Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-86/2023 21.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Mirzəyev Nahid Namiq oğlu, hakimlər Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X8 iştirakı ilə, xx xxxxxx 1964-cü il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin istintaqla dəqiq müəyyən edilməyən sayda toxumlarını yaşadığı Göyçay şəhəri Ə.Kərim küçəsi ev 89 ünvanında yaşadığı evin həyətyanı sahəsində meyvə ağaclarının arasında qanunsuz olaraq torpaqda əkib yetişdirərək kultivasiya etmiş, həmçinin, istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 1 kiloqram 748 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan əldə edib yaşadığı Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən 89 nömrəli evinin 2-ci mərtəbəsində yataq əşyalarının yığıldığı təmirsiz otaqdakı masanın üzərində 7 ədəd 3 kq, 1 ədəd 5 kq, 1 ədəd 480 qramlıq şüşə qabların, 2 ədəd 1 kq, 1 ədəd 2 kq-lıq plastik qabların içərisində qablaşdırıb ayr-ayrılıqda təmiz çəkiləri 110 qr., 80 qr., 335 qr., 280 qr., 60qr., 315 qr., 65qr., 18qr., 335qr., 20qr., 30 qr., 85 qram və 15 qram olmaqla saxlamış, 20 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun yaşadığı evə və həyatyanı sahəsinə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman orada olan meyvə ağaclarının arasında əkdiyi 3 ədəd əkilib becərilməsi qadağan olunmuş əkib yetişdirərək kultivasiya etdiyi xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkiləri, eləcə də, yaşadığı evin 2-ci mərtəbəsindən yataq əşyalarının yığıldığı təmirsiz otaqdakı masanının üzərində qablaşdıraraq saxladığı ümumi təmiz çəkisi 1 kq 748 qram olan külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-in 234.4.3 və 237.1-ci maddələri ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində yaşadığı Göyçay şəhəri Ə.Kərim küçəsi ilə evinə doğru gedərkən yol kənarında yerdə qarşısına kiçik ölçülü qara rəngli sellofan torba çıxmış, həmin torba diqqətini çəkdiyi üçün yerdən götürüb içərisinə nəzər saldıqda içərisində 4 ədəd toxumlar olmasını görmüşdür. O özü nəşədən istifadə etdiyi üçün həmin toxumların çətənə bitkilərinin toxumlarının olmasını bilmişdir. Buna görə də, həmin toxumların olduğu kiçik ölçülü sellofan torbanı götürüb özü ilə yaşadığı evə aparıb həyətyanı sahəsində olan meyvə ağaclarının arasına səpmişdir. Həmin vaxtdan sonra əkdiyi 4 ədəd çətənə bitkisinin şitillərini diblərini yumşaltmaqla suvarmış və onlara daimi qulluq etmişdir. Ailə üzvlərindən kimsə görüb onların nə olduğunu maraqlanmaması üçün həmin bitkiləri həyətyanı sahəsində meyvə ağaclarının arasında görünməyən yerə yanyana əkmişdir. 2022-ci ilin 02 sentyabr tarixində o həmin bitkilərin 1 ədədinin artıq yetişdiyini və üzərində olan qurumuş yarpaqlarını sellofan torbaya yığmışdır. Daha sonra o həyat yoldaşı İlhamənin məktəbə getdiyi vaxtlarda evində istifadə olunmuş şüşə və plastik qabları özü ilə götürüb çətənə bitkilərini əkdiyi yerə gedib həmin 1 ədəd yetişmiş bitkinin üzərində olan qurumuş yarpaqlarını qablara doldurub qabların ağızlarını da bağlamış, həmin qabları gizlincə olaraq yaşadığı evin yaşayış olmayan 2-ci mərtəbəsindəki yataq əşylarının yığıldığı təmirsiz otağa aparıb həmin otaqdakı masanın üzərinə yığmışdır. O ailə üzvləri ilə birlikdə iki mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində yaşamışdır. Ancaq 2-ci mərtəbə təmirsiz olduğu üçün evin ikinci mərtəbəsindən istifadə etməmişlər. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvanda olarkən qapının döyülməsini və adının çağırıldığını eşidib küçəyə çıxmış, həmin vaxt polis əməkdaşlarının həyət qapısının qarşısında olduqlarını görmüşdür. Polis əməkdaşları ona narkotik maddə saxlamaqda və əkilib becərilməsində şübhəli olduğunu bildirərək yaşadığı həyətə və evinə baxış keçirmək isdədiklərini bildirmişlər. O, polis əməkdaşlarının ona məxsus yaşadığı həyətə baxış keçirmələrinə etiraz etməmiş və bu barədə rayon polis şöbəsinin rəhbərliyinin adına yazılı ərizə yazmışdır. İlkin olaraq yaşadığı evin həyətinə baxış keçirilmiş, baxış keçirilən zaman evinin arxa tərəfində olan həyətyanı sahəsində olan meyvə ağaclarının arasında torpağa əkərək xüsusi qaydada qulluq etdiyi 3 ədəd yaşıl rəngli bitkini polis əməkdaşlarına göstərmişdir. Torpaqda əkilmiş 3 ədəd bitkilər torpaqdan çıxarılaraq sintetik torbaya qoyularaq qablaşdırılmış və bitkilərin torpaqdan çıxarıldığı yerdən torpaq nümunələri götürülərək qablaşdırılmışdır. Bundan sonra yaşadığı evdə qanunla qadağan olunmuş hər hansı əşya və ya narkotik vasitə olub-olmaması soruşulduqda, o, evinin yaşayış olmayan təmirsiz vəziyyətdə olan 2-ci mərtəbəsində köhnə yataq əşyalarının yığıldığı otaqda masanın üzərində əvvəlcədən plastik və şüşə qablara qurudaraq yığıb saxladığı yeri polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları otaqda stolun üzərində olan qablardakı qurudulmuş marixuanaları və 1 ədəd 100 ml həcmdə olan spirt qabında olan toxumu bir ədəd ağ rəngli sintetik torbaya yığaraq qablaşdıraraq götürmüşlər. O, həmin narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün saxlamış, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Əməlindən peşman olduğunu, oğlunun Vətən Müharibəsi iştirakçısı olmasını, medalla təltif olunmasını bildirərək, barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, oğlu müharibəyə gedənə qədər marixuanadan istifadə etməmiş, marixuananı şüşə qablara özünün istifadəsi və xarab olmaması üçün yığmış, bitkiləri təzə yığdığı üçün bir az nəm olmuş, topladığı bitkilər qurusun deyə ayrı-ayrı şüşə qablara yığmış, əkdiyi çətənə kollarına su vermiş, çətənə kollarını həyətin aşağı tərəfində əkmişdir. Evdə aşkar olunan narkotik vasitələr sellofan bükümdə olmamış, ayrıca xırda bükümlərə ayırmamış, evdən elektron tərəzi aşkar olunmamışdır. İstintaq zamanı ona heç bir təzyiq olunmamış, oğlu müharibəyə getdikdən sonra fikir etdiyinə görə çətənə kollarını əkmiş, çətənə kollarını əkdiyi zaman bu qədər böyüyəcəyini təxmin etməmiş, belə düşünmüş ki, kolların boyları balaca olacaqdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Göyçay şəhəri Ə.Kərim küçəsi ev 89 ünvanında yaşayan Təqsirləndirilən şəxsun narkotik vasitə istifadəçisi olması, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi, üzərində və yaşadığı ünvanda narkotik vasitə saxlaması, eləcə də narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Göyçay Rayon Polis Şöbəsinin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 20 sentyabr 2022-ci il tarixdə tərəfindən rəhbərliyə raportla məruzə edilmiş, bundan sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Daha sonra həmin günü, yəni xx.xx.2022-ci il tarixdə saat 18 radələrində digər polis əməkdaşları ilə Göyçay şəhəri Ə.Kərim küçəsi ev 89 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi üçün gedilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən çağırıb sonuncuya həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə və yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də yaşadığı ünvana baxış keçirilməli olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən vəkil Rasim Vəliyev ilə təmin edilib şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, həmin zaman Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi ilə bağlı etirazının olmamasını bildirərək bu barədə ərizə ilə müraciət etmişdir. Eyni zamanda, onun, digər polis əməkdaşlarının, oraya dəvət olunan aqronomun və müdafiəçinin, eləcə də, Təqsirləndirilən şəxs özünün iştirakı ilə sonuncunun yaşadığı ünvana videoçəkiliş vasitəsilə baxış keçirilməyə başlanmışdır. İlkin olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvana daxil olduqdan sonra sonuncunun üzərinə baxış keçirilsə də, sonuncunun üzərində qanunla daşınması qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilmiş, baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində olan həyətyanı sahəsində olan meyvə ağaclarının arasında torpağa əkərək xüsusi qaydada qulluq etdiyi 3 ədəd yaşıl rəngli bitkini onlara göstərmişdir. Torpaqda əkilmiş 3 ədəd bitkilər torpaqdan çıxarılaraq sintetik torbaya qoyularaq qablaşdırılmış və bitkilərin torpaqdan çıxarıldığı yerdən torpaq nümunələri götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan olunmuş hər hansı əşya və ya narkotik vasitə olub-olmaması soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs evinin yaşayış olmayan təmirsiz vəziyyətdə olan 2-ci mərtəbəsində köhnə yataq əşyalarının yığıldığı otaqda masanın üzərində əvvəlcədən plastik və şüşə qablara qurudaraq yığıb saxladığı yeri onlara göstərmişdir. Həmin otağa baxış zamanı otaqda masanın üzərində şüşə və plastik qabların içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri və 1 ədəd 100 ml həcmdə olan spirt qabında toxum aşkar edilmişdir. Qeyd olunan kütlələr aşkar olunduqları qablarla birlikdə bir ədəd ağ rəngli sintetik torbaya yığılaraq onlar tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, onlara daxil olan əməliyyat məlumatının məzmunu şəxsin narkotik vasitə alüdəçisi olması, narkotik vasitələri evində qanunsuz olaraq saxlaması və satışı ilə məşğul olması barədə olsa da, satışa dair hər hansı məlumat əldə edilməmiş, satış realizə olunmamışdır. Şəxs barəsində əvvəllər hər hansı bir məlumat daxil olmamış, həmçinin, o, əməliyyat nəzarətində olmamış və barəsində əməliyyat-qeydiyyat işi açılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid2 ayrıayrılıqda şahid Pərviz İsrafilovla eyni məzmunlu ifadələr verərək onun ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olması, yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərinin qanunsuz olaraq kultivasiyası, üzərində və yaşadığı evdə narkotik vasitələr saxlaması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı Göyçay şəhəri Ə.Kərim küçəsi ev 89 ünvanında yerləşən evinə və evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 01, iş vər. 28). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış və götürülmə keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həmin tarixdə saat 18:30-dan saat 19:05-dək olan müddət ərzində Göyçay şəhər sakini Təqsirləndirilən şəxs Göyçay çəhəri Ə.Kərim küçəsi ev 89 ünvanında yerləşən yaşadığı evinə və həyətyanı sahəsinə müdafiəçinin də iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə və həyatyanı sahəsinə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman orada olan meyvə ağaclarının arasında əkdiyi 3 ədəd əkilib becərilməsi qadağan olunmuş əkib yetişdirərək kultivasiya etdiyi xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkiləri, eləcə də, yaşadığı evin 2-ci mərtəbəsindən yataq əşyalarının yığıldığı təmirsiz otaqdakı masanının üzərində qablaşdıraraq saxladığı həmin 7 ədəd 3 kq, 1 ədəd 5 kq, 1 ədəd 480 qramlıq şüşə qabların, 2 ədəd 1 kq, 1 ədəd 2 kq-lıq plastik qabların içərisində olan təmiz çəkiləri 110 qr., 80 qr., 335 qr., 280 qr., 60 qr., 315 qr., 65qr., 18 qr., 335 qr., 20 qr., 30 qr., 85 qram və 15 qram olmaqla, ümumi təmiz çəkiləri 1 kq 748 qram olan külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür (cild 01, iş vər. 29-31). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus həyətyanı torpaq sahəsində becərdiyi 3 ədəd yaşıl bitkilər aqrotexniki qaydada kultivasiya olunmuş narkotik xassəli çətənə kollarıdır (cild 01, iş vər. 37). Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 21 sentyabr 2022-ci il tarixli, 17/738 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs həyətində aşkar edilmiş..” sözləri yazılmış 03 ədəd sintetik kisələrin içərisindəki 03(üç) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom-mütəxəssis Şaiq İsmayılovun 20 sentyabr 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs həyətində aşkar edilmiş...” sözləri yazılmış 01(bir) ədəd sintetik kisəni açdıqda, içərisindəki: 7 ədəd 3 kq, 1 ədəd 5 kq, 1 ədəd 480 qramlıq şüşə qabların, 2 ədəd 1 kq, 1 ədəd 2 kq-lıq plastik qabların içərisindəki ayr-ayrılıqda təmiz çəkiləri 110 qr., 80 qr., 335 qr., 280 qr., 60 qr., 315 qr., 65 qr., 18 qr., 335 qr., 20 qr., 30 qr., 85 qr. və 15 qr., ümumi təmiz çəkiləri 1 kq 748 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş bitki toxumları” yazısı olan zərfi açdıqda, 1 ədəd 100 ml olan şüşə qabdakı təmiz çəkisi 22,83 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs həyətindən götürülmüş torpaq nümunəsi .” yazısı olan zərfin içərisində olan 01(bir) ədəd sellofan torbanın içərisindəki torpaq nümunəsində cüzi miqdarda çətənə(kannabis) bitkisinin hissəcikləri vardır (cild 01 iş vər. 45-49). Cinayət işinin materiallarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(040)-103/2022 saylı qərarı ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Göyçay Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni sayılmışdır (cild 01, iş vər. 90). Cinayət işinin materiallarında olan “telefon məlumatlarına dair Azercell-Telekom MMCdən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2022ci il tarixdə Azercell-Telekom MMC-dən daxil olmuş CD diskə baxış keçirilmiş, lakin ibtiadai istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunamamışdır (cild 01, iş vər. 107-109). Cinayət işi materiallarında olan Göyçay Rayon Mərkəzi Xəstəxanasından alınmış 27 dekabr 2022-ci il tarixli 4228 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Göyçay RMX-nın narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur (cild 01 iş vər. 146). Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 yanvar 2023-cü il tarixli 31 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 152). Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması, evinə və evinin həyətyanı sahəsinə baxış keçirilərək narkotik maddənin və narkotik tərkibli bitkilərin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmayıb Təqsirləndirilən şəxs qarşı CM-in 237.1ci maddəsi ilə irəli sürülən ittiham əsaslı olsa da, həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs əməlinin CM-in 237.1-ci maddəsi ilə yanaşı CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı, yəni Təqsirləndirilən şəxs evindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədi ilə əldə etməsi və evində saxlaması ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə yanlış olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatqeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün yaşadığı evə baxış keçirilərkən evdən müxtəlif şüşə və plastik qablarda külli miqdarda, yəni ümumilikdə 1 kq 748 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitə marixuananın ayrı-ayrı şüşə və plastik qablarda olsa da, xırda və eyni ölçülü bükümlərə yığılmaqla saxlanılmaması, evindən və həyətyanı sahəsindən başqa növ narkotik vasitənin və ya psixotrop maddənin aşkar olunmaması, habelə üzərindən və evindən elektron tərəzinin aşkar olunmaması, hər hansı bir şəxslə narkotik vasitənin alış və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin evindən aşkar olunan 1 kq 748 qram narkotik vasitə marixunana satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Eyni zamanda, şəxsə məxsus mobil telefon ibtidai istintaq orqanı tərəfindən götürülərək həmin telefona və şəxsə məxsus mobil nömrəyə daxil olan-çıxan zənglər, SMS-lər barədə məlumatlara baxış keçirilmiş, lakin iş üçün hər hansı əhəmiyyətli bir hal müəyyən olunmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı qeyd etdiklərini (narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə edib evində saxlaması ilə bağlı ifadəsi) səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına məhz həmin ifadələri qoyur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamış, onların bu xüsusatla bağlı verdiyi ifadələr ehtimallara əsaslanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddələrin, yəni CM-in 234.1- 1 və 237.1-ci maddələrin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Cinayət Məcəlləsinə 234.1-1-ci maddəsi əlavə edilmiş və həmin maddənin dispozisiyasında göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – həmin şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sözügedən qanun xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və rəsmi qaydada dərc edilmişdir. Odur ki, hazırki cinayət əməli 2022-ci ilin may ayından sonrakı dövrə, yəni 2022-ci ilin sentyabr ayına təsadüf etdiyindən, şəxsin əməli CM-in 234.1-1-ci maddəsinə tövsüf olunmalı və şəxs həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs CM-in 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda ailəsi ilə (arvadı, 1996-cı il təvəllüdlü və 1999-cu il təvəllüdlü uşaqları ilə) birlikdə Göyçay şəhəri Ə.Kərim küçəsi ev 89 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 154-156). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 115-116). İş materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, X2 Qarabağ Müharibəsində iştirak etdiyinə görə “Vətən müharibəsi iştirakçısı medalı” ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, səmimi peşmançılığını, oğlunun X6 iştirak etdiyinə görə “Vətən müharibəsi iştirakçısı medalı” ilə təltif olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, eyni zamanda həmin cəzaların da qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, şəxs məhz həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 18). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir o, X7 azadlığa buraxılmışdır (cild 01, iş vər. 79-80). Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılmalı, cəzasının başlanğıcı isə hökmün çıxarıldığı gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Həmçinin, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir, həmçinin, o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 1 kq 747,74 qram narkotik vasitə marixuana, 03 ədəd çətənə bitkiləri və torpaq nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 51,06 AZN (əlli bir manat, altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 yerləşdirilməsi üçün X3 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 1 kq 747,74 qram narkotik vasitə marixuana, 03 ədəd çətənə bitkiləri və torpaq nümunəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 51,06 AZN (əlli bir manat, altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-86/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-86/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver