günü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə ötüşmədiyini göstərmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və həmin ifadəsində Şahid6 ailələrinə məxsus olan VAZ 2107 markalı avtomobil olduğunu, həmin avtomobili kreditlə aldıqlarını, həmin avtomobilin atasının adına etibarnamə ilə verildiyini, həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmadığını, xx.xx.2020-ci il tarixdə saat 02 rədələrində Ləki qəsəbəsindən Ağdaş şəhərinə gəldiyini və Ağdaş MRX-nın yanında olan dairədən dönüb geri qayıtdığını, qarşıda H.Əliyev prospektində olan OBA marketin qarşısında avtomobili saxladığını, telefonla bir az oynamağa başladığını, həmin vaxt VAZ 2106 markalı ağ rəngli avtomobilin gəlib qırmızı işıqda sürətlə keçdiyini gördüyünü, onun ardınca gələn DYP avtomobili VAZ 2106 markalı avtomobilin sürücüsünə saxla işarəsi verdiyini və həmin avtomobili təxminən 30 metr sonra saxlatdığını, həmin vaxt avtomobilin sükanından bir nəfər ağ köynək və göy cins rəngli şalvar geyinmiş bir nəfərin düşdüyünü və DYP əməkdaşları ilə nə isə danışdığını, həmin vaxt avtomobilini sürdüyünü, təxminən 250-300 metr getdiyini, bu zaman həmin VAZ 2106 markalı avtomobilin sürətlə arxası ilə gəldiyini gördüyünü, həmin avtomobilin Səməd Vurğun məktəbinin qarşıdsında qırmızı işıqda keçdiyini, həmin avtomobilin onu keçmək istədiyini gördüyünü və sürəti bir az artırdığını, həmin avtomobilin bir dəfə onu ötmək istədiyini, lakin əks istiqamətdən avtomobil gəldiyini görüb onu keçə bilmədiyini və arxasına qayıtdığını, daha sonra bazara çatanda həmin avtomobilin onu sağdan keçmək istədiyini, lakin keçə bilmədiyini, həmin vaxt onun avtomobilində musiqi oxuduğunu, bazarın qarşısında həmin avtomobilin yoxa çıxdığını, evə getdiyini, həmin avtomobilin döndüyünü zənn etdiyini, ertəsi gün bazarın qarşısında yol nəqliyyat hadisəsi baş verdiyini eşitdiyini, hadisə vaxtı VAZ-2106 markalı avtomobilin sürücüsünün avtomobili 80-90 km sürətlə idarə etdiyini, özü də avtomobilini təxminən həmin sürətlə idarə etdiyini, VAZ 2106 markalı avtomobilin sürücüsünün 5 saylı məktəbin yanında, Səməd Vurğun məktəbinin yanında qırmızı işıqda keçdiyini, ona çatana qədər VAZ 2106 markalı avtomobilin sürücüsünün çox sürətlə gəldiyini, ona çatdıqdan sonra onu keçə bilmədiyi üçün sürəti azaltdığını, Samsung mağazasının qarşısında həmin avtomobilin ağaca dəydiyi anı görmədiyini, həmin avtomobilin sürücüsünü tanımadığını, ağ göynək və mavi rəngli cins şalvar geyindiyini, onların arxası ilə DYP avtomobilinin gəlmədiyini, əgər DYP avtomobili gəlsəydi onun işıqlarını görüb, avtomobilini dərhal saxladacağını, VAZ 2106 markalı avtomobilin sürücüsünün yalan dediyini, onu sağa doğru sıxmadığını, ümumiyyətlə onun hadisə törətdiyini görmədiyini, hadisədən qabaq spirtli içki içmədiyini, hadisə vaxtı onun avtomobilində heç kimin olmadığını, həmin yer şəhər olduğu üçün orada görüntü kameraları olduğunu, həmin vaxt yerin düz quru və hamar olduğunu, həmin yerdə qarşıqarşıya gələn nəqliyyat vasitələrini ayırmaq üçün düz xətt olduğunu bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan və cinayət işinin materiallarında olan videogörüntüləri əks etdirən diskə baxış keçirildikdən sonra ona ünvanlanan suala cavab olaraq Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində Ağdaş rayonunun Kotanarx kəndində özlərinə məxsus çayxana olduğunu, həmin çayxananı da rəhmətlik Şəmistan Qəribova işlətməsi üçün icarəyə verdiklərini, xx.xx.2020-ci il tarixdə səhər kəndə çıxanda Şəmistan və yanında olan 3 nəfər həmkəndlisinin digər həmkəndlisi Səxavətin idarə etdiyi VAZ 2106 markalı avtomobilində yol-nəqliyyat hadisəsi törədiklərini, nəticədə Nəsir, Nəsib, Şəmistanın vəfat etdiklərini bildiyini, həmçinin həmin hadisədən bir neçə gün əvvəl Nəsibin övladı olduğu üçün onların evlərində yeyib içdiklərini, daha sonra çayxanaya gəldiklərini, orada özləri ilə gətirdikləri yeməyi yediklərini, araq içdiklərini, daha sonra isə çıxıb Ağdaş şəhərinə getdiklərini sonradan bildiyini, çayxananı Şəmistana icarəyə verdiyini, həmin gün orada Şəmistanın olduğunu, orada başqa heç kimin olmadığını, həmçinin çayxanada yemək vermədiklərini, onların özləri ilə gətirdikləri yeməyi yediklərini və araq içdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Ağdaş şəhəri H.Əliyev prospektində bazarın qarşısına çatmamış yolun sağında Samsung elektronik mallar mağazasından təxminən 20 metr qabaqda sağda baş vermişdir. Həmin yerdə yol asfalt örtüklü olmaqla düz, quru və hamardır. Yol mədəniyyət evindən üzü bazara doğru gəldikdə Samsung mağazasının qarşısında sola doğru bir az meyllənir. Həmin yerdə qarşı-qarşıya gələn nəqliyyat vasitələrini ayırmaq üçün düz ağ xətt vardır. Yolun solu və sağı piyada yolu, sonra iaşə obyektləridir. Piyada yolu ilə ehtiyat hissənin arasında təxminən 1 metr enində ağac əkilmiş torpaq hissə vardır. Hadisə yerində VAZ 21063 markalı avtomobil üzü Mədəniyyət evi istiqamətinə dayanmışdır. Onun sağ qabaq təkərindən yolun sağına 9.20 metr, sağ arxa təkərindən yolun sağına 8.50 metr, sol qabaq təkərindən yolun soluna 1.10 metr, sol arxa təkərindən yolun soluna 1.80 metrdir. Həmin yerdə yolun ümumi eni 11.60 metrdir. Hadisə yerində əyləc izi yoxdur. Yolun sağ hərəkət hissəsinin kənarında olan bardyorun üzərində VAZ 2106 markalı avtomobilin sağ təkərinin şin izi vardır. Hadisə yeri gecə elektrik işıqları ilə işıqlandırılır. Protokola hadisə yerində çəkilmiş şəkillər və sxem əlavə olunmuşdur. (cild 01, iş vər. 7-16) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2020-ci il tarixli 2439/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmişdir, etil spirtinin qatılığı qanda 0,7%-dir, metil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salislatlar, fenilalkilamin) qrupuna aid olan amfetamin və metamfetamin və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. (cild 01, iş vər. 193-195) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********* saylı məktubdan görünür ki, Ağdaş rayon Kotanarx kənd sakini Təqsirləndirilən şəxs etibarlı olan AC 910592 saylı sürücülük vəsiqəsi vardır. (cild 01, iş vər. 79) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2020ci il tarixli 21 saylı rəyindən görünür ki, X1 meyitində aşkar olunan xəsarətlər-qapalı kəllə beyin travması, baş beynin sağ alın yarımkürəsinin əzilməsi, baş beynin mədəciklərinə və beyin yarımkürəsinə qansızma, sağ gözün yuxarı qapaq nahiyəsində hematoma, sağ qaşın tış hissəsində və çənəaltı dərinin epidermis qatının əzilmiş-sıyrılmış yaraları, hər iki baldırın yuxarı-orta-aşağı 1/3-nün ön hissələrində sıyrıqlar həyatidirlər, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından birlikdə sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X1 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. X1 ölümünə səbəb qapalı kəllə beyin travması fonunda baş beynin sağ alın yarımkürəsinin əzilməsi, baş beynin mədəciklərinə və beyin yarımkürəsinə qansızmalar olmuşdur. (cild 01, iş vər. 154-156) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2020ci il tarixli 20 saylı rəyindən görünür ki, X5 meyitində aşkar olunan xəsarətlər – qapalı kəllə beyin travması, baş beynin sağ alın - ənsə yarımkürəsinin əzilməsi, baş beynin mədəciklərinə və beyin yarımkürəsinə qansızma, başın alın nahiyəsində orta xətt boyu və sağ alın – təpə, alt çənə nahiyələrində və döş qəfəsinin sağ yuxarı - aşağı tış hissələrində dərialtı qansızmalar, boynun sağ yan aşağı hissəsində, hər iki dirsək oynağı nahiyələrində, sağ diz oynağının bayır, sol baldırın orta – aşağı 1/3-nün ön və sağ topuq oynağının bayır hissələrində sıyrıqlar həyatidirlər, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından birlikdə sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X5 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. X5 ölümünə səbəb qapalı kəllə beyin travması fonunda baş beynin sağ alın – təpə yarımkürəsinin əzilməsi, baş beynin mədəciklərinə və beyin yarımkürəsinə qansızmalar olmuşdur. (cild 01, iş vər. 157-159) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2020ci il tarixli 12 saylı rəyindən görünür ki, X4 meyitində aşkar olunan xəsarətlər – ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə sol təpə nahiyəsində qansızma, sol təpə nahiyəsinin yarası, sol budun aşağı 1/3-nün açıq sınığı, sağ İİİ-İV-V qabırğaların yerdəyişməyən sınığı, sol təpə nahiyəsinin, sol qaş nahiyəsinin, çənəaltı nahiyəsinin yaraları, burun yəhərinin, döş qəfəsinin ön sağ nahiyəsinin, sağ qabırğaaltı nahiyənin, sağ bazunun aşağı 1/3-nün bayır səthinin, sol bazu və said nahiyəsinin, sol diz oynağının bayır səthinin sıyrıqları, küt alət təsirindən törənmiş, həyatidirlər, törənmə müddətləri xx.xx.2020ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından birlikdə sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X4 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. X4 ölümünə səbəb qapalı kəllə beyin travması, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur. X4 ölümü meyitin müayinəsindən ən azı 6, ən çoxu 12 saat əvvəl baş vermişdir. (cild 01, iş vər. 160-163) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2020ci il tarixli 557 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər – sağ bud çanaq oynağının çıxığı, sağ iç topuğun yerdəyişməyən qapalı sınığı, sağ V-Vİ qabırğaların yerdəyişən sıyrıqları, sağ baldırın yarası küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddət pozulmasına səbəb olduğundan sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddir. Qeyd olunan xəsarət yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Həmçinin Təqsirləndirilən şəxs götürülən qanda 0,7 promilli etil spirti aşkar olunmuşdur. Aşkar olunan bu miqdar etil spirti rəsmi cədvəl üzrə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğundur. (cild 01, iş vər. 197- 200) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2020ci il tarixli 573 saylı rəyindən görünür ki, Şahid7 bədənində olan xəsarətlər – sol Vİİİ qabırğanın yerdəyişməyən sınığı, sol ənsə nahiyəsinin yarası, üzün, sağ baldırın aşağı 1/3-nün iç səthinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixinə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Qeyd olunan xəsarət yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. (cild 01, iş vər. 146-148) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli 8/1992 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21063 markalı **-BG-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 21063 markalı avtomobili maksimum icazə verilən hərəkət sürəti 50 km/saat olan yol şəraitində 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (cild 01, iş vər. 226-229) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 616 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CMnin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (cild 02, iş vər. 31-32) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hadisə vaxtı Şahid7 sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirilməsi ilə bağlı material ayrılmaqla araşdırmanın aparılması qərara alınmışdır. (cild 02, iş vər. 42-55) Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci madəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən CM-nin 263-1.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hadisənin şahid qismində dindirilmiş Şahid6 idarə etdiyi avtomobil ilə onu sıxışdırması səbəbindən idarəetməni itirməsi nəticəsində baş verməsi ilə əsaslandırmağa çalışsa da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatların cinayət işinin materiallarında mövcud olan sübutlarla təsdiq olunmadığı və həqiqəti əks etdirmədiyi qənaətindədir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş videogörüntülərə məhkəmə istintaqı zamanı baxış keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, hər iki avtomobil ötüşmüş və nəticədə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə idarəetməni itirərək sözügedən hadisəni törətmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarında olmaqla üst-üstə düşən və biri digərini tamamlayan sübutları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdikləri cinayət işi üzrə mövcud olan və məhkəmə istintaqı zamanı da müəyyən olunan obyektiv həqiqəti əks etdirmədiyindən, habelə cinayət işinin materiallarında olan sübutlar vasitəsi ilə təkzib edildiyindən həmin mövqe əvvəlcədən düşünülmüş müdafiə taktikası olmaqla məsuliyyətdən yayınmağa hesablanmış hərəkətlər kimi qəbul edilməli və onunla razılaşılmamalıdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası, anası və himayəsində olan ailə üzvləri – arvadı və iki azyaşlı uşağı ilə birlikdə Ağdaş rayonunun Kotanarx kəndində yaşayır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 222-223) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində əvvəllər məhkum edilməmişdir. (cild 02, iş vər.29-30) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, o cümlədən ehtiyatsızlıqdan da olsa törədilmiş cinayət əməli nəticəsində üç nəfər gəncin vəfat etməsini və həmin şəxslərin ailəsinin düşdüyü vəziyyəti nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona CM-nin 263-1.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Ağdaş Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixdə barəsində əvvəli xx.xx.2020-ci il tarixindən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 234, cild 02, iş vər. 24-27) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə növündə əsas cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzanın başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə 100 manat (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan polis şöbəsinin duracağında saxlanılan “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi X2 qaytarılmalı, 3 ədəd diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa, hökmdə müəyyən edilmiş 04 (dörd) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan polis şöbəsinin duracağında saxlanılan “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi X2 qaytarılsın, 3 ədəd diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə məsrəfləri olan 100 manat (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar