Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-88/2024 24.04.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1982-ci ildə Ağdaş rayonu Qaradeyin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd göy rəngli torbada təmiz çəkisi 1055 qram külli miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı istintaqla məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 19 avqust 2023-cü il tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Axundov küçəsində Yevlax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis şöbəsinə gətirilib Təqsirləndirilən şəxs üzərində həmin gün saat 10:55 dəqiqədən 11:25 dəqiqəyədək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində onun əlindəki göy rəngli torbada qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı təmiz çəkisi 1055 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, verilən ittihamla razı deyildir. O, təhqir və şantaj olunmuşdur. İttiham aktında onun yolda saxlanılmağı göstərilsə də, onu saat doqquzun yarısı yaşadığı evdən gəlib aparmışlar. Onu uşağı ilə şantaj etmişlər. Ona demişlər ki, 1 kq 100 qram nəişənin və ya narkotikin ona məxsus olmasını deməsə, uşağını da gətirəcəklər. Uşağı universitetə daxil olan ərəfələr olmuş və o, onu da gətirə biləcəklərini bilmişdir. İbtidai istintaqda Fərhad müəllimin iştirakı ilə çəkilişdə uşağı üçün narahat olduğundan, polislərin dediyi kimi ifadə vermişdir. O, narkotik nə əkmiş, nə daşımış, nə də ki, satanı olmuşdur. O, prokurorluğa 48 saatdan sonra ərizə vermişdir. Məhkəmə kollegiyasından iş üzrə təqsirinin olmamasını nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər narkotik vasitə istifadə etmişdir, lakin daşıyanı və satanı olmamışdır. O, “kakos” adlanan narkotik vasitə istifadə etmişdir. Tutulanda 02 il idi ki, heroin istifadə edirmiş. Valideyni polisə şikayət etmişdir ki, CM-in 234.1-ci maddəsi ilə onu tutsunlar və 01 il və ya 01 il yarım onu tutsunlar ki, bu işdən uzaqlaşsın. Onu anası şikayət etmişdir. Müdafiəçi olsa da, o, qorxduğundan heç nə deyə bilməmişdir. Onu uşağı ilə hədələmişlər. O, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmiş, lakin CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməmişdir. Narkotik vasitə istifadə etdiyi üçün özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Narkotiki cibinə polis qoymuşdur. O, qorxduğu üçün narkotik vasitəni üzərinə polis qoyduğunu deyə bilməmişdir. Uşağı üçün qorxmuşdur. Uşağı üçün qorxduğundan müdafiəçisi Fərhad müəllimə heç nə deməmişdir. O, prokuroluğa izahatını vermiş və uşağı da artıq universitetə qəbul olmuşdur. Buna görə də, qorxmadan həqiqəti deyə bilmişdir. Onu yatdığı otaqda polislər gəlib götürmüşlər. Polis şöbəsində hər şeyi biləcəyini ona demişdirlər. Onu küçədə saxlamamışlar. Onu təxminən səhər saat doqquzun yarısı, bəlkə də doqquza qalmış evdən götürmüşlər. Ona fiziki təzyiq göstərilməmişdir. Lakin təsirlər olmuş və şantaj olunmuşdur. Demişlər ki, ya nəşəni, yada ki, külli miqdarda narkotiki üzərinə götürməlidir. Prokurorluqda polis əməkdaşlarının onu şantaj etdiklərini bildirmişdir. Polis əməkdaşları ona təzyiq göstərməmişlər, lakin hədə-qorxu gəlmişlər. İbtidai istintaq zamanı ona hədə-qorxu gəldiklərindən müdafiəçisinə heç nə deməmişdir. Onu küçədə saxlamamışlar. Polis əməkdaşları gəlib onu evdən götürmüş, həmin vaxt anası da buna şahid olmuşdur. Bu barədə prokurorluğa da şikayət etmişdir. Aşkar olunan narkotik vasitə ona aid olmamışdır. Ona övladı ilə hədə-qorxu gəlmişlər və onu təhqir etmişlər. Cinayət- Axtarış Bölməsinin rəisi Teymur müəllim onu şantaj etmişdir. Bu barədə prokurorluğa şikayət etmiş və izahat yazmışdır. Polis əməkdaşları onu döyməmişlər. Xəsarəti olmamışdır. Onu sadəcə təhqir etmişlər və hədə qorxu gəlmişlər. Teymur müəllimlə bağlı prokurorluğa şikayət ərizəsi yazmışdır. Polis əməkdaşları ilə heç bir ədavəti yoxdur. Ona görə də, onu günahsız olduğu halda narkotik vasitəni üzərinə qoymuşlar. Onu evdən polis şöbəsinə şikayət etmişlər. Ona görə də, onu saxlamışlar. Prokurorluğa şikayət ərizəsi yazmışdır. Bununla bağlı onu xəstəxanaya göndərmişlər və onu dindirmişlər. Yazdığı ərizə ilə bağlı prokurorluğun hansı qərara gəldiyi barədə məlumatı yoxdur. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir. 2023-cü il avqustun 19-da səhər saatlarında Yevlax şəhərində yerləşən «Dəvəçi» qəbristanlığına getmiş, oradan qayıdan zaman qəbiristanlığın yaxınlığında yolun kənarında bir ədəd göy rəngli sellofan torba olduğunu görmuş, həmin torbanı götürüb içərisinə baxan zaman torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin torbadakı marixuananı özü istifadə etmək üçün götürüb yaşadığı evə gedərkən həmin gün saat təxminən 10 radələrində Yevlax şəhəri Axındov küçəsində Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Müdafiəçi2 özünə vəkil seçmişdir. Bundan sonra təhqiqatçı Müdafiəçi2 Yevlax rayon polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, əlindəki içərisində narkotik vasitə olan bir ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. O, sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını və yerdən tapdığını demişdir. Polis əməkdaşları sellofan torbanın içərisindəki kütləyə baxaraq narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyini demişlər. Həmin bükülüdə olan marixuananı sellofan torba ilə birlikdə elektiron tərəzidə çəkmiş, çəkisi 1100 qram olmuş, həmin qurudulmuş marixuananı sellofan torba ilə birlikdə qablaşdıraraq möhürləmiş və tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəyi bildirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 19 avqust 2023cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Məhərrəmin şəxsiyyəti barədə məlumatları yoxlamış, sonuncunun xx.xx.1982-ci il tarixdə Yevlax şəhərində doğulduğunu, Yevlax şəhəri M.P.Vaqif küçəsi 64-də qeydiyyatda olmaqla yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün rəhbərliyinə məruzə etmiş, rəhbərlik tərəfindən Məhərrəmin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmiş, bundan sonra o, Məhərrəmin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmiş və əməliyyat-axtarış qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində o, polis əməkdaşı Hikmətlə birlikdə Yevlax şəhəri Axundov küçəsində Məhərrəmin yolun kənarı ilə getdiyini gördükdən sonra ona yaxınlaşmışlar. O, Məhərrəmə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmiş və Məhərrəm heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşı Hikmətlə birlikdə Məhərrəmi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Bundan sonra Məhərrəm şübhəli şəxs qismində tutulmuşdur. Məhərrəm Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmiş və Müdafiəçi2 Yevlax rayon polis şöbəsinə dəvət edilmişdir. Bundan sonra onların iştirakı ilə Məhərrəmin üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Məhərrəm əlində olan 1 ədəd sellofan torbanı təqdim edərək sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuananı xx.xx.2023-cü il tarixdə səhər saatlarında Yevlax şəhərində yerləşən «Dəvəçi» qəbirsanlığının yaxınlığından tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Sellofan torba açıldıqda onun içərisində qurudulmuş marixuanaya bənzər kütlənin olduğu görmüşdürlər. Həmin kütləni sellofan torba ilə birlikdə elektiron tərəzidə çəkilmiş, çəkisi 1100 qram olmuşdur. Həmin kütləni sellofan torba ilə birlikdə qablaşdırmış və üzərində qeydiyyat aparmışdır. Qablaşdırılmış maddənin qurudulmuş marixuana olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağı bildirilmiş və bundan sonra Məhərrəm üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Məhərrəmin üzərindən aşkar edilmiş marixuananı tapdığını, Məhərrəmin narkotik vasitənin satışı ilə məşğul olması barədə ona məlumatın daxil olmadığını, Məhərrəmin hər hansı bir şəxsə narkotik satması barədə onun məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 19 avqust 2023-cu il tarixli “raport” –dan görünür ki, 19 avqust 2023-cü il tarixdə, saat 10:00 radələrində narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanması ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs Yevlax şəhəri, Axundov küçəsində saxlanılaraq, Yevlax RPŞ-yə gətirilmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdə saat 10:30 dəqiqədə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər.21-22). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 19 avqust 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, 19 avqust 2023-cü il tarixdə saat 10:55 dəqiqədən saat 11:25 dəqiqəyədək olan müddət ərzində Yevlax rayon polis şöbəsinin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, həmin istintaq hərəkətində Yevlax rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 Rəfael oğlu, CAB-nin əməliyyat müvəkkili Şahid1 və Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirak etmişdir. Həmin şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan torbada, 1 kiloqram 100 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanya bənzər kütlə aşkar edilmişdir. Həmin qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılaraq möhürlənib götürülmüşdür (cild 01, iş vər. 29-34). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 Bölməsinin 19 avqust 2023-cü il tarixli 17/628 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofana torbada təmiz çəkisi- 1055,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Təhqiqata səfr edildi 0,20 qr., qalıq 1054,80 qram (cild 01, iş vər. 43-45). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, “təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 73 -74). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN–nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-cı il tarixdə ACDİÜ Azərbaycan Respublikası məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5, 234.1-ci maddələri ilə təqsirli bilinərək 08 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir (cild 01, iş vər. 81). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 02 oktyabr 2023-cü il tarixli 1645 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifdə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 90). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar qismən düzgündür. Onun üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuananı haradan və kimdən almasını müəyyən etmək mümkün olmamışdır. O, qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olmuşdur. O, qurudulmuş marixuananı özünün şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Həmçinin, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə satmadığı və ya üzərindən aşkar edilmiş qurudulmuş marixuananı onun satmaq məqsədinin olmadığı, yaşadığı ünvanda və ya başqa bir yerdə qanunsuz olaraq narkotik vasitə saxlamadığı müəyyən edilmişdir (cild 01, iş vər. 93). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X17 təqdim etdiyi 06 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mərkəzi Xəstəxanasının psixonevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 01, iş vər.94). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Yevlax İcra hakimiyyətinin Başçısının Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 07 noyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və yaxud şifahi müraciət daxil olmamışdır (01 cild, iş vər.99). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Yevlax İcra hakimiyyətinin Başçısının Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 07 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası-X6, anası- X12, arvadı X10, qızı-X3 və oğlu-X2 olmaqla Yevlax şəhəri M.P.Vaqif küçəsi 64 saylı evdə yaşayır (cild 01, iş vər. 100). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 10 sentrabr 2023-cü ilı tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Yevlax RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Temur Baxşəliyevin və əməliyyat müvəkkili, polis kiçik-leytenantı Hikmət Yusibovun xx.xx.2023-cü il tarixdə onun yaşadığı ünvana gələrək zorla onu Yevlax RPŞ-yə apardıqlarını və orada 01 ədəd paketin içərisində olan narnarkotik vasitənin ona məxsus olduğunu bildirməsi üçün polis əməkdaşlarının ona psixi təsir göstərmələri müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütünlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – həmin əməlləri törətmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahılarının 1-ci Siyahısının 109.1-ci bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Kollegiya qeyd edir ki, şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri külli miqdarda törədilməsi həmin əməllərə görə şəxsin CM-in 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotiq vasitə əldə edib saxlamışdır. Məhkəmə kollegiyasının qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd göy rəngli torbada təmiz çəkisi 1055 qram külli miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı istintaqla məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 19 avqust 2023-cü il tarixdə saat 10:00 radələrində Yevlax şəhəri Axundov küçəsində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis şöbəsinə gətirilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Orada onun üzərinə şəxsi axtarış keçirilən zaman onun əlindəki göy rəngli torbada qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı təmiz çəkisi 1055,0 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək təhqir və şantaj olunduğunu, yaşadığı evdən saat doqquzun yarısında aparıldığını, onun küçədə saxlanılmadığını, onu uşağı ilə şantaj ediklərini, 1 kq 100 qram nəişənin və ya narkotikin ona məxsus olmasını demədiyi təqdirdə uşağını da gətirəcəklərini, övladının universitetə daxil olan ərəfələr olduğunu və o, onu da gətirə biləcəklərini bildiyindən ibtidai istintaqda Fərhad müəllimin iştirakı ilə çəkilişdə uşağı üçün narahat olduğundan, polislərin dediyi kimi ifadə verdiyini bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs verdiyi bu ifadəsi ilə razılaşmayaraq, belə hesab edir ki, o, belə məzmunda ifadə verməklə həqiqəti gizlətmiş, bununla da cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi təsirin göstərillib-göstərilməməsi ilə bağlı prokurorluq orqanında araşdırma aparılmış, həmin araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası keçirilmiş və xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-əlamətləri izləri aşkar edilməmişdir. Dindirilmiş şəxslərin izahatları ilə yanaşı, həmçinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyinə əsasən polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı evinə gələrək onu zorla Yevlax RPŞ-yə gətirmələri və orada 01 ədəd paketin içərisində olan narkotik vasitənin ona məxsus olduğunu bildirməsi üçün polis əməkdaşlarının ona pisixi təsir göstərmələri faktı təsdiq edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonrakı dövrdə polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı məhkəməyə yeni sübut təqdim etmədiyindən, məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında isə Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarətin olması, habelə onun psixi təsirə qalması barədə səlahiyyətli dövlət orqanlarında qeydiyyat aparılmadığından məhkəmə belə nəticəyə gəlir ki, onun bu hissədə iddia etdiyi hallar həqiqəti əks etdirmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi təsirə, işgəncəyə məruz qalması barədə ifadəsindəki göstərdiyi hallar həqiqətə uyğun deyil. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən müdafiəçisi Müdafiəçi2 dəfələrlə onda aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzət kütlənin ona məxsus olub-olmamasını təkidlə soruşması müqabilində Təqsirləndirilən şəxs müdafiəçisinin belə israrla verdiyi suallara eyni məzmunda, yəni narkotik vasitənin ona məxsus olmasını, heç bir təyziq və təsirə məruz qalmaması şəklində cavablandırması video çəkilişdə öz əksini tapmışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaqda, həm də məhkəmə tədqiqatı zamanı müdafiəçisi Müdafiəçi2 olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs öz müdafiəçisinə inanır və ona etimadı vardır. Lakin bu etimada baxmayaraq Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı onun polis əməkdaşları tərəfindən psixi təsirə məruz qalması barədə mübafəçisi Müdafiəçi2 məlumat verməməsinin heç bir məntiqi əsası yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadədən fərqli məzmunda ifadə verməklə məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün başqa hal-hallar müəyyən edilməmişdir. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və qadağan edilmiş sair vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək sübutlar əldə edilib cinayət işinə əlavə edilməmişdir. Əksinə əməliyyat tapşırığı ilə bağlı 01 noyabr 2023-cü il tarixli Yevlax Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən verilmiş raportundan görünür ki, narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs məxsusdur. O, psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərində aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı satmaq niyəti olmamış və həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə saxlamışdır.Onun həmin narkotik vasitə olan qurudulmuş marixuananı nə vaxt, harada və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən edilməmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz şəkildə əldə edib saxlamış və şəxsi axtarış keçirilərkən onun əlindəki göy rəngli torbada təmiz çəkisi 1055 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən məhkəmə hesab edir ki, onun əlindəki göy rəngli torbada külli miqdarda əldə edib saxladığı təmiz çəkisi 1055 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı məhz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyasının aşağı həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Sözügedən Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə Təqsirləndirilən şəxs 02 gün müddətinə tutulduğu vaxt cəzasına hesablanmaqla çıxılmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmənin başlanğıcı həbsə alındığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan konnabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Yevlax Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1054,80 qram narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Repsublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə qədər tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs saxlanması üçün Azərbycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1054,80 qram narkotik vasitə olan qurudulmuş marixuananı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd CD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-88/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-88/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver