Məhkəmə qərarları › İş №1(091)-85/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-85/2021

26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-85/2021 26.08.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub hakim oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Zaqatala Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx xxxxxxx 1984-cü il tarixdə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Zaqatala Rayon Məhkəməsinin 07.02.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 185.1-ci maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin 13.05.2019-cu il tarixli qərarı ilə qeyd edilən hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 10 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26.03.2020-ci il tarixli qərarı ilə cəzadan 14 gün vaxtından əvvəl şərti azad olunmuş və məhkumluğu ödənilməmiş, Zaqatala şəhəri, SMD 20-də daimi qeydiyyatda olan və Zaqatala rayon Aşağı Tala kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 07 avqust 2020-ci il tarixdə, saat 20 radələrində Zaqatala şəhəri, V.İsmayılov küçəsində yerləşən «Tac» adlı kafenin qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qisas almaq niyyəti ilə bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə zərbə vurub sonuncuya qarnın ön divarının sol yarısında qarın boşluğuna nüfuz edən, nazik bağırsağı zədələyən, sağ tərəfli peritonarxası hematoma ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yara xarakterli, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə baş verən gün Saqif, Elvin və həmin gün tanıdığı Emin adlı şəxs kafedə bir stolda oturaraq pivə içmişlər. Həmin kafedə olan televizorda səsləndirilən musiqinin dəyişdirilməsini istəmiş, sonra kafedə ofisiant işləyən qıza «pivəni özüm süzüb içə bilərəmmi?» deyə müraciət etmiş, həmin vaxt kafedə satıcı işləyən qız isə ona «sənin pivə süzməyə cürətin çatmaz» deyə cavab vermişdir. Bundan sonra o, kafedə pivə aparatına yaxınlaşaraq pivə süzməyə başlamış, həmin vaxt Elvinlə onun aramda mübahisə başlamış, belə olub Saqif onları aralaşdırmışdır. Saqif onları aralaşdıran vaxt o, qaçıb kafedən küçəyə çıxmış və əlinə aldığı reklam lövhəsindən qırılıb yerə düşmüş şüşə parçası ilə özünə xəsarət yetirməyə başlamışdır. Saqif ilə Emin ona yaxınlaşıb onu tutmuşlar ki, özünə xəsarət yetirməsin. Bu vaxt əlində olan şüşə parçası təsadüfən Eminin qarın nahiyəsinə batmışdır. O, Zərərçəkmiş şəxs qəsdən vurmamışdır. Onun əlində bıçaq olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs özünü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, Şahid1 və Zərərçəkmiş şəxs uzun illərdir tanımış, Şahid1 və Zərərçəkmiş şəxs ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamış, Zərərçəkmiş şəxs qardaşı Vüqar ilə dostluq münasibəti olmuş, 07 avqust 2020-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı evdə olan vaxt Şahid1 istifadə etdiyi ***-***-**-** nömrəsindən onun istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng vuraraq harada olmağı ilə maraqlanmış, o Saqifə evdə olduğunu demiş, bundan sonra Saqif onu pivə içmək üçün Zaqatala şəhəri, «Tac» ticarət mərkəzində yerləşən kafeyə dəvət etmiş, o kafeyə gəldikdə kafedə Saqif, Emin və bir nəfər həmin gün tanıdığı Elvin adlı Saqifin əsgər yoldaşı olmuş, o kafedə Saqif, Emin və Elvinlə görüşərək bir stolda oturaraq pivə içməyə başlamış, kafedə müdirin nömrəsinə zəng vuraraq kafedə mahnı qoyulmasını xahiş etmiş, onlar oturub əylənən vaxt kafedə ofisiant işləyən Ramidə adlı qıza «pivəni özüm süzüb içə bilərəm mi?» deyə müraciət etmiş, həmin vaxt kafedə satıcı işləyən qız isə ona «sənin pivə süzməyə cürətin çatmaz» deyə cavab vermiş, bundan sonra o kafedə pivə aparatına yaxınlaşaraq pivə süzməyə başlamış, həmin vaxt Saqifin əsgər yoldaşı olan Elvin adlı şəxs arxadan onun boyun nahiyyəsinə bir zərbə vurmuş, zərbədən sonra o Elvinə tərəf çönərək nəyə görə vurmasını soruşmuş, Elvin isə ona ofisiant qızdan xoşu gəldiyini bildirmiş, o isə Elvinə qıza qarşı heç bir hörmətsizlik etmədiyini demiş, həmin vaxt Elvinlə birlikdə Emin də onun üstünə hücum edərək onu vurmağa başlamış, Saqif isə onları aralaşdırmış, Saqif onları aralaşdıran vaxt o qaçıb kafedən küçəyə çıxmış, bundan sonra isə əsəbindən küçədə oturub üzərində gəzdirdiyi cib bıçağı ilə qollarını doğramağa başlamışdır. O, qollarını doğrayan vaxt Elvin qorxusundan yanlarından qaçıb getmiş, Emin və Saqif isə onun üzərinə gəlmişlər, Emin onun üstünə gələrək yenə ona yumruq zərbələri atmağa başlamış, bundan sonra onlar əlbəyaxa olmuşlar, o həmin vaxt yumruqla Eminin sinə nahiyyəsinə bir zərbə vurmuş, zərbədən Emin yerə yıxılmış, bundan sonra Saqif onların yanına gəlib onu aralaşdırmış, Saqif onu aralaşdırdıqdan sonra əlindən bıçağı almış və Emin ilə getmiş, o isə piyada çayın kənarı ilə yaşadığı Zaqatala rayonu, Yuxarı Tala kəndinə getmiş, kafedə Emin və Elvin onunla dalaşan vaxt əynində olan qara rəngli köynəyi cırılmış, o davadan sonra köynəyini əynindən çıxardaraq kafenin yanında atmış, həmin hadisə vaxtı yanlarında Emin, Elvin, Saqif və kafedə işləyən Ramilə adlı qadın olmuş, Eminə yumruq zərbəsini sağ əli ilə vurmuş, həmin vaxt bıçaq onun sol əlində olmuş, Eminə zərbə vurduqdan sonra Emin yerə yıxılmış və o Eminə tərəf getdikdə isə Saqif arxadan onun bıçaq olan əlindən tutub bıçağı əlindən almış, hadisə vaxtı Saqifin və Eminin əlində bıçaq olmamış, Zərərçəkmiş şəxs xəsarəti necə və hansı şəraitdə almasını bilməmiş, həmin vaxt sərxoş olduğu üçün konkret olaraq Zərərçəkmiş şəxs vurmağını xatırlamamış, əlində olan bıçaq qəhvəyi rəngli tutacağı olan, arxa tərəfindən balaca gümüşü rəngli fanarı olan qatlanan cib bıçağı olmuş, həmin bıçağı Zaqatala rayon bazarından 3 manata almış, hadisə vaxtı Zərərçəkmiş şəxs bıçağı onun əlindən almış, o bıçağın harada olmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxslə əvvəlcədən tanışlığı olmamışdır. Hadisə baş verən gün kafedə oturarkən Təqsirləndirilən şəxs də tanıyan yoldaşlarını görüb onların olduğu masada əyləşmiş, həmin vaxtdan sonra İskəndəri tanımışdır. Bir müddət sonra İskəndərlə masada onlarla birlikdə oturan Elvin arasında mübahisə olmuş və həmin vaxt onları ayırmışlar. Bir müddət sonra isə İskəndər kafedən çıxaraq çöldə oturub əlində olan bıçaqla özünə xəsarət yetirmişdir. Həmin vaxt onu sakitləşdirməyə çalışarkən yerə yıxılmış və bu vaxt İskəndər də onun üstünə yıxılmışdır. İskəndərin əlində olan bıçaq onun bədəninə batmış, onun bədənindən qan axmağa başlamışdır. Həmin vaxt yara dərin olmadığından, evə gəlmiş, lakin daha sonra evdə ağrıları başladığı üçün qardaşı onu xəstəxanaya aparmışdır. Hadisə baş verən vaxt İskəndərin əlində olan bıçağı görməmişdir. Lakin İskəndər həmin vaxt nə iləsə özünə xəsarət yetirmişdir və bədənindən qan axdığı üçün onun özünə xəsarət yetirdiyini bilmişlər. İskəndərin özünə xəsarət yetirdiyi həmin alət yıxılanda ona batmışdır. İskəndər ona qəsdən xəsarət yetirməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, Şahid1 onunla qonşudur, onun Saqif ilə yaxın münasibəti olmuş, Şahid2 isə Saqifin vasitəsi ilə tanımış, Elvin ilə də yaxın münasibətləri olmuş, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, onun İskəndər ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamış, 07 avqust 2020-ci il tarixdə saat təxminən 17 radələrində pivə içmək üçün həmişə getdiyi Zaqatala şəhəri, «Tac» ticarət mərkəzinin arxa tərəfində yerləşən kafeyə getmiş, kefəyə getdikdə Şahid2, Şahid1 və həmin vaxt tanıdığı Təqsirləndirilən şəxs adlı şəxs oturduğunu görmüş, onlar onu görən kimi öz masalarına dəvət etmişlər, o da onların masalarında oturub pivə içməyə başlamış, bir yerdə oturaraq pivə içən vaxt İskəndər bir neçə dəfə nalayiq ifadələr işlətmiş, buna görə də kafedə işləyən ofisiant qız gələrək irad bildirmiş, ofisiant qız onlar üçün pivə süzən vaxt gec gətirdiyi üçün İskəndər qıza iradını bildirmiş, həmin vaxt qız İsgəndərə kobud cavab vermiş, İsgəndər isə pivə aparatının yanına gələrək «aparatiın qulpunu kökündən çıxardaram» demiş, ofisiant qız isə İskəndərə «sənin hünərin çatmaz aparatın qulpunu çıxartmağa» deyə cavab vermiş, bu sözdən sonra İskəndər pivə aparatının qulpundan tutaraq özü tərəfə əymiş, həmin vaxt o yaxınlaşıb İskəndəri sakitləşdirmək istəmiş, İskəndəri sakitləşdirən vaxt Elvin də yanlarına gələrək əli ilə İskəndərin başına vurub «mənəm aparatı burax gedək» deyə qışqırmış, bundan sonra İskəndər yenə nalayiq söyüşlər söyməyə başlamış, həmin vaxt Elvin İskəndərin başına bir zərbə vuraraq «sənə demişəm nalayiq söyüş söymə» deyərək iradını bildirmiş, bundan sonra İskəndər onlardan aralanaraq asfaltda oturaraq cibindən bıçaq çıxardıb qollarını doğramağa başlamış, həmin vaxt o İskəndəri sakitləşdirmək üçün İskəndərə tərəf getmiş, o İskəndəri sakitləşdirmək üçün yanına gedən vaxt İskəndər də yerdən durub onun üstünə gəlmiş və onlar əlbəyaxa olmuşlar, həmin vaxt İskəndərin əlində olan bıçaq onun qarın nahiyyəsinə dəymiş, sonra hər ikisi yerə yıxılmış, bundan sonra Saqif onlara yaxınlaşaraq İskəndərin əlindən bıçağı alaraq qolundan tutub qaldırmış, Saqif onu yerdən qaldırdıqdan sonra evə getməyi bildirmiş, Saqif onu idarə etdiyi VAZ-2107 markalı avtomobillə anasının onun yaralı olduğunu bilməməsi üçün Saqifin Zaqatala şəhəri, «Şimşək» adlanan yerdə yerləşən evlərinə getmişlər, evdə oturub həkimə gedib-getməmək və hadisəni necə demək barədə müzakirələr etmişlər, həmin vaxt həkimə getməmək barədə razılaşmışlar və bundan sonra o Saqifgilin evində paltarlarını dəyişmiş və qanını yumuş, Saqiflə onların həyət evlərində bir qədər oturduqdan sonra yaşadığı Qazangül qəsəbəsinə gəlmiş, Qazangül qəsəbəsində binanın qabağında bir qədər oturduqdan sonra qarnında ağrıların artığını hiss etdikdən sonra qardaşı Vüqarı yanına çağıraraq hadisə barədə bildirmiş, Vüqar da Saqifin VAZ-2107 markalı avtomobili ilə onu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparmış, xəstəxanada da o, əvvəlcədən danışdığı kimi yıxıldığı barədə məlumat vermiş, lakin sonradan hər şey məlum olduğu üçün o da düzünü demək qərarına gəlmişdir. İfadəsinin davamında göstərmişdir ki, həmin hadisə təxminən 10 dəqiqə davam etmiş, hadisə vaxtı bazar bağlandığı üçün ətrafda başqa adamlar olmamış, Elvin İsgəndər bıçaq çıxartdıqdan sonra isə yanlarından qaçıb getmiş, onu bıçaqla İsgəndər Musayev vurmuş, həmin vaxt başqa heç kimdə bıçaq olmamışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs hazırda həmin ifadəni təsdiq etmədiyini, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin həqiqəti əks etdirdiyini, ona görə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ibtidai istintaq zamanı yazılan ifadəsini oxumadan imzaladığını və məzmunundan xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Zaqatala şəhəri, «Tac» ticarət mərkəzində yerləşən «Tac kafedə» ofisiant işləyir, hər gün saat 08 radələrində kafeyə işə gedir və saat 19 radələrində isə işdən çıxır, 07 avqust 2020-ci il tarixdə, saat təxminən 16 radələrində onun işlədiyi kafeyə adlarını sonradan bildiyi Şahid2, Şahid1 və bir nəfər yaşlı kişi gəlmiş, onlar kafedə oturan kimi spirtli içki olan pivə və pendir sifariş vermişlər, onlar pivə içən vaxt əvvəlcə bir nəfər adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı şəxs, daha sonra isə Təqsirləndirilən şəxs gəlmiş, onlar hamısı kafedə bir stolda oturmuş, o isə onlara pivə gətirmiş, bir qədər sonra yaşlı kişi durub getmiş, bundan sonra İskəndər adlı şəxs kafedə nalayiq söyüşlər söyməyə başlamış, o bir dəfə onların stollarına yaxınlaşaraq iradını bildirmiş, o irad bildirdikdə İskəndər ona bir daha nalayiq söyüş söyməcəyini desə də, lakin sonradan yenə nalayiq söyüşlər söyməyə başlamış, həmin vaxt ona yenə pivə sifariş vermişlər, o pivə süzən vaxt İskəndər pivə aparatının yanına gəlib «aparatın qulpunu kökündən çıxardaram» deyərək onu hədələmiş, o isə İskəndərə «sənin hünərin çatmaz aparatın qulpunu çıxartmağa» deyə cavab vermiş, onun bu sözündən sonra İskəndər pivə aparatının qulpundan tutub özü tərəfə əymiş, həmin vaxt o İskəndərdən aparatı buraxmasını xahiş etmiş, lakin İskəndər yenə aparatı buraxmamış, buna görə də həmin vaxt İskəndərlə bir stolda oturmuş Emin adlı şəxs gəlib İskəndəri sakitləşdirmək istəsə də sakitləşdirə bilməmiş, bundan sonra İskəndərlə bir stolda oturmuş adını sonradan bildiyi Elvin adlı şəxs İskəndərin yanına gəlib sakitləşdirməyə çalışmış, lakin həmin vaxt İskəndər sakitləşmədiyi üçün Elvin əli ilə İskəndərin başına zərbələr vuraraq «mənəm aparatı burax gedək» deyə qışqırmış, bundan sonra İskəndər yenə nalayiq söyüşlər söyməyə başlamış, həmin vaxt Elvin İskəndərin başına bir zərbə vuraraq «sənə demişəm nalayiq söyüş söymə» deyərək iradını bildirmiş, bundan sonra İskəndər kafedən küçəyə çıxmış, İskəndər kafedən küçəyə çıxdıqdan təxminən 5 dəqiqə sonra onunla bir yerdə oturanlar da stoldan duraraq kafedən çölə çıxmışlar, onlar kafedən çölə çıxdıqdan təxminən 20 dəqiqə sonra o kafeni tez bağlayıb getmiş, kafedən küçəyə çıxdıqda küçədə heç kim olmamışdır. O, heç bir cinayət hadisəsinin şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü o, Emin, Elvin və İskəndər bir masa arxasında əyləşib içki qəbul etmişlər. Təsadüf nəticəsində Elvin ilə İsgəndərin arasında söz-söhbət yaranaraq mübahisə baş vermişdir. X12 kafedən çölə çıxmışlar. Onlar arasında baş verən mübahisəni görsə də əvvəlcə onlar tərəfə getməmiş, sonra Elvin oradan qaçaraq uzaqlaşmışdır. İskəndər də qışqıraraq özünə xəsarət yetirmişdir. İskəndər özünə nə vasitəsi ilə xəsarət yetirdiyini görməmiş, İsgəndərdən qan çıxdığını görmüşdür. Eminlə birlikdə İsgəndərin yanına gedərək onu sakitləşdirməyə çalışmış, həmin vaxt dartışma olduğu üçün yerə yıxılmışlar. Bu vaxt Emin xəsarət almışdır. İskəndərin Eminə xəsarət yetirdiyini görməmişdir. Həmin vaxt İskəndərin əlində bıçaq görməmişdir. İbtidai isdintaq zamanı İskəndərin əlində bıçaq olduğunu deməmiş, kəsici-deşici alət olduğunu bildirmişdir. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid1 göstərmişdir ki, Xankəndi şəhərindən məcburi köçkün kimi, Zaqatala rayonu Qazangül qəsəbəsində dörd mərtəbəli yaşayış binasında məskunlaşaraq yaşayır, Zərərçəkmiş şəxs onunla qonşudur, Eminlə orta məktəbdə bir sinifdə oxumuş, onun və ailə üzvlərinin Zərərçəkmiş şəxs və ailə üzvləri ilə yaxın münasibətləri olmuş, 07 avqust 2020-ci il tarixdə, səhər saat 06 radələrində Zaqatala rayonu, Qazangül qəsəbəsində sahədə, qoyunları otarmış və həmin vaxt dostu, əsgər yoldaşı Elvin yanına gəldiyi üçün bir baş quzu kəsmiş və sahədə həmin quzunun ətini bişirib spirtli içki olan araq içmişlər, bundan sonra saat təxminən 17 radələrində Elvinlə birlikdə Zaqatala şəhərinə gəlmiş. Zaqatala şəhər bazarının yanında «TAC» ticarət mərkəzinin «Kənd vağzalı» adlanan yerə tərəf olan kafesində oturaraq pivə içən vaxt Elvin istifadə etdiyi mobil telefon ilə «Totu» kimi tanıdığı Təqsirləndirilən şəxs zəng vuraraq dəvət etmiş, İskəndər onların yanına gəldikdən sonra birlikdə 1-2 bakal pivə içmişlər həmin vaxt qonşusu Zərərçəkmiş şəxs da təsadüfən kafeyə gəlmiş və Emini də süfrələrinə dəvət etmişlər, onlar bir yerdə oturub pivə içən vaxt 07 avqust 2020-ci il tarixdə saat təxminən 19 radələrində kafedən onlara iş saatlarının qurtardığı üçün bağlayacaqlarını demişlər, buna görə də artıq kafedən çıxmağa başlamışlar, həmin vaxt Elvin ilə İskəndər arasında sözlə mübahisə yaranmış, ancaq o İskəndərlə Elvinin konkret olaraq nəyə görə mübahisə etmələrini bilməmiş, bundan sonra İskəndər onlardan aralanıb asfaltda oturaraq cibindən bıçaq çıxardıb qollarını doğramağa başlamış, həmin vaxt Emin İsgəndəri sakitləşdirmək üçün ona tərəf getmiş, Emin İskəndəri sakitləşdirmək üçün yanına gedən vaxt İskəndər də yerdən durub Eminin üzərinə gəlmiş və onlar əlbəyaxa olmuşlar, sonra Emin və İskəndər yerə yıxılmış, bundan sonra o Eminə yaxınlaşaraq qolundan tutub kənara çəkmiş və evə getməyi bildirmiş, bundan sonra onlar İskəndərin yanından aralanmışlar, İskəndər isə bıçağı cibinə qoyaraq əks istiqamətdə hərəkət etməyə başlamış, sonra Elvin onlardan ayrılıb getmiş, o isə Emin ilə birlikdə yaşadığı Qazangül qəsəbəsinə getmiş, o Qazangül qəsəbəsinə çatdıqdan sonra evlərinə getmiş, Emin isə pivə içmək üçün həyətdə oturmuş, 07 avqust 2020-ci il tarixdə saat təxminən 22 radələrində o yaşadığı evdə olan vaxt Zərərçəkmiş şəxs qardaşı Vüqar Şükürov onun yaşadığı evə gələrək avtomobili ilə Emini xəstəxanaya aparmağı xahiş etmiş, o etibarnamə əsasında idarə etdiyi VAZ-2107 markalı, **-GX-*** dövlət nömrə nişanlı avtomobilini Vüqara spirtli içki olan araq qəbul etdiyi üçün idarə edə bilməyəcəyini bildirmiş, həmin vaxt Vüqar ona Emini xəstəxanaya aparmaq məqsədilə avtomobili idarə etmək üçün istəmiş, o da bundan sonra etibarnamə ilə ona məxsus VAZ-2107 markalı avtomobilin açarlarını Vüqara vermiş, Vüqar da onun avtomobili ilə Emini xəstəxanaya aparmışdır. Həmçinin Şahid1 ifadəsinin davamında göstərmişdir ki, Zərərçəkmiş şəxs 07 avqust 2020-ci il tarixdə, saat 20 radələrində Zaqatala şəhəri, «Tac» ticarət mərkəzinin yanında yerləşən kafenin qabağında küçədə Təqsirləndirilən şəxs bıçaqla özünə xəsarət yetirməsinin qarşısını almaq üçün yaxınlaşdıqda İskəndərlə əlbəyaxa olmuş və yerə yıxılmış, Zərərçəkmiş şəxs bıçaq xəsarətini həmin vaxt İskəndər yetirmiş, İsgəndərin əlində olan bıçağın əlamətlərini konkret bilməmiş, ancaq həmin bıçağın qatlanan olduğunu bilmiş, İskəndərin Eminlə dalaşdıqdan sonra həmin bıçağı qatlayıb cibinə qoyduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamamı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, X3 əsgər yoldaşıdır, «Totu» kimi tanıdığı Təqsirləndirilən şəxs isə uşaq vaxtlarından tanımış, Zaqatala rayonu 3-cü Tala kəndində böyümüş, həmin vaxtdan da İskəndəri tanımış və münasibəti olmuş, Zərərçəkmiş şəxs isə Saqifin qonşusu kimi təxminən 10 ilə yaxındır ki, tanımış, 07 avqust 2020-ci il tarixdə, saat təxminən 11 radələrində Saqif ona zəng vuraraq qonaq çağırmış, o saat 12 radələrində Saqifin yaşadığı Zaqatala rayonu, Qazangül qəsəbəsinə getmiş, Saqif həmin gün bir quzu kəsmiş və bir yerdə həmin quzunun ətindən yeyib spirtli içki olan araq içmişlər, həmin vaxt yanlarında Saqifin çobanları Hümmət adlı bir nəfər yaşlı kişi də olmuş, təxminən saat təxminən 17 radələrində Saqif ilə birlikdə Zaqatala şəhərinə gəlmişlər, Zaqatala şəhərində «Tac» ticarət mərkəzinin arxa tərəfində yerləşən kafeyə gedərək kafedə oturub pivə içmişlər, pivə içən vaxt söhbət əsnasında o evə çiçəkli pendir almaq istədiyini bildirmiş və Saqifdən İskəndərə zəng vurub yanlarına çağırmasını xahiş etmiş, bundan sonra Saqif istifadə etdiyi mobil telefon ilə İskəndərə zəng vuraraq yanlarına dəvət etmiş, İskəndər onların yanına gələnə qədər artıq Emində kafeyə gəlmiş, onlar Emini də stollarına dəvət etmişlər, Emin onların yanında oturduqdan bir qədər sonra İskəndər də gəlmiş, İskəndər onların yanına gələn vaxt artıq sərxoş olduğunu görmüşlər, İskəndər onların yanına gəldikdən sonra kafeni işlədənə zəng vuraraq mahnı sifariş vermiş, kafedə bir qədər oturduqdan sonra İskəndər artıq tamamilə sərxoş olmuş və kafedə pivəni aparatdan özü süzmək istədiyini bildirmiş, lakin həmin vaxt kafedə ofisiant işləyən qız İskəndərdən aparata dəyməməsini xahiş etmiş, İskəndər isə pivə aparatının qolundan tutub dartmış, həmin vaxt Emin ayağa durub İskəndəri sakitləşdirmək istəmiş, lakin Eminin İskəndərə gücü çatmamış, bundan sonra o ayağa duraraq İskəndərə yaxınlaşaraq qolundan tutub pivə aparatını buraxmasını bildirmiş, lakin İskəndər əvvəl yenə pivə aparatını buraxmaq istəməmiş, lakin sonradan onu görərək pivə aparatını buraxıb kafedən küçəyə çıxmış, İskəndər kafedən küçəyə çıxdıqdan təxminən 5 dəqiqə sonra İskəndərin küçədə özünü doğramasını demişlər, bundan sonra kafedən küçəyə çıxdıqda İskəndərin küçədə yerdə oturub əlində bıçaqla qollarını doğradığını görmüş, sonra o artıq oradan uzaqlaşıb evlərinə getmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə ibtidai istintaqı aparmış müstəntiq X11 şahid qismində dindirilmiş və sonuncu ifadəsində göstərmişdir ki, iş üzrə dindirilmiş şəxslər ibtidai istintaq zamanı hansı formada ifadə veriblərsə, həmin formada qeydiyyatları aparılmışdır. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq qeyd etmişdir ki, ibtidai istintaq zamanı cinayətin aləti olan bıçaq aşkar olunmamış, zərərçəkmiş şəxs, şahid və təqsirləndirilən şəxsin dostluq münasibətləri olduğu üçün onların ifadələrinin dəyişdirilməsi, təqsirləndirilən şəxsin xeyrinə ifadə verilməsi başa düşüləndir. Hadisə yerində hər hansı şüşə qırıntıları aşkar edilməmişdir. Hadisə yerini gürən video kameralar olsa da, həmin müşahidə kamerası göstərmədiyi üçün, istintaq zamanı həmin görüntülər götürülməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş iş üzrə məhkəmə tibbi ekspertizası üzrə müvafiq rəyi tərtib edən ekspert X4 tərtib etdiyi məhkəmə tibbi ekspertizasının 22 oktyabr 2020-ci il tarixli rəyini müdafiə etmiş və ona ünvanlanan suallara cavab verərək göstərmişdir ki, xəstəlik tarixinə əsasən cərrah tərəfindən zərərçəkmiş şəxsin aldığı xəsarətin deşici-kəsici alətlə yetirildiyi yazılmış, cərrahi əməliyyatdan iki ay sonra zərərçəkmiş şəxsin yarasına tərəfindən baxış keçirilmişdir. Zərərçəkmiş şəxsin aldığı xəsarətin rəydə qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yara olduğunu göstərmişdir. O, bu qənaətə həm xəstəlik tarixində yazılanlara, həm qərarda yazılanlara, həm də zərərçəkmiş şəxsin dediyinə əsasən gəlmişdir. Kəsici-deşici alət deyəndə iti kənara malik olan alət nəzərdə tutulur. Əgər xəsarət şüşə qırığı ilə yetirilibsə, deşib keçəndən sonra yarada şüşə qırıntısı qalmalı idi. Məhkəmə istintaqı zamanı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının həkim cərrahı X10 şahid qismində dindirilmiş və Azər Salmanov ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 07 avqust 2020-ci il tarixdə axşam saatlarında Zaqatala RMX-yə gətirilmişdir. Həmin vaxt xəstəxanada növbətçi Ramazan adlı həkim cərrah olmuş, 07 avqust 2020-ci il tarixdə gecə saatlarında ona zəng edib xəstəxanaya qarın divarının açıq yarası ilə xəstə daxil olduğunu bildirmişlər. O, xəstəxanaya gəlib xəstəni müayinə edəndə ulturasəs müayinəsi qarın boşluğunda bir qədər sərbəst mayenin olduğunu göstərmişdir. Təbii ki, həmin maye qan olmuş, dərhal xəstəni əməliyyat masasına aparmışlar. Həmin vaxt gecə saatları olmuşdur, xəstənin qarnını açanda qarında 1 (bir) litrə yaxın qan olmuşdur. Həmin qanın bir qismi laxta şəklində, bir qismi isə duru şəklində olmuşdur. O, qanı təmizləmiş, qurulamış, qan axan damarları tutub bağlamış və beləcə qanaxmanı saxlamışdır. Sonra qarın boşluğu orqanlarının təftişini aparmış, qarın boşluğu orqanlarının təftişini aparanda tres bağından 50 sm və 100 sm aşağıda nazik bağırsağın kəsilmiş yaralarını aşkar etmişdir. Həmin o, kəsilmiş yaraları rezeksiya edib yaraları işləyib həmin yaraları 2 qat cərgə ilə tikişlə bağlamışdır. Sonra qarın boşluğunu qurulayıb digər orqanları da yəni, qaraciyəri, dalağı və sair orqanları təftiş etmiş, başqa xəsarət aşkar olunmamışdır. Bununla da əməliyyat yekunlaşmış və xəstə reanimasiya şöbəsinə yerləşdirilmişdir. İfadəsinin davamında ona ünvanlanan sualları cavablandırarkən Azər Salmanov göstərmişdir ki, xəstəyə ilkin vizual baxış zamanı xəstənin göbək nahiyəsindən bir qədər sol tərəfdə kəsilmiş yara aşkar etmiş, soruşan zaman xəstə şüşə batdığını bildirmişdir. Yaraya baxarkən həmin xəsarətin deşici-kəsici alət nəticəsində yarandığını müəyyən etmişdir. Belə ki, kəsilmə baş verəndə yaranın kənarları hamar olur. Orada görünür ki, yara nədən əmələ gəlibsə qarının ön divarlarını və bağırsağını zədələyib. Yara 2 sm ölçüdədirsə, deməli xəsarət batıcı alətlə yetirilib, yəni yara deşici-kəsici alətin batması ilə yaranıb. Bağırsaq divarının bütövlüyünün pozulması zədələnmə adlanır. Buz zaman xəstəyə kornaskapiya və qastarskapiya müayinəsi edilir. Qastarskapiya xəstənin ağız boşluğuna girir, mədə, bağırsaqları yoxlaya bilir.Ulturasəs müayinəsi isə qarın boşluğunda qanaxmanın olub olmamasını təyin edir. Xəstədə olan xəsarət hamar olduğundan, didilmiş olmadığından,dəqiq deyilə bilər ki, xəsarət deşici-kəsici alət ilə yetirilmişdir. Cinayət işinin materiallarında olan 07.08.2020-ci il tarixli “Raport”dan görünür ki, 07.08.2020-ci il tarixdə saat 22:20-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının həkimi Arzumanov Zaqatala Rayon X9 Hissəsinə zəng edərək Zaqatala rayon Qazangül qəsəbə sakini 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarının ön divarının kəsilmiş yarası ilə xəstəxanaya daxil olduğu barədə məlumat vermişdir. (cild 01, iş vər.4) Cinayət işinin materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 08 avqust 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Zaqatala rayonu, V.İsmayılov küçəsində yerləşən “Tac” kafenin qarşısıdır və hadisə yerinə aid fotoşəkillər çəkilməklə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 13-18) Cinayət işinin materiallarında olan 08.08.2020-ci il tarixli “Raport”dan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zaqatala rayon Qazangül qəsəbə sakini 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 07.08.2020-ci il tarixdə saat təxminən 19 radələrində Zaqatala şəhəri, V.İsmayılov küçəsində yerləşən “Tac” Ticarət Mərkəzinin arxa tərəfindəki “Tac” adlı kafenin qabağında Zaqatala rayonu Tala kənd sakini “Totu” ləqəbli Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurularaq xəsarət almışdır. (cild 01, iş vər. 22) Cinayət işinin materiallarında olan 10 avqust 2020-ci il tarixli 367 nömrəli canlı şəxsin məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər sağ saidində 16 ədəd, sol saidində 8 ədəd kəsilmiş yaralar, qarın nahiyəsində çoxsaylı səthi kəsilmiş yaralar – kəsici alətin təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 07.08.2020-ci il tarixdə hər hansı kəsici səthə malik alətlə (ola bilsin bıçaqla) özü tərəfindən yetirilə bilərdilər, dərəcəsinə görə sağ və sol saidində 1 ədəd kəsilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild 01, iş vər. 84) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertin 22 oktyabr 2020-ci il tarixli 510 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – qarın ön divarının sol yarısında olan qarın boşluğuna nüfuz edən, nazik bağırsağı zədələyən, sağ tərəfli peritonarxası hematoma ilə nəticələnən bir ədəd kəsilmiş-deşilmiş yara, deşici-kəsici alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə bıçağın tiyəsinin kəsməsi təsirindən əmələ gələ bilərdi, törənmə müddəti xəstəxanaya daxil olduğu vaxta və qərarda qeyd olunan 08.08.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (cild 01, iş vər. 85-86) Cinayət işinin materiallarında olan kompleks məhkəmə psixatrik-psixoloji ekspertizasın 11 noyabr 2020-ci il tarixli 613/277 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən, hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin muvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin muvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini qiymətləndirmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1 maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, halhazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkərlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs göstərilən cinayət hadisəsini törədərkən adi psixi-emosional halda olmuşdur. O, cinayət hadisəsi törədərkən güclü ruhi həyacan vəziyyətində (affekt) olmamışdır (keçirməmişdir). (cild 01, iş vər. 144-145) Cinayət işinin materiallarında olan cinayət işi üzrə alınmış əməliyyat tapşırığına cavab məktubundan göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi bıçağı tapmaq mümkün olmamışdır. Bundan başqa bazar bağlı olduğu üçün hadisə vaxtı ətrafa başqa adamlar toplaşmamışdır. (cild 01, iş vər. 72) Cinayət işinin materiallarında olan 23 noyabr 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 29,120.1, 126.2.2, 126.2.4, 221.3 və 28.4-cü maddələrinin tərkib əlaməti olmadığı üçün həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin Şahid1 əməlində CM-nin 307-ci maddəsinin tərkib əlamətləri olduğu üçün cinayət işinin materiallarından ayrıca material ayrılıb Zaqatala rayon prokurorluğuna göndərimişdir. (cild 01, iş vər. 150- 159) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə ilə bağlı üzərində olan, lakin ibtidai istintaq orqanı tərəfindən aşkar olunmayan bıçaqla Zərərçəkmiş şəxs bir dəfə vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid (işdə olan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən) olan bədən xəsarəti yetirmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli onun ibtidai istintaq zamanı qismən etiraf edici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrlə, habelə iş üzrə mövcud olan ekspert rəyləri ilə və biri digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin sərgilədiyi mövqeyə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Onun məhkəmə istintaqı zamanı qeyd etdikləri cinayət işinin materiallarında olan və bir-biri ilə üst-üstə düşərək biri digərini tamalayan sübutlar vasitəsi ilə təkzib olunduğundan, məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdikləri müdafiə xarakterli ifadələr kimi qəbul edilir. Ona görə də, sonuncunun ibtidai istintaq zamanı verdiyi qismən etiraf edici ifadəsi daha əsaslı və obyektiv həqiqəti əks etdirən ifadə kimi qəbul edilməklə Təqsirləndirilən şəxs elan olunan ittihamın əsasına məhz həmin ifadələr qoyulur. Zərərçəkmiş şəxs və iş üzrə Şahid1 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası vurğulamağı zəruri sayır ki, bu şəxslər Zaqatala rayonunda yaşamaqla bir rayon sakinləridir və bir-birilərini yaxşı tanımaqla, dostluq münasibətlərinə malikdirlər. Bu hal isə qeyd edilən şəxslərin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin xeyrinə ifadə vermələrini anlaşılan edir. Təsadüfi deyil ki, hadisə baş verəndən dərhal sonra belə bu şəxslər hüquq mühafizə orqanlarına müraciət etməmiş, yalnız Zərərçəkmiş şəxs hadisədən bir neçə saat sonra aldığı xəsarətdən vəziyyətinin yaxşı olmadığını gördüyü üçün xəstəxanaya müraciət etmək məcburiyyətində qalmış, hətta həmin halda belə ilkin olaraq həkimə yıxılmaqla xəsarət aldığını bildirmiş, lakin sonradan hüquq mühafizə orqanlarının əməkdaşlarına baş vermiş hadisəni etiraf etmişdir. Bütün bunlar isə onların məhkəməyədək icraat zamanı verdikləri ifadələrin daha dolğun və həqiqəti əks etdirən, işin faktiki hallarına uyğun, obyektiv ifadə olduğunu təsdiq edir. Ona görə də, məhkəmə bu şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşır və məhz qeyd edilən şəxslərin ibtidai istintaq zamanı verdikləri həmin ifadələri Təqsirləndirilən şəxs qarşı elan olunan ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri (arvadı, 2008 və 2017-ci il təvəllüdlü iki azyaşı uşağı) ilə birlikdə Zaqatal şəhəri, SMD 20, ev 2, mənzil 1 ünvanında qeydiyyatdadır. Onun barəsində Zaqatala rayon Mənzil İstismar sahəsinə şikayət daxil olmamışdır. (cild 01, iş vər. 128-129) Cinayət işinin materiallarında olan tələbnamədən və məhkəmə qərarlarının surətindən görünür ki, Musayev X5 Rayon Məhkəməsinin 07.02.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 185.1-ci maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin 13.05.2019-cu il tarixli qərarı ilə qeyd edilən hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 10 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26.03.2020-ci il tarixli qərarı ilə həmin tarixdə cəzadan 14 gün vaxtından əvvəl şərti azad olunmuş və hazırda məhkumluğu ödənilməmişdir. (cild 01, iş vər. 123-125, 130-135) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət əməli törətdiyinə görə müvafiq hökmlə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsa da, CM-nin 18-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza cinayətlərin residivi zamanı nəzərə alınmadığından, onun əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini nəzərə alaraq, həmçinin əməlində cinayətlərin residivi olmasa da, əvəllər qəsdən zorakı cinayət əməli törətdiyinə görə məhkum olunmasından nəticə çıxarmayaraq yenidən qəsdən ağır cinayət əməli törətdiyini əsas götürərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını və həmin cəzanın real olaraq çəkilməli olmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 08 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08.08.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 34) Cinayət işinin materiallarında olan istintaq orqanının 10 avqust 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, 10.08.2020-ci il tarixdə Musayev X5 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 67-68) Cinayət işinin materiallarında olan 17.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan olunmaqla tutulmasına dair qərar qəbul edilmişdir. (cild 01, iş vər. 77-78) Cinayət işinin materiallarında olan 29.10.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29.10.2020-ci il tarixdə saat 21:20 radələrində keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Zaqatala şəhəri ərazisində saxlanılmaqla polis şöbəsinə təhvil verimişdir. (cild 01, iş vər. 88) Cinayət işinin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli 4(033)-74/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 29.10.2020-ci il tarixdən hesablanmaqla 20.12.2020-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 118) Cinayət işinin materiallarında olan 23.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan olunmaqla tutulmasına dair qərar qəbul edilmişdir. (cild 01, iş vər. 161-162) Cinayət işinin materiallarında olan 28.12.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28.12.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Balakən rayonu ərazisində saxlanılmaqla Zaqatala rayon polis şöbəsinə təhvil verimişdir. (cild 01, iş vər. 170) Cinayət işinin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 28.12.2020-ci il tarixli 4(033)-81/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 28.12.2020-ci il tarixdən hesablanmaqla 25.01.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 179-182) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun 08.08.2020-ci il tarixdən 10.08.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 29.10.2020-ci il tarixdən 20.12.2020-ci il tarixədək ev dustaqlığında olduğu 01 (bir) ay 23 (iyirmi üç) gün müddət cəzasına hesablanmaqla çıxılmalı, cəzaçəkməsinin əvvəli isə həbs olunduğu 28.12.2020-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Zaqatala RPŞ-nin saxlancına təhvil verilmiş 1 ədəd qısaqol köynək CPM-nin 132-ci maddəsinə əsasən tələb edilmədiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəflərinin, mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən Təqsirləndirilən şəxs 08.08.2020-ci il tarixdən 10.08.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 29.10.2020-ci il tarixdən 20.12.2020-ci il tarixədək ev dustaqlığında olduğu 01 (bir) ay 23 (iyirmi üç) gün müddət, ümumilikdə 01 (bir) ay 25 (iyirmi beş) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində 03 (üç) il 04 (dörd) ay 05 (beş) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28.12.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar