Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-83/2024 13.03.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən, yəni 2,356 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,841 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 15 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanda yerləşən Göyçay RPŞ-yə gətirilmiş, həmin gün saat 16:50-də şöbənin növbətçi hissəsində üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümün içərisində olan 2 ədəd ayrı-ayrı şəffaf sellofan bükümlərdə külli miqdarda, yəni təmiz çəkisi 2,356 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,841 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o qapı-pəncərə ustasıdır. Tutulmadan əvvəl şəhərin içində icarəyə yer götürmüşdür. 15 gün evdə müalicə almışdır. Avadanlığı quraşdırmaq üçün təxminən saat 4-5 arasında sexə getmişdir. Sexə daxil olduqdan bir müddət sonra içəri 7-8 nəfər polis əməkdaşı daxil olmuşdur. Polis əməkdaşları onu polis şöbəsinə aparmışdırlar. Həmin vaxt telefonu sexdə qalmışdır. Polis əməkdaşları üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdurlar. Həmin vaxt onlara üzərində narkotik vasitənin olmadığını bildirmişdir. Polis şöbəsində qolları qandallı olmuş və içəridə 9-10 nəfər polis əməkdaşı olmuşdur. Polislərdən biri üzərinə baxış keçirmiş və heç nə tapa bilməmişdir. Sonra əlini arxa cibinə aparmış və oradan narkotik vasitə çıxarıb masanın üstünə atmışdır. Bundan sonra ona narkotik vasitənin ona aid olduğunu bildirmişlər. Elə həmin vaxt etiraz etmiş və aşkar olunan narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Elə bu vaxt polis əməkdaşları ona demişlər ki, narkotik vasitəni boynuna almaması təqdirində evindən külli miqdarda narkotik vasitə çıxaracaqlar. Daha sonra onu aldatmışlar və demişlər ki, narahat olmasın, ona CM-in 234.1-ci maddəsi ilə ittiham veriləcəkdir. Müəssisəyə gəldikdən sonra öyrənmişdir ki, ona ağır maddə ilə ittiham veriblər. Məhkəmə kollegiyasından barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələrin heroin növündən istifadə etmişdir. Psixotrop maddə olan metamfetamin istifadə etməmişdir. Təxminən 5-6 aydır narkotik vasitə olan heroindən istifadə etmişdir. Onu saxlayan polis əməkdaşlarından sadəcə birini tanımışdır. Polis əməkdaşları ilə qərəzli münasibətləri olmamışdır. Niyə görə tutulduğunu bilməmişdir. Ondan narkotik vasitə satıbsatmadığını soruşmuşlar və polis əməkdaşlarına heç vaxt narkotik vasitə satmamasını bildirmişdir. Videoçəkiliş olmuşdur. Videoçəkilişdən əvvəl əməliyyatçıların rəisi ona tapşırıq vermişdir ki, çəkiliş zamanı artıq əksik heç nə deməsin. Bundan sonra videoçəkiliş zamanı aşkar olunan maddənin ona aid olduğunu bildirmişdir. Polis əməkdaşları onların dediklərini etmədiyi təqdirdə evindən narkotik vasitə çıxaracaqlarını demişdirlər. Vəkilinə ona olunan qanunsuzluq barədə heç nə deməmişdir. Səhv etmirsə, vəkili Nəcməddin müəllim olmuşdur. İstintaqda olan ifadəsini oxumuşdur. İfadəsində “Baba” adlı şəxsdən bəhs edilmişdir. O, elə bir şəxsi tanımamışdır. Polis əməkdaşları onu təxminən saat 4-5 radələrində saxlamışdır. Səhv etmirsə, polis əməkdaşları onu saxlayan vaxt 7-8 nəfər olmuşdurlar. Polis əməkdaşları onu polis şöbəsində əməliyyatçıların otağına aparmışlar. Həmin vaxt qolları qandallı olmuşdur. Polis əməkdaşları ona fiziki təsir göstərmişdirlər. Ona hədə-qorxu gəlmişdirlər. “Baba” adlı şəxsi tanımamış, həmin şəxslə görüşməmiş və“Baba” adlı şəxslə telefon vasitəsilə danışmamışdır. “Nokia” markalı sadə telefon işlətmişdir. Həmin telefonda “Whatsapp” proqramı olmamış və Baba” adlı şəxslə “Whatsapp” proqramı vasitəsilə danışmamışdır. Bakı şəhərinə gedib narkotik vasitə götürməmişdir. Tutulduğu vaxt “İnstagram” sosial şəbəkəsindən istifadə etməmişdir. “Baba” adlı şəxslə “İnstagram” və ya “Whatsapp” proqramı vasitəsilə danışmamışdır. Cibinə narkotik vasitəni polis əməkdaşları qoymuşlar. Polis əməkdaşları arxa cibindən narkotik vasitəni çıxarmış və ona aid olmasını bildirmişdirlər. Daha sonra çəkiliş olmuş və təkrar cibinə narkotik vasitə qoymuşdurlar. Sonra ona demişlər ki, çəkiliş zamanı narkotik vasitəni çıxarıb masanın üstünə qoysun. ***-***-**-** mobil nömrəsi ona aiddir. Ona polis əməkdaşları tərəfindən fiziki təsirlər olmuşdur. Bədənində xəsarətlər olmamışdır. Polis əməkdaşları ona demişlər ki, onlarla razılaşmasa evindən külli miqdarda narkotik vasitə çıxaracaqlar. Ona hədə-qorxu gəlmişlər və o da onlarla razılaşmışdır. Ona olunan qanunsuzluq barədə vəkilinə heç nə deməmişdir. Çünki vəkilini yalnız çəkiliş zamanı görmüşdür. Üzərində mobil telefon olmuşdur. Hadisədən əvvəl Bakı şəhərində olmuşdur. Saxlanılmadan bir ay yarım əvvəl Bakı şəhərində olmuşdur. Saxlanılmadan 15 gün əvvəl Bakı şəhərində olmamışdır. Avqustun əvvəllərində Bakı şəhərində olmuşdur. İbtidai istintaq zamanı həmin məzmunda ifadə verməmişdir. O, yalnız ifadəyə imza çəkmişdir. İfadəsi başdan sona uydurmadır. Tutulmadan əvvəl sadə telefon işlətmişdir. Bir il əvvəl telefonunu satmışdır. Telefonunda “İnstagram” və “Whatsapp” proqramı olmamışdır. ***- ***-**-** mobil nömrəsi ona aiddir. Həmin nömrədə “Whatsapp” proqramı bir il əvvəl olmuşdur. ***-***-**-** mobil nömrəsini saxlanılana qədər özü istifadə etmişdir. ***-***-**-** mobil nömrəsində bir il əvvəl “Whatsapp” proqramı olmuşdur və özü istifadə etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 2 ildir ki, narkotik vasitə olan kakos kimi tanınan narkotik vasitə olan heroindən və patı kimi tanınan psixotrop maddə metamfetamindən istifadə edir. Təxminən 1 il əvvəl İnstagram sosial şəbəkəsində özünü İran vətəndaşı kimi Baba adı ilə təqdim edən şəxslə tanış olaraq ondan narkotik vasitə alıb istifadə etmişdir. Belə ki, o, həmin şəxsin kart hesabına pul vuraraq sifariş verdiyi narkotik vasitəni sonuncunun qoyduğu yerdən götürərək əldə etmişdir. Sonuncu dəfə təxminən 15 gün əvvəl İnstagram sosial şəbəkəsində tanış olduğu həmin Baba kimi tanıdığı şəxsdən narkotik maddə almaq məqsədi ilə tanımadığı yol avtomobili ilə Bakı şəhərinə getmiş, həmin gün təxminən saat 22 radələrində Bakı şəhərinə çatdıqdan sonra “Watsapp” sosial tətbiqi vasitəsi ilə özünü Baba kimi təqdim edən şəxslə əlaqə saxlamış, həmin şəxs ona kart hesabı vermişdir. O, həmin hesaba Bakı şəhər Binəqədi rayon ərazisindən xatırlamadığı Milliön ödəmə terminalı vasitəsi ilə 220 manat pul köçürtmüş, həmin şəxsə 5 qram narkotik vasitə olan “Heroin” və 3 qram isə “Metamfetamin” göndərməyini sifariş etmişdir. O, həmin Baba kimi tanıdığı şəxsə pulu köçürtdükdən bir saat sonra həmin şəxs ona ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçdiyi “Watsapp” sosial tətbiqində zəng vuraraq, Bakı şəhər Binəqədi rayon ərazisində avtomobil təmiri sexinin ünvanını verərək, sifariş verdiyi narkotik maddələri həmin avtomobil sexinin giriş qapısına təxminən 250-300 metr qalmış qaz borusunun yanına qoyduğunu bildirmişdir. Bundan sonra o, həmin yerə gedərkən qaz borusunun yanında 1 ədəd şəffaf rəngli sellofona bükülmüş bükümü yerdə görüb götürərək içərisinə baxarkən həmin sellofonun içərisində 1 büküm qəhvəyi rəngdə və 1 büküm ağ rəngdə olan narkotik maddənin olduğunu görüb həmin bükümləri götürüb cibinə qoymuşdur. Bundan sonra o, Bakı şəhərindən tanımadığı avtomobilə minərək Göyçay rayonuna qayıtmış, Göyçay rayonuna gəldikdən sonra isə həmin Bakı şəhərindən tanımadığı özünü İran vətəndaşı kimi təqdim etmiş “Baba” adlı şəxsdən aldığı narkotik vasitə heroin və metamfetamindən özü az-az istifadə etmişdir. İçərisində qalan narkotik vasitə olan bükümləri isə cibində saxlamışdır. 15 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində Göyçay şəhər H.Əliyev prospekti ilə evlərinə tərəf gələrkən polis işçiləri ona yaxınlaşaraq, özlərini təqdim edib narkotik maddələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli olduğunu ona bildirib, onu Göyçay RPŞ-nə gətirmişlər. O, təqdim edilən vəkillərin siyahısından hüquqlarını müdafiə etmək üçün vəkil X1. Vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ona hüquqları izah olunmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o, əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 1 ədəd bükümü, həmçinin şalvarının ciblərindən 1 ədəd göy rəngli cib dəsmalını, 1 ədəd üzərində “ Rothmans” yazısı olan siqaret qutusunu, 1 ədəd alışqanı, 1 ədəd “Nokia” markalı mobil telefonu, 1 ədəd ağ rəngli muncuqla düzülmüş təsbehi masanın üzərinə qoymuşdur. Həmin cibindən çıxan sellofan büküm açılıb içərisinə baxılan zaman həmin bükümün içərisində ayrı-ayrı sellofan bükümlərdə 1 ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin və 1 ədəd içərisində ağ rəngli kristal halında olan psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Həmin bükümlər elektron tərəziyə qoyularaq çəkilmiş, həmin narkotik vasitə heroinin sellofanla birlikdə çəkisi 0,92 qram, psixotrop maddə metamfetaminin sellafonla birlikdə çəkisi 2,51 qam gəlmiş, bundan sonra həmin üzərindən aşkar olunmuş bükümlər 1 ədəd zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq zərfin ağzı möhürlənmiş, o və vəkili həmin zərfin üzərini imzalamışlar. Həmçinin mobil telefonu iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, digər əşyalar özünə qaytarılmış, sonra isə bununla bağlı protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və doğru yazıldığı üçün protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əlavə suallara cavab olaraq göstərmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən nə heç kimə verməmiş, nədə ki satmamış, əldə etdikdən sonra özü az-az istifadə edərək qalanını gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitə əldə etdiyi şəxs özünü ona İran vətəndaşı və adını Baba kimi təqdim etmiş, o, həmin şəxslə sosial İnstagram şəbəkəsində tanış olmuş, daha sonra isə ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçdiyi “Watsapp” sosial tətbiqi ilə əlaqə saxlamış, lakin həmin şəxsi görməmiş, harada olmasını və yaşamasını, adını və hər hansı anket məlumatlarını bilməmiş, sadəcə İranda yaşadığını düşünmüşdür. Həmin şəxsin instagram hesabını və onun hansı instagram hesabı ilə sonuncu tanış olduğunu, həmçinin “Watsapp” sosial tətbiqində hansı nömrə ilə qeydiyyatdan keçdiyini xatırlamamış, sadəcə nömrəsinin İran nömrəsi olması yadında qalmışdır. O, həmin Baba kimi tanıdığı şəxslə əlaqə saxladığı mobil telefonunu instagram və “Watsapp” sosial tətbiqində hesablarına çıxış verdikdən sonra Bakı şəhərindən qayıdarkən tanımadığı şəxsə satmışdır. Hal-hazırda “Watsapp” və İnstagram sosial tətbiqindən istifadə etmir. Həmçinin Baba kimi tanıdığı şəxsin Milliön ödəmə terminalı vasitəsi ilə pul göndərdiyi hesabını xatırlamamış, həmin Baba kimi tanıdığı şəxsdən əvvəllər də şəxsi istifadəsi üçün eyni qaydada bir neçə dəfə narkotik vasitə əldə etmiş, narkotik vasitə əldə edərək saxlamağından başqa heç bir şəxsin məlumatı və ya xəbəri olmamış, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Göyçay rayonu, H.Əliyev prospektində saxlanıb şöbəyə gətirilərkən və həmin şöbədə olarkən polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki zorakılıq və ya digər bir qanunsuz hərəkət edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ona ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında CAB-ın əməkdaşı Şahid2 və Şahid3 ilə birlikdə Göyçay şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs müəyyən edib yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib Təqsirləndirilən şəxs Göyçay RPŞ-yə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və vəkil X4 müdafiəçi kimi iştirakı təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində göy rəngli idman şalvarının sol yan cibindən 1 ədəd sellofan büküm, bundan başqa şalvarının ciblərindən 1 ədəd cib dəsmalı, 1 ədəd Rothmans markalı siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd təsbeh və 1 ədəd Nokia markalı mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş 1 ədəd sellofan bükümün içərisindən isə ayrı-ayrı ağ rəngli sellofan bükümlərdə birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə olan metamfetamin olmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, narkotik vasitə heroinin sellofanla birlikdə çəkisi 0,92 qram, psixotrop maddə metamfetaminin isə sellofanla birlikdə çəkisi 2,51 gəlmişdir. Hər iki sellofan bükümdə olan kütlələr zərfdə qablaşdırılaraq ağzı möhürlənib üzəri imzalanmışdır. Habelə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd Nokia markalı mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələrin narkotik vasitələr olduğunu, qəhvəyi rəngli kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə, ağ rəngli kütlənin isə “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu, istifadə etmək üçün onlayn yolla Bakı şəhərində tanımadığı şəxsdən aldığını, həmçinin polis əməkdaşları tərəfindən heç bir zorakılıq və digər qanunsuz hərəkət edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə ünvan 5 ünvanda yaşayan, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin alüdəçisi olması, narkotik vasitələri üzərində saxlaması və daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə Göyçay Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs saat 16:15də Göyçay şəhəri H.Əliyev prospektində saxlanılaraq Göyçay rayon Polis şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:35-də müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı dövriyyəsi qadağan olunmuş əşya, predmetin olub-olmaması soruşulmuş və əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olduğunu bildirmiş və əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü, həmçinin şalvarının ciblərindən 1 ədəd göy rəngli cib dəsmalını, 1 ədəd Rohtmans markalı siqaret qutusunu, qutunun içərisində olan 1 ədəd alışqanı, 1 ədəd “Nokia” markalı mobil telefonu və 1 ədəd ağ muncuqla düzülmüş təsbehi təqdim etmişdir. 1 ədəd sellofan büküm açıldıqda içərisində ayrı-ayrı ağ rəngli sellofan bükümlərdə birinin içərisində qəhvəyi rəngli kütlə, digərinin içərisində isə ağ rəngli kristal halında olan kütlə aşkar olunmuşdur. Ağ rəngli sellofan bükümdə olan qəhvəyi rəngli maddə elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə çəkisi 0,92 qram gəlmişdir. Həmçinin digər ağ rəngli sellofan bükümdə olan kristal halında ağ rəngli kütlə isə elektron tərəzidə çəkilmiş, sellofanla birlikdə çəkisi 2,51 gəlmişdir. Bundan sonra hər iki sellofan bükümdə olan kütlələr zərfdə qablaşdırılaraq ağzı möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd Nokia markalı mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələrin narkotik vasitə olduğunu, qəhvəyi rəngli kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə, ağ rəngli kütlənin isə “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu, hər ikisini özü istifadə etmək üçün onlayn yolla Bakı şəhərində tanımadığı şəxsdən əldə etdiyini, həmçinin polis əməkdaşları tərəfindən heç bir zorakılıq və digər qanunsuz hərəkət edilmədiyini bildirmişdir. Şəxsi axtarışın əks olunduğu video görüntü olan CD disk və fotoşəkillər müvafiq protokola əlavə olunuşdur (cild 01, iş vər. 21-25). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 17/696 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki: - 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,841 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. -digər 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 2,356 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinin siyahısı”na daxildir (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrinin siyahısı”na daxildir (İ siyahı) (cild 01, iş vər. 34-38). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 70-73). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 5(046)-82/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə Göyçay rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar geri qaytarılmışdır (cild 01, iş vər. 76). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Göyçay RİHB-nın Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi arayışlardan, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı, anası, xx.xx.2010-cu il təvəllüdlü qızı (X5) və xx.xx.2012-ci il təvəllüdlü oğlu (X8)) Göyçay şəhəri Nizami küçəsi ev 82 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 77- 82). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X12 təqdim etdiyi məktubdan görünür ki, Təqsirləndirilən şəxs sözügedən xəstəxanada narkoloq və psixiatr həkimlərdə qeydiyyatda yoxdur (cild 01, iş vər. 105). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 106). Cinayət işi materiallarında olan əməliyyat tapşırığı və raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroini haradan, kimdən və nə vaxt əldə etməsi, həmin psixotrop maddəni və narkotik vasitəni hansı məqsədlə saxlaması, psixotrop maddə və narkotik vasitəni əldə etməsində ona kömək edən şəxsin olub-olmamasının, hər hansı şəxsə və ya şəxslərə psixotrop maddə və ya narkotik vasitə satıb-satmamasının, əldə etdiyi psixotrop maddədən və narkotik vasitədən yaşadığı evində, yaxud, digər yerlərdə gizlədərək saxlayıb-saxlamamasının, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edibetməməsinin və digər xüsusatların müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmiş, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və narkotik vasitə heroini həqiqətən hansı mənbədən əldə etməsi, psixotrop maddəni və narkotik vasitəni ələ etdiyini bildirdiyi İran vətəndaşı olan şəxsin şəxsiyyətinin müəyyən olunması, hər hansı şəxsə və ya şəxslərə psixotrop maddə və ya narkotik vasitə satması, qanunsuz olaraq psixotrop maddə və narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddə metamfetamin və narkotik vasitə heroindən yaşadığı evdə, yaxud, digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun rayon ərazisində baş vermiş cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir (cild 01, iş vrə. 107-109). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 29 noyabr 2023-cü il tarixli 1966 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 129). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 05 dekabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs külli müqdarda psixotrop maddə olan metamfetamini və bundan başqa narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib üzərində daşıyaraq saxlamadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə ittiham elan edilməməsi, habelə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham CM-nin 234.1-ci maddəsini tam əhatə etdiyindən ona əlavə olaraq CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilməməsi qərara alınmışdır (cild 01, iş vər. 136-147). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Göyçay RPŞ-nin Şəhər, Rayon, Xətt Polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30da Göyçay RPŞ-yə gətirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 7826/2023 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs həbs olunmadan əvvəlki tarixə aid hər iki yuxarı ətrafın bazu və said nahiyyələrində çox saylı postinyeksiyon yara izləri xəsarətləri aşkar edilmişdir. Sorğu zamanı o, xəsarətlərin narkotik vasitəni özü-özünə inyeksiya edərkən yarandığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – həmin əməlləri törətmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 13 dekabr 2023-cü il tarixədək qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Həmçinin Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 0,15 (sıfır tam yüzdə on beş) qramdan artıq çəkidə narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. Kollegiya qeyd edir ki, şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri külli miqdarda törədilməsi həmin əməllərə görə şəxsin CM-in 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə və şəxsi istehlak miqdarından artıq miqdarda narkotiq vasitə əldə edib üzərində daşıyaraq saxlamışdır. Məhkəmə kollegiyasının qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində daşıyarkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda, yəni 2,356 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,841 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 15 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanda yerləşən Göyçay RPŞ-yə aparılmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümün içərisində olan 2 ədəd ayrı-ayrı şəffaf sellofan bükümlərdə külli miqdarda, yəni təmiz çəkisi 2,356 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,841 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək icarəyə götürdüyü sexə 7-8 polis əməkdaşını daxil olaraq onu polis şöbəsinə apardığını, polis şöbəsində polis əməkdaşlarının üzərində narkotik vasitə olub-olmadığını soruşduqlarını, həmin vaxt onlara üzərində narkotik vasitənin olmadığını bildirdiyini, polislərdən birinin üzərinə baxış keçirməsini və heç nə tapa bilmədiyini, sonra əlini arxa cibinə apararaq oradan narkotik vasitə çıxarıb masanın üstünə atmasını, narkotik vasitənin ona aid olmasını bildirmələrini, həmin vaxt onun etiraz etməsini və aşkar olunan narkotik vasitənin ona aid olmadığını bildirməsini, bu vaxt polis əməkdaşları ona narkotik vasitəni boynuna almaması təqdirdə evindən külli miqdarda narkotik vasitə çıxaracaqlarını bildirmələrini, daha sonra onu aldataraq ona CM-in 234.1-ci maddəsi ilə ittiham veriləcəyini bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu hissədə verdiyi ifadəsi ilə razılaşmayaraq, belə hesab edir ki, o, belə məzmunda ifadə verməklə həqiqəti gizlətmiş, bununla da cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonraki dövrdə tutularkən üzərində narkotik vasitənin və psixotrop maddənin olmadığını mübahisələndirməmiş, habelə polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi barədə heç bir dövlət orqanına və ya tibb müəssisəsinə müraciət etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə tutulduğu gündən məhkəmədə ifadə verənədək ifadəsində göstərdiyi dəlillərlə bağlı heç bir dövlət orqanına müraciət etməmiş, irəli sürülmüş ittihamı bu və ya digər hissədə mübahisələndirməmiş, əksinə ibtidai araşdırma zamanı dəfələrlə etirafedici ifadə verərək satış məqsədi olmadan 2,356 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 0,841 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadədən fərqli məzmunda ifadə verməklə məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün başqa hal və yaxud hallar müəyyən edilməmişdir. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və qadağan edilmiş sair vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək sübutlar əldə edilib cinayət işinə əlavə edilməmişdir. Əksinə əməliyyat tapşırığı ilə bağlı 23 oktyabr 2023-cü il tarixli Göyçay Rayon Polis Şöbəsinin CAB-ın tərəfindən verilmiş raportundan görünür ki, psixotrop maddə metamfetamini və narkotik vasitə heroini hansı mənbədən əldə etməsi, psixotrop maddəni və narkotik vasitəni ələ etdiyini bildirdiyi İran vətəndaşı olan şəxsin şəxsiyyətinin müəyyən olunması, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması əməliyyat yolu ilə müəyyən edilməmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi olmadan külli miqdarda psixotrop maddə metafetamini və şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroini qanunsuz şəkildə əldə edib üzərində saxlamış və üzərində şəxsi axtarış keçirilərkən 1 ədəd sellofan bükümün içərisində olan 2 ədəd ayrı-ayrı şəffaf sellofan bükümlərdə külli miqdarda, yəni təmiz çəkisi 2,356 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,841 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən məhkəmə hesab edir ki, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda psxitrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroini məhz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamışdır. Məhkəmə kollegiyası 0,841 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sözügedən narkotik vasitə Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibini yaradır və kollegiya ibtidai istintaqın Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham CM-nin 234.1-ci maddəsini tam əhatə etdiyindən ona əlavə olaraq CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilməməsi mövqeyilə razılaşır. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyasının ən aşağı həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Sözügedən Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş psixotrop maddənin və narkotik vasitənin çəkisini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Göyşay Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 2,306 qram olan metamfetamin və qalıq təmiz çəkisi 0,791 qram olan heroin məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında olması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 2,306 qram olan metamfetamin və qalıq təmiz çəkisi 0,791 qram olan heroin məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında olması nəzərə alınsın. İş üzrə 69 (altmış doqquz) manat 10 (on) qəpik qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-83/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-83/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver