Məhkəmə qərarları › İş №1(091)-83/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-83/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-83/2023 07.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, 30 avqust 1980-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 3ində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə, külli miqdarda, yəni 310,881 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 11:20 radələrində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağdaş şəhəri, İ.Millətoğlu küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, həmin tarixdə saat 12:02-dən saat 12:13dək ünvan 1 ünvanında yerləşən Ağdaş Rayon Polis Şöbəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının bel hissəsindən 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 310,881 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dinirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılmadan 10 gün əvvəl onu polis şöbəsinə çağıraraq törətmədiyi xırda talama əməlini boynuna almağını istəmişlər. Bundan sonra məhkəmə qarşısına çıxmışdır. Məhkəmədə isə işinə xitam verilmişdir. Narkotik istifadə etdiyi üçün anası polis şöbəsinə gedərək ondan şikayətçi olmuşdur. Bundan sonra polis əməkdaşı istifadəsində olan mobil telefonuna zəng edərək onu polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsində ona bildirmişlər ki, sellofanın içində olan metamfetamini boynuna aldığı təqdirdə onu buraxacaqlar. Əlavə olaraq qeyd etmişlər ki, bunu onlara anası tapşırmışdır. Həmin gün anasının polis şöbəsinə gəlməsini əks etdirən kamera görüntüləri də olmuşdur. Sonra ona demişlər ki, videoçəkilişdən sonra ona ev dustaqlığı qətimkan tədbiri seçiləcəkdir. O da polis əməkdaşları ilə razılaşmışdır. Sonra onu əməliyyatçının otağına aparıb kağıza imza çəkdirmişlər. Ümumiyyətlə onu müstəntiq dindirməmişdir. Odur ki, qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, müstəntiqə ifadə verməmişdir, çünki ümumiyyətlə, müstəntiqi görməmişdir. İbtidai istintaq zamanı müstəntiq tərəfindən dindirilməmişdir. İbtidai istintaq zamanı onu təhqiqatçı dindirmişdir. Əli adlı şəxsi tanımamışdır. Polis şöbəsində ona demişlər ki, ifadəsində qeyd etsin ki, psixotrop maddəni Əli adlı şəxsdən almışdır. Halbuki, belə bir hal baş verməmişdir. Sədərək bazarında fəhlə işləməmiş, ümumiyyətlə Bakı şəhərində yaşamamışdır. Narkotk vasitənin heroin növündən istifadə etmişdir. Gün ərzində həddən artıq narkotik vasitə istifadə etmiş, lakin metamfetamin istifadə etməmişdir. Narkotik vasitə almaq üçün hər gün anasından 15-20 manat pul tələb etmiş, ona görə də, anası polis şöbəsinə gedərək ondan şikayətçi olmuşdur. İbtidai istintaq zamanı ifadə verərkən narkotik vasitənin təsiri altında olmuşdur. Ona görə də, ona nə deyiblərsə, onu ifadəsində qeyd etmişdir. İfadə verdiyi zaman müdafiəçisi yanında olmuşdur. Polis şöbəsində ona demişlər ki, CM-in 234.1-ci maddəsi ilə ona ittiham veriləcəkdir. Ona görə də, polis əməkdaşları ilə razılaşmışdır. Onun üzərində metamfetamin olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və həmin ifadəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 11:20 radələrində Ağdaş şəhəri “Cırtdanlar küçəsi” kimi tanınan İlqar Millətoğlu küçəsində gedərkən Ağdaş RPŞ-nin əməkdaşlarının ona yaxınlaşdıqlarını və ona üzərində narkotik vasitə saxlamağı barədə onlarda məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etdiklərini, özü də polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəldiyini, polis şöbəsinə gəldikdən sonra orada ona vəkil təqdim olunduğunu və onu şübhəli şəxs kimi tutulduqdan sonra onun üzərində Ağdaş RPŞ-nin Növbətçi Hissəsində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı onun üzərindən, yəni əynində olan köynəyinin alt hissəsində şalvarının bel hissəsinə qoyduğu 01 sellofan büküm aşkar olunduğunu, həmin kağız büküm açıldıqda içərisindən ağ rəngli kristal halda olan kütlə aşkar olunduğunu, sonra həmin sellofan büküm elektron tərəzidə çəkildiyini və çəkisinin 311 qram olduğunu, sonra həmin sellofan bükümün kağız zərfə qablaşdırıldığını, bundan sonra zərfin üzərinə möhür vurulduğunu, o və digər iştirakçıların zərfə imza etdiklərini, bundan əlavə üzərindən aşkar olunmuş 03 ədəd 1 manatlıq əskinası, 01 ədəd telefon batareyası, 01 ədəd telefon adapteri, 01 ədəd alışqan və 01 ədəd 20 qəpiklik pulun özünə qaytarıldığını, şəxsi axtarışın videokamera vasitəsilə qeydə alındığını, sonra bu barədə protokol tərtib olunduğunu və bütün iştirakçılar tərəfindən imzalandığını, sellofan bükümdə olan maddənin “şüşə” kimi tanınan metamfetamin olduğunu, Bakı şəhərində “Sədərək” Ticarət mərkəzində fəhlə işlədiyini, orada Əli adında İran vətəndaşı ilə tanış olduğunu, Əlinin yük avtomobilinin sürücüsü olduğunu, Əlini bir dəfə gizlin metamfetamin istifadə etdiyini gördüyünü, Əli ilə söhbət edib özünə də həmin maddədən istədiyini və Əlinin də razılaşdığını, Əlinin ona metamfetamin gətirdiyini, özü də bunun müqabilində həmin şəxsə 500 manat pul verdiyini, bu hadisənin xx.xx.2022-ci il tarixdə olduğunu, sonra həmin maddəni də götürüb həmin gün Ağdaşa qayıtdığını, həmin maddəni evinə gətirib evdə sonra satmaq üçün gizlətdiyini, sonra xx.xx.2022-ci il tarixdə anasının evi təmizləyəndə onun yerini dəyişmək istədiyini, yəni Ağdaş şəhərində yaşayan bacısının həyətində gizlətmək üçün apardığını, bacısıgilə gedəndə yolda polis əməkdaşlarının onu saxladıqlarını və polis şöbəsinə gətirdiklərini, həmin metamfetamini özü istifadə etmək və satmaq məqsədilə əldə edib Ağdaş şəhərinə gətirdiyini, metamfetamini satmaq üçün Ağdaş rayonuna gətirdiyini, lakin Ağdaşda son günlər polis əməkdaşları çox adam həbs etdiyinə görə bir az vaxt keçməsi və sonra satmaq üçün gözlədiyini, həmin metamfetamindən heç kimə satmasa da, lakin üstündən bir qədər götürüb özü istifadə etdiyini, Ağdaş RPŞ-yə gətirilən zaman üzərində hər hansısa bir qiymətli əşya və ya pul olmadığını, ona heç bir kəsin təyziq göstərmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində xx.xx.2022ci il tarixdə ünvan 3ində qeydiyyatda olmaqla həmin kənddə yaşayan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında tərəfindən həmin tarixdə raportla rəhbərliyə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2022-ci il tarixdə saat 11:20 radələrində Ağdaş şəhəri İ.Millətoğlu küçəsində hərəkətdə olan zaman Azadın həmin küçədə piyada getdiyini gördüklərini, həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Azadı polis şöbəsinə dəvət etdiklərini, Azadın da onlarla birlikdə Ağdaş Rayon Polis Şöbəsinə gəldiyini, polis şöbəsində Azadın dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə X5 üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan köynəyin alt hissəsində 01 sellofan büküm aşkar olunduğunu, həmin kağız büküm açıldıqda içərisindən ağ rəngli kristal halında olan kütlə aşkar olunduğunu, sonra həmin sellofan büküm elektron tərəzidə çəkildiyini və qablaşdırlaraq götürüldüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, şifahi sorğu-sual zamanı Azad üzərindən aşkar edilmiş psixotrop maddəni Bakı şəhərində “Sədərək” Ticarət mərkəzində fəhlə işlədiyi zaman yük avtomobilinin sürücüsü olan Əli adında İran vətəndaşı ilə tanış olaraq ondan xx.xx.2022-ci il tarixdə 500 manata aldığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, həmin kütləni Ağdaş rayonunda yaşadığı evdə saxlamış, üzərindən aşkar olunan gün psixotrop maddənin yerini dəyişmək üçün üzərində götürmüşdür. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə rayon polis şöbəsinə məlumat daxil olmuş, lakin həmin məlumatları realizə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs tutulan zaman ona heç bir güc, zor tətbiq edilməmiş, o, təzyiqə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə ünvan 3ində qeydiyyatda olmaqla yaşayan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayəti işinin materialarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə ünvan 3i ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında oln xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki olan olan şalvarın sol yan cibindən 01 ədəd telefon adapteri, 01 ədəd alışqan və 01 ədəd 20 qəpiklik pul sikkəsi, sağ yan cibindən 01 ədəd telefon batareyası, həmin şalvarın arxa sağ cibindən 03 ədəd 1 manatlıq əskinası, həmçinin əynində olan köynəyin alt hissəsində şalvarının bel hissəsinə qoyduğu 01 sellofan büküm aşkar olunmuş, həmin büküm açıldıqda içərisindən ağ rəngli kristal halında olan kütlə olduğu müəyyən olunmuş, sonra həmin sellofan büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüş, çəkilişin əks olunduğu video görüntü 01 ədəd CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01 iş vər. 33-34). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/744 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükülüdə, təmiz çəkisi 310,881 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir (cild 01 iş vər. 44- 45) Cinayət işi materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2022-ci il tarixli PHŞ/622-2-2022-809 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində “Eroin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu narkoloji qeydiyyatdadır (cild 01 iş vər. 96). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1781 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01 iş vər.128- 129). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1, 234.2, 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün hazırki işdən CM-in 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır (cild 01, iş vər. 130-137). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, ünvan 4i ünvanında yaşayan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlanması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, xx.xx.2022-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, daha sonra şəxs Ağdaş şəhəri İ.Millətoğlu ünvanında saxlanılaraq polis şöbəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi təqdim olunmuş, müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş və üzərində psixotrop maddəyə bənzər kütlələr aşkar olunmuşdur. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl həyata keçirilən prosessual hərəkətlər zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin ona məxsus olmaması və həmin kütlənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması barədə qeyd etdiklərinə gəldikdə məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərini müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmə hesab edir ki, şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Belə ki, iş materiallarına olan sübutlar (şəxsi axtarış protokolu, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin, iş materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki, müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı bir qeyd aparılmamışdır. Odur ki, məhkəmə şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə şəxsin ibtidai istintaq zamanı verdiyi ifadənin iş materialları ilə üst-üstə düşdüyünü və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək məhkəmə kollegiyası həmin ifadəni qəbul edir və şəxsə elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Eyni zamanda, təqsirləndirilən şəxsin iş üzrə şahid qismində keçən polis əməkdaşlarının ifadələrinin əsaslı sübut kimi qəbul edilməməsi ilə bağlı vəsatətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin vəsatətdə göstərilən xüsusatlar iş üzrə mövcud olan şahid ifadələrinin etibarsız sayılmasına əsas ola bilməz. Şahid ifadələri iş materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığından, məhkəmə həmin ifadələri əsaslı sayır, həmçinin həmin ifadələri də təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə ünvan 3i ünvanında yaşayır və yaşayış yeri üzrə mənfi səciyyələndirilir. Belə ki, o, kənddə yaşadığı müddətdə özünü normal aparmamış, narkotik vasitələrin istifadəsi, satışı və oğurluq əməllərinə görə həbs edilmiş, ailəsi ilə münaqişəli münasibətdə olmuş, arvadı onunla boşanmış və qızı ilə atası evinə köçmüşdür.(cild 01, iş vər. 93-94). İş materiallarına əlavə edilmiş tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-in 177.2.2, 177.2.5 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 01 ay 26 gün hissəsində şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 01, iş vər. 89-90, 110-112). CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən isə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-in 177.2.2, 177.2.5 və 326.2-ci maddələri ilə təqsirli bilinib cinayətlərin məcmusu ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cinayət əməlləri kateqoriyasına görə az ağır və böyük ictimai təhlükə törətməyən cinayət sayıldığından və Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunduğundan, hazırki cinayət əməlini isə azadlığa çıxdıqdan iki il sonra törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmır. Odur ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, aşkar olunan psixotrop maddənin kütləsinin çox olmasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və Ağdaş Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vərəq 38-39, 72-76). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut kimi tanınan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 310,831 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 102,12 AZN (bir yüz iki manat, on iki qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 310,831 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 102,12 AZN (bir yüz iki manat, on iki qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar