Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-84/2021 09.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 1983-cü il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayon Ərəb kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfinən Təqsirləndirilən şəxs qarşı CM-nin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində həmkəndlisi X3 VAZ 21214 markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobili ilə Ağdaş- Kükəl yolu ilə üzü Kükəl kəndi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndlərinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək sərxoş vəziyyətdə Ağdaş rayonunun Kükəl kəndi ərazisində sağa sərt döngədə ehtiyatsızlıqdan avtomobilin idarəçiliyini itirərək avtomobili yolun solunda olan quru su arxına aşırmış və nəticədə avtomobildə qabaqda əyləşən sərnişin X7 boyun fəqərələrinin sınığı, sağ gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi, alnın sol nahiyəsinin sıyrığı, boynun sağ yuxarı nahiyəsinin qançırı, sol çiyin nahiyəsinin qançırı, sağ dizaltı nahiyənin sıyrığı ilə müşayiət olunan ağır xəsarətlər almış, həmin xəsarətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X3 ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü elan olunan ittiham üzrə qismən (CM-nin 263.2-ci maddəsi ilə) təqsirli bilərək məhkəməyədək icraat dövründə verdiyi ifadəsinə uyğun ifadə verdi və əlavə olaraq göstərdi ki, hadisə baş verən günü spirtli içki qəbul etməmişdir. Ona görə də, mərhum Hacı Qədirov avtomobilini idarə etmək üçün ona vermişdir. Lakin hadisə baş verən yerə gəldikdə sərt döngə olduğundan avtomobilin idarə etməsini itirmiş və nəticədə avtomobil yolun kənarında olan su arxına tərəf aşmışdır. Avtomobildən çıxdıqdan sonra hadisə yerinə gələn şəxslərin köməkliyi ilə Hacı Qədirov avtomobildən çıxarılmış, lakin nə qədər kömək etmək istəsələr də, Hacını həyata qaytamaq mümkün olmamışdır. Daha sonra hadisə yerinə X12 maşını və polis əməkdaşları gəlmişdir. Həmin vaxt şokda olmuş, heç kim ondan hadisənin necə baş verdiyini soruşmamış, yalnız bir gün sonra özünə gəlmiş, daha sonra həm polisə, həm də mərhumun ailəsinə hadisənin necə baş verməsi barədə məlumat vermişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ailəlidir və himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını, hadisə günü avtomobili sərxoş halda idarə etmədiyi üçün əməlinin CM-nin 263.2-ci maddəsinə tövsif olunmaqla barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, əvvəllər spirtli içki içmiş, lakin bir neçə vaxtdır spirtli içki qəbul etməyi dayandırmışdır, çünki Azərbaycandan Respublikasından Rusiya Federasiyasına bəzən yük, bəzən isə sərnişin daşınması ilə məşğuldur. İlk dəfə dindirilərkən avtomobildə olması, lakin sükanın arxasında olmaması ilə bağlı qeyd etdikləri həmin vaxt qorxması ilə əlaqədar olmuş, lakin sonra vicdan əzabı ona əziyyət verdiyindən, həqiqəti açıb ibtidai istintaq orqanının əməkdaşlarına danışmışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırmanın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan (spritli içki qəbul etməsi ilə bağlı xüsusatla əlaqədar), sonuncunun məhkəməyədək icraat dövrünün ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin həmin hissəsi elan olunmaqla tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən müstəntiq tərəfindən ona ünvanlanan suala cavab olaraq göstərmişdir ki, “Bildirmək istəyirəm ki, mən sərxoş deyildim, nə etdiyimi dərk edirdim. Yuxarıda qeyd etdiyim kimi, dostlarım spirtli içki qəbul etsə də, həmin vaxt mən təxminən 50 qram spirtli içki qəbul etmişdim. Lakin sərxoş deyildim. Heç kim mənə deyə bilməz ki, hadisə vaxtı mən sərxoş olmuşam.” İbtidai istintaqın ilkin mərhələsindəki ifadəsində olan həmin xüsusatla bağlı ziddiyyətin səbəbləri dəqiqləşdirilərkən Təqsirləndirilən şəxs həmin dindirmə zamanı ifadəsini oxumadığını, müstəntiqin həmin ifadəni kompüterdə yazdığını, özünün isə oxumadan imza etdiyini, ona görə də orda nəyin yazıldığından xəbərinin olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ona uyğun ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində xx.xx.2020-ci il tarixdə axşam radələrində özünə məxsus VAZ 21011 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə anası Azadə Cəfərovanı işə yola salmaq üçün Kükəl kəndinin girəcəyinə tanış bir avtomobilə mindirib onu Ağdaş şəhərinə yola salmaq üçün çıxdığını, həmin vaxt Kükəl kənd yolunda üzü şəhər istiqamətindən Kükəl kənd istiqamətinə gedəndə sağa sərt döngədə Niva markalı avtomobilin idarəçiliyini itirib yolun sol hissəsinə çıxdığını və avtomobilin yolun solunda olan ehtiyat hissədən quru su arxına tərəf çıxaraq təxminən 50 metr getdikdən sonra aşdığını gördüyünü, anası və özünün tez köməklik etmək üçün ora yaxınlaşdıqlarını və bu vaxt həmin avtomobilin tanışı Hacıya məxsus olan VAZ 21214 markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobil olmasını gördüyünü, həmçinin Hacının avtomobildə əzilmiş hissədə olduğunu gördüyünü, Pərvizin isə avtomobilin sükanı arxasında olduğunu, həmin vaxt hadisə yerinə həmkəndliləri Elçin, İslam və tanımadığı adamların da gəldiklərini, hamısı birlikdə avtomobili qaldırdıqlarını və Hacının artıq öldüyünü gördüklərini, lakin buna baxmayaraq ona süni nəfəs vermək istədiklərini, ancaq Hacının artıq hadisə vaxtı aldığı xəsarətlərdən öldüyünü, bundan sonra X10 çağırdıqlarını və Hacının meyidini X12 avtomobilinə qoyub tibbi müayinə üçün Ağdaş Rayon Mərkəzi Xəstəxanasına apardıqlarını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə günorta radələrində kənddə Təqsirləndirilən şəxsla birlikdə bağda işləyərkən X7 ona zəng edib keçi kəsdiyini, onu Ağdaş rayonunun Qarağan Sədi kəndində yerləşən Şakir adlı şəxsin yeməkxanasına apardığını, onların da ora gəlmələrini bildirmiş, o da Pərvizlə birlikdə həmin yeməkxanaya getmişdir. Yeməkxanada bir masa arxasında bir neçə nəfər olmuş, onlar da həmin masada əyləşmiş, sonradan həmin masada yemək yeyilib, spirtli içki içilmişdir. Həmin gün o, həmçinin Pərviz spirtli içki qəbul etməmişlər. Qonaqlıq bitdikdən sonra onlar dağılışmaq üçün durarkən Hacı Pərvizdən onun avtomobilini idarə edib onu evə düşürməsini xahiş etmiş, Pərviz də razılaşmışdır. Pərviz avtomobili işə salıb üzü Ağdaş rayonunun Kükəl kəndi istiqamətinə getmiş, aradan təximnən 4-5 dəqiqə sonra o da avtomobili işə salıb onların arxası ilə yaşadıqları ev tərəfə hərəkət etməyə başlamışdır. Ağdaş rayonunun Kükəl kəndi ərazisində sağa sərt döngəyə çatanda ani bir vaxt Hacının Niva markalı avtomobilinin yolun sol hissəsinə aşdığını görmüş, dərhal avtomobili saxlamış və avtomobildən Elçinlə birlikdə düşüb onlara yaxınlaşarkən orada həmkəndlisi Amil, Amilin anası, Ərziman müəllim və digər tanımadığı şəxslərin olduğunu görmüşdür. Həmin vaxt Pərvizin avtomobildən çöldə olduğunu, avtomobilin beli üstə sağ tərəfi əzilmiş formada torpaq hissəyə sıxılaraq aşmış vəziyyətdə olduğunu, avtomobilin sükan tərəfinin şüşəsinin aşağı salınmış vəziyyətdə olduğunu görmüşdür. Avtomobili çevirmək və Hacını avtomobildən çıxartmaq istəsə də, avtomobili çevirmək mümkün olmamış, Hacı avtomobilin qabaq sağ hissəsində olduğundan onu sükan tərəfdən çölə çıxarmaq məcburiyyətində qalmışlar. Bundan sonra ona süni nəfəs vermək istəsələr də, Hacının artıq hadisə vaxtı aldığı xəsarətlərdən öldüyünü başa düşmüşdür. Daha sonra hadisə yerinə təcili tiibi yardım maşını və polislər gəlmişdir. Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırmanın ilkin mərhələsində şahid qismində verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan (Təqsirləndirilən şəxs hadisə günü spritli içki qəbul etməsi ilə bağlı xüsusatla əlaqədar), sonuncunun məhkəməyədək icraat dövrünün ilkin mərhələsində şahid qismində verdiyi ifadəsinin həmin hissəsi elan olunmaqla tədqiq olunmuşdur. Şahid5 xx.xx.2020-ci il tarixdə şahid şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, “Biz yeməkxanaya gəldikdən və Hacıgil oturduğu masaya əyləşdikdən sonra 3-4 ədəd 750 qramlıq araq içildi. Hacı digər şəxslərlə birlikdə spirtli içki qəbul edirdi. Pərviz də həmin vaxt bir az, təxminən 100 qram araq içmişdir.” İbtidai istintaqın ilkin mərhələsindəki ifadəsində olan həmin xüsusatla bağlı ziddiyyət dəqiqləşdirilərkən Şahid5 dindirmə zamanı ifadəsində Pərvizin həmin vaxt spirtli içki qəbul etmədiyi dediyini, ifadəni oxumadan imza etdiyi üçün ifadəsində həmin vaxt Pərvizin hadisədən qabaq sərxoş olması barədə yazılanlardan xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində xx.xx.2020-ci il tarixdə axşam radələrində avtomobili ilə Ağdaş şəhərindən gəlib yaşadığı kəndə gedən zaman Ağdaş rayonunun Kükəl kəndinin girəcəyində sağa sərt döngədə Niva markalı avtomobilin yolun sol hissəsində aşmış vəziyyətdə olmasını gördüyünü, həmin vaxt avtomobilini saxlayıb yerə düşdüyünü və həmkəndlisi Hacıya məxsus olan VAZ 21214 markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobili olduğunu və avtomobilin yanında həmkəndliləri Pərviz, Elçin, İslam və digər tanımadığı şəxslərin olduğunu gördüyünü, həmin zaman Hacının avtomobilin içərisində qabaqda sağda sərnişin kimi əyləşməsini və baxanda Hacının artıq ölməsini gördüyünü, Pərviz, Elçin və İslamın Hacını avtomobildən çıxara bilmədiklərini, bundan sonra onlara köməklik etdiyini və həmin avtomobilin Hacı əyləşdiyi tərəfi çox əzilidiyi üçün Hacını bir təhər avtomobildən çıxarıb çölə torpağın üzərinə uzandırdıqlarını, daha sonra tanımadığı xeyli şəxslərin ora yığışdıqlarını, bundan sonra kiminsə X12a zəng etdiyini və Hacının meyidini X12 avtomobilinə qoyub tibbi müayinə üçün Ağdaş Rayon Mərkəzi Xəstəxanasına apardıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid7 digər Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid8 ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, Ağdaş rayonunun Qarağan Sədi kəndində “Ata yurdum” adlı kafedə aşbaz işləyir, xx.xx.2020-ci il tarixdə Hacı ona zəng edərək keçi kəsdiyini və onu kafeyə gətirəcəyini, ondan həmin ətdən kabab bişirməsini xahiş etmiş, o da razılaşmışdır. Həmin gün Hacı və onun dostları onun işlədiyi kafedə yeyib içmişlər. İçkini də Hacıgil özləri almışlar. Təqsirləndirilən şəxs da həmin vaxt orada olmuşdur. Arada bir onların kefi xoş olsun deyə kababı şişdə onların yanına gətirib özü vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs spirtli içki qəbul etmədiyini görmüş, bildiyinə görə də, Hacının avtomobilini idarə etmək üçün Pərviz spirtli içki qəbul etməmişdir. Məhkəmə kollegiyasının iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və şahid həmin ifadəsində X3 onun əri olduğunu, Hacı ilə 2007ci il tarixdən ailə qurduqlarını, birgə nigahdan iki oğlan və bir qız övladlarının olduğunu, əri Hacının fərdi təsərrüfatla məşğul olduğunu, Hacının etibarnamə ilə VAZ 21214 markalı **- CG-*** dövlət nömrə nişanlı avtomobil idarə etdiyini, xx.xx.2020-ci il tarixdə axşam radələrində əri Hacının Ağdaş rayonunun Kükəl kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətməsini və həmin hadisə nətciəsində vəfat etməsini eşitdiyini, daha sonra hadisənin necə baş verməsi barədə maraqlananda xx.xx.2020-ci il tarixdə günorta radələrində Ağdaş rayonunun Qarağan Sədi kəndində yerləşən Şakir adlı şəxsin yeməkxanasında tanışları ilə birlikdə yeyib içdiklərini, daha sonra tanışı Pərviz ilə birlikdə evə gəlmək qərarına gəldiklərini, həmin vaxt Hacının avtomobilin sükanı arxasında, Pərvizin isə qabaqda sağda əyləşdiyini, Hacının avtomobili idarə edərək Kükəl kənd yolu ilə üzü yaşadıqları evə tərəf hərəkətdə olarkən Kükəl kənd yolunda sağa sərt döngədə avtomobilin idarəçiliyini itirərək yolun soluna çıxıb aşdığını və həmin vaxt aldığı xəsarətlərdən hadisə yerində öldüyünü bildiyini, lakin sonradan avtomobilin şəkillərinə baxanda ona Hacının hadisə vaxtı avtomobildə sağda, lakin sükan arxasında isə Pərvizin olmasının və həmin vaxt avtomobili Pərvizin idarə etməsinin ona məlum olduğunu, çünki avtomobilə baxan zaman da həmin avtomobilin sağ hissəsinin əzilməsinin, lakin sürücü tərəfdə də o qədər əzilmə olmamasının görsəndiyini, hadisə vaxtı avtomobili Hacının yox, onun dostu Pərviz adlı şəxsin idarə etməsini fikirləşdiyini, hadisənin baş verməsinə səbəb Hacının və Pərvizin sərxoş olması və Pərvizin avtomobilin idarəçiliyini itirməsi olduğunu, hadisə vaxtı yerin quru və asfalt olduğunu, hadisə vaxtı yaxınlıqda hər hansı bir görüntü kamerası olmadığını, Hacının ölümündə heç kəsdən heç bir şikayət və tələbi olmadığını, lakin bu işin daha da tam və hərtərəfli araşdırılması və həmin vaxt avtomobili kimin idarə etməsinin müəyyənləşdirilməsini istədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və şahid həmin ifadəsində xx.xx.2020-ci il tarixdə günorta radələrində kənddə qohumu Pərvizlə birlikdə bağda işlədiklərini, həmin vaxt həmkəndlisi X3 ona zəng edib keçi kəsdiyini, onu Ağdaş rayonunun Qarağan Sədi kəndində yerləşən Şakir adlı şəxsin yeməkxanasına apardığını, onların da ora gəlmələrini dediyini, ona tək olmadığını, Pərvizin də onun yanında olduğunu, həmin vaxt Hacının elə ikisinin də gəlmələrini dediyini, bundan sonra həmkəndlisi Elburusun oğlu Elçinə zəng edib Hacının zəng etdiyini, keçi kəsdiyini, Şakirin yeməkxanasına apardığını, gedib yeyib-içmələrini dediyini, Elçinin də razılaşdığını, təxminən 2-3 saatdan sonra üçünün birlikdə kənddə görüşdüklərini və Elçinin idarə etdiyi ağ rəngli nömrəsini bilmədiyi Priora markalı avtomobilinə əyləşib Şakirin yeməkxanasına getdiklərini, ora çatanda Hacının tanımadığı digər üç nəfər şəxs ilə yeyib-içdiyini gördüyünü, onların əyləşdikləri masaya əyləşdiklərini, birlikdə yeyib-içməyə başladıqlarını, gəldikdən sonra təxminən 3-4 ədəd 750 qramlıq araq içdiklərini, həmin vaxt spirtli içki qəbul etmədiyini, Hacının isə digər şəxslərlə birlikdə spirtli içki qəbul etdiyini, həmçinin Pərvizin də bir az təxminən 100 qram araq içdiyini, yəni Pərvizin sərxoş olmadığını, nə hərəkət etməsini bildiyini, həmin gün saat təxminən 19:30 radələrində birlikdə yeməkxanadan durduqlarını və Elçinin avtomobilini özü idarə etdiyini, Pərviz və Hacının avtomobildə arxada, Elçin isə qabaqda əyləşdiyini, Hacının idarə etdiyi VAZ 21214 markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobili Ağdaş rayonunun Şəmsabad kəndinin girəcəyində yuyucu məntəqəsində olduğundan Hacının onu avtomobilinin yanına aparmasını dediyini, Hacını avtomobilinin yanında düşürdüyünü, həmin vaxt Pərvizin də avtomobildən yerə düşdüyünü, Hacının yuyucu məntəqəsi tərəfə həmin məntəqədə işləyən şəxsin pulunu verib gəlmək üçün getdiyini, daha sonra Hacının gəldiyini, Lakin Pərvizin sükan arxasına əyləşdiyini, Hacının isə qabaqda sağda əyləşdiyini, bundan sonra Pərvizin avtomobili işə salıb üzü Ağdaş rayonunun Kükəl kəndi istiqamətinə getdiyini, aradan təxminən 4-5 dəqiqə sonra avtomobili işə salıb onların arxası ilə yaşadıqları ev tərəfə hərəkət etməyə başladığını, həmin vaxt avtomobildə onun yanında Elçinin də olduğunu, Ağdaş rayonunun Kükəl kəndi ərazisində sağa sərt döngəyə çatanda ani bir vaxt Hacının VAZ 21214 markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobilinin yolun sol hissəsinə aşdığını gördüyünü, dərhal avtomobili saxladığını və avtomobildən Elçinlə birlikdə düşüb onlara yaxınlaşdığını, həmin vaxt orada həmkəndlisi Amil, Amilin anası, Ərziman müəllim və digər tanımadığı şəxslərin olduğunu, Pərvizin həmin vaxt avtomobildən çöldə olduğunu, avtomobilin beli üstə sağ tərəfi əzilmiş formada torpaq hissəyə sıxılaraq aşmış vəziyyətdə olduğunu, avtomobilin sükan tərəfinin şüşəsinin aşağı salınmış vəziyyətdə olduğunu, avtomobili çevirmək və Hacını avtomobildən çıxartmaq istədiklərini, lakin avtomobili çevirmək mümkün olmadığını, Hacını qabaq sağ hissədə olduğundan onu sükan tərəfdən çölə çıxartdıqlarını, bundan sonra ona süni nəfəs vermək istədiklərini, lakin Hacının artıq hadisə vaxtı aldığı xəsarətlərdən öldüyünü, daha sonra TTY çağırdıqlarını və Hacının meyidini TTY avtomobilinə qoyub tibbi müayinə üçün Ağdaş RMX-yə apardıqlarını, polisə hadisə vaxtı Hacının avtomobildə tək olmasını məlumat verdiklərini, daha sonra da Pərvizin avtomobildə sərnişin olmasını bildirdiklərini sonradan bildiyini, Pərvizin də əvvəlcə dindirilərkən avtomobildə sərnişin kimi əyləşdiyini dediyini, lakin sonradan Pərvizin RPŞ-yə çağırıldığını və Pərvizin əlavə dindirilərkən ifadəsində hadisə vaxtı avtomobilin sükanı arxasında olmasını və avtomobili özü idarə etməsini bildirdiyini, sonradan bildiyinə görə hadisənin baş verməsinə səbəbin Pərvizin sərxoş olması və avtomobilin idarəçiliyini itirməsi olduğunu, hadisə vaxtı avtomobildə Pərviz və Hacıdan başqa heç kimin olmadığını, daha sonra ora özü, Elçin, həmkəndlisi Amil, Amilin anası Azadə, Ərziman müəllim və digər tanımadığı şəxslərin gəldiyini, avtomobili həmin vaxt Pərvizin idarə etdiyini, Hacının isə qabaqda sağda əyləşdiyini, hadisə vaxtı yerin quru və asfalt olduğunu, hadisə vaxtı yaxınlıqda hər hansı bir görüntü kamerası olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və şahid həmin ifadəsində Bakı Şamaxı Yelax yolunun Şəmsabad kənd ərazisində Şəmsabad kəndinin girəcəyində sağ hissədə yerləşən həmkəndlisi Pərvizə məxsus 2020-ci ilin iyun ayının 1 dən avtoyuyucu kimi tək işlədiyini, həmin avtoyuma məntəqəsində səhər 8:00-dan axşam 20:00-a qədər işlədiyini, Ağdaş rayon Ərəb kənd sakinləri X5 və Təqsirləndirilən şəxs Mübariz oğlunu tanıdığını, onlarla elə bir münasibətinin olmadığını, Hacının VAZ 21214 markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobil idarə etdiyini və hərdən bir avtomobilini onun yanına gətirərək onun yanında yuduzdurduğunu, Hacının xx.xx.2020-ci il tarixdə günorta radələrində tək gətirib avtomobilini onun işlədiyi yuyucu məntəqəsinə saat 4-də gəlib götürmək üçün yumağa qoyduğunu, həmin gün axşam təxminən saat 19:20 radələrində yuyucu məntəqəsində digər şəxsin avtomobilini yuduğunu, həmin vaxt Hacının onu çağırdığını və avtomobilini yuduğu üçün 20 manat pul uzatdığını, əli sulu olduğu üçün Hacıya 20 manatı həmin yerdə olan dəmir qutunun içərisinə qoymasını və 15 manatı da özünün oradan götürməsini dediyini, həmçinin Hacıya avtomobilinin açarının orada stolun üzərində olmasını və oradan götürməsini dediyini, lakin Hacının həmin yerə hansı avtomobil ilə və kimlə gəlməsini görmədiyini, daha sonra Hacının avtomobillə hansı istiqamətə getməsini görmədiyini, aradan təxminən 15-20 dəqiqə keçəndən sonra yol patrul xidmətinin avtomobilləri onun işlədiyi yuyucu məntəqəsinin yanından keçdiklərini gördüyünü və maraqlananda Kükəl kənd yolunda yol nəqliyyat hadisəsi baş verməsini bildiyini, dərhal hadisə yerinə getdiyini və Kükəl kənd yolunda sağa sərt döngədə Hacının avtomobili yolun solunda aşmış vəziyyətdə olduğunu gördüyünü və həmçinin də həmin vaxt Hacının aldığı xəsarətlərdən hadisə yerində öldüyünü və onu Ağdaş RMX-na aparmalarını bildiyini, hadisə vaxtı yerin quru və asfalt olduğunu, hadisə vaxtı yaxınlıqda hər hansı bir görüntü kamerası olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və şahid həmin ifadəsində təxminən 15 il olar ki, ofisiant işlədiyini, Şahid8 tanıdığını, Şakirin Ağdaş rayonu Qarağan Sədi kəndində “Ata yurdum” adlı kafedə aşbaz işlədiyini, xx.xx.2020-ci il tarixdə səhər radələrində Şakirin ona zəng edərək kafedə qonaqlarının olacağını və həmin kafeyə bir günlük 15 manat müqabilində ofisiant kimi gəlməyini bildirdiyini, Şakirlə razılaşdığını və həmin gün kafeyə getdiyini, daha sonra həmin gün təxminən 14 radələrində kafeyə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs və yanında digər tanımadığı bir neçə nəfər şəxsin gəldiklərini, onların içərisində Hacı adlı şəxsin kafeyə bir baş soyulmuş keçi verdiyini, həmçinin də spirtli içki də verərəkl həmin gün dostları ilə birlikdə yeyib içəcəklərini dediyini sonradan bildiyini, sonra onların yeyib içməyə başladıqlarını, onlara qulluq etdiyini, onların bəzilərinin spirtli içki içdiklərini, bəzilərinin də spirtli içki qəbul etmədiyini, onların içərisində əsasən tanıdığı İslam adlı şəxsin və Təqsirləndirilən şəxs spirtli içki qəbul etmədiyini, digərlərinin isə spirtli içki qəbul etdiklərini, həmin gün axşam radələrində Ağdaş rayon Kükəl kənd yolunda Hacının avtomobili aşdığını və Hacının da avtomobildə olduğuna görə hadisə yerində öldüyünü, Pərvizin isə müxtəlif növ bədən xəsarətləri aldığını eşitdiyini, sonradan da həmin vaxtı avtomobili Pərvizin idarə etdiyini bildiyini göstərmişdir. Cinayət işinin materiallarında olan “Raport”dan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 19:55 radələrində Ağdaş Rayon Polis Şöbəsinin Növbətçi Hissəsinə rayonun Kükəl kənd ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 4) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Ağdaş rayonunun Kükəl kənd yolu üzərində baş vermişdir. Protokola müvafiq olaraq hadisənin baş vermə sxemi və fotoşəkillər əlavə olunmuşdur. (cild 01, iş vər. 6-15) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, X3 meyitində aşkar olunan xəsarətlər – boyun fəqərələrinin sınığı, sağ gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi, alnın sol nahiyəsinin sıyrığı, boynun sağ yuxarı nahiyəsinin qançırı, sol çiyin nahiyəsinin qançırı, sağ dizaltı nahiyənin sıyrığı, küt alət təsirindən törənmiş, həyatidirlər, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından birlikdə sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar. X3 ölümünə səbəb boyun fəqərələrinin sınığı olmuşdur. X3 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yolnəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. X3 ölümü meyitin müayinəsindən ən azı 1 saat əvvəl, ən çoxu 3 saat əvvəl baş vermişdir. X3 aldığı xəsarətlərlə ölümünün səbəbi arasında birbaşa əlaqəsi vardır. X3 ölümündən əvvəl spirtli içki qəbul edibetməməsi onun meyitindən götürülən qanın məhkəmə-kimyəvi müayinəsi nəticəsi laboratoriyadan alındıqdan sonra təyin olunacaqdır. (cild 1, iş vər. 79-82) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 313 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər – sol təpə gicgah nahiyəsinin sıyrığı, döş qəfəsinin ön səthinin yumşaq toxumalarının əzilməsi, sol bazunun yuxarı 1/3-nin bayır səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin yol-nəqliyyat qəza hadisəsi zamanı avtomobilin sükanı arxasında oturan zaman əmələ gəlməsi istisna olunmur. (cild 1, iş vər. 83-84) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli 8/1116 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21214 markalı **-CG-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (cild 01, iş vər. 130-131) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşmır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı CM-nin 263-1.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olmadığı nəticəsinə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 263-1.3cü maddəsi ilə ittiham irəli sürülməsinə səbəb onun mərhum Hacı Qədirova məxsus avtomobili sərxoş halda idarə edərkən idarəetməni itirməsi nəticəsində yol-nəqliyyat hadisəsi törətməsi və həmin hadisə nəticəsində Hacı Qədirovun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi ilə bağlı olmuşdur. Məhkəmə istintaqı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin sözügedən cinayət əməlini spirtli içkinin qəbulu nəticəsində sərxoş halda törətməsi ilə əsaslandırmağa çalışmış və Təqsirləndirilən şəxs barəsində CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılmasını israr etmiş, müdafiə tərəfi isə hadisənin baş vermə faktını, həmin hadisədəki təqsiri etiraf etmiş, lakin Təqsirləndirilən şəxs avtomobili sərxoş halda deyil, ayıq şəkildə idarə etdiyini bildirərək onun əməlinin CM-nin 263-1.3-cü maddəsindən həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif olunmaqla barəsində həmin maddə ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılmasını və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə yüngül cəza ilə cəzalandırılmasını xahiş etmişdir. Hazırkı iş üzrə aparılan məhkəmə istintaqı nəticəsində müəyyən olunan işin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, xx.xx.2020-ci il tarixdə Ağdaş rayonunun Qarağan Sədi kəndində yerləşən “Ata yurdum” adlı kafedə mərhum Hacı Qədirov, Təqsirləndirilən şəxs və digərlərinin iştirakı ilə qonaqlıq məclisi keçirilmiş və həmin məclisdə spirtli içki içilmişdir. İşin mübahisəli halı isə həmin vaxtı məclisdə iştirak edən şəxslərdən Təqsirləndirilən şəxs spirtli içki qəbul edib-etməməsi ilə bağlı olmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı CM-nin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürərkən və sonuncunun avtomobili sərxoş halda idarə etməsi ilə bağlı nəticəyə gələrkən ittihamın əsasını təşkil edən sübut kimi sonuncunun ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini, Şahid5 ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsini, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini, həmçinin yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli 8/1116 nömrəli rəyini əsas götürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı zamanı hadisədən qabaq spirtli içki qəbul etmədiyini bildirmiş, ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsində hadisədən qabaq spirtli içki qəbul etməsi ilə bağlı yer alan xüsusatlara münasibətdə isə göstərmişdir ki, həmin ifadəsində nələrin yazılmasından xəbəri olmamış, çünki həmin ifadə müstəntiq tərəfindən kompüterdə yazılmış və o, həmin ifadəni oxumadan imza etmişdir. Həmçinin Şahid5 da həm ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Ağdaş rayonunun Qarağan Sədi kəndində yerləşən “Ata yurdum” adlı kafedə təşkil olunan məclisdə spirtli içki qəbul etmədiyini bildirmiş, ibtidai araşdırmanın ilkin mərhələsində baş verən yol-nəqliyyat hadisəsindən qabaq Təqsirləndirilən şəxs spirtli içki qəbul etməsi ilə bağlı ifadəsində göstərilənlərə münasibətdə isə həmin ifadəsində yazılanlardan xəbərinin olmadığını qeyd etməklə həmin ifadəni oxumadan imza etdiyini məhkəmənin diqqətinə çatdırmışdır. İş üzrə digər Şahid4 isə ölkə hüdudlarından kənarda olduğundan onun məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt avtomobili sərxoş halda idarə etməkdə təqsirləndirilsə də, tədqiq olunan sübutlar vasitəsi ilə, yəni təqsirləndirilən şəxsin və ittihamın əsasını təşkil edən və ittiham tərəfinin istinad etdiyi şahid ifadələri (Şahid5 və s.) vasitəsi ilə, həmçinin məhkəmə iclasında ifadə verən digər şahidlərin ifadələri (Şahid8 və s.) vasitəsi ilə, o cümlədən cinayət işinin materiallarında mövcud olan digər sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs hadisədən əvvəl spirtli içki qəbul etməsi faktı öz təsdiqini tapmır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hətta Təqsirləndirilən şəxs həmin günü hadisədən öncə təşkil olunan qonaqlıq məclisində spirtli içki içməsi halı qəbul olunsa belə, bu halın özü hələ özü-özlüyündə hadisə vaxtı sonuncunun sərxoş olması faktını nə müəyyən edir, nə də bu halı təsdiq edir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə Ağdaş rayonunun Qarağan Sədi kəndində yerləşən “Ata yurdum” adlı kafedə təşkil olunan qonaqlıq məclisində hansı dərəcədə olan alkoqollu içkinin qəbul edilməsinin müəyyən olunmaması, təqsirləndirilən şəxs tərəfindən hadisədən hansı müddət əvvəl alkoqollu içkinin qəbulunun dayandırılması, təqsirləndirilən şəxsin fiziki parametrləri və hansı miqdarda qəbul olunan alkoqollu içkinin onda sərxoşluq vəziyyətini yaratması halının müəyyən olunmaması, o cümlədən Təqsirləndirilən şəxs həmin gün spirtli içki qəbul etməsi faktını təsdiq edən müvafiq ekspertiza rəyinin cinayət işinin materiallarına əlavə olunmaması, habelə sərxoşluq hallarının müəyyən olunması ilə bağlı müayinə aktının tərtib olunmaması və sonuncunun müayinədən keçirilməməsi onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs həmin gün spirtli içki qəbul etməsi nəticəsində sərxoş halda olmamışdır. CM-nin 263-1.1 və 263-1.3-cü maddəsinə əsasən isə yalnız bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda həmin əməl cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi, cinayət qanunvericiliyi yalnız alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda olan şəxs tərəfindən ehtiyatsızlıqdan müvafiq əməlin törədilməsinin cinayət məsuliyyətinə səbəb olduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə xx xxxx 2014-cü il tarixli qərarında isə göstərilmişdir ki, alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmçinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Göründüyü kimi, qanunvericiliklə müəyyən olunmuş əsaslarla, yəni müvafiq sübutlarla şəxsin sərxoşluq halı müəyyən olunmalı olduğu halda, təqsirləndirilən şəxs sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə yoxlamadan keçirilməmiş və bununla bağlı müayinə aktı tərtib olunmamış, həmçinin təqsirləndirilən şəxsin spirtli içki qəbul etməsi faktını təsdiq edən ekspertizanın rəyi əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmamışdır. Cinayət işinin materiallarında olan yol-nəqliyyat hadisələri ekspertizasının rəyinin nəticə hissəsində göstərilənlərə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin rəyin tədqiqat hissəsindən görünür ki, ekspert təqsirləndirilən şəxsin sərxoş vəziyyətdə avtomobili idarə etməsi ilə bağlı nəticəyə məhz ibtidai istintaq orqanının ekspertiza təyin edilməsi barədə qərarında əks etdirdiyi hallara əsasən, yəni təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində vermiş olduğu ifadəsinə əsasən gəlmiş, şəxsin sərxoş halda avtomobili idarə etməsi hər hansı başqa bir sübutla (müayinə aktı, ekspert rəyi və s.) müəyyən edilməmişdir. Odur ki, sözügedən rəyin nəticəsində əks olunan bu hissə ittihamın əsasını təşkil edən sübut növü kimi qəbul edilə bilməz. Beləliklə, cinayət işinin materiallarında olan sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, faktiki olaraq aparılmış ibtidai araşdırma nəticəsində təqsirləndirilən şəxsin sərxoş olması faktı və eyni zamanda avtomobili məhz sərxoş halda idarə etməsi faktı müəyyən olunmadığı halda Təqsirləndirilən şəxs qarşı CM-nin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmçinin həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə, məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsə qarşı elan olunan ittihamın əksinə Təqsirləndirilən şəxs məhz xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində həmkəndlisi X3 VAZ 21214 markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobili ilə Ağdaş- Kükəl yolu ilə üzü Kükəl kəndi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozması, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək Ağdaş rayonunun Kükəl kəndi ərazisində sağa sərt döngədə ehtiyatsızlıqdan avtomobilin idarəçiliyini itirərək avtomobili yolun solunda olan quru su arxına aşırması və nəticədə avtomobildə qabaqda əyləşən sərnişin X3 boyun fəqərələrinin sınığı, sağ gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi, alnın sol nahiyəsinin sıyrığı, boynun sağ yuxarı nahiyəsinin qançırı, sol çiyin nahiyəsinin qançırı, sağ dizaltı nahiyənin sıyrığı ilə müşayiət olunan ağır xəsarətlər alması və həmin xəsarətlərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X3 ölümünə səbəb olması öz təsdiqini tapmışdır. Məhkəmənin gəldiyi nəticə təqsirləndirilən şəxsin özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri, o cümlədən digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edildiyindən, onun törətmiş olduğu əməl CM-nin 263-1.3-cü maddəsindən həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində (CM-nin 263.2-ci maddəsində) nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 təqsirləndirilən şəxslə barışmışdır, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. (cild 01, iş vər. 212) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış, xasiyyətnamə və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəsi (arvadı, 2008 və 2017-ci il təvəllüdlü iki azyaşlı uşağı ilə) birlikdə Ağdaş rayonunun Ərəb kəndində qeydiyyatda olmaqla yaşayır. Məskunlaşdığı ərazi üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 96-97) Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 98) Məhkəmə Təqsirləndirilən şəxs himayəsinə iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin yaxın qohumu olan (atası) hüquqi varisi ilə barışmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətinin və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, səmimi peşmançılığını isə CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən çox olmayan həddə azadlıqdan məhrumetmə növündə əsas cəzanın təyin olunmasını qanuni və ədalətli edir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəzanın təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona eyni zamanda nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 153-154) Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə və CMnin 56.1.1-ci maddəsinə istinadən qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi yaşadığı yer üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri isə dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan VAZ 21214 markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobilin zərəçəkmiş şəxsin hüquqi varisi X1 nəzərə alınmalıdır. İş üzrə 100 AZN (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan VAZ 21214 markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobilin zərəçəkmiş şəxsin hüquqi varisi X1 nəzərə alınsın. İş üzrə 100 AZN (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-84/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-84/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver