Məhkəmə qərarları › İş №1(091)-89/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-89/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-89/2022 12.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1980-ci ildə Ağdaş rayonu Qəribli kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Ağdaş rayonu Qəribli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 11063,02 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, əldə etdiyi narkotik vasitənin 58,02 qram çəkidə hissəsini üzərində, qalan 11005 qram çəkidə hissəsini isə daşıyaraq Ağdaş rayonu, Qəribli kəndində Aşağı Nemətabad bələdiyyəsinə məxsus torpaq sahəsində “Mürsəl Qəribli” arxının içərisində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan X9 şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdə saat 2105-də Ağdaş rayonu, Qəribli kəndində qəbiristanlığın yanındakı istifadəsində olan torpaq sahəsinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq həmin gün saat 2115-dən etibarən istifadəsində olan torpaq sahəsinə özünün icazəsi və iştirakı ilə baxış keçirilən zaman həmin torpaq sahəsinin kənarındakı Ağdaş rayonu, Qəribli kəndində Aşağı Nemətabad bələdiyyəsinə məxsus torpaq sahəsində “Mürsəl Qəribli” arxının içərisində sıx ağacların və kolların əhatəsində gizlətdiyi 02 ədəd sellofan torbada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 2000 qram və 2005 qram olmaqla ümumi çəkisi 4005 qram və 01 ədəd sintetik kisədə külli miqdarda təmiz çəkisi 7000 qram olmaqla ümumilikdə külli miqdarda 11005 qram çəkidə öz aralarında tərkiblərinə görə eynilik təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 14 oktyabr 2021-ci il tarixdə saat 0030dan etibarən Təqsirləndirilən şəxs üzərinə Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan X9 şöbəsində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman onun əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibindən 07 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 8,71 qram, 8,04 qram, 8,50 qram, 6,72 qram, 8,86 qram, 8,46 qram və 8,73 qram olmaqla ümumi təmiz çəkisi 58,02 qram Ağdaş rayonu, Qəribli kəndində Aşağı Nemətabad bələdiyyəsinə məxsus torpaq sahəsində “Mürsəl Qəribli” arxının içərisindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə yaşadığı evin qapısının qarşısında tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq qəbirstanlığa adam gətirdiyini bildirdiyinə görə həmin şəxsi yaşadığı evin həyətinə buraxmış, həyətdə olarkən həmin şəxs onun əlini sıxaraq buraxmamışdır. Həyətdə polis əməkdaşları üzərinə baxış keçirmiş, baxış zamanı üzərindən yeddi manat pul və içərisində narkotik vasitə marixuana olan bir ədəd siqaret aşkar edilmişdir. Polis əməkdaşları ona üzərində külli miqdarda narkotik vasitə olduğunu və həmin narkotik vasitənin yerini deməsini ondan tələb etmişlər. Polislərə ancaq yabanı halda bitən kolların olduğunu, həmin kolları qırıb atdığını və polislərin tələbi ilə həmin yeri göstərmişdir. Polis əməkdaşları torba götürərək həmin narkotik kollarını torbaya yığdıqdan sonra onu Gəncə şəhərinə aparmışlar. Orada polis əməkdaşları ona təzyiq edərək kibrit qutularını cibinə qoyaraq videoçəkilişlə həmin kibrit qutularını boynuna almasını tələb etmişlər. Polis əməkdaşları kibrit qutularını boynuna aldıqda işinin yüngülləşəcəyini bildirmiş, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayının sonlarında yaşadığı kənddə istifadəsində olan torpaq sahəsində mal otaran zaman torpaq sahəsinin kənarında bir ədəd qara rəngli, bir ədəd ağ-qırmızı rəngli sellofan torba və bir ədəd ağ rəngli sintetik kisə olduğunu görmüş, həmin sellofan torbalara və kisənin içərisinə baxan zaman içərisində narkotik vasitə marixuana aşkar etmişdir. Marixuanadan istifadə etdiyi üçün həmin sellofanları və kisəni gətirib istifadəsində olan torpaq sahəsinin kənarındakı arxın içərisinə gizlətmişdir. Tutulmamışdan bir gün əvvəl narkotik vasitə nəşə çəkmək üçün içərisini doldurmaq məqsədilə 07 ədəd kibrit qutusu götürmüş, istifadəsində olan torpaq sahəsinin kənarına gedib oradan arxa düşüb sellofanın içərisindən narkotik vasitə nəşənin bir hissəsini götürüb həmin 07 ədəd kibrit qutusuna doldurduqdan sonra kibrit qutularını isə əynində olan gödəkçənin cibinə qoymuşdur. Daha sonra isə digər narkotik vasitələrin üzərini örtüb oradan uzaqlaşmışdır. 13 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı kənddə istifadəsində olan torpaq sahəsinin qarşısına gələrkən bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq torpaq sahəsində narkotik vasitə marixuana saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək torpaq sahəsinə baxış keçiriləcəyini bildirmişlər. Həmin şəxslərə etiraz etməyib bu barədə ərizə ilə müraciət etdikdən sonra torpaq sahəsinə videoçəklişlə baxış keçirilən zaman torpaq sahəsinin kənarındakı arxı göstərib həmin yerdə narkotik vasitə olan marixuananı gizlətdiyini bildirmişdir. Həmin yerə baxış keçirilən zaman oradan içərisində marixuana olan bir ədəd qara rəngli, bir ədəd ağ-qırmızı rəngli və bir ədəd isə ağ rəngli sintetik kisə aşkar edilmişdir. Polis əməkdaşları ilə birlikdə Gəncə şəhərinə getmiş, orada şübhəli şəxs kimi videoçəkilişlə üzərinə şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol yan cibindən 07 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş və içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin kibrit qutularına baxış keçirmiş, qutuların hər birinin içərisindən narkotik vasitə marixuana aşkar edilmişdir. Həmin narkotik vasitə qablaşdırılaraq üzəri imzalanmış və götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 şöbəsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə Ağdaş rayonu Qəribli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsdədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, daşıyaraq yaşadığı ünvanda saxlaması barədə daxil olmuş məlumat əsasında baş əməliyyat müvəkkili polis kapitanı Şahid2, sürücü polis nəfəri, polis baş serjantı Şahid3 və operator polis nəfəri, polis baş serjantı X2 ibarət yaradılmış əməliyyat qrupu ilə birlikdə saat 2115-də Təqsirləndirilən şəxs Ağdaş rayonu Qəribli kəndində istifadəsində olan torpaq sahəsinin yaxınlığında saxlanılmış, sonuncunun etirazı olmamasına dair ərizə alındıqdan sonra həmin torpaq sahəsinə baxış keçirilən zaman oradan bir ədəd qara rəngli, bir ədəd ağ-qırmızı rəngli və bir ədəd isə ağ rəngli sintetik kisə aşkar edilmişdir. Həmin sellofanlara və kisənin içərisinə baxış keçirilən zaman həmin sellofanlardan və kisədən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin narkotik vasitəni torpaq sahəsinin kənarından mal otaran zaman tapdığını bildirmişdir. Bundan sonra baxış qurtarmış, Təqsirləndirilən şəxs Gəncə şəhərində X9 Şöbəyə aparmışlar. Orada şübhəli şəxs kimi tutulduqdan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin sol yan cibindən 07 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş və içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutularına baxış keçirilən zaman oradan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ciblərində olan bir ədəd Samsung markalı mobil telefonu və 2 manat pulu masanın üzərinə qoymuşdur. Mobil telefonu götürülmüş, 2 manat pul isə Seymur Cabbazadəyə qaytarılmışdır. Bundan sonra həmin narkotik vasitə qurudulmuş marixuanalara bənzər maddələr qablaşdırılaraq üzəri imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilən narkotik vasitəni arxda saxladığı marixuananın üzərindən götürdüyünü bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işləyən Şahid2, sürücü polis nəfəri, Şahid3 və operator polis nəfəri X4 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli, 16/1090 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus torpaq sahəsinin kənarındakı arxın içərisindən aşkar olunmuş iki ədəd sellofan torbalarda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr” sözləri və imzalar olan sintetik kisədəki, 1 (bir) ədəd qara rəngli və 1 (bir) ədəd qarışıq rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2000 qram, 2005 qram ümumi təmiz çəkisi 4005 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus torpaq sahəsinin yanındakı su arxının içərisində aşkar olunmuş bir ədəd polietilen kisədə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr” sözləri və imzalar olan sintetik kisədəki, təmiz çəkisi 7000 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş iki ədəd sintetik kisələrdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli, 16/1092 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən aşkar olunmuş 7 (yeddi) ədəd kibrit qutusunda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr...” sözlər və imzalar olan kağız paketdəki, 7 (yeddi) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 8,71 qram, 8,04 qram, 8,50 qram, 6,72 qram, 8,86 qram, 8,46 qram və 8,73 qram ümumi təmiz çəkisi 58,02 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kağız paketdəki marixuanalar həm öz aralarında, həmdə tədqiqata təqdim olunmuş 2 (iki) ədəd sintetik kisələrdəki marixuanalar ilə tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 13 dekabr 2021-ci il tarixli 5069 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması barədə və mənzilə baxış və götürmə aparılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBŞ-nin əməkdaşları tərəfindən 13 oktyabr 2021-ci il tarixdə saat 21:15-də Ağdaş rayonu, Qəribli kəndində istifadəsində olan torpaq sahəsinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq həmin torpaq sahəsinin kənarındakı arxa baxış keçirilən zaman həmin arxdan 02 ədəd sellofan torbada və 01 ədəd sintetik kisədə narkotik vasitə qurudulmuş marixuana bənzər maddə aşkar edilərək götürülmüşdür. Keçirilmiş tədbirlərin davamı olaraq 14 oktyabr 2021-ci il tarixdə saat 00:30-dan etibarən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin sol yan cibindən 07 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qəribli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 29 noyabr 2021-ci il tarixli 150 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Qəribli kəndində qeydiyyatda olmaqla yaşamış, himayəsində 2012-ci ildə doğulmuş Səidə Cabbarova adlı bir azyaşlı uşağı vardır, Yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” X10 alınmış 27 noyabr 2021-ci il tarixli 1244 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adı çəkilən xəstəxanada müalicə olunmamış və qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 14 oktyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0020-də şübhəli şəxs qismində tutulmuş, faktiki olaraq hüquqları 13 oktyabr 2021-ci il tarixdən saat 2105-də məhdudlaşdırıldığına görə həmin tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 13 oktyabr 2021-ci il saat 2105-dən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni satış məqsədi olmadan saxlamasına, cibindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmamasına, polis əməkdaşlarının ona təsir-təzyiq göstərməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs yabanı halda bitmiş yabanı çətənə kollarını qırıb atdığını göstərsə də məhkəmə bioloji ekspertizasının rəyi ilə həmin narkotik vasitələrin kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana olduğu müəyyən edilmiş, onun üzərindən aşkar olunmuş marixuana ilə 2 (iki) ədəd sintetik kisələrdəki marixuanaların tərkiblərinə görə eyni olduğu müəyyən edilmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini işin hallarına uyğun gəldiyinə görə daha obyektiv və səmimi ifadələr kimi qəbul edir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdiriləməməli, cəzasının əvvəli faktiki olaraq hüquqlarının məhdudlaşdırıldığı 13 oktyabr 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93-1.1 ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 64,80 AZN (altmış dörd manat səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı faktiki olaraq hüquqlarının məhdudlaşdırıldığı 13 oktyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 64,80 AZN (altmış dörd manat səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutların saxlanma kamerasında saxlanılan 57,88 qram, 4004,76 qram və 6999,88 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar