Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-89/2023 21.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1980-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 46,233 qram külli miqdarda psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək üzərində və yaşadığı evdə saxlamış, 14 oktyabr 2022-ci il tarixdə saat 16:10 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri B.İmanov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 16:50-dən 17:15dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarının sol arxa cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan qəsdən satış məqsədi ilə qanunsuz olaraq saxladığı 0,299 qram miqdarında psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, 14 oktyabr 2022-ci il tarixdə saat 17:30-dan 17:50-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı evin yataq otağında olan divarına yerləşdirilmiş 01 ədəd dəmir seyfin içərisindən Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı 45,934 qram külli miqdarda psixotrop maddə olan metamfetamin və 01 ədəd üzərində psixotrop maddə - metamfetamin hissəcikləri olan işlək vəziyyətdə elektron tərəzi aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə qismən (CM-in 234.1-1-ci maddəsi ilə) təqsirli bilərək göstərmişdir ki, cinayət işinin materiallarında üzərindən və evindən aşkar olunan psixotrop maddə metamfetamin ilə bağlı göstərilənlər həqiqəti əks etdirir. Həqiqətən də, onun üzərindən və evindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Həmin metamfetamini Bakı şəhərindən almışdır. Özü istifadəçidir və üzərində, həmçinin evində aşkar olunan metamfetamin kütləsi məhz şəxsi istifadə üçün əldə olunub saxlanılmıışdır. Lakin o, iş materialarında göstərilən tarixdə və saatda deyil, 09 oktyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, lakin nədənsə onun saxlanılma tarixi kimi 14 oktyabr 2022-ci il tarix göstərilmişdir. Eyni zamanda, saxlanıldıqdan sonra polis şöbəsinə gətirilmiş və orada təzyiqə məruz qalmış, döyülmüşdür. Döyülməsinin səbəbi isə o olmuşdur ki, polis əməkdaşları onda çoxlu miqdarda narkotik vasitə olmasını düşünmüşlər. Lakin o bildirmişdir ki, onda yalnız üzərində olan və evində seyfdə saxladığı miqdarda psixotrop maddə vardır. Əməlindən peşmandır və məhkəmədən uşaqlarının olmasını, peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin etməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, döyülməsi barədə heç kimə, o cümlədən ibtidai araşdırmanı həyata keçirən prokurora məlumat verməmiş, üzərinə və evinə baxış zamanı müdafiəçisi yanında olmuş, lakin ona da döyülməsi barədə heç bir söz deməmişdir. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən məhkəməyə də polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə bir söz deməmişdir. Habelə, istintaq təcridxanasına gətirildikdən sonra orada müayinə olunmuş və üzərində hər hansı xəsarət aşkar olunmamış, orada da döyülməsi barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, 14 oktyabr 2022-ci il tarixdə saat 16:10-da Yevlax şəhər B.İmanov küçəsində piyada hərəkətdə olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Yevlax rayon polis şöbəsinə gəlmişdir. Yevlax RPŞ-də onun seçimi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 RPŞ-nə dəvət edilmişdir. Vəkili Zaur Bərxudarovun iştirakı ilə və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən, yəni əynindəki göy rəngli şalvarın sol arxa cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində olan pxisotrop maddə - metamfetamin aşkar edilmiş və həmin pxisotrop maddə - metamfetamin bükülü olduğu kağızla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,36 qram miqdarında olması müəyyən olunmuşdur. Həmçinin şəxsi axtarış və götürmə zamanı ona məxsus olan və istifadə etdiyi “Redmi” markalı mobil telefon da götürülmüşdür. Bundan sonra polis əməkdaşı tərəfindən ondan başqa bir yerdə narkotik vasitə və psixotrop maddə saxlayıb-saxlamadığı soruşulduqda o, yaşadığı ünvan 1 ünvanında psixotrop maddə olan metamfetamin saxlamış olduğunu etiraf etmişdir. O, yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən onun yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman o, yataq otağında olan dəmir qabın(seyfin) içərisində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan torbanın içərisindəki psixotrop maddə - metamfetamini və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin pxisotrop maddə - metamfetamin içərisində olduğu sellofan torbayla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 47,62 qram miqdarında olması müəyyən olunmuşdur. Bundan sonra yaşadığı evdə keçirilən baxış və götürmə başa çatmışdır. O, törətdiyi əməlin cinayət olduğunu bilmiş və hazırda buna görə peşmandır. 14 oktyabr 2022-ci il tarixdə onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə - metamfetamin və yaşadığı ünvan 2 ünvanında yerləşən evdən aşkar edilərək götürülmüş psixotrop maddə - metamfetamin və 01 ədəd elektron tərəzi ona məxsusdur. O, 14 oktyabr 2022-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə - metamfetamini və yaşadığı ünvan 2 ünvanında yerləşən evdən aşkar edilərək götürülmüş psixotrop maddə - metamfetamini təxminən 1 həftə bundan əvvəl “İnstaqram” sosial şəbəkəsində tanış olduğu adını Mahir kimi bildiyi İran İslam Respublikasının vətəndaşı ilə mobil telefonunun “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə əlaqə saxlayaraq həmin şəxsin ona demiş olduğu, lakin hazırda xatırlamadığı kart hesabına 2350 manat pul göndərərək həmin şəxsdən almışdır. Belə ki, həmin şəxs həmin psixotrop maddə - metamfetamini Bakı şəhərində yolun kənarına qoyduqdan sonra həmin yerin konumunu ona göndərmiş və o sürücüsünü tanımadığı və avtomobilin markasını və dövlət qeydiyyat nömrəsini bilmədiyi taksi ilə həmin yerə gedərək oradan götürmüşdür. O, Bakı şəhərini tanımadığı üçün psixotrop maddə - metamfetamini götürmüş olduğu yerin hara olmasını, yəni hansı rayon olmasını bilmir və həmin yerə yaxınlıqda yerləşən hər hansısa bir ünvanı bilmir. Lakin həmin elektron tərəzi uzun müddətdir ki, onun evindədir. O, 14 oktyabr 2022-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini və yaşadığı ünvan 2 ünvanında yerləşən evdən aşkar edilərək götürülmüş psixotrop maddə - metamfetamini özü istifadə etmək üçün üzərində saxlamışdır. O, psixotrop maddə olan metamfetamin istifadəçisidir. Onun 14 oktyabr 2022-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə - metamfetamini və yaşadığı ünvan 2 ünvanında yerləşən evdən aşkar edilərək götürülmüş psixotrop maddə - metamfetamini satmaq məqsədi və niyyəti olmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur və onun belə bir fikri, niyyəti olmamışdır. O, evindən aşkar edilərək götürülmüş psixotrop maddə - metamfetaminin yanında olan elektron tərəzidən özü psixotrop maddə - metamfetamin istifadə edən zaman istifadə etdiyi metamfetaminin çəkisini(qramını) müəyyən etmək üçün istifadə etmişdir. O, üzərində olan metamfetamini evdən çıxarkən götürmüşdür ki, evdən kənarda olan zaman ürəyi istədikdə istifadə edə bilsin. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə 14 oktyabr 2022-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun xx.xx.1980-ci il tarixdə Yevlax şəhərində doğulduğunu, Yevlax şəhəri B.İmanov küçəsi, mənzil 132-də yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. O, həmin günü polis əməkdaşı Şahid1 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri B.İmanov küçəsinə getmişlər. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt B.İmanov küçəsində olması barədə onun məlumatı olmuşdur. Onlar Nizami prospektində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmiş, lakin Təqsirləndirilən şəxs həmin yerdə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə baxışı həmin yerdə keçirməmələrini xahiş etmiş, onlar da Kamilin xahişini nəzərə alaraq Kamili Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına gətirib təhvil vermişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı o, əynindəki tünd göy rəngli şalvarın sol arxa cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü və 1 ədəd açarı, şalvarının sağ yan cibindən isə “Redmi note 8” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində olan kütlənin psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğunu bildirmişdir. Bundan sonra həmin psixotrop maddə olan metamfetaminə bənzər kütlə bükülü olduğu kağızla birlikdə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs həmin psixotrop maddəni haradan əldə etməsi soruşulmuş və Təqsirləndirilən şəxs həmin psixotrop maddəni bir həftə bundan əvvəl Bakı şəhərində “whatsapp” vasitəsilə tanış olduğu, özünü İran vətəndaşı kimi təqdim edən Mahir adlı şəxsdən 2350 manata satın aldığını, həmin şəxsin ona göndərdiyi kart hesabına 2350 manat köçürdükdən sonra şəxsin psixotrop maddəni qoyduğu yerin şəklini ona göndərdiyini və oradan gedib götürdüyünü, xx.xx.2022-ci il tarixdə saat 16:10-da Yevlax şəhəri B.İmanov küçəsində olan zaman Yevlax RPŞ-nin əməkdaşlarının onu saxlayaraq Yevlax RPŞ-nə gətirdiklərini, həmçinin psixotrop maddə istifadəçisi olduğunu, təqdim etdiyi psixotrop maddəni də özü üçün istifadə edəcəyini, satmaq məqsədi olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizəsi əsasında müdafiəçisi X4 iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin Təqsirləndirilən şəxs tərəfindən istifadə olunan yataq otağında olan divarın içərisində yerləşən seyfdən 01 ədəd sellofan bükümdə olan psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, şəxs barəsində narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, satışın həyata keçirilməsi realizə olunmamışdır. Onun barəsində əməliyyat-qeydiyyat işi açılmamış, təxirəsalınmaz qaydada şəxs saxlanılaraq üzərinə baxış keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması, istehlakı və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 04). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynindəki şalvarının sol arxa cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan qəsdən satış məqsədi ilə qanunsuz olaraq saxladığı 0,299 qram miqdarında psixotrop maddə olan metamfetamin və şalvarının sağ yan cibindən isə “Redmi note 8” markalı aşkar edilərək götürülmüşdür. Şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunuşdur (cild 01, iş vər. 25-33). Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən ünvan 5 ünvanında yerləşən yaşadığı evinə baxış keçirilməsinə etiraz etmədyini bildirmişdir (cild 01 iş vər. 35). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “fərdi yaşayış evinə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən yaşadığı evinə baxış keçirilmiş və fərdi yaşayış evinə baxış keçirilməsi zamanı evin yataq otağında olan divarına yerləşdirilmiş 01 ədəd dəmir seyfin içərisindən Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı 45,934 qram külli miqdarda psixotrop maddə olan metamfetamin və 01 ədəd üzərində psixotrop maddə - metamfetamin hissəcikləri olan işlək vəziyyətdə elektron tərəzi aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Fərdi yaşayış evinə baxış keçirilməsinin əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunuşdur (cild 01, iş vər. 36-40). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2022-ci il tarixli 17/784 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,299 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 45,934 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd elektron tərəzinin üzərində cüzi miqdarda metamfetamin hissəcikləri vardır. Tədqiqata təqdim edilmiş 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 01(bir) ədəd sellofan bükümdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 46-50). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman aşkar edilərək götürülmüş və sonuncuya məxsus “Redmi” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən mobil telefon “Redmi” markalı smartfon mobil telefondur. Həmin mobil telefon işlək vəziyyətdədir, saatı düzgündür. Mobil telefonun içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr vardır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin mobil nömrələr ona məxsusdur və həmin mobil nömrələr vasitəsilə bütün telefon danışıqlarını həyata keçirir. Baxış zamanı həmin mobil telefonunun ”Qalereya” sında 01 ədəd qəbz olması müəyyən edilmişdir. Həmin qəbzə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Yevlax şəhəri Yeni Yevlax küçəsində yerləşən “Neptun SuperMarket”-də olan “eManat” elektron ödəmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 18:45 dəqiqədə “Leobank”ın son səkkiz rəqəmi 65491486 olan kart hesabına 2350 (iki min üç yüz əlli) manat pul köçürülmüşdür. Bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin qəbz 14 oktyabr 2022-ci il tarixdə üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş psixotrop maddə - metamfetamini almış olduğu İran İslam Respublikasının vətəndaşının ona vermiş olduğu kart hesabına köçürtmüş olduğu pulun qəbzidir. O, həmin psixotrop maddə - metamfetamini həmin kart hesabına göndərdikdən sonra Bakı şəhərindən İran İslam Respublikasının vətəndaşı olan adını Mahir kimi bildiyi şəxsin qoymuş olduğu yerdən götürmüşdür. Bundan başqa həmin mobil telefonun “Whatsapp” ani mesajlaşma sisteminə və digər bölmələrinə baxış keçirilmiş və baxış zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir digər məlumat aşkar edilməmişdir (cild 01 iş vər. 92-95). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:45 dəqiqədə “Leobank”ın son səkkiz rəqəmi 65491486 olan kart hesabına köçürtmüş olduğu 2350 (iki min üç yüz əlli) manat pulun nə vaxt və haradan (şəhər, rayon, küçə) çıxarılması və pulu çıxardan şəxsin fotogörüntüsünün götürülməsi, habelə sözügedən kart sahibinin anket məlumatları, həmçinin həmin kartdan pul başqa hesaba köçürülmüşdürsə köçürülmüş olduğu kart hesablarının sahiblərinin anket məlumatları, pulun hardan, nə vaxt çıxarılması və pulu çıxardan şəxslərin fotogörüntülərini özündə əks etdirən "xxxx" ASC-dən məktubla göndərilmiş bir ədəd CD diskinə baxış keçirilmişdir. Həmin məktubda son səkkiz rəqəmi 65491486 olan kart üzrə məxaric əməliyyatları "xxxx" Kommersiya Bankı” ASC-yə məxsus bankomatlar vasitəsi ilə həyata keçirilmədiyi üçün məhkəmə qərarı ilə tələb olunan foto görüntülərin təqdim olunmasının mümkün olmaması göstərilmişdir. Həmin 01 ədəd CD diskə baxış keçirilən zamanı müəyyən olunmuşdur ki, diskin içərisində bir ədəd bölmə vardır. Baxış zamanı müəyyən edilmişdir ki, 65491486 olan kart hesabına xx.xx.2022-ci ildə saat 18:50-də “E-manat” terminalından 2350 (iki min üç yüz əlli) manat pul köçürülmüşdür (cild 01 iş vər. 175-177). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 14 radələrində ***-***-**-** saylı mobil nömrədən “Adam kişi olar yaxşımı elınde nese olan kimş adam tanmısız yene gelessen tel aç sen” məzmunlu mesaj göndərilmiş, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Kamil qaqa sahil metrosunda gözlüyecem seni.indi gedirem ora, Kamill teı yad açmlsan millete herşey versen men yiganda yox deysen, puınu yemşem ha bir defe yarm p verdin 50 m telfon verdim.uç d çet, vrrdin uçu bir çet etmedi nedi dara duşende qohum deysen neblimey, 45m koku deysene mene men ama 25 m deyrem sene busan bax senöl yalannan qohum qohum salmıyıney emeı edin.men sennen xeyr gudmurem xeyr verrem nese yaxşı olar” məzmunlu mesaj göndərilmiş, xx.xx.2022-ci il tarixdə saat 19:58-də ***- ***-**-** saylı mobil nömrədən “kamil mənəm ramil 20 m var qaqa öləmaxı mən, Adam kisi olar evdesen deyirsen dennen yoxdu evde” məzmunlu mesaj göndərilmişdir (cild 01 iş vər: 191-199). Cinayət işinin materiallarında olan “Göyçay RMX” publik hüquqi şəxsdən alınmış 15 aprel 2022-ci il tarixli 1432 saylı məktubda göstərilmişdir ki, ünvan 6 ünvanında yaşayan xx.xx.1990-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci ildən “Narkomaniya” diaqnozu ilə Göyçay RMX-da narkoloji kabinetdə qeydiyyatda olsa da, psixatrik kabinetdə qeydiyyatda yoxdur (cild 01, iş vər. 75). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X9 rayon Narkoloji Kabinetinin 18 oktyabr 2022-ci il tarixli 1724 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə qeydiyyatda durmur (cild 01 iş vər. 111). Cinayət işi materiallarında olan “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 19 oktyabr 2022-ci il tarixli PHŞ-7253/22 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs psixo-nevroloji kabinetdə dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 110). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 13 yanvar 2023-cü il tarixli 59 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 203). Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs, X5 və X7 əməllərində CM-in 234.4.1-ci maddəsinin tərkibi müəyyən olunmadığından, onların barəsində həmin maddə cinayət işinin başlanılması rədd edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.2-ci maddəsinin tərkibi müəyyən olunmadığından onun barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir. (cild 01 iş vər. 216-237) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarxdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması, istehlakı və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs özünün razılıq ərizəsi ilə ünvan 5 ünvanında yerləşən yaşadığı evinə baxış keçirilmiş və fərdi yaşayış evinə baxış keçirilməsi zamanı evin yataq otağında olan divarına yerləşdirilmiş 01 ədəd dəmir seyfin içərisindən 45,934 qram külli miqdarda psixotrop maddə olan metamfetamin və 01 ədəd üzərində psixotrop maddə - metamfetamin hissəcikləri olan işlək vəziyyətdə elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2022-ci il tarixdə müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilərkən psixotrop maddə - metamfetamin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünü qismən, yəni CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, şəxsin həm üzərindən, həm də yaşadığı evdən psixotrop maddənin aşkar olunması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən psixotrop maddəni məhz satış məqsədi ilə əldə edərək üzərində və evində saxlamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai araşdırmanın ilkin mərhələsində polis əməkdaşları tərəfindən döyülməsi və ümumiyyətlə xx.xx.2022-ci il tarixdə saxlanılsa da, cinayət işi üzrə rəsmiləşdirmənin xx.xx.2022-ci il tarixdə aparılması ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə müdafiəçisinə heç bir söz deməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də sözügedən xüsusat barədə heç nə bildirməmişdir. Həmçinin, şəxsin hansı tarixdə və hansı şəraitdə saxlanılması iş materialları ilə dəqiq təsdiq olunur. Odur ki, təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız iş məhkəməyə verildikdən sonra müvafiq məsələləri qeyd etməyə başlamışdır ki, məhkəmə kollegiyası bu halı müdafiə taktiksasından irəli gələn hərəkət kimi qiymətləndirir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı, xx.xx.2005-ci il təvəllüdlü oğlu, xx.xx.2006-cı il təvəllüdlü qızı və xx.xx.2013-cü il təvəllüdlü oğlu ilə birlikdə) birlikdə Yevlax şəhəri, B.İmanov küçəsi, mənzil 132 ünvanında yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vərəqi 134-135). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 173). Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsinə əsasən onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 19-20). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əvvəli 14.10.202-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 81-83). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,249 qram miqdarında psixotrop maddə olan metamfetamin və 45,884 qram miqdarında psixotrop maddə olan metamfetamin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 ədəd CD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalı, 01 ədəd “Redmi” markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,249 qram miqdarında psixotrop maddə olan metamfetamin və 45,884 qram miqdarında psixotrop maddə olan metamfetamin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 04 ədəd CD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınsın, 01 ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Xaliq Məmmədov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-89/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-89/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver