Məhkəmə qərarları › İş №1(091)-84/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-84/2022

22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-84/2022 22.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclas katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X8, zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.1988-ci ildə Kəlbəcər rayonu Sarıdaş kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən,orta təhsilli, Kəlbəcər rayonu Sarıdaş kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri Qaçqınlar və Məcburi Köçkünlər üçün salınmış qəsəbə ev 10, mənzil 10-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 182.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 12.06.2021-ci il tarixdə saat 14 radələrində yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən məcburi köçkünlər üçün salınmış qəsəbədə tanışı Zərərçəkmiş şəxs2 ilə söhbət əsnasında sonuncu ilə digər tanışı və qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs1 arasında sosial şəbəkədə eşq münasibətlərinin yarandığını və Zərərçəkmiş şəxs1 məxsus çılpaq və yarımçılpaq fotoşəkillərin Zərərçəkmiş şəxs2 məxsus mobil telefonun yaddaşında olduğunu sonuncunun özündən öyrəndikdən sonra, həmin fotoşəkilləri ələ keçirib onlardan istifadə etməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hədə-qorxu ilə əmlaklarını tələb etmək məqsədi ilə 12.06.2021-ci il tarixdə sonuncunun mobil telefonunda olan Zərərçəkmiş şəxs1 məxsus çılpaq və yarımçılpaq fotoşəkillərin özünə məxsus mobil telefonuna köçürülməsinə nail olub, 14.06.2021-ci il tarixdən 18.06.2021-ci il tarixədək olan müddət ərzində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən məcburi köçkünlər üçün salınmış qəsəbədə istifadəsində olan +99***-***-**-** mobil nömrəsinin ˝ppastahw˝ proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan +99***-***-**-** nömrəsinin ˝ppastahw˝ proqramına, Zərərçəkmiş şəxs1 məxsus çılpaq və yarımçılpaq fotoşəkillərini sonuncunun əri X5 nümayiş etdirib, aralarında yaxın və intim münasibətlər olması barədə rüsvayedici məlumatlar yayacağı, Zərərçəkmiş şəxs1 ərinin bu haqda məlumat əldə etdiyi təqdirdə hər ikisinin sonuncu tərəfindən öldürülmə təhlükəsi ilə üzləşə biləcəkləri ilə hədələyərək, göstərilən səpkidə hədələyici mesajlar yazaraq, həmin fotoşəkilləri yaymamağa görə ona 10000 manat məbləğdə pul verməli olduğunu, həmin pulun 5000 manatını Zərərçəkmiş şəxs2 özü tərəfindən, qalan 5000 manatını isə Zərərçəkmiş şəxs1 almaqla ona verməsini “Whatsapp” tətbiqində yazdığı ismarıc vasitəsi ilə Zərərçəkmiş şəxs2 tələb etmiş, həmçinin Zərərçəkmiş şəxs1 da eyni məqsədlə hədələyərək ona məxsus əmlakı əldə etmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 14.06.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanda yerləşən evinə gedərək özünə məxsus mobil telefonunun yaddaşında olan Zərərçəkmiş şəxs1 məxsus və Zərərçəkmiş şəxs2 mobil telefonundan öz mobil telefonuna köçürdüyü çılpaq və yarımçılpaq fotoşəkillərini Zərərçəkmiş şəxs1 da nümayiş etdirib, həmin fotoşəkilləri məhv etmək və ərinə nümayiş etdirməmək müqabilində Zərərçəkmiş şəxs1 5000 manat olmaqla Zərərçəkmiş şəxs2 ilə birlikdə ikisindən ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 10000 manat məbləğdə pul tələb edib, xeyli miqdarda əmlak, yəni Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumilikdə 10000 manat məbləğdə pul əldə etmək məsqədi ilə hər iki şəxsin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib xeyli miqdarda pullarını hədə-qorxu ilə tələb etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 182.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, anası xəstə olduğu üçün pula ehtiyacı olduğundan tanışı Zərərçəkmiş şəxs2 qızıl qarşılığında pul alıb anasını müalicə etdirmək istəmiş, Nicatla əlaqə saxlayaraq sonuncudan qızıl qarşılığında 500 manat pul istəmişdir. Nicat razılıq verərək onunla əlaqə saxlayacağını demiş, bir müddət sonra onunla əlaqə saxlayaraq qızılı verməsini istəmişdir. Nicat onun evinə gəlib qızılı almış səhəri gün saat 09-da pulu verəcəyini demişdir. Səhəri gün Nicata zəng vursa da sonuncu telefonu götürməmiş, sonrakı günlər pulu verəcəyini desə də pulu verməmişdir. Nicat Şəbnəmin çılpaq və yarıçılpaq şəkillərini ona göstərmiş, Nicatdan şəkilləri ona göndərməsini xahiş etmişdir. Nicat şəkilləri ona göndərmiş, telefonunu götürüb Şəbnəmin yanına getmişdir. Şəkilləri Şəbnəmə göstərməkdə məqsədi sonuncudan pul tələb etmək olmamış, şəkilləri göstərərək nəyə görə Nicata onun haqqında mesaj yazıb qeyri-etik sözlər işlətməsini soruşmaq olmuşdur. Səhəri gün Şəbnəm oğlu ilə birlikdə onun evinin yanında gəlib telefonunu sındıraraq onu da döymüşlər. Hadisədən sonra Nicatdan qızılını yenidən tələb etsə də onun qızılını verməmiş, özünün bir çox adama borcu olduğunu demişdir. Nicata əgər borcu varsa Şəbnəmdən istəməsini demiş, Nicatdan 10 min manat dəyərində pul tələb etməmişdir. Nicata verdiyi qızılın dəyəri təxminən 50-60 manat olmuş, Nicat ona 10 min manat borcu olduğunu dediyinə görə cavab olaraq borcu varsa gedib Şəbnəmdən istəməsini demişdir. Şəbnəmdən 5 min manat pul istəməmiş, Nicatı Şəbnəmin əri ilə hədələməmişdir. Nicatın Xəlil adlı şəxsə 10 min manat borcu olduğuna görə Nicata əgər Xəlilə borcunu ödəməsə sonuncunun Nicatı öldürəcəyini, “Canın 10 min manata dəymir?” kimi mesaj yazmış, Nicat aralarında olan yazışmadakı bəzi mesajları silmişdir. Məhkəməyədək icraat zaman verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onunla qonşuluqda yaşamaqla münasibətləri normal olmuşdur. Nicatın faizə pul verdiyini bildiyinə görə 2021-ci ilin aprel ayında anasının müalicəsi ilə əlaqdar sonuncudan 500 manat pul istəmiş, Nicat ondan bunun müqabilində girov qızıl qoymalı olduğunu bildirmişdir. Nicata qulağında olan bir ədəd qızıl qulaqcığı girov qoya biləcəyini demiş, həmin gün axşam saatlarında Nicat onun yaşadığı mənzilin qarşısına gələrək həmin qızıl qulaqcığı ondan götürmüşdür. Həmin qızıl qulaqcıq bir qulaqda cüt, digər qulaqda isə tək taxıldığından üç ədəd və birlikdə çəkisi 0,9 qram olmuşdur. Ertəsi gün saat 9-10 radələrində Nicat ona 500 manat məbləğdə pul verməli olmuş, lakin Nicata bir neçə dəfə zəng etsə də sonuncu ona hələ ki, gözləməsini demişdir. Təxminən 15 gün müddətində hər gün Nicat müxtəlif bəhanələr gətirərək 500 manat məbləğdə pulu ona verməmiş, sonra təqaüd almaq vaxtı çatdığından təqaüd alıb pul əldə etdiyi üçün Nicata zəng edərək 500 manat pula ehtiyacı olmadığını, qızıl qulaqcığı qaytarmasını sonuncudan xahiş etmişdir. Həmçinin qeyd etdiyi müddət ərzində ona 20 manat pula ehtiyac olmuş və Nicatdan 20 manat borc pul almış, bundan başqa, Nicat ona 2,4 manata ağrı kəsici dərman alıb vermişdir. Beləliklə onun Nicata 22 manat 40 qəpik borcu yaranmışdır. Lakin ötən müddət ərzində Nicat yenə də ona məxsus qızıl qulaqcığı geri qaytarmamış, 2021-ci ilin iyun ayının əvvələrində o, Nicata zəng edərək qızıl qulaqcığını tələb etmişdir. Nicat isə ona şəhər ərazisində görüşməyi təklif edərək görüşərkən qızıl qulaqcığı qaytaracağını demişdir. Evdən çıxıb şəhər ərazisində Nicatla görüşmüş, Nicat ona poçta adına pul göndərildiyini, birlikdə gedib həmin pulu götürməyi demişdir. Birlikdə piyada Mərkəzi Poçtun yanına getmiş, Nicat poçta daxil olub çıxdıqdan sonra pulun göndərilmədiyini bildirilmişdir. Sonra birlikdə Hərbi Komissarlığın yanında olan oturacaqda əyləşmişlər, Nicat ona qızıl qulaqcığı verdiyi adamın gəlib qulaqcığı gətirəcəyini bildirmişdir. Təxminən 3 saat həmi yerdə oturub söhbət etsələr də Nicatın dediyi adam gəlməmiş, söhbət zamanı Nicata yaşadıqları binanın qarşısında Nicatla söhbət edən zaman Şəbnəm adlı qonşunun öz yaşadığı mənzilin pəncərəsindən onları güddüyünü və Nicatla söhbət etməsi barədə Nicatın anası və bacısına deyəcəyini bildirmişdir. Şəbnəmin belə hərəkət etməsinin səbəbini Nicatdan soruşduqda Nicat onun sualına cavab olaraq Şəbnəmlə əlaqəsi olduğunu, mütəmadi olaraq telefonla əlaqə saxladıqlarını buna görə də Şəbnəmin Nicatı qısqandığını ona bildirmişdir. Nicatın Şəbnəmlə əlaqəsi olmasına inanmadığını bildirdikdə Nicat dediklərinə inandırmaq üçün özündə Şəbnəmə məxsus fotoşəkillərin olduğunu və həmin şəkilləri ona göstərə biləcəyini demişdir. Şəbnəmi əxlaqlı qadın kimi tanıdığından Nicatın dediklərinə inanmamış və Şəbnəmə məxsus şəkilləri göstərməsini Nicatdan xahiş etdikdən sonra Nicat öz mobil telefonunda ona Şəbnəmin intim xarakterli görüntülərini göstərmişdir. Nicata həmin şəkilləri ona göndərməsini xahiş etmiş, Nicat isə ona həmin şəkilləri göndərə biləcəyini bildirərək vatsapp sosial şəbəkəsi vasitəsi ilə mobil telefon nömrəsinə göndərmişdir. Bir qədər söhbət etdikdən sonra Nicatdan aralaşıb yaşadığı mənzilə getmiş, həmin gün saat 17 radələrində yaşadığı binanın qarşısında olan zaman Nicata zəng edərək sonuncuya verdiyi qızıl qulaqcığı qaytarmasını bildirmişdir. Lakin, Nicat ona qızılı qaytara bilməyəcəyini bildirmiş, o isə Nicata özündə olan Şəbnəmə məxsus fotoşəkilləri sonuncuya göstərəcəyini və Nicatın həmin görüntüləri hamıya göstərdiyini Şəbnəmə deyəcəyini bildirmişdir. Nicat telefonu onun üzünə söndürdükdən sonra Nicatın ona qarşı etdiklərinə əsəbləşib Şəbnəmin yaşadığı mənzilə getmiş, Nicatın ona göndərdiyi çılpaq şəkillərini Şəbnəmin özünə göstərərək Nicatla münasibəti olmasından məlumatı olmasını, Nicatın həmin şəkilləri müxtəlif şəxslərə göstərdiyini, Şəbnəmin etdikləri hərəkətlərin qadın üçün ayıb hərəkət olduğunu demişdir. Şəbnəm ona həmin görüntüləri silməyini demiş, bundan sonra yaşadığı mənzilə getmişdir. Nicata yenidən zəng edərək qızılı istəmiş, Nicat isə üzünə yenə də telefonu söndürmüşdür. Sonra Nicatın anası Reyhana zəng edərək olanları Nicata dedikdən bir neçə dəqiqə sonra Nicatın anası Reyhan onun yaşadığı mənzilə gəlmiş, Şəbnəmin şəkillərini Reyhana da göstərərək Nicatın ona məxsus qızıl qulaqcığı qaytarmasa Şəbnəmin həmin şəkillərini Şəbnəmin ərinə göstərəcəyini bildirmişdir. Bundan sonra Nicatın anası ondan həmin şəkilləri heç kimə göstərməməsini xahiş etmiş, o isə yenə də Nicatın ondan aldığı qızılları geri qaytarmasını xahiş etmişdir. Həmin günün gecəsi Nicatla telefonla yazışmış və Nicata Şəbnəmin ərinə görüntünü göstərəcəyini, bütün günahların Şəbnəmdə deyil Nicatda olduğunu bildirəcəyini demişdir. Həmçinin qeyd etdiyi hərəkətləri Nicatın ondan aldığı qızılı geri qaytarmadığı təqdirdə edəcəyini də Nicata bildirmişdir. Nicat da ona həmin qızılı geri qaytaracağını bildirmiş, bu söhbətdən bir gün sonra o, yenidən Şəbnəmin yaşadığı mənzilə gedərək Şəbnəmə də Nicata ona məxsus qızılı qaytarmasını demişdir. Həmin gün axşam Şəbnəm onun yaşadığı mənzilə gəlmiş, lakin anası mənzildə olmadığı üçün Şəbnəmə bir qədər sonra gəlməsini demişdir. Anası yaşadığı mənzilə gəldikdən sonra zəng edərək Şəbnəmi yaşadığı mənzilə çağırmışdır. Anası Tamilə də Şəbnəmə etdikləri hərəkətləri irad tutaraq övladı yaşda olan şəxslə əlaqə qurmasına iradını bildirmişdir. Şəbnəm isə etdikləri hərəkətlərdən peşmançılığını bildirərək, səhv etdiyini etiraf etmişdir. Şəbnəm ona həmin şəkilləri silməsini demiş, o, isə Şəbnəmə Nicatın qızılı qaytaracağı təqdirdə şəkilləri siləcəyini bildirmişdir. Bundan sonra Şəbnəm çıxıb yaşadığı mənzilə getmişdir. 18.06.2021-ci il tarixdə, saat 10 radələrində o, anası ilə birlikdə yaşadıqları binanın qarşısında dayanarkən Şəbnəm öz bloklarına daxil olmuş, sonuncunun arxası ilə gedərək dayanmasını demişdir. Dayandıqdan sonra Şəbnəmdən Nicatın qızıl barəsində neynədiyini soruşmuş, bu zaman Şəbnəmin təxminən 9-10 yaşlarında olan Elcan adlı oğlu onların yanına gələrək onun mobil telefonunu əlindən çəkib almaq istəmişdir. Telefonunu Elcana verməmiş, bu zaman Şəbnəm guya Nicatın həmin qızılı ona verdiyini, lakin onun qızılı götürmədiyini, əvəzində isə qızılın pulunu istədiyini dediyini bildirmişdir. Şəbnəmə Nicatla olan danışıqlarını göstərən zaman Şəbnəm qəflətən onun mobil telefonunu əlindən almaq istədikdə telefonunu bərk tutmuş və aşağı çöküb əlləri ilə telefonunu bərk tutub anasını səsləmişdir. Bu zaman onun səsinə anası gəlmiş, həmin zaman Şəbnəm onun başından əlləri ilə vurmuş, saçını yolmuş, anası müdaxilə etmək istədikdə Şəbnəm onun anasını da döymüşdür. Anasını Şəbnəmin əlindən almaq istədikdə ayağa qalxıb öz mobil telefonunu Şəbnəmə verərək həmin telefonda olan şəkilləri silməyini demiş, Şəbnəm isə telefonu götürüb oğlu Elcana verərək telefonu qırmasını demişdir. O, iradını bildirsə də Elcan telefonu götürüb oradan qaçmış və aparıb məktəbin yanında yerə çırparaq qırıb yararsız hala salmışdır. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 məxsus olan intim foto şəkillər onun telefonunda olmuş və həmin şəkilləri o polis əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş şəxs1 məxsus foto şəkilləri Nicat ona sosial şəbəkə vasitəsi ilə göndərmiş, Zərərçəkmiş şəxs1 məxsus foto şəkilləri özünə məxsus telefonun yaddaşında saxlamaqda hər hansı məqsədi olmamışdır. Zərərçəkmiş şəxs1 məxsus fotoşəkilləri yaymaqla nə Şəbnəmi, nə də ki Nicatı hədələməmiş, bunun müqabilində Nicat və ya Şəbnəmdən hər hansı məbləğdə pul tələb etməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs1 ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuş, aralarında hər hansı yaxın münasibət olmasa da sonuncu ilə sosial şəbəkə vasitəsi ilə danışarkən Şəbnəm özünün sinəsini və cinsiyyət orqanının şəklini “İnstagram” sosial şəbəkəsində ona göndərmiş, o da həmin şəkilləri özünə məxsus mobil telefonun yaddaşında saxlamışdır. Təqsirləndirilən şəxs qonşusu kimi tanımış, aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 2021-ci ilin aprel ayında Azadə ona zəng edərək anasının xəstə olduğunu, buna görə də pula ehtiyacı olduğunu bildirərək ondan 500 manat borc pul istəmişdir. Azadəyə tanışından borc alıb verə biləcəyini lakin, pulu alacağı adam girov üçün qızıl-zinət əşyası istədiyini demişdir. Azadə isə ona qızılı olmadığını, sadəcə qulağında olan qızıl qulaqcığını götürəcəyi pula görə girov qoya biləcəyini demişdir. Bundan sonra Azadə qulağında olan qızıl qulaqcığı girov qoyub pul götürmək üçün ona vermiş, ona pulun müqabilində əlavə olaraq 50 manat pul verəcəyini, alacağı 500 manat pulun üzərindən 50 manatını götürə biləcəyini ona demişdir. Həmin gündən sonrakı gün o, Azadənin ona verdiyi qızıl qulaqcığı çəkərkən çəkisinin 0.90 qram olduğunu görmüş, bu barədə tanışına məlumat vermiş, lakin tanışı qızılın çəkisinin az olduğu üçün həmin qızılın müqabilində 500 manat məbləğdə pul verə bilməyəcəyini demişdir. Bu barədə Azadəyə məlumat versə də Azadə israrla 500 manat pul tapıb verməsini ondan xahiş etmişdir. Azadəyə bir neçə gün gözləməsini bildirmiş, lakin ötən müddət ərizində o, bir neçə nəfərə müraciət etsə də Azadənin ona verdiyi qızılın çəkisi az olduğu üçün 500 manat məbləğdə pulu heç kəs ona verməmişdir. Bundan başqa Azadə ondan təxminən 70 manat məbləğdə borc da almışdır. Azadə həmin pulu ona 2021-ci ilin aprel ayının sonlarında qaytaracağını bildirsə də vəd etdiyi müddətdə aldığı borcu geri qaytarmamışdır. Buna görə də o, Azadənin ona verdiyi qızıl qulaqcığı satıb borclu olduğu pulla hesablaşmağı Azadəyə təklif etmiş, lakin Azadə yenə də ona gözləməsini demişdir. Bir neçə gün gözləsə də Azadə ona borclu olduğu pulu geri qaytarmadığı üçün həmin qızıl qulaqcığı 45 manata satdıqdan sonra bu barədə zəng edib Azadəyə məlumat vermişdir. 12 iyun 2021-ci il tarixdə, saat 14 radələrində o, yaşadığı qəsəbədə abadlıq işləri ilə məşğul olan zaman Azadə onun yanına gəlib ondan danışmaq üçün mobil telefonunu istəmiş, o da mobil telefonunu Azadəyə vermişdir. Azadə telefonu götürüb kənara çəkildikdən təxminən 5-6 dəqiqə sonra telefonunu ona geri qaytarmışdır. Bundan bir neçə gün sonra Azadə ona zəng edərək 50 manat borc pul istəmiş o da Azadəyə onun adına poçt vasitəsi ilə pul göndərildiyini, birlikdə gedib götürdükdən sonra həmin puldan Azadəyə də verə biləcəyini demişdir. Ertəsi gün birlikdə taksi ilə Mingəçevir şəhər Mərkəzi Poçta getsələr də poçtdan pulu götürə bilməmişlər. Poçtdan çıxdıqdan sonra birlikdə Mingəçevir şəhəri S.Vurğun küçəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin inzibati binasının qarşısında birlikdə əyləşib söhbət edərkən Azadə ondan pulu geri tələb etmiş, Azadəyə qızılı satdığını demişdir. Bu zaman Azadə əlində olan qara rəngli “samsung” markalı mobil telefonunun yaddaşında olan Şəbnəmin intim şəkillərini göstərərək həmin şəkilləri onun telefonunu alıb danışarkən özünə məxsus telefonun yaddaşına köçürdüyünü bildirmiş, buna görə də ona problem yaradacağını demişdir. Həmin vaxt Azadə ona həmin şəkilləri Şəbnəmin ərinə göstərəcəyini, şəkilləri Şəbnəmin ərinə göstərməməsi üçün ona 10.000 manat məbləğdə pul verməli olduğunu demişdir. Azadəyə o qədər pulunun olmadığını bildirsə də, Azadə ona pulunun olub-olmamağının onu maraqlandırmadığını, necə olursa-olsun qeyd etdiyi məbləğdə pulu tapıb ona verməsini demişdir. Bundan sonra Azadə hər gün ona zəng edib, mesajlar yazıb onu Şəbnəmə məxsus foto şəkilləri yaymaqla hədələyib ondan 10.000 manat pul tələb etmişdir. Azadə ilə aralarında Vatsapp sosial şəbəsindəki yazışmalar zamanı da Azadə onu həmin şəkilləri yaymaqla hədələyib ümumilikdə ondan 10000 manat məbləğdə pul tələb edərək həmin pulun 5000 manatını onun, 5000 manatını isə Şəbnəmin verməsini tələb etmişdir. Qeyd olunan məbləğdə pulu olmadığını Azadəyə bildirmiş, daha sonra bu barədə Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis Şöbəsində izahat verərkən Azadə ilə aralarında olan sosial şəbəkə yazışmalarının mətnlərini təqdim etmiş, həmin şəkillər ondan götürülmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2015-ci ilin oktyabr ayından ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri, H.Əliyev küçəsində yerləşən Məcburi Köçkünlər üçün salınmış qəsəbədə yaşamış, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs da onlarla qonşuluqda yaşadıqlarına görə tanımışdır. Təqsirləndirilən şəxs ilə əvvəllər münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs2 ilə sosial şəbəkədə yazışaraq əlaqə yaratmış, ancaq aralarında yaxın münasibət olmamışdır. Ona məxsus intim xarakterli foto şəkillər Nicatın mobil telefonunun yaddaşında olmuşdur. 14.06.2021-ci il tarixdə o, yaşadığı mənzildə olan zaman Azadə onların yaşadığı mənzilə gəlib ona özünə məxsus telefonda onun açıq-saçıq şəkillərini göstərərək, həmin şəkilləri həyat yoldaşına göstərəcəyi ilə onu hədələmişdir. Bunu görən kimi Azadədən həmin şəkilləri silməsini xahiş etmiş, Azadə isə buna cavab olaraq həmin şəkillərin silinməsi müqabilində tələbini Nicata bildirdiyini, Nicatdan həmin şəkillərin silinməsi müqabilində 10000 manat və Nicatda olan qızıl qulaqcığını istədiyini, əgər həmin şəkillərin həyat yoldaşının və digər şəxslərin görməsini istəmirsə Nicatdan istədiyi 10000 manat məbləğdə pulun 5000 manatını onun, qalan 5000 manatını isə Nicatın verməsini tələb etmişdir. Əks halda şəkilləri onun ərinə və digər şəxslərə göstərəcəyini ona bildirmişdir. Azadəyə yalvarsa da sonuncu ona qulaq asmayıb çıxıb getmişdir. Bundan sonra demək olar ki, hər gün Azadə ona uzaqdan öz mobil telefonunu göstərməklə ona işarə edərək ondan 5000 manat pul tələb etmişdir. Bir neçə gün sonra Azadənin yaşadığı mənzilə getmiş, həmin vaxt Azadənin anası Tamilə də evdə olmuşdur. Azadəyə 5000 manat məbləğdə pulu olmadığını, yalnız 500 manat məbləğdə pul verə biləcəyini, əvəzində isə şəkilləri telefonun yaddaşından silməsini sonuncudan xahiş etmişdir. Lakin, Azadə onunla razılaşmayaraq həmin şəkillərdən istifadə edərək daha çox məbləğdə pul qazanacağını ona demişdir. Azadə onun xahişinə və yalvarışlarına məhəl qoymadığını gördükdən sonra oradan çıxıb yaşadığı mənzilə geri qayıtmışdır. 18.06.2021-ci il tarixdə saat 10 radələrində oğlu Elcanla məktəbdən evə qayıdıb yaşadığı binanın blokuna daxil olan zaman Azadə onu arxadan çağırmış, çönüb arxaya baxdıqda Azadənin onu barmağı ilə yanına çağırdığını görmüşdür. Azadənin yanına getməyərək öz yoluna davam etmiş, Azadə də onun arxası ilə bloka girərək ona “nə oldu, nə səndən, nə də Nicatdan bir səs çıxmadı?” deyərək ondan yenə də pul tələb etmişdir. Azadəyə pulu olmadığını bildirdikdən sonra Azadə onun qolundan əli ilə vurmuşdur. Həmin vaxt şəkilləri silmək üçün Azadənin əlində olan mobil telefonu əli ilə tutmuş, bu zaman Azadə telefonu bərk əlində sıxıb aşağı çökmüş və anasını çağırmışdır. Azadənin anası Tamilə də oraya gəlmiş, bir təhər Azadənin əlindən telefonu alıb Elcana verərək telefonu götürüb aparıb kənarda şəkilləri silməsini bildirmişdir. Elcan da telefonu götürüb qaçmış, lakin oğlu Elcan telefon kiliddə olduğundan aça bilməyib yerə vurub sındırmışdır. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun övladı olmaqla mərhum əri X4 2017-ci ildə vəfat etmiş, Azadə və sonuncunun azyaşlı əlil oğlu ilə birlikdə yaşamışlar. Zərərçəkmiş şəxs2 onlarla qonşuluqda yaşamaqla münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs1 da onlarla qonşuluqda yaşamış, sonuncu ilə də münasibətləri normal olmuşdur. 2021-ci ilin iyun ayında qızı Azadə ona öz telefonunda Şəbnəmə aid yarıçılpaq vəziyyətdə olan şəkilləri göstərərək Şəbnəmlə Nicatın yaxın münasibətləri olmasını, buna gödə də Şəbnəm öz şəkillərini çəkib Nicata göndərməsini, sonradan Nicat da Şəbnəmə məxsus yarıçılpaq olan şəkilləri Azadəyə göndərməsini bildirmişdir. Bir neçə gün sonra Şəbnəm onların yaşadığı mənzilə gəlmiş, həmin vaxt Şəbnəmlə söhbət edərkən Şəbnəmin ailəli olduğunu bildirib özündən kiçik olan şəxslə əlqə qurmasının ayıb olduğunu deyərək Şəbnəmə irad tutmuşdur. Şəbnəm ona cavab olaraq “bir iş idi oldu” deyərək cavab vermişdir. Bundan sonra Şəbnəm Azadə ilə bir qədər söhbət etdikdən sonra çıxıb getmişdir. 18.06.2021-ci il tarixdə saat 10 radələrində Azadə ilə birlikdə yaşadıqları binanın qarşısında dayanarkən Şəbnəm öz bloklarına daxil olmuş, Azadə də Şəbnəmin arxası ilə getmişdir. Bir qədər keçmiş Azadənin blokdan onu çağırdığını eşidib dərhal bloka daxil olarkən Azadə ilə Şəbnəmin mübahisə etdiklərini görmüşdür. Şəbnəm Azadənin əlində olan telefonu çəkib Azadənin əlindən almaq istəmiş, dərhal Şəbnəmə mane olmaq istəmiş, lakin Şəbnəm onu vuraraq xəsarət yetirmişdir. Azadə də onları aralaşdırmış və əlində olan telefonu Şəbnəmə verib şəkilləri silməsini demişdir. Şəbnəm isə telefonu götürüb oğlu Elcana verib telefonu qırmasını demişdir. Azadə Şəbnəmə iradını bildirsə də Elcan telefonu götürüb oradan qaçıb məktəbin yanında telefonu yerə çırparaq qırıb yararsız hala salmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhəri 1 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən təqdim edilmiş arayış-xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2015-ci ildən Mingəçevir şəhərində Qaçqınlar və Məcburi Köçkünlər üçün salınmış 594 mənzilli yaşayış qəsəbəsində 10 saylı evin 10 saylı mənzilində yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 01.06.2009-cu ildə doğulmuş X3 adında uşağı vardır. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X15 3 saylı X13 Filialı Mingəçevir şəhər Qəbul Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərə qulluğa görə müddəti 200,00 (iki yüz) manat sosial müavinət, (övladı X2) qulluğa görə 80,00 (səksən) manat Prezident təqaüdü alır. Məhkəmə iclasında tədqiq edilmiş Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş 0288003AAFGZ nömrəli göndərişə cavabdan görünür ki, 01.06.2009-cu ildə anadan olmuş X2 anadangəlmə əsas xəstəlik olan hidrosefaliya xəstəliyindən əziyyət çəkməklə, ağırlaşmaqla müşayət olunan kvadroplegik spastik serebral iflic, yanaşı xəstəlik olan görmə sinirinin atrofiyası, görmə sinirinin atrofiyası, mədəciklərin erkən depolyarizasiyası, nistaqm və gözlərin digər qeyri-iradi hərəkətləri xəstəliklərindən əziyyət çəkir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 22.06.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi Təqsirləndirilən şəxs ilə aralarında Whatsapp sosial şəbəkəsi vasitəsi ilə sms yazışmaların surəti Zərərçəkmiş şəxs2 götürülmüşdür. Həmin yazışmaların mətnindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsindən Whatsapp sosial şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə 14.06.2021-ci il tarixdə saat 17:32-də “10000” məzmunlu, Zərərçəkmiş şəxs2 istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə Whatsapp sosial şəbəkəsi vasitəsi ilə 14.06.2021-ci il tarixdə saat 17:32-də “Mezelenesen ? 10000 nedi” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsindən Whatsapp sosial şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə 14.06.2021-ci il tarixdə saat 17:32-də “Həə” məzmunlu, Zərərçəkmiş şəxs2 istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə Whatsapp sosial şəbəkəsi vasitəsi ilə 14.06.2021-ci il tarixdə saat 17:33-də “Sekillerin hamisin silessen temiz? Ne qeder pul verim denen” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsindən Whatsapp sosial şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə 14.06.2021-ci il tarixdə saat 17:33-də “Dedimda” məzmunlu, Zərərçəkmiş şəxs2 istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə Whatsapp sosial şəbəkəsi vasitəsi ilə 14.06.2021-ci il tarixdə saat 17:33-də “Kimese gondermesende hamiya gostermisenş Bes pul isteyirsense neye gore kimese deyesen ?” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsindən Whatsapp sosial şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə 14.06.2021-ci il tarixdə saat 17:34-də “Heçkim görməyib” məzmunlu Zərərçəkmiş şəxs2 istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə Whatsapp sosial şəbəkəsi vasitəsi ilə 14.06.2021-ci il tarixdə saat 17:34-də “Axi demisen. Mene zeng vurub deyibler, Menim 10000 yoxdu axi bilesen ? Ele reqem denen allahli olsun” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsindən Whatsapp sosial şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə 14.06.2021-ci il tarixdə saat 17:35-də “Şəbnəmin öznə göstərmişəm demişəm ərinə göstərəcəm” məzmunlu Zərərçəkmiş şəxs2 istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə Whatsapp sosial şəbəkəsi vasitəsi ilə 14.06.2021-ci il tarixdə saat 17:35-də Bir reqem de isimi bilim. Amma insafli” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsindən Whatsapp sosial şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə 14.06.2021-ci il tarixdə saat 17:35-də “Canın 10000 ə dəymir, vallah əri səni öldürəcək” məzmunlu, Zərərçəkmiş şəxs2 istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə Whatsapp sosial şəbəkəsi vasitəsi ilə 14.06.2021-ci il tarixdə saat 17:36-də “ deyir ey. Olmuyandan sonra hardan tapim ?, Sen menim vasitemle sebnemden hayif cixirsan. Men ortada gedirem. Sen ondan hayiflisan” məzmunlu, Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsindən Whatsapp sosial şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə 14.06.2021-ci il tarixdə saat 17:37-də “Denən 5000 şəbi tapsın 5000 də sən” məzmunlu smslərin, Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsindən Whatsapp sosial şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə 14.06.2021-ci il tarixdə “Eşidirsən onun qardaşı komandirdi, qardaşı arvadının da yaxşı qızılları var, versin sənə satginən getsin, heç banka qoyub pulda götürmə, sonra ödüyədə bilməyəcəksən, satginən getsin, denənki, ver mənə banka qoyuram pul götürəm, hə səndə sat, heç ona deməki, satıram, sonra Şəbnəm sənə elə deyilki deyə gətir mənim qızıllarım ver, denən xoşuna gəlir ərin bilə bu məsələni” səs yazısı olan smslərin, daxil olduğu müəyyən edilmişdir. Odur ki, həmin protokol və protokola əlavə edilmiş smslərin kserosurətləri, 1 ədəd Təqsirləndirilən şəxs səs yazısı olan Disk iş üzrə əhəmiyyə kəsb etdiyi üçün sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 30 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sonuncunun barəsində olan intim xarakterli fotoşəkilləri yayacağı hədəsi ilə pul tələb etməməsini göstərsə də onun ifadəsində göstərdiyi həmin xüsusatlar məhkəmə istintaqı zamanı təsdiq edilməmişdir. Belə ki, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin ifadələri, Təqsirləndirilən şəxs həmin fotoşəkilləri öz mobil telefonunda saxlaması, onun Zərərçəkmiş şəxs2 vapsap sosial şəbəkəsi vasitəsilə göndərdiyi yazışmalar və səs yazısı məhkəmənin belə qənaətə gəlməsinə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Beləliklə də, cinayət işinin istintaqı zamanı toplanmış dəlillərlə Təqsirləndirilən şəxs CM-in 182.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirildiyindən o, həmin maddələrlə məhkəmə məsuliyyətinə verilməlidir. Eyni zamanda, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq CM-in 182.2.4-cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. CM-in 59-cu maddəsinə əsasəsn Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində bir azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-n 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olması müəyyən edilməlidir. Lakin məhkəmə tərkibi hesab edir ki, CM-in 79.1-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində olan 01.06.2009-cu ildə anadan olmuş 12 yaşlı X3 on dörd yaşına çatanadək ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası təxirə salınmalıdır. Məhkəmə belə qənaətə gələrkən BMT-nin Uşaq Hüquqları Konvensiyasının 3.1-ci maddəsində nəzərdə tutulan istər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən uşaqlar barəsində görülən bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldildiyini nəzərdə tutan müddəanı əsas götürür. Avropa İnsan Hüquqları Məhkəməsinin də hüquqi mövqeyinə görə uşağın ən yaxşı mənafeyi yalnız uşaqlara birbaşa aid olan hallara deyil, həmçinin qəbul edilən qərarın nəticəsinin uşağa təsir edə biləcəyi bütün vəziyyətlərdə tətbiq olunmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməsinin onun himayəsində olan və sağlamlıq imkanları məhdud azyaşlı X1 qayğı və qulluqdan məhrum edilməklə vəziyyətinin xeyli pisləşməsinə səbəb ola biləcəyini bir daha nəzərə alaraq hazırki mərhələdə onun barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını uşağının 14 yaşına çatanadək təxirə salınmasını daha məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməməlidir. CM-in 99-1-ci maddəsinə xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir, iş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351, 353-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində olan 01.06.2009-cu ildə anadan olmuş on iki yaşlı X1 on dörd yaşına çatanadək, yəni 01.06.2023-cü il tarixədək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası təxirə salınsın. Təqsirləndirilən şəxs himayəsində on dörd yaşına qədər uşağının olması ilə əlaqədar cəza çəkməsinin təxirə salınmasının qeydiyyata götürülməsi və üzərində nəzarətin həyata keçirilməsi üçün yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar