Məhkəmə qərarları › İş №1(091)-88/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-88/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-88/2022 05.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X11, zərərçəkmiş şəxsin hüquqi varisi: X4 iştirakları ilə xx.xx.1994-cü ildə Ağdaş rayonu Malay kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ağdaş şəhəri İ.Qaradağlı küçəsində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 09.10.2021-ci il tarixdə saat 19 radələrində BC dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi «Vaz 21061» markalı, 85BL419dövlət qeydiyyat nişanlı avtomobili alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq Ağdaş rayon Aşağı Qobuüstü kəndin çıxışından Ağdaş rayonu istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmışidarə etdiyi avtomobilin hərəkət hissəsində təhlükəsiz hərəkətini təmin etməmiş, gəldiyi 50-60 km/saat sürətlə hərəkətini davam etdirərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq əks hərəkət hissəsinə çıxararaq yolun sol tərəfi ilə hərəkətdə olan piyada Ağdaş rayon Yeniarx kənd sakini,azyaşlı, 31.03.2012-ci il təvəllüdlü X8 idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə yaşadığı evin bərabərliyindəki asfalt yolda vurmuş, nəticədə sonuncuya ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə alın təpə nahiyəsində, sol gicgah nahiyəsində qansızmalar, alın təpə nahiyəsinin yarası, sol qaşın bayır ucu nahiyəsinin, sol bud çanaq oynağının bayır səthinin sıyrıqları ilə nəticələnən ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vuran xəsarətlər yetirərək sonuncunun 09.10.2021-ci il tarixdə 21:00 dəqiqədə Mingəçevir RMX-da ehtiyatsızlıqdan ölümünə səbəb olmuş və sürücü Təqsirləndirilən şəxs“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq isə idarə etdiyi avtomobili ilə yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3 və 264-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09.10.2021-ci il tarixdə saat 17 radələrində işlədiyi istixananın qarşısında etibarnamə əsasında idarə etdiyi VAZ-2106 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda əvvəllcədən özü ilə alıb götürdüyü tərkibində alkoqol olan 03 ədəd 500 ml “GO” içkisinin 02 ədədini tam, 01 ədədini isə yarımçıq olaraq içdikdən sonra onunla birlikdə işləyən Elnarənin yaşadığı evindən arpa götürmək məqsədi ilə idarə etdiyi həmin avtombil ilə Nemətabad kəndinə getmişdir. Yolda Elnarənin mobil telefonunu yığaraq sonuncuya kəndə gəldiyini bildirmiş, Elnarə isə ona cavabında arpa olmadığını, gəlməməsini dedikdən sonra geri qayıtmışdır. İdarə ediyi avtomobillə kəndin daxili yolu ilə saatda 40-50 km surətlə hərəkətdə olarkən bu zaman onun idarə etdiyi avtomaşının sağ tərəfi ilə yolun sağ çiyni ilə 4-5 nəfər şəxsin yanında uşaqlarla arxaları onun avtomobilinə tərəf piyada getdiklərini görmüş, piyadaların yanına çatdıqda avtomaşının sol tərəfindən səs gəlməsinə görə piyadalardan birini vurduğunu başa düşmüşdür. Həmin vaxt avtomobilini saxlamayaraq həmin yerdən uzaqlaşmış, təxminən bir km uzaqlaşdıqdan sonra kənd camaatının onun uşaq vurduğunu bilməməsi və onun üzərinə hücum çəkərək onu döyməmələri üçün avtomaşını saxlayaraq arxa qeydiyyat nişanını yerindən açıb avtomobilinin salonuna qoymuşdur. Avtomobilə oturduqdan sonra tanışı Taleh Xankişiyevə mobil telefonu ilə zəng edərək baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumat vermiş, Taleh onun olduğu yerə gəldikdən sonra birlikdə avtomobillə Ağdaş rayon Polis Şöbəsinə getmişlər. Orada törətdiyi yol nəqliyyat hadisəsi barədə məlumat verərək özünü təqdim etmişdir. Sonradan vurduğu piyada X5 xəstəxanada vəfat etdiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxs X6 hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, 09.10.2021-ci il tarixdə saat 19 radələrində ailə üzvləri ilə olan arvadı Gülnar, oğlu Yusif və qızı Zəhra ilə birlikdə onun anasına baş çəkmək məqsədi ilə idarə etdiyi avtomaşınla sonuncunun yaşadığı ünvana gedərkən qardaşı Raminin arvadı Əsmərin oğlu Həsən və qardaşı qızı Xəyaləni yol kənarı ilə onlara gətirdiklərini görüb anasının yaşadığı ünvana özünün tək getməsini qərara alaraq Gülnar, Yusif və Zəhranı avtomaşından düşürüb qonaqlarla birlikdə evə qayıtmalarını demişdir. Yaşadığı ev Ağdaş rayon Yuxarı Nemətabad kəndində kəndin giriş hissəsində yolun sağ tərəfində yerləşməklə ailə üzvləri avtomobildən düşdükdən sonra qardaşı Ramilin ailə üzvləri ilə birlikdə evə doğru geri dönərkən bu zaman kənd istiqamətindən yüksək sürətlə hərəkətdə olan VAZ 2106 markalı avtomobilin onun ailə üzvlərinin yolun kənarında getdikləri istiqamətdə gəlmişdir. Ailə üzvləri həyət evinə dönərkən bu zaman həmin avtomobil onların üzərlərinə tərəf gəlmiş, arvadı Gülnar uşaqları kənara çəkmək istəsə də VAZ 2106 markalı avtomobil oğlu Yusifi vurmuşdur. Avtomobil Yusifi vurduqdan sonra hadisə yerində dayanmayaraq oradan uzaqlaşmış, avtomobil yoluna, oradan isə Ağdaş rayon istiqamətinə doğru hərəkət etmişdir. Həmin vaxt orada olan həmkəndlisi Məhəmməd və onun yanında olan iki nəfər şəxs oğlu Yusifi avtomobilə qoyaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. Özü də bu barədə eşitdikdən dərhal sonra Ağdaş rayon Mərkəzi Xəstəxanasına gəlmiş, xəstəxanaya gəldikdən sonra oğlu Yusifi TTTY avtomobili ilə Mingəçevir ŞMX-na aparsalar da orada həkimlər oğlu Yusifin vəfat etdiyini bildirmişlər. Təqsirləndirilən şəxslə barışmamış, sonuncuya qarşı məhkəmədən ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 09.10.2021-ci il tarixdə saat 19 radələrində ailə üzvləri olan oğlu Yusif, qızı Zəhra və əri Mehman ilə birlikdə sonuncunun idarə etdiyi avtomaşınla Mehmanın anasına baş çəkmək məqsədi ilə həmin ünvana gedərkən təxminən 150-200 metr məsafə qət etdikdən sonra ərinin qardaşı Raminin arvadı Əsmər sonuncunun oğlu Həsən və qızı Xəyalənin yol kənarı ilə onlara tərəf gəldiklərini görmüş, Mehman avtomobili sonuncuların yanında saxladıqdan sonra qoumlarının onlara qonaq getdiklərini bildikdən sonra anasının yaşadığı ünvana özünün tək gedəcəyini, anasına baş çəkdikdən sonra geri dönəcəyini bildirərək onlara avtomaşından düşmələrini demişdir. Əri Mehman avtombilini idarə edərək oradan getmiş, onlar da özlərinin də yaşadıqları Ağdaş rayon Yuxarı Nemətabad kəndində kəndin giriş hissəsində yolun sağ tərəfində yerləşən evlərinə tərəf getməyə başlamışlar. Ailə üzvləri və ərinin qardaşı Ramilin ailə üzvləri ilə birlikdə evə doğru geri dönərkən bu zaman kənd istiqamətindən yüksək sürətlə hərəkətdə olan VAZ 2106 markalı avtomobil onların üzərinə tərəf gəldiyini görmüş, uşaqları qorumaq məqsədi ilə kənara çəkmək istəsə də, həmin vaxt VAZ 2106 markalı avtomobil oğlu Yusifi vurmuşdur. Avtomobil Yusifi vurduqdan sonra hadisə yerində dayanmayaraq oradan uzaqlaşmış, əvvəl avtomobil yoluna oradan isə Ağdaş rayon istiqamətinə doğru hərəkət etmişdir. Həmin vaxt orada olan həmkəndlisi Məhəmməd və sonuncunun yanında olan iki nəfər şəxs oğlu Yusifi avtomobilə qoyaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparmış, sonra oğlu Yusifi TTTY avtomobili ilə Mingəçevir ŞMX-na aparsalar da orada Yusifin artıq vəfat etdiyini bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 09.10.2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi Loqan markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobillə işlədiyi Ağdaş rayonu Nemətabat kəndindən yaşadığı Ağdaş rayonu Qobuüstü kəndindəki evə gedərkən yolda onun istifadəsində olan mobil telefonuna zəng gəldiyi üçün avtomaşını kəndin giriş hissəsində yolun kənarında telefona cavab vermək üçün dayandırmış, telefona cavab verərkən bayırdan yüksək səs eşitmişdir. Həmin vaxt idarə etdiyi avtomaşının yanından yəni, kəndin çıxışından asflat yola oradan isə Ağdaş rayonu istiqamətinə doğru yüksək sürətlə hərəkətdə olan ağ rəngli VAZ 2106 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşının yüksək sürətlə keçdiyini görmüşdür. Avtomaşının salonundan yerə düşdükdən sonra həmin VAZ 2106 markalı avtomaşın kəndin giriş hisəsində onun idarə etdiyi, yəni yol kənarında avtomaşını saxladığı yerdən təxminən 70-80 metr uzaqlıqda azyaşlı uşağı avtomaşınla vurduğunu bilmişdir. Bu zaman orada olan şəxslər avtomaşınla vurulan azyaşlı uşağı onun idarə etdiyi avtomaşına doğru gətirdikdən sonra xəsarət almış uşağı idarə etdiyi avtomaşının salonuna qoyduqdan sonra avtomaşını Ağdaş rayon mərkəzi xəstəxanasına sürmüşdür. Həmin vaxt orada yol kənarında dayanacaqda olan iki nəfər kənd sakinləri Turan və Orxan adlı oğlanlar onun idarə etdiyi avtomaşının salonunda qabaq oturacaqda əyləşmiş və birlikdə uşağı xəstəxanaya çatdırmağa çalışmışlar. Sonradan azyaşlı uşağın xəstəxanada öldüyünü bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 09.10.2021-ci il tarixdə saat 19 radələrində dostu və həmkəndlisi Turan ilə birlikdə yaşadıqları Ağdaş rayonu Yuxarı Nemətabad kəndindən Yevlax rayonu Xaldan qəsəbəsinə getmək məqsədilə Ağdaş rayon ərazisindən keçən Şamaxı Yevlax yolunun Nemətabad kənd ərazisində yol kənarında dayanacaqda dayandıqları vaxt kənd sakini molla Məhəmməd idarə etdiyi Fiat markalı avtomaşınla kənd istiqamətində dayanmış, bu zaman səs- küy olduğunu eşitmişlər. Həmin vaxt ağ rəngli VAZ 2106 markalı avtomaşın kənd ərazisindən yüksək sürətlə çıxaraq getmiş, hadisə olan yerə tərəf qaçdıqda asfaltın üzərində həmkəndliləri Mehmanın azyaşlı oğlunu görmüşlər. Həmin vaxt Mehmanın arvadı və iki azyaşlı uşağı da orada olmuş, dərhal uşağı qucağına götürüb bir qədər kənarda dayanmış molla Məhəmməd kişinin idarə etdiyi avtomaşına qoymuşlar. Sonra birlikdə azyaşlı Yusifi Ağdaş rayon mərkəzi xəstəxanasına aparmışlar. Az sonra xəsarət almış azyaşlının xəstəxanada vəfat etdiyini bilmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizanın 09.10.2021-ci il tarixli 29 saylı rəyində göstərilmişdir ki, X5 meyitində aşkar olunan xəsarətlər -ağır qapalı kəllə beyin travması, beynin sərt qişası altına beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə alın təpə nahiyəsində, sol gicgah nahiyəsində qansızmalar, alın təpə nahiyəsinin yarası, sol qaşın bayır ucu nahiyəsinin, sol bud çanaq oynağının bayır səthinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri 09.10.2021-ci il tarixə uyğundurlar, canlı şəxslərdə həyat üçün təhlülkəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X5 ölümünə səbəb ağir qapalı kəllə-beyin travması, beyin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur. X5 meyitində aşakar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni hərəkətdə olan avtomobillə piyadanın toqquşması zamanı əmələ gələ bilərlər. X5 ölümü meyitin müayinəsindən ən azı 1, ən çoxu 3 saat əvvəl baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 19.10.2021-ci il tarixli 3363/K saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı - 0,53 %0-dir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizanın 09.12.2021-ci il tarixli 8/3102 nömrəli rəyində göstərilmişdir ki, «VAZ 21061» markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiаtrik ekspertizanın 21.01.2022-ci il tarixli 44 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs AE №235648 seriyalı BC dərəcəli sürücülük vəsiqəsi vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin müayinə olunmasına dair 09.10.2021ci il tarixli 441 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yüngül dərəcəli sərxoş vəziyyətdə idarə edib. İş materiallarında olan “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X10 02.11.2021-ci il tarixli, 1578 №-li məktubunda göstərilmişdir ki, Ağdaş şəhəri Qaradağlı küçəsində yaşayan Təqsirləndirilən şəxs “Ağdaş RMX” X13 narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 29.10.2021-ci il tarixli 369 nömrəli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Ağdaş şəhəri Qaradağlı küçəsində yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində 13.10.2020-ci ildə doğulmuş Uğur Allahverdiyev adlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2021-ci il tarixdə saat 2210-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Ağdaş rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsini məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-in 263-1.3 və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmənin belə qənaətə gəlməsinə məhkəmə-tibb ekspertizasının, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri, şahid ifadləri və işdə olan digər sənədlər əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin başlanğıcı şübhəli şəxs kimi həbsə alındığı 09 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. CM-in 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 100 AZN (yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 3 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əlavə və əsas cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 09 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 AZN (yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Ağdaş rayon Polis Şöbəsində saxlanlan bir ədəd avtomaşının sol yan güzgüsü və bir ədəd avtomaşının matorxanasının örtük “kapot” hissəsinin qara rəngli setkası məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar