Məhkəmə qərarları › İş №1(091)-84/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-84/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-84/2023 07.03.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ ŞƏKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamını müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: – İsmayıllı rayon Vəkil Bürosunun vəkili X3, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Ucar rayonu Küçəkənd kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ucar rayonu Küçəkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində Ucar rayonu, Küçəkənd kəndi ərazisində həmkəndlisi, xx xxxx 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ona toyda həddən artıq spirtli içki içdiyinə görə irad bildirməsindən sonra şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun onu nalayiq ifadələrlə təhqir etməsindən əsəbiləşərək sərxoş vəziyyətdə qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlib həmin gün saat 1830 radələrində öz evindən 01 ədəd cib bıçağı əldə edərək sonuncunun yaşadığı Ucar rayonu, Küçəkənd kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə gəlib həmin bıçaqla Zərərçəkmiş şəxs bir dəfə zərbə endirərək sonuncuya qarnın ön divarının daxilə keçən, yoğun bağırsağı və dalağı zədələyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurduqdan sonra Zərərçəkmiş şəxs növbəti zərbədən yayınmaq istədikdə cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə ikinci dəfə sol kürəkaltı nahiyənin daxilə keçməyən deşilmiş-kəsilmiş yarası olan, sağlamlığa qəsdən yüngül zərər vuran xəsarət yetirdikdən sonra zərərçəkmiş şəxsin oğlu Şahid1 və arvadı Şahid2 həmin yerə gəlib onları ayıraraq hərəkətlərinin qarşısını aldıqlarından, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi olmaqla əvvəllər aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. 28 sentyabr 2022-ci il tarixdə yaşadığı Küçəkənd kəndində həmkəndlisi Elşadın toy məclisində ailə üzvləri ilə birlikdə iştirak etmiş, toyda spirtli içki olan araq da qəbul etmişdir. Kiçik oğlu Pərvindən başqa digər ailə üzvlərini evə yola saldıqdan sonra təxminən 3-4 saat toyda əylənmiş, evə qayıtmaq üçün oğlu ilə birgə mağardan çıxmışdır. Toy mağarının yaxınlığında olan kanalın qırağında həmkəndlisi Zərərçəkmiş şəxs ona çox içki içdiyinə görə irad bildirdiyinə görə aralarında yaranmış mübahisə zamanı onu nalayiq sözlərlə söyüb təhqir etmiş, bundan əsəbiləşib Muxdərin üz nahiyəsindən əli ilə 2-3 dəfə vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs da onun üz nahiyəsindən 1-2 dəfə vurmuş, onların mübahisəsi təxminən 10 dəqiqə çəkmişdir. Onların dalaşdığını görən kiçik oğlu Pərvin onları ayırmaq üçün oradan uzaqlaşıb adamlara xəbər verməyə getmiş, əvvəlcə Muxdərin oğlu Rəhim, sonra xatırlamadığı insanlar gələrək onları ayırmışlar. Oğlu Pərvinlə birgə yaşadığı evə getmiş, üst-başı bulaşdığından paltarını dəyişmişdir. Həmin vaxt cibində ov bıçağı olan kamuflyaj olunmuş şalvarını geyinmiş və həmin vaxt Muxdərin onu nalayiq sözlərlə təhqir etməsi yenidən yadına düşdüyündən əsəbiləşib evdən çıxaraq Muxdərin yaşadığı evə yollanmışdır. Saat 1830 radələrində ünvana çatdıqda qapını açıb içəri girmək istəmiş, bu zaman qapının ağzında olan Muxdər qəflətən ağacla onun sol qolundan və bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişir. Dava zamanı özünü qorumaq məqsədilə cibində olan bıçaqla əvvəlcə Muxdərin kürək nahiyəsindən vurmuş, həmin vaxt özü də əlindən zədə almışdır. Muxdər onu vurmağa davam edən zaman yenidən bir bıçaq zərbəsi ilə sonuncunun qarın nahiyəsindən vurmuşdur. Əvvəlcə Muxdərin arvadı Aybəniz, o sonra Muxdərin oğlu Rəhim oraya gələrək onların davadalaşına mane olmuşdur. Heç kim onu zorla həyətdən çıxartmamış, özü könüllü olaraq hərəkətlərinə son qoyaraq oradan çıxmışdır. Evə qayıdan zaman yolda Ülvi adlı həmkəndlisi ilə rastlaşmış, sonuncu avtomaşını ilə onu evə aparmışdır. Muxdəri öldürmək niyyəti olmamış, sonuncu ona nalayiq ifadələr işlətdiyinə görə həmin məsləyə aydınlıq gətirmək məqsədilə Muxdərin həyətinə gedərkən sonuncu onu vurduğuna görə özünü müdafiə edərkən Muxdərə xəsarət yetirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 28 sentyabr 2022-ci il tarixdə kənddə olan toy məclisindən çıxıb yaşadığı evə gəlmiş, bir müddət dincəldikdən sonra toy məhləsinə gedərkən həmkəndlisi və qohumu olan Təqsirləndirilən şəxs ona tərəf gələrək heç bir səbəb olmadan onu vurmuş və bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı hər ikisinin oğlu onları ayırdıqdan sonra evlərinə getmiş, təxminən yarım saat sonra həyətdə olduğu vaxt Maarif həyətdən içəri daxil olaraq ona tərəf gəlib çatan kimi onu bıçaqla vurmuşdur. Bu zaman təndirin yaxınlığındakı yerdə olan ağacı götürüb bıçağı yerə salması üçün Maarifi vurmuş, bu zaman ailə oğlu və arvadı oraya gələrək Maarifi ondan aralayaraq həyətdən çıxarmışlar. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 28 sentyabr 2022-ci il tarixdə həmkəndlisi Əlisəfanın kiçik oğlu Elşadın toy məclisində ailə üzvləri ilə birlikdə iştirak etmiş, toyda təxminən 100-150 qram spirtli içki olan araq içmişdir. Saat 16 radələrində oğlu Rəhim onlara yaxınlaşaraq evdəki mal-qaranı yerbəyer etmək lazım olduğunu bildirdikdən sonra sonuncu ilə birlikdə mağardan çölə çıxmışdır. Həmin vaxt həmkəndlisi və qohumu olan Təqsirləndirilən şəxs ona “əmioğlu” deyə müraciət edərək kənara çəkilib söhbət etmələrini bildirmiş, Maariflə birgə toy mağarının yaxınlığından keçən kanalın qırağına gəlmişdir. Söhbət zamanı Maarifə həddən artıq içki içdiyinə görə irad bildirmiş, Maarif də əsəbiləşərək onun sifət nahiyəsinə yumruqla xəsarət yetirməyə başlamışdır. Həmin vaxt o da Maarifə qarşılıq verməklə əlbəyaxa olmuş, dava-dalaş təxminən 10 dəqiqə davam etmişdir. Sonradan oraya gələn oğlu Rəhim onları araladıqdan sonra Rəhimlə birgə evə qayıtmış, evə gəldikdən sonra giriş qapısının qarşısında yerləşən təndirin kənarında oturmuşdur. Saat 1830 radələrində evin giriş qapısı bərkdən döyülməklə taybatay açıldıqdan sonra Təqsirləndirilən şəxs içəri daxil olaraq onun üstünə hücum çəkib əlindəki bıçaqla ona xəsarət yetirməyə başlamışdır. Həmin vaxt elə təndirin yaxınlığında olan ağac parçalarından birini götürüb Maarifin əlindəki bıçağı yerə salmağa çalışmış, bu zaman həyətin digər hissəsində olan arvadı Aybəniz və oğlu Rəhim də köməyə gəlmişlər. Maarifin ardınca gələn kiçik oğlu Pərvinlə oğlu Rəhim Maarifin hərəkətlərinin qarşısını almaq məqsədilə ondan aralayıb kənara çəkmiş, bundan sonra Maarif kiçik oğlu Pərvinlə birlikdə çıxıb getmişdir. Maarif qohumu olduğundan sonuncunun həbs olunmasını istəməyərək xəstəxanaya getməyə etiraz etmiş, Rəhimlə Aybəniz köməkləşib parça ilə onun yarasını bağlayaraq qan itkisinin qarşısını almağa çalışmışlar. Yara dərin olduğundan qan dayanmamış, oraya gələn kürəkəni Nizaminin avtomaşını ilə onu tez xəstəxanaya aparmışdır. Dörd gün xəstəxanada yatdıqdan sonra evə buraxılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 sentyabr 2022-ci il tarixdə atası Muxdər ilə həmkəndliləri və qohumları olan Muxdərin mübahisə etməsini görüb sonuncuları aralamış, sonra atası ilə birlikdə yaşadıqları evə gəlmişdir. Bir müddət sonra həyətdə olan zaman Maarif qapılarını qəfildən açaraq həyətə daxil olub həyətdə olan atasının üzərinə hücum etmişdir. Həmin vaxt atası olan tərəfə gedib Maarifi atasından aralayaraq çölə çıxartmış, həmin vaxt Maarifin əlində bıçaq olduğunu görmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, 28 sentyabr 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə kənddə keçirilən toy məclisində iştirak etmiş, saat 16 radələrində atası Muxdərə evdə olan mal-qaranı yerbəyer etmək və digər təsərrüfat işləri ilə məşğul olmaları üçün çıxıb getmələrini bildirdikdən sonra birlikdə toy mağarından çölə çıxmışlar. Bu zaman həmkəndlisi və qohumu olan Təqsirləndirilən şəxs onlara yaxınlaşıb atası ilə işi olduğunu bildirərək bir qədər aralıya keçmiş, sonuncuların sadəcə söhbət edəcəklərini fikirləşərək çay içmək üçün toy mağarına qayıtmışdır. Təxminən 10 dəqiqə sonra Maarifin kiçik oğlu Rəhim qaçaraq onun yanına gəlib atası ilə Maarifin əlbəyaxa olduqlarını bildirmiş, mağardan çölə çıxıb Rəhimin ardınca gedərkən toy mağarının yaxınlığında olan kanalın kənarında atası ilə Maarifin əlbəyaxa olduqlarını görmüşdür. Maariflə atasını araladıqdan sonra sonuncu ilə birlikdə evə getmiş, evə gəldikdən sonra atası darvazanın qarşısında təxminən 4 metr aralıda olan təndirin qırağında əyləşmişdir. Saat 18 radələrində anası Şahid2 ilə eyvanın aşağı hissəsində oturub söhbət edərkən həyətin darvazası bərkdən açılaraq Maarif həyətə daxil olub atası Muxdərin üzərinə hücuma keçmişdir. Olduğu yerdən duraraq atası ilə Maarif tərəfə qaçmış, Maarifi atasının üzərindən oraya gələn Maarifin oğlu Pərvinin köməkliyi ilə çəkmişlər. Onlar ora çatana qədər atası təndirin yaxınlığında olan ağac parçalarından birini götürüb özünü müdafiə etmiş, Maarifin atasını bıçaqladığını görməmişdir. Maarifi atasından uzaqlaşdırıb çölə çıxarmış, həyətə qayıtdıqdan sonra atasının qan içində olduğunu görmüşdür. Anası Aybənizlə birgə atasını evə aparıb parçanı yarasına tutaraq qanın qarşısını almağa çalışmış, lakin atasının çox miqdarda qan itirdiyini gördüklərinə görə oraya gələn yeznəsi Nizaminin avtomaşını ilə atası Muxdəri Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 28 sentyabr 2022-ci il tarixdə həyətlərində olan zaman qapılarının qəfildən açılaraq həmkəndliləri Maarifin həyətə daxil olduğunu və həyətdə olan əri Muxdərlə dalaşdığını görmüş, həmin vaxt oğlu Rəhim Maarifi ərindən ayıraraq həyətdən çölə çıxartmışdır. Bu zaman ərini köməkləşib evə aparmış, həmin vaxt Maarifin ərini bıçaqla vurduğunu bilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 28 sentyabr 2022-ci il tarixdə, saat 12 radələrində anası Səidə və atası Maariflə birlikdə kənddə keçirilən toy məclisinə getmiş, atası bir qədər spirtli içki olan araq qəbul etdikdən sonra çölə çıxaraq həmkəndliləri Zərərçəkmiş şəxs yaxınlaşıb kənara çəkilərək söhbət etməyə başlamışlar. Təxminən beş dəqiqə sonra toy mağarından bir qədər aralıda atası ilə Muxdər Rəhimovun əlbəyaxa olduğunu görüb mağarın yanında olan sonuncunun oğlu Rəhimə yaxınlaşaraq bu barədə məlumat verdikdən sonra Rəhimlə həmin yerə gedərək atası ilə Muxdəri aralaşdırmış, sonra atası ilə evə qayıtmışdır. Həmin vaxt yolda atası ona Muxdərin var-yox söyüşü söydüyünü bildirmiş, onlar evə çatdıqdan sonra atası həmin sözə görə çox əsəbi olmuşdur. Saat 1830 radələrində atası evdə şalvarını dəyişib adətən içərisində cib bıçağı olan şalvarını geyinərək əsəbi halda evdən çıxıb Muxdərgilin evlərinə tərəf getmiş, sonuncuya getməməsi üçün nə qədər yalvarsa da, xeyri olmamışdır. Muxdərgilin evinə təxminən 30 metr qalmış atası əlini cibinə ataraq bıçağı götürdükdən sonra Muxdərgilin qapısını açmaq istəmiş, lakin qapı bağlı olduğundan qapını var gücü ilə itələyərək açıb içəri daxil olmuşdur. Atasının arxasınca gəlib qapıya çatdıqda artıq təndirin yanında yerə yıxılan Muxdərin qan içində olduğunu görmüş və Muxdərin oğlu Rəhimlə birləşib atasını birlikdə qapıdan küçəyə çıxarmışlar. Həmin vaxt Muxdərin arvadı Şahid2 da orada olmuş, Rəhimlə birgə atasını çölə çıxardıqdan sonra sonuncu ilə birlikdə evə qayıtmışlar. Yolun yarısında həmkəndliləri Şahid6 idarə etdiyi avtomaşına minərək evə getmişlər. Məhkəmədə verilən suallara cavabda Şahid3 atasının Muxdəri bıçaqla vurduğunu görmədiyini, atasının Muxdəri öldürmək niyyətinin olmadığını, sonuncunun atasına nalayiq söyüşlər söydüyünü bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı Ucar rayonu, Bərgüşad kəndində yerləşən evdə olarkən saat 1830 radələrində qaynı Şahid1 ona zəng edərək atası Zərərçəkmiş şəxs bıçaqlandığını bildirərək köməyə çağırmış, özünə məxsus “VAZ 2106” markalı avtomobillə qaynatası Zərərçəkmiş şəxs yaşadığı Ucar rayonu, Küçəkənd kəndində yerləşən evinə yollanmışdır. Həmin ünvana çatdıqda Muxdərin qan içində olduğunu görmüş, “103” təcili tibbi yardım xidmətinə zəng etsə də tibb işçilərinin gec gəldiyini görüb özünə məxsus avtomaşınla qaynatası Muxdəri xəstəxanaya çatdırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 28 sentyabr 2022-ci il tarixdə kənddə keçirilən toy məclisində iştirak etsə də, Təqsirləndirilən şəxsla atası Muxdərin mübahisəsinin şahidi olmamış, həmin gün saat 1830 radələrində evdə olan zaman anidən qonşuluqda yaşayan anası Şahid2 qışqırıq səslərini eşidib tez evdən çıxaraq anasıgilə getmişdir. Anasıgilin qapısının qarşısına çatdıqda qardaşı Rəhim X1 Xəlilovun Maarifi qapıdan küçəyə çıxardıqlarını görmüş, həmin vaxt Maarifin əlində bıçaq olduğunu görmüşdür. Evdən içəri daxil olan zaman atası Zərərçəkmiş şəxs qarın nahiyəsindən bıçaq xəsarəti aldığını və köynəyinin qan içində olduğunu görmüşdür. Köməkləşib atası Muxdəri evə aparmış, sonradan gələn yeznəsi Nizaminin avtomaşını ilə atasını Ucar rayon mərkəzi xəstəxanasına çatdırmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 28 sentyabr 2022-ci il tarixdə həmkəndlisi Elşadın toyunda iştirak etmiş, saat 16-17 radələrində bacısı Cəmiləgilə gedib bir qədər oturduqdan sonra paltarını dəyişmək üçün evə getmişdir. Paltarını dəyişdikdən sonra saat 17-18 radələrində yenidən toy şənliyinə qayıtmaq məqsədilə yola çıxmış, yolda Maarif ilə sonuncunun kiçik oğlu Pərvini görmüşdür. Özünə məxsus olan “VAZ 2107” markalı avtomaşını saxlamış, həmin vaxt Maarifin əlində bıçaq olmaqıa əli yaralı olmuşdur. Maarifə avtomaşına əyləşməyi təklif etdikdə sonuncu piyada getmək istədiyini bildirmiş, bir daha həmin yolu getdiyini bildirərək gəlib maşına oturmasını yenidən təklif etmişdir. Maariflə Pərvin avtomaşına əyləşdikdən sonra Maarifdən nə baş verdiyini soruşduqda sonuncu ona həmkəndliləri Zərərçəkmiş şəxsla dalaşdığını və Muxdərə bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Daha sonra Maarifi və oğlu Pərvini evlərinə düşürüb toy şənliyinə geri qayıtmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 309 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sol dirsəyin arxa səthinin əzilmiş yarası, sol saidin orta 1/3-in arxa səthinin, sol kürəküstü və sol tərəf bel nahiyəsinin, sol gözaltı nahiyəsinin qançırı və şişkinliyi küt alətin-alətlərin (əşyanın), sağ əlin İİ barmağının ovuc səthinin kəsilmiş yarası iti kənarlı alətin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 310 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər qarnın ön divarının daxilə keçən, yoğun bağırsağı və dalağı zədələyən deşilmiş-kəsilmiş yarası və sol kürəkaltı nahiyənin daxilə keçməyən deşilmişkəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin tiyəsinin eni 2,5-3 sm olan bıçaqla zərbələrin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir olmuş, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun olmuşdur. Qeyd olunan xəsarətlərdən qarnın ön divarında olan yetirilən anda həyat üçün təhlükəli olduğundan bu əlamətə görə dərəcəsi sağlamlığıa ağır, sol kürəkaltı nahiyədə olan səhhətin qısa müddətə pozulmasına səbəb olduğundan yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1462 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlaması zamanı onda narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olmuş, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6708 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qeyd edilən geyim əşyalarının səthləri üzərində Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının, eləcə də Zərərçəkmiş şəxs məxsus qeyd edilən geyim əşyalarının səthləri üzərində Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 715/254 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətində, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə çətin daxil olma, Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur, əqli və psixi inkişafının xüsusiyyətlərinə, emosional halına görə Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam dərk edə bilmiş, öz hərəkətlərini tam idarə etmək qabiliyyətinə malik, həmçinin cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbikriminalistik ekspertizasının xx.xx.2022-c il tarixli, 593-MTKŞ/2022 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində 01 ədəd, arxa səthində 01 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuş, bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmiş və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar və alt tumanı üzərində, eləcə də Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçağına uyğun gəldiyindən soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 743/2022-MTBŞ №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, kəmər, qısaqol köynək, trusik və 01 ədəd qatlanan cib bıçağı üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, bəzi ləkələrdə həmçinin, alfa, betta aqqlyutininləri alınmışdır. Bu qan ləkələrinin O-alfa, betta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş əlavə məhkəmə tibbibioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 798/2022-MTBŞ №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş hadisə yerinə baxış zamanı 01 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkəsində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, alfa, betta aqqlyutininləri alındı. Bu qan ləkələrinin O-alfa, betta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1945-də şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş Ucar Rayon Məhkəməsinin 01 oktyabr 2022-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi haqqında haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Ucar rayon İcra Hakimiyyəti Başçısının Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 527 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Ucar rayonu Küçəkənd kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2364 nömrəli və 18 dekabr 2022-ci il tarixli 2353 nömrəli Sərəncamlarından görünür ki, X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ucar rayon Mərkəzi Xəstəxanası “X10”dən daxil olmuş xx.xx.2022-ci il tarixli, PHŞ/6.77-2-2022-894 saylı məktubdan görünür ki, Ucar rayonu Küçəkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ucar RMX-nın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji xəstəliləri kabinetində qeydiyyatda yoxdur. Beləliklə məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 29, 120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd edilən Qərarın 3-cü bəndinin 2-ci abzasında göstərilmişdir ki, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək istəməməsini və sonuncu bu məqsədlə bıçaqla vurmadığını göstərsə də həmin halı təsdiq edən hansısa dəlil məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu hissədə olan ifadəsini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə tərkibi xüsusi olaraq qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs Şahid1 tərəfindən həyətdən çölə çıxarıldıqdan sonra yenidən sonuncuya hücum etməməsi onun Təqsirləndirilən şəxs öldürmək niyyətində olmaması qənaətinə gəlmək üçün kifayət etmir. Belə ki, şahid ifadlərindən və məhkəmə-tibb ekspertizasının rəyindən də göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirib sonuncunun qarnın ön divarının daxilə keçən, yoğun bağırsağı və dalağı zədələyən deşilmiş-kəsilmiş yarası və sol kürəkaltı nahiyənin daxilə keçməyən deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirərkən onun niyyəti həmin vaxt Zərərçəkmiş şəxs məhz həyatdan məhrum etməyə yönəlmiş, lakin sonuncunun oğlu Şahid1, arvadı Şahid2 və öz oğlu Pərvin Xəliovun müdaxiləsindən sonra həmin anda öz niyyətini başa çatdıra bilməmişdir. Ona görə də məhkəmə tərkibi bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyəti olmadan vurmasına dair ifadəsində göstərdikləri məhkəmə istintaqı zamanı təsdiq olunmadığına görə özünü müdafiə kimi qiymətləndirilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, oğlu Həsrət Xəlilovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməklə sonuncunun ondan şikayət və tələbinin olmaması cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını və yüngülləşdirici hallardan CM-in 59.1.12-ci maddəsnə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq cəza təyin edərkən onun barəsində CM-in 60-cı maddəsinin tətbiqini qanuni hesab edir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 9-cu bəndinin 5-ci abzasında göstərilmişdir ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin CM-nin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq CM-nin 60cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda CM-in 62-ci maddəsinə istinad etmək tələb edilmir. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 29 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 154 AZN (yüz əlli dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 29 sentyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 154 AZN (yüz əlli dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Ucar rayon Prokurorluğunda saxlanılan belində qara rəngli kəmər olan göy rəngli cins şalvar, ağ rəngli, üzərində qan ləkələri və deşilmə-cırılma izləri olan köynək, üzərində qan ləkələri olan boz-qara rəngli alt paltarı zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılsın, hadisə yerindən götürülmüş üzərində qan ləkələri olan pambıq topası və üzərində “Akula” sözü yazılmış qara rəngli cib bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar